Tahir Taisoğlu
"Çingiz xanın daşları" adlı hekayənin sərlövhəsi məni cəlb etdi. Başlanğıcı da yazıçının özünəməxsus yazı tərzinə uyğun idi, Elçinin əvvəllər də hekayələrində belə üsul, ədəbi fəndlər (priyomlar) olmuşdur. Başladım oxumağa: "... sonra mən həmişəki o səsi eşitdim, bu- qalxan-enən liftin səsi idi. Sonra qəflətən mənə elə gəldi ki, bu lift- mən özüməm..."
Hə... Aydındır... Tələsmədən diqqətlə oxumaq istəyi qəlbimə hakim kəsildi. Oxuduqca hiss etdim ki, bu hekayə həm də hekayə-poemadır. Bütünlüklə poetik hisslərlə, sehrli duyğularla yazılmışdır - lokanik poema şəklində, poema ab-havasında, həm də xəyali realizmin canlı çalarları ilə!... Təhlilə keçməmişdən əvvəl bəri başdan onu da deyim ki, müəllif həm özünün spesifik və milli-modern dili baxımından, həm də yenə özünəməxsus fəlsəfi estetik ekzistensialist ədəbi-bədii formada hekayənin mahiyyətini, məzmununu tamamilə yetkin halda oxucuya təqdim edə bilmişdir. Gəlin, bir az dərinliyə varaq...
Tarix İnstitutunda işləyən sıravi elmi əməkdaş, ixtisası da qədim sivilizasiyalara, əsasən də Şumer mədəniyyəti ilə bağlı olan alim şər qüvvələrdən bezərək, ən çox da müdiri olan Mürsəl Süleymandan cana doyaraq hamıdan uzaqlaşıb bir az tənha qalmaq, “dincəlmək” istəyir. Və Lift olub Ruha çevrilir. Xidmət etmək, insanlara yaramaq tənhalığı ilə yenə də adamların içində olmaq, səs-küydə "istirahət" etməyə düçar olur. Lift-Ruh elektrik kəsiləndə gedib "o dünyanı" görür, elektrik bərpa olanda isə, yenidən peyda olur (- kaş bu zaman Onun dilini bilən, sirrini anlayan bir həmdəmi olaydı). O, qaranlıq dünyadan, yəni "o dünya" adlanan müəmmalı aləmdən, mübhəm sirlərdən danışır, qaranlıq mətləbləri aşkarlayır!..
Gah gerçək, gah da fantastik yaşantıların təsvirində O həm liftin içində olur, həm də eyni zamanda olmur, iyirmi bir illik yol yoldaşı, dostu - gedib-gəlməkdən, ora-bura sürtülməkdən köhnəlib əldən düşmüş, amma dolu, barlı-bəhərli portfelinə baxanı, nəzər salanı, götürüb aparanı da olmur. Kimə lazım imiş bu köhnə portfel?! Yaxşı ki, Lift-Ruhun öz övladı atasının portfelini tanıyır və götürüb aparır. İyirmi ildə ancaq öz iş-gücü, elmi qayğılarından başqa heç kimə, heç nəyə fikir verməyən O, ancaq Lift-Ruh olanda bir gözəl xanımın güzgü qabağında döşlərini ayıran xəttin xəfifliyini görür!.. O boyda dünya gözəlinin bir yerdə işlədiyi iyirmi bir il müddətində sən demə heç adını da bilmirmiş bu zavallı. Sadəcə liftdə heç kəsin olmamasından və liftin xəlvətiliyindən yararlanıb, öz-özünə göz vuran xanımı sanki ilk dəfə indi görür, indi tanıyır. Nəyinə lazımmış o! Çünki Lift-Ruhun əbədi sevgilisi var idi, - Ninlil, liftdə öz-özünə göz vuran gözəlin yaraşıqlı simasında hər gün onun yanına gəlirmiş, şəffaf, tülə bürünmüş, ağ, tarım, istəkli əndamı ilə! Əsərdə rənglərin sıxlığı, əlvanlığı və metaforların müxtəlifliyi bütün xəfif çalarları ilə nəzərə çarpır, qəlbin dərinliyinə qədər işləyir. Sadəcə, sonralar bu qız "hər gün mənimlə qalxanda, ya birinci mərtəbəyə enəndə mənim gözəgörünməz şüurumdan elə bil xoş bir meh ötüb keçirdi" Liftin ruhu, sevgisi, məhəbbəti də nəsrin poetikasında öz əksini tapır. Xəyal və gerçəklik oxucu ilə üz-üzə, nəfəs-nəfəsə dayanır. Elə bu andaca bizə elə gəlir ki, Lift-Ruh artıq yazıçının iradəsinə belə tabe olmaq istəmir, öz şirin, romantik dünyasının dərinliyində, alaqaranlığında xoşbəxt anlarının yağmurunda “islanır”. Əsərdəki hadisələrin sadəliyi nə qədər açıq və rəvandırsa , poetikası bir o qədər əlvan dərin, sirli, mürəkkəbdir: bir yaz səhərində ( lap elə bilək ki, indiki aprel günlərində) iki nəfər qapı ağzında tanımadığı