1926-cı ilin qışı... 27 yaşlı gənc yazıçı pəncərənin sağında; naxışlı, üstündə qəribə Şərq ornamentlərinə bənzəyən süfrə salınmış masa üzərindəki çap maşınında xatirələrini diriltməklə məşğuldur.
Siqareti yeni tərgitdiyinə görə yazmağa fasilə verəndə siqaretə öyrəşmiş barmaqları dinc dayanmır, özünə nəsə yeni məşğuliyyət tapmaq istəyir.
Gənc yazıçının həm barmaqlarına, həm də dodaqlarına rəhmi gəldiyi üçün, bayaq dəmlədiyi yaşıl çayı üstündə Peterburq körpüsünün şəkli olan, qulpunun rəngi getdikcə solğunlaşan fincana süzüb pəncərənin önünə keçir.
Ağır-ağır yağan qar Berlinin boş və sakit küçələrini təslim bayrağına bürüyür. O, bu mənzərəyə baxa-baxa öz uşaqlığını, qışa və qara daha çox sahibkarlıq hissi bəxş edən Rusiyasını düşünür. Bu fikirlərlə yenidən yazı masasına keçərək yarımçıq qaldığı yazının davamını işləyir.
İllər sonra həmin yazıçı dünya şöhrətli Vladimir Nabokov olacaq və onun bu sakit, xatirə qoxulu qış gecələrində yazdığı ilk romanı "Maşenka" doxsan bir il sonra Bakının isti, bürkülü yay axşamında oxunacaq, seviləcək və haqqında bir neçə gün sonra kövrək yazı yazılacaq...
Mühacir kəpənək
Rus ədəbiyyatının dünyaya bəxş elədiyi böyük yazıçı Vladimir Nabokovun yaradıcılığı, xüsusilə yuxarda qeyd elədiyimiz "Maşenka" romanı haqda söz açmazdan əvvəl ədibin həyat yoluna qısa ekskurs təşkil edək ki, əsərlərindəki mühacirət qoxusu, xatirələr dünyası, ölülər adası bizim üçün daha diri, daha aydın olsun.
Vladimir Nabokovun uşaqlığı zadəgan ailədə dünyaya göz açdığı Sankt-Peterburq şəhərində keçmişdir. İnqilab vaxtı ailəsi doğma şəhərdən Krıma, Krımdan daha sonra birdəfəlik Rusiyadan Almaniyaya köçür. Bununla da Vladimirin mühacirət həyatı başlayır. Bu mühacirət onun həyatında ilk və son olmur. Berlində məskunlaşan yazıçı faşistlərin hakimiyyətə gəlişindən sonra 1940-cı ildə ABŞ-a köçür. Bütün köçlər, Nabokovun yaradıcığına öz təsirini göstərir. Sanki taleyin fatal oyunu yazıçı ömrünü bu get-gəllərə qəsdən məhkum edir. Ömrünü yurdsuz yaşamış yazıçı 1977-ci ildə İsveçrənin Möntryö şəhərindəki "Palas-hotel"də dünyasını dəyişir.
Vladimir Nabokov həmin böyük yazarlardandır ki, onun haqqında sadəcə nədən başlamalı olduğunu tapmaqda çətinlik çəkirsən; sözün özünü hər şeydən yüksəkdə tutan dahi estet olduğundan; təhkiyəsinin heyrətamiz şəkildə gözəl təşbehlərlə, metaforalarla zəginliyindən; yazıçı dilinin birmənalı şəkildə gözəlliyindən; ya da sadəcə böyük nasir istedadının ortaya qoyduğu möhtəşəm əsərlərdən... bəlkə elə yaradıcılığının substansiyası olan "Maşenka"dan...
