ABŞ dramaturqları Azərbaycan dilində - Esmiralda Rəhimli

 

Bu yazımız ABŞ müəlliflərinin Akademik Teatrda oynanılan əsərlərinin səhnə taleyindən bəhs edir. Yeri gəlmişkən qeyd edək ki, bu ölkənin Teodor Drayzer (1871-1945), Mark Tven (1835-1910), Ernest Heminquey (1899-1961), Cek London (1876-1916), Uilyam Folkner (1897-1962), Ayzek Əzimov (1920-1992), Con Steynbek (1902-1968) kimi nəhəng yazıçılarının nəsr əsərləri uzun illərdir Azərbaycan dilinə tərcümə olunaraq oxuculara çatdırılır. Sevindirici haldır ki, onların müxtəlif mövzulu və janrlı əsərlərinin bir qismi dilimizə orijinaldan çevrilib.

Akademik Teatr ABŞ-da yaşayıb-yaradan müəlliflərdən ilk dəfə Biçer Stounun "Tom dayının koması" əsərini tamaşaya hazırlayıb. Kollektiv XX əsrin ikinci on illiyində öz repertuarında uşaq əsərlərinə də yer ayırmağa başladı. 1927-ci ildə sənət ocağının səhnəsində fransız ədibi Jül Vernin "80 gün dünya səyahəti" (17 fevral) əsəri ilə yanaşı, Amerikanın qadın yazıçısı Biçer Stounun "Tom dayının koması" (3 noyabr) romanının səhnələşdirilmiş variantı da tamaşaya qoyuldu.

Biçer Stou (Harriet Elzabet Biçer. 1811-1896) ABŞ-da Konnektikut ştatının Litçfeld qəsəbəsində doğulub. 8 yaşından başlayaraq 5 il Miss Sarah Pierce məktəbində oxuyub. Sonra bacısı Yekaterina tərəfindən əsası qoyulan Hartford Qız Akademiyasında təhsil alıb və burada fransız, italyan, latın dillərini öyrənib. Həmin dövrdə Harriet atasının yaratdığı dini bir məclisdə iştirak edib. Bundan sonra bütün həyatını Həzrət İsaya həsr etməyi qərara alıb. Bu qərarla da o, gələcək həyatının əsasını qoyub. 1936-cı ildə Kelvin Ellis Stou ilə ailə qurub. Bir müddət Floridada yaşayan Harriet geriyə - Hartforda dönəndə "Müqəddəs tarixin qadını" ("Voman in Sacred History") adlı əsərini yazıb. Harriet Biçerin (Biçer Stou) "Tom dayının koması" əsəri real tənqidi kəsəri, cəsarətli ideyası ilə ABŞ-da köləlik rejiminin ləğv edilməsində böyük rol oynayıb. ABŞ-ın o vaxtkı prezidenti Avraam Linkoln bu romanın ictimai-siyasi mahiyyətini xüsusilə yüksək qiymətləndirib.

Yazıçı dünya şöhrətli "Tom dayının koması" romanını 1854-cü ildə sərt tənqidi zəminli ictimai-siyasi roman janrında yazıb. Əsər qısa müddətdə çox geniş yayılıb və sevilə-sevilə oxunan kitaba çevrilib. Bir neçə ingilis və rus müəllifləri bu romanı səhnələşdiriblər. Akademik Teatr Qafarovun tərcüməsinə müraciət etmişdi. O, D.Aykenin və Ç.Teylorun səhnələşdirdikləri varianta üstünlük vermişdi. Tərcümənin dilində müəyyən ağırlıq vardı, osmanlı türkcəsində olan qəliz sözlərdən çox istifadə edilmişdi. Yeri gəlmişkən qeyd edək ki, 1920 - 1930-cu illərdəki tərcümə əsərlərinin əksəriyyətində bu qüsura rast gəlinir.

