Nəsr: nəzəriyyə və yaradıcılıq Texnologiyaları - Maral Yaqubova yazır

Qeyd: Bu məruzə roman, povest, hekayə daxil olmaqla təxminən 100-dən çox nəsr əsərinin təhlili əsasında yazılıb. 2018-ci ildə çap olunmuş nəsr əsərlərinin sayı bundan çoxdur ki, az deyil. Məruzənin məqsədi bu mətnlər əsasında nəzəriyyənin baxışından ötən ilin bədii nəsrinin şərhini verməkdir və təqdim olunan bu qısa versiyada  konkret nəzəri mülahizələr öz əksini tapıb. Məruzənin kitab çap variantında  mətnlərin açıq təhlili yolu ilə müddəalar daha əhatəli şəkildə əsaslandırılmışdır.

Nəzəri təhlil üçün vacib olan amillərdən biri nəsr əsərinin bədii nəsr mətni ola bilmə potensialıdır. Hər əsər bədii mətn ola bilmir, çünki mətn işarəvi struktur tələb edir, aktivdir, davamedicidir, müxtəlif istiqamətli şərhlərə açıqdır. İstənilən mətn oxunduğu zaman var olur və öz oxucu sayı qədər potensial oxuma enerjisinə malikdir. Ötən ilin nəsrinə mətn-nəzəriyyə meyarı  ilə yanaşdığımızda, məlum oldu ki, çap olunmuş əsərlərin böyük əksəriyyəti mətn ola bilmir, müəllif kitabı və ya əsəri kimi qalır. Nəsrin mətn ola bilməsi üçün nasirin təhkiyəçi statusu müəllif statusundan üstün olmalıdır. Hər bir mətn (söhbət mükəmməl bədii mətndən gedir) adresatdan adresata ünvanlanan kodlaşmış yazıdır. Müəllif nəsr mətninin sərhədindən içəri daxil olduğu anda təhkiyəçiyə çevrilməlidir. Mətnin konstruksiyası olmalıdır, mətn müəllif tərəfindən quraşdırılan bir sxemdir və təhkiyəçi bu sxem-inşanın, sxem zaman və məkanın mühəndisidir. İlin nəsrinin bütün təhkiyəçiləri müəllifdir, amma hər müəllif təhkiyəçi deyil.

Özündə yeni tendensiyaları ehtiva edən, çağın dəyişən ruhunu sezən, paradiqma dəyişikliyini qavrayan nəsr mətnlərinin qısa həcminə münasibətdə, mətnləşməyən nəsr əsərlərinin həcminin böyüklüyü o qədər də ziddiyyətli görünmür. Ənənəvi, birölçülü güzgü effekti müasir oxucunu artıq cəlb etmir. Nəzəri hazırlıqlı oxucu, mütaliəni zövq almaq səviyyəsindən daha fərqli bir akt kimi dərk edir, onun fantaziyasını, təxəyyülünü, yaddaşını və intellektual səviyyəsini oxuma prosesinə daxil edən mətnləri oxumaq istəyir. Nasirlərimizin əksəriyyətinin öz mövzularının gerçək həyat hadisələri olmasına ifrat aludəçiliyi, (bunun iki başlıca amili var: birinci, yeni yazanlar inanır ki, uzun müddət yazıçılar gerçəkliyi göstərə bilməyib və buna indi imkan yaranıb; ikinci amil isə yaradıcılıq məsuliyyətininin zəifliyi, qeyri-peşəkarlıqdır) mətndən kənardakı reallığı mətnin  reallığında əks etdirə bilməməsi və dağınıqlıq yaranması, nəql olunan hadisənin narrativ və diskurs səviyyələrinin olmaması, hadisənin zaman və məkan koordinatlarının lüzumsuz dəqiqliyi, obrazlı düşüncənin yoxsulluğu, personaj heyəti arasında dialoq bolluğu və s. nəsr əsərini mətn olmaqdan uzaqlaşdıran faktlardır, nəticədə bu tip əsərlər kütləviləşir, bədii məzmun qazana bilmir, təsir effektini itirməklə bərabər elmi təhlilə də dözümsüz olur; qırılıb tökülür... Hadisənin çözülməsi mətnin çözülməsindən asan prosesdir və bəsitdir, müəllifin təhkiyəçiyə çevrilə bilmədiyi əsərlərdə struktur və ifadə texnologiyası formalaşa bilmir. Kütləvi ədəbiyyatın ən çox satılanlar, ən çox oxunanlar siyahısına öndərlik etməsi, təkcə müasir ədəbi prosesimizin problemi deyil, bu, oxucu kütləsinin sosial-mənəvi özünüdərk məsələsindən də qaynaqlanır.

