İxtisarla
Elnarə AKİMOVA
Yola saldığımız 2018-ci il daha çox Cümhuriyyət ili kimi yadda qaldı. Şərqdə ilk demokratik respublika kimi öz yerini tutmuş Azərbaycan Cümhuriyyətinin 100 illiyinin 2018-ci ildə geniş qeyd edilməsi məqsədilə il boyu tədbirlər keçirildi, silsilə məqalələr yazıldı, konfranslar təşkil olundu. Cümhuriyyət qurucularının hər birinin yad edilməsi, xidmətlərinin önəmsənilməsi baxımından bu tədbirlərin müstəsna rolu oldu.
Ötən il əlamətdar olan digər hadisə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi idi. Yubiley ölkənin bütün sahələrində qeyd edildi. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu da Heydər Əliyevin yubileyinə "Heydər Əliyev obrazı ədəbiyyatda - tarixi gerçəklikdən milli ideala" adlanan kitabla (elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru müxbir üzv Tehran Əlişanoğlu) töhfəsini verdi.
Ötən il Anarın 80, Elçinin 75, Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd edildi. "Ədəbiyyat qəzeti"ndə hər üç yubiley xüsusi buraxılışla qeyd olundu.
2018-ci il gözlənilməz bir hadisənin rezonansı ilə də yadda qaldı. Müşfiqin sümüklərinin tapılması ilə bağlı məsələ uzun müddət ölkə mediasını zəbt etdi. Bütün mətbuatı skelet fotoları bürüdü. Məsələ komissiyanın yaradılması və yekun rəyin onlara həvalə olunması faktı ilə yekunlaşsa da, hər halda prosesin ətrafında fikir mübadilələri uzun müddət davam etdi. Proseslərin aktuallandığı məqamda çoxsaylı məqalələr yazıldı. Ədəbiyyatın baxışı həmişə fərqli olub. Hələ söhbət Mikayıl Müşfiq kimi şairdən gedirsə. Ötən il yazıçı-esseist Günel Eyvazlının yazdığı "Alnımda göynəyən güllə yeri" məqaləsi bu baxımdan fərqlənən baxış sərgilədi. Günel Eyvazlı Müşfiq məqamını predmet seçərək ümumilikdə xəyanət amilini ədəbiyyatlaşdırdı. Sənətkara edilən qibtə hissi, Salyeri kompleksindən əziyyət çəkənlərin böyük insanları öz yolunun üstündən götürmək üçün etdiyi rəzilliklər bu məqalədə müxtəlif nümunələr əsasında obrazlaşdırılsa da, əsas hədəf Müşfiq ömrü, Müşfiq taleyi idi: "Bəlkə, kim olursa-olsun, araşdırmadan, tədqiqat aparmadan dəfn edək? Onun yox, bu dünyadan getmiş Müşfiqin ruhu yox, bizim - bizim narahat ruhumuzun əvvəl-axır dinclik tapması üçün!
Silahlar indi daha sərrastdır. Eyni anda ard-arda atəş açmaq mümkündür. Şəxs yerə yıxılmamış havadaca dəfələrlə güllələnə bilər. Sizcə, ikinci gülləni alnına vurana qədər Müşfiq ayaq üstə dayanmışdımı? Yoxsa əmrə müntəzir olan əslən azərbaycanlı əsgər şair yerə yıxıldıqdan sonra, şairin ölümünə əmin olmaq üçün ona yaxınlaşıb yenidən alnından atəş açmışdımı? Adam sağdır, ondan xəbər alın!".
Roman. Ədəbiyyatın qarşılaşdığı əsas problem gerçəklik və ona yanaşma tərzidir. Bugünkü ədəbiyyat yeni tipoloji hadisədir. Yalnız ictimai-ideoloji mühitin, ədəbi-bədii, estetik-mənəvi dəyərlərin təbəddülata uğraması deyil, daha dərin izahları olan məsələdir. Çağdaş ədəbiyyat daha çox Qərb-dünya ədəbiyyatının təsirində var-gəl etmədədir. Belə bir hal, təbii ki, M.F.Axundzadə zamanından başlayaraq, realizm və romantizm poetikasının mükəmməl, milli keyfiyyətləri ehtiva edən XX əsrin əvvəlləri üçün də xarakterik idi. Amma həmin dövrlərdə yazıçılar dünya nəsrindən birbaşa milli problematikaya nüfuz üçün yararlanır, dövrün maarifçilik, qadın azadlığı, mövhumatla mübarizə məsələlərini qabartmaqla problematik zərurətdən estetik müəyyənliyə qədər yol gəlirdilər. Bugünün də öz çeşidli problemləri var, amma yazıçı özünü bunlardan azad edib. O, özünü hansısa sosial sifarişin ruporu olmaqdan arındırıb. Məti Osmanoğlu ötən il "525-ci qəzet"də jurnalistin ona ünvanladığı "İndi yaranan bədii mətnlərin çatışmayan əsas cəhəti nədir, - sualına belə cavab verir: "- Mənə elə gəlir ki, bugünkü həyatımız, həyatın ritmi, ahəngi çatışmır. Ədəbiyyat, sanki daha çox həyatdan kənarda nələrisə axtarır. Mən müasir ədəbiyyatda özümün, müasirlərimin həyatını, problemlərini, sevinclərini, faciəsini nə dərəcədə görə bilirəm? Məsələ budur!". ("İndi yaranan mətnlərdə həyatın ahəngi çatmır" (Məti Osmanoğlu ilə müsahibə. "525-ci qəzet", 30 iyun 2018).
