"Köhnə kişilər" silsiləsindən
Professor "Qəzənfər Paşayev" deyəndə mənim ağlıma, ən əvvəl, 1937-ci il avqustun 27-də Azərbaycanın Tovuz rayonundakı Düzqırıxlı kəndində doğulan, bu torpağın sazlı-sözlü ab-havasını ciyərlərinə çəkən bir kənd uşağı gəlir. On doqquz yaşına qədər bu kənddə yaşayan Qəzənfər Paşayev 1956-cı ildən taleyini, ömür yolunu Bakı ilə, ali təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu, sonra BDU-nun Qərbi Avropa dilləri kafedrası ilə, nəhayət, Nizami adına Ədəbiyyat İnstitutu ilə davam etdirib. İngilis dili və bununla əlaqədar nə varsa, onun ixtisasına aiddir. Amma bu gün professor Qəzənfər Paşayev deyəndə təkcə ingilis dili mütəxəssisi yada düşmür, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, mətnşünas, nəsimişünas, iraqşünas, tərcüməçi kimi, özü də hər birində kamil və hər birində də orijinal tədqiqatları ilə diqqəti cəlb edən görkəmli bir alim obrazı ilə qarşılaşırıq.
Bu il - avqustda Qəzənfər Paşayevin 82 yaşı tamam olacaq. Bu yaşda elə alimlər görürəm ki, artıq sözlərini deyib qurtarıblar, daha heç nə yazmırlar, pensiyalarını alıb rahatca yaşayırlar, nəvələrini bağa-bağçaya gəzməyə aparırlar, amma ötən günlərini də "Xatirələr"ində canlandıranlar olur. Qəzənfər Paşayev isə hələ xatirə yazmağa tələsmir, işləri çoxdur, sözünü deyib qurtarmayıb və qurtarmağa da tələsmir (gözəl şair-publisist Vaqif Bəhmənlinin onunla apardığı müsahibəni oxuyun). O, cavanlıq eşqilə yenə məşğul olduğu bütün sahələrdə çalışır, kitablar nəşr edir, məqalələr yazır, təkcə Bakıda deyil, bir çox dünya ölkələrində beynəlxalq konfranslarda, müşavirələrdə iştirak edir, Azərbaycan elmini ləyaqətlə təmsil edir. Əsərləri Bağdadda, İstanbulda, Tehranda, Amerikada böyük tirajlarla nəşr olunur.
İnsanda bu qədər enerji, yazıb-yaratmağa bir belə sonsuz həvəs, sanki nəfəs dərmədən hər gün yazı masasının arxasından çəkilməyib yaza-yaza öz imzasını o mötəbərlik zirvəsindən endirməyən Qəzənfər Paşayevə bu eşq, bu, sözün yaxşı mənasında, divanəlik, məcnunluq hardan gəlir?
Qəzənfər Paşayev deyəndə, mən ağlı kəsəndən bütün varlığını ədəbiyyata, elmə, bu qoşa qanadın hər birinə ömrünü həsr edən professional, ikiqat, üçqat bir peşəkar sənət adamı ilə qarşılaşıram. Bu adam folklorumuzu əlinin içi kimi əzbər bilir, "burdan Biləcəriyə qədər" yox, Biləcəridən dünyanın o başına qədər yol gedən, müasir ədəbiyyatın hər bir guşəsinə göz gəzdirən, çox vaxt bizim hamımızdan tez bir əsər və tədqiqat haqqında söz deməyi bacaran bu adam məşğul olduğu bütün sahələrdə yarımçıq deyil, bütövdür.
Qəzənfər Paşayev deyəndə mən ilk növbədə, "İraq-türkman folkloru", "Altı il Dəclə-Fərat sahillərində", "İraq-Kərkük atalar sözləri", "Kərkük tapmacaları", "İraq-Kərkük bayatıları", "Kərkük folkloru antologiyası", "Kərkük folklorunun janrları", "Kərkük dialektinin fonetikası", "İraq-türkman ləhcəsi" kimi kitabların müəllifi və İraq-türkman yanğısını onlarla məqalələrində ifadə edən istedadlı bir ədəbi əlaqələr mütəxəssisi haqqında düşünürəm. Və mən bir də onu düşünürəm ki, bu kitablarda və məqalələrdə Qəzənfər Paşayevin böyük Vətən və Türk sevgisini bütün çalarlarıyla görmək olur. Hələlik bu mövzunun yeganə araşdırıcısı Qəzənfər müəllimdir.
