Nəsimi irsi Molla Cümə yaradıcılığında... - Qəzənfər PAŞAYEV yazır

 

Milli-mənəvi dəyərlərimiz haqqında düşünəndə göz önünə ilk gələnlərdən biri, bəlkə də birincisi qürur mənbəyimiz Nəsimi olur. Şairin zəngin və rəngarəng yaradıcılıq irsi tükənməz enerji mənbəyinə çevrilmiş, özündən sonra gələn qüdrətli sənətkarlarımızın, xüsusən də görkəmli aşıqlarımızın yaradıcılığına güclü təsir göstərmişdir.

Şair aşıq yaradıcılığına qıfılbənd bağlama və əlif-lam kimi şeir şəkilləri gətirmişdir. Bunlar milli poeziyamızda yeniliklər idi.

Bu yazımızda Nəsiminin "Əlif-lam" və "Tərs əlifba"sının görkəmli el sənətkarı aşıq-şair Molla Cümənin yaradıcılığına təsirindən və daim yaradıcılıq axtarışlarında olan aşığın "Əlif-lam" şeir şəklini inanılmaz dərəcədə inkişaf etdirməsindən və zənginləşdirməsindən bəhs edəcəyik.

Yeri gəlmişkən qeyd edim ki, bu mövzu tədqiqata ilk dəfədir cəlb olunur.

Etiraf etməliyik ki, görkəmli Aşıq Molla Cümənin yaratdığı "Əlif-lam" və "Tərs əlifba" Nəsiminin ruhuna daha yaxındır. Aşığın "Əlif-lam" və "Tərs əlifba"sını fərqləndirən cəhət onların yalnız eşq, məhəbbət, sevgi ilə bağlı olmasındadır.

Onu da deyək ki, "Əlif-lam" və "Tərs əlifba"nın ən yaxşı nümunələrini Molla Cümə yaratmışdır. Ümumiyyətlə, Molla Cümə bu aşıq şeir şəklini hədsiz inkişaf etdirmiş, aşıq yaradıcılığını zənginləşdirmişdir.

Ənənəvi "Əlif-lam"dan ixtisarla nümunə:

Qız

"Əlif" - əlin ver əlimə

Gedək bizim ellərə, qız!        

"Bey" - baxıb güvənirəm,

Üzündəki tellərə qız!

 

"Cim" - camalın oxşayır,       

Tez açılan güllərə, qız!

"Hey" - hərəm sonasısan,

Uçub qondun göllərə, qız!

 

"Lam" - Leylidən dərs götürüb, -

Döndərdin Məcnunə məni -  

"Mim" - mislin cəllad, məni

Qoymusan nə hallara, qız.

 

"Yey" - yaxın çək özünə,

 Molla Cümə vəfadarı.          

Sarmaşsın kəmər kimi,

İncə nazik bellərə, qız.

 

"Gəlsin" adlı "Tərs əlifba"da yazdığı şeirindən azca qısaltma ilə nümunə:

"Zad" - zərrafım, dürri-gövhər,

Qiymət verib alan gəlsin.

"Sad" - sidqilə danışaram,

Simu-zəri olan gəlsin.

"Tey" - dürüstün deyim sizə,

Dərya kimi dolan gəlsin.

"Sin" - şeytana lənət edib,

Haqqı yada salan gəlsin.

" Zat" - zəndini itirməyib,

Söyləməyib yalan gəlsin.

" Sin" - sinədən qaynayıban,

Eşq əhlini bilən gəlsin.

"Əlif" - Allah, nə səbəbdən

Şad könlüm etdin şikəstə,

"Sad" - sağsağan cəmdək yanında

Qızılquşla durar qəsdə,

Molla Cümə bir bülbüldü

Laçın olub çalan gəlsin.

Molla Cümənin tam fərqli "Əlif-lam"ları da vardır. "Görüb" belələrindəndir. Aşığın ən mükəmməl tədqiqatçısı, görkəmli folklorşünas alimimiz professor Paşa Əfəndiyev bu şeiri divani adlandırmışdı. Əslində, bu şeir "Əlif-lam"ın fərqli formasıdır. Çox da böyük olmayan "Görüb" "Əlif-lam"ını burada verib fikrimizi aydınlaşdırmağa çalışacağıq.

Bülbül sayaq cuşə gəldim "yey"i "əlif", "zey"in görüb,

Başladım göftar deməyə "yey"ü "vav"ı "rey"in görüb.

Bədirlənmiş camalına qalmışam mail olub,

Bildim candan xeyir yoxdur "mim"ü "əlif", "zey"i görüb.

Bir Alahım nə xoş səndə "qaf"ü, "lam", "xey" yaradıb.

Bal şərbəti sormaqlığa "lam" ilə "bey" yaradıb.

Busə üçün aşiğinə "yey", "nun"ü "xey" yaradıb.

Başım versəm fədayə "kaf", "vav"ü "zey"ni görüb,

Bismillahdan Molla Cümə "dal"ü, "rey"i "sin" oxuyub.

Bu sevdanı məşq eylədi "fey"i, "rey"i, "sin" oxuyub.

Bir "mim" hərf dilə düşüb, "tey"ü "rey"i, "sin" oxuyub.

