Amazon ruhu - Əzizə Cəfərzadə... - Günel EYVAZLI yazır - Günel EYVAZLI

Azərbaycan qadını silsiləsindən birinci yazı

Günel EYVAZLI

 

Hər bir yazıçının əsərlərində yüz qat obraz çəkisi, təsvir arealı olsa belə, söyləmək istədiyi konkret mesaj olur. Əzizə Cəfərzadə yaradıcılığında da görəcək, duyulacaq qədər bu mesajı hiss etmək mümkündür. Bəli, üst qatda həmişə ümumi vətən, dil, ərazi, adət və ənənə sayğısı duyulur. Seçilən tarixi şəxsiyyətlərin əsərlərə gəlməsi də təsadüfi olmur. Əlbəttə, Şah İsmayıl Xətainin tarixin qoynundan qopub ədəbi, bədii personaja çevrilməsində Əzizə Cəfərzadənin əsas məqsədi təriqət ayrı-seçkiliyinin gətirdiyi fəsadları abartmaq, karma qanununu oxucunun anlayacağı tərzdə başa salmaq, eyni zamanda vahid dövlət anlayışının vacibliyini vurğulamaqdırsa, digər tərəfdən bütün obrazların başı üzərində daimi bir ruh dolaşımını hiss etmək mümkündür. Bu ruh qüdrətli, əyilməz, idraklı, müdrik qadın ruhudur.

Doğrudur, yaradıcılıqda şəxsiyyət faktorunun önəmi kölgədə qalsa da, əsas istedadın olub-olmaması qəbul edilsə də, amma bir gerçəklik vardır ki, ondan qaçmaq mümkün deyil.

Biz bədii əsərlər vasitəsilə asanlıqla qələm adamının psixoloji durumunu aça bilərik. Bünövrəsində bitkinlik, bütövlük olmayan şəxsin cümlələri də qırıq-qırıq olacaq. Oxucu olaraq şəxsin yazdığı mətnlərdə xaotik durumla da üz-üzə qala bilərik. Belə anlarda anlamarıq ki, bu qırıq fikirlərlə müəllif nə demək istəyir axı. Nəyi bildirmək istəyir, nəyə eyham vurur, mesajı nədir, bilmərik. Çünki natamam kompleksiyada mövcud olan şəxslər tam fikir yaradıcısı ola bilmir. Bu, faktdır. Şəxsən mən dəfələrlə bədii mətnlərilə tanış olduğum insanların şəxsiyyətinə də diqqət ayıranda bunun fərqinə varıram. Mütləq mətnlə müəllif arasında paralel mövcud olur. Mətn müəllifin daxilindən keçirdiyi aləmin inikasıdır. Bu daxili aləmdə şəxsiyyət faktoru, yaradıcılıq, istedad qovuşuğunda əgər harmoniya varsa, fundamental əsərlər ərsəyə gələ bilir. Əgər müəllifin daxili aləmi labirintdən ibarətdirsə, fikirlərində dağınıqlıq, xüsusiyyətində ziddiyyət mövcuddursa, düşüncələr çirklənmiş şəkildə cümləyə, mətnə çevriləcək. Həmin mətnlərlə tanış olduğumuzda özümüzdən qeyri-iradi qıcığın yaranmasını da hiss edə bilərik.  Mətn oxucuda dolaşıqlıq, çıxılmazlıq hissini verirsə, qaranlığa sürükləyirsə, demək ki, artıq oxucu müəllifin ruh halına daxil olub. Oxucu buradan real həyata ya yazıçının insafına görə sağ-salamat keçid edəcək, ya da Homerin Odisseyi kimi qaranlıq dünyanın əcaib məxluqları arasında  çarpışmalı olacaq. Bir sözlə, xarakter mütləq şəkildə yazılarda özünü göstərə bilir.

Mənim üçün Əzizə Cəfərzadə yaradıcılığı da bu baxımdan çox diqqətəlayiq mərtəbədədir. Öncə əsərlərdə ruhumun səsinə cavab verən qadınla üz-üzə qalıram, sonrakı mərhələdə isə müəllif yazı priyomlarını açmaqla tarixin, ədəbiyyatın qovuşuğunda bədii əsərlərin yaranması məharətini yazıçı olaraq öyrənə bilirəm.

