"Həmin qadına məktub" - Səlim Babullaoğlu - "1 şeir/2 rakurs"

"Ədəbiyyat qəzeti" "1 şeir/2 rakurs" layihəsini davam etdirir. Bu həftə təhlilə cəlb olunan şeir Səlim Babullaoğlunun "Həmin adına məktub" şeiridi.

 

Həmin qadına məktub

Mənə şəkil göndərdin
uzun illərdən sonra,
bəraətçün şəkillər
görən, nə deməliydi?
Hə, elədi, sükutda
gizlənib bütün sözlər.
Gözəldi saçında ağ-
iztirabın sancağı.

Mənimsə köksümdədi
xəyanət qəlpələri.
Şəhvətin köynəyini
təəssüf yeli qurudub.
Birlikdə son günümüz,
yəni, o şəkil, əda
keçmisin yaddaşında
indi çoxdan soluxub.

İndi mən çox düşmüşəm,
sən də cavan deyilsən.
Qırışları gizlətmir
boynundakı yaylığın.

Tənhasan, yeməyini
yəqin yavan yeyirsən.
Gövdəni gəzdirəndə
büdrəyir ayaqların.

O adamlar deyilik,
bir də nə yazım, axı?
Ehtirasın külündə
qaralar üz-gözümüz.
Güzgüdə təskinliyin
gözəlliyin deyilsə,
heç olmasa dadına
yetişsin diriliyin.

Balaca şəhərlərin
çox rahat dünyası var:
üç-dükan, meydança,
klub və qəbiristanlıq.
Amma əsas bu deyil,
orda bütün söhbətlər
dünyanın özü qədər
yaman çəkər adamı.
Ömür harda yaşansa
tale orda qonaqdı.
Qonağısa qovmazlar,
bir də adət var axı.
Axşamları tum çırtla,
pəncərədən Aya bax,
Leylanın Məcnununda
son hərf üçün baş sındır.

Ümidlər ilə yama
sabahın cübbəsini.
Dualardan bərk yapış,
təkcə özün üçün yox.
Xatirə güvəsini
təmizlə üst-başından.
İndiysə getməliyəm,
oğlum məktəbdən çıxır.

 

Ömür harda yaşansa...

Elnarə AKİMOVA

Poeziya nədir sualına içimdə min dürlü cavabım olub həmişə və cavab tapdığım anda da Sizif çabasına, faydasız əməyə mübtəla olmağımın fərqinə varmışam. Çünki mənim məhz, o müəyyənliyi yerinə qoyduğumu güman elədiyim məqamda yeni hisslərin doğuluşu baş verib, anlamışam ki, yox, bu sualın cavabı tapdığım deyil deyəsən. Amma illərdən bəri beynimdə müvazinətini pozmayan tək fikir bu olub ki, şeir poetik  yaşamdı və o, oxucunun duyğularından keçib onun ruhunu, varlığını saran ən munis hissləri tərpətməyi bacarmalıdı. Adətən rasional düşüncə tərzi ilə seçilən şair Səlim Babullaoğlunun bu şeiri mənim üçün ilk növbədə, həmin qatı ilə maraqlı oldu. Burda rasional düşüncəyə diqqət çəkərək sözümü geri götürmürəm, nədən ki, heç bu şeir də emosional ovqatın təzahürü deyil. Səlim poeziyanın adı ilə az qala sinonim kimi səsləşən emosiya sözünün özünü bu şeirdə fənaya uğradır. Ən dərin, ən çılğın hissləri belə sakit, təmkinli bir əda ilə şeirə gətirməyin mümkünlüyünü, onların daxili səsə uyğun səslənişini meydana qoyur. "Uzun illərdən sonra" soyuqlaşan münasibəti elə soyuq tərzdə, birxətli intonasiya ladında təqdim edir:

Mənə şəkil göndərdin
uzun illərdən sonra,
bəraətçün şəkillər
görən, nə deməliydi?
Hə, elədi, sükutda
gizlənib bütün sözlər.
Gözəldi saçında ağ-
iztirabın sancağı.           

