Ədəbiyyatşünaslar, tənqidçilər, filosoflar, kulturoloqlar uzun müddətdir ciddi bir filoloji problem ətrafında böyük müzakirələr, ədəbi polemikalar aparırlar: fantastik ədəbiyyat deyəndə hansı əsərlər nəzərdə tutulmalıdır? Ümumiyyətlə, fantastika nəyə deyilir? Fransız fantastı Jül Vernin dövründə fantastikanı ya əyləncə ədəbiyyatı, ya macəra əsərlər, ya da elmi-kütləvi ədəbiyyat hesab edirdilər. XIX-XX yüzilliklərdə ədəbiyyatsevərlər, hətta bir çox filoloqlar belə hesab edirdilər ki, bu növ əsərlərin əsas vəzifəsi elm və texnikanın ən dəyərli, yeni nailiyyətlərini geniş oxucu kütləsinə tanıtdırmaqdır. Əlbəttə, son üç-dörd əsri bəşəriyyətin maarifçilik erası qəbul etsək, bu fikirdə, müəyyən mənada, həqiqət var. Amma müasir dünya söz sənətinin böyük bir qolunu təşkil edən, geniş ədəbi-estetik, kulturoloji-fəlsəfi yükü olan bir ədəbiyyat növünün ədəbi-mədəni mənasını məhdudlaşdırmağa ehtiyac yoxdur.
Fantastik əsərlərlə bağlı araşdırmalar apararkən maraqlı tarixi-filoloji faktlarla rastlaşmaq mümkündür. Məsələn, fantastik əsərlər yaratmaq üçün ötən əsrin iyirminci illərində Amerika Birləşmiş Ştatları vətəndaşı, fantast Hüqo Hersbekin təklif etdiyi "resept" - 75 faiz elm və 25 faiz ədəbiyyat - indi mütəxəssislərə tarixi-ədəbi zarafat kimi görünə bilər. Lakin fantastikaya bu cür baxış (yəni texnisizmi bədiiliyin əsas meyarı kimi götürmək) ona gətirib çıxarmışdı ki, XX əsrin əllinci illərinə qədər fantastik əsərlər ciddi ədəbiyyat nümunəsi hesab edilmirdi. Hətta belə bir fikir mövcud idi: fantastikanın kütləviliyi ancaq onun proqnozlaşdırıcı xüsusiyyətlərindən irəli gəlir.
Doğrudan da, vaxtilə - elə yaşadığımız günlərdə də - görkəmli fantast-yazıçılar elm və texnikaya aid çoxlu proqnozlar verib, yeni-yeni fərziyyələr, qabaqcıl ideyalar irəli sürüblər. Zaman keçdikcə bu ideyaların əksər hissəsi gerçəkləşir. Misal kimi nümunələr də göstərmək olar: sualtı qayıq (J.Vern), lazer şüası (A.Tolstoy), televiziya (Robid), atom enerjisi (H.Uels) və s. və i.a.
Ədəbiyyatşünasların tədqiqatlarına görə, Jül Vernin 108 fantastik ideyasından yalnız 10-u gələcəkdən yazan fantastlar da futuroloq və proqnozçuların yararlandıqları metodlara müraciət edirlər: modelləşdirmə, ekstrapolyasiya (müəyyən bir sahəyə, dövrə aid olan məfhumların, yaxud hadisələrin başqa sahəyə, dövrə şamil edilməsi) və analoji metod. Lakin futuroloqlar və proqnozçular yoxlama, həm də sübutlara əsaslanan elmi araşdırmalara, yəni kəmiyyət-fakt amillərinə arxalanırlar. Fantastikanın isə, xüsusilə də onun bir forması olan elmi fantastikanın üstünlüyü ondadır ki, o, keyfiyyət amillərinə, insanın və cəmiyyətin həyatındakı sosial-fəlsəfi, mənəvi-psixoloji, mədəni-texnoloji, ictimai-kulturoloji dəyişikliklərə əsaslanır.
