Sevgidən yoğrulmuş poeziya - Baba Babayev

 

Bütün yaradıcılığı boyunca mürəkkəb evolyusiya yolu keçən Fikrət Qoca poeziyasının dəyişməz xüsusiyyəti universallıqdır: şəxsi təcrübəni ictimai və ümumbəşəri dəyərlərlə birləşdirməyi bacaran şairin unikallığı iti məntiqlə emosionallığı bir arada təqdim etməsi, ağıl və qəlb poeziyasını uğurla ümumiləşdirməsidir.

O, həyatın bütün "xırdalıq"larından bəhs edib, bütün "kiçik adamlar"dan yazıb və yazdıqlarının hamısını "bir dam altda" toplasaq, bu böyük mətn ən vacib məsələ - həyat haqqında böyük bir epopeya kimi oxunur. Onun poeziyasında həyat - sevgisi, nifrəti, yaşamı, ölümü, fərəhi, ikrahı, duası, küfrü, ümidi, ziddiyyətləri ilə birgə hərtərəfli əksini tapır. Fikrət Qocanın lirikasında ən təsadüfi görünən detal belə,  əhəmiyyətli olana aparan yoldur, istiqamətdir. Şair tənha yolçudur və şeir onun gözünün aynasında bircə damla kimi əks olunan bütün dünyadır.

Onun bütün yaradıcılığı üçün xarakterik olan cəhət insan axtarışıdır: şair - insan, vətəndaş - insan və təbiətin bir parçası olan insan. Fikrət Qocanın poeziyasında mərkəzi yerlərdən birini təbiət mövzusu tutur və burada təbiət peyzaj təsvirindən daha geniş, mənəvi anlam daşıyaraq həm də həyatın, məişət və cəmiyyətin, insanın təbiətini əks etdirir - təsvir obyekti olmaqdan çıxaraq, hərəkətin subyektinə çevrilir. Beləliklə, F.Qoca poeziyasının qaynağı həmişə həyatın, təbiətin özüdür, şair isə ən yaxşı halda, onun həmmüəllifi, tərəf müqabilidir.

Dəniz Fikrət Qocanın şeirlərində çox işlənən poetik obrazlardan biridir. Burada dəniz yalnız təbiətin bir parçası kimi deyil, həyatın, cəmiyyətin qanunları ilə yaşayan canlı orqanizm kimi təsvir olunur. "Dənizdə ay çiməndə", "Balıqçıyam", "Xəzər", "Dənizdə susuz" və digər bu kimi şeirlərdə, adətən, şair dənizi şəxsləndirir, ona dostu, həmfikri, sirdaşı kimi müraciət edir. F.Qocanın şeirlərində dəniz lirik qəhrəmanın daxili təlatümünü, əhval-ruhiyyəsini əks etdirir. "Qara dəniz" şeirində "sirlərin bağlı sandığı" deyə müraciət olunan dəniz müəllifin yozumunda gözəlliklərində üsyan çırpıntısını əks etdirir:

Qəzəbındən ağarıb,

Qara dənizim, rəngin.

Dalğaların,

qəzəbli pəncəsi kimi pələngin,

sahili cırmaqlayır.

Elə bil sahil qaçmaq istəyir,

dalğalar tutur, saxlayır.

Ümumiyyətlə, azadlığın, üsyanın, inqilabın simvolu kimi şeirlərdə yer alan dəniz obrazı bu şeirdə də daha çox yaxın tariximizi göz önünə gətirərək qəzəbli, üsyankar vətəndaş obrazı ilə çulğalaşır. Lakin F.Qocanın yaradıcılığında sırf peyzaj lirikası olaraq, təbiətin füsunkarlığını əks etdirən dəniz şeirləri də çoxluq təşkil edir.

Ədəbi strategiyanın xüsusi tipi olan minimalist mətnlər müəllifə dilin imkanlar sərhədini müəyyənləşdirməklə maksimum bacarıq təqdim etməyə şərait yaradır. "Qəriblərin yorğun gözləri \ bir çimir vətən yuxusu istəyir. \ Balıq yeyiləndən sonra da \ su istəyir." - "Qürbətdəki həmvətənlərimə" adlı bu şeir hər misrasının daşıdığı ağır yüklə birgə uzun illərdir ki, oxucu yaddaşına qazılmış seçkin mətnlərdəndir. Fikrət Qocanın minimalist şeirlərindəki fikirlər əksərən aforizmləşir. Bunların arasında insanın özünə qənim kəsildiyi ilə bağlı beş misralıq "İnsanam"  şeiri də var ("Ömrümün sonuna doğrudur atdığım hər \ addım. \ Hələ üstəlik, \ Atom bombası, böhtan, nüvə silahı, tənə, \ Bunları da özümü öldürmək üçün yaratdım." ), zarafatyana "Arvad sözünə baxan" (Qınamayın məni, \ Uşaqlıqda qadın laylasına yatmışam. \ Çox sevirəm ənənəni.") şeiri də. Bu qəbildən olan "Mənimdir", "Özünüzə kömək edin", "Qorxuram və qorxmuram", "Ulduzlara doğru yürüş", "Kamçatka vulkanları", Ömrün yükü" və s. şeirlərlə yanaşı, adsız təqdim olunmuş onlarla birbəndlik şeirin əsas cəhəti fikrin lakonik, konkret ifadəsi, az sözlə çox mətləbin ötürülməsidir.