adamlar Onu - Lifti gözləyir. Onlardan biri, o gözəl qız elə sən demə, Lift-Ruhun xəyallarında, sevdalı fikirlərinin gerçəkliyində yaşayan elə Ninlinin özü imiş. Hadisələr fəlsəfi lirika xətti ilə inkişaf edə-edə oxucunun qəlbini və bütün varlığını ələ alaraq mənən zənginləşdirir və özünə bağlayır. Və hətta oxucu fikirləşir və deyir ki, İlahi əsər tez qurtarmayaydı! Mürsəllər, süleymanlar, iyirmi illik zehni iş səriştəsi olan alimə, ziyalı zəhmətinə xor baxa-baxa bir insanı görün necə də Liftə döndərə biliblər: bəlkə ona görə ki, özləri 10-cu mərtəbədə yaşayırlar?! 10-cu mərtəbəyə piyada çıxmayacaqlar ki... Yox, ona görə də deyil, burada qısqanclıq, xəbislik rişələri var. Kinli, təkəbbürlü, anac toyuğa oxşayan Mürsəl Süleyman! Özü də belələri nədənsə həmişə müdir olurlar! Anac toyuq Lift-Ruhun portfelini görən kimi tanıyır. Tanımaya bilməz axı. Bilir ki, bu portfeldə öz çapını gözləyən çin-çin elə əlyazmaları var ki, çap olunsa... onun bir-birinə oxşayan cücələri ac qalar! Mürsəl Süleyman - anac toyuq öz elmi əməkdaşını, öz işçisini yeni, kəşflərlə dolu məqalələrindən, orijinal əsərlərindən deyil, köhnəlmiş, dəbdən düşmüş portfelindən tanıyır, qaqqıldayır:
" Bu bədbəxt daha portfelini də yaddan çıxardır". Anac toyuq - daim ora-bura çovuyan, istedadı ilə yox, öz işbazlığı ilə Kemburq Universitetinə qədər gedib çıxan, Yaponiyada çap olunan Mürsəl Süleyman hardan bilərdi ki, " Şumer sənin xörəyin deyil" - deyə rişxənd, istehza etdiyi alim iyirmi bir ildir ki, Fəratın barlı-bərəkətli sahili boyu allahların əkdiyi o müqəddəs söyüd ağaclarının hər gecə həmsöhbətidir. Sahil boyu Enil kimi addımlayır və həqiqətən də özünü Yerin və Göyün oğlu Enil kimi hiss edir. Və Şumerin baş şəhəri Nippurun ilahi himayəsində yaşayır. Şumerin nağıllarını dinləyən, Şumer nəğmələrinə qulaq asan, rəqslərinə tamaşa edən və həmin gecələrdə ilahi Ninli ilə sevişən... bütün elmi bacarığını, elmi baxışlarını ona həsr edən bir alimə "Ay bədbəxt, adam ayağını yorğanına görə uzadar!" - deyən , ancaq anac toyuq düşüncəli bir adam ola bilər! Dünya fani deyil. Xəyal qırıqları arasında Mürsəl Süleymanla Lift-Ruhun arvadı təsadüfən liftdə rastlaşır. Doluxsunmuş gözlərə biganə nəzərlərlə baxan Mürsəl Süleyman "Fələk bildiyini biz hardan bilək?" - deyə guya bu işə- yəni, onun ərinin yox olmasına təssüflənir, belə bir cuvanəzənin dul qalmasına əslində heç onun tükü də tərpənmir. Köhnə iş yoldaşının harada, necə, nə vaxt yoxa çıxmasının heç fərqinə də varmadan liftdən çıxır, löhrəm yerişi ilə gedib küçədəki adamlara qarışır. Daha onun nə dediyi eşidilmir. Burada bir rəmzi məna da özünü büruzə verir: Yəni Mürsəl adamlara qarışır, nə deyirsə, nə danışırsa, onun səsini, sözünü daha heç kim eşitmir. Bu kədərli olaylar təhdidində artıq Lift-Ruh Fəratın sahillərinə çıxmır, titrək xəfif söyüdləri sevindirmək eşqində bulunmur, ancaq lift işini görə bilir, xəyali xoşbəxtliyi də ona çox görürlər: "Mən daha gecələr Ninlini də sevə bilmirəm, çünki daima səksəkə içində oluram: İndicə hansısa gecikmiş bir sərnişin düyməni basacaq, qapılar səs sala-sala açılacaq, çox zaman o sərnişinlə də birlikdə içəri spirt iyi dolacaq və gözəl o ilahə Ninlin uçub gedəcək" (belə yerdə yazmaq üçün qələminin ucu göynəyən, ehtiyac içində, kirayədə yaşayan bəzi cavan, istedadlı yazıçılar yada düşür). Mürsəllərin, Süleymanların təhdidindən, dönüb Lift olan o zavallı yenə də qart toyuğun əlindən qurtula bilmir. Hər gün də onu kürəyinə alib 10-cu mərtəbəyə qaldırır, ordan aşağı endirir. Anac, qart toyuq hətta liftin içində belə qaqqıldayıb onun kürəyini "əzir".
