Məti OSMANOĞLU
Məqaəlinin əvvəlini buradan oxuya bilərsiz
"Əkinçi" qəzetində H.Zərdabi ideyalarının ardıcıl davamçısı, onun mövqeyini müdafiə edən həmfikri, həmməsləki kimi ciddi maraq doğuran imzalardan biri də Əhsənül-Qəvaiddir. Qəzetin "Məktubat" bölməsində fəal çıxış edən, o dövrün ən aktual və gündəliyə gətirilməsi risk tələb edən məsələlərini qəzet səhifələrinə gətirən Əhsənül-Qəvaidin kimliyi barədə ikili fikir var. Seyid Əzim Şirvaninin üçcildlik əsərlərinin ilk tərtibçisi Süleyman Rüstəmov bu imzanı Əsgər ağa Goraninin istifadə etdiyi təxəllüs hesab edirdi. Feyzulla Qasımzadə isə "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabının 1974-cü il nəşrində bir arxiv sənədinə - Əhsənül-Qəvaidin 1876-cı ildə Həsən bəy Zərdabiyə yazdığı məktuba əsaslanaraq yazırdı: "Bu məktubdan onun Həsən bəy Zərdabi ilə dost olub, çoxdan yazışdığı, əsli Gəncədən, adı Hacı Məhəmməd Sadiq olduğu və Rəştdə yaşayıb, oradan "Əkinçi"yə məqələlər göndərdiyi anlaşılır".
Əhsənül-Qəvaid də H.Zərdabi və N.Vəzirov kimi hələ öz varlığından tam xəbərdar olmayan millət qarşısında zəmanənin qoyduğu vəzifələrdən çıxış edərək bir maarifçi kimi diqqəti daha çox elm və təhsil məsələlərinə yönəltməyə çalışırdı. Onun "Əkinçi" qəzetinin 28 fevral 1876-cı il tarixli nömrəsində nəşr olunmuş yazısı, əslində, öz dövləti olmayan toplumda millət və dövlət şüurunun formalaşması probleminə həsr olunmuşdur. Əhsənül-Qəvaidin "milləti qardaşlıq" kimi istifadə etdiyi anlayış insanların milli maraqlar ətrafında birliyini ifadə edir. Müəllif Azərbaycandakı müsəlman toplumu arasında milli maraqların mövcud olmadığının, milləti təşkil edən ayrı-ayrı ictimai zümrələrin vahid maraqlar ətrafında birləşməməyinin səbəbini elmsizlikdə, cahillikdə görürdü. Başqa millətlərin tərəqqi tapmasına, bizim millətin və məmləkətin tənəzzül etməsinə səbəb axtaran Əhsənül-Qəvaid "elmdən başqa mə'muriyyət üçün bir səbəb və cəhldən savayı xarabalığa bir illət olmadığını..." göstərirdi. Elmsizliyin bir ucu isə gedib çıxırdı məktəbdə öyrənilən və öyrədilən şeirin, ədəbiyyatın üzərinə: "Çifayda bizim varlı, varsız, hər kəs öz haqqına razı olmamağına binaən bir-birinə inanmır. Belədə işlər yerdə qalır. Bunun illəti odur ki, bizim müəllimlər tüfuliyyətdə elmi-ədəb, elmi-süluk, elmi-xəvas, əşyayi-pəndiyyat və hikməti-qəvaid ilə tərbiyət etməyib, kitabi-Hafiz, Sədi, Leyli-Məcnun, Yusif-Züleyxa və hətta Qaani oxudub elmi-kəmal əvəzinə eşqbazlıq, cürəkeşlik, həzliyyat elmləri örgədirlər". Buradakı ifadələri sadələşdirsək, müəllifi müsəlmanlara uşaq vaxtı məktəbdə dünyəvi və ictimai biliklər əvəzinə eşqbazlıq, cürəkeşlik, lağlağı söyləmək kimi keyfiyyətlər aşılanması narahat edirdi. Əhsənül-Qəvaid yazının sonunda vəziyyətdən çıxış yolu da təklif etmişdi. Göstərirdi ki, uşaqlara ziyanlı kitablar oxutmaq əvəzinə, ədəb elmini öyrədən kitablar yazıb tədris etməyə ehtiyac vardır. "Ziyanlı kitabların" içində isə Şərq divan ədəbiyyatının klassik nümunələri də nəzərdə tutulurdu.