Məti Osmanoğlunun vurğu saldığı məqam çox əhəmiyyətlidir və insanın zamanda yeri ilə bağlı ideyanın nəsrimizdə işləkliyi baxımından düşündürür. Bu gün ədəbiyyat daha çox simvolların dili ilə danışmağı tərcih edir. Tarixə dönüş, mifolojiyə meyil, irreal aləmlər, fantastik dünyalar, fövqəltəbii qüvvələrin aparıcı olması... Ədəbiyyat daha çox təhtəlşüura enib, ədiblərimizin yaradıcılıq ruhu daha dərinlərə varıb, mifoloji kontekstin fərqli təzahürləri verilir. Ötən il nəsrdə bu tendensiya yenə də qabarıqlığı ilə seçildi. Meydana qoyulan romanlarda arxetipik motivlər, fləşbek elementləri, retrospeksiya halları, intertekstuallıq öndə idi. Bu cəhət roman janrında yazılan nümunələrdə daha aparıcıdır. Zahid Sarıtorpağın "Quşların intiharına ağlamayın", Şərif Ağayarın "Ağ yel", Sərdar Aminin "Su sərgisi" romanlarında insanın zamanla dialoqu sirli qatda, paralel dünya modellərində baş tutdu.
Milli müstəqillik dövrü bizim nəsr və poeziyamıza çöküş əhvalının bədii təzahür şəkli kimi gəldi. Bunun səbəbləri haqda çox danışmağa lüzum yoxdur. Zamanın portretinin təhlükədə olduğu bir dövrdür, hələ üstəlik, milli insanın torpaq ağrısından tutmuş, sosial-psixoloji acılarına qədər çox məqamı içinə alır. Qeyd edim ki, bizdə dekadans çalarlar əsasən poeziya üçün daha xarakterik oldu, nəsrdə bu, o qədər də hiss olunmadı. Çünki nəsr poeziyadan fərqli olaraq gerçəklərin təsvirinə o qədər də köklənmədi. Poeziyada postmodernist təmayülün şərtlərindən irəli gələn gerçəkliyin boz, boyasız təsviri önə çıxdısa, nəsrdə simvolikaya meyil, retrospeksiya halları, zaman sıçramalarının işləkliyi əsas istiqamət kimi qabardı.
Nəsrlə bağlı məqalələrimdə daim aktuallandırdığım bir məqama bu yaxınlarda Qismətin tərcüməsində oxuduğum - Adam Kirşin "Qlobal roman - XXI əsrdə dünyanı yazmaq" kitabından təqdim olunmuş parçada da rast gəldim. Müəllif çağdaş dünya romançılarının kökləndiyi özgələşmə kimi mövzudan bəhs edərək yazır ki, romançıların "bu gün daha çox pessimist olması - qəddarlıq, özgələşmə və istismar kimi mövzulara fokuslanması - qlobal roman yazmağın, əslində, ədəbiyyatın dünyanı təmsil etmək gücündə olmaq həqiqətinə kölgə salmamalıdır". Demək ki, dünya romançıları eyni məqamda birləşirlər. Bəs necə?! Özgələşmə çağdaş dünyanın gətirdiyi mövzudursa, onun həqiqətini də çağdaş dünyada aramalıyıq. Bu, insanı sürətlə robotlaşmağa aparan dünya düzəninə qarşı yazıçının çaldığı həyəcan təbilidir. Ötən il bu məqam nəsrin əsas düşüncə və inikas predmetinə çevrildi.
