Ötən ilin mətbu nəşrlərində dərc olunmuş publisist məqalələri mövzu-problematikasına görə bir neçə qrupa bölmək mümkündür:
Tədqiq-təhlil səciyyəli ədəbi-tənqidi məqalələr. Bu tip yazılar müəyyən problemlə bağlı axtarışların nəticəsi, yəni elmi məqalələrdir, lakin mətbuat vasitəsilə daha geniş oxucu kütləsinə təqdim edildiyindən publisist çalarlardan da xali deyil. Misal üçün, Esmira Fuadın "İnamın gəlişi" qəzetinin ötənilki saylarında hissə-hissə dərc etdirdiyi "Bu dünyanın qara daşı göyərməz" adlı silsilə yazısında həm tədqiqatçılıq, həm də publisist yaradıcılığı bacarığından yararlandığını görürük. Məqalə istedadlı şair Sabir Arazlı Özgün və onun "Bizdən salam olsun Musa Yaquba" kitabı haqqında düşüncələrdən ibarətdir. Lakin Sabir Arazlı poemasında olduğu kimi, Esmira Fuad resenziyasında da "Musa Yaqub - yurd", "Musa Yaqub - təbiət" bağlılığına xüsusi önəm verilir və bu meyil sənətin konkret məkan və zamanla əlaqələrini "düşüncələr"in əsas təhlil hədəflərindən birinə çevirir. Yaxud N.Cəfərovun Anar yaradıcılığından bəhs edən "Anarın əbədi gəncliyi... Və əbədi gəncliyin Anarı" ("Ulduz", №3), ""Bir gəncin manifesti"ndən "Bir səfirin manifesti"nə" ("Azərbaycan", №4) adlı məqalələrinin mayasını ayrı-ayrı sənətkarların yaradıcılıq fəaliyyətini dəyərləndirmə ilə yanaşı, insan və zaman ətrafında təhlil və düşüncələr təşkil edir.
Tədqiq-təhlil səciyyəli məqalələrin araya-ərsəyə çıxarılmasında N.Şəmsizadə, T.Salamoğlu, A.Turan, Ə.Cahangir, X.Telmanoğlu, V.Nəsib, N.Həşimzadə və b. tədqiqatçılarımızla yanaşı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları (İ.Həbibbəyli, V.Yusifli, A.Bayramoğlu, E.Akimova, B.Əhmədli, T.Əlişanoğlu, S.Şərifova, N.Cabbarlı, Q.Paşayev, C.Yusifli, M.Tağısoy, İ.Qəribli, Y.Qasımbəyli, R.Ulusel, B.Babayev, G.Babayeva və b.) əsas yaradıcı arsenal qismində görünür.
Ədəbi-tarixi yaddaşa müraciət edən məqalələr. Bu tip yazılar milli-mənəvi mədəniyyətimizlə bağlı, uzaq zaman məsafəsindən "dumanlı" görünən məsələlərə aydınlıq gətirmək və tarixi yaddaşı təzələmək baxımından əhəmiyyətlidir və bu meyil, əksinə, publisist axtarışları çərçivəsini genişləndirib elmi tədqiqata yaxınlaşdırır. Bu nöqteyi-nəzərdən İ.Fəhminin "Ədəbiyyat qəzeti"ndəki "Şərq arxetipləri" silsiləsi, R.Kamalın həmin qəzetdə dərc etdirdiyi "Mir Cəfərin qara maşını" (28 aprel), "Əbdürrəhim bəy və pasport" (23 iyun), "Şeytanbazar: itirilmiş yaddaş yeri" (22 sentyabr), "Yusif Vəzirin rəsmləri: qrafikadan mistikaya" (1 dekabr) və s. kimi yazıları xarakterikdir. Habelə D.Əhmədin "Hüseyn Baykara Əhməd Cavadla bir məhbəsdə" ("Ustad", №3), M.Adcının "Avropa buradan başlanırdı" ("Ustad", №3), V.Quliyevin "Parisə əzablı yol" ("Azərbaycan", №5), S.Babullaoğlunun "Elə ailələr, elə sülalələr var ki..." ("Ədəbiyyat qəzeti", 13 oktyabr), Ə.Şamilin "Nafiə Abidin Amerikadakı və Türkiyədəki nəvələri" ("525-ci qəzet", 31 oktyabr) və s. kimi yazılar publisist mühakimələri ilə yanaşı, ədəbi-tarixi araşdırmaları ilə də maraqlı və oxunaqlıdır.
