Bədii mətnlərdə bəzən dil unudulmuş, yaddan çıxmış məkanı canlandırmaq, yenidən yaratmaq işinə xidmət edir. Hər hansı ad çəkilən kimi göz önündən səciyyəvi mənzərələr keçir, atalar sözü və məsəllər mətndə həm də ilk dəfə işlədildikdə yaratdıqları təsəvvürün hərəkət forması ilə birlikdə işlədilir. "Heydərbabaya salam" dastanında olduğu kimi. Vizuallıq məhz təkidlə yada salınan nəsnənin son işartısı səhnədən çəkildiyi an aktuallaşır. Keçmiş indiləşdirilir, səhnələşdirilir, dağların o üzündə axan çayın şırıltısı eşidilir.
Sevgi şeirlərində hər hansı anlayışın, sözün semantikasından "ayrılan" bircə cəhət ("əşyayi-dəlil"-!) o qədər dərindən fəhm edilir ki, onları qavrama sərhədi ixtiyariləşir, sən onları həm aydınca görür, hiss edir, həm də konturlarını gözünə yığa bilmədiyini dərk edirsən. Xəyalla gerçəkliyin sərhədi qarışanda təsvirdə yalnız bir yeganə cəhət vizuallaşır və bütün mənzərənin başqa şəkildə görünməsini şərtləndirir. Demək, gerçəkliyin təsvirinin hansısa təsadüfi bir cəhəti olur ki, onu həm əvəz edir, həm də danır, başqa formada görüntülənməsini şərtləndirir. Məsələn:
Ey hicran gecəsi, səndə mənim gözümə
bir an da yuxu getmədi,
Mənim yuxulu bəxtimə bu qədər
laylay çalmaq niyə?
Bu hadisə həm gerçəklikdə, həm də həmin o "səhnələşdirilən keçmişdə" baş verir, sonsuza qədər xəyal gerçəkliyə və əksinə çevrilir, hərəkət bir an belə dayansa, dünya dağılar, yer-yerindən oynar, insan həyatına hava və su kimi lazım olan epizodlar aşkarlanmaz...
Bu məqam, bədii mətndə vizuallığı gerçəkləşdirən cəhətlərin olması, onların bir-birinə tənasübü zənnimizcə, önəmli məsələlərdəndir. Sözün, obrazın vizuallığı mətndə bir çox üsulların işlədilməsi ilə bağlıdır. Məsələn, denotasiya və konnotasiya (yəni, bildirmə, göstərmə və mətnaltı, mənanın, rəngin, çaların gizlədilməsi). Oxucu üçün yeni mənaların yaradılmsı çox qısa bir mətndə belə "ən uzun yol" qət edir, ancaq bunu təxmini olsa belə, ölçmək qeyri-mümkündür. Biz yalnız sözün arxasındakı, yaxud dərinliyindəki əşyaların sürətlə göz önündən keçirilib görükdürülməsinə işarə edə bilərik. Şəhriyar haqqında Nima Yusiçin dəyərləndirməsi xarakterikdir: "Poeziya aləmində elə dəruni şeylər var ki, bunu mən bilirəm, bir də Şəhriyar…" Yəni, biz bunları yalnız yazı prosesində duyur, hiss edir, sonra unuduruq…
Bu məqsədlə üç poetik mətn seçdik, hər üçü necə deyərlər, gerçəkliyin o tayından gələn, eşidilən səsi tutmaqla, bu səsi başdan-ayağa görünən obraza çevriməklə səciyyələnir. Sonuncudan başlayaq.
Alik Əlioğlunun oxucular arasında sevilən "Yad şəhərdə" parçası "arzular və onların gətirdiyi fəlakətlər" kontekstini qabardır, onu mənalandırır, münasib məna çərçivəsindən çıxarıb başqa poetik parçalarla daxili bağlılıq yaratmaq səfərinə çıxır. Necə?
Şeirin ilk fraqmentlərində ("səfər görüntüləri") arzu, xəyal etmənin acı aqibəti heyrətləndirmək naminə yox, sadəcə, fakt kimi verilir.
Səhərlər durub tanımadığımız
Bir şəhərin dar küçələrini süpürürük,
zibilini daşıyırıq.
Gecələr
Oyanıb dərisini gün yandırmış
Qıvrım codsaçlı yetim uşaqlara
Ən xoşbəxt şahzadənin nağılını danışırıq...