Yazıçı Qurban Yaquboğlu bu mövzuda yazdığı "Mən yoxam" romanında məsələyə daha geniş kontekstdə nəzər yetirməklə onu nəsrimizin aktual vurğusuna çevirməyi bacardı. "Mən yoxam"! Əsərin adı belə, çağdaş insanın zamanda yerini göstərmək baxımından simvolik sayılır. Nəsillərarası soyuqluq, qan qohumlarının yadlaşması, keçmişlə qırılan bağın gətirdiyi boşluq insanın həyatında mənəvi xaosun, nizamsızlığın zəmini olur. "Mən yoxam" romanında bir şəxsin düşüncələri, mənəvi aləmi ötən illərin yaddaş qarışımında açılır. Dünyanın faniliyinə köklənmək, ömrü boyu xatirə yığa-yığa qurulan ömür hekayətləri romanın sətirləri arasından ovuc-ovuc tökülür. Qurban Yaquboğlu indinin içində keçmişi konkretləşdirir, retrospeksiya mətnin struktur tərkibində zaman kateqoriyasının elementi, təhkiyə-diskurs səviyyələrində meydana qoyulur. Müəllif obrazları, onların müxtəlif tale yollarını, aqibət və yaşantılarını çərçivələnmiş nəql strukturunda birləşdirməyə nail olur.
Sərdar Aminin "Su sərgisi" romanında da əsas ideya insanı kökünə bağlamağa, inanc və ruh sisteminin bərpasına yönəlib. Modernləşdikcə ənənələrindən qopan, ruhu korlanan, robotlaşan, maddi-texniki dəyərlərə uduzan, təbiət başlanğıcını itirən, əvəzində hissizləşən, duyğuları öləziyən, günah girdabında çabalayan insanın durumu əsərin ideya-estetik, məzmun-problematika rakursunu, hərəkət ritmini müəyyənləşdirir.
Hər zaman qeyd etdiyim bir məsələ var. Elə mövzular var ki, nəsrə gətirilməsi lazımdır, vacibdir, önəmlidir. Məsələn, Azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası (1948-53) mövzusu, repressiya, cümhuriyyət mövzuları və s. Ötən il Mənzər Niyarlının "Vətəndən vətənə" povesti ("Azərbaycan" jurnalı, 2019, № 10, 11) repressiya mövzusuna, qəribçilik həyatına diqqət çəkən əsər kimi nəsrimizdəki bu istiqamətdə mövcud boşluğu doldurmaq yönündə atılan çox uğurlu addımdır. Mövzu Mənzər Niyarlı yaradıcılığı üçün yad deyil. Müəllifin bu mövzuda yazılmış "Qara örpək" povesti hələ illər öncə bir çox məqamlara həssaslığı ilə diqqət çəkirdi. "Vətəndən vətənə" povestində mövzu şaxəlidir, əsas süjetdən törəmə xətlər ayrılır: repressiya dövrünün ağrıları, sürgün həyatı, məhv olmuş ailələr, gözü yolda qalan övladlar əsərdən keçən əsas motivlərdir. Üstəlik, müəllif bura Kamal və Həlimə arasında sevgi motivini də əlavə edir. Povestdə İkinci Dünya müharibəsinin insanları aclıq, təkliklə imtahana çəkən dəhşətləri də yer alır. "Atası vətən xaini, sürgün həyatı sürən, köçkünlər, kimsəsizlər üçün tikilən barakların birində əmisinin himayəsində yaşayan bir qız"... Bütün çətinliklərə rəğmən haqsız yerə casus adı ilə damğalanıb sürgünə göndərilən atasının yolunu gözləyən Həlimənin iç dünyası, sevən qəlbi, mənəvi vuruşları əsərdə əsas təsvir predmeti kimi mənalanır.
Hekayə. Ötən il hekayə ilə bağlı bir neçə müsabiqə keçirildi. Mir Cəlal adına beynəlxalq hekayə müsabiqəsi (qeyd edək ki, müsabiqənin seçilmiş hekayələri "Azərbaycan" jurnalının 6-cı sayında işıq üzü görmüşdür), Mahmud Kaşğarlı adına hekayə müsabiqəsi və s. Qeyd etdiyimiz kimi, bu gün nəsrin ifadə vasitələrinə çox yeniliklər daxil olub. Hətta prozaya adlayan gənc yazarın qələmində belə, bu yeniliklərə, forma mürəkkəbliklərinə meyil - şüur axını, fantasmaqoriyaya, retrospektiv sıçrayışlara aludəçilik qaçılmazdır və çağdaşlığın göstəricisi kimi zəruri elementə çevrilməyə başlayıb. Belə bir durumda Səfər Alışarlı, Əlabbas, Azad Qaradərəli, Meyxoş Abdulla, Yaşar Bünyad, Təranə Vahid, Kənan Hacı, Qanturalı, Alpay Azər, Azər Qismət və digərlərinin realist qələmlə mətnlər meydana qoyması təkcə yazıçının öz üslubuna, yazı və ifadə manerasına sadiqliyi deyil, həm də həyat gerçəklərinin onların nəzərlərində hələ də əhəmiyyətini saxlaması ilə ölçülməlidir. Bu yazıçıların hekayələri cəmiyyət gerçəklərinin təsviri, fikir konkretliyi və çağın qabarıq ideyaları üzərindədir.
