"Haqq nurunda çimənlərin ləkəsi olmaz" - Nizaməddin Şəmsizadə yazır

 

Neftçala rayonunun Tatarməhlə kəndində ürəyi şeirlə, nəğməylə dolu bir xanım yaşayır. Mən ona 1983-cü ildə 29 yaşımda Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində dərs demişəm. Bir gün mühazirəni bitirib, "Kimin sualı var?" soruşanda bir tələbə qız "Şeir oxumaq olar?" - deyə soruşdu. "Əlbəttə, - dedim, - buyur". Zərxanım lirik və munis bir səslə öz şeirini oxudu, bütün qrup onu alqışladı. O vaxtdan 36 il keçib, bizim tanışlığımızın 36 yaşı var. Mən onun bir kitabına "Şeirimizin zər xanımı" adlı ön söz yazmışam, ziyalı dostlarımla birlikdə Neftçalada 60 illik yubileyində iştirak və çıxış etmişəm, onun şeirlərinə mahnı bəstələmiş görkəmli bəstəkar Tahir Əkbərlə burada tanış olmuşam. Zərxanım Ülvi bu gün də ərklə mənə zəng vurur və elə həmin nəcib səslə şeirlərini oxuyur. Bu yaxınlarda növbəti dəfə zəng vurub bir lirik şeirini və bir qəzəlini oxudu. Dedim ki, bu şeirləri göndər təqdimat yazıb "Ədəbiyyat qəzeti"nə, sənin eloğlun, mənim dostum Azər Turana göndərim. Və budur, Zərxanımın şeirləri qarşımdadır və onların poetik hüsnünü, bədii-filoloji mənasını müəyyənləşdirməyə çalışıram.

Zərxanım Ülvi şeir-sənət sahəsində yeni imza deyil, qeyd etdim ki, bir çox lirik şeirlərinə indi dillər əzbəri olan mahnılar bəstələnib. "Yandı canım", "Axı, sən idin", "Qərarsız mən oldum", "Süz ver içim" və s. belə mahnılardandır. Onun ən yaxşı lirik şeirləri bəstələnməmiş nəğmələrdir...

Zərxanım janrın ənənəvi şablonlarını dağıda bilir.

Məsələn, "Yaz gəlib" şeirində oxuyuruq:

Deyirlər ki, qapıma qərib ixtiyar gəlib,

Çölündə şaxtalı qış - içində bahar gəlib.

19 hecalı, kifayət qədər ləngərli şeir, birdən-birə 7 hecalı gəraylı formasına keçir. Bu cəhət xalq şairi Musa Yaqubun şeirləri üçün də xarakterikdir. O, təcnis formasına müraciət edir.

Zərxanım heç vaxt köhnəlməyən köhnə poetik anlayışlara yeni məna verir. "Xeyir və Şər" nəinki bizim poeziyamızda, qədim abidəmiz olan "Avesta"dan tutmuş əksər nağıl və dastanlarımızda, folklorumuzda və mifik örnəklərimizdə var. Zərxanımın "Xeyir və Şər" şeirində onun poetik yozumu başqadır:

Açdım dünya qapısını, girdim içəri,

Üzbəüz dayanan gördüm Xeyiri, Şəri

Tanrı bəşər yaratdı,

Xeyir və Şər yaratdı.

Şər nəfsinə qul oldu,

Xeyir savaba batdı.

Zərxanımın ən yaxşı şeirlərini könül nəğmələri adlandırmaq olar:

Nə müddətdir tənhayam,

                        bu mənim alın yazım,

Köynəyi buz bağlayan

                        sənsizliklə barışdım.

Bəzən şairənin istedadı dünyanın nizamsızlığına etiraz notu üstündə köklənir. "Dünya bazarı" şeirində o, dünyanı hər şeyin alınıb-satıldığı bazara bənzədir:

Bu bazarda mətah baha, ömür dəyərsiz,

Nə satılır, nə alınır heç bilmək olmur.

Nə istəsən tərəzidə çəkə bilərsən,

Nə sirdir ki, alanların heybəsi dolmur.