Qərib ölkədə rəngli kölgələr
"Maşenka" yazıçının yazdığı ilk bədii romanıdır. Nabokovşünasların fikrincə ədibin bütün əsərləri elə məhz "Maşenka"nın modeli əsasında yazılıb. Mən də bu fikirlə razıyam. Sevimli yazıçım olan Nabokovun bir neçə romanını ilk əsərindən əvvəl oxumuşdum, ancaq "Maşenka"yla tanış olandan sonra doğrudan da bunu sezmək olur. Məsəlçün, gözəl dil ilə yazılan "Maşenka" romanında Maşenka obrazının Nabokuvun məhşur "Lolita"sını xatırlatdığını; daha doğrusu, qızın təsvirlərindəki estetizmin hər iki obraza bənzərlik verdiyini; "Maşenka"dakı Qanin obrazının xatirələrinin "Lujin müdafiəsi" romanındakı Lujinin xatirələrinə bənzəməsi "Maşenka"nın digər romanlar üçün istinadgah nöqtəsi olduğunu deyə bilərik.
Romanın qəhrəmanı Qanin Berlin şəhərindəki rus pansionatında qalır. Hal-hazırda işləmir. Lyudmila adında sevgilisi var. Daha doğrusu, Qanin Lyudmilaya əvvəlki kimi bağlı deyil, hətta qadının ətrinin qoxusu belə artıq onu əsəbiləşdirir. O, cidd-cəhdlə ayrılmaq haqda düşünür, lakin bunu deməyə cəsarəti çatmır. Ona görə yox ki, o, Lyudmiladan qorxur, sadəcə, onu dəlicəsinə sevən qıza ayrılıq haqda deməyə ürəyi gəlmir. Amma bir gün bunu edir... özü də çox qəddarcasına... Qaninin bir anın içində bu cür dəyişməsinin səbəblərini aydınlaşdırmaq üçün, gərək onun qaldığı pansionat və onun sakinləri haqqında ətraflı danışaq.
Qanin qaldığı pansionatda ancaq vətəndən ayrı düşmüş, tənhalaşmış mühacir ruslar yaşayır. Bu həmin ruslardı ki, onların hər birinin xəyalında keçmiş və təmiz Rusiya mövcuddur.
Pansionatın, xüsusilə Qaninin qaldığı otağın pəncərəsindən qatar relsləri görünür. Gecələr qatarlar ordan səs-küylə keçib uzaqlara gedirlər. Təbii ki, qərib ölkədə yaşayan adamlar üçün hər gecə uzaqlara gedən qatar səsini eşitmək insanın içində kəmşirin kədər hissi yaradır ki, usta yazıçı romanda bundan məharətlə istifadə edə bilib.
Pansionatda qalan adamlar əslində canlı varlıqdan daha çox, kölgələrdir. Çoxdan unudulmuş, tərk edilmiş, tənhalaşmış qara kölgələr başqa heç nə...
Pansionatın rəhbəri Lidiya Nikolayevna, riyaziyyatçı Alfyorov, Qanini sevən Klara, keçmiş məhşur şair Podtyagin, iki rəqqas mavi Hornosvetov və Kolin və xatirələrdən yapışan Qanin itirilmiş kölgələrdi.
Roman Qaninlə Alfyorovun liftdə qalması və Alfyorovun xarakterinin açılmasıyla başlayır, Belə ki, riyaziyyatçı Alfyorov bir az da səfeh, həmişə harda gəldi Rusiyada yaşayan arvadından danışan obrazdır. O, Qaninin adını hər dəfə səhv deyir. Yazıçı əslində bu gedişlə Qaninin həyatının mənasızlığına işarə edir.
Pansionatda qalan sakinlərdən biri də Klaradır. Klara tənha yaşayan qızdır. O da həmin kölgələrdən biridir. Otağının divarında Arnold Böklinin "Ölülər adası" əsərinin surəti asılıb. Bu da Klaranın və pansioanatın sakinlərinin "cansız varlıqlar" olduğuna yazıçının "səssiz salamıdır". Klara Qaninin sevgilisi Lyudmilanın rəfiqəsidir, ancaq ürəyində bu sirli və yorğun görkəmli Qaninə sevgi bəsləyir. Qanin Lyudmiladan ayrılandan sonra fikirləşir ki, Qanin məhz onu sevir. Hətta bu haqda yaşlı şair Podyaginə də deyir. Amma bizim Qaninin vəziyyəti bir az başqadır...
