Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı bir neçə mərhələdən keçərək bizim günlərə və daha böyük sabahlara doğru inkişaf etməkdədir. İlk növbədə onu qeyd etmək lazımdır ki, ölkəmizdə dövlət müstəqilliyinin iyirmi səkkiz ilinin tamam olması və xalqımızın yüksək və davamlı nailiyyətlərinin işığında böyük gələcəyə inamla addımlaması cəmiyyətdə olduğu kimi, ədəbiyyatda da sabit və dinamik inkişafın əsasına çevrilmişdir. Ədəbi proses cəmiyyətdəki gərginliklərin ovqatını yaşayaraq mürəkkəblikdən, ziddiyyətlərdən aydınlıqlara doğru inkişaf etməkdə davam edir. Ədəbiyyat içində olduğu cəmiyyətin keçid dövründəki böhranlarından, uçurumlarından keçərək ölkəsi və xalqı ilə birlikdə aydın magistrallarda irəliyə doğru addımlayır. Artıq ədəbi prosesin çoxqütblü inkişafı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının gerçəkliyidir. Çoxmetodlu ədəbi proses yeni tarixi epoxada Azərbaycan ədəbiyyatını geniş yaradıcılıq üfüqlərinə çatdırmışdır. Elmi-nəzəri mənada da ədəbi proses anlayışı geniş anlayışa çevrilərək, ilin ədəbiyyatının yekun icmallarından ədəbi gedişatın nəzəri dərkinə, elmi şərhinə, proqnozlaşdırılmasınadək təkamül prosesləri keçirmişdir. XX əsrin yetmişinci illərində əsası qoyulmuş və XXI əsrin ikinci onilliyinin əvvəllərində yenidən bərpa edilmiş ədəbi proses elmi-yaradıcılıq müşavirələrində səsləndirilən məruzələrin icmal tənqidindən daha geniş baxışla analitik təhlil əsasında monoqrafik dərinliyə doğru irəliləməsi ədəbi mühitdə etiraf olunan həqiqətdir. Artıq Azərbaycan ədəbiyyatşünaslığında ədəbi prosesi monoqrafik dərinlikdə dərk və şərh edən elmi nəsil formalaşmışdır. Yaş baxımından müxtəlif elmi nəsilləri əhatə edən elmi-ədəbi proses hər nəslin öz avanqardını meydana çıxarmışdır. Elmdə ağsaqqal və orta nəslin müdrikliyi ilə yeni cavan nəslin, "gənc qvardiyanın" enerjisi biri-digərini tamamlayaraq, ədəbi prosesi bütün yönləri ilə qavramaqla və yüksək nəzəri səviyyədə əks etdirməkdə səyləri birləşdirməyə xidmət edir. Beləliklə, ədəbi prosesin təkcə faktları və ayrı-ayrı hadisələri ilə deyil, kompleks halda əsas axınları, ədəbi cərəyanları, mərhələləri və perspektivləri ilə birlikdə kompleks şəkildə araşdırılıb üzə çıxarmağa doğru maraq, təşəbbüs və cəhdlər qüvvətlənmişdir. Dissertasiya mövzularından tutmuş, monoqrafiyalara, fərdi plan işlərinə, məqalələrə, elmi konfrans materiallarına qədərki bütün elmi tədqiqat sahələrində nəzəri səviyyənin yüksəlməsinə doğru ciddi irəliləyiş müşahidə olunmuşdur. Həmişə olduğu kimi, müasir dövrdə də elmi-nəzəri səviyyədəki keyfiyyət dəyişiklikləri kütləvi şəkildə olmayıb, amma əvvəlki mərhələlərdən daha çox idrak sahibini əhatə etməsi və sıraların genişlənməkdə davam etməsi ilə müşayiət olunur. Elmi-ədəbi prosesdəki qüvvətlənməkdə davam edən bu meyil tədricən, obrazlı dillə desək, fərqli bir dalğaya çevrilməkdədir. Bütün bunlar isə hazırkı mərhələdə ədəbi proses müzakirələrində ilin ədəbi yekunlarından, ədəbi növlərin və ya janrların inkişaf templərini müəyyən etməkdən müasir ədəbi axınların, ədəbi cərəyanların təzahür formalarının, inkişaf dialektikasının şərh edilməsinə keçidə start vermişdir. Ona görə də müstəqillik dövrü Azərbaycan ədəbiyyatında ədəbi cərəyanlaşma baxımından gedən proseslər haqqındakı təqdimat 2017-ci ildən etibarən "ədəbi proses hərəkatı" adlandırdığımız "Ədəbi proses" elmi-yaradıcılıq müşavirələri və təhlillərinin yeni tipli orijinal müqəddiməsi ola bilər.
***
Müstəqillik dövrünün çoxmetodlu ədəbiyyatı Azərbaycan Respublikasındakı demokratik inkişafın və dünya ədəbiyyatı və mədəniyyətinə doğru genişlənməkdə davam edən inteqrasiya proseslərinin qanunauyğun məntiqi nəticəsidir. Cəmiyyətin "nəbzi" olan Azərbaycan ədəbiyyatı ictimai-siyasi proseslərin içərisində birləşərək, onun fövqünə doğru istiqamət almışdır. Ölkəmizdəki çoxpartiyalı hüquqi-demokratik sistem ədəbiyyatdakı çoxmetodlu, çoxsəsli polifonik inkişafı doğrultmuş, özünün inkişafı ilə bir sırada ədəbi axınların və ədəbi cərəyanların da formalaşmasına o, müsbət təsirini göstərir. Genişlənməkdə davam edən çoxsəsli ədəbi prosesləri ədəbi axınlarsız və cərəyanlarsız təsəvvür etmək mümkün deyildir.
