Nizami Cəfərov haqqında
Rüstəm KAMAL
...İstənilən intellektual enerji ilk növbədə düşüncə enerjisidir. Onun canlı, təbii düşüncə enerjisi yazılarının şifahi söhbətlərinin üslubuna da yansıyıbdır. Erudisiyasını gözə soxmaq üçün heç vaxt mürəkkəb leksikadan, dəbdə olan alimlərdən sitatlar gətirmədi. Onun özünəməxsus düşüncə matrisası materialı nizamlamağa imkan verir.
O bütün yazıçıların yaradıcılığını bir bütöv kitab kimi oxuyur. Bir mövzu üzərində işləyərkən istinad - mənbə kimi yazı masasının gözündəki kitablardan yalnız birini seçməsi onu da sonacan oxumadan dəyişmədiyini görmüşəm. Daha mənim kimi masanın üstündə kitab tünlüyü, pərakəndəliyi yaratmır!.. Bu, onun içindəki "bir kitab" arxetipindən gəlir. Dahi adaşının təhtəlşüurumda assosiativ-mistik təsirindəndir ki, onun "Seçilmiş əsərləri"nin beşcildliyi çıxanda Nizami Cəfərov "Xəmsə"si kimi, yəni bir kitab kimi qəbul etmişdim...
Onunla bir məclisdə həmsöhbət olmaq, dialoqa girmək, çıxışlarını dinləmək mütəfəkkirin enerji məkanına girməkdir. Özündə də həmsöhbətinin maraq dünyasına ürəkli daxil olma qabiliyyəti var - hər dəfə Nizami Cəfərov olaraq qalır. Deputat, professor, əyalət şairi, fəhlə, tələbə olsun, fərqi yoxdur, istənilən adamın sualını səbrlə və ciddi cavablandırır.
Akademik Nizami Cəfərov, Şekspir tərzilə desək, "sözün tam mənasında insandır". Onun portretini təsvir etmək üçün yazıçı istedadına malik olmalısan. Onunla humanitar elmlərin aktual problemlərindən tutmuş, məişət, siyasət məsələlərinə qədər istənilən mövzuda söhbət etməkdən yorulmursan. Özündə akademik düşüncə mədəniyyətilə xalq müdrikliyini birləşdirir. 60 yaşlı gənc akademiki belə səciyyələndirmək olar: Həyatsevər müdrik və müdrik həyatsevər.
Məni həmişə istənilən alimin araşdırma metodu deyil, düşüncə üslubu və üsulu maraqlandırıb. Çünki alim seçdiyi predmetə metodu təsadüfən də tətbiq edə bilərsən. Amma düşüncə üslubu özü predmeti seçir. Akademik Nizami Cəfərovun düşüncə üsulu və üslubu mövzunu özününküləşdirir, onu "Nizami Cəfərovsayağı" edir. Bu düşüncə və yazı üslubunu yüksək intellektuallıq, daxili azadlıq və xalq müdrikliyini vəhdəti şərtləndirir.
Onun qeyri-adi, çevik tarix təfəkkürü bu gündə keçmişi, keçmişdə bu günü görmək bacarığına malikdir.
Tarixi hiss etmək üçün gərək özün şəxsiyyət olasan. Və indi ağlıma gəldi ki, ən yaxşı tarixi araşdırmaların - əsərlərin müəllifləri yalnız peşəkarlığı ilə deyil, həm də parlaq və maraqlı şəxsiyyət olmaları ilə fərqləniblər. Nizami müəllimin "subyektiv" tarixi ümumiləşdirmələri və etnokulturoloji qənaətləri ömrünü arxivlərin qaranlığında çürütmüş, soyuq faktların və tozlu sənədlərin fanatik girovuna çevrilmiş tarixçilərdən daha obyektiv olur.
Təsadüfi deyil ki, məqalələrinin böyük əksəriyyəti tarixi, etnokulturoloji səpkidədir: "Azərbaycan xalqının tarixi və ya tərcüməyi-halı", "Tarixin metafizikası", "Tarixi kitabın tarixi tərcüməsi", "Həmid Araslı, yaxud Azərbaycan ədəbiyyatının tarixçisi" və s. Siyahını uzatmaq olar. Bu araşdırmalarda "tərcümeyi-hal" anlayışının məna çevrəsi genişdir. Nizami müəllim yazır: "Hər şeydən əvvəl ona görə ki, yazıların hamısında söhbət tarixdən və ya tarixilikdən gedir. Ancaq tarix və ya tarixilik həmin yazıların, məqalələrin birbaşa predmeti deyil. ...Mənim əsas məqsədim biri digəri ilə, fikrimcə, sıx bağlı olan, hətta biri digərindən ehtiva olunan "tarixi-tərcümeyi-hal" münasibətlərini fərqli kontekstlərdə araşdırmaqdan ibarətdir".
Bəlkə də bu yaxınlarda Lev Qumilyovun etnopassionarlıq nəzəriyyəsinə müraciət etməsi bu üzdəndir. Böyük rus alimi qədim türk tarixinin mühüm hadisələrini öyrənərək belə bir qənaətə gəlmişdi ki, hər etnik mühitdə davranışın passionar impulsu özünüqoruma instinkt impulslarından daha üstün olan şəxslər doğula bilir.