Romanda mənim üçün ən kədərli obraz olan yaşlı şair Podtyagin Rusiya eşqiylə yaşayan, keçmiş açıqçalarda şeirləri yazılan, indi isə qərib ölkədə yaşayan qoca rus kişidir. Ürəkgetmədən əziyyət çəkən Podtyagin bəzən həyata pessimist nəzərlərlə baxsa da, hələ də nələrəsə ümidi var.
Berlindən Parisə getmək üçün ona pasport lazımdır. O, hər gün sənədlərini qaydaya salmaq üçün idarəyə getsə də, ya orda dalaşır, ya növbədə dayanır, ya sənəddə problem olur. Sanki yazıçı bununla həyatı çıxılmazlıqla dolu olan insan üçün yeganə çıxış yolunun elə çıxılmazlıq olduğunu göstərir. Yazıçının Podtyaginlə bağlı ən qəddar oyunu isə tamam başqa cür olur. Bu haqda Qaninin Lyudmiladan ayrılması və bunun səbəbləri haqda söz açandan sonra qayıdarıq.
Qanin öz otağında fikirli halda uzanan vaxt onunla qonşu olan Alfyorovun zümzüməsi ona mane olur. Qanin dözməyib onun otağının qapısını döyür. Alfoyorov təbəssümlə qonşusunu otağına dəvət edir, Qaninin deyinməsi sanki onun vecinə də olmur. Alfyorov deyir, çox sevincliyəm, arvadım gəlir. Qanin qarşısındakı boşboğaz adamın dediklərinə fikir vermir. Ta ki, riyaziyyatçı qonşusu təkidlə öz arvadının şəklini ona göstərənə qədər...
Qanin Alfoyorovun otağından çıxıb öz "yuva"na qayıdan kimi otağın küncündəki köhnə əşyalarını eşələyir, qara portmanatın içindən düşən xatirə məktublarını oxuyur...
Qanin artıq əvvəlki adam deyil. Alfyorovun göstərdiyi şəkil onun içində mürgüləyən xatirələri bir anın içində oyadıb. Çünki, Alfyorovun şəkildəki arvadı Qaninin keçmiş sevgilisi Maşenkadır!
Kölgələrin yerdəyişməsi və ya sehrbaz yazıçı
Qanin daha əvvəlki adam deyil; necə ki əvvəlki adam da indiki Qanin deyil... Qanin ilk sevgisi olan Maşenkaya yazdığı məktubları, qızın ona yazdığı cavabları oxuya-oxuya keçmiş zamana yuvarlanır. Xatirə dolu cümlələr onu keçmişə, uzaq Peterburqa yola salır.
Cümlələrlə sehrbazlıq edən yazıçının ən uğurlu fokslarından biri də bu məqamlarda başlayır. Yazıçı rəngsiz kölgələri, yurdsuz adamları, Qaninin indiki, xatirələrdən uzaq düşmüş, uzaqlara gedən qatar səsiylə yatmağa öyrəşən vəziyyətindən sonra əsərdə ikinci bir dünya yaradır. Bu dünyada zərrə qədər əzab yoxdur. Bu dünyanın kədəri də şirindir. Bununla da yazıçı əsərdə ədəbi kontrast yaradır. Qaninin xatirələri dirilir, canlanır. Əsər iki hissəyə bölünür; indiki pansionat həyatı; keçmiş xatirələr dünyası...
Yazıçı Qaninin keçmişini; velosipedlə gəzməyə çıxan uşağı; qızlarla parkdakı çardaqda tufanın sovuşmasını gözləyən Maşenkayla Qaninin ilk tanışlığını; onların qatarların yanındakı ilk sevişməsini; görüşdən sonrakı ayrılığın gətirdiyi şirin kədəri; yeni görüşün verdiyi qəhvəyi həyəcanı elə incəliklə təsvir edir ki, məndə belə təəssürat yaranırdı sanki qarda yeriyən adam bunu elə zərifliklə edir ki, qar üstündə ayaq izləri qalmır...
