Mən gözəlliyi yox, xoşbəxtliyi seçmişəm, çünki Xaliq sifətini gözəllikdə göstərir.
Yaşasaydı, istedadlı yazıçı, publisist, əməkdar incəsənət xadimi Sara Oğuzun 75 yaşı tamam olacaqdı. Haqq dünyasına qovuşmaqından isə 5 il keçir.
Sara Oğuz söz sərrafı, dil bilgisi idi. Xalqın dilini, məişətini, psixologiyasını gözəl bilirdi. Haqqında söhbət açdığı insanı da dərindən duyurdu. Xəyali, obrazlı təfəkkürü də güclü idi. Bütün bunlara görə yaxşı yazırdı, rahat və tutarlı yazırdı.
"Sənəti duyan hər bir kəs onlardakı yüksək yazıçılıq məharətini təqdir etməyə bilməz. Müəllif dili heyrət doğuracaq dərəcədə bilir. Onun söz ehtiyatı zəngindir. Obrazları öz dilində məharətlə danışdırır. Elə buna görə də xarakterlər göz önündə canlanır. Bunu yəqin etmək üçün "Ölü dərdi" hekayəsini oxumaq kifayətdir" (professor, tənqidçi Akif Hüseynli).
Yaradıcılığa uğurlu hekayələrlə başlayan yazıçı sonralar bir-birindən maraqlı "Tale damğası", "Ümid ulduzu", "Kəpənək ömrü", "Çərxi-fələk" povestlərini də yazır. Bu əsərlər müəllifin yaxından müşahidə etdiyi, tanıdığı insanlardan bəhs etdiyi üçün real, həyati təsir bağışlayır.
Sara Oğuzun ən böyük nailiyyəti onun istər povestlərində, istərsə də hekayələrində canlı xarakterlər yaratmaq bacarığıdır. "Köhnə kişi" hekayəsindəki Mamı kişinin öz məxsusi yaşayış tərzi var. Heç kəsdən asılı deyil, kimsənin malına gözünü dikmir. Müəllif hekayənin təhkiyəsini qəhrəmanın həyat tərzi ilə bağlı şəkildə asta-asta, aramla davam etdirir, sanki Mamı kişinin özündən daha çox, yan-yörəsindən, bağ-bağatından danışır.
Nasir Mamı kişinin bağlı-bağatlı, şabalıdlı evini təsvir edərək Mamının həyat tərzini, arvadı öləndən sonra aldığı Gülsümün iş-gücündən narazılığını, ahıl yaşında evində yorğan sırıyan ləzgi qızı Gülsümə meyil salmasını və "Şabalıdı yığanım yoxdu" deyərək onu evə gətirib arvad etməsini çox inandırıcı, ustalıqla təsvir edir.
Müəllifin başqa bir hekayəsindəki ("Yengə") Zülhəccə obrazı da qabarıq bir xarakter kimi oxucunun gözündə canlanır. Müəllif hekayədə incə bir sarkazmla tündxasiyyətli qəhrəmanını təsvir edir. Hekayənin sonunda isə kəsərli qılınc kimi sözü sıyırıb, hikkəsi-fitnəsi aləmi cana gətirmiş yengə Zülhəccə qarının iç üzünü açır.
