Cabbarlı dramaturgiyası: nəzər nöqtələri - I məqalə
XX əsr Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri, heç şübhəsiz ki, Cəfər Cabbarlıdır. Onun yaradıcılığı bütövlükdə sovet dövrü ədəbiyyatşünaslığının, eyni zamanda müstəqillik dövrü elmi düşüncəsinin diqqət mərkəzində olmuşdur. M.Ə.Rəsulzadə, Ə.Nazim, M.Arif, Ə.Sultanlı, M.Əlioğlu, V.Osmanlı, Y.Qarayev, R.Əliyev,T.Məmməd, B.Əhmədov, R.Əhmədov və b. tədqiqatçılar onun yaradıcılığını müxtəlif istiqamətlərdən elmi təhlil obyektinə çevirmişlər. Ədəbiyyatşünaslığımızın cabbarlışünaslıq qolu bu gün də - müstəqillik dövründə də irəliyə doğru hərəkətdədir. Müstəqillik dövründə Cabbarlı irsinin tədqiqində prof. A.Rüstəmlinin xüsusi əməyi olduğunu qeyd etməliyik. Xüsusən onun Cabbarlının həyatı, əsərlərinin nəşri istiqamətindəki boşluqların doldurulmasında, təhriflərin aradan qaldırılmasındakı müstəsna əməyini vurğulamaq lazım gəlir.
Tədqiqatlarda da səsləndirildiyi kimi, "Cəfər Cabbarlı iki epoxanın məhsulu, oğlu, sənətkarı idi" (Y.Qarayev) və bu cəhət onun yaradıcılığının mürəkkəb, hardasa həm də ziddiyyətli bir yol keçməsini şərtləndirir, eyni zamanda ədəbiyyatşünaslığın onun haqqındakı mövqeyinə münasibətdə müstəqillik dövrünün elmi düşüncəsində mübahisəli, fərqli baxışların meydana çıxmasına təkan verir. Ədəbiyyatşünaslıq Cabbarlı irsinə yenidən qayıdış zərurətini hələ milli müstəqilliyimizin ərəfə dövründə etiraf etməyə özündə güc tapmışdır. Y.Qarayev 1989-cu ildə "Klassik sosialist realizmi - Cəfər Cabbarlı" məqaləsində yazırdı: "Hər halda bu yaradıcılığın yenidən elmi dərkinə aşkar ehtiyac yaranmışdır" .
Bu tendensiya müstəqillik dövrünün ədəbiyyatşünaslığında əsaslı şəkildə qüvvətlənmiş, aparılan tədqiqatların qüvvətli tərəfləri ilə bərabər, zəif, qeyri-obyektiv və ən əsası isə sovet rejiminin ideoloji siyasətinə söykənən cəhətlərin müəyyənləşdirilməsinə cəhd edilmiş, böyük sənətkarn irsinə elmi-nəzəri və metodoloji baxış zərurəti hərtərəfli əsaslandırılmışdır.
A.Rüstəmli Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2 yanvar 2004-cü il tarixli Sərəncamı əsasında çap olunan Cabbarlının dördcildliyinin birinci cildində özünə yer alan "Ön söz"ündə yazır: "Bununla belə, böyük sənətkarın ədəbi-bədii yaradıcılığı, elmi bioqrafiyası dövrün və zamanın ziddiyyətləri fonunda tam, sistemli, əhatəli, konyunkturadan kənar araşdırılmamış, kifayət qədər obyektiv tədqiq edilməmişdir... Cəfər Cabbarlının geniş yaradıcılıq panoramını sosializm ideologiyasının dar və tutqun pəncərəsindən müşahidə və dərk etmək müşkül və mümkünsüzdür. XX yüzilliyin sonuncu onilliyində Azərbaycan xalqı siyasi müstəqilliyini bərpa etdikdən sonra bu böyük milli sənətkarın epoxasını, həyat və yaradıcılığını istiqlal işığında araşdırmaq, ədəbi tənqidin Cabbarlı irsini dəyərləndirmə meyarlarını obyektiv elmi prinsiplər müstəvisində nəzərdən keçirmək zərurəti yaranmışdır". Bu il C.Cabbarlının anadan olmasının 120 ili tamam olur. "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"nda C.Cabbarlı "Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq" kimi dəyərləndirilir, onun yaradıcılığının ideya-estetik əsasları və müasirliyi haqqında qiymətli mülahizələr yer alır.
Ölkə Prezidentinin Sərəncamı Cabbarlı irsinin tədqiqi və təbliği nöqteyi-nəzərindən ədəbi-elmi, mədəni və pedaqoji ictimaiyyətin üzərinə mühüm vəzifələr qoyur. Bu yazı həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı görməli olduğumuz işləri bu və ya digər dərəcədə gerçəkləşdirmək istəyinə hesablanmışdır.