"Tom dayının koması"nı tamaşaya sənət ocağının baş rejissoru Aleksandr Tuqanov hazırlamışdı. Tamaşada Möhsün Sənani (Harris), Rza Əfqanlı (Halley), Ülvi Rəcəb (Jorj), Əli Qurbanov (Tom dayı), Dadaş Şaraplı (Bezqali), Əzizə Məmmədova (Xluya), Panfiliya Tanailidi (Marri), Məhəmmədhəsən Atamalıbəyov (Mister Şelbi) kimi tanınmış aktyorlar iştirak edirdilər. Səhnələşdirmə romanın ümumi ahənginə və bədii qayəsinə uyğun gəldiyi üçün tamaşadakı hadisələrdə də bütövlük hiss olunurdu. Bir sıra hadisələr səhnələşdirmədən çıxarılsa da, əsər pyes kimi dramatik məziyyətlərini saxlaya bilmişdi.

Böyük Vətən müharibəsində ABŞ faşist Almaniyasına qarşı müharibədə SSRİ ilə müttəfiq olduğuna görə qələbədən sonra Amerika ədəbiyyatına, o cümlədən həmin ölkə ədiblərinin dramaturgiyasına müəyyən maraq yaranmışdı. Teatr 1948-ci il mart ayının 6-da Arno D`Yussonun (1916-1990) və Ceyns Qounun (1907-1952) "Dərin köklər" dramını tamaşaçılara təqdim etdi. Bu müəlliflər birlikdə "Dünyanın sabahı" pyesini də yazıblar. İrqi ayrı-seçkilik əleyhinə, insan hüquqlarını müdafiə marağında yazılmış "Dərin köklər" pyesini dilimizə şair-dramaturq Süleyman Rüstəm tərcümə etmişdi. O, ictimai-siyasi dramın əsas ideyasından çıxış edərək pyesin tərcüməsində irqçilik xəttini tamamilə saxlamaqla digər yardımçı süjet xətlərini qısaltmış və bəzi epizodları ixtisar etmişdi. Güclü və açıq ideya əsasında hazırlanmış tamaşanın quruluşçu rejissorları Məhərrəm Haşımov və Səftər Turabov idi. Aparıcı səhnə surətlərini Hökümə Qurbanova (Cenevrə), Rza Əfqanlı (Senator Lenkton), Mirvari Novruzova (Honey Terner), Mustafa Mərdanov (Maksuell), Fatma Qədri (Alisa), Əjdər Sultanov (Merrik), Mərziyə Davudova (Bella) yaratmışdılar. Tamaşada bütöv aktyor ansamblı vardı. Tərcümənin dilinin səlistliyi aktyorların ifadə imkanlarını artırmışdı.

Amerika dramaturqu, Nobel mükafatı laureatı Yucin O`Nilin (1888-1953) Akademik Teatrda "Qızıl" və "Qarağaclar altında məhəbbət" ("Qarağaclar altında ehtiraslar" adı ilə) pyesləri oynanılıb. Dramaturq Nyu-Yorkda Ella (Kvinlan) ailəsində doğulub. Atası irland əsilli emiqrant Ceyms O`Nildir. Yucin Nyu-Yorkda katolik internat-məktəbdə və Nyu-London məktəbində, Konnektiut pravoslav və katoliklər internatında oxuyub. 1914-cü ildə Harvard Universitetində Con Bekkerin dramaturgiyaya həsr olunmuş seminarlarında yaxından iştirak edib. Yaradıcılığa 1912-ci ildən başlayıb. "Yağ-çörək", "İradəsizlik", "Kris Kristofersen", "Markonun milyonları", "Anna Kristi", "İndi də mən sizdən soruşuram", "Birinci adam", "Ey səhra!", "Dinamo", "Sonsuz günlər", "Uzun gün gecəyə keçir", "Şairin qəlbi", "Varlıların sarayı", "Fəvvarə", "Markonun milyonları", "Şəxsi bərabərlik", "Gülümsər Lazar", "Braun böyük tanrıdı", "Yanğı", "Səhər yeməyindən əvvəl", "Xəyalpərəst balaca", "Xəbərdarlıq", "Snayper", "Ömürlük həyat yoldaşı", "Kontuziya" və digər dram əsərləri var.