Bu məktub iki zaman kəsiminin prozaik naturallığını daşıyır özündə. "Keçmiş yanıq çıxıb", amma gələcəyə də "əl uzanmır". Buna səbəb "indi" olan zaman kəsiminin donuq mənzərəsidir. Yaşanmış duyğuların, keçilmiş yolun, üstünü zaman örtmüş xatirələrin izi, səsi-sorağı elə oxunan anda bitəcək kimi gəlir adama. O qədər ki, şair burada artıq kiçik ümidə belə yer saxlamır. Kamal Abdullanın "kimsə yox xatırlamağa, unutmağa da kimsə yox" misralarının yaratdığı söz oyunundakı kimi deyil məsələ… Burada xatırlamaqla unutmağın arasında var-gəl etməyin nəticəsiz sonluğuna məhkum deyilsən. Yəni, bu, hardasa xatırlayırsansa, unutmamısan demək, unutmaq haqqında düşünürsənsə, demək xatırlanmağa həmişə kimsə var anlamına gəlmir. Çünki bu şeir oyun yox, bir zaman yaşanan eşq hekayəti üstündədir. Son günün çəkilmiş şəkli yaddaşda ilişib qalan ağrılı məqamları sıralayır və sıralanma doğurduğu qüvvətli montaj effekti ilə yadda qalır. Hər misradan sonra ötən günün səhifələri kino lenti kimi keçir gözlərimiz önündən. Misralar öz təsir gücü, şüuraltının işlədiyi və işlətdiyi dərin(lik)lərə qədər bizə anlatdığı məlumlarla yanaşı naməlumları - kəsilib atılan parçaları aydınladır arxasında. Bu məqam isə sadəcə təsvir elementi olmayıb, misralara sığışmaqdan çıxaraq "hadisə"(ni) bəlirtməyə gücü çatan təsvir qismində, poetik strukturun diktəsi ilə reallaşır. Qeyd edək ki, bunun özü də poeziyamızda az rast gəlinən hadisədir.

Mənimsə köksümdədi
xəyanət qəlpələri.
Şəhvətin köynəyini
təəssüf yeli qurudub.
Birlikdə son günümüz,
yəni, o şəkil, əda
keçmisin yaddaşında
indi çoxdan soluxub.

Şeirdə dilin müxtəlif  - ciddi, ironik üslub çalarlarından istifadə ilə yanaşı mətləbin ifadəsinin, hadisənin məzmununun təqdimində semantika qüvvətliliyi ilə seçilir. Belə ki, şeirdə hər misra ideya yüklüdür, mətləb daşıyıcısıdır, rəmzi tutuma malikdir. Keçmişin anıları burada düzüm-düzümdür, fon səciyyəsi daşımır, əksinə, onun kontekstinin faktları misra boyu səpələnib bir ömür hekayətinin nişanələrini çevrələyir. Bəzi hallarda boyalar tündləşir, ironiya acısı üzə çıxır (gözəldi saçında ağ / iztirabın sancağı), şair təsəlli dolu sətirlərlə gələcəyin dumanlı məchulluğunda qadını aqibətinə qənşər buraxır. Son misralar isə bəhs edilən eşq hekayətinin akkord sonluğu kimi səslənir:

Ümidlər ilə yama
sabahın cübbəsini.
Dualardan bərk yapış,
təkcə özün üçün yox.
Xatirə güvəsini
təmizlə üst-başından
İndiysə getməliyəm,
oğlum məktəbdən çıxır.

Şair söylədiyi bu hekayətə ömrün müdriklik zirvəsindən nəzər yetirərək nöqtələri yerinə düzür və "ömür harda yaşansa, tale ora qonaqdı" deyibən son ümid işığını öz əlləri ilə qapayır.

Şairin həmin qadından intiqamı...