Uzaq Şərqdə poetik ənənələrin əsasını qoyan minimallıq kiçik ədəbi formaların estetikası kimi meydana çıxaraq konkretliyi ilə seçilir. F.Qocanın ikicə sətirlik "Payız" şeirində olduğu kimi: "Günəşə bənzəməkçin yarpaqlar saraldılar, \Yerə şölə salmayıb, yenə kölgə saldılar." İdeyanın ifadəsi üçün müəllifin çoxsözlüyə yol verməyə ehtiyacı yoxdur və minimalizm onunla oxucusu arasında oyun aktına çevrilir - deyilməyən sözlərin arxasında gizlənən fikirləri çözmək ikincinin üzərinə düşür. Müəllif olaraq, oxucu təxəyyülünün sərhədsizliyinə inanan, güvənən F.Qoca yəqin ki, minimalizmin bu unikal cəhətinə görə yaradıcılığı boyunca minimalist şeirlərə həmişə yer ayırmış, misralarının fikrən tamamlanması üçün şərait yaratmışdır.

Fikrət Qocanın şeirlərində "Vətən" anlayışı lokal deyil, bütün dünya, bütün kainat  vətəndir, şeirinin qəhrəmanı yalnız azərbaycanlı deyil, dünyanı qucaqlamaq istəyən bəşəri insandır. Hələ 1962-ci ildə yazdığı "Mən ünvansız yaşayıram" şeirində lirik subyekt özünə bir gülün, çiçəyin yanını, uca dağları, buludları, göy meşələri, yaşıl düzləri ünvan bilir, "mən ünvansız yaşayıram \ günəş kimi, səma kimi" deyirdi. 

Fikrət Qoca Avropa, Asiya, Afrika və Amerika qitələrinin müxtəlif ölkələrində poeziyamızı təmsil etmiş, Kuba, Qvineya-Bisau, Macarıstan, Almaniya Demokratik Respublikası, Yuqoslaviya, Vyetnam və s. olkələrə səfər və ezamiyyətləri həmin ölkələr haqqında yazdığı əsərlərin əsas mövzusuna çevrilmişdir. O, gəzdiyi hər yerdə gözəllik görmüş, daha doğrusu, baxdığını gözəl görməyi və gözəl tərənnüm etməyi bacarmışdır.

Sənətkar üçün dünyanın ahəngi gözlə göründüyündən fərqlidir. Görünməyən tərəfləri ilə maraqlı olanın axtarışına çıxmaq, ondan bəhs etmək əsas missiyadır. Nəyi necə görmək, ondan hansı şəkildə bəhs etmək isə baxanın daxili gözü, iç səsi ilə bağlı məsələdir. 

Ümumiyyətlə, Fikrət Qoca həm ölkəmizdə, həm də dünyada baş verən ictimai-siyasi proseslərə poetik yaradıcılıq rakursundan baxmış, bütün məsələlərə münasibətin şair baxışını təqdim etmişdir və bu, şairin bütün yaradıcılığı boyu davam edən prosesdir. Şairin 30-dan çox yaşı olan "Krıma qar yağıb" şeiri onun müharibə mövzusunda ən təsirli mətnlərindən biridir. İyirmi ildən artıqdır ki, müharibədən qayıdan keçmiş əsgərin öz adı verilmir; oxucuya Zərəfşanın əri, dörd oğul atası kimi tanıdılır.

Krımda bir cüt uşaq qəbri kimi

            dəfn eləyib ayaqlarını.

Arzularını qoltuq ağacı eləyib

dişləyib dodağını.

Nə ağlayıb, nə də off! - deyib.

İndi soyuq dəyib,

            qızdırma salıb onu yaman hala,

sayıqlayır yavaş-yavaş:

- Ay arvad, ayaqlarım üşüyür,

            ayaq barmaqlarımı ovxala, -

Gilələnir gözlərində yaş...