Əzizə Cəfərzadə yaradıcılığında Amazon qadın ruhu istənilən situasiyada özünü büruzə verir. Tarix, ədəbi olayların fövqündə adıçəkilən qadın obrazlarını ümumi bir xətt birləşdirir. Onlar müdrik, düşüncəli, idrakı yetkin olan, xarakteri görünən qadınlardır. Sərtdirlər - Afina Pallada kimi, müstəqildirlər, cəsarətlidirlər. Amma bir o qədər də zərifdirlər, gözəldirlər. Bu qadınlarda kişilərə xas intellekt nə qədər hiss olunursa, amma qadına xas xüsusiyyətlər də müəllif tərəfindən unudulmur. Dahi Nizami Gəncəvinin "Erkəksiz yaşayan bu dişi ceyran / Gözəldi, göyçəkdi erkək tovuzdan... Xoşsöhbət, ürəyi saf, mətanətli / Bir pəri əndamlı, xoş təbiətli" kimi təsvir etdiyi Bərdə hökmdarı Nüşabəni ideal qadın obrazı olaraq Əzizə Cəfərzadə yaradıcılığında da görə bilirik.

"Bakı-1501" tarixi romanında əsas vurğu nə qədər Şah İsmayıl Xətai obrazı üzərinə düşürsə, yaradılan qadın obrazları da kölgədə olurmuş kimi yaradılmır, romanı zənginləşdirmək üçün paralel xətt olaraq işlənmir. Müəllifin həssascasına yaratdığı qadın surətləri siyasi missiyanın, situasiyanın, taleyüklü məsələlərin öhdəsindən məharətlə gəlməyi bacarır.

Əsərin kulminasiya nöqtəsi sayıla biləcək Şah İsmayıl və Qazi bəyin həyat yoldaşının qılınc savaşı səhnəsi məharətlə işlənib. Qarşısındakının qadın olmasından xəbərsiz olan İsmayıl bir kişiylə döyüşürmüş kimi qılınca sarılır. Həyat yoldaşının qiyafəsini geyinən, vətəninin ağır durumda olduğunu dərk edərək mübarizəyə qatılan Sultanbəyim heç tərəddüd etmədən İsmayılı üzbəüz döyüşə dəvət edir. Biz Sultanbəyim timsalında "Kitabi-Dədə Qorqud" dastanında özünə ədəbi yer tutan qadınları görmüş oluruq. Nizami Gəncəvi yaradıcılığında təsvir edilən Nüşabələri, Şirinləri, Fitnələri görmüş oluruq. Qılınc savaşında İsmayıla qalib gələn Sultanxanım son anda ana mərhəməti ilə rəqibini əfv edir. Halbuki, döyüşə qədər biz Bibixanımın necə Sultanxanıma çevrilməsini müşahidə etmişdik. Adi rəiyyət qızının saraya gəldikdən sonra necə dəyişməsi prosesi bizim gözümüz önündə baş verir. Məleykə tərəfindən saray qadınlarına qarışmayacağı təqdirdə saraya gətirilən Bibixanım sevdiyi kişinin yardımıyla əli qılınclı, yazmağı bacaran birinə - sözükeçən, müdrik, cəld, cəsarətli Sultanxanıma çevrilə bilir. Bernard Şounun "Piqmalion" pyesində adi gülsatan qızın ali düşüncə sahibinə çevrildiyini gördüyümüzdən fərqli olaraq, bu hadisədə sadəliyin, dayanıqlı, düzgün tərbiyənin olduğu təqdirdə əlavə elementlərlə - yazmağı, oxumağı öyrənməklə, sonrakı mərhələdə at çapmağı, qılınc oynatmağı öyrənməklə əlavə zənginlik qazanan qadın obrazını görürük. Bu, Azərbaycan qadını nümunəsidir. O nümunə ki, hal-hazırda yaddaş bazamızdan uzaqlaşmaqdadır. O nümunə ki, az hallarda cəmiyyətimizdə rast gəlinəndir. O nümunə ki, məhz Əzizə Cəfərzadə timsalında yaddaş kartı olaraq xatırlana bilər.