 

Biri təmiz vicdanını yeyib oturub,

Biri zərif libasını geyib oturub.

Biri də tunc qamətini əyib oturub,

Gedib-gələn qəpik atır, təknəsi dolmur.

Unudulmaz filosof-şair Ələkbər Salahzadə şeirlərinin birində yazırdı:

Dünya bir kirkirədi,

Kirədəyik, kirədə.

Ömrümüzü veririk

Elə buna görə də.

Dünya bazardı, bizi alıb satır, öz alverindədi, nəyi necə satır, heç kəs baş aça bilmir. Xalq şairi Ramiz Rövşən deyir:

Mənim bu dünyayla bir alverim var,

Aldığım nəfəsdi, verdiyim nəfəs.

Dünyaya hamı uduzub, hələ udan görməmişəm, çünki həmişə dünyanın tərəzisi əyri, meyarı naqis olub.

İti bazarında atından baha

Mən belə dünyanın nəyindən küsüm?

...Bunu da xalq şairi Məmməd Araz deyib gedib. Və Zərxanım belə böyük sələflərinin yolu ilə gedir. Bu yolun da ki, sonu yoxdur. Şair ümid edir, inam bəsləyir ki, "Haqq nurunda çimənlərin ləkəsi olmaz" və bu nurla çimib "Bahar nəğməsi"ni yazır:

Xəfif külək əsir, çəmən titrəyir,

Duman dərələrə baş alıb gedir.

Yamaclar bürünüb tül yorğanına,

Qışın sərt damarı boşalıb gedir.

 

Sağır gözlərinin yaşın buludlar,

Ələnir torpağın soyuq köksünə.

Göyərir qəlbində bir çınqı ümid,

Buxar örtüyünü salır üstünə,

Gülür tumurcuqlar xumar gözüylə.

Bu poetik lövhə o qədər canlıdır ki, özünü bahar şəbnəmləri arasında hiss edirsən. Ümumiyyətlə, Zərxanımın şeirlərində bədii sözün aurası, haləsi aydın və böyükdür.

Zərxanım Ülvi

Yaz gəlib

Deyirlər ki, qapına qərib ixtiyar gəlib,

Çölündə şaxtalı qış - içində bahar gəlib.

Döyüldü qapı-bacam,

Yüyürdüm gedib açam.

Gördüm keçən il gedən

Əlində nübar gəlib.

 

Saçları bəyaz çiçək - nəfəsində yaz mehi,

Pal-paltarı ətirli, yanağında gül şehi,

Yarıaçıq yaxası,

Təzələnib çuxası,

Eşq şərabından içib

Gözləri xumar gəlib.

 

Güldü, gülüşlərindən ətrafa nur ələndi,

Ağacların budağı tumurcuğa bələndi.

Qönçələndi qızılgül,

Oyandı xarıbülbül,

Zərxanımın şeirinə

Xoş müjdəli yar gəlib.

Açdım könül dünyamı.

Heyrətə gəldi hamı.

Bu yazın xoş nəfəsi

Bihuş edib adamı.

 

Könlüm

Köz üfürdüm od oyandı külümdən,

Oda tutuşmaqdan bişibdir könlüm.

Bir söz dedim - həmən anda dilimdən

Ovlandım - kəməndə düşübdür könlüm.

 

Taleyim özümlə birgə doğulmuş,

Anamın südüylə eşqim yoğrulmuş,

Zülmət gecələrdən nurum sağılmış,

Ömür yırğalayan beşikdir könlüm.

 

Laylalar içində mürgüləmişəm,

Yıxılıb durmuşam, iməkləmişəm.

Gözəllik önündə vəcdə gəlmişəm,

Sirr dolu möcüzə - işıqdır könlüm.

 

Bələyə bükülən arzu olmuşam,

Yuxusuz gözlərin duzu olmuşam,

Anamın-atamın nazı olmuşam,

Bu gün eşq önündə keşikdir könlüm.

