Bədii mətnin möhtəşəm tənhalığı - Cavanşir YUSİFLİ yazır

 

İstənilən bədii mətn səssiz rejimdə, yaxud ucadan oxunduğu zaman ilk növbədə və zahirən ətrafa sürətlə nüfuz edən dalğalar şəklində yayılır, mətnin daxilinə, onun ruhuna xas tezliyə malik olan bu şüa - dalğalar zaman gəlir ki, sönür, öləziyir, sürəkliliyi hiss edilmir, mətndən necə çıxıbsa, elə də geri qayıdış yolunu tutur, baxmayaraq ki, mətn artıq ilkin görünüşünü və cildini tərk etmiş, bir sözlə, dünyanı öz ovcunun içinə yığıb sığışdırmaq üçün büsbütün başqalaşmışdır. Dalğaların geri qayıtması heç də bədii mətni əvvəlki halına qaytarmaq məqsədini güdmür, çünki qayıtsa da, özünü orda tapa bilməyəcək, məqsəd, sadəcə, bədii mətn çevrəsini formalaşdırmaq, onu daha görüntülü hala gətirməkdir. Bədii mətn çevrəsi onunla bağlı baş alıb gedən prosesləri anlamaqda ən vacib anlayış sayıla bilər. Ətrafa hissəciklərilə müəyyən tezlikli şüa kimi yayılan mətn enerjisi daha sonra parçalanır, transformasiyaya uğrayır, enerji itə bilmədiyinə görə həmin hissəciklər eyni yolu qayıdıb, cızdığı trayektoriyanı çevrəyə, dairəyə çevirməlidir, adıkeçən enerji bu dairənin hər bir nöqtəsində hiss edilir, çarpır, həm də söz dairədən getdiyi üçün o nöqtələr də bu təsadüfdə bir-birlərini hiss edir, bu isə yüz illər yol gedib çoxalan mətnin tənhalıq çevrəsini yaradır. Çoxalmaq ehtirası tənhalıq zərurətindən irəli gəlir, artıb çoxalmaq həm də özü-özünü güzgüyə çevirmək niyyəti, bu güzgüdə özünü görə bilmək ehtirasıdır. Güzgüdə görünən anda tənhalıq başlayır, ucsuz-bucaqsız, bitməz-tükənməz... ("... Tənhalıq başlayır burdan o yana...").

Bu prosesdə bədii mətnin onunla təmasa və dialoqa girən şəxslərdən aldığı enerjini bu çevrəyə hörür, arı necə şanıdan pətək qurursa, geri qayıdan dalğalar da bədii mətnin sahilini yuyub onun ərazisinin çevrəsini boyaboy nümayiş etdirir. Materiyanın - bədii mətnin itməzliyi prosesi beləcə cərəyan edir, bu itməzlik oxu və təmas anında səhifələrin özlərinə hopdurduqları enerji hissəcikləri hesabına duruş gətirir, söz bu məqamların birində özünə, öz daxili aləminə baxmaq fürsəti əldə edir; Çarlz Olsonun belə bir fikri var ki, istənilən bədii forma elə məzmunun, yəni ideyanın davamıdır, başqa sözlə, əgər ədəbiyyat tarixi arasıkəsilməz mətnyaratma prosesidirsə, məzmun və formanın bu proses boyunca dəyişmələri də mümkündür, hər bir janr yalnız ona qabaqcadan verilən yükü-informasiyanı daşımaq və emal etmək gücünə malikdir, informasiya bu həddi keçdikdə janr tükənir, enerjini ötürmək və dilləndirmək, sözə çevirmək gücü yox olur, belədə onun özünü tərk edib başqa bir nəsnəyə çevrilməkdən başqa yolu qalmır; bu nöqtədən çıxış edib janrların bir-birinə çevrilməsi məqamını da izah etmək olar. O mənada yox ki, hansısa şeir tarixi gedişatda hekayəyə dönüşür, o mənada ki, məsələn, Qasım bəy Zakirin hər hansı satirik şeirini hekayə, roman, yaxud dram kimi oxumaq imkanı yaranır, o başqa məsələ ki, bu imkan yeni janrların yaranmasına, yaxud müəyyən janrların içində çoxüslubluluğun meydana gəlməsinə gətirib çıxarır, ya yox...