Sənət və sənətkarlar, ədəbiyyatşünas-alimlər haqqında məqalələr. V.Yusiflinin "Ədəbiyyat qəzeti"ndə ilboyu davam etdirdiyi "Köhnə kişilər" silsiləsi və "Azərbaycan" jurnalında çap olunan yubiley münasibətli yazıları, M.Əliyevin professor Mirzağa Quluzadəyə (Xatirələrdə yaşayan insan. "Ədəbiyyat qəzeti", 20 yanvar), M.Orucun yazıçı Mübariz Cəfərliyə (Yazıçı ömrü. - "Azərbaycan", №4), A.Turanın caz musiqiçisi Vaqif Mustafazadəyə həsr etdiyi (Caz, sadəcə, musiqi deyildir... "Ədəbiyyat qəzeti", 23 iyun), A.Qoşqarın "Mənim tanıdığım Əlabbas" ("Ədəbiyyat qəzeti", 23 iyun), C.Qədirin görkəmli bəstəkar Asəf Zeynallıya (Son əsərini xəstəxana divarına yazan dahi: Asəf Zeynallı. "525-ci qəzet", 27 oktyabr) həsr etdiyi yazılarda qəhrəmanın həyat və fəaliyyəti ilə yanaşı, şəxsiyyətinin portret cizgiləri verilir, onun milli-mənəvi kimliyinin obrazını yaratmağa cəhd göstərilir.
Sosial-ictimai mövzularda məqalələr. S.Elcanlının "Dağlar dünyasının əbədi xoşbəxti" ("Ədəbiyyat qəzeti", 20 oktyabr), H.Hüseynovanın "Bütün yolların başlanğıcı - təhsil" ("Ədəbiyyat qəzeti", 23 iyun), S.Şahmursoyun "Oxucu ədəbiyyata nə verir?" ("Ustad", №5) və s. kimi məqalələr cəmiyyətdə gedən ictimai-siyasi, sosial-mədəni proseslərə publisist diqqətinin təzahürüdür. Bu tip məqalələrdə toxunulan mövzu ətrafında informasiya verilməklə yanaşı, təqdir, tənqid, təklif, tələb arqumentləri də nəzərə çarpır ki, bu da müəlliflərin həyati proseslərə intellektual müdaxiləsi kimi dəyərləndirilməlidir.
Resenziya tipli yazılar. Belə məqalələrdə bir qayda olaraq təzəcə çapdan çıxmış kitablardan, incəsənətin digər sahələrində diqqəti çəkən yeniliklərdən söz açılır. E.Akimova, Ə.Cahangir, Ş.Müşfiq, S.Elcanlı, S.Sultanova, Ə.Hüseynov, N.Abbasova, N.Hüseynov və başqa peşəkarların qələmində yaradıcı prosesə operativ münasibət, ilkin təhlil və dəyərləndirmə nəinki cari ədəbi prosesin öyrənilməsi, ümumiyyətlə elmi-mədəni həyatımızın nəbzinin "yoxlanması" baxımından xüsusi əhəmiyyət daşıyır.
Müraciət etdiyimiz ədəbi nəşrlər il ərzində oxuculara bir sıra maraqlı müsahibələr, zarisovkalar, söhbətlər, səfər təəssüratları da təqdim etmişlər. Bu çoxsaylı yazılar ədəbiyyat, mədəniyyət, incəsənət sahələrindəki real vəziyyət haqqında təsəvvür yaratmaq, yaradıcılıq vəzifələrini həyata keçirmək üçün arzu və istəklərin ifadəsi, habelə ədəbi-mədəni əlaqələr baxımından əhəmiyyətlidir. Eləcə də ""Ədəbiyyat qəzeti"nin müzakirə saatı" layihəsi üzrə aktual mövzularda aparılan söhbətlər müəyyən problemin müzakirəsi, müxtəlif fikir və mülahizələrin bölüşdürülməsi, polemikaya meydan açmaq nöqteyi-nəzərindən maraq doğurmaya bilmir.
Lakin təsnifatda xatırlatdığımız yazılarda publisistika ilə bədiiliyin şəffaf sərhədlərində birinci tərəfə meyil özünü daha çox hiss etdirdiyindən, onlar, təbii ki, bədii publisistika nümunəsi hesab oluna bilməz. Bədii publisistikada toxunulan mövzu-problemlə bağlı düşüncə və mühakimələr obrazlı, ehtiraslı, bədii bir dildə çatdırılmalı, emosiyanı artırmalı, bu isə, öz növbəsində, daha geniş kütlələrin marağına səbəb olub daha miqyaslı polemika doğurmalıdır. Bir neçə xarakterik nümunəyə diqqət yetirək.