Əlabbas nəsrinin fokuslandığı müstəvi dəyişməyib, o, daha çox milli əyalət həyatına maraqlıdır, milli süjetə sədaqəti ilə seçilir, xalq dilinin qatları üzərində köklənir. Həyatın küncə sıxışdırdığı insanlardan yazır, onların ağrılarını, bu ağrıları yaradan səbəbləri təsvir predmetinə çevirir. Yaşar Bünyad nəsrimizə gec gəlsə də, ard-arda yazdığı hekayələrlə seçilə bildi, hazırkı səs çoxluğu, motiv və intonasiya qarışıqlığında özünün nəsr dili, nəql texnikası, mövzuya yanaşma özəlliyi ilə fərqlənməyi bacardı. Yaşar Bünyad insanların sosial problemlərini, yaşamaq uğrunda mücadiləsini, müharibə fəsadlarını günün təhkiyəsinə gətirməyə çalışır. Daha çox mənəvi dəyərlərin qürubunu bədii mətnlərində obrazlaşdırır və dəyərlərə baxışı dəyişən, ailə bağları qırılan, cəmiyyətə, doğulduğu məkana özgələşən fərdin problemlərini qabartmaq, saxta əxlaqi qaydalara, sosial normalara qarşı çıxmaqla fərqli bir dünyagörüşdən çıxış edir.
Görünür, meqapolisin problemləri artdıqca kəndə qayıdış sevdası daha qabarıq önə çıxmaqdadır. Özü də yazıçılarımız bu mövzunu daha səriştə ilə qələmə alırlar. Əlabbasın "Arvanada dəfn" hekayəsi də mövzunun uğurlu bədii həllini verən mətn idi. Yaşar Bünyadın "Quşlar qayıtdısa..." hekayəsində də müəllifin düşüncə sırası insan-təbiət münasibətlərinə qədər varır, atalar və oğullar problemi, laxlayan patriarxal dəyərlərə etiraz ruhu ilə bitkinlik qazanır.
Ümumiyyətlə, bu hekayələr dəyərlərin dayanıqlığına illüstrasiyadır. Qapalı ənənəvi dünya və onun insanları.. İnsanların doğulduqları yurda bağlılığı, ailə dəyərlərinə əhəmiyyəti, kökə, mentallığa sadiqlik əsas çalarlardır. Yazıçı bu dəyərlərdən və vəziyyətlərdən yola çıxaraq daha yan motivlərin törəməsinə yol açır. Sosial motivləri qabardır, özgələşmə məsələlərini diskursa çevirir, müharibə illərinin dramatizmini önə çəkir.
Çağımızın həqiqətidir, XX əsrin sonlarından başlayaraq ədəbiyyat ideya böhranı üzərindədir, dünyanı ağır ictimai-siyasi və mənəvi kataklizmlərdən xilas edəcək ali niyyət və ideallar zəminində idrak etməkdədir. Günel Şəmilqızının "Qəhrəman" hekayəsi bu mənada, bəşəriyyəti dəyişməyə yönəlmiş ideya ədəbiyyatının bir nümunəsi kimi təcəssümlənir. Orxan Fikrətoğlunun ötən il çap olunan hekayələrində klassik nəsr problematikasının - müsəlman fanatizminin ironik planda aktuallanması, Orta əsr dini təfəkkürünün diriliyinə işarələr yer alır. Məsələn, müəllifin "Dəccal" hekayəsinin düşüncə aktı birbaşa bu olmasa da, kontekst, həm də vurğuladığımız məqamdan keçir. Lakin uğur mətndə motivasiyasını tapan həyat hekayətinin seçilməsində deyil, bütünlükdə struktur məzmunu və kompozisiya əhatəliyindədir. Müəllif bir neçə janr elementindən istifadə edir: satirik tərzdə başladığı hekayəni getdikcə dram, sonra isə faciə hüdudunda yanaşı gətirir. Mübariz Cəfərlini daha çox problematika - yetkin şüur, özünü dərk edən fərd məsələləri düşündürür. Yazıçının ötən il "Azərbaycan" jurnalında çap olunan hekayələrində müəllif irfan düşüncəsi, insanın katarsis prosesini ideal və real təzahürlərində mətnə gətirməyə, dərinlərinə varmağa çalışır, ruhla cismin bağlılığı ideyasını təcəssüm etdirir.
