Dünən səhər oxumağa başladığım "Qara güzgü" romanını günortadan bir az keçmiş bitirdim.
Məmməd Orucun 2 il əvvəl tamamlayıb bu il çap etdirdiyi romanı məndə çox dərin bir təəssürat yaratdı.
Həqiqi ədəbiyyatın ən mühüm cəhətlərindən biri də onun fərqli faktura, mövzu tələb etməsidir.
Məmməd Oruc bu mənada unikal yazıçıdır.
Roman XX əsrin əvvəllərindən, 1918-1920-ci illərdən Vedidə ermənilərə qarşı mübarizədən bəhs edir.
Başqa sözlə desək, nəinki ədəbiyyatımız, hətta tarixçiliyimiz üçün xam mövzudan.
Romanda Abbasqulu bəy Şadlinskinin də obrazı var.
Bəs niyə "Qara güzgü"?
Çox sevdiyim ingilis serialı var, adı da elə "Qara güzgü"dür. (Black mirror)
"Qara güzgü" antiutopik serialdır, bizi necə qorxulu bir gələcək gözlədiyi haqqında hekayələrdən bəhs edir.
Bəs "Qara güzgü" romanında güzgü nədir?
Romanda Məmməd bəy çox maraqlı bir simvol tapıb.
Roman boyu heç cür minilə bilməyən ayğırdan, Qaragözdən bəhs edir.
Romanın qəhrəmanı Kazım Qaragözün gözündə özünü görür.
Qaragözə tamaşa edir güzgü kimi.
Romanda itkin düşüb Kazımın əmisinin himayəsində yaşayan erməni qızı da qab-qacaq yuyarkən sudakı əksinə baxır.
(Qızın adı Nazdardı, amma Nazlı çağırırlar)
Romanın çox incə qatlarında gizlənən sevgi hekayələri var.
Süjeti danışmaq istəməzdim.
Mən bu qara güzgü məsələsi haqda qeydlərimi etmək istəyirəm.
Romanboyu bir tərəfdən Vedidə ermənilərlə qızğın döyüşlər gedir, digər tərəfdə isə Qaragözə minmək uğrunda mübarizə.
Qaragöz dayça vaxtından nəvazişə, kişmişə, insana öyrənib.
Lakin indi onu minmək mümkün deyil.
Hətta Kazımın əmisi onu arabaya da qoşmaq istəyir. Atın əhliləşməmək istəyi nədən xəbər verir?
Bununla yazıçı nə demək istəyir?
Bəlkə insan da heç zaman əhliləşmir? Daim qana susayır, özünün qədim zamanlarda təbiətdə etdiyi kimi, barbar qalmaq istəyir? Bəlkə düşmən heç də gəlib dost olmaq istəmir?
Oxuyan adamlara qibtə ilə baxan, oxumuş əmioğlusu ilə yaxın dost olan, dünyada hər kəsdən çox sevdiyi qardaşı İsmayılı savadlı olmağına çox sevinən Kazım da Qaragözü minmək arzusundan vaz keçmir.
Məmməd Oruc romanda aydın konfliktlər qoymur, düşmən daşnaklar uzaqdadır, onlar romanda iştirak etmir.
Düşmənə qarşı birləşən vedililər isə Abbasqulu bəy ətrafında birləşirlər, hətta qan davaları belə yaddan çıxır.
Bəs konflikt nədədir?
Qara güzgüdə?
İnsanlar qara güzgüyə baxıb özlərini rəzil görür və rəzil olduqlarını həyatda sübut etmək istəyirlər?
Qaragözün anası ermənilərlə döyüşdə aldığı güllə yarasından ölüb.
Elə Qaragöz də ermənilərin top atəşi nəticəsində dünyasını dəyişir.
Bəlkə elə qara güzgü budur.
Atlar doğulur, düşmənlər atları öldürürlər, sonra bu proses yenə təkrarlanır.
Analar güllədən ölür, uşaqlar da...
Yüz il keçsə də, yenə güllələr atılır, top atəşləri, raketlər insanları öldürür.
Elə bu ay ölən Zəhra kimi.
O qara güzgüdən xalqımızın yüz illik əzabları görünür, amansız düşmən, erkən yaşda qırılan həyatlar, qaçqınlıq, qan, ölüm, göz yaşı!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!