Məlum olduğu kimi, ölkəmizdə dövlət müstəqilliyi əldə edildikdən dərhal sonra cəmiyyətdə yaranmış onu itirmək qorxusu ədəbiyyatda əks-səda verərək çaşqınlıq, ümidsizlik, mənəvi böhran, hətta kədər motivlərini ön mövqeyə çıxarmışdır. Dekadans ədəbiyyat bədii yaradıcılıq proseslərinin bütün istiqamətlərində müşahidə olunmuşdur. Ümidsizlik və çaşqınlıq motivlərinin, necə deyərlər, bütün cəbhə boyu genişlənməsi və bir müddət davam etməsi Azərbaycan ədəbiyyatında dekadentizm ədəbi cərəyanını meydana çıxarmışdır.
Sosialist realizmi yaradıcılıq metodunun köhnə quruluşla birlikdə ömrünü başa vurması yeni bədii metod axtarışlarını gündəmə gətirmişdir. Bu proses, ilk növbədə, XX əsrin 90-cı illərində ayrı-ayrı ədəbi qrupların yaranması ilə nəticələnmişdir. Müxtəlif istiqamətləri hədəf və örnək kimi qəbul edən ədəbi qruplar nəticə etibarilə bədii metoda və ya ədəbi cərəyana çevrilə bilməsələr də, bununla Azərbaycanda çoxsəsli, çoxmetodlu ədəbiyyatın əsası qoyulmuşdur. Təkmetodlu sosialist realizmi ədəbiyyatından çoxmetodlu Azərbaycan ədəbiyyatına keçid müstəqillik dövrü ədəbiyyatının ideya-bədii və elmi-nəzəri əsaslarına çevrilmişdir.
XX əsrin axırlarından etibarən Azərbaycan cəmiyyətində baş verən canlanma və inkişaf tədricən ümidsizlik, çöküş meyillərini aradan qaldırmağa başlamış və bununla da ədəbiyyatda kiçik ədəbi qruplaşmaların ya birləşməsi, ya da ömrünü başa çatdırması prosesləri yaşanmışdır.
Artıq XXI əsrin başlanğıcında Azərbaycan ədəbiyyatında ədəbi qruplardan ədəbi cərəyanlara doğru yeni bir proses önə çıxmışdır. Bu dövrdən etibarən ədəbi qrupların yenidən qruplaşması əsasında, bəzən isə mövcud ədəbi istiqamətlərin, axınların inkişaf edərək genişlənməsi zəminində ədəbiyyatda yeni ədəbi cərəyanlar yaranmağa başlamışdır. Azərbaycan ədəbi tənqidi ədəbiyyatdakı cərəyanlaşmanı XXI əsrin birinci onilliyində hiss etmiş, bu haqda mülahizələr yürüdülmüşdür. Lakin ədəbi cərəyanların formalaşması üçün müəyyən zaman tələb olunduğundan ədəbi cərəyan məsələsindən ədəbiyyat nəzəriyyəsi səviyyəsində yalnız son üç-dörd ildə nisbətən geniş danışılmağa meyil artmışdır. Lakin hələ də ədəbi-nəzəri fikir ədəbi cərəyan məsələsinə bir qədər ehtiyatla və ya tərəddüdlə yanaşmaqdadır. Bunun nəticəsidir ki, bu günə qədər müxtəlif tədqiqat əsərlərində, icmallarda yeni tarixi epoxanın ədəbi cərəyanlarından ara-sıra söz açılsa da, konkret olaraq müstəqillik dövrü Azərbaycan ədəbiyyatında ədəbi cərəyanlar məsələsi nəinki konkret bir elmi tədqiqat əsərlərinin mövzusu olmamışdır, bu barədə ayrıca, xüsusi bir məqalə də yazılmamışdır. Lakin ədəbi proses ədəbi cərəyanlaşma proseslərinin dərinləşdirilməsinə və genişləndirilməsinə doğru yol getməkdə davam edir. Bu mənada ədəbi cərəyanların etirafı baxımından ədəbi düşüncə elmi fikri qabaqlamışdır. Özünü postmodernizm ədəbi cərəyanına aid edən yeni nəsil yetişmişdir. Yaxud da dövri mətbuatda çap olunan bədii yazıların adının altında mötərizədə (sürrealist hekayə), (postmodernist gəzişmə) kimi qeydlərə tez-tez rast gəldiyimiz halda, ədəbiyyatşünaslıq əsərlərində bu məsələlərdən çox da aktiv şəkildə bəhs olunmur. Yalnız son illərdə ədəbiyyatşünaslıq elmi artıq Azərbaycan ədəbiyyatında ədəbi cərəyan məsələsinə xeyli dərəcədə ardıcıl və geniş diqqət yetirməyə başlamışdır. Bunun bir əsas səbəbi də ədəbiyyatın özündə cərəyanlaşma proseslərinin qabarması ilə əlaqədardır. Artıq ədəbiyyatşünaslıq elminin ədəbi cərəyanlardan yan keçməsi mümkünsüzdür. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2018-ci ildə "Ədəbi cərəyanlar" sektorunun yaradılması da təsadüfi olmayıb, həm ədəbiyyatımızdakı klassik ədəbi cərəyanlara dövlət müstəqilliyinin, azərbaycançılıq ideyasının işığında yenidən qayıtmaq zərurətini, həm də müstəqillik dövrü Azərbaycan ədəbiyyatında ədəbi təmayüllərin, cərəyanların xeyli dərəcədə formalaşması, de-fakto bəyan edilməsi, yaxud etiraf olunması reallığını ifadə edir. Ədəbiyyat İnstitutunda "Ədəbiyyat nəzəriyyəsi şöbəsi"nin və "Ədəbi cərəyanlar sektorunun təşkilatçılığı ilə ədəbi cərəyanlara həsr edilmiş elmi seminarın keçirilməsi də bu problemin müasir dövrümüz üçün aktuallığını nəzərə çarpdırmışdır. Beləliklə, hazırda Azərbaycan ədəbiyyatşünaslığında ədəbi cərəyan probleminə yenidən qayıdış mərhələsi başlanmışdır.