Onunla tanışlığımın tarixi də səksəninci illərdən başlayır. "Altı il Dəclə-Fərat sahillərində" kitabını "Yazıçı" nəşriyyatında mənə rəyə vermişdilər və mən bir neçə gün ərzində bu kitabı heyranlıqla oxudum və çalışdım ki, sanballı bir rəy yazım. Səksəninci-doxsanıncı illərdə bu kitab oxucuların sevə-sevə oxuduqları stolüstü bir kitab idi. Elə indi də o kitabı kim oxuyursa, məmnunluq hissini gizlədə bilmir. Çünki o kitab bir ölkənin tarixi keçmişi, burada yaşayan, qanı bir, canı bir olan uzaq ellərin doğmalarının milli-mənəvi dünyasını gözlərimiz qarşısında canlandırır.
Qəzənfər Paşayev deyəndə, mən Azərbaycan dilinin saflığının, gözəlliyinin, həm bədii ifadə vasitələrinin, həm də bədii-publisistik çalarların bütün incəliklərinə bələd olan bir alim-yazıçı haqqında düşünürəm. Qəzənfər müəllim sadə yazır, istər elmi əsər olsun, istərsə də publisistik, o, bu prinsipə həmişə sadiq qalır. O, bəzi alimlərimiz kimi, yalnız müəyyən elita üçün yazmır, fikri mürəkkəb elmi terminlərlə, mücərrəd və dolaşıq cümlə və tərkiblərlə ifadə etməyə heç bir ehtiyac duymur.
Qəzənfər Paşayev deyəndə, mən indinin yox, əlli il - altmış il bundan qabaqkı bir nəsimişünas alimi düşünürüm. Bu il hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamı ilə "Nəsimi ili"ni yaşayırıq. Nəşriyyatlar Nəsimi yaradıcılığı ilə bağlı kitablar nəşr edir, Elmlər Akademiyası və digər elmi müəssisələr, Yazıçılar Birliyi, məktəblər, kitabxanalar, radio və televiziya "Bu, quş dilidir, bunu Süleyman bilir ancaq", "Səni bu hüsnü cəmal ilə, bu lütf ilə görən, Qorxdular həq deməyə, döndülər insan dedilər", "Məndə sığar iki cahan, mən bu cahana sığmazam"... Nəsimi ləfzi 650 il yol gələrək bizi insan və kainat haqqında düşüncələrə sövq edir. Qəzənfər Paşayev Nəsimi haqqında araşdırmaları ilə hələ keçən əsrin səksəninci illərində diqqəti cəlb etmişdi. "Nəsimi divanının İraq nüsxəsi və naməlum şeirləri", "Nəsiminin həyat və yaradıcılığına yeni baxış", "Şeyx Nəsimi: tarixi həqiqətlər, həyəcanlı anlar", "İraq Divanı və biz", "Nəsimi irsinin tədqiqi və nəşri tarixinə bir nəzər", "Axtarışlar"... bu məqalələr Nəsimi haqqında təzə sözdür. Böyük şairimiz Rəsul Rzadan sonra Nəsiminin məkanı, qəbri haqqında tam və dolğun məlumatın müəllifi Qəzənfər Paşayevdir. O, böyük şairimizin taleyi ilə bağlı Suriyada, Dəməşqdə, Hələbdə elə bir tədqiqat əsəri olmasın ki, ondan xəbər tutmasın, münasibətini bildirməsin. Lakin Qəzənfər Paşayevin nəsimişünaslıqda ən sanballı işi "İraq divanı" kitabıdır. Bu divanın əldə olunmasında Qəzənfər müəllimin sadiq dostu Ə.Bəndəroğlunun xidməti də danılmazdır. Qəzənfər müəllim isə onu tam və dolğun elmi mətn kimi oxuculara təqdim etmişdir (burada mərhum ədəbiyyatşünas, əruzşünas Məmmədəli Əsgərovun da redaktorluğunu, lüğət və şərhlərin müəllifliyini unutmaq olmaz). Heç şübhəsiz. "İmadəddin Nəsiminin İraq divanı" Nəsimişünaslıq abidəsinin möhtəşəm hörgülərindən biridir. Azəbaycanlı nəsimisevərlər bu kitabla yaxından tanış olsalar, müəyyən keyfiyyət fərqlərini hiss edəcəklər. Həm də unutmayaq ki, Qəzənfər müəllimin tərtib etdiyi bu kitab Nəsiminin yaşadığı dövrdə qələmə alınıb və onun daha elmi-metodoloji səhihliyi barədə də düşünə bilərik.