İstənilən mövzunun mətnyaratma potensialı var, bu potensialı görmək isə müəllifin yaradıcı erudisiyası, adi düşüncənin sərhədlərini aşan poetik təfəkkürünü ifadəetmə qabiliyyəti və innovativ-texnoloji yanaşması ilə ölçülür. Müasir elmi-nəzəri təhlil modelinə uyğun gəlməyən ikinci qisim əsərlər isə kütləvi ədəbiyyat anlayışı ilə adlandırıla bilməyən nəsr əsərləridir. Bu tip əsərlərdə müəlliflərin ədəbiyyatın imkanlarını sovet düşüncəsi səviyyəsində dərkindən qaynaqlanır, ədəbiyyatı gerçəkliyin inikası kimi görmək (gerçəklik imitasiyası yaratmaq) və yaradıcılığı bu sərhədlər daxilində məhdudlaşdırmaq əsərin həcmindən başlayaraq ən xırda detalına kimi təsir edir. Mətn strukturu, təhkiyə texnologiyası çox zəif olan bu tip əsərlərdə mövzuların təqdimatı söhbət səviyyəsini aşa bilmir, müəllif mövqeyinin hadisələrin olduğu kimi çatdırılmasına göstərdiyi həssaslıq bədii nəqlin natamam və qüsurlu olmasına şərait yaradır. Təsadüfi imzaların bol olduğu bu əsərlərdə yaşanmış həyat, keçmişində iz buraxmış, amma şəxsi lokal çevrəni aşa bilməyən, dünyaya bəsit və uydurma suallar verib cavab axtarmayan mövzular, kiçicik problemlər bəzən 300-500 səhifəlik həcmdə təqdim olunur.

Tarixin ədəbiyyata gəlişi və ya tarixi mənbədəki məlumatın bədii mətnin informasiyasına çevrilməsi ilin nəsrində tarixi romanlar vasitəsilə gerçəkləşdi: konkret bir tarixi şəxsiyyətin həyatından bəhs edən əsərlər tarixi mərhələ və tarixi epizodla bağlı mövzuları üstələdi. Təhlil olunan romanlar göstərdi ki, tarixi informasiyanı tam olduğu kimi çatdırmaq marağı hermenevtik şərhə, narratoloji xəttin davam etməsinə imkan vermir, əsər öz praqmatik və didaktik mövqeyini qorumaqla kifayətlənir. Nəsrdə bu tip qüsurların yaranmasına səbəb olan amillərin başında dərs vermək, öyrətmək iddiasının (maarifçiliyin bu üsulu hazırkı dövrdə son dərəcə köhnəlib və məlumatlı oxucu üçün çox yorucu və bəsitdir) estetik şərh etmək, toxumaq, yaratmaq, qurmaq kimi maraqlardan daha üstün tutulmasıdır. 2018-ci il Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bir çox əsərlər yazılıb. Bu nəsr əsərlərində hadisələrin nəqli daha qabarıqdır, əsərlərdə fabulanın süjetə dönüşməsi var, lakin bu əsərlərdə müəllif oxucunun tarixi bilgisi ilə dialoq qurmaqla kifayətlənir, oxucunun bildiyi hadisələrin motiv və simvollarının, kodlarının izinə düşüb oxucunun təhtəlşüur qatına qədər gedib çıxa bilmir, mətnin dinamikliyini, diriliyini təmin edən texnologiyalardan faydalanmır, daha doğrusu, onlardan istifadə etməyə gücü çatmır. Hadisələrin ardıcıl və qeyri-ardıcıl düzümü təhkiyənin struktur kimi bütövlüyünü göstərmir, çünki oxucu hadisələrin ardıcıllığını müəyyən etmək istəmir, o mətn təhkiyəsində şaquli və üfüqi əlaqələri bərpa etməyə can atır. Bir cərgədən başqa bir cərgəyə keçiddə müəllif vasitələrini kəşf etmək və heyrətlənmək, özünün görmədiklərini müəllifin göstərdikləri ilə görmək istəyir. Ədəbiyyatda konfliktsizliyi və konflikti yetərincə tədqiq etmiş nəzəriyyə indi verballığın konfliktini çözməyə yönəlib. Mətnin dərinliklərində, müəllif iradəsindən yayınıb düşmüş (müəllifin sənətkarlığı həm də həmin yayındırma effektlərini qura bilməsindən asılıdır) təhtəlşüur elementlərin izi ilə getməyə can atır. Nəzəriyyə mətndə müəllifin modelləşdirdiyi sxemi sökmək və yenidən yığmaq istər, əgər o modelləşməni tapa bilsə. Hal-hazırda bizim məqsədimiz tarixi mətnə daşıyaraq informasiya vermək deyil, mövcud informasiyanı sorğulamaq, mühakimə etmək, əlaqələndirmək, bəzən dağıtmaq, yenidən bərpa etmək olan mətnlərə ehtiyacımız var. Bu tip mətnlərdə tarixi hadisənin təhkiyəyə dönüşməsi prosesi özünəməxsus ifadə texnologiyası ilə gerçəkləşir ki, ötən ilin nəsrində bu hal müşahidə olunmadı. Tarixlə müasir düşüncənin təması ilin nəsrində müəllif hadisəsi kimi baş tutdu (müəllifdə də bitib qaldı), mətndə öz təsdiqini tapa bilmədi.