NARQİS

Ədəbiyyat dünyasında hekayə, romanla tez-tez yolu kəsişən, sınaq, gəzinti yazısı, tənqid kimi növlərlə qarşılıqlı halda öz bədii səfərinə davam edən məktub, insanın xəyallarını, etiraf və etirazlarını azadca əks etdirən xüsusi bir növ və xüsusi bir texnikaya çevrilib.

İnsanların bir-birlərilə xəbərləşmək, duyğu və düşüncələrini paylaşmaq üçün faydalandıqları məktub, zaman içində yazarının bir mövzu haqqındakı fikirlərini müxtəlif növ və janrlar üzrərinə köçürüb.

İlk nümunələrinə Antik dövrdən etibarən rast gəlinən, Orta əsr və İntibah dövründə inkişafını davam etdirən məktub, Avropada XVII əsrdə ictimai və mədəni həyatın mərkəzi olaraq görülən ədəbi ortamlarda yayılıb. XVIII əsrdə fərqli bir məzmun qazansa da, bir ədəbi növ olaraq inkişafını XIX əsrdə tamamlayıb.

Ədəbiyyat və fikir adamlarının xüsusi məktubları, məktub başlıqlı nəzm və nəsrlə ifadə olunan növlərə köçürülən ismarıc, ertiraf və etirazları, ədəbiyyat tarixini və ictimai tarixi işıqlandıran əhəmiyyətli sənədlərdir.

Eşq məktubu, yoldaş məktubu, əsgər məktubu, məhbus məktubu, iş məktubu, tövsiyə məktubu, ihbar məktubu, heyran məktubu, oxucu məktubu, təhdid məktubu, rəsmi məktub, dəvət məktubu, açıq məktub, vida məktubu kimi fərqli növləri olan məktublar roman və hekayələrin süjetlərində hadisənin axışını dəyişdirən, intriqanı inkişaf etdirən bir köməkçi ünsür funksiyasını daşıyır. Hər məktub bir etiraf, qəhrəmanın daxili dünyasını əks etdirən xüsusi bir mətndir sanki. Qadın yazarlar tərəfindən ustalıqla istifadə məktublar ədəbiyyat dünyasında qadının "etiraf və etiraz dili" olaraq xüsusi bir əhəmiyyət daşıyır.

Orxan Vəli Kanık, Əhməd Arif, Səbahəddin Əli, Nazım Hikmət başda olmaqla Türk ədəbiyyatında iz buraxan məktublarda  məktubun müəllifinin daxili dünyası, görülməyən etirazı yaxud etirafı ön plana çıxır. Son vaxtlar Azərbaycan ədəbiyyatında daha çox etiraf xarakteri daşıyan bir növ məktub xarakterli, ünvanlı yazılar, şeirlər çıxır qarşımıza. Səlim Babullaoğlunun "Həmin qadına məktub" şeiri bu məqamda diqqəti çəkir. Doğrudur nəzm şəklində yazılan hisslərin ifadəsi bizim ağlımıza gələn məktub formatından çox uzaqdadır. Ancaq gəlin görün ki, həm şeirin adındakı məktub ifadəsi, həm də misralardakı ünvanlı fikir və hisslər əsas verir ki, bu şeirə bir növ məktub, ismarıc kimi baxaq. Və şeiri həmin nöqteyi-nəzərdən təhlil edək.

Şeirdə uzun illərdən sonra bir sevgilidən digərinə göndərilən şəkil bütün keçmişi yenidən canlandırır. Şairin qəhrəmanı rəsmi incələdikdən sonra görür ki, sevgilisi çox dəyişilib, fələk onun da yanından əli boş keçib getməyib. Fələyin qırmancının kosmetik bəzək verdiyi  sevgilisinin saçları şairin qəhrəmanında uğultulu hisslər oyandırır. Bu hisslər həm də çox qarışıqdır. Ancaq yenə də  indiki qadını həmin qadın qiyafəsindən uzaqlaşdıran bu fərqlilik şairin yaddaşında qalan qadına olan sərt duyğularını yumşaltmağa kömək edə bilmir:

Gözəldi saçında ağ-
iztirabın sancağı.