Qəzənfər Paşayev mənə 2012-ci ildən bəri çap etdirdiyi oncildliyini bağışlayıb və oncildlik seçilmiş əsərlərlə tanış olanlar onun müasir Azərbaycan ədəbiyyatına, bu ədəbiyyatı yaradan şəxsiyyətlər, həmin şəxsiyyətlərin araya-ərsəyə gətirdikləri kitabları haqqında fikir və düşüncələri, hissləri, duyğuları barədə mükəmməl təsəvvür əldə edəcəklər. Bəzən düşünmək olar ki, Qəzənfər müəllim niyə hər şeydən yazır (deyim ki, bunu mənim özümə də irad tuturlar), hətta oncildliyə namizədlik dissertasiyalarına verdiyi rəsmi opponent rəylərini, doktorluq və namizədlik dissertasiyalarına avtoreferat əsasında verdiyi rəsmi rəyləri, bir sıra dostyana məktub və çıxışlarını da bu oncildliyə daxil eləyib. Məncə, bu prinsipi, Seçilmiş əsərlərinə hətta özü haqqında nə yazılıbsa belə, daxil etməyi, məktubları, ona aid olan məlumat və informasiyaları təqdim etmək Qəzənfər Paşayev obrazını tamamilə dərk etməyə bir vasitə kimi düşünmək olar.
Qəzənfər Paşayev deyəndə, mən təkcə İraq-türkman-Kərkük dünyasının bir nömrəli bilicisi, bizim folklorumuzun, Nəsimi kimi qüdrətli bir dühanın araşdırıcısıdır deyə, şəxsən mənə görə məhdud sayıla biləcək (halbuki, elə bu mövzular kifayət idi Qəzənfər Paşayevi bir tədqiqatçı kimi təqdir etməyə) bir "ərazidə" durdurmaq istəmirəm. Qəzənfər Paşayevi mən Azərbaycan ədəbi prosesinin içində huşyar gözüylə sakitcə addımlayan, cavan şairlərimizdən qocaman, özü yaşda bütün yazarların yaradıcılığına qədər maraqlanan və bu maraq hissini səmimiyyətlə qələmə alan bir Ağsaqqal yazıçı-ədəbiyyatşünas, pedaqoq, dost obrazları haqqında düşünürəm. "Deyilən söz yadigardır" - böyük şairimiz Səməd Vurğunun bu müdrik kəlamını Qəzənfər Paşayev bütün vurğuları ilə yazılarında yaşatmağa çalışır. Mir Cəlal, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə, Abbas Zamanov, Yaşar Qarayev, Anar, İmamverdi Əbilov, Camal Mustafayev, İlyas Tapdıq, İsi Məlikzadə, Fərman Kərimzadə, Əli İldırımoğlu, Nəriman Həsənzadə, Qasım Qasımzadə, Hüseyn Arif, Tofiq Bayram, Fikrət Qoca, Vladimir Qafarov, Əlibala Hacızadə və onlarla digər sevdiyi şair, nasir və alimlər haqqında, mən deyərdim, ən gözəl dost sözünü Qəzənfər Paşayev söyləyib. Bu dost sözü heç də tost sözü deyil, haqqında söz açılan hər bir müəllifin yaradıcılığındakı orijinal bədii iksirləri oxucuya çatdırmaqdır. Hətta İsi Məlikzadə, Tofiq Bayram, Fikrət Qoca, Əlibala Hacızadə haqqında bioqrafik xarakterli topluların da müəllifidir. Mən burada üç müəllifin adını bilə-bilə çəkmədim - Rəsul Rzanın, Bəkir Nəbiyevin və Elçinin... Rəsul Rza ilə şəxsi münasibəti dostluq çərçivəsindən tutmuş onun bir tədqiqatçısına qədər səmimi bir yol var. Bu yolda Rəsul müəllimin hələ tələbə Qəzənfər Paşayev haqqında söylədiyi "Bu oğlandan nəsə çıxacaq" ilk proqnozu sonralar həqiqətə çevrildi. Və ən başlıcası budur ki, həm Rəsul müəllimi, həm də Qəzənfər Paşayevi birləşdirən İraq-türkman, xoyrat, Nəsimi qanıdır.
İkinci müəllif akademik Bəkir Nəbiyevdir, bu oncildliyin baş qəhrəmanlarından biri odur. Bəkir Nəbiyevlə Qəzənfər Paşayevin dostluğu təkcə şəxsi münasibətlərdə deyil, yaradıcılıq əlaqələrində davam edib. Mən bizim ədəbiyyatşünaslıqda "patriarx" ifadəsinə bir qədər ehtiyatla yanaşıram. Şəxsən mənim üçün bu mənada patriarx, mərhum deməyə dilim gəlmədiyi Yaşar Qarayevdir. Amma hər bir tədqiqatçının, xüsusilə, Qəzənfər Paşayev kimi mötəbər, nüfuzlu bir tədqiqatçının Bəkir Nəbiyevi ədəbiyyatşünaslığımızın patriarxı hesab etməsinə qısqanclıqla yanaşmıram. Çünki Bəkir müəllim Ədəbiyyat İnstitutunun direktoru və müasir ədəbiyyatşünaslıq elmimizin bütün sahələrinin "dirijoru" kimi son nəfəsinə qədər filologiya elmimizin başında dururdu və Qəzənfər Paşayevin bu mənada onu patriarx hesab etməyə tam haqqı var. Amma bir məqam var ki, onu gizlətmirəm - Bəkir Nəbiyev haqqında çox yazılar yazılıb, Qəzənfər müəllimin monoqrafiyası, məqalələri və çıxışları isə Bəkir Nəbiyevi Azərbaycanın böyük alimlərindən biri kimi daha çox sevdirir.