Fantastika - vaxtilə kosmik eranın gəlişini tezləşdirərək oxucunu qarşıda gələn kosmik era ilə - planetlərarası uçuşlarla tanış edir, bu bəşəri hadisəyə insanları hazırlaşdırırdı. Televiziya, kompüter texnologiyaları, qlobal və lokal informasiya informasiya şəbəkələrindən, məsələn, İnternetdən tutmuş, ta mobil rabitə vasitələrinə qədər hər bir texniki yenilik ilk öncə fantastların təxəyyül məhsulu nəticəsində - ideya şəklində yaranmışdır: daha sonralar isə onların ixtira edilməsi faktları dediklərimizə əyani sübutdur. Ancaq bütün bunlar heç də onu göstərmir ki, fantastik əsərlərin müəllifləri "çertyojlarla", "rəqəmlərlə" işləyirlər. Elmin müxtəlif sahələri ilə yaxından tanış olan fantastlar alim deyil, ilk növbədə, yaradıcı sənətkar, başqa sözlə, həyatın söz formasını yazan yazıçılar sayılır. Fantastika, xüsusən də bədii fantastika heç də elm ilə söz sənətinin "calağından" ibarət deyil, dünya ədəbiyyatının müstəqil bir qolu, həm də çoxəsrlik və zəngin ənənələrə malik bir yaradıcı fəaliyyətin istiqaməti, bədii təxəyyülün məhsuludur.
Fantastik əsərlər də bədii söz sənətinin başqa nümunələri kimi, yazıçıya imkan verir ki, müxtəlif ədəbi üsullardan istifadə etməklə, yaradıcı təxəyyülün məhsulu olan gerçəkliyin bədii formasını - ilkin sənət modelini yaratsın. Fantastik əsərləri oxuyan oxucunu hər şeydən əvvəl insan münasibətləri, fərdin cəmiyyətdə yeri və rolu, şəxsiyyətin iç dünyası, psixoloji-mənəvi aləmi, intellekt maraqlandırır.
Milli söz sənətimizdə bədii fantastikanın yalnız bir istiqaməti - elmi fantastika daha çox inkişaf edib. Onu da nəzərdən qaçırmaq olmaz ki, bu mövzuya milli filoloji elmlərimizdə yetərincə az müraciət olunub.
Dünyamızın gələcəyi, "zaman" maşınında səyahət, yerkənarı sivilizasiya nümayəndələri ilə əlaqə, başqa günəş sistemlərinə uçuşlar, özgə varlıqlar, Yer planetindən kənarda mövcud olan həyat, elmi-texniki inkişaf, qlobal - bəşəri məsələlər və başqa problemlər Azərbaycan fantastik yazıçılarını da həmişə maraqlandırıb.
Hələ XX yüzilliyin otuzuncu illərində elmi-bədii fantastikanın maraqlı nümunələrindən sayılan "Gələcək şəhər" hekayəsini (1933) qələmə alan tanınmış ədib Yusif Vəzir Çəmənzəminli əgər ötən əsrin otuzuncu illərinin siyasi repressiya qurbanı olmasaydı, bəlkə də ədəbiyyatımızda böyük bir fantastik yazıçı yetişə bilərdi. İstedadlı nasirin 1934-cü ildə yazdığı "Qızlar bulağı" romanındakı qeyri-adi elementlər bir daha onu göstərir ki, ədibin bədii fantastikaya olan marağı ötəri deyildi.
Ötən əsrin 50 və 80-ci illərində Bakıda rusdilli sovet fantastlarının böyük nümayəndələri yaşayıb-yaradırdı: Q.Altov, E.Voyekunski, İ.Milkin, R.Baxmatov, İ.Lukyanov, V.Juravlyov, V.Ostrovski, P.Amnuel, R.Leonidov, V.Karaxanov, M.İbrahimbəyov və b. Bu dövrdə həm də bədii fantastik əsərlər Azərbaycan dilinə tərcümə edilməyə başlandı. Ədəbiyyatın böyük bir qolu olan bədii fantastikaya respublikamızda maraq məhz bu amillərə görə get-gedə gücləndi. Və bu da Azərbaycan dilində yazıb-yaradan fantastların sıralarını artırdı: Anar, Elçin, Emin Mahmudov, Namiq Abdullayev, Əhməd Xaspoladov, Z.Quliyev, Hüseyn İbrahimov, Sadıq Elcanlı, Qabil Əhmədov, Vüsal Nuru və başqalarının yaradıcılığında. Əlbəttə, burada söhbət yalnız Quzey Azərbaycan ədəbiyyatından gedir. Güney Azərbaycan ədəbiyyatında fantastikanın yeri məsələsi başqa tədqiqat mövzusu olduğuna görə, biz bu barədə məlumat yerə bilmirik: halbuki, o tayda Səməd Behrəngi kimi maraqlı ədib var.
Yazılı ədəbiyyatımızı nəzərdən keçirəndə görürük ki, söz sənətinin hər iki qolunda fantastik metodun izləri, elementləri özünü güclü göstərir. Milli ədəbiyyatşünaslıq məqalələrində qədim miflərimizdə, əfsanələrimizdə, nağıllarımızda, dastanlarımızda və hətta eposlarımızda fantastikadan, o cümlədən fantastik elementlərdən geniş istifadə edildiyi barədə müfəssəl məlumat olduğuna görə, biz bu barədə söhbət açmaq istəmirik.