Ancaq görünür illər keçməsinə baxmayaraq, qəhrəman keçmişi təəssüf hissi ilə xatırlayır. Sevgidən daha çox təəssüfün yer aldığı misralarda üst-üstə qalaqlanmış kədər və qəzəb sezilir. Qəhrəman şəkilə nəzər saldıqca xəyanət qəlpələrinin yeri sızıldayır. Bu şəkil şairin qəhrəmanının yarasına duz basır. Yara ağrıdıqca qəhrəman sevgilisinin də canını yandıracaq dərəcədə ironik sözlər sərf edir misralarda. Qısaca təəssüf yağışı yağır qəhrəmanın dilindən:

Birlikdə son günümüz,
yəni, o şəkil, əda
keçmisin yaddaşında
indi çoxdan soluxub.

Keçmişin yaddaşında çoxdan solan, rəngsizləşən rəsm qəhrəmanın ürəyində hələ də soluxmayıb. Təravətini qoruyur. Çünkü hər unutdum demək axı həm də xatırlamaqdır. Qəhrəman ağ düşən saçları, yaxud fiziki dəyişikliyi sevgilisinin keçmişi ilə müqayisə fonunda xatırlayıb, təhlil edir. Şeirdə bir çox psixoloji duyumlar da ön plandadı:

İndi mən çox düşmüşəm,
sən də cavan deyilsən.
Qırışları gizlətmir
boynundakı yaylığın.
Tənhasan, yeməyini
yəqin yavan yeyirsən.
Gövdəni gəzdirəndə
büdrəyir ayaqların.

Şairin qəhrəmanı sevgilisini hələ də tək (tənha) görmək istəyir. Burada ikili pryom yer alıb. O, həm sevgilisini başqasıyla xəyal edib, keçmişdə onları uzaqlaşmağa məcbur edən hadisəni qəbul edə bilmir. Həm də bir vaxt onun olan qadının indiki, faktiki mövcud tənhalığına ironiya edir. Onu tənha görmək istəyir elə bil…

O adamlar deyilik,
bir də nə yazım axı?
Ehtirasın külündə
qaralar üz-gözümüz.

Bu misranı oxuduqda isə  şairin qəhramanına insanın acığı tutur. Bir qədər qəzəblənirsən. Sanki o həmin qadına sonuncu ən qəddar zərbəni vurur bu misrayla… "Sənə olan hisslərim eşq yox, ehtiras idi"… Yaxud "eşqim artıq bitib sənə qarşı" -bağırır misralarda…

Şairin qəhrəmanı da günahkardır. Görünür balaca şəhərdə yayılan söz-söhbətlərdən də nə özünü, nə də sevgilisini çəkib xilas edə bilməyib:

Balaca şəhərlərin
çox rahat dünyası var:
üç-dükan, meydança,
klub və qəbiristanlıq.
Amma əsas bu deyil,
orda bütün söhbətlər
dünyanın özü qədər
yaman çəkər adamı.

Beləliklə, sonu gətirən həmin situasiya cərəyan etməyə başlayır… sevgi cəmiyyətin doğruluq  nəzəriyyəsinə qurban edilir.

Ümidlər ilə yama
sabahın cübbəsini.
Dualardan bərk yapış,
təkcə özün üçün yox,
Xatirə güvəsini
təmizlə üst-başından.

Şairin qəhrəmanı nəhayət "mən səni unutdum sən də yaxşısı budur məni unut" - deyir.  
Və sonda, ikinci ən sərrast zərbə olaraq misralarda özünün tək olmadığını elan edirmişcəsinə-

İndiysə getməliyəm,
oğlum məktəbdən çıxır -

deyərək həmin qadına həyatının bir kadrını nəzərində canlandırma icazəsi verir. Ancaq bu kadr son dərəcə dramatikdir, ağrılıdır, yarımçıqdır…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!