1920-ci ildə yazılmış "Qızıl" psixoloji dramını Azərbaycan dilinə Tofiq Kazımov tərcümə etmişdi və özü də tamaşaya hazırlamışdı (9 oktyabr 1971-ci il). Tərcümədə əsərin sosial-ictimai kəsəri, fəlsəfi-bəşəri ideyası həssaslıqla qorunmuşdu. Təsirli və ifadəli bədiiliklə, sosial-ictimai faciə janrında hazırlanan tamaşada monumental bütövlük vardı. "Triton" gəmisinin kapitanı Bartlet (Məmmədrza Şeyxzamanov) uzun illər məşğul olduğu balina ovundan bezərək inci, mərcan, qızıl tapmaq xəyalına düşür. O öz ətrafına ideyasına uyğun adamları toplayır. Dramaturq Bartletin faciəsini dörd bədii-estetik kontekstdə dramatik mübarizə xəttinə yönəldir: mənəvi faciə, insani faciə, atalıq faciəsi, ictimai-sosial faciə. Tərcüməçi və teatr müəllifin bu məqsədini həssaslıqla saxlaya bilmişdilər.

"Qızıl" tamaşasında aktyorlardan Sadıq Hüseynov (Saylos Xori), Hamlet Xanızadə (Keyts), Bürcəli Əsgərov (Cimmi), Rafiq Əzimov (Batler), Ətayə Əliyeva (Sara Allen), Şəfiqə Məmmədova (Süzen), Hamlet Qurbanov (Netti), Kamal Xudaverdiyev (Denni), Məcnun Hacıbəyov (Doktor Berri) dramatik-psixoloji oyunları ilə müəllifin ideyasını və rejissorun ali məqsədini həssaslıqla qoruya bilmişdilər. Onların dəqiq məntiqi ifasında faciənin bütün qatları psixoloji fikir dərinliyi ilə açılırdı.

1925-ci ildə qələmə alınmış "Qaraağaclar altında ehtiraslar" əsərini tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov tərcümə etmişdi. Nədənsə, rejissor XX əsrin əvvəllərində sırf Amerika həyat tərzinin sosial-ictimai problemlərindən bəhs edən əsəri məişət sevgisi dramı kimi tamaşaya hazırlamışdı. Buna görə də tərcüməsində Efraim Kobot (Kamal Xudaverdiyev), Abbi Patnen (Laləzar Mustafayeva) və Ebin Kebot (Abbas Qəhrəmanov) obrazlarından başqa, bütün personajları əsərdən çıxarmışdı. Belə yanaşmada dramaturqun qayəsi pozulmuş və əsərin ideyası itmişdi. Tamaşanın premyerası 26 dekabr 1994-cü ildə oynanılıb.

2 iyun 1985-ci ildə Akademik Teatrın repertuarında dramaturq, ssenarist və novellalar müəllifi Tennessi Uilyamsın (1924-1983) "Şüşə heyvanxana" əsəri yer aldı. Əsl adı Tomas Lanir olan dramaturq ABŞ-ın Missisipi ştatının Kolumbuc şəhərində doğulub. 1929-1931-ci illərdə Missuri Universitetində təhsil alıb və bir müddət "Mamers" Teatrında işləyib. Sonralar Vaşinqtonun Sent-Luise və Ayovsk universitetlərində də oxuyub. Fəal yaradıcılıq dövrü Nyu-York şəhəri ilə bağlıdır. Onun "Orfey cəhənnəmə düşür", "Arzu tramvayı", "Lord Bayrona məhəbbət məktubu", "Dəqiq söz - gözəllik", "Tapdalanmış Petunya", "İquanların gecəsi", "Yarımçıq şam yeməyi", "Yay və tüstü", "Şirin səsli quşun körpəliyi", "Triqorinin gündəliyi", "Fransız məhəlləsi", "Kemino Riel", "Süd maşını daha burada dayanmır", "Yay oteli üçün kostyum", "Nə isə dumanlıdı, nə isə aydındı", "Madonnanın portreti", "Qaranlıq otaq", "Haray" ("İki nəfər üçün pyes"), ""Tokio" otelinin barında", "Yaz tufanı" dramları məşhurdur.