Əhsənül-Qəvaid "Əkinçi"nin növbəti - 15 mart 1876-cı il tarixli nömrəsində yenidən millətin tərəqqisi mövzusunun üzərinə qayıtmışdı. Onun qəzetdə dərc olunan məktubu kamala yetişməyə həsr edilmiş, bunun üçün ağıl yolunun, elm körpüsünün və doğruluğun əsas şərtlər olduğu vurğulanmışdır. Elmli adamın sözünün, mənalı kəlmənin cəvahirdən qiymətli olduğunu göstərərək, bu barədə Azərbaycan dilində bir rübai vermiş, rübaidən sonra isə özünün nəzm və şeir haqqında mülahizələrini irəli sürmüşdü. Müəllif kəlamdakı şeiri xörəkdəki duza oxşadır, bihudə və batil sözlərin yer aldığı şeirlərin çap olunub uşaqların əlinə düşməsinə isə kəskin etiraz edirdi. "Hər laübali adamın pər-puç sözləri bir-birinə toxuyub birini mədh, birini həcv, şərab və əmrədləri (bığ yeri hələ tərləməmiş oğlan uşaqlarını - M.O.) vəsf etməsini" kəskin tənqid edirdi və bu cür insanların kamal sahibləri olmadıqlarını, şeytana xidmət edib, xalqı yoldan çıxardıqlarını göstərirdi. Onun fikrincə, bu cür insanlar şeir yazmaq əvəzinə, bez toxumaqla, yaxud yamaqçılıq etməklə cəmiyyətə daha artıq fayda verə bilərdilər.
Əhsənül-Qəvaid məqalədə millət üçün iki növ hakimə ehtiyac olduğunu yazırdı: biri fiziki yaşayışa, maddi aləmə lazım olan əməllərə rövnəq və sərəncam versin; digəri isə axirət həyatına lazım olan əməllərə nizam versin.
O, insanların kamala yetmələri, cəmiyyətin cahillikdən qurtulması üçün insanın ağlını elmə sərf etməyi məsləhət görürdü. Əhsənül-Qəvaid istər ayrı-ayrı fərdlərin, istərsə də cəmiyyətin və millətin həyatında dini elmlərlə (elmi-ədyan) müqayisədə dünyəvi elmlərin (elmi-əbdan) rolunun daha üstün olduğunu iddia edirdi və bu ideya Həsən bəy Zərdabidən gəlirdi...
Cənab ağa, cəddin fədası olum...
Bu yazı nəşr olunandan altı həftə sonra - "Əkinçi"nin 28 aprel 1876-cı il tarixli nömrəsində, yenə "Məktubat" bölməsində "Şüərayi-ərbəeyi-Şirvan" ("Şirvanın dörd şairi") imzası ilə "Cəvabi-Əhsənül-Qəvaid" başlığı altında qəzəbli bir yazı dərc olundu. Əhsənül-Qəvaidin sonradan bu məktuba "Cənab Ağa, cəddin fədası olum" müraciəti ilə verdiyi cavaba əsasən, ehtimal etmək mümkündür ki, "Şirvanın dörd şairinə" başçılıq edən görkəmli maarifpərvər şair Seyid Əzim Şirvani idi (S.Ə.Şirvaninin başqa bir əsəri - "Qarabağlı Nalan təxəllüslü şairə" başlıqlı mənzum məktubu, eləcə də Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları"nda Seyid Əzimə həsr etdiyi oçerk bu ehtimalı tam təsdiqləyir).
Məktub sərt ifadələrlə başlamışdı, müəlliflər Əhsənül-Qəvaidi şairlərin məlahətli şeirlərindəki gözəlliyi və lətafəti dərk etməməkdə, zövqsüzlükdə qınayır: - "Görünür, şüəranın şərab mədhi və şahidü səfa damağınıza dəyibdir", - deyə ona rişxənd edirdilər.