Azacıq anlaşılmazlıq üzündən toya vay salan, elin cavanlarını istədiyi kimi fırladıb barmağına dolayan bu qarının əsl sifəti bircə hamam səhnəsi ilə ap-aydın cızılır. Elə bu səhnədəcə artıq yengənin gələcək iştəklərinin ilmələrini hekayənin kompozisiyasına vurur... "Zülhəccə xala ola, hamama gələ, özü yuyuna, özü çimə - olan iş deyildi. Axı, sizə deməmişəm, Zülhəccə xalanın kənddə sayğılı yeri vardı. Hörmətli, izzətli peşə sahibidi. Hacı Qədimalılar nəslinin yengəsi. Onların da tayfasını hürkütməmiş saymaq olmazdı. Zülhəccə xala deməsin, at ilxısı, köpək sürüsü. O, ildə bir neçə kərə yengə getməli olurdu. Gah oğlan yengəsi, gah da qız yengəsi. Ayrı məhəllədən də ona minnətə gələn olurdu ki, bəs bu işin səndən başqa yiyəsi yoxdur. Zülhəccə xala da minnətə gələni hörmət yiyəsi, qədir-qiymət sahibi bilirdisə, razılıq verərdi. Yox, özü deyəsi, bir qəpiyə dəyəsi adamlar deyildisə, "düdük" verib yola salardı. Nəsildə kimin evlənmək söhbəti düşürdüsə, birinci Zülhəccə xalanın ağzını arayırdılar. Kimə qız tapılmırdısa, kimin qızı evdə qalırdısa, Zülhəccə xalaya gənəşiyə gələrdilər. Hansı qız "istəmirəm, getmirəm" deyib dururdusa, Zülhəccə xala böyük oğlu ilə özünü yetirirdi. Böyük oğlu nəhəng kölgəsini irəli verib, qan dolmuş göy gözlərini bərəldərək xırıltılı səsiylə "Səni qana qəltan eləyərəm, ağzın nədi üzə qayıdasan" - deyə qızlara həng gələrdi...".
Yazıçının ən böyük nailiyyəti onun dilidir. Sara Oğuzda söz ehtiyatı çoxdur. İstər povestlərində, istərsə də hekayələrində. O, yaratdığı obrazları özünəməxsus tərzdə danışdırır. Müəllifin təhkiyəsi də sünilikdən uzaqdır və ən ciddi bir hadisəni belə qələmə alarkən yerinə görə yumordan istifadə edir. Müəllifin "Ölü dərdi" hekayəsindəki qəhrəmanın - daşyonanın dilindəki yumora diqqət yetirək. "Daş daş ola ha, sirinsinib durur üzünə. Hələ harasıdır. Bir də gördün, sürütləyib salırlar gözümün bıçağı qraniti karxanaya. Ciblərindən bir şəkil çıxarıb deyirlər: "Bu arvadı görürsən, telefonla danışdığı yerdə heykəlini bunun üstündə yonarsan". Deyirəm, kişinin arvadı bir vəzifə-zad sahibiymiş. "Yox" deyirlər, evdar qadın idi. Sən demə, vəsiyyət eləyib ki, "tilifon qulağımda" mənə heykəl qoyarsız. "İmaməli dayı, elə düzəlt, elə bil diridir, indicə telefonda danışacaq. Ürəyimdə deyirəm" sənin "İmaməli dayını da, "telefon" istəyən ananı da... O boyda əndazəni bunun üstündə necə təraş edim?".
Müəllifin qəhrəmanlarının əksəriyyəti talesiz, gözəlliyi xoşbəxtliklərindən üstün tutan, öz mənəvi saflıqlarını qoruyub saxlayan, sevmək, sevilmək istəyən qadınlardır. Onun "Tale damğası" povestindəki əsərin qəhrəmanı gözəl, talesiz Şamxatun - müəllifin xalasıdır. Sibirə sürgün olunmuş ata və qardaşlarının həsrəti ilə böyüyən Şamxatun bu atasızlığın qurbanı olaraq sevmədiyi Şamxal tərəfindən qaçırılır.
Tədqiqatçı, Vyana Universitetinin müəllimi Sena Deqan 1996-cı ildə Bakıda olarkən S.Oğuzun əsərlərilə tanış olur. Sena Deqan "Tale damğası" əsəri haqqında öz mülahizələrini belə izah edir. "S.Oğuzun qəhrəmanları özünü fəda etmək barədə düşünmürlər, tale belə gətirir ki, daim öz azadlıqlarını axtarırlar. Məsələn: "Tale damğası"nda qəhrəman məhz qadın tipajlarının ətrafında - nənəsi, anası, başlıca olaraq xalasının həyatı, həyat tərzi, mehriban, isti mühitində öz daxili müstəqilliyinə can atır. Bu, təkcə patriarxallıqdan irəli gəlmir. Burda sosial maneə yoxdur. Qadın həqiqəti var".
