Mərhum deməyə dilim gəlmədiyi şair Oqtay Rzanın sonuncu - "Rübai karvanı, dördlük çələngi" (aybKitab, "Mütərcim", 2019) qarşımdadır. Bu kitabda toplanan şeirlər Oqtay Rzanın illər boyu meyil və həvəs göstərdiyi, demək olar ki, bəlkə hər gün qələmə aldığı rübailəri toplanıb. Şərq poeziyasının bu qədim janrına neçə əsrlərdir ki, şairlərimiz müraciət edir. Cəmi dörd misrada düşündürücü bir fikir söyləmək ənənəsi Rudəkidən, Ömər Xəyyamdan, Mövlanə Cəlaləddin Rumidən, Məhsəti Gəncəvidən, Nizamidən, Füzulidən, Nəsimidən gəlib və istər sovet dövründə, istərsə də müstəqillik illərində şairlərimiz rübaiyə etinasız qalmayıblar. Adını çəkdiyim kitaba professor Babək Qurban (Allah rəhmət eləsin!) gözəl bir ön söz yazıb. Mən Babək müəllimin Oqtay Rzadan misal gətirdiyi bir neçə rübaini bu yazıda xatırlatmaq istəyirəm:
Başlanır haradan, nədən yollarım?
Sərhəddə qırılır hərdən yollarım...
Məni millətimə bağlayan teldir
Bakıdan hər yana gedən yollarım!
İgidlik dərsi al Qorqud elindən,
Gücsüzün, yazığın yapış əlindən.
"Ot kökü üstündə bitir" kəlamı
Arif adamların düşməz dilindən.
Əzəldən qocaman, uludur dünya,
Əzəldən günəşli, nurludur dünya;
Sayı çoxalsa da, pisin, xəbisin,
Yaxşı adamlarla doludur dünya!
Dünyada get-gedə ləl, dürr tükənib,
Qızıl bahalaşıb, kömür tükənib.
Yazmaq istəyəndə yaxşı şeirimi,
Gördüm gecikmişəm, ömür tükənib.
Məncə, Oqtay Rzanın rübailər kitabı haqqında bu qədər yetər. Mən istəyirəm onun həyatı və yaradıcılığı barədə təəssüratlarımı bildirim.
Oqtay Rzanı bütün yazıçılar mühiti sevir, onsuz heç bir ədəbi məclisin və "Natəvan" klubunda keçirilən tədbirlərin ləzzəti, dadı-duzu olmazdı. Bəzən görürdük ki, hansı bir tədbirdəsə hamı yorulub, sonda Oqtay müəllim danışanda o yorğunluq çəkilib gedərdi. Həm aydın, səlis nitqi, şux zarafatları, həm də eynəksiz şeir oxumasına çoxdan alışmışdıq.
1934-cü ilin 2 noyabrında, Salyanın Qalalı kəndində dünyaya göz açmışdı. Salyan şəhərində orta məktəbi bitirəndən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil oldu. On il neftçi-geoloq kimi çalışdı, ruzisini "qara qızıl"dan çıxardı. Elmi tədqiqat işi müdafiə edib geologiya-mineralogiya elmləri namizədi oldu. Uzun müddət APİ-də, coğrafiya fakültəsində müəllimlik etdi. Axtarsan, Azərbaycanın hər bir bölgəsində onun tələbələri ilə rastlaşarıq.
Bu onun rəsmi bioqrafiyası.
Amma Oqtay Məhərrəm oğlu Rzalının tərcümeyi-halı bu bir neçə cümlə ilə məhdudlaşa bilməz. Ədəbiyyat aləmində Oqtay Rza kimi tanınan şairimizin əsl tərcümeyi-halı onun mətbuatda çap etdirdiyi, kitablarında topladığı yüzlərlə şeirlərindədir. Bu şeirlərdə mənsub olduğu xalqın bir oğlu kimi Oqtay Rzanın həyata, gözəlliklərə, millətinin şanlı tarixinə, elinə-obasına böyük məhəbbətinin yaşantıları ilə qarşılaşırıq. Öncə millətini sevən bir azəri türkünün nidasını eşidirik:
Bütün nəticələr səbəbdən gəlib,
"Ənəlhəqq" harayı Hələbdən gəlib,
Dinim, etiqadım ərəbdən gəlib,
Dilim ta əzəldən özümünküdür!
