Həyatdan və şeirdən qaçış - Bukovski paradoksu - Cavanşir YUSİFLİ yazır

 

Məqalələrin birində rus tədqiqatçı belə bir sual qoymuşdu: nə üçün Çarlz Bukovskini hamı oxumalıdır? Qəribə sualdır, deyilmi? Müəllif sözünə davam edərək yazırdı: hamı oxumalıdır ki, bəzi sadə şeyləri anlasınlar. Məsələn, - yazırdı o müəllif, - Puşkin bizdə heç də hər şey deyildir. Bu, fikrimizcə, ən maraqlı məqamdır. Nə qədər böyük, azman... olur-olsun, heç bir şair hər şey deyildir, ola da bilməz. Və buna ehtiyac da yoxdu. Ancaq kriterilər dolaşanda, estetik dəyərlər öz əksinə çevriləndə və zövqlər itəndə doğrudan da bir şair hər şey - hamı olur - anlamamağın işarəsi kimi. Bizdə Füzuliyə belə bütpərəst münasibət çoxdan var, ancaq qalın pərdələri azca aralayıb şairin yazmaq istədiyi kədərə "baxanda" insan sarsılır. Ancaq insanı təkcə bu şəkildə, bütün enerjisini bir nöqtəyə cəmləyib, dünyanın gəlib-getmişini bir hadisə, mənzərə kimi seyr edib onu bir cizgi, rəssam fırçasının ani hərəkətiylə verməkdən başqa üsullar da mövcuddur. Bu yol, yəni Füzuli şeiri o şəkildə sözdən vaz keçib onun dərinliyini göstərmək üçün ən etibarlı estetik meyar idi.

Henri Çarlz Bukovski (1920-1994) sərt və zalım gerçəkliyin şairidir. Onun gözü daha çox insanların davranışlarındakı kənaraçıxmaları tutur, fokusa gətirib "Amerikan arzusu" seriyasından olan insan obrazının puçluğunu göstərməyə çalışırdı. Onun qəhrəmanı uduzmuş və bəxti gətirməyən insandı.

"Həyat boz və adidən adi olanda adama elə gələ bilər ki, burda parlaq yaşantıların, dərin hisslərin, enerji "partlamasının", belə deyək, dağlar arxasında çaxan şimşəklərin izinə rastlanmaq mümkünsüzdür". Çünki boz və mənasızdır... Ancaq Bukovski o dərin hissləri, enerji daşqınını, dağların arxasında çaxan şimşəklərin izlərini ən adi əşyalarda kəşf etmişdi. Yəni bu poetik sistemin anlamı o idi ki, sən adi yağışdan da yazanda mövzu istər-istəməz bütün dünyanı və gerçəkliyi, ideoloji və siyasi səbatsızlığı, həyatın faniliyini və anın bəxş etdiyi xoşbəxtliyi əhatə edə bilərdi. Təqribən bu şəkildə: itlər yağış altında hürüşəndə // həyat lazımsız şeyə çevrilir// elə köhnə, yırtılmış ayaqqabılar kimi// bəzən yaşama davam etmək üçün// bütün hüceyrələrin silkələnməli, özündən çıxmalısan. Yəni Bukovskinin fikrincə, həyatın dözülməz ağırlığı, gərginliyi altında nəfəs alan insan hərdən yadına salmalıdır ki, hirslənə, qəzəblənib özündən çıxa bilər və bu çox faydalıdır. "Qəzəb həyatın sevindirmədiyi, güldürmədiyi insanlar üçün bir bəxşişdir, yalnız qəzəblənməklə hisslərini təlatümə gətirə bilərsən, o şəkildə ki, "ayılanda" güləsən, təbəssümün nə olduğunu hiss edəsən. Səni qorxudan, ağlını başından alan, səni yaşamağa qoymayan hər şeyə gülmək lazımdır. Və birdən anlayarsan ki, sənin bu zir-zibil həyatın çox, lap çox gözəlmiş... Və bu dəhşətli gerçəyi qəbul etməlisən...". Poeziyada hisslərin təsvirinin bu dinamikası istər-istəməz yazılan mövzunun çevrəsini genişləndirir, yaxşıyla pis, çirkinlə gözəl... hər şey adicə yağış damcısının içinə toplanır, ordan zühur edib yeni gerçəklik yaradır, insanın qəlbinin ikrah etdiyi bu gerçəkliyə qarşı.