Əlbəttə, bədii mətnin ən müxtəlif aspekt və sirləri məhz oxu prosesində üzə çıxır, amma eyni zamanda məhz bu proses bədii mətni öz sərhədlərini cızmağa, özünə doğru sıxılmağa məcbur edir. Sərhədlərin pozulması mətnin tez bir zamanda anlaşılmaz olmasını şərtləndirir. Bədii mətnlərin sonradan dairə formasına düşməsi proses boyunca minlərlə, milyonlarla mətnlərin kəsişməsinə, bir-birlərini məhz kəsişmə nöqtələrində tanıyıb tapmasına səbəb olur, belədə bədii mətnlər həm təkadamlıq hücrədə, həm də digər mətnlərin əhatəsində olur. Bu, niyə, hansı zərurətdən belə olur, səbəb nədir?

Səbəb məhz bədii mətnin özünü ikili xarakterin içində görməsi və hiss etməsidir, bu da təbiidir, yəni əgər şair yazı prosesində öz nəfəsini dinləmək prosesinə dalırsa və kənardan gələn səsləri tutmaq həssaslığı ifrat həddə çatırsa, demək o, heç harda yox, məhz sərhəd situasiyasındadır, bu, şübhəsiz ki, ənənəvi şeirə yox, açıq məkan kompozisiyalı şeirə xas bir özəllikdir. Başqa sözlə, bədii mətnlər də insan kimidir, daha doğrusu, xassəsi etibarıyla o, insan ürəyinə təndir. Qəzzalinin sözünü yada salmaq bu məqamda yerinə düşür: ürək yer üzündə qəribdir, onun məbədi İlahidəndir, onun hüzurundan gəlib, ora da qayıdacaqdır... Yəni bizim yaratdığımız şeylər ancaq müəyyən mənada bizə aiddir, bizə ürək kimi tam aid olmayan şeylərin havası, cövhəri və məbədi tənhalıqdan yoğrulur. Diqqət edin:

Dərin-dərin dəryada batan nakam insanın

min əzabla aldığı son nəfəstək əzizsən...

Əli Kərim

Daim kontaktda, təmasda olmaqla tənhalıq, təklik içində can çəkmək halını istənilən bədii nümunədə görmək, təsbit etmək mümkündür. Tənhalıqdan qopmaqla ora yenidən, hər an, hər dəqiqə cəzb olunmaq  qəribə ovqat yaradır. Yəni təmasların olduğu andakı tənhalıq daha dözülməz və daha dəhşətlidir, bu məkanda (məkan kompozisiyalı mətnlərdə-!) ömrün hər qarışına, hər nöqtəsinə hopan tənhalıq hər bir yeni təmasda daha dərindən hiss edilir, İlahinin hüzurundan gəlib ora qayıdacaq ürəyin duyub içinə bükdüyü nəsnə son dəfə deyiləcək sözlərin bütün enerjisi ilə üzə çıxır. Polisemiya bütün obrazlar aləmini, bütün ərazini zəbt edir və bu qədər "qarışıqlığın" içində əşyaların konturlarının aydın görünməsi, həm də ən mücərrəd anlayışların bir anlıq konkret libasda peyda olması təəccüb yaradır.

Bu təsadüfdə, həm də ələ düşən bu dar macalda şair dinlədiyi nəfəslə "ömür mətninə", "ömür arxivinə" səfər edir, yaşadığı hər şeyi xatırlayır, sınağa çəkir, saniyənin milyonda bir qırıntısında yanından keçən xoşbəxtliyi yenidən tanımaq, yenidən yaşamaq istəyir. Bu ehtiras, qəribə ovqat elə öz biçimində bədii obrazların yaranmasına səbəb olur. Göylər səadətin çətiri imiş...

Nə xoşbəxt imişəm bir zaman, Allah,

Xəbərim olmayıb bu səadətdən.

Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt!

Bu gün eşitmişəm bunu həsrətdən.

Niyə yazmamışam o zaman, Allah,

Əlimə qələm də gəlməyir indi.

De, niyə aradan küləklər əsir?

Aramız, de, niyə belə sərindir?

İçdiyim o su da səadət imiş,

İşə getməyim də, qayıtmağım da.

Ona baxmağım da xoşbəxtlik imiş,

Onu yuxusundan ayıltmağım da.

Dünya başdan-başa səadət imiş,

Mənsə bu dünyanın qoynundayammış,

Dünya fırlanırmış sevinc gücüylə,

Bəs indi nə olub belə dayanmış?

Göylər səadətin çətiri imiş,

Torpaq da səadət məhvəri imiş.

Gecələr toranlı vüsal məskəni,

Hər səhər, ruhumun səhəri imiş.

Dilin quruyaydı sənin, ay həsrət,

Sən bu gün könlümü tarımar etdin.

Ya bunu vaxtında deyəydin mənə,

Ya da ki, lal olub heç dinməyəydin.

Dünya başdan-başa səadət imiş,

Görəsən, heç bir də olarmı yenə,

Dünya başdan-başa nə imiş dedin?