Zərəfşan ərinin təkidlərindən çaşıb onun ayaqlarını ovxalamaq üçün yorğanın ayaq tərəfinə əl atır, bir anda donub qalır, heç vaxt üzünü görmədiyi Krıma qar yağdığı təxminini yürüdür, əlində boş yorğan çəngəsi ilə "Allah, istini əsirgəmə ordan" deyə dua edir. Burada Krım - müharibə gedən torpaqların, döyüşlərə məskən olan bütün məkanların, vətənin; ayaqlarını orada torpağa gömmüş keçmiş əsgər isə vətən yolunda canını fəda etməyə hazır olan bütün əsgərlərin ümumiləşdirilmiş obrazı kimi çıxış edir.

30 ilə yaxın müddət sonra - 2014-cü ildə yazılmış "Krıma bahar gəlməyə qorxur" şeiri isə "Krıma qar yağıb" şeirinin davamı kimi meydana çıxır. "Bəs deyirdilər Fürerin övladı yoxdu?" deyə, şair Krımın müasir dövrdəki düşmənlərini Fürerin övladları hesab edir. Öz vətənində yaşananlar üzündən Krımdakı faciələrlə də yaxşı tanış olan və insanlığını itirmiş düşmən əli ilə törədilən bu fəlakətləri şeirin dili ilə dilləndirən şair sonda kömək üçün Allaha üz tutur: "Allahım, havasızlıqdan \  boğuluram, ölürəm, \ çünki mən yaxşı bilirəm \  bu necə ağrıdı. \ Allahım, mən susuram, \ ürəyim səni imdada çağırdı." Bu şeirdə yer üzünə səpələnmiş günahlardan zərər çəkən insanın mənəvi əzabları fonunda çarəsizcə yalvarışının, kömək üçün ümid dolu müraciətinin, onu eşitsin, görsün və yardım etsin deyə çağırışlarının şahidi oluruq. Susaraq Allaha çağırış etmək ədalətə, insanlara inamın tükənməsi, ümidlərin bitməsi, işə Yaradan qarışmayınca dünyada sülhün bərqərar olmayacağına əminlik hissindəndir və çarəsizcə döyülən ən sonuncu ümid qapısıdır.

Bəlkə də, bütün əsl poeziya elə Yaradanla söhbət, ona müraciətdir - duadır. Çünki yetkin poeziya metafizik təbiətlidir. Fikrət Qoca poeziyasında işlənmə tezliyinə görə poetik dua ön sıralarda yer tutmasa da, yaradıcılığının ideya-bədii özəlliklərini önə çıxarmaq baxımından əhəmiyyətinə görə diqqəti cəlb edir. Dua-şeirlər genetik olaraq müəyyən arxitektonikaya, kanonlara, dini duaların müraciət və xahiş, yalvarış klişesinə əsaslanır. Bununla belə, əsas fərq poetik duaların variativliyində və "eqosentrizmdə", müəllifin şeirin mərkəzinə "öz"ünü yerləşdirməsindədir. "Ədəbiyyat qəzeti"nin 3 avqust nömrəsindəki bircə bəndlik "...səhər duası" kimi:

Allahım! Məni - məndən qoru,

bəndən qoruya bilməz məni.

Bəndənə tapşırma - mən bəndəni,

Səndən qoruya bilməz məni.

Burada dua problematikasının yaranması dünyanın (və lirik subyektin) mənəvi faciələrə məruz qaldığının dərkolunması ilə bağlıdır və dünyəvi harmoniyanın bərpası vasitəsi, etiraf xarakterli özünəməxsus lirik meditasiyadır.

Şairin gənclik illərində ateizm meyilli odlu-alovlu, üsyan dolu Allaha çağırış edən "Salam, Allah" şeiri ömrünün yetkin çağlarında dua ilə, yalvarışla əvəzlənirdi. Bədii yaradıcılığı müəllifin şəxsi inancı, yaxud inancsızlığı ilə bağlamaq cəhdləri hər zaman özünü doğrultmasa da, əksər hallarda bu ikisi bir-birini tamamlayır. Odur ki, bu şeirin yazıldığı zamanı, ölkəni bürüyən ateizm tərbiyəsi dalğasını, müəllifin yaşını, həyat təcrübəsinin azlığını diqqətdən qaçırmamalıyıq.