Bu mənada Çarlz Bukovski poeziyası yeni estetika, orijinal poetik sistemdir.

Bukovski gerçəklik və zamanın həqiqətlərini bir başqa şəkildə kəşf edir, onlara tam fərqli bucaqdan baxır. Bu ifadə sistemi təsdiqləyir ki, biz heç də həmişə həyat tərzini seçmirik, yaxud seçə bilmirik, daha çox o bizdən yapışır və istədiyi yerə sürükləyir. Bukovskinin dünya duyumu şeirlərindən aydınca görünür, bu, sosial autsayderin dünyaduyumudur. Bukovski elə nəsnələrdən danışır ki, bu məqam, yəni danışıq riskdir, yəni hər kəs düşdüyü vəziyyət, keçirdiyi hisslərdən belə açıqlıqla bəhs edə bilməz. Elə hisslər, elə hallar var ki, insanlar bunları gizlətməyə, dəfn etməyə meyil edirlər. Bu, əksər insanın sosial baxımdan məğlub olduğu bir həqiqətdir - Bukovski bundan danışır. Yəni susmaq əmri verilən cəmiyyətdə şairin dili açılır. Dili açılan, danışan şair hadisəyə çevrilir. Onun ən yaxşı mətnlərində Henri Milerin "Xərçəng tropikləri"nin şırımları var. Bir də böyük Komminqsin poeziyası.

Mətnlərində Bukovski əvəzsiz memardır, və...

Ən gözəl memar elə ən böyük şairdir, o qədər böyük ki, onun mətnində bir misralıq şeirə belə rast gələ bilməzsən.

Çarlz Bukovski

Hər kəslə tənha

Sümüklərimizin üstünü örtər

bədənimiz

ağıl

gələr üstünə,

bir az da qəlb bəzən,

qadınlarsa

divara çırpar güldanları

kişilər içdikcə içər

ancaq kimsə axtardığını tapmaz,

tapmasa da usanmaz

axtarmaqdan

çarpayıda sürünərək

iməkləyərək yerdə.

 

Bədən sümükləri örtər

bədən

başqa bədənləri axtarmaqdan

bezməz, usanmaz.

 

Şansımız yoxdu əsla:

biz hamımız

bir taleyin

tələsinə düşdük

qəfildən.

 

Kimsə

Axtardığını tapmaz

bu kor dünyada.

Dolar

şəhər zibillikləri,

köhnə avtomobil məzarlığı

dəlixanalar,

xəstəxanalar da eləcə

qəbiristanlıqlar

dolar, yer qalmaz daha

dolmağa bir şey qalmaz...

 

Yarpaqların faciəsi

Ölən yarpaqların quruluğuna oyandım,

dibçək bitkiləri qarğıdalı kimi saralmışdı;

qadınım tərk etmişdi məni

boş şüşələrsə qana bələnmiş cəsədlərdi

dövrəyə almışdılar məni ümidsizcəsinə

öz vecsizlikləriylə;

ev sahibəsinin məktubu "borcunu ver", - deyə qışqırırdı,

dil boğaza qoymurdu

sarı ləkələr düşürdü döşəməyə bu acıqlı sözlərdən

indi neyləmək lazımdı -

                        nə məzəli adamdı, yumoristdi eynən

absurdun ağrısından zarafatlar eləyir,

                        ağrı özü də absurddu, mənasızdı -

çünki artıq o xəyal deyil, mövcuddu, başqa heç nə...

astaca köhnə ülgücə sarı getdirəm -

bir zamanlar gənc olan,

dahi adlanan insan, mən...

ancaq belə deyək, bu elə yarpaqların faciəsidi,

                                   ölmüş güllərin yası;

qaranlıq dəhlizdə addımladım,

harda ki ev sahibəsi dayanmışdı

qəzəbin son həddində məni başından eləyən, söyən,

əndamını, ətli qollarını yırğalayıb

səsini başına atan,

kirə haqqını ver, əclaf - deyən...

ancaq dünya aldatmışdı bizi,

hər ikimizi.