Kimsə gəlməlidir.
Günlər uzanır və heç kəs gəlmir.
Bu fraqmentdə "... gecələr oyanıb" - deyimini diqqətdə saxlayaq. Tanımadığımız yad şəhərin dar küçələrini süpürüb, zibilini daşıyıb yorğun qollarımız üstündə yatır, fikrə gedir, xəyal edirik. Bu yorğun gecələrin mütləq yuxudan diksinməyi olur, çünki bu şəhəri tanımayan insanlar üçün gecələr səksəkəli keçir. Hanı o həyat ki, biz onu yaşamaqla itirdik?! // hanı o müdriklik ki.../ Tomas Sternz Eliotun bu misrası lap yerinə düşür. Həyatı duyana, əsl mənasını anlayana qədər biz onu israf etməli, son damcının düşdüyü yerdə, yəni, uçurumun ağzında olmalıyıq. Qıvrım codsaçlı yetim uşaqlara ən xoşbəxt şahzadənin nağılını danışmaq artıq ümidsizliyin həqiqətə çevrildiyi məqamdır, yəni, sən hər şeydən əlini üzüb sözlə, nəfəslə nəyisə çağırmağa, çağırıb da diriltməyə cəhd edirsən. Və bilirsən ki, olmayacaq...
Ardı daha dəhşətlıidir.
Görürsən ki,
İllər öncə qulağını qatar relsinə dirəyib
Qatarın səsini dinləməklə
Uzaqlar arzusunda yaşadığınçün
Səni gətirib uzaqlara atıblar...
Görürsən ki, yiyəsizsən...
Bu parçada "uzaq" sözünün vizuallaşması, boy verib görünməsi, arzuların puç olması, mənanın (aqibətin-!) qatar relsləri kimi paralelləşməsi (... uzaqlar aruzusunda olduğunçün səni gətirib uzaqlara atıblar...) şeirin arxitektonikasında məna vektorlarının bir-birinə yaxınlaşıb-uzaqlaşması hərəkəti ilə müvazidir. Bu hərəkət, həm də virtual şəkildə əyaniləşən hərəkət yuxarıdakı parçada da və ümumən bütün mətndə görünən nəsnədir. Qıvrım codsaçlı uşaqlara ən xoşbəxt şahzadənin nağılını danışmaq həsrətdən, möhnət və nisgildən gözəl sabaha gedən yolun həm də özünə sıxılmasını şərtləndirir.
Bədii mətnlərdə təxəyyüllə qurulan oyunlar bəzən elə həddə çatır ki, təsvirin bir məqamında qəribə hadisə baş verir: kimin əsər, kimin yaradıcı olması sona qədər anlaşılmır. Bunu necə izah etmək olar?
Şeirdə bəzən hər hansı (yeganə-!) real faktdan yapışıb təxəyyülə oyunlar qurulur. Şəhriyarın "Mövlanə Şəms Təbrizinin xanəgahında" şeirində olduğu kimi. Bu üslubi priyomun mənası nədir? Yəqin belədir: dünyanın hər hansı, olsun ki, tanıdığımız yerində elə şeylər var ki, sözə sığmır, dilə yatmır, onları ifadə etmək mümkünsüzdür, şeir bu nəsnənin ruh formasıdır. "Ruhların görüşü" janrının fəlsəfi yozumu qismən budur. Bunu xülasə edib qısa izah vermək üçün şərqşünas Məsiağa Məhəmmədinin "Şəhriyarın çağlayan ilhamının möcüzəsi" məqaləsinə diqqət edək. Bu məqalə Şəhriyarın "Mövlana Şəms Təbrizinin xanagahında" şeirinə həsr edilib. Şəhriyar bu şeiri Mövlananın yubileyi ərəfəsində qələmə alıb. Müəllif bu məqalədə Şəhriyarın şeirini hansı baxımdan dəyərləndirir? Əvvəla, şeir Şərq ədəbiyyatı üçün səciyyəvi olan "Ruhların görüşü" janrında yazılıb. Bu bir üslubu priyomdur, yuxarıda vurğuladığımız kimi, hər hansı real faktdan yapışıb, təxəyyüllə qurulan oyunda fikirlərini izhar etmək! Şəhriyar da belə edir. Motiv belədir. Bir halda ki, Mövlanə ruhu səyahətə başlamışdır, demək o, Şəmslə görüşmək üçün Təbrizə gəlməlidir. Bu faktdan yapışan şair Şəmsin Təbrizdəki xanagahına Şərqin bütün fiilosof və şairlərini cəm edir. Hər birinin yaradıcılığını qiymətləndirir. Bu şeirdə Mövlanaya qiymət hər hansı elmi tədqiqatdan daha dəqiq və tutarlıdır.