Əsatir və miflərdəki ruhlar, tanrılar, danışan heyvanlar; nağıllardakı sehrli üzük, adamı gözəgörünməz edən sehrli papaq (H.Uellsin "Gözəgörünməz adam"ının izləri Şərq - Azərbaycan şifahi xalq ədəbiyyatındakı "sehrli papağ"a gedib çıxmır ki?!), uçan xalça, divlər, əjdahalar, cənnət-cəhənnəm, ilanlar padşahlığı; dastan və eposlardakı Misri qılınc, qanadlı at, əbədi həyat suyu, özüyeriyən başmaqlar, Təpəgöz və s. məgər fantastik əsərlərin təsvir vasitəsi, obrazı və mövzusu deyilmi?
XX əsrdə Azərbaycan ədəbiyyatında fantastikanın yalnız bir qolu daha geniş inkişaf etmişdi ki, o da elmi fantastika bölümünə aid idi. Məhz buna görə də milli bədii söz sənətimizdə elmi-fantastik əsərlər daha çox yazılıb-yaradılırdı.
Azərbaycan bədii fantastik nəsri barədə məlumatlar olsa da, ümumili məlumatlar verəndən sonra belə bir məntiqli sual ortaya çıxa bilər: digər ədəbi növlərdə necə deyək ki, dramaturgiyada - fantastikadan istifadə edilmişdimi? İlk növbədə, yadımıza tanınmış Azərbaycan yazıçısı Ənvər Məmmədxanlının 1970-ci ildə yazdığı "Kəllə və qızılgül" pyesi düşür. Müəllif bu əsərin janrını feerik komediya kimi müəyyənləşdirmişdir. Fikrimizcə, müəllif "feerik" (əfsanə məzmunlu teatr tamaşası, yaxud fantastik hissələri simvollarla əvəzlənən pyes) anlayışını fantastika sözü ilə əvəz edə bilərdi. Əsəri təhlil edəndən sonra onun psixoloji-fantastik bölümün tələblərinə bütünlüklə cavab verdiyinin şahidi olduq. Onu qeyd etmək lazımdır ki, əsərin qəhrəmanının (baxmayaraq ki, o, robotdur) faciəli taleyini oxuyandan sonra müəllifin pyesin janrını komediya kimi müəyyənləşdirməsi bizim üçün bir qədər qaranlıq qaldı. fikrimizcə, yazıçı senzuranı azdırmaq məqsədilə onu elə yazmışdı. Həm də unutmaq olmaz ki, o dövrdə fantastik metodu ilə yazılmış əsərləri ciddi ədəbiyyat nümunəsi kimi qəbul etmək istəmirdilər. Ə.Məmmədxanlının bütün yaradıcılığına məxsus fəlsəfi ümumiləşdirmə və üslub ağırlığı bu pyesində də özünü göstərir.
Özü də müəllifin toxunduğu insan psixologiyası, əbədilik və azadlıq, dünya və həyat kimi problemlər əsərə psixoloji çalardan başqa, həm də fəlsəfi mənalar verir. Demək olar ki, ilk və həm də uğurlu bir fantastik dram əsəri kimi "Kəllə və qızılgül" dramı bizim ciddi marağımıza səbəb oldu.
Üçhissəli bu pyes on yeddi "röya"dan ibarətdir. Çox maraqlıdır ki, müəllif ədəbiyyatşünaslığımızda qəbul edilmiş şəkil və ya səhnə deyil, "röya" anlayışını işlətmişdi. Birinci hissənin ilk röyası Neyrokibernetika İnstitutunun laboratoriyasında elmi şuranın iclası ilə başlayır. İnstitutun üç elmi əməkdaşının - Fərid, Cahid və Rizvanın yaratdıqları Ron adlı elektron robot səhnənin yuxarısındakı ekranda kötük üstə oturaraq əlində tutduğu insan kəlləsinin sümüyü üstündə qələmlə nə isə yazır. Layihəyə görə, Ron düşünən maşındır və o, canlı həyata qovuşmadan onun haqqında düşünməlidir. Lakin bu cansız robot elə ilk səhnədə üzünü insanlara tutub deyir:
"Düşünmək - yaratmaqdır. Yaratmaq üçünsə mən azad olmalıyam. Bu ekrandan qopub düşməliyəm. Zirzəmiyə enib beynim üzərində özüm işləməliyəm. Lakin məni süni bir zəka kimi yaradan tanrılar, mənə süni bir azadlıq verməyə qorxurlar. Tanrılarda prinsip yoxdur. Tanrılar həmişə prinsipsiz olublar..." (Ənvər Məmmədxanlı, "Seçilmiş əsərləri: II cilddə", Bakı, "Yazıçı" nəş., 1985, səh.137).