***
C.Cabbarlı qısa bir ömür yaşamış, keşməkeşli həyat yolu keçmişdir. Taleyin onun qismətinə cəmi otuz beş illik bir ömür yazması - 1934-cü ildə vəfat etməsi onu qarşıdan gələn repressiya burulğanından xilas etdi və yaradıcılığının qadağan edilməsinin, xalqdan gizlədilməsinin qarşısını aldı. "Sağlığında bədii nüfuzu xalq arasında qeyri-adi, rəsmi, siyasi, ədəbi dairələrdə isə qeyri-sabit olan" (Y.Qarayev) sənətkarın yaradıcılığına müsbət tendensiya ilə yanaşmağa şərait yaratdı. Heç şübhəsiz ki, bu müsbət tendensiya Cabbarlı irsini "deşifrə"dən (M.Ə.Rəsulzadə) xilas etmədi. Onun yaradıcılığının daha çox sosializm idealları nöqteyi-nəzərindən uyğun gələn hissəsi araşdırıldı, qismən uyğun gələn hissələri bu ideallara uyğunlaşdırıldı, heç gəlməyənlərin isə nəşrinə, təbliğinə icazə verilmədi. Ona görə də "bu vaxta qədərki (məqalənin yazıldığı 1989-cu ilə qədərki zaman nəzərdə tutulur - T.S.) yasaqlı və doqmatik ədəbi güzgüdə Cabbarlı irsi heç də bütün zənginliyi ilə" (Y.Qarayev) görünə bilmədi.
C.Cabbarlı zəngin və çox istiqamətli bir yaradıcılıq yolu keçmişdir. Poeziya, nəsr və dramaturgiya onun yaradıcılıq yolunun əsas istiqamətlərini təşkil edir. Bununla bərabər, C.Cabbarlının yaradıcılığının ağırlıq mərkəzini dramaturgiyasının təşkil etməsi, sənət taleyinin ecazkarlığının, qüdrətinin və ən nəhayət, ədəbiyyat tariximizdə tutduğu yerin dəyəri daha çox bu sahədə yaratdığı əsərlərin bədii səviyyəsi ilə ölçülür. Dramaturgiyada C.Cabbarlı tam orijinal sənətkardır, yeni bir ədəbi istiqamətin nümayəndəsidir.
Böyük sənətkarın dramaturgiyasına elmi-nəzəri və metodoloji nüfuz cəhdindən qabaq C.Cabbarlının ədəbiyyat tariximizdəki yeri ilə bağlı bir məsələyə xüsusi diqqət yetirmək ehtiyacı yaranır. Müstəqillik illərinə qədər C.Cabbarlının öyrənilməsi və təbliği onu "Azərbaycan sovet dramaturgiyasının banisi" və həmçinin "Azərbaycan sovet ədəbiyyatında sosialist realizminin banisi" (Y.Qarayev) kimi tanımaq və tanıtdırmaq tendensiyasına söykənmişdir. Bunun real və praktik nəticəsi isə o olmuşdur ki, C.Cabbarlı ədəbiyyat tarixlərində və ali məktəb dərsliklərində Azərbaycan sovet ədəbiyyatının nümayəndəsi kimi təqdim edilmişdir. Bu, əlbəttə, A.Rüstəmlinin dəqiq ifadə etdiyi kimi, "Cəfər Cabbarlının geniş yaradıcılıq panoramını sosializm ideologiyasının dar və tutqun pəncərəsindən müşahidə və dərk etməy"ə, həmçinin təbliğə gətirib çıxarmışdı. Halbuki, onun bədii irsinə hansı istiqamətdən baxılırsa baxılsın, C.Cabbarlı XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının, xüsusən romantizminin nümayəndəsidir. Cabbarlı irsinin ən obyektiv mənzərəsini böyük sənətkarın yaradıcılığını H.Cavid, M.Hadi, A.Şaiq, A.Səhhət kimi görkəmli romantiklərlə bir sırada öyrənməklə yaratmaq olar. Qeyd edək ki, ədəbiyyatşünaslığımızda bu istiqamətdə müəyyən təşəbbüslər olmuşdur. V.Osmanlının "Azərbaycan romantikləri" kitabında (1985) C.Cabbarlı yaradıcılığının H.Cavid, A.Şaiq romantizminin davamı kimi öyrənilməsi məsələyə obyektiv yanaşma təşəbbüsü kimi dəyərləndirilməlidir. Lakin təəssüf ki, bu istiqamət sonrakı illərdə lazımi qədər inkişaf etdirilməmişdir.
Xüsusən Cabbarlı dramaturgiyasına "sosialist realizmi" prizmasından baxış onun romantizmin nümunəsi kimi yaranan və qəbul edilən əsərlərini belə "sosialist realizminin estetik dəyərləri ilə qiymətləndirmək" təşəbbüsünə gətirib çıxarmışdır. Ona görə də C.Cabbarlı irsinin sovet dövrü ədəbiyyatında yox, XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı mərhələsində öyrənilməsi metodoloji baxımdan ən düzgün yoldur. Bu yol Cabbarlı irsinin əsas hissəsini "sosialist realizmi"nə gedən yolun başlanğıcı kimi təqdim edən elmi baxışdan qurtarar və bu irsə onun həqiqi mahiyyətini, yazıldığı metodun estetik prinsiplərini əsas götürərək dəyərləndirmək imkanı verər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!