Daha sonra isə Əhsənül-Qəvaidin fikirlərinin təkzibi başlayırdı. Eşqbazlıq, gözəllik, şərab haqqında Şərqin Şeyx Bəhayi, Əbu Əli Sina, Şeyx Sədi, Hafiz Şirazi kimi böyük mütəfəkkirlərindən farsca iqtibaslar gətirilir, Əmirəlmöminin - Həzrət Əlinin ərəbcə bir həcvinə istinad edilirdi. Şirvan şairləri Əhsənül-Qəvaidin fikirlərini təkzib etmək üçün onun sözlərindən məntiqi nəticə çıxarıb iddia edirdilər ki, Əhəsnül-Qəvaid şərabı və gözəli tərənnüm edən bu böyük insanların mərifət və kamal sahibi olmadıqları, xalqı yoldan azdırdıqları fikrindədir: "Pəs sizin fərmayişatınızdan məlum olur ki, bu büzürgüvarlar ki, biri şərabı və biri şahidi vəsf edibdilər, nəuzübillah bunlar cümlə bimərifət və bikamal kimsənələrdir ki, nə üçün biri şərab və biri şahid vəsfini edibdirlər və xəlyaqi gumrah edib zəlalətə salırlar".
Şirvan şairlərinin məktubundakı maraqlı məqamlardan biri də şərabın və gözəl oğlan uşaqlarının vəsfi ilə bağlı Qurandan gətirilən iqtibaslardır. Onlar şərabın və gözəl oğlan uşaqlarının vəsfini Allahın buyruğu kimi qələmə verirdilər. Bu mülahizəyə əsaslanıb, Əhsənül-Qəvaidə məsləhət görürdülər ki, gərək öz etirazını şairlərə deyil, Allaha etsin: "Əzizim, pəs gərək siz bu diqqəti və bu nüktəgirliyi xudavəndi-aləmə edəydiz ki, o da şərab vəsfin və şahid vəsfin Quranda bəyan edibdir. Şərab vəsfində buyurublar: Ənharün min xəmrin ləzzətün lişşaribin (İçənlərin ləzzət alması üçün çaxır çayları yaratdım).
Və əmaridi-vildan xüsusunda buyururlar: vildani-müxəllədun (üzünə tük gəlməmiş oğlan uşağı)".
Məktubun sonunda Əhsənül-Qəvaidə onun barəsində həcv yazılacağı ilə hədə-qorxu gəlinmişdi...
Azərbaycan ədəbiyyatşünaslığında divan ədəbiyyatı ilə bağlı üzərindən sükutla keçilən bir məqama aydınlıq gətirməyi zəruri hesab edirik. Əhsənül-Qəvaidə ünvanlanmış məktubda cidd-cəhdlə Allah kəlamı kimi təqdim edilən "əmaridi-vildan" məsələsi, əslində, divan şeirində uşaqbazlığın təbliği ilə bağlı idi və Əhsənül-Qəvaidin kəskin tənqid etdiyi, qarşısının alınmasını istədiyi də elə bu idi. Dinin əsasları barədə kifayət qədər məlumatlı olan Əhsənül-Qəvaid Şirvan şairlərinə cavab yazısında Qurandakı "əmaridi-vildan"ın şeirə heç bir aidiyyəti olmadığını qeyd edirdi: "Ənvari-xəmr ya vildani-müxəlləd ki, Qurani-məciddə zikr olub, o ayatın şüəranın şeirinə şəbahəti yoxdur, onun ziddidir".
Onu da deyək ki, bu mövzu sonradan "Molla Nəsrəddin" jurnalının daim diqqətdə saxladığı ciddi ictimai problemlərdən biri oldu.
Divan ədəbiyyatında uşaqbazlığın təhriki yalnız Azərbaycan və ya Şirvan şairləri ilə bağlı lokal hadisə olmayıb, müəyyən ictimai və tarixi səbəblərlə bağlı olan geniş yayılmış bir mərəz idi. "Kadını toplum yaşayışından uzaklaştıran anlayış divan şiirinde de etkisini gösterir. Divan şairi kadını ve kadın sevgisini küçümser, bunun sonucu olarak da kadına karşı duyulan sevginin anlatılmasından, giderek kadınla cinsel ilişkilerin konu edinilmesinden kaçınır. Peygamberleri bile hileyle kandıran kadına inanıp güvenmemek gerektiğini söyler. Bu anlayış onu kadınlarla hiç ilişki kurmamayı, evlenmemeyi öğütlemeye kadar götürür. Böyle olunca da kadın aşkı yerine eşcinsel ilişkilerle temellenen bir aşkın geçirilmesi doğaldır. Divanlardaki hammamiyye'lerde hamamlarda rastlanan güzel delikanlılar betimlenir, onlara duyulan cinsel istek şiirleştirilir. Kimi şairlerse sözünü ettikleri delikanlı sevgililerinin adlarını anmaktan da çekinmezler". İqtibas Konur Ertopun "Türk edebiyatında seks"kitabından götürülmüşdür. Bax: https://www.turkedebiyati.org/turk-edebiyatinda-cinsellik.html
Daş dəyəndə güzgü sınar...
