“Modernizm” qovluğundan Sizifvari qeydlər
"Bir səfərin tamaşasına dayanmaq üçün pəcərəyə ehtiyacım yoxdur. Onu özüm saatbasaat nəql edə bilər, yaddaşımda qalanlarla yaşaya bilərəm. Hər şeyi; kanyonları, şəhərləri, buludların gölməçələrdəki əksini... Yaddaş qanadlandı, sürət özünə qayıtdı. Təəssüf!"
Jean Baudrillard "Cool Memories"
Modernizmin çətiri altındakı əsərlərin strukturuna, digər klassik ədəbi nümunələrdən fərqinə dair bəzi məlumatları analiz etdik. Ancaq budəfəki yazı qloballaşan dünyada, sərhədlərin əridiyi, məkanlar arasındakı məsafələrin ortadan qalxdığı məqamda ədəbiyyatın, yazıçının, əsərin "minor" tonda mövcudluğuna dair araşdırmaya həsr edilib. Bir əsərin, bir yazıçının öz var olduğu mühiti ifadə etmək üçün istifadə etdiyi dil, artıq əsərin ehtiva etdiyi məna və yazılmasındakı fövqəl istedaddan daha önəmli bir məqamdır. Bir etnik qrupun dilində yazılmış əsərin dəyəri, yazıçının mövqeyi ilə, qlobal platformada dəyəri olan, geniş istifadəçi kütləsinə yönləndirilən dildəki əsər arasında böyük fərqlər mövcuddur.
"Minor ədəbiyyat" qavrayışı haqqında araşdırma apararkən əlimdəki ən dəyərli qaynağın, üç il bundan əvvəl İstanbul Üniversitetində Radio Kino TV bölümündə doktorluq müdafiəmin ilk dərslərinə girəndə tələbə yoldaşım tərəfindən mənə hədiyyə edilən "Kafka; Minor ədəbiyyat" G.Delöz və F.Quattari tərəfindən yazılmış kitab oldu. Kitabı yenidən vərəqləyəndə qarşıma üzərindən qırmızı karandaşla rənglədiyim bu cümlə çıxdı. Əslində bu ifadə G.Delöz və F.Quattarinin "Minor ədəbiyyat" termini və ya qavrayışı dedikdə nəzərdə tutduqları mənanı ehtiva edirdi. Onların təbirincə desək, Kafka və onun əsərləri minor bir dilin ədəbiyyatı deyil, "bir kiçik xalqın major dildə yazdığı ədəbiyyatdır". Bu cümlə o qədər tanış bir ağrını işarələyir ki! Məsələn, Azərbaycan yazıçısının rusca yazmaq cəhdləri kimi... Əslində məkanı, R.Bartın dediyi kimi "məsələsi" Bakının neft qoxan küləyi olduğu halda, ifadə tərzi, simvolları özgə dildədir. Və bu "yersiz-yurdsuz"laşdırılmış, öz ilkin mahiyyətindən, aid olduğu kökdən qoparma cəhdi nə qədər siyasi səbəblərdən qaynaqlı olsa da, kədərlidir. G.Delöz və F.Quattari bu tədqiqatlarında major dildəki kiçik xalqın ədəbiyyatına nümunə kimi əziz F.Kafkanı nişan göstərir. Yenə həmin kitabdan qırmızı markerlə nişanladığım bir pasaji tərcümə etsək, daha yerində bir qərar olar.
"Kafka Praqadakı yazıçıların yolundakı ən böyük əngəli belə ifadə edirdi: yazmamaq imkansızlığı, almanca yazmağın keşməkeşi, fərqli yazmaq imkansızlığı... Yazmamaq imkansızdır, çünki milli şüur müəyyən və ya qeyri-müəyyən formada olmasından asılı olmayaraq, yolunu ədəbiyyatdan salır. Hətta siyasi iqtidarın diktəsi ilə formalaşsa da... (Ədəbi savaş bütün hallarda qanuni haqq əldə edir.)" Bir növ Praqadakı almanca ilə yazıb-yaradan Kafka bir yəhudi əsilli, Çexiyada məskunlaşmış, almanca yazan yazıçı kimi minor ədəbiyyatı təmsil edir. G.Delöz və F.Qauttari minor ədəbiyyat anlayışını üç başlıq altında kateqoriyalara ayırırlar.
