Hüseyn Cavid irsinin təbliği

Fərid Hüseynin Hüseyn Cavidin Monteneqro dilində dərc edilmiş "İblis" əsərinin təqdimat mərasimindəki çıxışı

 

Hörmətli xanımlar və cənablar, dəyərli tədbir iştirakçıları, hər birinizi yüksək səmimiyyətlə salamlayıram. Bildiyiniz kimi, bugünkü oxucu auditoriyası XVIII əsrdən tam şəkildə formalaşmışdır. O vaxta qədər isə dünyada daha çox ixtisaslaşmış oxucular var idi. Bəzi tədqiqatlara görə, Vilyam Şekspir dövründə ən çox kitab oxuyan insan 2000-dən çox kitab mütaliə edə bilməzdi, çünki o çağın insanının qeyd etdiyimiz rəqəmdən daha çox kitab əldə etməsi çətin məsələ idi. Amma günümüzdə reallıq dəyişib, artıq şəxsi kitabxanalardakı nüsxələrin sayı keçmişin ümumi kitabxanalarındakı rəqəmlərə bərabərdir. Bu qədər nəşr, seçim, bunca imkan oxucular üçün həm də müəyyən çətinliklər yaradır, çünki bəzən həmin çoxluğun içərisində həqiqi dəyərə sahib əsərlər itib-batır. Ona görə də əksər xalqların öhdəsinə öz mədəniyyətinə və ədəbiyyatına aid dünyəvi əsərləri təbliğ etmək kimi çətin bir missiya düşür. Azərbaycan dövləti, ziyalıları bu istiqamətdə çoxsaylı işlər görürlər, - dəyərli əsərləri, mədəniyyət nümunələrini dünyada ciddi auditoriyalara çatdırırlar. Hüseyn Cavidin irsi də bu gün dünyada layiqincə təbliğ olunur. Onu da qeyd edim ki, Heydər Əliyev tərəfindən Hüseyn Cavid şəxsiyyətinə, irsinə daim diqqət göstərilib. Ədibin ev-muzeyinin yaradılması, külliyyatının nəşri, 1982-ci ildə cənazəsinin qalıqlarının Sibirdən vətənə qaytarılması və qəbri üzərində məqbərənin ucaldılması onun adı ilə bağlıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Hüseyn Cavidin 125, 130, 135 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalamışdır. Bu gün ədibin irsi dünyanın bir çox ölkəsində səhnəyə qoyulur, əsərləri ardıcıl olaraq tərcümə və nəşr edilir. Bu istiqamətdə görülən işləri sadalayarkən "Kaspi" qəzeti və "Kaspi" Təhsil Mərkəzinin, eləcə də Hüseyn Cavid irsinin tədqiqatçısı Sona Vəliyevanın  fəaliyyətini xüsusi qeyd etməliyik. Belə ki, 27 mart 2015-ci ildə Türkiyədə, Ankara Universitetində Hüseyn Cavid yaradıcılığına həsr edilmiş "Hüseyn Cavidin düşüncə dünyası və əsərləri" adlı konfrans təşkil olunub. 2018-ci ilin 9 noyabrında Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Hüseyn Cavid dünya dramaturgiyasının yüksək nümunəsidir" adlı konfrans keçirilmişdir. Konfrans çərçivəsində ədibin "Əmir Teymur", "Şeyx Sənan", "Səyavuş" və "Peyğəmbər" əsərləri özbək dilində oxuculara təqdim olunub. Bundan başqa, 2018-ci ilin 17 mayında Qazaxıstanın Almatı şəhərindəki Əl-Fərabi Universitetində Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə xüsusi konfrans keçirilmiş, ədibin şeirlərindən ibarət nəşr oxuculara təqdim olunmuşdur. "Kaspi" Təhsil Mərkəzi və "Kaspi" qəzeti Hüseyn Cavid irsinin tədqiqi prosesini stimullaşdırmaq məqsədilə iki məqalə müsabiqəsi keçirmişdir. Onlardan biri "Hüseyn Cavid. Vətənə qayıdış", digəri isə "Hüseyn Cavid-135" adlanır. Hər iki müsabiqəyə 100-ə qədər elmi, publisistik məqalə qəbul edilmiş, qaliblər müəyyənləşdirilmişdir. Müsabiqənin mətnləri ayrıca kitablar halında nəşr edilmişdir. Ədibin həyatına və yaradıcılığına aid bütün fotoların və rəsm əsərlərinin toplandığı "Hüseyn Cavid. Vətənə qayıdış" fotoalbomu da nəşr edilmişdir. Tanınmış Azərbaycan alimi, filologiya elmləri doktoru Sona Vəliyevanın tərtib etdiyi "Hüseyn Cavid və müasirləri", "Hüseyn Cavid sənətinin qüdrəti" kitabları işıq üzü görmüşdür. Ədibin əsərləri fars dilinə də tərcümə edilmişdir. Belə ki, İranın Qum şəhərində ədibin "Peyğəmbər", "Maral", "Şeyx Sənan" əsərləri iki ayrı kitab şəklində oxucuların ixtiyarına verilib. 