"Şüşə heyvanxana" pyesini dilimizə təcrübəli tərcüməçi İslam İbrahimov çevirib. O, pyesin rus dilinə çevrilmiş iki variantından istifadə edib. Bəhram Osmanovun quruluşçu rejissor olduğu tamaşada Hökümə Qurbanova (Amanda), Hamlet Xanızadə (Tom), Fuad Poladov (Cim), Şükufə Yusupova (Laura) çıxış ediblər. Əsər fəlsəfi-psixoloji dərinliyi ilə ciddi maraq doğururdu.

23 oktyabr 2007-ci ildə Akademik Teatr görkəmli Amerika dramaturqu Artur Millerin (1915-2005) yaradıcılığına müraciət edərək onun "Körpüdən mənzərə" pyesini tamaşaya hazırlayıb. Nyu-Yorkda doğulub yaşamış dramaturqun müxtəlif janrlarda - "Bəxti gətirən adam", "Hamı mənim oğlumdur", "Kommivayejerin ölümü", "Ağır sınaq", "Damdan tullanış", "Qiymət", "Tövbədən sonra", "Dünyanm yaranması və başqa işlər", "Bu, Vişidə olmuşdur" və digər dramları var.

"Körpüdən mənzərə" pyesini Şaiq Cabiroğlu orijinaldan tərcümə edib. Əsərə səhnə quruluşunu rejissor Mərahim Fərzəlibəyov verib. Tamaşanın rəssamı ABŞ-dan dəvət olunmuş Bredi Helm (ABŞ) idi. Qeyd edək ki, "Körpüdən mənzərə" tamaşası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Akademik Milli Dram Teatrının və ABŞ səfirliyinin birgə layihəsi əsasında hazırlanıb.

5 dekabr 2013-cü ildə Akademik Teatrda Con Patrikin (1905-1995) "Qocanı öldürməliyik..." dramı tamaşaya hazırlanıb. Dramaturq və ssenarist ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində doğulub. Ailəsi ondan imtina edib və himayədə böyüyən Con internat-məktəbdə oxuyub. 19 yaşında San-Fransiskoda KPO radiosunda diktor işləyib. Qısa müddətdə radio üçün ssenarilər yazıb. Könüllü olaraq ABŞ-ın Səhra Qoşunlarında qulluq edib, Birma və Hindistan döyüşlərinin iştirakçısı olub. İlk dramını 1935-ci ildə yazıb və əsər "Cəhənnəm donur" adlanır. Bu pyes Hollivudda Coşua Loqanın rejissorluğu ilə tamaşaya qoyulub. Bunun ardınca "Villou və mən" dramını, melodram və komediya janrında "Əziz Pamela", "Qəribə missis Səvic", "Rəqs edən siçovul", "Bunu Maqbet edib!", "Pomidor üçün uğursuz il", "Etiraf", "Həkim indi sizə baxar", "Oradan kim olur-olsun", "Köpük dolu lülə", "Çay dəstgahı", "Məhəbbət ən gözəl nemətdir", "Yaxşıdı, lap qızıl kimi" pyeslərin müəllifidir.