Eyni zamanda, çoxəsrlik Azərbaycan ədəbiyyatının dövrləşməsi konsepsiyasının hazırlanmasında ədəbi cərəyan amilindən əsas faktorlardan biri kimi qəbul olunması da ədəbi cərəyanlara müasir baxışı özündə əks etdirir. Son illərdə Azərbaycan ədəbiyyatının tarixi inkişaf yolunun müəyyən edilməsində ədəbi cərəyanların roluna və əhəmiyyətinə xüsusi diqqət yetirilməsi bu faktorun milli-ictimai və ədəbi fikrin inkişafında nə qədər böyük rol oynadığını sübut edir. Bu məntiqdən çıxış edərək erkən realizmin XVII-XVIII əsrlərdə, maarifçi realizmin XIX əsrdə xüsusi ədəbi-tarixi mərhələ yaratması, XX əsrin əvvəlləri ədəbiyyatının tənqidi realizm və romantizm epoxası adlandırılması ədəbi cərəyanların Azərbaycan ədəbiyyatının tarixi taleyinə və müasir inkişafına güclü şəkildə təsir göstərdiyini aydınlaşdırır.
Sovet hakimiyyətinin dağılması ilə əlaqədar olaraq sosialist realizmi yaradıcılıq metodunun "ömrünü" başa çatdırmasından sonra müstəqillik dövrü Azərbaycan ədəbiyyatında hansı yaradıcılıq metodu və ya ədəbi cərəyan ədəbi prosesi istiqamətləndirilmişdir - sualına elmi cavab axtarmaq müasir Azərbaycan ədəbiyyatşünaslıq elminin üzərinə düşən ən mühüm vəzifələrdən biridir. Ölkəmizdə müstəqil dövlətin yaradılmasının 28-ci ilinin tamam olmasına baxmayaraq, hələ də bu məsələyə aydınlıq gətirmək istiqamətində ciddi bir elmi addım atılmamışdır. Fikrimcə, ədəbi prosesin inkişafını müəyyən edən bədii metod və ya ədəbi cərəyan məsələsini həll etmədən ədəbiyyatdakı gedişatın hansı istiqamətə doğru getdiyini, hara apardığını, hansı yeniliklərin gətirdiyini doğru-düzgün göstərmək mümkün deyildir.
Müşahidələr göstərir ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı ölkəmizdə demokratik cəmiyyət mərhələsinin ədəbiyyatı olduğu üçün vahid ədəbi metoda malik olan bir ədəbi proses haqqında düşünmək lüzumsuzdur. Təkpartiyalı sovet cəmiyyətinin doğurduğu vahid yaradıcılıq metodu anlayışı arxada qalmış, birdəfəlik arxivə verilmişdir. Çoxpartiyalı demokratik əsaslara malik olan müstəqillik dövrü ədəbiyyatında çoxmetodlu, çoxsəsli ədəbiyyat yaranıb inkişaf etməkdədir. Çoxmetodlu ədəbi proses müasir Azərbaycan ədəbiyyatının simasını müəyyən edir. Bu çoxmetodluluq ədəbiyyatşünaslıq elmində müəyyən edilmiş realist və romantik metodun çərçivəsinə sığmır. Ədəbi prosesin gedişatı mövzu, janr, üslub baxımından olduğu kimi, bədii metod cəhətdən də daha geniş və rəngarəngdir. Azərbaycan ədəbiyyatının müasir mənzərəsində müşahidə olunan həmin genişlik və rəngarənglik ətrafında cəmləşib, konkret yaradıcılıq yolunu müəyyən edən yazıçı və şairlərin fərqli ədəbi mövqeləri hazırkı mərhələdə ayrı-ayrı ədəbi cərəyanları doğurmuşdur. Hazırda Azərbaycan ədəbiyyatının indiki dövrünün əsas yaradıcılarını öz ətrafında birləşdirən ən azı aşağıdakı ədəbi cərəyanlar formalaşmaqdadır: 1. Neorealizm; 2. Postmodernizm; 3. Magik realizm; 4. Dekadentizm.
Əlbəttə, qeyd edilən ədəbi cərəyanlar artıq ədəbi mühitdə özünü biruzə vermiş, inkişafda olan təmayüllərdir. Heç şübhəsiz, bunlardan başqa da ədəbiyyatda müəyyən axınlar nəzərə çarpmaqdadır. Məsələn, Azərbaycan ədəbiyyatında sürrealizmin müəyyən əlamətləri görünməkdədir. Bu yaxınlarda Çingiz Əlioğlu öz şeirlərini "Ədəbiyyat qəzeti"ndə "Sürrealist şeirlər" rubrikası ilə çap etdirmişdir. Ədəbiyyatşünaslıqda müasir dövrün futurist yazarları haqqında müəyyən mülahizələr səslənir. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasında "Qoşa qanad: Fizika və lirika" mövzusunda keçirilən respublika miqyaslı elmi konfranslarda artıq Azərbaycan ədəbiyyatında akademizm ədəbi cərəyanının formalaşmaqda olduğunun anonsları verilir. Heç şübhəsiz, ədəbi prosesin çoxmetodlu inkişafı daha başqa ədəbi cərəyanları, axınları, təmayülləri də meydana çıxaracaqdır. Bu ədəbi axınlardan hansının davamlı olub-olmamasını yalnız zaman həll edə bilər.