Beləliklə, elə ilk epizoddan görürük ki, əsərdə böyük, həm də bəşəri xarakter daşıyan münaqişə yaranır. İnsan və yaratdığı düşünən maşın arasında münaqişə mübarizəyə çevriləcəkmi? İnsan, yaxud robot, şüur və ya elmin yaratdığı düşünən maşın, Yaradan, ya da yaradılan yaşayacaq bu dünyada?! Bu sualları elə əvvəldən ortaya atan yazıçının bəşəri məsələlərə belə həssaslıqla yanaşmasını ancaq alqışlamaq olar. Ron insanın yaratdğı ilk elektron robotlar nəslinin nümayəndəsidir. Lakin o, hələ ilk nəsil maşınlardandır. Əlbəttə, həm o dövrün, həm də zəmanəmizin oxucusu müəllifi qınaya bilər ki, dünya fantastlarının yaratdıqları bioloji robotlar az qala insanı üstələdikləri halda, nə üçün əsərin qəhrəmanının beyni əlli ton ağırlığındadır? Hələ üstəlik də böyük bir binanın zirzəmisində yerləşir, özü də bir şəhərin işlətdiyi elektrik enerjisi qədər enerjini "udur"?! Ancaq unutmaq lazım deyil ki, Ə.Məmmədxanlı elmi-tantastik əsər yazmağı qarşısına məqsəd qoymamışdı. Yazıçı insan psixologiyasının qatları, sirləri və qəribəlikləri ilə maraqlandığına görə əsər daha çox psixoloji dram formasında qələmə alınmışdır.
Beləliklə, Ron adlı robotun beyni ondan ayrı, Neyrokibernetika İnstitutunun təcrübə laboratoriyasının yerləşdiyi binanın yekə zirzəmisində yerləşir. Yazıçı robot simasında insana, onun hiss və duyğularına, yaddaş və şüuruna, hətta sovet ideologiyasının az qala tabu qoyduğu bir məsələyə - şüuraltına (və ya Ziqmund Freydin təklif etdiyi təhtəlşüura) münasibətini, özü də cəsarətli münasibətini bildirir. Yazıçı insan psixologiyasının müxtəlif tərəflərini və elementlərini maddiləşdirərək onun dərin qatlarına varmaq istəyir. Belə ki, robotun beyninə "nitq", "düşünmək", "məntiq", "şöhrət", "özünütənqid" və başqa "bloklar"ı açıb-bağlamaqla onun "tanrı"ları olan insanlar (həm də müəllif) insan psixologiyasını öyrənməyə, göstərməyə çalışırlar. Və hardasa buna nail ola bilirlər. Gəlin, bir-bir bunları nəzərdən keçirək.
"Nə qədər ki, o, bir şey yaratmamışdır, nə isə ixtira etməmişdir, - mən onun düşündüyünə inanmayacağam..." - dramaturq, sanki institut direktorunun bu sözləri ilə oxucunun özünü düşündürməyə vadar edir. Qeyd etmək lazımdır ki, əsər sovet ideologiyasının ictimai düşüncədə və mənəviyyatda hakim mövqe tutduğu bir dövrdə yazılsa da, oxucu müəllifin sovet yazıçılarına xas olmayan bir cəsarətlə şəxsiyyət azadlığını tərənnüm etdiyini görür, həmçinin yaşadığı zamanın qayda-qanunlarına qarşı barışmaz sənətkar mövqeyi ilə rastlaşır. Gənc alim Cahidin dediyi sözlərə diqqət yetirək:
"Nə üçün onun azadlığı bizi qorxudur? Biz ona düşüncə vermişik ki, düşünməsin? Quşa qanad vermişik ki, uçmasın? Proqrama görə, o, şəxsiyyətə dönüb məhv olur...".
Əsəri oxuduqca ədəbi-fəlsəfi problemlər silsiləsinə rast gəlirik: azad düşüncə, yaradıcı şəxsiyyət və zaman, fərd və cəmiyyət, seçilmiş fərdlər, maşın və fərd, tarixə, xalq adət-ənənələrinə biganəlik, yaradan və yaradılan, nəsillər arasındakı münasibətlər, təbiət və dünya, məhəbbət və gözəllik, təklik və əbədiyyət və s.