Müəllif "Bayat oxşaması" povestində haqsızlığa dözməyərək qaçaq düşmüş Şərifin həyatını təsvir edir, onun ailəsinin başına gətirilən amansız müsibətdən təsirli söhbət açır. Qaçağın bacısının ailənin namus və şərəfini qorumaq üçün canını fəda etməsini müəllif folklor ruhunda, sanki bayat oxşaması üstündə qələmə alır, koloritli dili, poetik ruhu ilə olduqca oxunaqlı bir əsəri oxuculara ərməğan edir. Əsərdə nənənin dilindəki ifadəyə nəzər salaq: "Qanlı, qanına boyanasan, Şərif balam qaçaq düşdü. Qanlı, qanına bələnəsən, evimin dirəyi, oğul nəvəm didərgin düşdü. Qanın qaysaqlanmasın müddəayı, damımın tiri, tirboyun Şərif evindən ayrı düşdü. Yasaq, yasavul əlində qaldıq, qanlı...".
Sara Oğuzun bir-birindən maraqlı, duzlu povestlərinin əsas məziyyəti - ən əvvəl zəngin dili koloritidi, obrazlarının inandırıcı, təbii olmasıdı və möhkəm kompozisiya özülü üzərində qurulmasıdı. Həm də xalqımızın adət-ənənələrini, kökünü bilməsi, folklordan gələn şirin təhkiyəsi onun yazılarına təkrarolunmaz bir ovqat gətirir. Onun obrazları daim yaşadığı mühitin ab-havasına dözə bilməyən, öz hüquqlarını tələb edən təmkinli insanlardır.
Müəllifin ən yaxın keçmişimizin real həyatıyla səsləşən "Kəpənək ömrü" povestinin qəhrəmanları ziyalı qadınlardır. Əsəri oxuyarkən gözümüzün qabağına balalarına bir parça çörək qazanmağın ucbatından "talkuçka"larda, metronun keçidlərində hələ də bəzən alver edən ziyalı qadınlarımız gəldi. Onların əksəriyyəti bürküdən, havasızlıqdan xəstəliklərə tutulsalar da, həmin keçidlərdən əl çəkmirlər. Çünki onların yeganə qazanc yerləri ancaq oralardır. İnstitutlarda, müəssisələrdə, məktəblərdə aldıqları məvacibləri heç çörəkpuluna da çatmayan, sosial vəziyyətin ağırlığından mənən düşkünləşən qadınlarımızı müəllif bu əsərdə üç qadının simasında cəmləşdirir. Ehtiyac bu üç ali savadlı rəfiqəni dovğalıq tərə, pencər, yemlik yığmaq üçün Bakı bağlarının birinə aparıb çıxarır. Bakının ətraf düzənlikləri isə icarəyə verilib, sahibkarlar tərəfindən zəbt edilib və qadınlara icazə verilmir ki, onların işarə qoyduqları sahələri ayaqlasınlar. Bu üç qadın - elmi işçi, hesabdar və laboratoriya müdiri hələ də bazar iqtisadiyyatının sərt qanunlarına, özəlləşmənin ab-havasına alışa bilmir.
Savadsız, adlarını belə düzgün yaza bilməyən sahibkarların təhqiramiz sözlərinə məruz qalan qadınlar vaxtilə bir idarənin, bir müəssisənin hörmətli, savadlı işçiləri idi. Bu ziyalı qadınlara əzab verən maddi vəziyyətlərinin çətinliklərindən çox, mənəvi sarsıntılarıdır.
Laboratoriyamız daha yoxdur. Bizim ora gedib-gəlməyimiz ölünün ömrünü uzatmaq kimi bir şeydir".
