Ədəbiyyatda esse - Mehman HƏSƏNLİ yazır

 

2018-ci il ərzində Azərbaycanda kifayət qədər böyük həcmdə esse materialları ayrı-ayrı müəlliflərin kitablarında, qəzet və jurnallarda çap olunmuşdur. "Azərbaycan" və "Ulduz" jurnalları, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kaspi", "Ədalət" qəzetləri "Sim-sim.az" portalı və eləcə də ayrı-ayrı müəlliflərin kitablarında çap olunmuş esse nümunələri əsasında ilin mənzərəsini canlandırmağa çalışdıq.

Akademik İsa Həbibbəyli Gürcüstanda Türkologiya elminin inkişafında müstəsna xidmətlər göstərmiş akademik Elizbar Cavalidzenin Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunmuş Füzuli haqqında monoqrafiyasına poetik esse formasında ön söz yazmışdır. "Akademik Elizbar Cavalidzenin Füzulinaməsinə" akademik düşüncə ilə bədii təxəyyülün qovuşmasında yaranan olduqca maraqlı esse nümunəsi, formatıdır. Esse forma etibarilə sərbəst şeiri xatırladır: "Elizbar Cavalidze - Yunus Əmrənin Kürə qarışan hekayəsidir. Yenidən doğulan Ruhi Bağdadi təzkirəsidir.

Məhəmməd Füzuli - Elizbar Cavalidzenin Azərbaycan sevdasıdır. Gürcü aliminin ədəbiyyatda Kərbəlasıdır. Və ya romantik düşüncədə Metex qalasıdır".

2018-ci ildə xalq yazıçısı Anarın "Söz dünyası" adlı çoxcildliyinin I cildi işıq üzü gördü. "Odlar yurdunun söz və sənət dünyası" adlı giriş məqaləsi yurdumuzun tarixi, mədəniyyəti və ədəbiyyatını özündə ehtiva edən Azərbaycannamədir. Kitabda Anarın müxtəlif dövrlərdə yazdığı məqalələri, oçerkləri xatirələri ilə birlikdə esseləri də yer alıb. "Türkün sözü" essesində Anar özünün illər öncə tərtib etdiyi "Min beş yüz ilin Oğuz şeiri" antologiyasına bir az fərqli rakursdan, tədqiqatçı kimi yenidən qayıdır. Anar essedə "tariximizin şeir yaddaşı"nı - Oğuz poeziyasını tarixini səhifələyir.

2018-ci il boyu xalq yazıçısı Kamal Abdullanın "Əvvəl-axır yazılanlar" silsiləsindən növbəti esseləri dərc olunub. "Ol zamanlar"da müəllif "Kitabi-Dədə Qorqud" dastanı, Umberto Eko ilə görüşü və "Yarımçıq əlyazma" əsəri, eyni zamanda müasir Azərbaycan ədəbi tənqidi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirir, mülahizələrini irəli sürür. Eyni silsilədə yazılan "O, işığa deyil, hüzura layiqdir", "Banuçiçəklə Beyrəyin sirri" esselərində fraqmental şəkildə müxtəlif mövzular, ədəbiyyat məsələləri haqqında düşüncələr yer alıb.

Mətnində ciddi filoloji qat və məzmun keyfiyyəti ilə seçilən, ilboyu istər tərcümələri, istərsə də müəllifi yazılarla Azərbaycan esseistikasında model yaradanlardan biri filologiya elmləri doktoru Cavanşir Yusiflidir. Müəllifin ilboyu bir kitab həcmindən çox yazıları "Ədəbiyyat qəzeti"nin səhifələrində dərc olunmuşdur. Cavanşir Yusifli "Brikolaj, yaxud işıq qapısı" essesində Jerar Jenet və ondan əvvəl strukturalist Levi Stross tərəfindən mifoloji təfəkkürlə bağlı ərsəyə gətirdiyi "intellektual brikolaj" anlayışını müasir ədəbiyyatşünaslıq tədqiqatları ilə kəsişdirir. Bu kəsişmə nöqtəsi müəllifə bir sıra suallara cavab axtarmağa imkan yaradır. O, mətni hər hansı bir cərəyanın, qəlibin sərhədlərinə salıb təhlilə cəlb etməyə qarşı çıxır. 