Göyçə - tapdağında "yazıq millət"in,
Dərbənd - caynağında mütləqiyyətin,
Qədim Borçalını görmək çox çətin,
Bölünmüş məmləkət özümünküdür!
Bəzən dost bildiyin çevrilir yada,
Ya da keçmişini heç salmır yada,
"Ov", "yev" soyadımdan bərk yapışsa da,
Millət həmişəlik özümünküdür!
Ayrılıq çayıtək Araz seçilib,
Şərabla bərabər qan da içilib,
Zaman böyüdükcə ölkəm kiçilib,
Dövlət həmişəlik özümünküdür!
Oqtay Rza ədəbiyyata hələ yeddinci sinifdə oxuyarkən Salyan rayon qəzetində çap etdirdiyi "1 May" şeiri ilə gəlib. Onda qırxıncı illərin sonlarıydı, balaca boylu, amma gözlərindən işıq və sevgi yağan Oqtay Salyanda özündən bir neçə yaş böyük olan gənc şairlər - Əliağa Kürçaylı, Xəlil Rza və Ağacavad Əlizadə ilə dostluq edir, onlardan çox şey öyrənirdi. 1952-ci ildə, on səkkiz yaşı olanda böyük şairimiz Səməd Vurğun Azərbaycanın müxtəlif bölgələrində yaşayan gənc əliqələmliləri öz yanına dəvət etmişdi, onlara şeirin-sənətin çətin yollarından, şərəfli missiyasından söz açmışdı. Oqtay Rza da bu dəvət olunanlardan biri idi. Sonralar, ədəbi mühitə alışandan sonra Oqtay Rzanın həyatında silinməz izlər buraxan sənətkarlar olacaq: Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Xəlil Rza, Məmməd Araz, Hüseyn Arif... Deyərdim ki, özündən xeyli cavan olan yazarlarla da dostdur, onların məclislərində həmişə başda oturur.
Mənim isə Oqtay müəllimlə tanışlığım onun bir şeiri ilə başladı. O şeirin birinci misrası belə idi: "Məndən yuxarıda qövsi-qüzeh var". O şeiri oxumuşdum və onun müəllifi Oqtay Rzanı görmək istəyirdim. Günəş şüalarının havadakı yağış damcılarından keçərkən sınması nəticəsində göydə görünən yarımdairə şəkilli qurşağ - göy qurşağı - qarı nənə örkəni uşaqlıqda həmişə məndə heyrət oyadıb. Sonralar hansı şeirdə, hansı misrada bu qövsi-qüzehdən yaranan obrazlı təşbihləri görürdümsə, gözlərim qarşısında o mənzərə canlanırdı.
Məndən yuxarıda qövsi-qüzeh var,
Məndən aşağıda gözəl bir tala.
Əlvan xalıların üstündə şeh var,
Bürünüb hər tərəf ala, yaşıla.
Güllər bənövşəyi, sarı, mavi, ağ...
Zolaqlar işığın yeddi rəngitək.
Ətirlə doldurur sinəmi torpaq,
İlham ürəyimdə coşur "Cəngi"tək.
Heyranam hüsnünə dağın, dərənin,
Göyə də baharın izi düşübdür.
Sanki vurulduğum bu mənzərənin
Səma güzgüsünə əksi düşübdür.
Oqtay Rza təbiət vurğunu idi, səyahət eləməyi, gəzib-dolaşmağı çox sevirdi, nəinki Azərbaycanı, keçmiş SSRİ məkanını da seyr etməkdən yorulmurdu.