İlin nəsrinin fəlsəfi və psixoloji konteksti zəif təsir bağışlayır, ədəbi düşüncə lokal koordinatlarda gəzişərək, nəsrin universal dəyərlərlə düşündürmə qabiliyyətindən lazımınca istifadə edə bilmir. Yaşı otuzdan aşağı olan nasirlərimiz əsərlərində nəinki mövzuların, personaj və hadisələrin identifikasiyasında universallıq, milli və lokal sərhədləri aşmaq cəhdləri özünü göstərir. Ədəbiyyatımıza gənc "Çarlz Bukovskilər" axını var, dünyanı cəhənnəm bilib, bu cəhənnəmdə yanan insanların ədəbiyyatını yaratmaq tendensiyası özünə yer etməkdədir. İdeyaları, fikirləri maraqlıdır, amma onlar hələ cəmiyyətdədirlər, ədəbiyyata gələ bilmirlər. Ədəbiyyata gəlmək üçün məhz mətnin "cəhənnəmə dönməsi" şərtdir.

Gələk ilin yaxşılarına... Ötən ilin bədii mətn ola bilən nəsr əsərlərində xoşagələn bir məqamla başlayaq: əvvəlki illərə nisbətdə intellektini nümayiş etdirməyə meyilli müəllif-təhkiyəçi tipinin yerini oxucunun reseptiv və hermenevtik şərh bacarıqlarına inanan müəllif-təhkiyəçi tipinə verməsi. Mətn təhkiyəsində kodlara, açar-sözlərə, şifrələrə, simvollara, metaforik deyimlərə tələsik müəllif izahatının verilmədən oxucu tərəfindən açılmasına şərait yaratmaq müsbət haldır. Bədii nəsr mətnlərini adi nəsr əsərlərindən fərqləndirən digər ciddi məsələ çağın səsinin mətndə informativləşməsinin mürəkkəb formalarına müraciətdir. Müəllif və oxucunun paylaşdığı ortaq mühitin özünün metatəhkiyəsini hər iki tərəfin dinləyib anlaması, duyub hiss etməsi və cavab verməsi sadə və mürəkkəb formada baş verə bilər. Adi nəsr əsərləri hamının bildiyi məsələlərdən, gerçəklik hadisələrindən, metatəhkiyənin içərisindəkı xırda fabulalardan yararlanır, yaxşı nəsr mətnləri isə zamanın və təcrübənin diskurslarına müraciət edir. (Şərif Ağayar "Ağ göl", Qurban Yaquboğlu "Mən yoxam", Zahid Sarıtorpaq "Quşların intiharına ağlamayın", Xanəmir Telmanoğlu "Naməlum ailə", Azad Qaradərəli "Morq çiçəkləri", Azər Qismət "Çuğullar", Mübariz Cəfərli "Səmadakı quyu", "Yer altındakı gümüşü yarpaq" və s.).