Nabokovun Qaninin keçmişini bu qədər həssaslıqla yazması, onun böyük yazıçı istedadıyla yanaşı, həm də özünün keçmişinə, uşaqlığına, gəncliyinə, Rusiyasına olan həsrətinin ifadəsidir.
Yay bitəndən sonra Qaninlə Maşenka Peterburqun qışında görüşdülər. Yazıçı sanki əsəri iki hissəyə - keçmiş və indiki dövrə bölməklə bərabər Qaninin gənclik dönəmini də iki hissəyə bölür; Maşenkayla olan yay görüşləri və qış görüşləri. Və bunların hər birini nəfis şəkildə insanın iliklərinə işləyən cümlələrlə düzəldir. Hə, yazmır; düzəldir. Sanki heykəltəraş kimi sözləri yonur, rəndələyir, düzəldir.
Sənətdə yanaşma da məhz belədir. Bəzi yazarlar (hansı ki, Nabokovun sevmədiyi Dostoyevski xətti) öz ağrılarını, gördüklərini, xırda məişət problemlərini yazaraq özlərini sakitləşdirirlər. Nabokov kimi estet yazıçılar üçünsə ədəbiyyat ağrının üstünə getməkdən çox ondan qaçmaqdır. Yəni sözün gözəlliyi, təhkiyənin orijinallığı yazıçının öz dərdini, ağrısını unutduran antidepressantdır. Bir dəfə bu haqda müəllimim, yazıçı İlqar Fəhmiylə danışırdıq, Söhbət məhz ağrıdan, "qaçmaq yoxsa üstünə getmək"dən düşəndə elə Nabokovdan misal çəkdi: "Nabokov Lolitanın bədənini təsvir eləməklə nə qədər ağrısından qaçıb kim bilir".
Arada mənə elə gəlir ki, məişət məsələlərinin içində qurdalanan yazıçı təxəyyül qıtlığından əziyyət çəkir. Nə qədər böyük yazıçı olsa da, ancaq ətrafındakı hadisələrin içində eşələnirsə, deməli fantaziyası güclü deyil. Nabokov mənimçün ona görə böyük yazıçıdır ki, onun üçün ədəbiyyat, yazdıqları xırda, məişət səviyyəsində deyil. Onun əsərləri yüksək estetizmin, rəngarəng təxəyyülün məhsuludur.
Bu zaman ortaya başqa bir məqam çıxır. Yazıçının keçmişi, yaşadıqları, uşaqlığı. Yəni əgər bir yazıçı gözünü açıb ancaq kasıblıq, ailə-məişət problemləri görübsə, təbii ki, bu onun yaradıcılığında da öz əksini tapacaq. Bu zaman Nabokovun zadəgan ailəsində dünyaya göz açdığı, çox varlı ailədə böyüdüyünü misal çəkmək olar. Tamamilə doğrudur. Sözsüz ki, bunların yazıçının əsərlərinə təsiri var. Amma bir incə məsələ çıxır ortaya ki, buna fikir vermək lazımdır. Nabokovun mühacir həyatı başlayanda artıq o çox kasıb idi. Yəni məişət problemləri onu sıxırdı, ancaq yazıçı heç vaxt bu mövzuları ədəbiyyatına demək olar ki, gətirmədi. Onun üçün sözün özü hər şeydən üstün idi...
Qaninin oyanışı, kəpənəyin yuxusu
Uzun ayrılıqdan sonra Qanin öz Maşenkasını tapır. Ona çox təəccüblü gəlir ki, Maşenka bu səfeh Alfyorova necə ərə gedib. Qanin sanki öz həyatını geri qaytarmaq istəyir. Bunun üçün isə hərəkətə keçmək lazımdır. O da belə edir. Həmin gün Lyudmilanın evinə gedib onu sevmədiyini, həyatında başqa bir qadın olduğunu deyir. Pansionata qayıdandan sonra Alfyorovun otağına gizli girib siyirtmədən Maşenkanın şəklini götürür, hətta bu vaxt Klara da qapının açıq qaldığını görüb otağa daxil olur. Qanini siyirtmədən nəsə götürən vaxt görən Klaranın gözündə Qanin oğruya çevrilir. Amma bu Qaninin vecinə də deyil. Heç Klara da ona nifrət edə bilmir. Sanki o oğru görkəmiylə də Klaranın xoşuna gəlir.