Əhsənül-Qəvaidin Şirvan şairlərinin onu həcvlə təhdid etmələri ilə bağlı cavabında XX əsrin əvvəllərində yaranan ədəbiyyat və publisistika ilə səsləşmə olduğunu görürük. O, Şeyid Əzim Şirvaniyə müraciətlə yazmışdı: "Məni həcvi-şüəradan qorxutmuşduz. Mən ayinə kimiyəm, hər kəs məndə öz camalın görər və bir də kəlam şəxsin ətri və buyidir, gülün ətri öz lətafətin və mütəəffin şeyin buyi öz xəbasətin zahir edir". ("Əkinçi" qəzeti, 13 may 1876)
Əhsənül-Qəvaidin bu qeydi aradan təxminən 30 il keçəndən sonra proqram səciyyəli iki yazıda: Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının manifesti kimi yazdığı "Tiflis, 7 aprel" məqaləsində və Mirzə Ələkbər Sabirin məşhur "Nə yazım?" şeirində əks-səda verəcək və həmin yazılar Azərbaycan ədəbiyyatında yeni perspektiv müəyyənləşdirəcəkdi. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"in oxucu ilə ünsiyyətini bu müddəa üzərində qurmuşdu: "Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza". ("Molla Nəsrəddin", 7 aprel 1906).
Mirzə Ələkbər Sabir isə öz şeirini yaxşılığı və pisliyi, aydınlığı və qaranlığı, əyrini və düzü əks etdirən ayna kimi təqdim etmişdi:
Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qare gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!
Şeyid Əzim Şirvaninin mövqeyi bu üç müəllifin mövqeyi ilə əkslik təşkil edir. Onun ayinə məsələsinə münasibəti həm şairin sözün ictimai funksiyasına yanaşmasını, həm də yaradıcılığının estetik sistemini şərh etmək baxımından çox maraqlıdır. O, Əhsənül-Qəvaidin "mən ayinə kimiyəm, hər kəs bu ayinədə öz camalın görər" fikrinə "Qarabağlı Nalan təxəllüs şairə" müraciətlə yazdığı mənzum məktubda rişxənd edərək bildirirdi ki, şairlər daşdır, daş dəyəndə güzgü sınır:
Ey özün ayinə sanan rüsva,
Bunu da bil ki, səngdir şüəra;
Ehtiyat eylə, ey günü qarə,
Ayinə səngdən olur parə.
Bilmirəm səndə bu nə halətdir,
Şüərayə bu nə ədavətdir?
Əslində, başqa adama ünvanlanmış olsa da, həcmi 100 beytdən artıq olan bu mənzum məktub Əhsənül-Qəvaid barədə həcvdir. S.Ə.Şirvanini narahat edən məsələ Əhsənül-Qəvaidin "şairlər silkini" gümrah - yolundan azmış göstərməsi idi. S.Ə.Şirvaninin fikrincə, Əhsənül-Qəvaid şeiri məzəmmət etmək üçün Quranı dəlil gətirsə də, onun istinad etdiyi ayə bütün şairlərə aid deyil. Bunun ardınca S.Ə.Şirvani cidd-cəhdlə Qurandan, hədislərdən və imamlar haqqında rəvayətlərdən iqtibaslar gətirərək İslam dininin "batil olmayan" şairlərə rəğbətini əsaslandırırdı. S.Ə.Şirvani şairləri əhli-beytin - Məhəmməd peyğəmbərin ailəsinin məddahları adlandıraraq onların şərəfli iş gördüklərini vurğulayır, şərabın şeirdə rəmzi məna daşıdığını, meyxanə deyəndə cənnət bağının nəzərdə tutulduğunu, orada şahi-Mərdanın - Həzrət Əlinin saqi olduğunu qeyd edirdi.
İllət nə olub ki, bizim millət,
məmləkət tənəzzül etməkdədir?