Artıq müstəqillik dövrü Azərbaycan ədəbiyyatında fəaliyyətdə, hərəkətdə olan ədəbi cərəyanlardan monoqrafik tədqiqatlarda, dissertasiyalarda, məqalələrdə bəhs edilməkdədir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müəlliflər kollektivinin hazırlayıb nəşr etdirdiyi "Müstəqilik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyi bədii yaradıcılıq proseslərinin, yazıçı və şairlərin bədii yaradıcılığının çoxmetodlu ədəbiyyat prinsipinin işığında dəyərləndirilib qiymətləndirilməsinin sanballı elmi nümunəsidir. Məhz Azərbaycan ədəbiyyatşünaslıq elmində ilk dəfə bu monoqrafik tədqiqatda müstəqillik dövrü ədəbiyyatımızın çoxmetodlu inkişafı bəyan edilmiş və elmi-nəzəri cəhətdən əsaslandırılmışdır. Müstəqillik dövründə meydana çıxan ədəbi cərəyanlar haqqında da ilk dəfə burada konkret məlumatlar verilmişdir. Bütövlükdə isə müstəqillik dövrü Azərbaycan ədəbiyyatında mövcud olan ədəbi cərəyanların hər biri ayrılıqda, poetikası və estetikası ilə birlikdə tədqiq olunmalıdır.
Beləliklə, ümumiyyətlə, Azərbaycan ədəbiyyatında ədəbi cərəyan məsələsi, xüsusən də müstəqillik dövrü ədəbiyyatımızda ədəbi cərəyanlar problemi de-fakto elmi fikrin gündəliyinə daxil olmuşdur. Bu, ədəbiyyatşünaslıq elmində artıq bədii metod axtarışları ilə əlaqədar elmi fikri oyatmışdır. Hesab edirəm ki, ədəbi cərəyanlarla əlaqədar problem ədəbiyyatın inkişaf istiqamətləri, mərhələləri və perspektivləri, janrlar sistemi, estetikası, poetikası və sair kimi ciddi nəzəri problemləri əhatə etdiyi üçün ədəbiyyatşünaslıq elminin ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid qanadlarının qarşısında yeni üfüqlər açır. Əslində, yuxarıda qeyd etdiyimiz kimi, ədəbiyyatın nəzəri dərki və şərhi ilə əlaqədar yeni dalğa artıq başlanmışdır. İndiki halda bütövlükdə ədəbi prosesi, yaxud da ayrı-ayrı yazıçı və şairlərin yaradıcılığını tədqiq edib ümumiləşdirmələr apararkən, ədəbiyyatın ümumi qanunauyğunluqları ilə yanaşı, konkret olaraq yaradıcı qüvvələrin mənsub olduqları ədəbi cərəyandan da çıxış etmək lazım gəlir. Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirdən bəhs edərkən Azərbaycan ədəbiyyatında tənqidi realizmdən, Hüseyn Caviddən və Məhəmməd Hadidən söz açarkən romantizm ədəbi cərəyanından söz açmaq nə qədər elmidirsə, müstəqillik dövrü ədəbiyyatımızı təhlil edib dəyərləndirərkən də yaradıcı qüvvələri mənsub olduqları ədəbi cərəyanla bir yerdə öyrənib qiymətləndirmək bir o qədər zəruri, faydalı və elmidir.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı çoxmetodlu, çoxsəsli, çoxnəfəsli ədəbiyyatdır. Çoxmetodlu Azərbaycan ədəbiyyatı artıq meydandadır. Və dövlət müstəqilliyinin indiki mərhələsində mövcud bədii metod, üslub və janr müxtəlifliyi ədəbi istiqamətin simasını və yazıçının fərdi özünəməxsusluğunu müəyyən edir. Ədəbi mühitdə və bədii yaradıcılıq prosesində bu dalğa, bu meyil qüvvətlənməkdə, genişlənməkdə davam edir. Bu, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının artıq özünün çoxsəsli yaradıcılıq yolunu müəyyən etdiyini, bütün istiqamətlər üzrə start götürdüyünü, ciddi inkişaf templərinə malik olduğunu nümayiş etdirir.
Müasir Azərbaycan ədəbiyyatşünaslıq elmi də çoxmetodlu Azərbaycan ədəbiyyatını tədqiq-təhlil edib qiymətləndirərkən mövcud ədəbi inkişafın müxtəlifliyinin, çoxmetodlu, çoxüslublu olmasının fərqindədir. Bu da Azərbaycan ədəbiyyatının öyrənilib dəyərləndirilməsində də yeni bir elmi dalğanın başlandığını göstərir. İnanırıq ki, ədəbi prosesdə, ədəbiyyatda və elmi-nəzəri fikirdə meydana çıxan yeni dalğa Azərbaycan ədəbiyyatını və ədəbiyyatşünaslıq elmini daha geniş üfüqlərə çatdıracaqdır.
Heç şübhəsiz, hər ədəbi cərəyan özünün böyük yaradıcı dühasını doğuracaqdır. Erkən realizm Molla Pənah Vaqifi, maarifçi realizm Mirzə Fətəli Axundzadəni, tənqidi realizm Cəlil Məmmədquluzadəni və Mirzə Ələkbər Sabiri, romantizm Hüseyn Cavidi, Əli bəy Hüseynzadəni və Məhəmməd Hadini, sosialist realizmi Süleyman Rəhimovu, Süleyman Rüstəmi və Əli Vəliyevi yetişdirib böyük ədəbiyyat meydanına çıxardığı kimi, müstəqillik dövrünün ədəbi cərəyanları da yeni tipli görkəmli yazıçılarını ərsəyə gətirəcəkdir.