Bu nəzəri tezisi Nizami Cəfərovun tərcümeyi-halına tətbiq etmək olar: O, passionar şəxsiyyətdir. Yalnız passionar təfəkkürlü alim filologiyanın, mədəniyyətşünaslığın ərazilərini cəsarətlə və sürətlə fəth edə bilərdi. Onun passionarlığını səciyyələndirən (və əfsanəyə çevrilmiş!) bir cəhət də var: Nizami Cəfərov alicənablığı!
Nizami Cəfərov tarixi hadisələrə və tarixi şəxsiyyətlərə bir neçə yöndən - mövqedən yanaşır: ya hadisələrin iştirakçısı və şahidi kimi, tarixi şəxsiyyətin müasiri kimi. Ya da qədirbilən varis yanaşır, müxtəlif faktlar və sənədlər əsasında əcdadların taleyini bərpa edir. Bəzən də mətndə "aşağı" üsluba keçir - müdrik yumoru, incə zarafatı ilə tarixi şəxsiyyətin və hadisənin (məsələn, İsmayıl Şıxlının obrazını xatırlayın) obrazını təqdim edir. "Etnoloji etüdlər" kitabında "İrəvan", "Ermənilərin tərcümeyi-halı" oçerkləri etnokulturoloji esseistikanın şedevrləridir. Dini, simvolik paradiqmaları, ictimai-siyasi ideologemləri elə ustalıqla bir araya gətirir ki, heyrət edirsən...
Sabirin "Fəxriyyə"sindən bəhs edərkən mətnin satirik mahiyyətini vurğulamır, türk "tarixinin tərcümeyi-halı" kontekstində birləşdirici funksiyasına diqqət yetirir: Sabir "ona məlum olan tarix boyu meydana çıxmış bütün ədəbi-ictimai fikrə münasibət bildirmək, tarixi təhlil etmək və gələcəyi, proqressiv imkanları, yaşamaq ehtirası olan bir tarix yaratmaq istəyirdi. Bu mənada o, romantiklərdən daha böyük bir romantik idi" ("Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si" məqaləsi).
Onun "tərcümeyi-hal" konsepsiyasında şəxsiyyət kateqoriyası, şəxsiyyət problemi əsas yer verir. Ona görə də ədəbi əsər, ədəbi qəhrəman haqqında söhbətləri və yazıları həmişə antropoloji miqyas kəsb edir. Bu araşdırmaları ya antropoetikaya, ya da mədəniyyət fəlsəfəsinə şamil etmək olar. Nizami Cəfərovun təhlilində şəxsiyyət mövzusu elə fərqli semantik miqyasda verilir ki, Koroğlunun da tarixi şəxsiyyət olmasına, bəzən XVIII əsrdə də şəxsiyyətlərin mövcudluğuna inanmışam.
Ustad Nizami Cəfərovun gənclik ehtirası və alim qüruru ilə yazdığı "Füzulidən Vaqifə" kitabını çox sevirəm. Yüksək elmi fəhmi ilə ilk dəfə olaraq Azərbaycan intibahını tipoloji baxımdan Molla Pənah Vaqifdən başlamağın vacibliyini sübut etdi, Vaqifdə intibah mədəniyyətinin struktur əlamətlərini bir-bir ortaya qoydu, 1980-90-cı illər Azərbaycan filoloji-kulturoloji fikrinin lüğətini "intibah emosiyası", "intibah intonasiyası", "poetik təfəkkürün tipologiyası", "poetexnoloji modellər" və s. anlayışlar ilə zənginləşdirdi.
Şübhəsiz, intibahın mahiyyətinə nəzəri səviyyədə aydınlıq gətirilməsə, ədəbiyyat tariximizin dövrləşdirilməsi haqqında mübahisə açmağın özü mənasızdır. Azərbaycan İntibahının hüdudları ona xas olan təfəkkür sisteminin müəyyənləşdirdiyi yerdədir. Və doğru olaraq qeyd edirdi ki, Molla Pənah Vaqifin bir intibah şairi kimi varlığının vacib elementi intibah emosiyasıdır. Vaqifin üslubunda xanlıqları dövrü Azərbaycan türk etnosunun emosional enerjisi gerçəkləşibdir: "Vaqif qədər rəngarəng intonasiyası olan ikinci şair tapmaq çətindir. Bu, intibah emosiyasından gəlirdi, intibah emosiyası özü qədər təbii informasiya formalaşdırırdı, onu çeşidlərə ayırıb normativləşdirirdi".
Nizami Cəfərov - fövqəlalim, parlaq ideyalar, səslər, obrazlar dünyasıdır. Hələ çox uzun illər onun adı ölkənin intellektual məkanında parlayacaq. Qoy həmişə belə olsun!
60 yaşın qutlu olsun, böyük Ustad! Bu kiçik yubiley yazısını xalq şairi Nəriman Həsənzadənin duaları ilə bitirirəm:
Uğurlar!
Getdiyin uzaq mənzilə
həmişə qoy nurlu çöhrəni görüm.
Dan ulduzu kimi yan innən belə,
hayana baxsam da, mən səni görüm!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!