 

Bacarsan al məni eşqin əlindən,

Bacarsan libas tik ipək telimdən,

Bacarsan oğurla zülmün əlindən,

Dərd çəkməkdən dəlik-deşikdir könlüm.

 

Zərxanım mat qalıb hikmət önündə,

Sevgidən doğulub körpə donunda,

Qəzəbi nifrəti boğub qınında,

Mübarək hisslərə məşuqdur könlüm.

 

Həyatın sirrinə bax,

Pərvərişdir yaşamaq,

Ərlər nəsil özülü

Qadınlar münbit torpaq.

 

Yuxu

Nə müddətdir tənhayam, bu mənim alın yazım,

Köynəyi buz bağlayan sənsizliklə barışdım.

Bəlkə qəribə gələr kiməsə ərkim, nazım,

Ruhum nəğməyə dönüb, hisslərimlə alışdım.

 

Qapım qəfil döyüldü, vədəsiz gecəyarı,

Mənə mehman göndərib Rəbbim bu gecəyarı,

Köksündə sevən ürək, dilində beçə balı,

Həsrətə vida dedik, gülümsədik, barışdıq.

 

Ay doğub, bədirlənib göyün yeddi qatında,

Üfüqlərə yol açdıq ulduzların altında,

Bişib bir ürək olduq eşqimizin odunda,

Yuxu olan bu gecə həqiqətə qarışdı.

 

Gecənin qübbəsini seyrə çıxdıq baş-başa,

Sayrışan ulduzların hər biri bir tamaşa.

Ruhun bal şərabından içib döndük sərxoşa,

Susuz gözlərimiz işıq gördü, qamaşdı.

 

Oyandım bu röyadan tənha gördüm özümü,

Dodağım kilidləndi, uddum şirin sözümü,

Zərxanım, hardan aldın bu gücü, bu dözümü?

Səni sərməst edən yer

                        çoxdan haqqa qovuşdu.

 

Bu necə yuxu idi?

Ruhumun oxu idi!

Yaralanmış canımı,

Qınayır çoxu indi.

 

Bahar nəğməsi

Xəfif külək əsir, çəmən titrəyir,

Duman dərələrə baş alıb gedir.

Yamaclar bürünüb tül yorğanına,

Qışın sərt damarı boşalıb gedir.

 

Sağır gözlərinin yaşını bulud,

Ələnir torpağın soyuq köksünə.

Cücərir qəlbində bir çınqı ümid,

Buxar örtüyünü sərir üstümə.

 

Qaynayır kəhrizdə büllur bulaqlar,

Dəlir sərt bağrını qayanın, daşın,

Şəhdini sovurur təşnə dodaqlar,

Cırır buz donunu şaxtalı qışın.

 

Təbiət canlanır durur qarşımda,

Hardansa gətirir meh gül ətrini.

Bülbül duyuq düşüb, sevda başında,

Açır gül eşqiylə qanad çətrini.

 

Ağaclar silkinib bu an oyanır,

Gülür tumurcuqlar xumar gözüylə.

Aləm başdan-başa əlvan boyanır,

Vüsala qovuşur çiçək tozuyla.

 

Mən baharda doğuldum,

Gül şehiylə yoğruldum,

Yazdım bahar şeirimi,

Misra-misra yığıldım.

***

Döymə mətləb daşını, diksinib, dinlər oyanar,

Lərzəyə gələr aləm, sirli düyünlər oyanar.

 

Hər kəsin öz imamı, öz inancı, öz ruhu var,

Köksünün altda yatan mürgülü genlər oyanar.

 

Toxunma sarı simə, qoparma qaysaq yaramı,

Külündən köz alışar, yanğıdan inlər, oyanar.

 

Haqsızın zülmü kəsər ədalətin qan damarın,

Canlarda qəzəb coşar, ruhlarda kinlər oyanar.

 

Milyon ildir yol gəlir, mənzilə çatmır karvanım,

Hər gecə ağır yatır, hər səhər minlər oyanır.

 

Zərxanım, dərd yükünü asta çək ömür yoluna,

Dinlə, ruhun səsini, sevdalı günlər oyanır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!