Bu "Məsnəvi" yaradılış kitabı olduğundan
Köhnə onda bir an içində yeniləşir.
Hissəcik ilə tamı bir-birinə qovuşdurub
Yaradılış kimi bir məşhər meydana gətirib.
Daha sonra:
Onun hər sözü mübtədanın
neçə-neçə xəbəridir…
Üstəlik özü də neçə-neçə sonun başlanğıcıdır...
Misal çəkdiyimiz şeirdə ("Yad şəhərdə") bir-birinə daban-dabana zidd olan anlayışlardakı "paralelliklər"də (şirin xəyal və acı aqibət...) real fakt deyək ki, qulağını qatar relsinə dirəyib dinləməkdir. Kimsə gəlmir və üstəlik yiyəsizsən. Bir anlayışın yanındaca onun əksinin yaşaması artıq dünyanın bir nöqtə ucuna sıxılması effektini yaradır. Yəni, dünya boşaldıqca daralır, adamlar çoxaldıqca seyrəkləşir, itik düşür, yoxa çıxır və sair. Hər şey, ağacların yarpaqlarında xatirə kimi qalan quş civiltisi, bu ağacın gövdəsinə "sevirəm" kəlməsini yazan adamın kölgəsi, bütün canlılar - itlər, pişiklər bir-bir yoxa çıxır, qeybə çəkilir, ölür.
Görürsən ki, bu amansız məhəllədə
Günbəgün itlər də yoxa çıxır,
Pişiklər də...
Bilmirsən öldürürlər, ya azdırırlar...
Və sən
Bilmirsən hönkürüb ağlayasan
Ya sadəcə kədərlənəsən...
Elə bir doğma adam gəlməlidir ki,
Onu öpmək yox, qoxlamaq istəyəsən.
Yanında olduğuna əmin olmaq üçün
əlini üzünə qoyub yoxlamaq istəyəsən...
Günlər uzanır, heç kəs gəlmir...
Və sən bir-bir ölürsən...
Hər şeyi, əslində bu gerçəklikdə bir-birindən çox uzaqlarda yaşayan nəsnələri bir yerə yığıb onların "axırına çıxmaq" şeirin nəfəs və ritminin necəliyinə işarədir. İlk parça və fraqmentlərdə ritm ləngdir, arzu edilən, həsrətlə gözlənilən şeyin çağrılması, virtual şəkildə obraz libasında yaradılması ritm daixilində sürəkliliyi də istisna etmir. Gözləmək, özü də min illik həsrətlə gözləmək nəfəsini içinə çəkməyə bərabərdir, amma bir qırıq səs gələrsə, uzaqlara çəkilən yay çox sürətlə geri qayıdar və belədə sintaksis mətnin çərçivəsindən çölə daşdanar. Bu baş verərsə, dünyanın bütün olar-olmazları baş-başa, nəfəs-nəfəsə dayanar və şeir "səssiz formaya" çevrilər, yəni bitdikdən sonra davam edər. Ancaq özü köçüb həsrəti, möhnəti dünyada qalan adam üçün "qrammatikanın darvazası bağlanır" (Çeslav Miloş), o nisgil və möhnət qəlbin yanğısı, bütün mahiyyəti olduğu üçün insan bu həsrətin son dayanacağına qədər diri qalır. Uzaqdan bir laləli tala görünür, əl uzatsan çatar, amma ora getmək və çatmaq sadəcə mümkün deyildir, sən sadəcə seyr edə bilərsən.