Bu şeirdə Allahın "özündən güclü" yaratdığı insan Ona üsyan içindədir və əslində, insana sevgi, mərhəmət şəklində təlqin edilmiş yox, məhz xof kimi sovet vətəndaşının canına yeridilmiş Allah anlayışına qarşı vuruşdur bu şeir: "Sən, qatı düşmənimsən, qatı. \ Xofunla vahiməyə çevirirsən həyatı. \ Gəl, vuruşaq, allah! \ Bu vuruş \ bəşərin susuz dodağına \ su olacaq, su! \Vuruşaq ki, çıxsın \ canımdan \ Allah vahiməsi, \ Allah qorxusu."    Buradakı Allaha çağırış Şərə xidmət məqsədli deyil, ali həqiqətin tapılması, Allah xofunun candan çıxarılıb yerinə Allaha sevgi və şükranlığın qoyulması naminədir - burada beyinlərdə özünə yer etmiş düşüncələrə üsyan daha qabarıq ifadə olunur, bəzən ədəbi tənqiddə əks olunduğu kimi, Fikrət Qoca ateizm nöqteyi-nəzərindən çıxış etmir, çağırış mövqeyindən yola çıxır: Allah var, amma mən onun düzənini qəbul etmirəm. Lakin bu mövqe şairin bütün yaradıcılığı boyunca davamlı və dayanaqlı deyil.

Növbəti illərin şeirlərində artıq şairin ali həqiqət axtarışları onu "Allahın yanında duran", Onun yaratdığı gerçəkləri müdafiə edən, Yer üzündə törənən bütün mənfur əməllərdə günahı insanın özündə arayan, taleyinə yazılanla barışıq olmağı seçən lirik subyektə gətirib çıxarır: "Amma gərək yanmağın yandırmasın, işıq olsun, \ Yanmağın da insan ömrünə yaraşıq olsun. \Yanırsan şam kimi yan,\ Batan günəş kimi, düşən axşam kimi yan."   Son misrası "Biz nədən narazıyıq, \ nədən razı?!" ritorik sualı ilə tamamlanan şeirdə lirik subyektin müdafiəsinə qalxdığı həqiqətlərdə çaşqınlıq yaşadığı da duyulmaqdadır. Burada adi insan məntiqi ilə şair məntiqinin gizli qarşıdurmasını da sezmək olur.

2013-cü ildə yazdığı "Kainatda bir qadın hıçqırır" şeiri artıq yetkin düşüncənin olmaqla yanaşı, həm də yetkin bir inancın yetişdirdiyi fikirlərdir: buradakı misralar "Sənin qızın Həvvayam" deyə atasına - Allaha, onu yaradana müraciət kimi səslənsə də, ümumiyyətlə, günahkar və günahını anlayan, qəbullanan insanın tövbəsi, daha bir şans ümidi ilə yanlışları düzəltmək cəhdi kimi səslənir:

Bu sonsuz kainatda

Didərgin bir qadınam.

Sənin qızın Həvvayam,

Mən sənin övladınam.

Düzdür, böyükdür xətam,

Keç günahımdan, atam.

Məni yenidən yarat,

Ya da cəhənnəmə at.

Şairin yaradıcılıq evolyusiyası əsasən, 3 mərhələdən ibarətdir: erkən mərhələdə yaradıcılığın mərkəzində şairin "mən"i dayanırsa, ikinci - yetkin mərhələ daha çox "dünya" adlandıra biləcəyimiz ətraf aləmi, təbiət və insanları qapsayır, sonuncu mərhələdə "ətraf aləmdəki mən", yaxud "dünya və mən" problemi aparıcı olur. Şair üçün yaradıcılıq prosesi özünütəsdiq aktı kimi nə dərəcədə əhəmiyyətlidirsə, insanlığa xidmət imkanı da bu prsoseslə reallaşır. Şair sözün qüdrətinə sığınır, ətrafdakı haqsızlıqlara, çirkinliklərə məhz misralarında münasibət bildirməklə sənətkarlıq qayəsini bəlli edir. Heç haqsızlığın, pisliyin, günahlar və günahkarın yanında olan şair obrazı düşünmək olarmı? Sənətkarlar, Fikrət Qocanın təbirincə ifadə etsək, dünyadan öncə doğulmuşlardır, sözün gücünə dünyanın ədalət tərəzisini tarazlayacaqlarına inananlardırlar.

Bir durna təkləndi, bir şam qaraldı,

Bir dalğa qıy çəkib itdi dənizdə...

Şeir rübabından bir tel qırıldı,

Bir səs çatışmayır xoş nəğməmizdə...

