Nəsimi haqqında ilk biblioqrafik nəşr - "Əqidə fədaisi" - Zakirə Əliyeva

 

Əsərləri dünya ədəbiyyatının Qızıl fonduna daxil olmuş, klassik şeirimizin görkəmli nümayəndəsi Seyid İmadəddin Nəsimi doğma Azərbaycan dilində əsərlər yazan və bununla dilimizin inkişafına böyük təsir göstərən şair, humanist ideyalar carçısı, mütərəqqi fikirli filosof idi. Mərdlik və yenilməzlik simvolu olan şair Vətənindən uzaqlarda edam olunsa da əsərləri ölkədən-ölkəyə, dildən-dilə, əsrdən-əsrə keçərək günümüzə kimi yaşamışdır.

Azərbaycan xalqı, eləcə də dünyanın bütün ədəbi ictimaiyyəti 1973-cü ilin payızında Nəsiminin anadan olmasının 600 illiyini təntənəli surətdə qeyd etməyə hazırlaşırdı. YUNESKO xətti ilə bütün dünyada qeyd edilən bu yubileyə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə respublikamızda da ciddi hazırlıq işləri görülürdü: "Nəsiminin yubileyini yüksək səviyyədə hazırlamaq və keçirmək bütün ictimaiyyətimizin borcudur. Biz şübhə etmirik ki, bu hadisə ədəbiyyat əlaqələrinin daha da inkişaf etməsinə, Azərbaycan və qardaş respublikaların yazıçıları arasında yaradıcı əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaqdır".

Bu çağırışa böyük məsuliyyətlə yanaşan alimlərimiz dünyanın müxtəlif arxiv, muzey, əlyazma fondları və elmi kitabxanalarında saxlanılan Nəsimi "Divan"larını yenidən araşdırır, şair haqqında elmi məqalələr, monoqrafiyalar, kitabçalar yazır, nəşriyyatlar böyük mütəfəkkirin ədəbi irsini yenidən nəşr edir, mətbuatımız yubileylə əlaqədar maraqlı materiallar dərc edirdi.

"Azərbaycan" dərgisinin təkcə 8-ci sayında onlarca məqalə - Əli Fəhmi "Nəsimi şeirində dini ehkamın tənqidi"; İsmayıl Cəfərpur "Nəsimi və Hafiz"; Mirzə İbrahimov "Odlar yurdunun Prometeyi"; Mirzağa Quluzadə "Nəsimi irsinin öyrənilməsi tarixinə dair"; Elməddin Əlibəyzadə "Nəsiminin söz aləmi"; Qulamhüseyn Beqdeli "İki cahan, yoxsa..."; Arif Məmmədov "Nəsimi və musiqi"; Fuad Qasımzadə "Müasir Türkiyə alimləri Nəsimi və hürufilik haqqında"; Abdulla Məhəmmədi "Nəsimin "Bəhrül-əsrar" əsəri barədə"; İbrahim İbrahimov "Cahanşah Həqiqi Nəsimi haqqında"; Balaş Azəroğlu "Nəimi və Nəsimi" və b. işıq üzü görmüşdü.

"Ədəbiyyat qəzeti" də öz növbəsində geri qalmamışdı - Cahangir Qəhrəmanov "Nəsimi"; M.H.Təhmasib "Nəsimi və xalq poeziyası"; Rəsul Rza "Cəsarət və mərdliyin yüksək poeziyası"; Məmməd Arif "Adım adəmdir, adəm"; Süleyman Rəhimov "Nəsimi bizimdir"; Bəxtiyar Vahabzadə "Mütəfəkkir şair" və b. elmi məqalələr, Azərbaycan Elmlər Akademiyasında keçirilən elmi sessiya, Vatikan Kitabxanasında Nəsiminin qəzəllərinin tapılması haqqında xəbərlər də daxil olmaqla  Nəsimi ab-havalı informativ mühit genişlənməkdə idi.

Belə bir şəraitdə Nəsimi irsinin tədqiqi, təbliği sahəsində mədəni-maarif müəssisələrinin, o cümlədən kitabxanaların və ən əsası isə biblioqraflarımızın üzərinə də çox mühüm vəzifələr düşürdü. Bu qeyd edilən dövrə qədər biblioqrafik nəşrlərin sırasında müasir dövrümüzdə mövzusundan və tətbiq dairəsindən asılı olaraq yüzlərlə növünü müşahidə etdiyimiz bir biblioqrafik vəsait - Nəsimi haqqında biblioqrafik vəsait nəşr olunmaması keçirilən tədbirlərin hazırlanması işinə də öz mənfi təsirini göstərirdi. Bunu nəzərə alan o illərdə kifayət qədər peşəkar biblioqraf kimi tanınmış, görkəmli ədəbiyyatşünas alim Əmin Tahir oğlu Əfəndiyev elə həmin 1973-cü ildə təcili olaraq Nəsimi haqqında ilk biblioqrafik vəsaiti tərtib etməyi qarşısına məqsəd qoydu və buna nail oldu. 42 səhifəlik bu nəşr həcmcə kiçik görünsə də, yubiley ərəfəsində və ümumiyyətlə, Nəsimi irsinin tədqiqatı sahəsində istifadə oluna biləcək mötəbər və gərəkli bir mənbə idi. Biblioqrafik vəsaitdə ilk dəfə olaraq Nəsiminin o dövrə qədər məlum olan və nəşr edilmiş əsərləri, şairin həyat və yaradıcılığı haqqında yazılmış materiallar verilmişdir. Vəsaitə "Nəsimi ədəbiyyat və incəsənətdə" adlı xüsusi bölmənin daxil edilməsi də məqsədəuyğun sayılmışdır. Bu ilk biblioqrafik nəşr təbii ki, müəyyən çatışmazlıq və nöqsanlardan xali deyildi. Lakin vaxt darlığı və üstəlik sovet dövrünün məhdud informasiya mühitini nəzərə alsaq qeyd etdiyimiz nöqsanlar da anlaşılandır.