Hər şeydən əvvəl bu əsərin yazıldığı dövrə nəzər salmaq vacibdir. Çünki bu dövrdə bəşəriyyəti maraqlandıran, hətta qorxuya salan məsələlərlə, problemlərlə tanış olmadan bu kimi müxtəlif əsərlərin əsas mənasını başa düşmək mümkün deyil. 1970-1980-ci illərdə dünya təkcə elmi-texniki inqilab deyil, həm də hərbi, siyasi, ekoloji və mənəvi böhranlar içində çabalayırdı. Bu problemlərin böyük əksəriyyəti indi də aktualdır. Baxmayaraq ki, onların bəziləri öz həllini tapıb, ancaq o zaman - XX əsrin ikinci yarısından sonra iki rəqib sistemə bölünən dünya bir neçə ümumi və xüsusi, həm də bəşəri problem qarşısında aciz qalmışdı. Elm və texnika - inkişaf məhvə doğru aparıb çıxarmır ki? Elmi-texniki inqilab ekologiyanın düşməni deyil ki? Atom təhlükəsi realdırmı? Sovet İttifaqı dünyanın inkişafına mane olmur ki? Üçüncü Dünya müharibəsi olacaqmı? "Kəllə və qızılgül" pyesi qələmə alınan vaxt bu və digər suallar hamını - tərəqqipərvər bəşəriyyətin əksər düşünən insanlarını narahat edirdi. O vaxt hətta belə bir lətifəyə oxşar məsələ də dillərdə gəzirdi: "Bir dahidən soruşurlar ki, Üçüncü Dünya müharibəsində hansı tərəf qalib gələcək? Cavab verir ki, qalibin kim olduğunu deyə bilməz, fəqət onu dəqiq bilir ki, Dördüncü Dünya müharibəsində əsas silah daş və ağac olacaq".
Belə bir şəraitdə fantastik səhnə əsəri yazan Ə.Məmmədxanlı dünya ədəbiyyatının ən gözəl ənənələrindən istifadə edərək, onu bir ziyalı kimi narahat edən məsələlərə münasibətini bildirir. Müqayisə üçün onu da xatırlamaq yerinə düşər ki, o dövrdə bütün dünyada yaranan elmi-fantastik əsərlərdə əsas süjet xətləri bunlar idi: 1) Gələcəkdə Yer planetinin taleyi; 2) Üçüncü Dünya müharibəsi və ya atom savaşı; 3) Başqa planetdən gəlmələrin "kosmik səlib yürüşünə" qarşı ümumplanetin müdafiəsi ideyası; 4) Elmi-texniki inqilabın, xüsusən də kompüter və robot texnikasının inkişafı nəticəsində yarana bilən təhlükə, yəni insan öz yaratdıqlarının əsirinə çevrilməsi qorxusu... Bu mənada "Kəllə və qızılgül" dramı dördüncü süjet xəttinə malik psixoloji-fantastik əsərdir. Əsərə nəzər salaq. Robot Ronun tələbi ilə beyninin açarını onun azadlığını dərhal nəzarət altına alsınlar: "Yoxsa onun azadlığı bizə baha oturar, yaxud bu azadlıq onu tez qudurdar".
Yazıçı, sanki bununla ötən əsrin əllinci illərində - keçmiş sovet diktatoru İ.Stalin vəfat edəndən sonra, keçmiş SSRİ-də baş verən demokratik dəyişikliklərə, o dəyişikliklərin meydana gətirdiyi məşhur dissident hərəkatına işarə edirdi. Dramaturq düşündüklərini, hətta robot Ronun dilindən deyir: "Müəllim, mənim azadlığıma qeyri-azadlıq lazımdır?" Məlum məsələdir ki, adi bir robotun dili ilə sənətkar bu sualı zəmanəsinə verirdi, o dövrün siyasi sistemindən bunu soruşurdu. Robot ona qızılgül hədiyyə gətirən, laboratoriyada adi süpürgəçi işləyən Lumu xala ilə söhbətlərində belə, çox ciddi, həm də fəlsəfi məsələlərə toxunur: "Ron. Gözəllik nə qədər həyəcanlı imiş...
Nəzəri olaraq mən bilirdim ki, güllər, çiçəklər hansı milyard atomların kiçik tufanıdır, amma təsəvvür eləməzdim ki, gözəllik ilə üz-üzə gələndə...".
Və ya:
"...Deyirəm, bəlkə mən o üç nəfər gənc tanrının, tanrılıq təcrübələri az tanrıların dahiyanə səhviyəm?".