Elçinin son dövr nağıllar adı altında təqdim etdiyi hekayələrdə predmet, təsvir ünvanı nəbatat, heyvanat aləmi - ağac, kol, quş və s. olsa da, təhkiyənin arxasında həyatın özü, duyğular aləmi, insan görünür. Yazıçı günü-gündən ucuzlaşan, dəyərini itirən bu dünyada sevgi mövzusunu daha fərqli düşüncə sferasında təqdim edir, insana dair ali hisslər ağaclar, quşlar üzərinə köçürülməklə, orijinal bədii interpretasiyada təqdim olunur.
Bu məqamda bir məsələyə də diqqət yetirməyə dəyər. Milli həyatımızın təzadları ədəbiyyatımızın daxili məzmununa çevrilə bilirmi? Bunu yazıçıların özləri dəfərlərlə belə izah ediblər: indi həyat ədəbiyyatı geridə qoyur, baş verən reallıqlar sənətdəki reallığı üstələyir. Bəlkə bu gün yazıçının, şairin darıxmağı, depressiyaya düşməsinin səbəbi budur? Həyat acılarını dəf edə bilməmək? Axı ədəbiyyat həm də işığı tapmaq və ora tuşlanmaq sənətidir...
Poeziyamızda da daha çox eyni obraz funksionaldır. Düzdür, müəyyən istisnalar var, hətta ənənəvi mövzu rakurslarından yanaşsaq, burada vətən, sevgi, Tanrı bağlı şeirlərin patetik ifadəsindən tutmuş romantik-lirik qəhrəmanın sızıltılarına qədər hər növ yanaşmaların olduğunu görəcəyik. Məsələ də məhz bunda, yanaşma fərqindədir. Belə ki, bu gün yeni estetika vəd edən, fərqli forma və ideya məfhumlarının uğurlu sintezini yaradan Hədiyyə Şəfaqət, Orxan Bahadursoy, Fərid Hüseyn, Könül Arif, İntiqam Yaşar, Tural Turanın şeirlərinin qəhrəmanı qarşısında İlham Qəhrəmanın ötən il çap olunmuş "Ağlama, qələm eşidir" kitabında xalq şeiri müstəvisində meydana çıxan mətnləri, Faiq Hüseynbəylinin sevən, mənəvi-ruhi-ilahi məxrəcə köklənən romantik fiquru, Rəbiqə Nazimqızının qadın yaşamını, onun sosial statusunu yeni təqdimat formasında görükdürən nümunələri heç də aciz görünmür. Yaxud Şəhriyar del Geraninin "Mənim ixlasım" və "Setara" şeirlərində, Ümid Nəccarinin "Qaranlığın fotosu" kitabında, Emin Pirinin "Venesiyaya məktublar"ında, Ulucay Akif və Eminqueyin son dönəm mətnlərində ehtiva olunan mədəniyyət qatının gücü həm də onunla əlamətdardır ki, şeirin stixiya ilə deyil, özünəqədərki poetik-estetik təcrübəsini şair "mən"inə adlatmağa nail olur.
Poema janrı ilə bağlı meydanda olan boşluqdan əvvəlki məruzələrimdə də dəfələrlə çıxış etmiş, bunun səbəblərini şərh etməyə çalışmışam. Ötən il bu istiqamətdə müəyyən addımlarla yadda qaldı. Nəriman Həsənzadənin Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr etdiyi "İstiqlal əsgəri", Sona Vəliyevanın "Səmərqənd - "Gur Əmir"də düşüncələr" və "Səmərqənddə Usta Əlinin türbəsi önündə" adlı lirik poemaları, Fərid Hüseynin "Səmərqənd divanı" adlı poetik silsiləsi, xüsusilə, tarixi mövzunun poetika axtarışlarının istiqamətini ifadə etməyə imkan yaratdı. Bu gün poema janrı müəyyən nümunələr timsalında keçmişimizin miyqaslı hadisələrinə yenidən qayıdır, tarixi şəxsiyyətlərimizin obrazını, şanlı türk epoxasını yaradan sərkərdələrin daxili güc və əzəmətini lirik-epik janrın sınağında təcəssümə çalışır.