Qısa zaman ərzində yeni tarixi epoxanın izmləri fonunda modernizm və neorealizm zəminində Anar, Elçin, Əli Kərim, Fikrət Qoca, Sabir Əhmədovun və İsi Məlikzadənin, magik realizm işığında İsa Hüseynovun və Yusif Səmədoğlunun, postmodernizm dalğasında Kamal Abdullanın, dekadentizm burulğanında Vaqif Səmədoğlu və Ramiz Rövşənin, sürrealizm vaxtında Çingiz Əlioğlunun böyük ədəbiyyatın yaradıcıları olaraq meydana çıxması gələcəkdə yeni ədəbi cərəyanların fövqünə yüksələcək qüdrətli sənətkarların yetişib formalaşacağına nikbin baxmağa əsas verir. Eyni zamanda, ədəbiyyatşünaslıq baxımından da izmlərin görkəmli tədqiqatçıları kimi ədəbiyyatşünaslıq elminə öz möhürünü basmış akademik Məmməd Cəfər Cəfərov (romantizm), müxbir üzv Yaşar Qarayev (realizm) kimi müstəqillik dövrünün ədəbi cərəyanlarının da peşəkar tədqiqatçıları olan professional ədəbiyyatşünaslarının da yetişəcəyinə, ad-san qazanacağına inanmamaq mümkün deyildir.
Ədəbi prosesdən, ədəbiyyatdan - ədəbi cərəyanlara, ölkəyə və dünyaya!
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin yeni tarixi epoxadakı inkişafının ədəbi və elmi-nəzəri düsturu bundan ibarətdir.
***
Ədəbi proses hərəkatında yeni dalğa həm də ədəbi tənqiddə konseptuallığa və prosessionallığa doğru inkişafa təkan vermişdir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda artıq 2014-cü ildən ardıcıl olaraq keçirilməyə başlayan "Ədəbi proses" elmi-yaradıcılıq müşavirələri ədəbi gedişatı ayrı-ayrılıqda detallar üzrə təhlil etməkdən tədricən mətnə istinad etməklə məsələlərə kompleks yanaşmalara doğru inkişaf etmişdir. Məhz bu zəmində "Ədəbi proses-2017" müzakirələrində ilk dəfə olaraq ədəbi prosesin gedişatı əsasında ədəbi proses hərəkatından danışmaq mümkün olmuşdur. "Ədəbi proses-2017" yaradıcılıq müşavirəsində gəlinən aşağıdakı yekun elmi-nəzəri qənaət Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ardıcıl olaraq keçirilən ədəbi proses müzakirələrinin dialektik inkişafından çıxarılan elmi nəticəsidir: "Bu (Ədəbi proses müzakirələri - İ.H.) müasir Azərbaycan ədəbiyyatını illər üzrə bütün yönləri ilə təhlil edib dəyərləndirən ardıcıl və sistemli bir elmi-ədəbi hərəkatdır. "Ədəbi proses" marafonu müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mahiyyətini açan, səciyyəsini müəyyən edən, modellərini meydana qoyan, gələcək inkişaf yollarını göstərən hərəkatdır. Bu hərəkat Azərbaycan ədəbiyyatşünaslıq elminin ayrı-ayrı nəsillərini və bütün elmi dərəcələrdən olan elm adamlarını vahid platformada özündə birləşdirir və istiqamətləndirir… Ədəbi proses hərəkatı özünün baş məqsədi olaraq müstəqillik dövrünün ən müasir ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin yaradılmasına və yeni elmi nəslin yetişib formalaşdırılmasına inamla və uğurla xidmət edir".
Bu, ədəbi proses müzakirələrinin XXI əsrin yetmişinci illərindən bizim günlərə qədərki inkişafında gəlib çatdığı yüksək inkişaf səviyyəsidir. Artıq elmi-ədəbi hərəkatı statusu qazanmış proseslərin daha da genişlənərək və inkişaf edərək yeni bir dalğaya çevrilməsi prosesi başlanmışdır. Bədii mətndən və ədəbi proseslərin reallıqlarından çıxış edərək analitik təhlil əsasında proseslərə kompleks yanaşmaq, professionallıq və konseptuallığa cəhd göstərmək ədəbi proses hərəkatındakı yeni dalğanın əsas səciyyəvi xüsusiyyətləridir.
Eyni zamanda, "Ədəbi proses" müzakirələrində ara-sıra səsləndirilən, "Ədəbi proses - 2017"-də artıq bəyan olunan ədəbiyyatda gedən proseslərin yeni ədəbi axınlar və ədəbi cərəyanlarla əlaqəli tədqiqi və təqdim olunması da yeni tarixi mərhələnin əsas özünəməxsusluqlarındandır. Bizim müşahidələrimizə görə, "yeni dalğa" adlandırdığımız Ədəbi prosesin icmalını yaratmaqdan onun dərin və nəzəri şərhini verməyə doğru baş vermiş inkişaf tədrici təkamül prosesləri əsasında formalaşmış mühüm elmi nəticədir. İndiki halda biz Ədəbi proses müşavirəsində müzakirəyə çıxarılan elmi məruzələrdən bir çoxunu elmi yenilik və nəzəri səviyyə baxımından Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, hətta Milli Elmlər Akademiyasının mühüm elmi nəticələri sırasına daxil edə bilərik. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "2018-ci ilin ədəbi tənqidi: diskurs və proses", filologiya elmləri doktoru Vaqif Yusiflinin "2018-ci ilin poeziyası haqqında qeydlər", Elnarə Akimovanın "Tarixin sonu"nu inkar edən daha bir il. "İlin ədəbi mənzərəsi"), Salidə Şərifovanın "Ədəbiyyat tarixçiliyi - 2018", Esmira Fuadın "Poema - 2019: epos təfəkkürü və lirik-fəlsəfi bəyannamə", filologiya üzrə fəlsəfə doktorları Nərgiz Cabbarlının "Yeni romana müasir baxış", Maral Yaqubovanın "Bədii nəsr və yaradıcılıq texnologiyaları", Aynur Xəlilovanın "Povest - çağdaş bədii düşüncənin axtarışlarında", Lalə Həsənovanın "Azərbaycanın rusdilli ədəbiyyatı - 2018", Aynurə Mustafayevanın "2018-ci ilin dramaturgiyası üzərində düşünərkən", Nərmin Cahangirovanın "İlin hekayə palitrası" icmalları qarşıya qoyulan hədəfləri, dərin elmi təhlilləri, nəzəri ümumiləşdirmələri olan nəzəri tədqiqatlardır. Builki "Ədəbi proses" məruzələrini tam halda "Azərbaycan ədəbiyyatının tarixi oçerkləri - 2018" adlandırmaq olar. Bütövlükdə "Ədəbi proses - 2018" Azərbaycan ədəbiyyatının bir ilinin rentgen süzgəcindən keçmiş real gedişatını əks etdirib, obyektiv mənzərəsini yaradan mühüm elmi platformadır.