F.Qocanın Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun ölümü münasibətilə yazdığı bu şeiri oxuyarkən nədənsə belə bir duyğu oyanır ki, bu sevgi və ağrı dolu misraları yalnız bircə şairin itkisi doğurmayıb, sanki bu şeiri bütün "əyilib güllərə salam deyən" şairlərə aid etmək mümkündür. Çünki bu şeirin içində yalnız Səməd Vurğunun deyil, ümumiyyətlə, şair obrazı var: hər misra yazanda bir yaş böyüyən, qəlbində deyiləcək min nəğməsi qalan, dünyadan əvvəl sözüylə doğulan, şeirlərində neçə qəhrəmana can versə də, özü yaşamağa imkan tapmayan şairin obrazı. Elə şeirin son bəndi də bu inamın, bu düşüncənin ümumiləşməsi kimi meydana çıxır:

Ölüm də, olum da, bunlar bir yana,

Bu adi qanunu mən də danmıram.

Şair nəğmə kimi gəlir cahana,

Nəğmə ölümünə mən inanmıram.

Yeri gəlmişkən, qeyd edək ki, Fikrət Qocanın "Seçilmiş əsərləri"nin 4-cü cildində (Bakı, 2015) Səməd Vurğunun ölümü münasibətilə yazılmış bu şeirin tarixi 1965-ci il kimi göstərilir. Halbuki bu heç məntiqlə də doğru deyil, şair 1956-cı ildə vəfat edib və F.Qoca "Şeirimlə zaman gəzintisi" (2013) adlı yazısında həmin şeirdən bir bəndlə yanaşı, bu barədə qeyd də verir: "Elə həmin ildə, yəni 1956-cı ildə Səməd Vurğunun vəfatına yazdığım şeirdən". Təəssüflə qeyd etməliyik ki, cəmi 50-60 ili əhatə edən yaradıcılıq nümunələri ilə bağlı sanki uzun illərin o tayında qalıbmış kimi yanlışlara tez-tez yol verilir, oxucuya doğru olmayan informasiyalar ötürülür.

Fikrət Qocanın poeziyasında məhəbbət mövzusu da aparıcı yer tutur. Poeziyada sevgi və ayrılıq az qala, ayrılmaz, bir-birini tamamlayan anlayışlardır. Attila İlhan demiş, "...çünkü ayrılık da sevdaya dahil." F.Qocanın sevgi lirikasında ayrılığın, nakamlığın ən gözəl ifadəsi olan şeirlərindən biri "Bir vaxt" şeiridir.

Gələcəyik üz-üzə küçələrin birində

Sənin üzündə qırış,

            mənim saçlarımda dən.

Bir soruşan da olmaz

            donub qalmışıq nədən.

Adamlar gələr, gedər,

            kimi vədə gözləyər...

Gözləyənə nə var ki,

            lap küçədə gözləyər.

Bizim rəngimiz qaçar

            gözlənilməz görüşdən.

Ayaqlar öz işində,

            onlar bənzər zamana,

Çəkib aparar

            bizim hərəmizi bir yana.

Sənin üzündə qırış,

            mənim saçlarımda dən.

Bu şeirdə nakamlıq, ayrılıq, həsrət ötüb keçən zaman kontekstində qabarıq nəzərə çarpır. İllər sonra yaşana biləcək mənzərə tablo kimi, ayrılığın silueti kimi göz önündə canlanır. 

Şairin "Dözürük" şeiri mövzu etibarilə sanki "Bir vaxt"dakı ayrılıq tablosunu reallaşdırır: "Bu gün səni gördüm, \ Bütün dünya dəyişdi.\ Saçlarında dəni gördüm, \ Saçlarıma dən düşdü. \ Bizimki də ömür deyil, \ Elə bil ki, döyüşdü. \Özümüzlə döyüşürük, \Özümüzü üzürük. \ Ayrılığı yaradırıq, \ Əzabına dözürük." Burada artıq ayrılıq "yaradılıb", yaşanmaqdadır və onu yaşamaq sadəcə dözmək anlayışına bərabərdir. 

Fikrət Qocanın bütün poetik yaradıcılığı sevgidən yoğrulub - insana, həyata, sənətə sevgidən. 

F.Qoca yaradıcılığında mərkəzi fiqur rolunda gözlə görünən, əllə tutulan məfhumlar çıxış edəndə belə, oxucunu sevgi, xeyirxahlıq, dostluq, vətənpərvərlik, gözəllik kimi mücərrəd, mənəvi kateqoriyalara yönləndirir. Beləcə, mücərrədlə konkreti, ümumi ilə xüsusini, müvəqqəti ilə əbədini bir müstəviyə gətirən şair, bir növ, ideala can atır və bu poetik düşüncə intensivliyi Fikrət Qocanın, demək olar ki, bütün poeziyası üçün xarakterikdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!