Təbiəti duya bildiyi üçün şeirlərində də o hissləri, o duyğuları yaşada bilirdi. Onun şeirlərindəki təbiət mənzərələri, dünyanın rəngarəng peyzajları, bəzən suyun şırıltısı, biçənəklərin xoş ətri, yağışın səsi aydınca duyulur.
Onun "Günəşin adından" adlı bir şeir kitabı var. Bu kitabı "Azərbaycanın şeirlə yazılmış canlı xəritəsi" adlandırsam, səhv etmərəm. Ona görə "canlı xəritəsi" deyirəm ki, Oqtay Rzanın Azərbaycana, onun hər qarışına vurğunluğu bu şeirlərdə bəzən poetik ekstaz səviyyəsinə qalxır:
Sevməyən adamın heç nəyi yoxdur,
O necə bülbüldür - ötməyi yoxdur?
Başqa bir şeirində yazır ki:
Sarı köynəyini geyinib bağlar,
Meşədə yarpaqlar xəzələ dönüb;
Heyranı olduğum dilbər qovaqlar,
Şalını itirən gözələ dönüb.
Adətən, şairlərin adları qarşısında "təbiət şairi", "vətənpərvər şair", "gözəllik şairi" və s. təyinlər işlədirlər. Oqtay Rza, mən deyərdim, bunların hamısına aid olan bir şairdir. Dəfələrlə döyüş bölgələrində olub, əsgərlər qarşısında şeir oxuyub, oğlu Hünəri də elə bu ruhda böyüdüb. Onu bir neçə dəfə Şəhidlər Xiyabanında, məzarlar önündə baş əyən görmüşəm. Sonralar bu ehtiram şeirlərə çevrilib:
Oqtay Rzanın şair ilhamı bütün mövzularda öz poetik əksini tapır, yəni o, nədən yazır-yazsın, o şeirdə həmişə yeni bir fikir söyləməyə çalışır, əksər hallarda buna müvəffəq olurdu. Dəfələrlə deyilmiş fikirlərə təzə rəng, naxış vurmağa can atırdı.. Onun şeir yolu, fərdi üslubu Səməd Vurğun yolu idi. Özü bunu etiraf edirdi.
Şair dünyanın dərdini öz ürəyinə yığan və bu dərdlərlə yaşayan bir əzabkeşdir və Oqtay Rza da bu əzabkeşlərdən biri idi.
Son illərdə Oqtay müəllimin yaradıcılığında iki məqamı müşahidə etmişəm.. O, çoxlu ithaflar yazır və tanıdığı, hörmət və dostluq etdiyi müxtəlif sənət adamlarını mədh edirdi. Bəzən bunu ona irad tuturdular. Amma bunun nəyi pis idi ki? Kiminsə yubileyində, kiminsə toy məclisində Oqtay Rza şeir deyir, kimisə təbrik edirdi. İkinci bir məqam da odur ki, öncə qeyd etdiyim kimi, Oqtay Rza Azərbaycan poeziyasının rübai janrına tez-tez müraciət edir, çalışırdı ki, bu yığcam formada təzə söz deyə bilsin.
Tikanı gül kimi iyləyənlər var,
Bülbülə torağay söyləyənlər var.
Məhəmməd Füzuli eşitsin: - İndi
Salamı mükafat eyləyənlər var.
Çıxdı qabağıma tanış bədnəzər,
Uzun yalanından özü də bezər.
Çoxüzlu mineral qiymətli daşdır,
Çoxüzlü adamın əlindən həzər!
Oqtay Rza səksən beşinci payızını görmədi. Bizə həmişə gümrah görünən, məclislərdə duzlu-məzəli söhbətləri və oxuduğu şeirlərlə zövq aşılayan Oqtay Rza indi öz doğma rayonunda - Salyanda əbədilik uyuyur. Bundan sonra Oqtay Rzasız necə dözəcəyik, bilmirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!