Adama elə gəlir ki, "Kəpənək ömrü" əsərinin qəhrəmanları cəmiyyətdə baş verən neqativ hallara, dözülməz münasibətlərə, insanlar arasında dərin ziddiyyətlərə dözməyib kəpənək ömrü qədər qısa həyat yaşayacaqlar. Axı kəpənəklərin ömrü bir-iki günlükdür. Lakin Sara Oğuzun böyük yazıçı qüdrəti ilə kəpənəyi rəmz kimi olaraq işlətdiyi son cümlə bu qaranlıqları, boğucu ictimai münasibətlərin torunu qırıb insanı işıqlığa çıxarır. Bu "Zülmlə özümü yerdən durmağa məcbur elədim ki, qoy ömrünü ağzıbirdə qurtarmasın!" cümləsi kiçik olsa da, güclü daxili enerjiyə malikdir. Həmin cümlə ilə azadlığın, işıqlı nə varsa onun rəmzi kimi işlədiyi obrazı - kəpənəyi yazıçı əsərin qəhrəmanının əli ilə çölə buraxmağı qərara alır. Bununla da yazıçı, sanki özü div gücü ilə təpiyini yerə vurub, əsərin qəhrəmanlarını və oxucularını azad ənginliklərə qaldırır.
İstedadlı şairəmiz Firuzə Məmmədli Sara Oğuz haqqında yazır: "Sara Oğuz (Nəzirova) incə ruhlu, xoşsimalı, kamil yazıçı qələminə və kəskin tənqidi təfəkkürünə malik bir yazıçıdır. Mən ona yazıçı deyərdim, incəsənət sahəsində sərrast ilmələr vuran, oxucu təfəkkürünü yerindən oynadan elmi məqalələri olmasaydı. Mən ona alim deyərdim, jurnalistika sahəsində bu qədər uğurlu fəaliyyəti olmasaydı. Mən ona etnoqraf deyərdim, neçə-neçə sənədli kinofilmlərin ssenari müəllifi olmasaydı. Sara Oğuz bunların hamısını birdən öz boyuna, çəkisinə, həcminə ölçüsünə yerləşdirən bir ziyalıdır".
Müəllifin qələmə aldığı "Çərxi-fələk" povestinin qəhrəmanı həyatda gözəllik, saf, təmənnasız sevgi axtaran Xədicədir. Xədicə də Ələkbərdə özünə qarşı ülvi məhəbbət görmək istəyir. Ancaq bir-birlərinə könül verən iki gənc maneələrlə rastlaşırlar. Ələkbərin anası "Əsli-kökü bilinməyən kəndçi qızıyla bizimki tutmaz. Mən bu rayonluların zatına bələdəm. Sürüynən yaşayan millətdi. Bir də bu rayon qızları Molla Nəsrəddinin bağlı danasıdır. Açılan kimi min işdən çıxırlar. Üstlərində göz yox, qadağa-qaytan yox", - deyə oğlanı Xədicədən soyudur. Bu iki gəncin yolu ayrılsa da, onlar xoşbəxt olurlarmı? Tale elə gətirir ki, ahıl yaşında tənha yaşayan Xədicə dənizdə boğulur, onu sahilə çıxarırlar və çimərlikdə olan Ələkbər qadını tanımadan, bilmədən axşamdan səhərə qədər Xədicənin cənazəsinin keşiyini çəkir. Biləndə ki, keşiyini çəkdiyi meyit Xədicənindir, sanki havalanır və günahını yumaq üçün özü-özünü cəzalandırır. "Xədicəni mən öldürmüşəm" deyib özünü polisə təslim edir.