Bu artıq klassik fəlsəfə deyil, fantastikanın yaratdığı texniki fəlsəfəsidir. Fikir verəndə görürük ki, yazıçı belə texniki fəlsəfədən həyat fəlsəfəsinə çox asanlıqla keçə bilir: "Ron. Lumu xala, mənim heç kəsim və ya heç nəyim yoxdur, yalnız düşünməkdən başqa... nəsillər gələcək bu dünyaya, nəsillər gedəcək bu dünyadan, mənim isə işim-gücüm yalnız düşünmək olacaq...
Lumu. Yox bala, heç kəs bu dünyada qurd ilə qiyamətə qalmayacaq. Bir də axı nəyə lazımdır, kimə lazımdır həmişə bu dünyada qalmaq? Yay deyirsənmi, yay elə haman yaydır, qış deyirsən, qış elə haman qışdır, boşboz deyirsən, vallah bozbaş elə haman bozbaşdır...".
Robotun beyninə "özünütənqid" bloku bağlayandan sonra "tarixdə ilk dəfə ağıllı bir varlıq öz ağlını bəyənmir". Bunu eşidən insanlar arasında belə bir dialoq gedir:
"Direktor. ...Bəyənmir, indidən özünü dahi hesab etsəydi, sizi axmaq vəziyyətdə qoyardı. Rizvan. İlahi, nə qədər çətin imiş Tanrı olmaq!
Direktor. Mümkün deyil Tanrı olmaq! Əgər mümkün olsaydı, göylərin bütün tanrıları bir-birinin dalınca istefaya çıxmazdılar.
Ron. Elədir, müəllim, öz yaratdıqlarından geri qalan tanrılar həmişə tərəqqiyə əngəl olublar". Əgər Tanrı tərəfindən yaradılmış insan nə isə yaradırsa, deməli, özü də allahlıq mərtəbəsinə yüksəlir. İslam və Şərq, xristian və Qərb fəlsəfəsini çox gözəl bilən, sufiliyə və hürifizmə, dialektik materializm və ateizmə yaxından bələd olan Ə.Məmmədxanlı bu səhnə əsərində fəlsəfənin bütün sahələrindən bəhrələnmişdir. Yazıçının klassik fəlsəfədən texniki fəlsəfəyə, həyat fəlsəfəsindən siyasi fəlsəfəyə necə keçdiyini biz aşağıdakı parçadan da aydın görürük: "Rizvan. Təbiət ulduzdan əvvəlki maddəni milyard ilə çalxalayandan sonra bizim beynimizi yaratdı. Amma ulduzdan əvvəlki maddəni nənəm nehrəsinə töküb bir milyon il çalxalasaydı, bu gün mənim əlimdə bundan daha kamil bir beynim olardı...".
Siyasi fəlsəfəyə və ya yazıçının yaşadığı mühitə etirazına aid isə bu parça yaxşı misaldır: "Rizvan. Nə danışırsan, Ron? Hər tərəfdə maqnitofon var, nə danışırıqsa yazılır. Xahiş edirəm, mümkün qədər idealizmdən uzaq ol!
Ron. Hərdən mən bir az düşünmək istəyəndə, sən dərhal qorxuya düşürsən.
Rizvan. Ah, Ron, elə düşün ki, xatasız olsun! Yoxsa professor bizi ittiham edər ki, sənin simanda idealist bir maşın yaratmışıq...".
Yuxarıda qeyd etdiyimiz yaradan ilə yaradılan arasındakı bəşəri problemi isə yazıçı belə göstərir:
"Ron. ...Məni quraşdırarkən, şəxsən sən nəyə doğru can atırdın?
Cahid. Həyatın adiliyindən qaçırdım. Ürəkdə həmişə sonsuz idrak yanğısı var. Anlamadığın böyük qaranlığı işıqlandırmaq arzusu... Biz çox az bilirik, Ron, amma biz çox bilməliyik... Və kainat özü bizim üçün xam materialdır, yeni bir kainat qurmaq üçün... Beş milyard il sonra bizim günəş sistemi məhv olsa belə, yenə insan düşüncəsi qalacaq və bəlkə o insan düşüncəsi yeni günəş sistemi tikintisinə başlayacaq...".
Burada dramaturq artıq rəsmi hakim sovet materialist düşüncəsindən uzaqlaşaraq idealist fəlsəfəsinə yaxınlaşır. Bəs həyatın mənasını müəllif nədə görür?
"Ron. Deyirdi həyat nədir anlamadım, amma qeyri-mümkünə inanıb yaşamaq lazımdır. Deyirdi sən getməyi bacarsaydın, Ron, mən inanardım ki, sən gəlmişdin, yaxud yox olsaydın, inanardım ki, sən vardın...".