Hal-hazırda mahiyyətindən uzaqlaşan feminizm termini bundan öncə, indiki mahiyyətindən fərqli olaraq daha saf və daha gözəl mahiyyəti ehtiva edirdi. Elə bu səbəbdən termin artıq öz ideal çəkisini itirdiyi üçün Əzizə Cəfərzadə yaradıcılığına və yaxud Nizami Gəncəvi ruhuna feministik ab-hava deməkdən bir az çəkinirəm. Amma istənilən halda Əzizə Cəfərzadə yaradıcılığında qadına pərəstişin, Azərbaycan qadınını ən gözəl rənglərlə təsvir etmənin ucalığını görə bilərik.

Əlbəttə, Naxçıvanın qadın hökmdarına həsr olunmuş "Cəlaliyyə", "Zərrintac Tahirə" kimi romanların müəllif tərəfindən yaradılması təsadüfi deyil. "Zərrintac Tahirə" romanının ön sözündə "Hörmətli oxucum! İstəyirəm biləsən ki, məqsədim babiliyin tarixi və ya babiliyin islamiyyət, xüsusən şiəliyə qarşı mübarizə tarixini göstərmək olmamışdır. Materialları oxuduqca məni cəlb edən bu hərəkata qoşulan bir çox insanın, hər şeydən əvvəl, Cənubda yaşayan azəri türklərinin azadlıq, istiqlaliyyət uğrunda mübarizə əzmi, bu vuruşmalarda nəinki oğulların, hətta Rüstəmə, Qürrətüleyn kimi cəngavər qızların cürəti, yenilməzliyi olub..." sözləri fikrimizi bir daha təsdiqləyir. Bu qadınlar ad, titul, bölgə baxımından yazıçı tərəfindən fərqli yaradılmağa çalışılsa da, ümumi xarakter baxımından heç də fərqli deyillər. Bir sözlə, yazıçı bu mükəmməl havanı oxucuya məharətlə ötürə bilir.

Əzizə Cəfərzadə əsərlərinin dili folklor çaları ilə olduqca zəngindir. Yox, bu dil əyalət dilini xatırlatmır, məzhəkə naminə işlədilmir. Və yaxud son zamanların yaranmış əsərlərində əyalət deyibən olduqca dialektik dilə müraciət edilməyib. Qətiyyən. Biz Cəfərzadə əsərlərini oxuyarkən yaddaşımızın unudulmuş nöqtələrinin oyanışını hiss edirik. Unudulmuş terminləri, geyim mədəniyyətinə aid çalarları, müraciətlərin fərqli notlarını, gündəlik həyatın  o zamankı halını rahatcana beynimizdə canlandıra bilirik. Bəlkə də bizim -  müasir yazarların ən böyük qüsuru əsərlərimizdə Azərbaycan insanından uzaqlaşmağımızdır. Azərbaycan insanı dedikdə isə əyalət üzərinə qaçıb primitiv biçimli obrazları yazıya gətirməyimiz anlaşılmamalıdır.  Əzizə Cəfərzadə daha aristokratik fikir adamlarını bədii əsərlərinə dəvət edirdi. Onlar şairlər, rəssamlar, ictimai xadimlər, vətənsevərlərdilər.

Onun əsərlərində yaradılan Azərbaycan mühiti lokal, məhdud, aləmlərdən təcrid olunmuş şəkildə görünmür. Nəfəs alma genişliyi qədər yazıçı milli kimliyə arxalanaraq, öz qiymətini bilərək, cəmiyyətin, düşüncənin, həyata baxışın qüsurlarını da göstərib tarixin cızığından çıxmamaq şərtilə Azərbaycan mühitini pafosdan uzaq, adi, sadə və dəyərli təsvir etməyi bacarır. Azərbaycan insanının ali düşüncəsini, həm də primitiv həyat baxışını da qələmə almaqdan çəkinməyib. Qüsurları ana kimi, müdrikcəsinə göstərməyi bacarıb. Hətta həll yollarını da söyləməyi unutmayıb.