Tənqid və ədəbiyyatşünaslıq. Ədəbiyyat tarixinə yeni baxış, onun inkişaf yollarının və mərhələlərinin elmi-nəzəri baxımdan təhlilə cəlb olunması məsələsi ötən il akademik İsa Həbibbəylinin "Ədəbiyyat tarixi konsepsiyası" ilə bağlı davamlı yazdığı məqalələrdə prioritetə çevrildi. Cavanşir Yusiflinin "Formanın müqəddəs sirri" adlanan yazılarda, Nizaməddin Mustafanın "Səhv nəzərləri sərf-nəzər etmə vaxtı" adlı silsilə mətnlərdə tədqiqatların əsas mündəricəsi oldu. Eləcə də bəzi müəlliflərin yazılarında ədəbiyyat tarixi ilə bağlı bir çox məsələlər predmetə baxışın çağdaşlığı ilə seçildi. Məsələn, "Ədəbiyyat qəzeti"ndə təqdim olunan Niyazi Mehdinin "Janr kodlarının kodlaşdığı iki Azərbaycan", Rahid Uluselin "Ənəlhəq", Azər Turanın "115 yaşlı "Hali-vətən", "Poeziyamızın mifi - həpsi rəngidir", "Şerim sonsuz, fikrim fəzalar qədər dibsiz - Mikayıl Rəfili", "Azərbaycan" jurnalının birinci və ikinci saylarında çap olunan Qorxmaz Quliyevin "Kontekst və kod" məqalələri və s. bu kimi mətnlər ədəbiyyatımıza yeni, fərqli baxışın nümunələridir.
"Ədəbiyyat qəzeti"nin müzakirə saatında diskurs predmetinə çevrilən "Azərbaycan Cümhuriyyəti: tarixi, siyasi və ədəbi-fəlsəfi aspektləri ilə", "Repressiya: gizlin və gerçəkləri ilə", "Cənubi Azərbaycan ədəbiyyatı: tarixdən bu günə" kimi müxtəlif mövzulu məsələlərin şərhində məqsəd ötən illərin prosesində hansı durulmalar getdiyini, onun dərki, idrak və şərh üsullarında baş verən köklü dəyişmələri ortaya çıxarmaq oldu. Tarix ondan aralandıqca keçmişə daha uzaq və uca nəzərlərlə baxışın predmetinə çevrilməlidir. Əks təqdirdə, bizə qalan ya yerində saymaq olacaq, ya da abidə sənətkarımıza və sərvətlərimizə uzanan əl və dil haramzadalığına baxıb köks ötürmək. Bizim olanlara sahib çıxmasaq ərazimiz kimi tarixi-etnik yaddaşımızı da itkilərə məruz qalmaq təhlükəsi gözləyir. Bu baxımdan, şərqşünas alim Səadət Şıxıyevanın ötən il "Ədəbiyyat qəzeti"ndə "Azərbaycan şeirinin qərib səhifələri" adı ilə təqdim etdiyi silsilə yazıları milli ədəbiyyatımızı bütün tərəfləri ilə görməyə, tanımağa imkan yaradan mətnlər kimi estetik özünüdərk faktıdır. Orta əsrlər Azərbaycan şeirinin tədqiqi və təbliğində mövcud problemlərə toxunan bu məqalələrdə Səadət xanım tutarlı faktlar, qaynaqlara istinadən anadilli Azərbaycan poeziyasının divan və fəlsəfi şeirinin bünövrəsinin qoyulmasında xidmətləri olan hürufi şair Rəfii, Qənbəroğlu və Xoca Dehhanidən Azərbaycan ədəbiyyatının nümayəndələri kimi bəhs edir.
Anarın beşcildliyinin ilk cildi kimi nəşr olunan "Söz dünyası" kitabı bütöv ədəbi epoxanı əyaniləşdirən yazıları içinə almaqla konkret zaman görüntülərinə fokuslanır, burada ədəbiyyat tarixi, klassika və çağdaş nümunələrin kəsb etdiyi mahiyyət və ölçülər təcəssümlənir. Belə də olmalıdır, Anarın söz dünyası yazdıqlarının içərisindədir, onu yaşatmağın, bugünün ixtiyarına verməyin yolu bu mətnlərin cəmiyyətin intellektual dairələrində rezonansını və mənasını tapmasından keçir.
Ötən il AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun təsisçisi və baş redaktoru olduğu "Tənqid.net" jurnalının 12-ci sayı (2016-2017) işıq üzü gördü. "Müstəqil Azərbaycanın müstəqil ədəbiyyatı və müstəqil ədəbiyyat elminin 25 illiyinə" həsr olunan jurnalda əsas hədəf cari ədəbi prosesə müxtəlif aspekt və baxış bucaqlarından nəzər yetirmək, müstəqilliyin yaratdığı imkanlardan açılan mənzərələri, fikir və ideya dünyamızı, düşüncə arsenalımızı görükdürmək idi.