Müəllif "İçimizdə yaşayan kitablar" essesində də dünya və eləcə də Azərbaycan ədəbiyyatına dair mülahizələr, düşüncələr öz əksini tapır. "Mətnin hiss edilməsi" essesi Əhməd Cəmilin "Can nənə, bir nağıl de" şeirinə yazılmış uğurlu ətək yazısı xarakterindədir. Müəllifi haqlı olaraq uğurlu filoloji mətnin yazıçının və şairin düşündüklərini, yazdıqlarını təkrar etməklə deyil, əsərdəki "qıfıl"ları açmaqla müəyyənləşdiyini yazır. "Millət və vətən türküsü", "Əli Kərimin ad gününə", "Küldən təpəcik olmaz" müəllifin maraqlı yanaşmalı olduğu esse nümunələridir. Hər bir xalqın, mədəniyyətin, ədəbiyyatın kodlaşamış yaddaşı var və bu yaddaş zaman və məkan sərhədlərini aşaraq arxetipləşir və yaranan yeni nümunələrə transformasiya olunur. "Axundov yaddaşı" essesində Cavanşir Yusifli Axundovla klassik irs arasındakı əlaqəni, bağı "yaddaş" metaforası vasitəsilə izah edir.

Filoloji esseistikanın Azərbaycanda uğurlu müəlliflərindən biri də professor Rüstəm Kamaldır. Onun "Güzgü günü" esselər kitabında ədəbiyyatın müxtəlif zaman və məkan paradiqmaları orijinal baxış müstəvisində tədqiqata cəlb edilir. Məsələn, Molla Pənah Vaqif haqqında "Molla Pənah Vaqif: Gözün tarixi", "Molla Pənah Vaqifin güzgüsü", eləcə də "Molla Pənah Vaqif və Səməd Vurğun: felin karması" esselərində Vaqifin həyat və taleyinin XVIII əsrin "göz mədəniyyəti" kontekstində təqdimatıdır. Müəllifin Mirzə Fətəli Axundzadənin taleyinə Ziqmund Freydin "Edip kompleksi" və ya Con Ostinqin nitq aktları nəzəriyyəsi kontekstində yanaşması Azərbaycan filoloji fikri üçün yenidir. Linqvistik fəlsəfənin insan taleyi ilə paralelliyini bir müstəvidə birləşdirmək müəllif kimi Rüstəm Kamalın uğurlu tapıntısıdır. Kitabda, eyni zamanda Mir Möhsün Nəvvab haqqında "Mir Möhsün Nəvvab: İki od arasında", İsmayıl bəy Qutqaşınlı haqqında "Generalın xarabat mistikası", İsa Muğanna haqqında "İsaya inanmaq", Anar haqqında "Anar fəzası", "Telefonda səs", Zəlimxan Yaqub haqqında "Layla, Zəlimxan, layla", Nüsrət Kəsəmənli haqqında "Nüsrət Kəsəmənlinin nağılları" və digər yazılar yer alıb.

Rüstəm Kamalın esseistikasının orijinallığı haqqında yazdığı ədiblə onun yaratdığı obrazların taleyi arasında tapıntı xarakterli paralellər qurma cəhdləri ilə meydana çıxır. Xalq yazıçısı Anar haqqında "Telefonda səs" yazısı müəllifin kənddəki evində uşaqlıq xatirəsi, evin küncündəki az hallarda zəngi eşidilən telefonun səsindən başlayır. Anarın məşhur "Mən, sən, o və telefon" hekayəsindəki Vaqif Səmədoğlundan gətirilmiş epiqrafla davam edir:

"Telefon nömrələri

Oxşamaz bir-birinə

Amma hamısında

İnsan səsi...

...pis günlər

Oxşamaz bir-birinə

Birində özün susarsan,

Birində telefon".

Və sonda Anarın Ədəbiyyat İnstitutundakı müşavirədə telefonuna zəng və Vaqif Səmədoğlunun ölüm xəbəri... Bütün hadisələri, təxəyyüllə reallığın kəsişməsini ən gözəl belə təsvir etmək olardı.