 

Qızılbalıq

Qızılbalıqlarımız vardı, onlar

pəncərənin qabağını kəsən ağır pərdələrin yanında

stolun üstündəki akvariumda

                        elə hey fırlanır, dönüb-dolanırdılar

anamsa həmişə gülərdi və istərdi ki, biz hamımız

xoşbəxt olaq,

mənə də deyərdi: "Gülümsə, Henri!"

anam haqlıydı: ən yaxşısı xoşbəxt olmaqdı

imkan varsa, şübhəsiz,

ancaq atam hərdən onu döyərdi

elə məni də,

həftədə bir neçə dəfə

dərisi hirsdən yanıb qaralana qədər

çünki atam anlamazdı ki, döyməklə

incidir, içini əzir, yandırır

anam, bədbəxt balıq, xoşbəxt olmaq istəyirdi,

həftədə iki-üç dəfə döyülməklə,

deyərdi mənə: "Gülümsə, Henri, xoşbəxt ol!

niyə üzün gülmür sənin?".

Sonra mənə baxıb gülümsərdi,

bax, belə, - deyərdi,

bu o vaxtacan gördüyüm ən kədərli gülüşdü,

günü gəldi, qızılbalıqlar öldü,

beşi də suyun üstünə çıxmışdı, sonra kənarına,

gözləri hələ də açıqdı,

atam evə gələndə onları

götürüb mətbəxin döşəməsinə

pişiyin qabağına atdı,

biz...

anam necə gülmüşdüsə, qüssəli

gözlərimiz eləcə bərələ qalmışdı..

 

Bir bülbül yaşar...

Bir bülbül var köksümün altında, dimdiyi göy

çıxmaq istər ordan

ancaq onun üçün daş qəfəsəm, zindanam

deyirəm ki,

qal orda

səni kimsəyə göstərmərəm, əmin ol.

 

Bir dimdiyi göy bülbül var ürəyimin içində

çıxıb getmək istəyir

ancaq onu mən viskiylə suvarıram hər gün

siqaret dumanıyla

 

Nə fahişələr, nə bar sakinləri

adi alverçilər belə

orda kimin olduğunu bilməzlər əsla

 

Köksümün altında

bir bülbül var,

uçub getmək dilər.

Ancaq aşa bilməz daş hasardan

deyirəm ki, sakit ol,

qal ürəyimin xarabalığında

axı sən nə istəyirsən

iş-gücümü havayamı sovurmaq istərsən

işimi cəncələ salmaqmı?

kitablarımın Avropada satışının içinə

tüpürməkmi?

 

Ürəyimin içində bir bülbül var,

çıxıb getmək, qanad açıb uçmaq istər.

Ancaq ağlım başımdadı, onu çölə buraxmaram.

ancaq bəzi gecələr

hamı özünü yuxuya təslim edəndə

ona deyirəm ki, bilirəm, ordasan

kədərlənmə,

qəmlənmə.

 

Sonra onu əlimlə yuvasına qoyuram,

ancaq orda da oxuyur bir az

içəridə kirimir; ölməyə qoymaram,

nəfəsi mənimlədi

birgə yatırıq

bu bizim

ikimizin sirridi

bilirsiniz,

kimisə ağlatmaq

çox yaxşıdı, ancaq mən

ağlamıram,

bəs sən?

 

Gülən ürək

Həyat sənin həyatındır

Onun mütilik yuvasında zərbələr yeməsinə yol vermə.

Ayıq ol,

Çıxış yolu var həmişə.

 

Hardasa işıq var,

Çox olmasa da işıq payı

Qaranlığı kəsib-doğramağa bəs edər.

Ayıq ol, yatma.

Tanrılar sənə imkan verəcək

Bil bunu.

Götür onu.

 

Ölümü döyə, qova bilməsən də

bəzən həyatda bunu öyrənə bilərsən,

daha çox işıq doğacaq,

daha çox.

Həyat sənin həyatındı.

Sənin olanda bil bunu.

 

Qeyri-adisən

tanrılar içindədi

işıq işində.