"Şairlərlə ədavət" məsələsində Əhsənül-Qəvaid "Əkinçi"də çap etdirdiyi cavab yazısında öz məqsədini açıqlayaraq bildirmişdi ki, onun şairlərlə və digər sənət sahibləri ilə heç bir ədavəti yoxdur. Məqsədi başqa millətlərin tərəqqisinin və bizim millətin tənəzzülünün səbəblərini axtarmaqdır: "Mənim şüəra ilə ədavətim ya sair nas ilə xüsumətim yoxdur. Mətləbimiz əsasi-məmuriyyətə bais olan səbəbləri və ona eyib yetirən illətləri bəyan etməkdir ki, aya cəhət nə olmuş ola ki, miləli-digər bu qədər tərəqqi tapıb, millət, məmləkətləri məmur olub və illət nə olub ki, bizim millət, məmləkət tənəzzül etməkdədir". ("Əkinçi" qəzeti, 13 may 1876)
Yaradıcılığında, xüsusən 1870-ci illəri əhatə edən maarifçi əsərlərində dinlər və insanlar arasında birliyi təbliğ edən, hamını eyni Allahın bəndələri sayan, bu birliyi pozmaq istəyənlərə sərt münasibət göstərən Seyid Əzim bu şeirində Əhsənül-Qəvaidin Avropanın tərəqqi etdiyi, qabağa getdiyi barədə qeydlərinə böyük qısqanclıqla yanaşırdı.
Şeirdə Əhsənül-Qəvaid "əhli-Yevropanı" öz millətimizdən yüksək tutduğu iddia edilir, haqqında təhqiramiz ifadələr işlədilirdi.
İndi ki, var məhəbbətin küfrə,
Sən də onlar kimi döşə süfrə.
Sən də gey çəkmə, başuva qoy saç,
Salgilən rəğbət ilə boynuva xaç.
Yerə çökmə, ayağun üstə i...ə,
Yayda iç pivə, romu saxla qışa.
Dəxi bundan sora yuma g...ü,
Gərçi səhvən kəsiblə sünnətüvi.
Eyləmə qüsl, getmə həmmamə,
Başuva şapqa qoy, nə əmmamə.
Hər urusə çatanda ver çasti:
"Mayo paçtenye,-söylə-izrasti!"
Məscidə getmə, gir kəlisayə,
Söylə Allahın oğlu İsayə.
Seyid Əzimin müsəlmanlarla avropalılar arasında apardığı bu müqayisələr və üstünlük verdiyi "milli keyfiyyətlər" "Molla Nəsrəddin" jurnalının, yaxud Mirzə Ələkbər Sabir satiralarındakı avam tiplərin mülahizələrindən heç də qabağa getmir: "Ölsə də verməm riza şapka qoya başına..."
Onu da deyək ki, bu yazışma ilə bağlı böyük ziyalımız, peşəkar ədəbiyyatşünaslığın yaradıcılarından olan Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı tarixi materialları"nın Seyid Əzim Şirvaniyə həsr olunmuş bölümündə geniş araşdırma apararaq Seyid Əzimin Əhsənül-Qəvaidə münasibətini haqsız hesab etmişdir. F.Köçərli bunu Seyid Əzimin şair təbiəti, xarakterinin çılğınlığı ilə bağlayırdı. F.Köçərlinin araşdrımasından o da aydın olur ki, "Şirvanın dörd şairinin" məktubundan əvvəl Seyid Əzim Əhsənül-Qəvaid haqqında həcv yazıb, H.Zərdabiyə göndərmiş, lakin Həsən bəy bu həcvin çapından imtina etmişdir...
İki ideoloji cərəyanın bünövrəsi
"Əkinçi"də şeir mövzusunda yazışmalara diqqətlə nəzər salanda bir cəhət də gözdən yayınmır: istər Əhsənül-Qəvaidin, istərsə də Şirvan şairlərinin "Əkinçi"də nəşr edilmiş yazılarının dili, məsələn, Həsən bəy Zərdabinin, yaxud Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin dili ilə müqayisədə çox qəliz və ağırdır. Bunu ayrı-ayrı adamların savadının və ya təhsilinin səviyyəsi ilə bağlı təsadüfi hadisə kimi qiymətləndirmək istəməzdik.