1. "Yersiz-yurdsuz"laşdırma... Bəlkə də bunu əziz azərbaycancama "Laməkan" kimi də tərcümə etmək olar. Bir növ öz doğma duyğularını özgənin dilində ifadə etmək məcburiyyəti. Bu mənada dilimizin həmişə öz daxilinə qapanması, qaradinməz bir uşaq kimi içinə çəkilməsi nəticəsində özgə dillərə pənah gətirən yazıçılarımızı nümunə göstərə bilərik. Vaxtilə müstəmləkəsi olduğumuz üçün rus dilinin dünyaya açılan yeganə qapımız olmasını da qeyd etmək lazımdır. Rusca yazan ədiblərimizin o kodları "yersiz-yurdsuz"laşdıraraq, ilkin ezoterik kriptosundan qoparıb ifadə etdikləri düşüncələrlə minor ədəbiyyatı yaradıblar. Bu mənada Çingiz Hüseynov, Çingiz Abdullayev, Natiq Rəsulzadəni göstərə bilərik. Buna paralel yeni dalğa gəlir. Bu da əsərlərini Türkiyə türkcəsində yazan ədiblərdir. Ancaq bu dalğanın əks-sədası hələ ki minor ədəbiyyat yaratmağa qadir deyil. Ancaq Azərbaycan minor ədəbiyyatını Avropada Qurban Səid, Banin daha dəqiq yaradırdı. Burada müstəmləkə nüansı olmadan yaradılmış bir ədəbiyyat var. İfadə tərzi, dil fərqlidir, ancaq yaradıcı nəsnə, predmet yenə də yerindən qoparılmış birinin özünə ayna tutmağıdır.
2. Minor ədəbiyyatın ikinci xüsusiyyəti isə hər şeyin siyasi bir mahiyyət daşımağıdır. G.Delöz ve F.Qauttari bu məqama dair belə bir izahat verir. "Major ədəbiyyatda fərdi problemlər (ailəvi, evliliklə bağlı və s.) digər ümumi problemlərlə birləşməyə meyillidir, çevrə, sosial məkan arxa plan kimi istifadə edilir. Belə ki, bunların heç biri nə Edipal kontekstdə müvəqqəti, nə də ki, mütləq şəkildə əbədi deyil. Bunların hər biri ümumi blok təşkil edir. Minor ədəbiyyat isə çox fərqlidir. Buradakı məkanın məhdudluğu hər bir xırda problemin siyasətlə əlaqəli şəkildə düşünülməsinə səbəb olur. Yəni fərdi problem həddindən artıq şişirdilmiş, mikroskopik bir baxışla böyüdülmüş formada çıxılmaz bir vəziyyət kimi təqdim edilir. Kafka atalar və oğullar arasındaki əbədi nifaqın həlli üçün yumşaltma yolunu seçmək təklifi edəndə, bu münaqişə üzərində ikitərəfli söhbət metodunu seçəndə, bunu minor ədəbiyyatın ilk hədəfləri arasında hesab edirdi. Bu Edipal bir fantasmaqoriya deyil, siyasi bir proqram olaraq ifadə edilir."
3. Minor ədəbiyyatın digər üçüncü xüsusiyyəti isə hər şeyin kollektiv dəyər ehtiva etməsidir. Bu mənada kollektiv bir yaddaşın başqa dildə ifadəsi, başqa dildə təsviri bir toplumun siyasi səsi kimi ehtiva edilə bilər. Bu məqamda yadıma Xalid Hüseynin ingilis dilində yazdığı, Amerikada nəşr edilən əfqan həyatından bəhs edən romanları düşdü. "Çərpələng ovçusu", "Və dağlarda əks- səda", "Min möhtəşəm Günəş" romanları bütünlüklə minor bir ədəbiyyat nümunəsi kimi "yersiz-yurdsuz"laşdırılmış və siyasi bir xassəyə bürünmüş haldadır. Əfqan xalqının toplumsal, siyasi, iqtisadi və mədəni geriliyi major bir dildə minor bir səs tonuyla ifadə edilir.
Ah, bu kədərli üçüncü dünya adamı, yazıçısı, ziyalısı olma bədbəxtliyinin yanında böyük ədəbiyyatın kölgəsinə sığınma məcburiyyəti
... G. Delöz deyir ki, minor ədəbiyyatda istedadlar az yetişir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!