Ötən il ədəbi tənqiddə də yubiley ab-havası yaşandı. Mir Cəlalın 110 illiyi ilə bağlı "Azərbaycan" jurnalının dördüncü sayında Nizami Cəfərov, İntiqam Qasımzadə, Nəriman Həsənzadə və Təyyar Salamoğlunun məqalələri yer aldı. Vaqif Yusifli, Azər Turan, Cavanşir Yusifli, Rüstəm Kamal, Məti Osmanoğlu, İntiqam Qasımzadənin yubiley yaşları ölkə mətbuatında geniş qeyd olundu. Adıgedən şəxslərlə bağlı meydanda mötəbər söz səsləndirmək əzmini də elə tənqidçilərin özləri nümayiş etdirdi. Diqqət edək: Elnarə Akimovanın "Vaqif Yusifli - ədəbiyyatımızın isti qanı", "Rüstəm Kamalın ədəbiyyat dili", "Məti Osmanoğlunun yaddaş və zaman mətnləri", "Cavanşir Yusifli - ən gözəl tale adamı"; İradə Musayevanın "Əşyaların ruhunu görən adam" (Rüstəm Kamal haqqında), "İntiqam Qasımzadə və yaxud: sonuncular...", "Ədəbi tənqidimizdə Vaqif Yusiflinin yeri"; Rüstəm Kamal haqqında Nizami Cəfərovun "Miqyaslı və obyektiv", Azər Turanın "Böyük sirrin yenidən oxunuşu", Məti Osmanoğlunun "Sözün o üzündəki gerçək", Tehran Əlişanoğlunun "Rüstəm Kamal haqqında xəyalat"; Məti Osmanoğlu haqqında Rüstəm Kamalın "Ədəbiyyatın dilini bilən adam"; Azər Turan haqqında Rüstəm Kamalın "Azər Turan həqiqəti", Vaqif Yusiflinin "Türk düşüncəsinin irfan çobanı" məqalələri və s. ədəbi tənqidin daha çox təhlil və müqayisə məqamlarını önə çəkməklə bərabər, dünənlə bugünün təcrübələrinin qarşılaşdırılmasının üzərinə vurğu salmaq, ədəbiyyat tarixi, tənqid, ədəbi proses barədə daha geniş elmi-nəzəri təsəvvürlər əldə etmək cəhdi ilə önəmli görünürlər.
Kamal Abdulla ötən ildən başlayaraq "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi "Əvvəl-axır yazılanlar" essesi ilə janrın dinamikliyinin qorunmasını təmin edir. O, narrativi mifin, Antik dövr mədəniyyətinin içində qurur, nəzər nöqtəsini həmin qatdan müxtəlif dövrlərin ədəbiyyatına və şəxsiyyətlərinə, deyək ki, Füzuli, Cavid, Ə.Haqverdiyev sənətinin fəlsəfi-estetik mahiyyətinə adladaraq psixi-altşüur, duyğu-təəssürat laylarına, mistik çevrələrə daxil olmağa, yaradıcı şüur, təxəyyül üzərində kəşflər aparmağa çalışır.
Əlbəttə, indi esse janrının inkişafı ilə bağlı problem yoxdur. Əksinə, daha çox şaxələnib, mövzu və əhatə spektri genişlənib, estetikası və poetik biçimi dəyişib. İndi hər hansı əsərin, filmin təhlili daha çox esse janrının tələbləri çərçivəsində baş tutur. Məsələn, tənqidin baxım tərzi, rakursunu, ifadə-dil mənzərəsini yeniliyə kökləyən Mətanət Vahidi, Ülvi Babasoyu, son instansiyada - ədəbiyyatda yeni olmasına baxmayaraq düşünmə və ifadəolunma tərzinə görə seçilən Cahan Seyidzadəni, Rəvan Cavidi, Orxan Həsənini göstərə bilərik ki, yazılarında sənət, mətn, sözün və insanın taleyi haqqında fəlsəfi çevrə yaradır, bugünün nöqteyi-nəzəri, praqmatikası baxımından şərhinə varırlar.