Nazim Hikmətin Səməd Vurğuna, daha doğrusu, onun ölümünə həsr etdiyi şeirdə bu ovqat qabarıqdır. Şeir, poetik mətn əslində, gerçəklikdə olan, ancaq onun hər təsadüfdə üzə çıxmayan nüanslarını belə deyək, "işıqla kölgənin kəsişmə anında" üzə çıxarır, bu əsl xassələri gözümüz önündə canlandırır və nəticədə biz dünyanın sınırlarının sabit olmadığını bütün varlığımızla duyuruq. Bu baş verdikdə insan hissləri dəyişir, o, öz daxilində təbəddülatlar yaşayır, bildiklərinin puç olması qənaətinə gəlir. Yaşamaq məna kəşf etməkdir, dünya və gerçəkliyi bu mənalarla atlatmaqdır, aşmaqdır. Nazim Hikmətin ölümlə bağlı şeirlərində həmişə bu qəribə ovqat yaşanır, həyatın ölümə çathaçatda ələ keçən bir fraqmenti (yenə də "əşyayi-dəlil"-!) onu büsbütün əvəz edir, dəyişdirir, son anda son imkan kimi həyatın əslində başqa şey olduğunu nəzərə çarpdırır, ancaq necə deyərlər qatar keçib getmişdir… Hər bir anın, həyati detalın altındakı "xarabazarı" bir işarəylə bütün nüansları ilə göstərilir. Belədə, yəni, hər şey unutqanlıq nəhrində boğularkən dil unudulmuş bir məmləkət kimi yaradılır. Qurumuş bulaqlar min il əvvəl aldığı nəfəsi dərib zümzümə edir, həm də içində dustaq etdiyi möhnət və nisgili. "İkinci cəhddə" gerçəkliyin həm özü, həm də astarı yan-yana qoyulur, onlar bir-birinə keçir, transformasiya olunur, dolaşıq düşür, şeir gerçəkliklə ölümün düyün düşdüyü yerin səsiylə danışır.
Nəhayət, şəhərinə gələ bildim,
Amma gec qaldım, Səməd.
Görüşə bilmədik,
Bir ölüm boyu gec qaldım.
Maqnitofondakı səsini
Dinləmək istəmədim, Səməd.
Ölülərin büsbütün ölmədən
Rəsmlərinə baxa bilmirəm.
Amma gün gələcək,
Səni də səndən büsbütün ayıracağam, Səməd.
Əziz xatirələr dünyasına girəcəksən.
Məzarına çiçəklər də qoya biləcəm
Gözüm yaşarmadan.
Sonra gün gələcək
Sənin başına gələn iş
Mənim də başıma gələcək, Səməd.
Səs, rəsm, obraz… yoxa çıxır, onların ən kiçik qırıntılarından yeni gerçəklik yaradılır. Ölmüş, dünyadan köçmüş dostumuzun, sevgilinin yolunu həmin o bağlanmış darvaza önündə gözləyirik. Başqa heç nə.
Sözə Şəhriyarla başladığımız kimi, yuxarıdakı fikirlərlə səsləşdiyinə görə, onunla da bitirmək istəyirik.
Gəlmisən, canım sənə qurban, amma indi niyə?
Ey vəfasız, mən axı əldən düşmüşəm, indi niyə?
Nuşdarusan, amma Söhrabın ölümündən
sonra gəlmisən,
Ey daşürəkli, bunu bir az tez istəyəydin,
indi niyə?
Bizim ömrümüzün sənin bu gün-sabahın
qədər möhləti yoxdur,
Mən axı bu günlük sənin qonağınam,
sabah niyə?
Ey nazənin, biz sənin nazınla
cavanlığı əldən vermişik,
İndi daha cavanlara naz elə, bizə niyə?
Ömürlər bu qədər qısa və etibarsız olduğu halda
Mənim kimi bir vurğundan bu qədər
xəbərsizlik niyə?
Mən Fərhadın şövqüyəm, sual verib
başımı aşağı salmışam,
Ey şirin dodaqlı, başını dik tutub
acı cavab vermək niyə?
Ey hicran gecəsi, səndə mənim gözümə
bir an da yuxu getmədi,
Mənim yuxulu bəxtimə bu qədər
laylay çalmaq niyə?
Asiman gözləyənləri bu qədər
pərişan etdiyi halda,
Heyrətlənirəm ki, dünya dağılmır niyə?
Ey kədərli könlün bülbülü, gülün
ayrılıq payızında
Vəfadarlığın şərti sükutdur,
hay-küy salmaq niyə?
Ey Şəhriyar, sən sevgilin olmadan
səfər etməzdin,
Bu səfər qiyamət yolunu tənha gedirsən, niyə?
Tərcümə Məsiağa Məhəmmədinindir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!