İlk milli qəzetimizdə yeni formalaşmaqda olan Azərbaycan mətbuat dilinin iki istiqamətinin rüşeymlərini görürük: bir istiqamət - sonradan Cəlil Məmmədquluzadənin funksional sərhədlərini dəqiqləşdirdiyi "türkün açıq ana dilində" - xalq danışıq dilində yazmaq təmayülünün təməlini təşkil edir; digər istiqamət isə "Füyuzat" jurnalının dilə yanaşmasının bünövrəsini nişan verir. "Əkinçi"də bu məsələ hələ konsepsiya səviyyəsinə gəlməmişdi, hadisələr öz təbii axarında davam edirdi, hər kəs dillə bağlı məsələyə öz mövqeyindən yanaşırdı. XX əsrin əvvəllərində bu iki tendensiya iki aparıcı ideoloji cərəyana çevrildi. Azərbaycançılıq və türkçülük ideologiyalarının daşıyıcıları olan dilin bir-birindən fərqlənən iki müxtəlif səviyyəsi müəyyənləşdi. "Əkinçi"də bunlar hələ bir-birinin içindədir. Bu bir yana, bəzi hallarda isə Osmanlıya münasibətdə ona qarşı müharibə aparan Rusiya imperiyasına sədaqət nümayiş etdirilirdi.
Bir xüsusiyyəti də istisna edə bilmərik ki, o dövrün ziyalıları özlərini nəzmlə daha yaxşı ifadə edirdilər. Məsələn, Əhsənül-Qəvaidin:
Hikmətin kəlməsinin qiymətini gər bilələr.
Min ilin gövhəridir, hər birinin qiyməti var.
Sözlərin canına lütf ilə əgər fikr edələr,
Hər sözün bir canı yox, bəlkə onun min canı var
("Əkinçi" qəzeti, 15 may 1876) dördlüyünün dili publisistik yazılarının dilindən qat-qat sadədir. Eyni mənzərəni Seyid Əzim Şirvaninin nəzm və nəsrlə qələmə aldığı yazılarda da görürük. Seyid Əzimin, eləcə də "Əkinçi" qəzetində şeirlərini çap etdirmiş digər şairlərin nəzm dili klassik divan ədəbiyyatı ənənələrindən gəlir. Nəzmin publisistikaya, qəzet dilinə uyğunlaşdırılması meylinin olduğu müşahidə edilsə də, dil özünün klassik məcrasından kənara çıxa bilmir. Bunu Seyid Əzimin "Rəbiül-ətfal" kitabında uşaqlar üçün yazdığı əsərlərdə də görürük. Kitabın yazılmasının məqsədi ilə bu məqsədi yerinə yetirəcək, sözü ünvanına çatdıracaq poetik sistem bir-birini tamamlamır, hətta bəzən ziddiyyət təşkil edir.
Sülh şəraitində məğlubiyyət
"Əkinçi"nin şeir davasında maraqlı, eyni zamanda paradoksal görünən bir fakt da var. Lap başlanğıcdan ədəbiyyatda həcvə qarşı müharibə elan edən qəzetdə 1877-ci ildə iki həcv nəşr edilmişdir: bunlardan biri Seyid Əzim Şirvaniyə aiddir və nə qədər qəribə də olsa, həmin yazıda Əhsənül-Qəvaidin mövqeyi müdafiə edilir...