"Aləmdə səsim var mənim" romanı ilə yazıçı təkcə Seyid Əzim Şirvani portretini yaratmır. Eyni zamanda cəmiyyətin dar düşüncəsinə, Sonakimilərin daima dışlanmasına, həzzin, zövqün hardasa, heç kimə məlum olmayan uzaq cənnətlərdə olmasının "niyə"liyinə diqqət çəkməyi bacarıb. Şeir məclisində ilk dəfə qadınları üzüaçıq görən Seyid Əzim Sonanın rəqsi qarşısında bihuş olur. Həmin anda "niyə"lər onun iç dünyasını alt-üst edir. Və yaxud rus rəssamının yaratdığı canlı həyat təsvirlərini görən şair "Ya Rəbbi, bəs nə üçün bizə rəsm etmək, insan surətini canlandırmaq qadağan olub. Niyə bizim mollalar deyir ki, guya sən, ey böyük xaliq, çəkilən hər bir rəsm üçün o haqq dünyada çəkən rəssamdan can istəyəcək, çəkdiyi surəti canlandırmağı tələb edəcəksən... Kərəminə şükür, Xudaya, nə üçün bizim bədbəxt müsəlmana dünyanın ən gözəl nemətləri qadağan olunub?" - deyir.

Ana obrazı qadın obrazının üst mərhələsi kimi Əzizə Cəfərzadə yaradıcılığında daha baş mərhələdədir. "Bakı-1501" romanında Şah İsmayıl və Sultanxanım əhvalatı kimi, "Zərrintac Tahirə" romanında ana Bədrünnisan və Zərrintac arasında olan dialoqda ana həssaslığını bütün çılpaqlığıyla hiss edə bilərik. Bütün bu həssaslığa rəğmən yazıçı Zərrintac obrazı vasitəsilə qadın həqiqətini də vurğulamağı unutmur: "Ana, canım ana! Axı sən məni başa düşürsən. Sən axı bilirsən ki, sənin tərbiyənlə, atamın öyüdü, təlimilə böyüyən adam heç vaxt pis iş tutmaz, heç kəsi pis yola çağırmaz... Bu bədbəxtlər bizim bacılarımızdır. Niyə gərək ata evində ata-qardaş, ər evində ər, qayın, qayınata, özünün doğub böyütdüyü oğul onun başının ağası olsun? Qadın istəsə çadra içində də, dar divarlar arasında da pis iş tutar. İstəməsə - bir ordu ona sahiblənə bilməz. Nəfsini udar, boğular, yerlərdə ölüsü qalar - təslim olmaz!".

Düşünürəm ki, hər bir yazıçının konkret ədəbiyyat missiyası mövcuddur. Bəli, sıradan biri kimi ədəbiyyat sərgisindən ötüb keçənlər də var. Bəlkə də indi onlar daha parlaq və daha görünəndirlər. Olsun. Bəs sabah xatırlanacaqlarmı? Sual budur.

Həqiqi ədəbiyyatdan, həqiqi ədəbiyyat xidmətindən danışınca gözlərimiz önündə konkret imzalar sıralanır. Kimisi avamlığımızı çılpaqlığı ilə bizə qandırmaq üçün, kimisi "Əkinçi" adına jurnalistika torpağına toxum səpmək üçün, kimisi dramaturgiya, opera, kino, teatr sənəti adına iş görmək üçün ədəbiyyat meydanında yaratdılar, insan kimi yaşadılar və getdilər. Qara torpağa çevriləndən sonra bütün titullar "yox"a çevrilir. Yerdə əlahəzrət söz qalır. Yaratdınmı, yazıya ala bildinmi, bacardınmı? Əgər bacardınsa, söz xatirinə deyil, ədəbi missiya xatirinə yazdınsa, deyilməli kəlməni vaxtında, zamanında deyə bildinsə, xatırlanacaqsan. Yaşadığın dövrdə çarmıxa çəkilsən belə, "göylərə çəkilib" deyib də əbədiyaşara çevriləcəksən. Bu baxımdan Əzizə Cəfərzadə yaradıcı işığına yaxın olunca əski kultun, yaddan çıxmış adətlərin, unudulmuş xarakterlərin ilkin hüceyrəsini, nüvəsini tapmış olursan. O başlanğıc Azərbaycan insanı önünə şəxsiyyət vəsiqəsi olaraq qoyulur. Bizə kimliyimizi xatırladır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!