Ötən ildə Azərbaycan esseistikası mədəniyyətin müxtəlif aspektlərini - kino, teatr, rəssamlıq və heç şübhəsiz ki, ədəbiyyatı bir çatı altında birləşdirən Azər Turanın yazıları ilə daha da dolğunlaşdı. "Caz, sadəcə, musiqi deyildir" essesində Azər Turan Vaqif Mustafazadəyə həsr etdiyi "Sənsiz səninlə" əsərinin səhnə taleyi fonunda Azərbaycan cazı və onun görkəmli yaradıcısı Vaqif Mustafazadə yaradıcılığı ətrafında maraqlı faktları açıqlayır. "Ədəbiyyatşünaslıqdan milli ideologiyaya" yazısında bədii yaradıcılıq aspekti ilə elmi düşüncənin daim bir-biri ilə əlaqədə olduğunu, qarşılıqlı keçidlərin hər zaman aktual olmasından yazır: "Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti" ilə Akademiyanın Ədəbiyyat İnstitutu Azərbaycan ədəbiyyatının qoşa qanadıdır. Qoşa qanad tandemini təsdiqləyən mükəmməl örnəklərimiz də var".

"Eşqi həmişələr gəlir yanıma..." essesində Buynuz kəndində Musa Yaqubla söhbətləşir, Nizaməddin Şəmsizadənin elmi yaradıcılığından, Azərbaycan ədəbiyyatşünaslığı tarixində yerindən danışır.

Ötən il "Ədəbiyyat qəzeti"nin bir sayı "tutduğu vəzifədən çox-çox ucada dayanan bir mütəfəkkir" (Azər Turan) xalq yazıçısı Anara həsr olundu. Azər Turan ustad yazıçının yubileyinə onun özünün yazdığı traktatın adından götürərək "Anarın yaşamaq haqqı" adlandırıb. Müəllif qəzetin bu sayının Azərbaycan ədəbiyyatında yaşamaq haqqını çoxdan qazanmış bir ədibə - xalq yazıçısı Anara həsr edildiyi üçün hər zaman axtarılan nüsxəyə çevriləcəyinə əminliyini ifadə edir. Məncə də haqlıdır.

"Yatmış şəhərin yuxusu essesi" rəssam, eyni zamanda şair Ucal Haqverdiyevin taleyinin, yaradıcılığının rəsmidir. Azər Turanın çap olunmuş esseləri vahid bir mətnin parçalarını xatırladır və yazılar arasında çox qəribə şəkildə keçidlər mövcuddur.

"Hey fələk, keçdi zaman dalğa kimi..." essesində Turan Cavidin son günü bütün ayrıntıları ilə öz əksini tapıb. Eyni zamanda Azər Turanın ötən il xalq yazıçısı Elçin haqqında "Vətənin Elçini", Məsud Əlioğluna həsr etdiyi "Eşq və kədər yağmuru...", "Dəlixana divarını öpdü çinar budaqları...", "Şər çiçəkləri", "Sevgi məktubu kimi", "Dünyanın Cavad mifi", "Bir qəribə şair - Orxan Vəli", "Dünya poeziyasının türk şahzadəsi", "Ayrılıqların sürreal mənzərəsi... Bir cüt mavilik" esseləri maraq doğurur.

Rəşad Məcid "Əvvəl-axır yazılanlar" silsiləsindən (Kamal Abdulla) ilhamlanaraq sosial şəbəkələrdəki statuslarını "Qələmsiz yazılanlar" başlığı altında təqdim etməyə başladı. Doğrudan da, sosial şəbəkələrdə, xüsusən də "Facebook"da aparılan ədəbiyyat söhbətləri, ədəbiyyatın və ədəbiyyatşünaslığın ən müxtəlif məsələləri ilə bağlı paylaşılan statuslar, onlara yazılan şərhlər heç də digər yayım üsullarından (qəzet, jurnal və hətta internet saytları) geri qalmır, hətta deyərdim ki, onları funksionallığı və hərəkiliyi baxımdan üstələyir.

2018-ci il bu baxımdan Məti Osmanoğlunun "Sözün o üzündə" adlı kitabında müəllifin indiyə qədər yazdığı filoloji araşdırmaları ilə birlikdə esselərindən seçmələr də çap olunub. 