Həcmcə kiçik, lakin ədəbi-bədii, fəlsəfi ağrılarına görə bu hekayənin ideoloji yönümü bu günlərdən qidalanıb gələcəyə üz tutmaqla mənzilinin harada ünvan tapmasını bilmək çətin deyil. Əsər bu günün, gələcəyin əsəridir! Keçən ay doğma "Ədəbiyyat qəzeti"ndə ədəbi cərəyanların müzakirəsi oldu: ekzistensializm və postmodernizm haqqında tanınmış ədəbiyyatşünaslar tutarlı sözlər dedilər. Alqışlamaq lazımdır. Məhz elə - postmodernizimə nümunə ola biləcək bu əsər normativ üslubları şərti, uzaq sayaraq, yeni estetik prinsiplər axtarışları ilə birlikdə öz fərdiliyini ortaya qoydu! Tamamilə yeni nəfəs, yeni üslub, yeni aləm! Cəsarətlə demək olar ki, dünya ədəbiyyatı xəzinəsinə qəbul edilməyə layiqdir. Əsər boyu bir sual oxucunu düşündürür və məyus edir..Şəhər mühitində anadan olub, nüfuzlu ailə, bağça tərbiyəsi görən, kamal attestatına yiyələnib universitet təhsili almış tarixçi- tədqiqatçı elmi işçi normal həyat yolu keçmiş, ev-eşik, arvad-uşaq sahibi olan sadə bioqrafiyalı bir insanı kimlər bu günə saldı? Niyə, nə üçün?! Zamanın amansızlığı, mürsəllər, süleymanlar, yoxsa nəhs dediyimiz 13 rəqəmli mərtəbə?! Oxucu üçün dərindən düşünməli məqamlar var. Hekayədə kölgə, ilğım aləmi, yoxluq, varlıq metafizikası "ölmək istəməyən, amma yox olmaqdan qorxan" Ruh oxucunu rahat buraxmır.
Əslində, Lift-Ruh yetkindir, kamildir, - absolyutdur. Həm də ona görə dolğundur ki, həmişə hərəkətdədir, işləyir, yaşayır, ən başlıcası isə insanlara gərək olur. Onun yoxa çıxmaq, itib-batmaq qorxusu da yoxdur. Çünki bilir ki, balaca zərif bir otcuğaz, qəliz, qaba asfaltı deşib yavaş-yavaş üzə çıxa bilir, böyüyür, yaşayır, üstündəki balaca şeh damlaları - muncuqlar Günəş şüasında bərq vurur. Xalq yazışısı Elçinin "Çingiz xanın daşları" əsərini bu günün və gələcəyin hekayəsi kimi qəbul etmək olar. Amma bilmirəm indi bunu yazmaq olar, ya olmaz? Kaş Elçin bu ecazkar hekayə - poemanı keçən əsrin 1975-1980-ci illərində çap etdirəydi. Gör onda bu hekayənin ardınca bizim milli ədəbiyyat xəzinəmizə necə gözəl əsərlər yığılardı! Onu da deyək ki, əsərin gücü, ruhu, enerjisi oxucunu ovsunlayır,- ona elə gəlir ki, müəllifin 25-30 yaşı var. Hekayənin milli-mənəvi dəyərlərimizə söykənən qüvvəti, işığı və cazibədarlığı bunu deməyə əsas verir. Oxucu açıq-aydın hiss edir ki, müəllifin poetik qəlbi Onun-Liftin hərəkətlərində döyünür. Lift enir-qalxır, qalxır enir...Qapılar açılır, bağlanır. Lift dolur, boşalır- ürək kimi. O öz işindədir, həyat öz gərdişindədir. Amma... Hərdən elektrik kəsiləndə Lift o enerjinin bir daha bərpa olunmasını nədənsə daha arzulamır. Çünki artıq hiss edir ki, heç nə onun iradəsindən asılı deyil. Artıq Lift çox hadisələrin şahidi olub. Gördüyünü görüb, eşitdiyini eşidib. Ona görə də hərdən ümidsizliyə qapılır: " Mən məhkumam" - deyir. Əslində bizim fikrimizcə, O-Lift məhkum yox, tamamilə azaddır!- Çünki artıq Mürsəllərdən, Süleymanlardan uzaqdır, çox uzaq...Onlar elə bilirlər ki, O artıq yoxdur. Onlar elə bilirlər... Əslində...
* * *
Xalq yazıçısı Elçinin demək olar ki, əksər əsərlərini oxumuşam, öyrənmişəm, sevmişəm, amma bu hekayəni oxuyub əlüstü söz yazmaq istəyi məni rahat buraxmadı. Çünki istəməzdim ədəbiyyatşünaslar, tənqidçilər bu əsəri "təftiş" edəndən sonra mən nəsə bir söz deyim. İstədim ki, əsərlə mənim fikrim, sözüm arasında "tənqidçilər dayanmasın, bizim ünsiyyətimizə mane olmasınlar" (Q.Q.Markes). Dünya ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan bu hekayə-poemanı oxuduğum üçün məmnunam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!