Qanin çox sevinclidir. Maşenkanın şəklinə baxır, xatirələrə dalır... hətta artıq həyat yolunu da müəyyənləşidirb panisonatdan ayrılmaq, Maşenkanı da götürüb uzaqlara getmək. Bunun üçünsə Maşenkanın gəlişini gözləmək lazımdır. Qanin həmin günün həyəcanını gözləyə-gözləyə Podtyaginin də işinə yaramağa çalışır. Sanki öz içində həyat sevgisi yaranan adam başqalarına da kömək edə bilər. O, yaşlı rus şairin pasportunu almasına kömək etmək üçün onunla birgə idarəyə gedir. Podtyagin pasprotunun alınmasına hədsiz sevinir. Elə hey deyir ki, burdan Parisə gedəcəm. Ancaq taleyin qəddar oyunu (yazıçının soyuq qəddarlığı) Podtyagini yenə çarəsiziliyə məhkum edir. Belə ki, onun pasportu avtobusda qalır.
Rəqqas cütlük Hornosvetov və Kolin Klaranın ad günü, Qaninin pansionatdan ayrılması və sabah Alfyorovun arvadının gəlişi münasibətilə yığıncaq təşkil edirlər. Hər kəs yeyib-içir, əylənir. Alfyorov çox xoşbəxtdir, çünki sabah onun mələyi, arvadı, Maşenkası gələcək. Qanin onun üçün içki süzür, məqsədli şəkildə onu piyan etməyə çalışır. Məclisin ortasında artıq Alfyorov tamamilə sərxoş olur. Podtyaginin ürəyi tutur, onu otağına aparırlar. Podtyagin Qaninə baxıb son sözünü pıçıldayır: "Budur, pasportsuz" onun dodaqlarından xəfif gülüş yaranır və sönür.
Səhərə az qalıb. Qanin pansionatın yeməkxanasında yatıb qalan Alfyorovun saatlarını arxaya çəkib, ordan gedir. Klarayla rastlaşan Qanin onunla sağollaşır. Klara onun ardınca baxıb qəfildən hönkürür.
Qanin vağzalda Maşenkanı gözləyir. Bir azdan o gələcək və Qanin xoşbəxt olacaq. Qanin göy üzünə, dəlmə-deşik dam örtüyünə baxaraq birdən-birə aydın şəkildə hiss elədi ki, Maşenkayla olan eşq macərası bitmişdir. Qanin bir anın içində anladı ki, o yeni həyata hazır deyil. O, sadəcə kölgədir. Qatarsa gəlirdi... Qanin başa düşdü ki, hər şey xatirələrdə qalsa yaxşıdır. Qatar yaxınlaşırdı... Qanin fəhm elədi ki, keçmişi xatırlamaq olar, amma toxunmaq yox... Qatar vağzala çatırdı. Qanin dərk elədi ki, keçmişdə gözəl olan şeyləri korlamaq olmaz, ya da bu mümkün deyil... qatar gəlib çatdı...
Qanin ordan uzaqlaşıb başqa vağzala getdi, ordan da Almaniyanın cənub-qərb istiqamətinə yola düşəcək qatarı seçdi, varidatının dörddə birini verib bilet aldı və ləzzətlə heç bir viza olmadan sərhədi keçib Fransaya, Provansa, oradan isə dəniz qırağındakı şəhərlərdən birinə gedəcəyi barədə düşündü...
Vladimir Nabokov öz Rusiyasına qayıtmaq istəmədi. Çünki xatirələrində daha gözəli mövcud idi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!