Səməd Vurğunu anlamaq dərdi - Qan Turalı - Qan TURALI

Qan TURALI

Səməd Vurğun haqqında Allah bilir neçənci dəfə baş tutan bu müzakirələri heyrətqarışıq ikrah hissi ilə izləyirəm. Əslində, bizim ictimai düşüncəmizin bir bəlası bütün bu polemikalarda özünü göstərir. Bizim sadəcə rasional münasibətimiz çatmır. Dövrü öyrənmirik, sənədləri oxumuruq, araşdırmırıq. Səməd Vurğunu tənqid eləmək üçün şairdən şeir deyirik, şeir də başqa şairin olur. Repressiya prosesini də anlamırıq. Azərbaycan poeziyasının Səməd Vurğundan əvvəlki və sonrakı dövrünü təhlil etmirik. Mürəkkəb bir dövrü hardansa eşitdiyimiz iki nağılla təhlil etməyə çalışırıq. Repressiya dövrünün nə qədər qlobal mahiyyət daşıdığını və nəyə xidmət etdiyini anlamırıq. Bunları anlamadığımıza, bilmədiyimizə, araşdırmadığımıza görə günah Səməd Vurğunda qalır.  Və inanmıram dünyada hansısa bir şair ölümündən 61 il sonra bu qədər təftiş edilsin. Özü də bu qədər nadanlıqla, özü də bu qədər insafsızlıqla…

Heç sovet quruluşu, onun repressiya illəri belə bu qədər yamanlamır. Fərqindəsinizsə, hətta Mir Cəfər Bağırov bu qədər tənqid olunmur... Stalin Səməd Vurğun qədər tənqid olunmur. Ortaya belə bir nəticə çıxır. Elə bütün günah Səməd Vurğunun üstündə imiş.

Səməd Vurğundan sadəcə repressiya gözləyirik. Başqa variantımız yoxdur. Gərək güllələnəydi. O zaman indiki təftişçilər rahat olacaqdı. Sağ qaldığına görə şair günahkardı... Və elə düşünürəm ki, Səməd Vurğuna qarşı bu münasibətin kökündə elə repressiyaların mahiyyətini yaxşı anlamamaq dayanır. Səməd Vurğun da çox asanlıqla repressiya oluna bilərdi. Repressiya üçün səbəb axtarmırdılar. Bəziləri deyir ki, Sovet rejiminin tələb etdiyi şeirləri yazdığına görə Səməd Vurğun xilas oldu. Məgər bu şeirləri repressiya olunanlar yazmamışdımı? Misal üçün Mikayıl Müşfiqin də sovet ideologiyasının təsiri altında yazılmış şeirləri yoxdurmu? Mən əminəm ki, Müşfiq sağ qalıb, Səməd Vurğun repressiya olunsaydı, bu gün Səməd Vurğuna münasibətdə olan təftişçilik meyilləri eyni dərəcədə Mikayıl Müşfiq üçün də olacaqdı.

Sovet repressiyasını "böyük terror" adlandırırdılar. Bu ad çox yerinə düşür. Terrorun məqsədi qorxu yaratmaqdır. Repressiyalar da bu məqsədə xidmət edirdi. Ən inamlı kommunistlər bu prosesdə məhv edildi. Məqsəd isə kütləvi qorxu hissini yaymaq idi. Onlar buna nail oldular. Bilmədikləri isə insanların 70 il sonra da onlara inanmaları idi. Doğrudan da, bir çox fəhmsiz insanlar guya hansısa şeirinin Səməd Vurğunu qoruduğunu düşünürdülər. Xalq komissarı Orconikidze belə güllələnmişdi. O da qorunmaq üçün şeir yazmalı idi?

Bu yerdə məşhur bir sovet anektodunu xatırlamaq kifayətdir.

Üç məhbusun söhbəti

-Səni niyə həbs ediblər?

-Zinovyevi tənqid etdiyimə görə.

-Bəs səni?

-Zinovyevi təriflədiyimə görə.

-Səni niyə tutublar?

-Mən Zinovyevəm.