Mətnin yazılması və oxunmasının bir-biri ilə bağlı dərin proses olduğu düşüncəsindən doğan bu mətnlər yaşama və həmişə canlı olma imkanı qazanırlar. İstedadlı müəlliflər mətnlərini oxucunun təkcə estetik zövqünə və praqmatik dəyərlərinə hesablayaraq yazmırlar, hermenevtik, reseptiv, semantik, psixoanalitik bacarıqlarını aça biləcək bir akta dönüşdürməyi seçirlər. İntellektual təcrübəli, intuitiv və koqnitiv formullarla düşünə bilən, mütaliəsi çox olmaqla yanaşı, metaforik qavrama qabiliyyətli oxucu modeli tələb edən nəsr mətnlərinə nəzəri yanaşma göstərir ki, bu mətnlərin qüsurları da məhz mətn gerçəkliyi ilə bağlıdır. Oxucu qeyri-ixtiyari mətndən kənardakı hadisələrin nizamını deyil, mətndəki struktur vahidləri arasındakı nizamı sorğulayır. Mətnin əvvəli və sonu arasında ziqzaqlar yaşayan, təxəyyül, fantaziya, intellektinə və yaddaşına müraciət edən dinamik oxucunu hadisələrin konflikti həyəcanlandıra bilməz, bu oxucunu mətnin strukturunda yazılanlarla yanaşı, yazılmayanların izini sürmək, bilərəkdən buraxılmış boşluqları, sükutu doldurmaq, mətndən törəyən mətnləri kontekstə bağlamaq, semantik izahat, simvolik şərh, metaforik yanaşma bacarıqlarını aktivləşdirmək həyəcanlandırır. Ədəbiyyat işarəvi mahiyyətə malikdir, işarə isə öz referentinə çatana qədər diferensiallaşır, başqa səthlərə toxunur. Ötən ilin nəsrində buna imkan yaradan mətnlərin olması ədəbiyyatımız üçün çox əhəmiyyətlidir.

Nümunələrin təhlilində nəsr mətnlərinin strukturu və onun ifadə texnologiyası arasındakı əlaqənin müxtəlif tipləri özünü göstərdi. Belə ki, müəllifin qurduğu strukturu ifadə etmək və ya nəql etmək üçün seçimini müəyyənləşdirən məqamlar var. Psixoloji, simvolik, fəlsəfi, metaforik, semantik və s. əlaqə tiplərindən törəyən təhkiyənin verballığı bu məqamda mətnin modelinin tamamlanmasını təmin edir, ən üzdə qalan qat təsiri oyadan verballıq ciddi əhəmiyyətə malikdir. Bəzi mətn təhkiyələrində rast gəldiyimiz verbal əyrintilər mətnin tamlığına xələl gətirir, mətni təhkiyəçinin heç nəzərdə tutmadığı başqa bir kontekstə müncər edir. Bəzən tək bir söz, tək bir yanlış ifadə mətn gerçəkliyinin pozulmasına səbəb olur. İlin nəsrində, nəsrin bütün janrlarında maraq doğuran müəllif texnologiyaları arasında təhkiyədə assonanslığın tətbiqi, bütöv mətnin tək bir cümlə strukturunda təqdimi, cümlənin sintaktik normalarının pozulması ilə təhkiyəçi perspektivi arasındakı bağlılıq, mətn törədən detallar arasındakı bağın tipoloji müxtəlifliyi, təhkiyəçi mövqeyinin və baxış bucağının ikiləşməsi, təhkiyədə üslubi layların müxtəlifliyi, verbal fərqlilik və ya verbal monotonluq və s. saymaq olar.

Təxminən 2000-ci illərdən başlayaraq nəsrlə bağlı mühitdə, sanki bir partlayış gözləmək ovqatı var. Doğum tarixi 2018-ci il olan nəsr əsərlərinin Azərbaycan nəsrinin inkişafında kardinal dəyişiklik yaratdığını, yeni tendensiyalara yol açdığını, çoxdan gözlənilən nəsr hadisəsinə imza atdığını deyə bilmərik. Lakin kütləvi xarakterli nəsr əsərlərinin çoxluğuna, təsadüfi imzaların nasirlik iddialarının israrlığına baxmayaraq, işıq hiss olunur. Nəsrin inkişafı düşüncənin, idrakın, mühakimənin mahiyyətindən asılıdır, yaxşı nəsr, fəlsəfi, estetik, mənəvi, psixoloji, ictimai, tarixi amillərin birliyi ilə, dəyişən dünyaya çevik münasibətlə, mühakiməetmə qabiliyyəti, sözün işarəvi təbiətinə hakimlik, dilin imkanlarına bələdlilik, zəngin təcrübə, çoxlu mütaliə və s. ilə formalaşa bilər. Bütün bunlar isə yalnız istedadın gücü, ciddi hazırlıq və müəllif orijinallığı ilə gerçəkləşə bilər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!