Keçən il üç alpinistin Şahdağda itkin düşməsi hadisəsi geniş ictimaiyyəti intizar içərisində saxlamış, mətbuatda çoxsaylı, əsasən də informatik xarakterli yazılar dərc olunmuşdur. Tanınmış yazıçı-publisist Rafiq Səməndərin "Şahdağım, burax uşaqları" adlı yazısı ("Ədəbiyyat qəzeti", 3 fevral) Şahdağın ətəklərində yerləşən Xınalıq kəndində, "ağbirçək gəlin" Şahbikə xalanın evində yazılmışdır. O məqamlarda ki, göydə vertolyotlar uçuşaraq itmiş alpinistləri axtarır, yerdəkilər - xınalıqlılar isə ümidlə gözləyərək peçin üstündə isti süd saxlayırlar ki, tapılan kimi onlara içirtsinlər... Hər yan qar-buzdur, dağ-dərə "gəlin kimi ağappaq geyinib", sırsıradan bər-bəzək taxıb, adamlar isə nigarançılıq içindədilər... Şahbikə xala da narahatdır, verilən suallardan arabir yayınaraq yamşanıb baxdığı dağlarla danışır... səssiz danışır... Amma ağbirçək ananın bu inam-etiqadı müəllifi sadəcə arxaik əlamət kimi yox, həm də milli-genetik yaddaşın möhkəmliyi baxımından düşündürür, onun yayın qızmarında belə, ağ "çalmasını" başında saxlayan Şahdağa müraciətini əsərin ideyasına çevirir, yazının sərlövhəsinə çıxarır, ümumilikdə, təsvir və düşüncələrdəki paradoksallıq bədii kontrasta çevrilib məqalənin emosional təsir gücünü qüvvətləndirir.
Vaqif Nəsibin "Vaqif Səmədoğlu ilə üzü Muğana" yazısı ("Ədəbiyyat qəzeti", 9 iyun) Səməd Vurğunun 70 illiyi ərəfəsində Salyan-Neftçala bölgəsinə səfər təəssüratından ibarətdir. H.Arif, V.Səmədoğlu, R.Zəka və V.Nəsib həmin unudulmaz səfərin iştirakçılarıdır. Peşəkar yazıçı qələmindən çıxmış bu kiçik yazıda zaman hüdudları ustalıqla ram edilir, S.Vurğunun bir vaxtlar Muğanda keçirdiyi unudulmaz günlərlə 70 ildən sonra Muğanda keçirilən S.Vurğunu anma günləri bir araya gətirilir, mənalandırılır, fikir, mətləb ideya məqsədinə yönəldilir.
Mişkinaz Cavid "Cavid haqqında xatirimdə qalanlar" yazısından bir parçanı "Bu da bir cərəyandı, keçib-gedəcək..." adı altında mətbuatda dərc etdirmişdir ("Ədəbiyyat qəzeti", 27 oktyabr). Bu yazı repressiya və müharibə dövrü ağrılarını günbəgün, saatbasaat yaşamış bir qadının ürək titrədən hekayətidir.
Biz Əlabbasın bədii əsərlərində gördüyümüz dil-üslub, təhkiyə, təsvir özünəməxsusluğunu tənqidçi-ədəbiyyatşünas Sabir Bəşirovun qəfil ölümünə həsr etdiyi "Baş tutmayan görüş" ("525-ci qəzet", 27 oktyabr) adlı məqaləsində də hiss edirik. Yazıçı qələmindən çıxmış bu əsər Yardımlıda yaşayıb-yaratmış, ömrünü ədəbiyyata xidmətdə keçirmiş Sabirin həyat və fəaliyyəti ilə bağlı xarakterik faktlar üzərində qurulsa da, bədii məziyyətləri ilə bir növ hekayə-rekviyem təsiri bağışlayır.