Əslində, bütün repressiya prosesini bu anektod çox dəqiq ifadə edir. O ki, qaldı Səməd Vurğuna. Səməd Vurğunun başının üstündəki buludlar heç bir zaman əskik olmadı. Bakı kommunistlərinin geniş tərkibli iclasında, yüzlərlə adamın qarşısında Bağırov Səməd Vurğunu ayağa qaldıraraq ona belə demişdi: "Tezliklə kommunizmin əlifbasından başlamalısan. Yoxsa məhv ediləcəksən". Bu qorxunc ittihamı bu qədər insanın qarşısında dünyanın başqa hansı şairinə demişdilər ki? Səməd Vurğun bu qorxu içində yaşadı. Hələ bu nə idi ki? Bir tərəfdən daxildən kükrəyən yaradıcılıq ehtirası, min-bir fikir, ideya, digər tərəfdən də şairi yazmağa məcbur edən dövlət aparatı. Həm içindəki partlayan vulkanı öz içində soyut, həm də səndən istənilən şeirləri yaz. Səməd Vurğun bu ziddiyyətlərin içində yaşadı. Gah ürəyinin səsini dinləyib tənqid olundu, gah da onların istədiklərini yazıb rəyasətdə oturdu. Amma heç bir zaman xoşbəxt bir insan olmadı. Daim fikirli, siqaretli, gərgin və narahatlıq. Dağ çayı kimi coşqun istedad axınını dövrün dar qəliblərinə salmaq və üstəlik də ədəbiyyat yaratmaq gərək idi. O dövrün şairlərinin çoxları bunu bacarmadı, bacara bilmədi. Səməd Vurğun isə həm siyasi çağırışlara cavab verdi, həm də əsrlərlə qalacaq olan şeirlərini yazdı. Və Səməd Vurğun öz yaradıcılığı ilə sübut etdi ki, böyük istedadı öldürmək, repressiya etmək, qorxu altında yaşatmaq olar, lakin onu buxovlamaq mümkünsüzdür. Səməd Vurğun yaradıcılığı repressiya illərində belə mənəvi siqləti, yüksək ədəbi meyarları qoruyub saxlamağın mümkün olduğunu göstərdi.

Və Səməd Vurğunun öz dövründə ədəbi baxımdan çox rahat bir həyat keçirdiyini düşünmək də mümkünsüzdür. Şair daim mətbuatda tənqid olunurdu, ona necə yazmağı öyrədirdilər, fəlsəfəçiliyə görə tənqid edirdilər. Böyük şair cəmi 50 il yaşadı və stalinizmin ifşa edildiyi XX qurultaydan cəmi 3 ay sonra vəfat etdi.

Universitet illərimdə akademik Fuad Qasımzadə bir xatirə danışmışdı. Səməd Vurğunun vəfat xəbəri "Kommunist" qəzetinin birinci səhifəsində şairin böyük fotosu və nekroloqla birgə çap edilmişdi. Qəzetin arxa səhifələrində isə diqqəti cəlb etməyən kiçik bir xəbər vardı: "Mir Cəfər Bağırpov haqda ölüm hökmü icra edildi". Bəli, tarix Səməd Vurğunun ölümü ilə hər şeyi yerinə qoyurdu, xalqın böyük şairi baş məqalə, qəddar tiran isə barmaq boyda xəbərlə tarixə vida edirdi. Lakin tarixin bu ironiyasını anlamayan məhdud təfəkkürlü insanlar hələ də yaşayır. Əslinə baxsan elə bolşevizm də budur, stalinizm də budur, maosizm də budur. Bu cür məhdud düşüncəli insanlar sayəsində stalinizm mövcud ola bilmişdir. Şair necə deyirdi?

Çarxını vurduqca dövranın əli

Bəzən ağlar olur, bəzən gülməli.

İnsanın ən böyük eşqi, əməli

Bəzən aslan kimi çırpınır dağda,

Bəzən də qərq olur fırtınalarda.

Səməd Vurğun daim aslan kimi poeziya zirvələrində çırpınır, onu anlamayanları isə təbiət nadanlıqla qarğımışdır.

Və nə qədər Azərbaycan dili varsa, Səməd Vurğun da var. Bəlkə bir başqası olsaydı, ürəyinin səsini boğub ancaq rejim üçün yazacaqdı. Lakin Səməd Vurğunun buna haqqı yox idi. Anadan şair doğulmuş Səməd Vurğun məhrumiyyətlərlə, əzablarla olsa belə, ürəyinin səsini də dinləməyə macal tapacaq və bununla da ədəbiyyat tarixində qalacaqdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!