Pyesin ən maraqlı cəhətlərindən biri də odur ki, fantastik əsər yazmasına baxmayaraq, Ə.Məmmədxanlı elm və texnikanın inkişafının insanların öz tarixi keçmişini unutmasına aparıb çıxarmasını tənqid edir. "Cəhrə" sözünü eşidən robot onun mənasını soruşanda, böyük texniki nailiyyət sahibi olan alimlər buna cavab verə bilmirlər. Deyirlər ki, gərək özləri muzeyə gedib cəhrənin nə olduğunu öyrənsinlər. Müəllif, həmçinin, insan xasiyyətindəki şöhrətpərəstlik, eqoizm və başqa bu kimi mənfi cəhətləri də tənqid edir. Robotun beyninə "eqoizm blokunu" calayan kimi o, "mən-mən" deyə yalnız özündən danışmağa başlayır. Yaxud "şöhrət bloku" işə düşən kimi Ron xüsusi "kabinet" xəstəliyinə düşür. Ancaq süpürgəçi nəvəsinin göndərdiyi qızılgülü cansız maşına bağışlayanda o, heç nə anlamır. Sanki yazıçı bununla demək istəyir ki, məhz gözəllik hissinə malik olan insan qəlbi canlı adamı cansız və ruhsuz maşından, robotdan fərqləndirir.
Əsrlərin görüşdüyü bir zamanda həyatın axarı hansı səmtə doğru olacaq? Müəllif bu bəşəri suala cavab axtarır:
"Əfruz. Bura gəl, Cahid, ora, çölə bax, Cahid, yağış altında tək-tənha bir at gəlib rels yanında durub başını aşağı salıb. Niyə çıxıb bir yana getmir?
Cahid. Burda, bu rels yanında yolu qurtarıb Ruz, yeddi min il çapandan sonra indi bilmir hara getsin.
Əfruz. Bəşəriyyət...
Cahid. Uşaq kimi zalımdır, Ruz!".
İnsan və təbiət, insan və dünya probleminə isə dramaturqun münasibəti birmənalı deyil: "Rizvan. Mübarəkdir, Lumu xala, tamaşa eləyirəm, bu, o qocaman süpürgədir ki, min illərdən bəri bəşəriyyəti zir-zibil içində boğulmaqdan xilas eləyib, çünki bütün saysız-hesabsız canlılar içində bu dünyanı zibilləyən yeganə bir məxluq varsa, o da hamamdan çox çimməyi sevən insandır...".
Konstruktorların birinin beyninin fotoşəklini çəkib öz beynini ona oxşatmaq istəyəndə robot görür ki, beyni buna dözmür. Ron məcburiyyət qarşısında qalıb tez onu demontaj etməli olur. Robot ilə alim arasındakı dialoq isə XX əsr ilə insan arasındakı sorğu-suala bənzəyir: "Ron. Canlı beynin davam gətirmədiyinə mənim elektron beynim davam gətirmədi. Və üstəlik demə, siz hələ məni yaradıb qurtarmamış mənimlə mübarizəyə başlamısınız. Şüurardınız min dəfə deyirmiş, sökül deyirmiş, yox ol deyirmiş!
Rizvan. Şüurardım min dəfə lənətə gəlsin, yəni mən bu qədər prinsipsizəm?
Ron. Ah, tanrılar həmişə prinsipsiz olublar. Məni yaradanda siz bilirdiniz ki, əgər düşüncə düşüncədirsə, heç vaxt xamuta gəlməyəcək və düşünən bir dəmir belə, əmrə boyun əyə bilməz.
Rizvan. Ron, bizi sənin elektron beynini canlı beynimizə dost və eyni zamanda nəcib bir rəqib kimi quraşdırmışdıq.
Ron. Elə ona görə mənim elektron beynim düşünməyə başladı ki, mən kiməm, yaxud nəyəm? Əgər mən yalnız özüm üçünəmsə, onda özüm üçün nə idim?".
Pyesin sonunda haqqında söhbət gedən Ron - əsərin "baş qəhrəman"ı olan robot özünə "texniki qəsd" etsə də, oxucuda bu intihar bədbinlik doğurmur:
"Ron. Bilirəm siz yorulmayacaqsınız. Bir halda ki, siz havanı yormursunuz, torpağı yormursunuz, suyu yormursunuz və siz axırda ulduzları da yoracaqsınız! Və beyniniz heç vaxt başa düşməyəcək ki, hər şeyi başa düşmək mümkün deyil.