 

Mən və Folkner

Bilirəm, əminəm ki, bu barədə eşitməkdən yorulmusan, ancaq

bir çoxları eyni mövzunu dəfələrlə çeynəməkdən bezmir, bu

o deməkdi ki, onlar nəyinsə bir belə qəribə,

                                   qeyri-adi və mühüm olmasını

kəsdirmək həvəsindədirlər, bir də bunu hamı edir, çünki

hər bir insan fərqli forma və məzmuna malikdir və

                                   hər bir insan hər dəfə

qarşısında nəyin durduğunu ayırd etməlidir,

                        çünki bu onların kiçik də olsa sirləridi

bir qırıq imkandı, şansdı deyək,

indi də, keçmişdə, elə ona qədər də mən ağır-ağır, tələsmədən

bu gözəl qırmızı şərabdan içirdim və

                        indi solumdakı bu qara radiodan

simfoniya simfoniya dalınca dinləyirdim, bəzi simfoniyalar

mənə bəzi şəhər və otaqları xatırladardı,

beynimə yeridərdi ki, elə insanlar var,

hə, artıq dünyadan çoxdan köçmüş insanlar

məzarlardan, tələlərdən, qəfəs və sümüklərdən,

                                               elə özlərindən də

can qurtara biliblər

sevinc və sərsəmliklə, bir də, qarşısıalınmaz güclə

kirayə edilmiş xəfə otaqlarda yerindən qopan insanlar,

təəccübün ildırımı vururdu məni

və hətta üstündən on illər keçdikdən sonra belə,

                                   o səsləri elə dinləyərəm

elə bil ilk dəfədi qulaq asıram, hə, əvvəlki kimi

yenə gözəldi, şəfəqlərini üstümüzə səpən yandırıcı günəş kimi

insan təəccübünü birə-on artıran

göylərə bülənd olan musiqinin səmasından doğan

nə qədər substrat var

bunlar görmə və hissetmə üzvləri 

vərəqin kənarlarında bitən

imansız yazıçı-tədqiqatçılardır, halbuki, musiqiçilər elə indi

məkanın hüdudsuzluğuna endilər, hesab elə ki,

                        bunlar Çaykovskinin köhnə fəryadlarıdı

özlərinə 5-ci simfoniyadan keçərək yol açıblar, ancaq

sanki ilk dəfədi dinləyirəm onu

necə də gözəldi

ən çox sevdiklərimdən biri olan Erik Koatsı

                                   neçə vaxtı dinləməmişəm.

Ancaq bilirəm ki, əgər gözəl

                        qırmızı şərabı içərkən onu dinləsəm

tək qalmaram,

bir çox başqaları da təşrif gətirər.

Əgər belədirsə, demək, bu

elə içmək və dinləmək haqqında başqa bir şeir olacaq

təkrar çalınsın, deyilmi?

Ancaq Folknerə baxın, o, təkcə eyni şeyi dəfələrlə demədi

eyni yeri nişan verdi həm də, dəfələrlə

elədirsə, icazənizlə bu nəhəngi həyatımızdan qaldırıb ataq

bir daha: dövrümüzün və keçmişin klassik bəstəkarları

boğazıma keçən kəndiri boşaltdılar,

elə sizin də.

 

Uzaqdan məktub

Mənə

Sena yaxınlığındakı

balaca bir otaqdan yazırdı,

deyirdi ki,

rəqs dərslərinə gedir, səhər

erkən, saat 5-də qalxır yerindən

sonra şeir yazır,

ya da rəsm çəkir,

ağlamağı gələndə

çayın kənarında bir skamya var -

ora gedir.

Mahnılar kitabı

çıxacaq

payızda

bilmədim, nə cavab verim

dedim ki,

xəstə dişini çəkdirsin

və fransız məşuqlarla ehtiyatlı olsun bir az

şəklini radioqəbuledicinin yanına qoydum

ventilyatorun önündə

canlıymış kimi

hərəkət elədi

baxdım, gözümü ayırmadım heç,

qutuda qalmış 5-6 siqareti çəkib qurtarana qədər.

Sonra ayağa qalxdım

Yatmaq lazımdı.

İngilis dilindən tərcümə: Cavanşir YUSİFLİ

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!