Biblioqrafiya tərtibçi və redaktor Ə.Əfəndiyevin "Əqidə fədaisi" adlı giriş məqaləsi ilə başlayır. Məqaləni geniş şərh etməyərək burada verilən maraqlı məqamların bəzilərini diqqətə çatdırmaqla kifayətlənəcəyik:

"...1369-cu ildə şəhər sənətkarları arasında hörmət qazanmış şamaxılı Seyid Məhəmmədin bir oğlu dünyaya gəlir. Bu körpə, indi anadan olmasının 600 illiyini qeyd etdiyimiz İmadəddin Nəsimi idi".

"Hürufilik Allahı inkar etmir, lakin onu göylərdən yerə endirir. Nəsimi "mənəm Allah", "Allah insanın özüdür" - deyir... ədalətsizliyi, riyakarlığı ifşa edən qorxmaz şair Nəsimi özünün məhv olacağını başa düşürdü...".

"Nəsimi qələmindən çıxan bütün əsərlər bu gün elm aləminə məlum deyildir. Təsəvvür etmək çətin deyildir ki, zəmanəsinə qarşı çıxan, vətənini tərk edib təqiblərə məruz qalaraq yazıb yaradan şairin əsərlərinin bir hissəsi itib-batmış, bir qismi tələf edilsə də, dünyanın müxtəlif ölkələrində, müxtəlif kitabxana və əlyazma fondlarında mühafizə olunmaqdadır. Müxtəlif əlyazma fondlarında saxlanılan "Divan"lardakı mətn fərqləri Orta əsrlərdə şairlərin əsərlərinin bir qayda olaraq xəttatlar və katiblər tərəfindən üzü köçürülməsi səbəbindən irəli gəlirdi. ... Nəsiminin əsərlərini ilk dəfə ədəbiyyatşünas-tənqidç Salman Mümtaz 1926-cı ildə çap etdirmişdir. İkinci nəşr 1962-ci ildə M.Quluzadənin tərtib və redaktəsi ilə nəşr edilən "Seçilmiş əsərlər"idir".

Beləliklə, tərtibçi Nəsimi əsərlərinin digər nəşrləri haqqında geniş məlumatı diqqətə çatdırır. Biblioqrafik vəsaitin ikinci hissəsində Nəsiminin rus dilində çap olunmuş əsərlərinin siyahısının ardınca dövri mətbuatda dərc edilmiş qəzəlləri, rübailəri, daha sonra haqqında yazılmış kitablar və məqalələr verilmişdir. Bu bölmədə tanınmış rus yazıçısı Nikolay Tixonovun Nəsimiyə həsr etdiyi "Böyük humanist şair" adlı məqaləsi də oxuculara təqdim olunur.

Nəsimi irisinin araşdırılmasına gedən yollar biblioqrafik mənbələrin - kataloqların, göstəricilərin, vəsaitlərin formalaşdırdığı informasiya mühitindən keçir. Dahi mütəfəkkir şairin ədəbi-elmi irsi hələ daha geniş miqyasda tədqiqatlara möhtacdır. Şairin anadan olmasının 650 illik yubileyi ərəfəsində nəşr edilən kitablar, monoqrafiyalar, elmi məqalələr tədqiqatçıların yeni-yeni tapıntıları, fikirləri, qənaətləri ilə zəngindir. Nəşr ediləcək biblioqrafik salnamələr də Nəsimi ədəbi irsinin yeni informativ salnamələrinə çevriləcəkdir. 1973-cü ildə tərtib edilmiş bu göstərici isə bugünkü Nəsimi ab-havalı informasiya mühitimizin təməlinə qoyulmuş ilk, etibarlı və ciddi bünövrə daşı idi. Nəsimi irsini bugünümüz və gələcək üçün yaşatmaq yolunda əməyi olan Əmin Əfəndiyev şair haqqında ilk biblioqrfiyanın müəllifi kimi öz adını bu bünövrə daşına həkk etmiş oldu.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!