2013-cü ildə tarix elmləri doktoru, professor Əli Həsənovun təşəbbüsü ilə İstanbulda "Şeyx Sənan", "İblis", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam", "Maral", "Afət", "Uçurum" adlı əsərlərinin və şeirlərinin toplandığı mükəmməl nəşr Türkiyədə "Küsena" nəşriyyatı tərəfindən çap olunub. Bütün sadalanan işlər "Kaspi" qəzeti və  "Kaspi" Təhsil Mərkəzinin dəstəyi ilə reallaşdırılmışdır. Bundan başqa, Türkiyənin İstanbul şəhərində Böyükşəhər Bələdiyyə Teatrı tərəfindən ədibin "İblis" əsəri səhnəyə qoyulmuşdur. S.Vəliyeva həmin tamaşanın məsləhətçisidir. Bu silsilə layihələrin növbəti mərhələsi kimi hazırda Qırğızıstanda, Türkmənistanda ədibin əsərləri nəşrə hazırlanır. Eləcə də Avropa ölkələrində H.Cavid irsinin təbliği istiqamətində ardıcıl addımlar atılır. Bütün sadaladıqlarım yalnız "Kaspi" qəzeti və "Kaspi" Təhsil Mərkəzinin ədib haqqında gördüyü işlərdir. Əlbəttə ki, Azərbaycan dövlətinin dəstəyi ilə, ayrı-ayrı ölkələrin H.Cavid irsinə olan marağından doğan təşəbbüsləri ilə, habelə müəyyən şəxslərin istəkləri ilə də işlər görülür. Mən "Kaspi" qəzetinin təmsilçisi olduğuma görə bir istiqamətdə görülən işləri xüsusi vurğuladım. Eyni zamanda sizə aydın oldu ki, təkcə bir istiqamətdə ədibin irsi yüksək səviyyədə tədqiq və təbliğ olunur. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyi, Hüseyn Cavidin ev-muzeyi, müxtəlif universitetlər, səfirliklər ədibin yaradıcılığının daha böyük arsenalda təbliği yolunda işlər görürlər. Sovet imperiyası dövründə bədii irsi ən çox repressiyaya, qadağalara məruz qalan ədiblərimizdən biri H.Cavid olub. Çünki Sovet hökuməti bəşəri dəyərlərin təbliğinin əleyhinə idi, imperiya yalnız öz dırnaqarası dəyərlərini təbliğ edirdi. H.Cavid isə bəşəri, qlobal ideyaları yayan, insan amilinə imperiya kontekstindən baxmayan, bir ədib idi deyə, əsərləri o dövrdə qadağan edilmişdi. Dünyanı nizamında saxlayan fanilikdir, əgər belə olmasaydı biz çətin vəziyyətə düşəndə o durumdan xilas ola bilməzdik, şər daim məğlubedilməz olardı, çətinlikləri aşmaq mümkünsüzləşərdi. Dünyanın faniliyi bizi istədik-istəmədik öz rollarımızı dəyişməyə məcbur edir. Eləcə də bəşəri əhəmiyyətli rollar dəyişir, məsələn, imperiyalar dağılır, şərlənən dahilər bəraət alır, sonda hər şey tarixin ədaləti ilə dürüst şəkildə qiymətləndirilir. Biz o qədər illərin keçməsi üçün gözləyirik, qərinələr, əsrlər adlayır, amma tarixin yaşı yoxdur, ona görə də tarix dahiləri illərlə yox, nəticələrlə qiymətləndirir. Monteneqroda H.Cavid yaradıcılığına həsr edilən bu tədbir və ədibin "İblis" əsərinin nəşri tarixi hadisələrdir. Azərbaycanın bu ölkədəki səfirliyinə, nümayəndəliyinə, Monteneqro dövlətinə belə mötəbər bir əməyə görə təşəkkür edir və hər iki dövlətə əbədi firavanlıq arzulayıram.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!