Qəzetin 4 yanvar 1877-ci il tarixli nömrəsində Əhsənül-Qəvaidin ictimai fikirdə böyük qalmaqal yaratmış növbəti yazısı dərc olunmuşdu. Yazıda məhərrəmlik təziyəsi zamanı baş yarmaq adəti tənqid edilmişdi və müəllifin iddiasına görə, dinlə, şəriətlə hər hansı əlaqəsi olmayan bu adət ilk dəfə Qarabağda yaranmışdı. Yazı Mirzə Fətəli Axundzadə də daxil olmaqla o dövrün maarifpərvər ziyalıları tərəfindən rəğbətlə qarşılanmışdı. Bununla belə, bəzi mühafizəkar düşüncəli insanlar bu yazıya görə qəzeti və yazı müəllifini məhşər ayağına çəkirdilər, qəzetin ünvanına təhqir dolu məktublar göndərilirdi. "Bir şəxs bizim qəzetin əvvəlinci nömrəsində əqrəba miyanında olan kəbin xüsusunda yazılan mətləbin və Əhsənül-Qəvaid baş çapmaq üstə yazdığı sözlərin barəsində bir kağız yazıb, məxfi göndərib, bizə bietiqad, biədəb, biidrak, bielm deyib, bir vərəqin üstə olmayan sözlər yazıb deyir: əgər mərdsən, bunu basdır". ("Əkinçi", 17 fevral 1877)
Qaragüruhçu qüvvələrin qəzetə ünvanlandığı yazılar arasında həcvlər xüsusi yer tuturdu. "Bizə Badkubə poştuna salınan məxfi kağız göndərən kəs indi bizi həcv edib, onu Qarabağ poştuna salıb göndərib. Adına Hadiyül-Müzillin Qarabaği deyir. Çünki bir ləqəb ilə insanı tanımaq olmaz, ona binaən cənaba məlum edirik ki, özünün və atasının adını və sakin olduğu yeri yazıb məlum eləməsə, bizdə ol həcvi çap etməyə ixtiyar yoxdur". ("Əkinçi", 17 mart 1876)
Həsən bəyin reaksiyasından belə görünür ki, o bu cür yazılara çox həssaslıqla yanaşırdı. Milləti qəflət yuxusundan ayıltmaq üçün bütün varlığı ilə çalışan bir insanın ünvanına göndərilən həcvlər istər-istəməz onda psixoloji gərginlik, ruh düşkünlüyü yaradırdı: "Fikrim budur ki, bizim Zərdab kəndində Qarabağın sərhədində bir daş qoydurub onun üstündə zikr olan həcvi tamam qazdırım ki, gələcəkdə bizim övladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm!" (Həsən bəy Zərdabi. Seçilmiş əsərləri, Bakı: 1960, səh. 19)
Əhsənül-Qəvaidin yazısı ilə bağlı xüsusi canfəşanlıq göstərənlərin önündə Qarabağdan Hadi təxəllüslü şair gəlirdi. O, Əhsənül-Qəvaidi təkzib etmək üçün "Əkinçi"yə məxfi məktubla yanaşı, ədəb sərhədlərini keçən həcv də göndərmişdi: "Qarabağdan yazırlar ki, ağköynək barəsində bizim qəzetdə yazılan sözlərdən ötrü bəzi avamlar bizi həcv edib, hətta istəyirlər imiş bizdən ərizə versinlər ki, guya ol sözlər məzhəbə dəyən sözlərdir. Əgər bu xəbər doğru isə, Hadiyül-Müzillin həqiqət qarabağlı isə, Qarabağın anlayan kəslərinə ərz olunur ki, gözünüz aydın olsun". ("Əkinçi", 31 mart 1877)
Göründüyü kimi, "Əkinçi" elan etdiyi şeir davasında şairləri həcv yazmaqdan daşındıra bilmədiyi bir yana, özü də həcvin hədəfinə və qurbanına çevrilir. Aramsız təzyiqlərdən sonra Həsən bəy Zərdabi öz prinsiplərinin və "Əkinçi" qəzeti üçün müəyyənləşdirdiyi etik xəttin əleyhinə gedərək Seyid Əzim Şirvaninin Hadiyə ünvanlandığı həcvi nəşr etmək məcburiyyətində qalır. (Məncə, o ehtimal da yersiz sayılmamalıdır ki, bu həcv Həsən bəy Zərdabinin arzusu və ya sifarişi ilə yazılmışdır). Bu, XIX əsr Azərbaycan ictimai və mədəni reallığının obyektiv mənzərəsini əks etdirən və kədər doğuran bir illüstrasiya kimi qəbul edilməlidir: cəmi 300 abunəçisi, bir əlin barmaqlarının sayından artıq olmayan mütərəqqi yazarları olan bir qəzetlə ictimai fikri hərəkətə gətirmək, ictimai psixologiyanı dəyişmək çox çətin idi. İctimai psixologiyanın dəyişməyi bir yana, bu psixologiya ona əks çıxan, onu dəyişdirmək iddiasında olan insanları da öz uçurumunun qaşına çəkirdi. XIX əsrin tipik həcvlərindən olan şeir "Məktubi-mənzum" - "Mənzum məktub" sərlövhəsi ilə nəşr edilmişdi və bu bəndlərlə başlayırdı:
Ey olan hadiyi-ərbabi-zəlalət Hadi,
Ey Müzillini edən həqqə hidayət Hadi.
Eylədin sən ki, bu mehdiliyə adət, Hadi,
Elə bəs aləmə təbliği-risalət, Hadi!