Dünya başdan-başa nə imiş, de nə?!

Bu şairdə "dil" sözü ən müxtəlif poetik mətnlərdə fərqli semantik mövqelərdə çıxış edir. Məsələn, Habilə həsr edilən şeirdən: ... Habil ilan dili çıxarır nədir...

Dilin quruyaydı sənin, ay həsrət,

Sən bu gün könlümü tarımar etdin....

Yazı, "təsvir" dinamikası elədir ki, nəfəsin hər çəkilib-verilməsində mətnin başlanğıcındakı "mən" sözündən vaz keçilir, nəfəs dərildikcə insanın məhz həsrətdən eşitdiklərini sözə, səsə çevirmək ehtirası lokallaşır. Təkcə bu məqsədi gerçəkləşdirmək, yəni həsrətin "dediklərini" vizuallaşdırmaq üçün poetik məkanda mövcud olan hər şey dəf edilir.

Həm də, bizim dildə yazılan az-az şeirlərdəndir ki, burada müəllif hiss edilmir, yəni bəlli bir ifadəylə dezək, o, mətnin bütün məqamlarını tərk etmiş, onu öz tənhalığı içində buraxmışdır, müəllifin tam olaraq yoxa çıxması onun mətnin tənhalıq həsrətini dərk edə bilməsiylə bağlıdır. Müəllifin bu şəkildə yoxa çıxması mistik aura yaradır, şeir bizim dildə danışan, yazan, sevən, ağlayan, həsrət çəkən insanların nəfəsiylə yazılıb, daha doğrusu, yaratma prosesində məkanı maksimum həssaslıqla dinləyən şair öz nəfəsini dinləməklə, digər insanların nəfəsinə, həsrət və ümidlərinə qoşulur. Əgər şair bu mətni məhz nəfəsini dinləyərək yazıbsa, təkliyə, tənhalığa, göy qübbəsinin altında tək qalmış hicrətə söylənən sözlər bu dilin həm özüdür, həm də ona qarşı duran nəsnə, yəni şeir həm də yazıldığı dilin içindəki dildir, bu dil şairin nəfəsindən hörülməklə tənhalıqdakı sükutu yaradan səsli fondur. Sükut yalnız səsin fonunda mövcud olur, yuxarıdakı mətndə səslə sükut şeiri hərəkət sahəsinə (konkret halda dairə) çevirir.

Bədii mətnin yaranması, dünyaya gəlməsi tənhalıq içində baş verir və tənhalıq doğurur, bundan sonra dünya və insanlarla heç zaman bitməyən qovğalara qoşur, məqsəd həmin tənhalığı aşmaq, ondan yaxa qurtarmaq və onun içində itib-batmaqdır. Hər iki ehtiras, şövq - qopmaq və əriyib yox olmaq sonda yenə də bədii mətnin öz tənhalığına çəkilməsiylə sonuclanır. Yuxarıda adını çəkdiyimiz iki xəttin baş-başa gəlməsinin dalğa gücü mətnin hansı enerjinin daşıyıcısı olduğunu bəlləyir. Ən gözəl şeir, hekayə, roman bədii mətnin mütləq, möhtəşəm tənhalığında pərvəriş tapır.

Bəzi poetik mətnlər, şeirlər var canın sıxılmağından, uzun illər ərzində ruhun çəkdiyi iztirabdan doğur, ifadə olunur, özü-özünü tamamlayır, xilas edir, qurudur və yerdə qalan mətnlərə qoşulub unudulur, bəlkə də dincə qoyulur, bir də yenə uzun illər keçdikdın sonra kimin o şəkildə canı ağrıyarsa, ruhu eynən o cür əzab içində olarsa, yada düşür, yara kimi... Amma başqa, tam fərqli şeirlər də var, kadr arxasından gələn, o məsafədən müəllifin tutub gətirdiyi çox nadir incilər, dənizin dibindən çıxarılan incilər kimi, dünyada nə baş versə, o yada düşər, kim ayrılsa, onun yanında olar, amma istəsə özü özünü unutdurar, canın ağrımasına, ruhun əzab içində olmasına baxmaz, onlarla başlasa da, onlarla bitməz, onun obrazı görünsə də, ələ gəlməz, onu yazan adamın rəsmini heç bir nəqqaş çəkə bilməz, çünki Məhəmməd Füzuli demişkən, qələm sınar (Mənə manənd bir divanə surət bağlamaz, guya // Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım....), qələmin sınması da şeir olar, bu mətnlər bitib-tükənmir, yazılmır, ancaq duyulur və yaddan çıxır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!