Eləcə də, illər, məkanlar, qəhrəmanlar, məqamlar, xatirələr zəminində qələmə alınan: S.Elcanlının yaradıcı ziyalımız Nahid Hacızadə ("İşıqlı adamın dastanı". "Ədəbiyyat qəzeti", 24 fevral), Anarın SSRİ xalq rəssamı Tahir Salahov ("Tahir Salahovla söhbət". "Ədəbiyyat qəzeti", 8 dekabr) şəxsiyyəti və yaradıcılığından bəhs edən, habelə İ.Vahabzadənin "Armud qoxulu, sarı rəngli yuxular" ("Ədəbiyyat qəzeti", 10 fevral), S.Rüstəmxanlının "Tanıdığımız və tanımadığımız Dağıstan" ("Ədəbiyyat qəzeti", 13 oktyabr), M.İsmayılın "Bir qorxunc oyunda ortaya çıxar şeir" ("Ədəbiyyat qəzeti", 13 oktyabr) və s. kimi yazılar dil-üslub pəngarəngliyi, faktların bədii təfəkkür süzgəcindən keçirilib mənalandırılması və dəyərləndirilməsi, İ.Fəhminin "Milli ənənələr, kütləvi mərasimlər" adlı yazısı ("Ədəbiyyat qəzeti", 3 noyabr) Novruz şənliklərini daha rəngarəng etmək təklifləri, "Dəmir əjdaha və şeyda bülbül" ("Ədəbiyyat qəzeti", 17 noyabr) yazısı bəstəkar Firəngiz Əlizadə sənəti və ümumiyyətlə, musiqi sənəti haqqında, B.Vüsalın "Ənəlhəqq deyən kişi..." essesi xalq yazıçısı İ.Hüseynovun bədii-fəlsəfi baxışları barədə orijinal düşüncələri ilə maraq doğurur.
Anarın "Türkün sözü" essesində ("Azərbaycan", №7-8) , Kamal Abdullanın "Ədəbiyyat qəzeti"nin bir sıra saylarında dərc etdirdiyi "Əvvəl-axır yazılanlar" başlıqlı esselərində olduğu kimi. "Türkün sözü" essesinin əvvəlində müəllif danışıq zamanı işlətdiyimiz "türkün sözü", "türkün məsəli" ifadələrinin məna və mahiyyətinə varılır. Sonra müəllif düşüncələrini türk xalqları şeirinin incələmələri ilə genişləndirir, bu şeirlərdəki söz, fikir dərinliklərini, sənətkarlıq xüsusiyyətlərini araşdıra-araşdıra qəti qənaətə gəlir: "Min illər boyu türkü yaşadan Türkün sözü olub. Bu ifadəni heç vaxt, bir növ üzrxahlıq edərək işlətməməliyik. Əksinə, böyük qürur hissiylə, iftixarla tələffüz etməliyik. Fəxr edərək deməliyik ki, tarixin, əsrlərin bütün keşməkeşlərindən, məşəqqətlərindən keçən Türkün sözü Türkün varlığıdır, ən böyük nemətdir, alınmaz qalasıdır". (Anar. Türkün sözü. "Azərbaycan", №7-8, s. 45). "Əvvəl-axır yazılanlar" isə yığcam ədəbi esselər silsiləsidir.
B.Vüsalın eşq və ilahi eşq mövzusunda bədii-fəlsəfi düşüncələrini əks etdirən "Xətadı qeyri-eşq..." ("Kredo" qəzeti, 18 aprel), T.Turanın kənd xatirələri əsasında yazdığı "Uşaqlığımızın rəngli kişiləri" ("525-ci qəzet", 22 sentyabr) esselerində də zamanın axarı, həyat tərzinin dəyişməsi, dəyərlərə münasibətdə itkilərimiz, qazanclarımız kimi düşündürücü problemlər qələmə alınır. G.Natiqin "Sevgi və xəyanət" ("Azərbaycan", №1), G.Eyvazlının "Alnımda göynəyən güllə yeri" ("Ədəbiyyat qəzeti", 27 oktyabr), A.Abdullanın İrana səfər təəssüratı əsasında yazdığı "Sandıq" ("Azərbaycan", №9), Q.İsabəylinin "Axır ki öldüm, ay bala!" ("Ədəbiyyat qəzeti", 17 noyabr) və s. kimi çoxsaylı esselər bu janrda yaradıcılıq təsərrüfatının mövzu-problem və məzmun rəngarəngliyini göstərir.
G.Nargisin "Gilənar rənginə boyanan ovuclar" ("Ustad", №2), M.Quluzadənin "Sərhədsiz quşlar" ("Ədəbiyyat qəzeti", 3 mart) yazıları dil, təsvir baxımından oxunaqlıdır, janr etibarilə isə birinci hekayəni, ikinci isə daha çox mənsur şeiri xatırladır.
Beləliklə, ötən ilin ümumi mənzərəsi belə deməyə əsas verir ki, publisistika bu gün də həyat hadisələrinə münasibətdə öz çeviklik və mütəhərriklik keyfiyyətlərini qoruyub saxlaya bilir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!