Təqdim edilən elmi məruzələrin bir çoxunda müşahidə edilən konseptual yanaşma, yaxud konseptuallığa meyil "Ədəbi proses - 2018"in elmi yeniliyi və mühüm nəticəsidir. Filologiya elmləri doktoru Cavanşir Yusiflinin "Poeziya və gənclər. Gənclərin sualları" məruzəsi müasir esse tənqidinin bariz nümunəsidir. Ümumiyyətlə, dövri mətbuatdakı ədəbi-tənqidi yazıları göstərir ki, Cavanşir Yusifli müasir dövrdə esse tənqidinin, yaxud da ədəbi tənqiddə esseçiliyin əsas yaradıcılarından biridir. Essevari tənqid artıq Cavanşir Yusifli tənqidinin fərdi simasıdır. İlk dəfə "Ədəbi proses" müzakirələrinə çıxarılmış esse janrı filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin tədqiqatında özünün gerçək nəzəri təhlilini tapmış və bundan sonrakı inkişaf templərini müəyyən edə bilmişdir.
Ədəbiyyat İnstitutunda Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin yaradılması və səmərəli fəaliyyəti 2018-ci ildə "Ədəbi proses hərəkatı"na filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın Asiya xalqları ədəbiyyatları ilə əlaqələr haqqında məruzəsini gətirmişdir. Uzun illər Sovetlər İttifaqı çərçivəsində əsasən SSRİ-yə daxil olan respublikalarda və Avropanın sosialist ölkələrində yaranan ədəbiyyatı öyrənməkdən kənara çıxarmaqda çətinliklərlə üzləşən Azərbaycan ədəbiyyatşünaslıq elminin müstəqillik dövründə ölkəmizin Qərbyönlü inkişafına uyğun olaraq Avropaya doğru sərhədlərini genişləndirmişdir. Bununla belə, Azərbaycan ədəbiyyatşünaslıq elminin Qərb ölkələri ilə əlaqələr üzrə dairəsi ətrafındakı hərəkəti irəliyə doğru addım əlaməti olsa da, Asiya ədəbiyyatı kimi zəngin bir xəzinədən kənarda qalması yalnız inkişafı birtərəfli şəkildə əks etdirməklə məhdudlaşa bilər. Nəhayət, 2016-cı ildə Ədəbiyyat İnstitutunda "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin təsis edilməsi və filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun rəhbərliyi ilə qısa müddətdəki səmərəli fəaliyyəti ölkəmizdə ədəbi əlaqələrin bütöv halda, geniş mənzərəsi ilə təqdim edilməsinə nail olunmuşdur. Bu mənada Bəsirə Əzizəliyevanın "Ədəbi proses - 2018" müşavirəsində "Azərbaycan-Asiya ədəbi əlaqələri" mövzusunda elmi məruzə ilə çıxış etməsi Azərbaycanda Ədəbi proses hərəkatında yeni olub, Asiya ədəbiyyatına açılan əhəmiyyətli bir pəncərədir.
"Ədəbi proses" müşavirələrində ümumiləşmiş şəkildə ədəbi növlər üzrə icmalların, yoxsa ədəbi növlərdən başqa konkret janrlar (məsələn roman, povest, hekayə) əsasında tədqiqatların hansının elmi cəhətdən faydalı olması məsələsi də günümüzün müzakirə mövzusudur. Ədəbi növlərə dair icmallar ədəbi prosesin ümumi istiqamətlər üzrə inkişafını, ayrı-ayrı janrlar əsasında təhlillər isə ədəbi prosesin bütün detalları, faktları və hadisələrini daha konkret şəkildə izləməyə, təkamül proseslərini reallıqları ilə birlikdə göstərməyə imkan verir. Ədəbi proses müşavirələrinin təşkili və keçirilməsi cəhətdən ədəbi növlər üzrə azsaylı məruzələr daha sərfəli olsa da, janrlar üzrə tədqiqat elmi baxımdan daha faydalıdır.