Leyk peyğəmbər olan həcv eləməz ümmətini,
Kişi lazımdı çəkə ümmətinin qeyrətini,
Gərçi həcv eyləyənin yoxdu kəsən sünnətini,
Sənə bu həcv nə fərz oldu, nə sünnət, Hadi.
Müraciət tərzindən, leksikasının natarazlığından da göründüyü kimi, bu yazı, əslində, "Əkinçi"nin və "Əkinçi" müəlliflərinin mübarizə apardıqları zehniyyətin ifadəsidir. Ondan hər hansı maarifləndirici keyfiyyətlər ummaq da artıqdır. Müəllif bu şeirlə, sadəcə, ömrünü və düşüncəsini maarifə, yeniləşməyə həsr edən insanları müdafiə edirdi, özü də, belə demək caizsə, qarşı tərəfin silahı ilə. Bu silahın hədəfi isə "Əkinçi"nin idealları idi...
Bundan əvvəl qeyd etdiyimiz kimi, həcvlə bağlı maraqlı cəhətlərdən biri də burada Əhsənül-Qəvaidin mövqeyinin müdafiə olunması, qaldırdığı ictimai problemlə bağlı onunla həmrəyliyin nümayiş etdirilməsi idi:
"Əhsənül-Qaidənin" sahibi, yaxud özü bəg,
Yazmış idi nə rəva xəlq olur ağköynək?
Sən, oba aşrı, əzizim, nəyə lazım hürmək,
Nə üçün eylədin izhari-ədavət, Hadi?!
Bu, sadəcə, Seyid Əzimin mövqe dəyişikliyi deyildi, həm də divan şeirinin funksional poetik sistem kimi öz dövrünü başa vurduğunun bir göstəricisi idi: həcv, istər "Əkinçi" üçün, istərsə də fərqli mövqe sahibi üçün kimisə "vurmaq" lazım gələndə işə yarayırdı. Bu, cəmiyyətlə dialoq qurmaqdan, cəmiyyətə təsir göstərməkdən daha çox, fərdlə fərd arasında münasibətləri aydınlaşdırmağa xidmət edirdi. Millət kimi yeni dəyərləri dərk etməli olan bir toplumda cəmiyyətlə dialoq qurub, millətin ağırlığını daşıya biləcək sözə çox böyük ehtiyac var idi.
Həsən bəy ona həcv yazanlara qarşı həcvdən istifadə etmək təcrübəsini ziyalı ədası ilə "kompensasiya" etdi. - Hadinin Seyid Əzim Şirvaniyə ünvanlandığı həcv qəzetin 9 iyun 1877-ci il tarixli nömrəsində "Məktubat" bölməsində nəşr olundu:
Ey bizi həcv qılan şairi-dövrani-Əzim,
Seyyidü sərvərü sərdari-süxəndani-Əzim,
Dəhri-gülzari ara bülbüli-xoşxani-Əzim,
Əzizim, iki gözüm, cəddinə qurban, Əzim!
* * *
İlk milli qəzetimiz olan "Əkinçi"nin o dövrün ədəbi prosesindəki rolu ilə bağlı qeydlərimizdən belə nəticə əldə edə bilərik ki, "Əkinçi"nin şeir davasının məğlubiyyətə uğraması XIX əsr Azərbaycan poetik fikrinin ibrətamiz bir illüstrasiyasıdır. Zaman dəyişdikcə şeirin poetik sistemi, düşüncə və düşüncənin ifadə tərzi də dəyişmək məcburiyyətində idi. Lakin dünyada sənaye inqilabının baş verdiyi XIX əsrin sonlarına doğru ənənəvi divan şeirinin dəyişmək gücü "Əkinçi"dəki şeirlərin yaranmasına, qəzetin mövqeyini müdafiə edən mənzum müraciətlərə, "Rəbiül-ətfal" hekayələrinə - "Gülüstan"ın, "Zinətül-məcalis"in "milliləşdirilməsinə" ancaq çatdı...
Millətin işinə yarayan şeirin yaranması üçün əvvəlcə ənənəvi poeziyanı astar üzünə, parodiya vasitəsinə çevirmək lazım olacaqdı. Bu tarixi vəzifənin öhdəsindən gəlmək isə Seyid Əzimin şagirdi Mirzə Ələkbər Sabirin üstünə düşdü...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!