Reyhan Mirzəzadənin "Böyük və qüdrətli rus şairi və yazıçısı İvan Andreyeviç Krılov" kitabına dair
Yazımızın başlığında "xalq şairi" ifadəsini dırnaqda işlətməyimiz təsadüfi deyil. Səbəbi: birincisi, İ.A.Krılovun dövründə və hətta çox sonralar belə fəxri ad işlənmirdi; ikincisi, bu ifadə məşhur rus tənqidçisi V.Q.Belinskinin Krılov haqda dediklərindəndir. Dediyi isə belə səslənir: "Krılov Rusiyada hələ heç kəsin ala bilmədiyi "xalq şairi" adına bütün yazıçılarımızdan artıq layiqdir; rus xalqı başdan-başa savadlandıqda, Krılov dərhal bu ada layiq olacaqdır. Hələ bu azdır, Krılov başqa şairlərimiz üçün də xalqa doğru gedən yolu açacaqdır". Haqqında söhbət açmaq niyyətində olduğumuz tədqiqat Reyhan Mirzəzadənin "Böyük və qüdrətli rus şairi və yazıçısı İvan Andreyeviç Krılov" kitabıdır. V.Q.Belinskinin epiqraf kimi seçdiyi bu sözlərlə başlayır.
Müəllif haqlı olaraq Krılovun rus ədəbiyyatındakı yeri və ümumiyyətlə, təmsil janrının inkişafında rolu ilə bağlı digər tanınmış yazıçıların mülahizələrini də epiqraf kimi verir (N.V.Qoqol, D.Bednı və b.). Və bundan sonra başlanan yazısında, sanki onlarda səslənən müşahidələr əsas götürülür.
Qısa bioqrafik oçerkdən sonra yaradıcılığa komedioqraf və nasir kimi başlayan ədibin bu sahədəki bədii cəhətdən hələ kamil olmayan əsərlərinə qiymət verən monoqrafiya müəllifi əsasən onların tənqid hədəfini cəmiyyətdə hökm sürən sosial ədalətsizliklərə, milli dəyərlərə xor baxan, əcnəbilərin qarşısında baş əyən yuxarı sinfin nümayəndələrinə ünvanlayır. Biz burada "monoqrafiya" sözünü işlətdik, amma kitabın informativ-maarifləndirici formatına müvafiq onu daha çox tələbələr üçün hazırlanmış dərs vəsaiti adlandırmağı məqsədəuyğun sayırıq.
Kitabda yazıçının satirik-jurnalistik fəaliyyətinə, hətta yaratdığı lirik şeirlərə də kifayət qədər diqqət yetirilir.
Əlbəttə, əsas söhbət Krılovun təmsil sahəsindəki (197 nümunə) xidmətlərindən gedir. Müəllif doğru olaraq dünya ədəbiyyatında təmsil janrının tarixinə nəzər salır və təbii ki, Ezop, Lafontenin adlarını çəkir. Və bu məsələdə zənnimizcə, maraqlı bir məqamın üstündə dayanmağı lazım bilirik. Məsələ dünya ədəbiyyatı tarixində iqtibas probleminə aiddir ki, bunun bir ucu A.Veselovskinin məşhur "səyyar süjetlər" nəzəriyyəsinə gedib çıxır. Krılovun təmsilləri ilə bağlı ədəbiyyatşünaslıqda külli miqdarda yazılar mövcuddur. Bizim toxunduğumuz iqtibas probleminin Krılova aidiyyətdə xüsusi maraq doğuran mənbə məşhur rus romantiki V.A.Jukovskinin aşağıda gətirdiyimiz mülahizələri sayıla bilər: "Hər biri özünəməxsus olan təmsil yaradan Lafonten, buna baxmayaraq, orijinal şair kimi qəbul olunur. Səbəb də aydındır: başqalarının uydurmalarını iqtibas edən Lafonten, onların heç birindən bu iqtibası yaraşdıran və özününküləşdirən üslubun qeyri-adiliyini, hiss və fikirlərini, sadəliyin xarakterini iqtibas etməmişdir... Təhkiyə Lafontenə məxsusdur, ... poetik təmsildə isə təhkiyə əsasdır. Krılov, əksinə, (təmsillərinin çoxunda) Lafontendən həm uydurmanı, həm təhkiyəni iqtibas etmişdir: lakin orijinal müəllif kimi, onun haqqı yalnız başqalarının fikirlərini, hisslərini, dühasını iqtibas etməyin yüksək məharətindədir. Heç bir etirazlardan çəkinməyərək, biz qətiyyətlə deyirik ki, yamsılayıcı - şair orijinal müəllif ola bilər... Nəsrin tərcüməçisi - quldur, şeirlərin tərcüməçisi - rəqibdir... Krılov mahir tərcüməçilərin sırasına aid edilə bilər və bu səbəbdən birmənalı orijinal şair adına layiqdir". (Tərcümə bizimdir - L.S.).