Müəllifin indiyə kimi səkkiz kitabı işıq üzü görüb. Əsərləri rus, Ukrayna, ingilis, ispan və Çin dillərində nəşr olunub. "Tale damğası" povesti müəllifdən xəbərsiz ən yaxşı əsər kimi Amerikada çıxan "İkarus" jurnalında çap edilib. Jurnalın redaktoru S.Şerri Sevistiades S.Oğuzun yaradıcılıq keyfiyyətlərinə toxunaraq onu "ekstremal dərəcədə istedadlı yazıçı" adlandırmışdı.
Onun yaradıcılığında publisistika da xüsusi yer tutur. Müəllifin "Gözəlləmə", "Ocaqlarımızın bərəkəti", "Çin süsləməsi", "Keçmişimiz və mədəniyyətimiz", "Ulu Naxçıvan", "Qobustandan qaynaqlanan sənət", "Beşik başında", "Vətənin qürbəti", "Türkmən tərəfi" və s. əsərləri adi yazılar deyil, onların hər biri toxunduğu mövzu ətrafında dərin biliyin məhsulları, bitkin, poetik tablolardır. "Gözəlləmə" publisist yazısında müəllif azəri qadınlarının geydikləri zərxaralardan, qanovuz atlaslardan, alışdım-yandım parçalardan, boyun boğazlarına, qulaqlarına taxdıqları sinəbənddən, Ay-ulduzdan, quranqabıdan, butaqarmaqdan, qırxdüymədən, zənbil sırğadan söz açır, nənələrimizin, gəlin-qızlarımızın bəzək-düzəyindən sevə-sevə danışır, olduqca koloritli bir mənzərə yaradır. "Türkmən tərəfi" yazısında müəllif Türkmənistanın etnoqrafiyasını, adət-ənənələrini, bunlarda türkmən bacı-qardaşlarımızın ruhunun, psixologiyasının çox təcəssümünü ustalıqla oxucularına çatdırır. Esse janrında yazılmış bu publisist yazıda informasiya zənginliyi ilə hiss-emosiya dolğunluğu cəmləşir. Dramaturq-yazıçı Əli Əmirli S.Oğuzun yaradıcılığına yüksək qiymət verərək yazır: "Sara xanım əl atdığı bütün mövzulara gözəllik, xeyirxahlıq və mərhəmət ölçülərilə yanaşır. Elə buna görə də müəllif fırça ilə rəsmlər çəkməsə də, rəssamdır: Onun gördüklərini, duyduqlarını, eşitdiklərini oxuyan hər kəs ilk növbədə yüksək bədii zövq, ləzzət alır, sözün dadını hiss edir; konkret bir hadisə, konkret bir rəsm əsəri və ya rəssamdan .... elə yazır, elə danışır, onu bədii materiala elə çevirir ki, çox vaxt haqqında söhbət açdığı obyekti kölgədə qoyur".
Tənqidçi professor Tehran Əlişanoğlu Sara Oğuzun kitabı haqda öz təəssüratını belə ifadə edir: "...Bu kitaba yığılmış povestlərlə hələ işim yox, məhz "yazılar" - kitabın ikinci qisminə toplanmış sənət oçerklərini nəzərdə tuturam. Məni, sadəcə, maarifləndirmədi - Azərbaycan mədəniyyətinin zənginliyinə nə söz?! Təəccübləndirmədi, yox, xüsusən buradaca say-seçmə adlarla az qala yetmiş il izlənən təsviri sənətimiz üzərində dayanıram: - Rəngin, təsvirin, hətta lövhələrdə çırpınan musiqinin sözə çevrilib gözlərim önündə yenidən canlanması, doğrusu, çaşdırdı və valeh etdi məni".
Bu həssas yazıçının özü də dəyərli əsərləriylə bərabər, tanınmış jurnalist Solmaz Əmirli demişkən, "xalqımızın milli sərvəti" idi.
2014-cü ildə haqq dünyasına qovuşan Sara Oğuz özü də həqiqi gözəllik yaradıcısı kimi xoşbəxt yazıçı idi. Çünki özündən sonra qoyub getdiyi əsərləri həmişə sevilib və seviləcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!