"Qocanı öldürməliyik" əsərini Azərbaycan dilinə Svetlana Həkimova tərcümə edib. Pyesin tərcümə dilində müəyyən ağırlıq və səriştəsizlik hiss olunur. Çevirmədə əsərin janrının estetik xüsusiyyətləri və poetik səciyyələri bir qədər pozulub və bu, dramaturqun üslub özəlliyinə xələl gətirib. Loğman Kərimovun quruluş verdiyi tamaşada Münəvvər Əliyeva (Pamella), Ayşad Məmmədov (Sol), Elşən Cəbrayılov (Bred), Vəfa Rzayeva (Qloriya), Almaz Amanova (İzo) çıxış ediblər.

***

Şekspirin "III Riçard" (tərcümə edən Əliağa Kürçaylı), "Tədbirə qarşı tədbir (tərcümə edən Dilsuz Mustafayev), "Səhvlər komediyası" (tərcümə edən İsa İsmayılzadə), "Yay gecəsində yuxu" (tərcümə edən Rəhman Əlizadə), "Afinalı Timon" (tərcümə edən İsrafil İsrafilov), "Axırı xeyir olsun" (tərcümə edən Hidayət), "İki veronalı" (tərcümə edən Tələt Əyyubov), "X" məqamı" (Adil Babayevin tərcümə etdiyi Şekspirin sonetləri əsasında Vaqif İbrahimoğlunun işləməsi), Tennessi Uilyamsın "Arzu tramvayı" (tərcümə edən Vaqif Əlixanov), Con Steynbekin "Sən məni atmazsan ki?" ("Adamlar və siçanlar" povesti əsasında tərcümə edib səhnələşdirən Şövqi Hüseynov), Edvard Olbinin "Zooparkda nə baş verir" (tərcümə edən Namiq Ağayev), Con Patrikin "Qəribə missis Səvic" (tərcümə edən Novruz Gəncəli), Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Con Qolsuorsinin "Birincilər və sonuncular" (tərcümə edənlər Ələsgər Qurbanov və Firudin Məhərrəmov), Mark Tvenin "Dilənçi və şahzadə" (tərcümə edən Sevinc Mehrəliyeva), Robert İrvin Hovardın "Quy şəhəri və ya qış nağılı" (tərcümə edən Elşad Rəhimzadə), Çarlz Dikkensin "Oliver Tvistin macəraları" (tərcümə edən Əkbər Ağayev, səhnələşdirən Vaqif Əsədov), Bernard Şounun "Kənd elçiliyi" (tərcümə edən Həsən Əbluc), Uilyam Somerst Moyemin "Haray", Kristafor Marlonun "Teymurləng" (tərcümə edən Rəhman Əlizadə), Uilyams Leyesin "Buratino Aya uçur" (tərcümə edən Səxavət Salmanov), irland əsilli Etel Voyniçin "Ovod" (tərcümə edən Cabbar Məcnunbəyov) əsərləri də dilimizə çevrilərək ölkəmizin müxtəlif teatrlarında tamaşaya qoyulub.

Uilyam Şekspirin "Hamlet" (Cəfər Cabbarlının, Sabir Mustafanın və Dilsuz Mustafayevin tərcümələri), "Otello" (Cəfər Cabbarlının, Əhməd Cavadın, Tələt Əyyubovun və Sabir Mustafanın tərcümələri), "Romeo və Cülyetta" (Əhməd Cavadın və Sabir Mustafanın tərcümələri), "Kral Lir" (Mirzə İbrahimovun tərcüməsi), "Maqbet" (Dilsuz Mustafayevin tərcüməsi) əsərləri ilə yanaşı, "Qış nağılı" (Tələt Əyyubovun tərcüməsi), Yucin O'Nilin "Qaraağaclar altında məhəbbət" (İsrafil Məmmədovun və Səxavət Məmmədoğlu ilə Firudin Məhərrəmovun müxtəlif tərcümələri) əsərləri Akademik Teatrdan əlavə, digər sənət ocaqlarında də tamaşaya hazırlanıb.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!