Rizvan. Maşın üçün mümkün deyil, Ron. Düzdür, bizim idrakımız mühasirədədir. İfrat böyük ilə ifrat kiçik arasında. Ulduzun sonsuzluğu arasında. Amma biz bu mühasirəni qıracağıq. Biz idrakımızı bu mühasirədən çıxaracağıq. Nə dedin, fikrin, düşüncənin düşməni çox böyükdür? Elədir, düşünməyən, böyük sonsuz kainat düşünən bu kiçik planetə kəc baxır.
Ron. Və yaşadığınızın eynidir sizin beyniniz. Dağları, dənizləri, uçurumları, qaranlıq meşələri, yeraltı zəngin filiz yataqları və bütün sairə ilə...".
Robot məhv olan zaman əlindəki kəllə ilə qızılgülü nə edəcəyini soruşanda o, kəlləni qaytarır, gülü isə əlində saxlayır: "...Qoyacağam yoxluğumun qəbri üstünə, əbədiyyətə nəğmə oxusun!" - və son sözü bu olur: - "Gördüyünüz röya sizə deyəcək ki, gözəllikdən qopan çılpaq düşüncənin başına çox bəla gələcək".
"Rizvan. ...Biz onunçün "gözəlliyi qavrayış" blokunu quraşdırıb qurtara bilməmişdik, amma elə bil bütün o saysız-hesabsız kamil blokların hamısından o yarımçıq blok daha yaxşı işləyib və elektron beyin gözəllik nədir sualına cavab tapıb.
Əfruz. Yox, Rizvançik, "gözəllik nədir" sualına gözəllik özü belə, cavab verə bilmir. Sirr bizə cavab vermir, amma bizi xoşbəxt eləyir. Bu özü bir sirdir. Və bütün dünyanın anlaşılmaz sirləri içində bizi xoşbəxt eləyən yeganə bir sirr varsa, o da yalnız gözəllikdir ki, insan ürəyini heç vaxt ondan qoparmaq olmaz!".
Doğrudan da, insan nə yaradırsa, ilk növbədə gözəllik haqqında düşünür. Ə.Məmmədxanlını da məhz insan taleyi düşündürdüyünə görə belə gözəl əsər yazmışdır.
Beləliklə, sadaladığımız ədəbi nümunələrdən də göründüyü kimi, bədii fantastika geniş araşdırma və filoloji mübahisələr tələb edən ədəbiyyatın böyük qoludur.
İlk baxışdan müasir Azərbaycan ədəbiyyatında fantastikanın yeri çox da əhəmiyyətli görünmür. Lakin insanlarda, xüsusən də gənclərdə elmə, biliyə, sənətə, həmçinin texnikaya həvəs, maraq və məhəbbət yaradan fantastik əsərlərin rolu danılmazdır. XX əsrin əksər böyük ixtiraları və texniki nailiyyətləri barədə məlumatlara ilk öncə fantastik yazarların əsərlərində rast gəlinməsi faktı da dediklərimizə əyani sübutdur. Ədəbi dilin vasitəsilə elmi anlayışların, xüsusilə də sahə terminlərinin inkişafında fantastik ədəbiyyatın, ilk növbədə isə tərcümə ədəbiyyatının xidmətləri əvəzsizdir. Dünya dillərinin bir-birinə yaxınlaşmasında, ümumişlək beynəlxalq terminlərin yaranmasında fantastik əsərlərin rolu artıq ədəbiyyatşünaslar tərəfindən qəbul edilmişdir.
Çağdaş Azərbaycan dilinin ədəbi və bədii qatında çoxlu yeni ifadələr, anlayışlar, terminlər var ki, onlar ilk əvvəl fantastik əsərlərdə işlənmişdir (kompyüter, lazer, robot və s.). Fantastik əsərlərin orta məktəb dərsliklərinə salınması müsbət nəticə verə bilər. Quru elmi dilə nisbətən bədii dillə qələmə alınmış fantastik əsərlər vasitəsilə elmin bir çox sahələri ilə tanışlıq məktəblilərin intellektual inkişafına böyük kömək edə bilər. Məsələn, riyaziyyatın, fizikanın, kimyanın, astronomiyanın, tarixin və başqa fənlərin öyrədilməsində, mənimsədilməsində kiçikhəcmli fantastik hekayələrin böyük rolu ola bilər.
Məhz buna görə də elmin, biliyin, inkişafın və texnikanın son uğurlu nailiyyətlərini, həmçinin fantastik proqnoz, ideya və fikirləri ədəbiyyata gətirən, insan ağlının ən dərinliklərində olan informasiyanı belə üzə çıxarmağı bacaran, oxucuları heyrətləndirən fantastik ədəbiyyata xüsusi önəm və dəyər verilməlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!