Qəzənfər müəllimin lap tədqiqatçı kimi demirəm, bir oxucu kimi ən çox sevdiyi yazıçı Elçindir. Nədir bunun sirri? "Mən o xoşbəxt insanlardanam ki, mənə bir çox görkəmli və tanınmış qələm sahiblərinin yaradıcılığını sənət aləminə gəldiyi ilk gündən bu günə kimi - yarım əsrdən artıq zaman kəsiyində izləmək nəsib olub. Onların arasında görkəmli yazıçı, tənqidçi alim, filologiya elmləri doktoru, tanınmış ziyalı, ictimai xadim, xalq yazıçısı Elçin xüsusi yer tutur. Nə gizlədim, Elçinin əsərlərindəki gözlənilməzlik, qeyri-adilik bəzən mənə qəribə görünür. Elə bu qəribəlik də həmişə marağıma səbəb olub". "Elçinin sənət dünyası", "Elçinin folklor dünyası", "Elçinin nağıl dünyası", "Kərəm yanğısı ilə", "Aşıq poeziyamızın açılmamış qatı", "Əsl məhəbbət ötərgi olmur", "Teleskop"dan görünən dünyamız", "Bir daha Elçinin "Sosrealizm bizə nə verdi?" əsəri barədə" və s. məqalələr, Elçinin ünvanına yönələn məktublar doğrudan bu marağın, bu qarşısıalınmaz istəyin elmi-publisistik nümunələridir. Elçinin yaradıcılığı barədə çoxlu monoqrafiyalar, məqalələr yazılıb (elə bu sətirlərin müəllifi də), amma Qəzənfər Paşayevin Elçini onun əsərlərindəki gözlənilməzliyin, qeyri-adiliyin izharında təcəssüm edir. Qəzənfər Paşayevin səmimiyyət və məhəbbətindən yoğrulan və digər yazıçılara həsr olunan məqalələrində bir cəhəti xüsusi vurğulamaq istəyirəm. O da Qəzənfər müəllimin mütaliə mədəniyyətidir. O, gündəlik qəzetləri, aylıq jurnalları oxumaqdan yorulmur, təzə çıxan, nəşr olunan şeir, nəsr kitablarını (təbii ki, ona bağışlanan kitabları) mütaliədən də çəkinmir. Onun "Ədəbi məktublar" silsiləsi bunu bir daha sübut edir ki, Qəzənfər Paşayev bu böyük ədəbiyyatın içindədir və bu böyük ədəbiyyat da onun içindədir. Şəxsən mən onun "Xalq şairi Nəriman Həsənzadəyə açıq məktub" yazısını, həmçinin İsa Həbibbəyliyə, Vilayət Quliyevə, Məmməd İsmayıla, Nizaməddin Şəmsizadəyə, İmamverdi Əbilova, Yavuz Axundluya, Nizami Cəfərova, hətta bu sətirlərin müəllifinə ünvanladığı məktubları müasir publisistikamızın bu janrında qələmə alınan gözəl nümunələri hesab edirəm.
Qəzənfər Paşayev deyəndə, mən onu həm də "köhnə kişilər" silsiləsinə daxil edirəm, amma o, "köhnə kişilər"in ən cavanıdır deyirəm. Qəzənfər Paşayevi Firidun bəy Köçərli, Salman Mümtaz, Əziz Şərif, Qulam Məmmədli, Əliəjdər Səidzadə, Abbas Zamanov kimi araşdırıcılarla müqayisə etməyə heç bir ehtiyac duymuram, ona görə ki, Qəzənfər müəllim Azərbaycan ədəbiyyatının bu külüng vuranlarının yolunu davam etdirir, tələbəni isə o böyük müəllimlərin yalnız ardıcılı hesab etmək olar. Elə isə "köhnə kişilər"in yolunu davam etdirən professor Qəzənfər Paşayevə - bu 82 yaşlı ağsaqqal həmkarıma, yazılarından qocalıq qorxusu gəlməyən böyük ziyalımıza uğurlar diləməklə sözümü bitirirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!