Bəhəmdullah gəşt eylədim "dal"i "vav"i, "zey"in görüb.

Maraqlıdır ki, tədqiqatçı hər misra üzrə hərflərin nə məna verdiyini misranın əvvəlindəki fikrə əsasən aça bilmişdi: yaz, yüz (üz), naz, qılıx, ləb, yanax, göz, dərs, fars, tərs, düz. (Bax: Molla Cümə. Əsərləri. Bakı, "Şərq-Qərb", 2006, s.19-20).

Ənənəvi "Əlif-lam"da ərəbcə hərf verilir və Molla Cümənin "Uğradı" "Əlif-lam"ında olduğu kimi sonra mənası açılır.

"Əlif" - eylə bir mərhəmət,

Mətləbimə çatım, gedim.

"Bey" - bağrıma basım səni,

Canım canə qatım, gedim.

"Tey" - tədarük gör axşama,

Bircə çimir yatım, gedim.

Molla Cümənin bəzi "Əlif-lam"larında misradan hasil olan fikrə əsasən hərflərin nə məna verdiyi açıqlanır. Məsələn:

Bülbül sayaq cuşə gəldim "yey"ü "əlif", "zey"in görüb.

Misranın əvvəlki hissəsi açıqca göstərir ki, söhbət yazdan gedir. Ərəbcə hərflər bunu təsdiqləyir.

Başqa bir misal:

Bal şərbəti sormaqlığa "la" ilə "bey" yaradıb.

Göründüyü kimi, söhbət "ləb"dən gedir.

Molla Cümənin "Görüb" "Əlif-lam"ını fərqləndirən bir cəhət də vardır. Misralar hansı hərflə başlayırsa, həmin hərflə bitir.

Aşıq yaradıcılığında misranın ilk və son hərfləri eyni hərflə başlayır və bitirsə "əvvəl-axır" şeir forması hesab olunur. Yəqin, buna görədir ki, prof. Paşa Əfəndiyev aşığın "Əlif-lam"ını "əvvəl-axır" şeirlər sırasında vermişdir (bax: Molla Cümə. Əsərləri. Bakı, "Şərq-Qərb", 2006, s.401).

Halbuki, "əvvəl-axır"ın Molla Cümənin "Görüb" "Əlif-lam"ına heç bir oxşarlığı yoxdur. Məsələn:

Nalə çəkən bir bülbüləm, gül üstündə sən dayan,

Nəcim canın qurbanıyam, getməğinən sən dayan,

Nə müddətdir mən yanıram, İsmi Pünhan, sən də yan

Namərd olma, gəl yanıma, ay zalım minnətinən. 

Molla Cümənin tamamilə fərqlənən "Artıq", "Olma", "Gözəl", "Əlifə", "Ey qasid", "Şirindi sevdiyim", "Əlif-dalinən" kimi çox maraqlı şeirləri vardır. Demək olar ki, onların hamısı eşq, məhəbbətdən bəhs edir. Aşığın qoşma üstündə yazılmış üçbəndlik "Şirindi sevdiyim" "Əlif-lam"ı deyilənlərə dayaq olur:

Dost da öz dostundan olurmu bezar,

Yatmıram gecələr, "fi ", " kaf "i," rey"dən.

Sinəm butasına sənsən kamandar,

Keçirdim oxların "cim", " kaf"i, "rey"dən.

 

Bağban olan qulluq eylər bağa da,

Sonalar məşhurdu teldə, cığada,

Xidmətkarın gözü olar ağada,

Ağa nə istəyir "nun", "kaf"i, "rey"dən.

 

Molla Cümə oxur türkü, ərəbi,

Arzular özünə xaki turabı,

İsmi-Pünhan, ləblərinin şərabı,

Şirindi, sevdigim, "şin", "kaf"i, "rey"dən.

(Hərflərin mənası: fikir, cigər, nökər, şəkər.)

Aşığın "Əlif-lam"ları axıcılığı, dilin şirinliyi, məna dərinliyi, xalq dilinin zənginliyi ilə adamı heyrətə gətirir.

İsmi Pünhan, gəl barışaq, indi rəqib yandadı,

Ayrılıq da beş gün olar, qəm hicranın candadı,

Yəqin bildim, bu barədə külli təqsir məndədi,

A bivəfa, sən yanışma "yey"i "əlif" "dal"inən.

                                                               (yadinən)

 

Bəxtiqara Molla Cümə, çək sinənə saz, ağla,

Qələm alıb bir dərdini min dəftərə yaz, ağla,

Həkim gəlib desə sənə vecsiz yerə az ağla,

Bu dünyada qəm çəkəsən "dal"i "əlif" "dal"inən.

                                                               (dadinən)

Çəkinmədən deyə bilərik ki, "Əlif-lam" aşıq şeir şəklinin ən mükəmməl nümunələrini Molla Cümə yaratmış və Aşıq poeziyasını xeyli dərəcədə zənginləşdirmişdir.

Söhbət açdığımız "Əlif-lam"dan, eləcə də şairin bağlama, qoşma və başqa şeir şəkillərindən görmək olur ki, dahi Nəsimi aşıq yaradıcılığına necə qüvvətli təsir etmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!