Qeyd etdiyimiz kimi, "Ədəbi proses-2018" konsepsual ədəbi tənqid platformasıdır. Məruzələrin əksəriyyəti üçün problemə, fakta, əsərə münasibətdə mətnin dərinliyinə yenmək, nəzəri təhlillər aparmaq ümumiləşdirilmiş konsepsual yanaşmalara və elmi-nəzəri nəticələrə şərait yaradır. Uzun illərdən bəri tənqid leksikasında özünəməxsus şəkildə "konsept" terminini işlədən tanınmış tənqidçi Tehran Əlişanoğlunun təqdimatlarında artıq onun ədəbi prosesə özünəməxsus konseptual elmi baxışları formalaşmışdır. "2018-ci ilin tənqid refleksləri" məruzəsi ədəbi tənqiddə konseptual yanaşmaların mükəmməl örnəyidir. Məruzədəki Ədəbi prosesi şərh etmək üçün bədii ədəbiyyatdan və ədəbiyyatşünaslıqdan gətirilən misallardan başqa digər təhlillər, müqayisələr və proqnozlar konseptual tənqid notlarıdır: "Bizdə tənqiddən şikayət bir növ onun yaşama və hərəkət düsturuna çevrilmiş; "Bilinskiçilik" şövqü, ədəbi tənqiddə Ön mövqe iddiası və israrları eynən dəyişməz qalır", "Ədəbiyyat qəzeti"ndə "ədəbiyyatşünas tənqidi" …ədəbi-tənqidi prosesin professional qatını gücləndirir", "tənqidçi kitabları xronoloji ilin deyil, bütöv bir dövrün ədəbiyyatının mənzərəsini görməyə imkan verir". Və nəhayət, Tehran Əlişanoğlunun mövcud ədəbi prosesin gedişatı, istiqaməti, yaxud mahiyyəti haqqında yekun konseptual ümumiləşdirməsi belədir: "Ədəbiyyatda, ədəbi prosesdə olduğu kimi, tənqiddə də Öndən Mərkəzə doğru bir süzüşmə baş vermiş, ədəbi tənqid missiyasını Ön dəyər axtarıcılığından (haradasa oralarda, "olmadığımız yerlər"də) daha çox mətnin (Ədəbiyyatın dərinliklərinə - sirr axtarıcılığı" yönəltmişdir".
Müasir ədəbi tənqidin əsas aparıcı simalarından olan Vaqif Yusiflidən konseptual baxışa örnək: "Poeziyamızda ənənələrin zənginləşməsi iki axarda cərəyan etmişdir. Birinci halda ənənələr daxilən, məzmunca dəyişmişdir, ikinci halda isə bu dəyişiklik bədii formada baş vermişdir… XX-XXI əsrlər Azərbaycan heca şeiri məhz belə inkişaf və yeniləşmə imkanları ilə diqqəti cəlb etmişdir". Vaqif Yusiflinin konseptual elmi baxışlarını bədii mətndən, faktdan gətirilən misallar əsaslandırır və möhkəmləndirir.
Ədəbi tənqiddə artıq yeni ədəbi nəsil də ədəbi prosesə konseptual yanaşmağı bacarır, ədəbiyyatda gedən prosesləri təhlil edib ümumiləşdirilmiş nəticələr çıxarır. Filologiya elmləri doktoru Elnarə Akimova 2018-ci ilin əsas ədəbi yekunlarına konseptual baxımdan aşağıdakı şəkildə giriş edir: "Bugünkü ədəbiyyat yeni tipoloji hadisədir. Müasir ədəbi proses yalnız ictimai-ideoloji mühitin, ədəbi-bədii, estetik-mənəvi dəyərlərin təbədulata uğraması deyil, dərin izahları olan məsələdir". Ədəbi gedişat haqqında da Elnarə Akimovanın mülahizələri konseptualdır: "Bu gün ədəbiyyat daha çox simvolların dili ilə danışmağı tərcih edir. Tarixə dönüş, mifolojiyə meyil, irreal aləmlər, fantastik dünyalar, fövqəltəbii qüvvələrin aparıcı olması… Ədəbiyyat daha çox təhtəşüura enib, ədiblərimizin yaradıcılıq ruhu daha dərinlərə varıb, mifoloji kontekstin fərqli təzahürlərini verir". Elnarə Akimova "Tarixin sonu"nu inkar edən daha bir il" adlandırdığı məruzəsini hamletvari konseptual bir monoloqla yekunlaşdırır: "Ədəbiyyat - tarix və insanın "sonu" problematikasından qurtulması üçün var olmalıdır?! Hər şeyin bir sonu olsa da, tarixin sonu mədəniyyət (ədəbiyyat) yaradanların əli ilə dayandırıla bilər. Çünki Roman Rollana inansaq, "yaratmaq ölümü öldürmək deməkdir".
Filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubovanın "Nəsr: nəzəriyyə və yaradıcılıq texnologiyaları" məruzəsində bədii nəsrin müxtəlif formalarında (roman, povest, hekayə) yazılmış yüzdən çox nümunəsinin təhlilini təqdim edir. İstər-istəməz müəllifin aparmağa borclu olduğu elmi-nəzəri ümumiləşdirmələr konseptual baxış üçün zəmin hazırlamış və Maral Yaqubova həmin imkandan ədəbiyyat haqqında konseptual düşünmək baxımından yaradıcılıqla faydalanmağı bacarmışdır. Fikrimcə, bu məqamda Maral Yaqubova özünü Azərbaycan ədəbiyyat nəzəriyyəçiliyində imza kimi isbat etmişdir. Məqaləsindən - məruzəsindən gətirdiyimiz tək bircə sitat bu yeni nəsil ədəbiyyat nəzəriyyəçisinin tanımaq və tanıtmaq üçün kifayət edir: "Ötən ilin nəsrinə mətn-nəzəriyyə meyarı ilə yanaşdığımızda, məlum oldu ki, çap olunmuş əsərlərin böyük əksəriyyəti mətn ola bilmir, müəllif kitabı və ya əsəri olaraq qalır. Nəsrin mətn ola bilməsi üçün nasirin hekayəsi statusu müəllif statusundan üstün olmalıdır. Hər bir mətn (söhbət mükəmməl bədii mətndən gedir) adresatdan adresata ünvanlanan koddaşmış yazıdır. Müəllif nəsr mətnin sərhədindən içəriyə daxil olduğu anda təhkiyəçiyə çevrilməlidir. Mətnin konstruksiyası olmalıdır, mətn müəllif tərəfindən quraşdırılan bir sxemdir və təhkiyəçi bu sxem-insanın, sxem-zamanın və məkanın mühəndisidir. İlin nəsrinin bütün təhkiyəçiləri müəllifdir, amma hər təhkiyəçi müəllif deyildir".