Azərbaycanda esseistikanın inkişafında Qismət həm müəllif, həm də dünya esseistlərinin yazılarını dilimizə tərcüməçisi kimi son illərdə bir çox uğurlu işlər görmüşdür. Baş redaktoru olduğu "Sim-sim.az" portalı Azərbaycanda esseistikanın yeni məktəbi xarakterindədir. 2018-ci ildə Qismətin tərcüməsində "Ədəbiyyatsız dünya" esselər kitabı çap olunmuşdur. Eyni zamanda müəllifin şair Səlim Babullaoğlu haqqında "Səlimin şeirləri ilə kültür gəzintisi", Kamal Abdulla haqqında "Üz-üzə güzgülər" esseləri dərc edilmişdir.

Fərid Hüseynin Lev Tolstoyun "Anna Karenina" romanının təəssüratları əsasında yazdığı "Oynamayanların qələbəsi" silsiləsi zamanlararası əlaqələr baxımından maraq doğurur. Müəllif XXI əsrdə, ətrafımızda baş verən dəyişimlərlə romanda baş verən psixoloji təbəddülatları bir-birinə müncər edir. 

Pərvinin "Don Kixano...", "Şəki... və Bəxtiyar Vahabzadə", "Şamaxı... və Mirzə Ələkbər Sabir...", "Bakı... və Qara Qarayev" və başqa esseləri maraqla qarşılanıb. Müəllif "Xalis xilas" essesində özü ilə söhbət edir, həyatın tapılmayan mənasını, bəlkə də, sirrini açmağa çalışır. Niyə yazırıq sualına cavab axtarmağa çalışır. Pərvinin "Tarixləri əks etdirən türk sözü" essesi xalq yazıçısı Anarın "Türkün sözü" yazısı haqqında, onun mahiyyətini açan Ön söz xarakterindədir.

Gənc şair, esseist Ramil Əhmədin ötən il "İki şəhərin yazıları" adlı esselər kitabında müəllifin 2015-2017-ci illərdə Bakıda və təhsil aldığı İstanbulda qələmə aldığı yazılar toplanmışdır. Kitabda ədəbiyyatla bərabər kino və rəssamlıq haqqında yazılar yer alıb.

Nərgiz İsmayılovanın (Nargis) ötən il "Ədəbiyyat qəzeti"nin səhifələrində bir neçə yazısı dərc olunub. "Susqunluqlarım məni təmkinli yox, təhlükəli qadına çevirirdi getdikcə..." yazısında müəllif, sanki yaratdığı qadın obrazının daxili təlatümlərini ifadə etməyə çalışır. "Ştefan Svayqın "Yad qadının məktubu" novellası və bozumtul kədər" yazısında Nargis əsərin filoloji şərhini verir.

Ülvi Babasoy "Tanrını sorğulamaq cəsarəti" essesində Həsən Əli Toptaşın "Hədər" romanından yazır. Və ya "İsa Martha və Məryəmin evində" essesində insanların daima özlərini başqaları ilə müqayisə edərək natamamlıq kompleksi yaşamalarından bəhs edir. "Kalvinonu oxumayanlar üçün" essesində İtalo Kalvinonun "Bir qış gecəsi əgər bir yolçu" romanının izi ilə gedərək oradakı mətləbləri, müəllif-əsər-oxucu müəlliflərinə aydınlıq gətirməyə çalışır.

Mehman Qaraxanoğlunun "Alleqoriyadan simvolikaya...", Barat Vüsalın "Ənəlhəqq deyən kişi...", "Məchul dilin məlumluğu", Rəvan Cavidin "Kim daha çox xoşbəxt ola bilərdi?!", Babullanın 20 Yanvar hadisələrinə həsr etdiyi "Azadlıq məbədinin memarı", Günel Natiqin "Sevgi və xəyanət", Musa Quluzadənin "Xəzərim mənim", "Kor Xəlil", "Sərhədsiz quşlar", "Kölgədə bitən... kölgədə yaşayan", Sevil Gültənin "Anamın yuxu gördüyü ev", "Uşaqlıq illərimin şəkilləri", Tural Turanın "Uşaqlığımızın rəngli kişiləri", Şəhriyar del Geraninin "Kiyevlə üz-üzə", "Yenə bu şəhərdə üz-üzə gəldik..." yazıları ilə 2018-ci ilin esse mənzərəsi daha da dolğunlaşmışdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!