Son zamanlar yazıçılarımızın ölkəmizdən kənarda qazandığı uğurlar ədəbiyyatımızın təbliği baxımından çox əhəmiyyətlidir. Varisin Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin "LiFFt-2018" ədəbiyyat üzrə üçüncü festivallar festivalının baş mükafatına layiq görülməsi sevindirici faktlardandır. Kamran Nəzirli illərdir Belarus ilə qarşılıqlı əməkdaşlığı davam etdirir. Yazıçılarımızın əsərləri Türkiyə, Moskva, Misir, Almaniya, Amerika və başqa hüdudlarda çap olunur. Elçinin "Baş" romanı Misirdə nəşr edildi. Sabir Rüstəmxanlının ötən il iki kitabı Almaniyada çap olundu. Qəşəm Nəcəfzadənin Moskvada müxtəlif dillərdə kitabları işıq üzü gördü. Gənc şairlər - Fərid Hüseynin ötən il çap olunmuş "Səmərqənd divanı"nın Özbəkistanda keçirilmiş təqdimatı poetik fikrimizin yayılma arealının genişlənməsinə şahidlik edən nümunədir. İntiqam Yaşar, Tural Turanın Özbəkistanla qurduğu əlaqə və bu əlaqələrin davamlı olmasını göstərən xəbərlərin təqdimi yeni nəsil ədəbiyyatımızın sabahı ilə bağlı perspektiv vəd edir.
Amma bu məqamda bir məsələyə toxunmağın yeri var, düşünürəm. Dünyanın hər yerində mənbə kimi qəbul olunan nəzəriyyə kitabları mövcuddur. Bizdə isə belə kitabların tərcüməsi hələ meydanda yoxdur. Eləcə də milli ədəbiyyatımızda seçilən elmi-nəzəri mətnlərin, dünya ədəbi-fəlsəfi cərəyanların təhlilini verən məqalələrin, düşüncə və fikir intibası yaradan nümunələrin tərcümə edilib Qərbə inteqrasiyasını stimullaşdırmaq gözəl olmazmı? Tərcümə Mərkəzimiz bu cür vacib məqamları nəzərə alsa, elmi-nəzəri arsenalımızın sınırlarını genişləndirmiş olar. Məsələn, bu yaxınlarda "Alatoran" yayınlarında Qorxmaz Quliyevin tərcüməsində Mişel Fukonun "Sözlər və nəsnələr" (Numanitar elmlərin arxeologiyası) kitabı işıq üzü gördü. Bu, əsl mədəniyyət hadisəsidir. Peşəkar əsər, peşəkar tərcümə və səviyyəli nəşr! Belə tərcümələri mümkün qədər çoxaltmaqla ədəbiyyata səmərə verə bilərik. Yoxsa "dünya ədəbiyyatı" deyibən bir ox ətrafında firlanmaqla deyil ki. Gərəkdir ki, bunun çağdaşlığını, təzahürlərini də verəsən.
Müxtəlif dillərə tərcümədən danışdıq. Həm də ədəbiyyatın dili birdir, deyirik. Tərcümənin vacibliyi də bu birgəliyi duymaq, ortaq estetik məhvərdə görüşmək üçün vacibdir. 1982-ci ildə Bakıda keçirilən məşhur beynəlxalq konfransın adı belə adlanırdı: "Ədəbiyyatın dostluğu, xalqların dostluğudur"! Bu fikir əbədidir, heç zaman gücünü itirməyəcək. Ötən il Karlos Fuentesin belə bir fikrini oxumuşdum: "Əgər mən öz mədəniyyətimin bacardığı hər bir şeyə, əsasən də məqsədlərinə, fəaliyyətinə bağlıyamsa, onda sivilizasiyaların toqquşması erasında yaşayırıq tezisini qəbul edə bilmərəm. Çünki beynimdəki bütün sivilizasiyalar mənimdir. Onlar dalaşmırlar, danışırlar, bir-birilə söhbətləşirlər, ruhumun lap dərinliklərində ünsiyyət qurur, həm sevincin, həm də kədərin nisbiliyini, geri düşsə də, həmişə mövcud olacaq olanı (mənim qədimi Yerli və İslam mədəniyyətlərimi) qucaqlayır, özünü əbədi sayana (varlığımın qərbli, xristian izlərini) sahib çıxırlar. Və bütün bunların görüşdüyü nöqtələri - hamımızın içindəki söz, düşüncə, yaddaş və fantaziyaya xeyir-dua verməyin lazımlılığını anlamaq üçün mübahisə edirlər. Bizdən istəyirlər ki, sivilizasiyaların dialoquna qoşulaq və tarixin sonunu inkar edək. Biz son sözümüzü söyləmədikcə, tarix necə sona çata bilər?".
Ədəbiyyat tarix və insanın "son" problematikasından qurtulması üçün var olmalıdır! Hər şeyin bir sonu olsa da, tarixin sonu mədəniyyət yaradanların əli ilə dayandırıla bilər! Çünki Romen Rollana inansaq, "yaratmaq ölümü öldürmək deməkdir"!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!