Nərgiz Cabbarlının yeni roman texnologiyalarına, Aynur Xəlilovanın müasir povestin janr sərhədləri və imkanlarına, Lalə Həsənovanın Azərbaycanın rusdilli ədəbiyyatına, Pərvanə Məmmədlinin Cənubi Azərbaycan ədəbiyyatına, Mehman Həsənlinin esse janrına, Aynurə Mustafayevanın müasir dramaturgiyaya, Nərmin Cahangirlinin ilin hekayə palitrasına, Gülbəniz Babayevanın mollanəsrəddinçi satiraya, Gülnar Qəmbərlinin uşaq ədəbiyyatına həsr edilmiş məruzələrinin hər birindən onların üzərində düşündükləri konkret mövzu, problem, müəllif, bədii əsər haqqında ümumiləşdirilmiş nəzəri fikirlərini ifadə edən onlarla sitatlar gətirmək mümkündür. Lakin elmi-ədəbi prosesdəki müsbət tendensiyaları təqdir etmək, diqqət mərkəzinə çəkməklə bərabər, həm də ifrat sitatçılıq üsulundan yan keçərək, bildirməyi özümə borc bilirəm ki, artıq Azərbaycan ədəbiyyatşünaslıq elmi ciddi keyfiyyət dəyişikliklərinin içərisindədir və əlamətdar cəhət ondan ibarətdir ki, bu proses ildən-ilə daha da təkmilləşərək inkişaf etməkdədir.
Ədəbi proses hərəkatında tənqid və ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi, ədəbi əlaqələr və bədii tərcümə sahələrində təmsil olunan əməkdaşlar da il ərzində yorulmadan çalışmışlar. Filologiya elmləri doktoru Salidə Şərifovanın "Azərbaycan ədəbiyyat tarixçiliyi" məruzəsi tarix faktından deyil, bu elmi istiqamətin hazırkı mərhələdə keçirdiyi inkişaf meyillərindən çıxış edilərək yaranan elmi cəhətdən ümumiləşdirilmiş təqdimatdır. Rasim Nəbioğlunun ədəbiyyat nəzəriyyəçiliyinə dair məruzəsində də ümumiləşdirilmiş tezislər vardır. Lakin bütövlükdə qeyd etdiyimiz sahələr üzrə, xüsusən, ədəbi əlaqələrə dair təqdim olunan icmallarda faktların sadalanması, informasiyaların təqdim olunması, xronoloji aspekt təhlil və dəyərləndirilmələri üstələmişdir.
Ümumiyyətlə, ədəbiyyata, ədəbi prosesə konseptual baxış ədəbiyyatşünaslıq elmində yüksək professionallığa doğru inkişaf meylini qüvvətləndirmişdir. Daha doğrusu, elmdə professionallıq istiqamətində yaşanan təkamül prosesləri nəzəri konseptual yanaşmaları və ümumiləşdirmələri formalaşdırmışdır. Bu məqamda professionallıqla konseptuallıq bir-birinin sinonimi kimi səslənməkdədir.
Əlbəttə, elmi-ədəbi prosesdəki professionallıq və konseptual yanaşmalara doğru meylin qüvvətlənməsi ədəbiyyatşünaslıq elmində keyfiyyət dəyişmələrinin mühüm göstəricisidir. Ancaq heç də həmin keyfiyyət dəyişmələrini tam yekun göstəricilər kimi başa düşmək, qəbul etmək doğru olmaz. Əvvəla, digər bütün elm sahələri kimi, ədəbiyyatşünaslıq elmi də daim təkmilləşməli, yeniləşməli və inkişaf etməlidir. Burada, neçə deyərlər, son hədd, axırıncı dayanacaq yoxdur və olmamalıdır. Lakin bizim qənaətimiz bundan ibarətdir ki, müstəqillik dövrü Azərbaycan elmində, "Ədəbi proses - 2018"dən söhbət açıldığı üçün konkret olaraq tənqid və ədəbiyyatşünaslıqda keyfiyyət dəyişmələri baxımından yeni dalğa başlanmışdır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun timsalında təqdim etdiyimiz bu yeniləşmə hərəkatı sadəcə akademik elmi düşərgəni əhatə etməklə qalmır, ölkə miqyasında da "görünməz dalğanın" qabarması kimi nəzərə çarpır. İndi Milli Elmlər Akademiyasında olduğu kimi, müstəqil respublikamızın digər elm və ali təhsil qurumlarında, regionlardakı elmi mərkəzlərdə də elmin bütün sahələri üzrə, o cümlədən ədəbiyyatşünaslıq istiqamətində elmdə keyfiyyət dəyişmələri hərəkatı baş verməkdədir. Ədəbiyyatşünaslıq elmi üzrə ölkə miqyasında qəbul olunan kifayət qədər ciddi imzalar formalaşmışdır. Qarşımızda duran əsas vəzifə içərisində olduğumuz elmi mühitdə müşahidə etdiyimiz "görünməz dalğa"nı daha da qabarıb inkişaf etməsinə bələdçilik etməkdən, ona dəstək verməkdən ibarət olmalıdır. Hesab edirəm ki, artıq start götürmüş bu proses elmimizdə müasir dövrün yeni elmi məktəblərinin yaradılmasına aparıb çıxaracaqdır.
Uğurlar arzulayıram!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!