Əlbəttə, burada söhbət, mahir də olsa, məhz adət etdiyimiz tərcümədən getmir, iqtibas edilən süjet, motivlərin yaradıcı transformasiyasından, milli adaptasiyasından, milli ruhun süzgəcindən keçib, qüdrətli poetik istedadın "malına" çevrilməsindən gedir.
Jukovskinin qeyd etdiyi rəqiblik məhz belə bir iqtibas faktlarına aiddir. Eyni zamanda kitabda rus ədəbiyyatında da təmsilin ilk yaradıcılarının - A.Kantemir, A.Sumarokov, J.Xemnitser, J.Dmitriyev (XVIII əsr) - adları qeyd olunur. Lakin bunlarla müqayisədə İ.A.Krılovun milli ənənəyə söykənərək janrı ən yüksək mərhələyə qaldırdığı (həm məzmun, həm bədiilik cəhətdən) vurğulanır.
O ki qaldı Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında təmsil janrının tarixi ənənələrinə, haqqında sözügedən kitabda bu məsələyə də toxunulur. Bəzi tədqiqatçıların məlum mövqeyindən ("Təmsillərin vətəni - qədim Şərqdir") çıxış edən müəllif janrın ilk nümunələrini məşhur hind abidəsi "Kəlilə və Dimnə", Sədi, Cəlaləddin Rumi, Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzulinin yaradıcılığında axtarır. Bəlkə də, qeyd olunan nümunələrdə janrın rüşeymlərindən danışmaq daha məqsədəuyğun olardı. Çünki hər bir əfsanə, pritça, alleqoriya, nağılvari süjet hələ təmsil demək deyil, baxmayaraq ki, hər bir təmsildə nağılvari süjet, alleqoriya mövcuddur.
Əsas diqqətini kitabın bilavasitə predmeti olan İ.A.Krılovun təmsil yaradıcılığına yönəldən müəllif bu əsərlərin əsas keyfiyyətləri kimi yüksək şeiriyyəti, xəlqiliyi (həm ideya məzmununda, həm danışıq dilində), məna aydınlığını, vətənpərvərliyi, kəskin satiranı, incə eyhamı göstərir. Və bu keyfiyyətləri ayrı-ayrı təmsilləri təqdim edərkən açıqlamağa çalışır.
Sözügedən kitabda müəllif Krılovun özünün təmsil janrına müraciət etməsinin səbəblərini göstərdiyi verilir: "Bu növ hamı üçün anlaşıqlıdır. Onu nökərlər də, uşaqlar da oxuyurlar". Bəli, bu anlaşıqlıq təmsillərin məzmununda və ifadə tərzində, xalq dilindədir, xalq deyimləri və müdrikliyindədir.
İ.A.Krılovun vətəndaşlıq, vətənpərvərlik mövqeyini əks etdirən "Pişik və aşpaz", "Qurd it damında" kimi təmsillərini təqdim edərkən R.Mirzəzadə şairin 1812-ci il müharibəsində I Aleksandrın mənasız danışıqlarla məşğul olmasına, rus ordusuna səriştəsiz rəhbər təyin olunduğuna işarə edilməsini göstərir, təmsilin qayəsini xalqı işğala qarşı mübarizəyə qalxmağa çağırışda açıqlayır. Napoleon, Kutuzovun alleqorik obrazları qeyd olunur. Təmsillərin dəyərləndirilməsində müəllif onların bəzilərinin real həyatda əks-səda doğurması ilə bağlı faktları gətirir.
Satirik hədəf baxımından təmsillərin şərti təsnifini verən R.Mirzəzadə göstərir ki, bəzi təmsillərdə məişət mövzusu ictimai satira ilə sintez halında çıxış edir, daha doğrusu, məişət mövzusunun arxasında daha dərin mətləblər durur. Məsələn, "Qurd və quzu"da olduğu kimi: "Güclünün gözündə həmişə gücsüz müqəssirdir" - moral-xülasədə səslənən nəticədə kimi.
"Meymun və güzgü", "Donuz palıd ağacı altında", "Trişkanın kaftanı", "Qurd və siçan balası" və s. təmsilləri nəzərdə tutan tədqiqatçı haqlı qeyd edir ki, bu kimi əsərlərdə ictimai satira məişət mövzusundan çıxıb dərin siyasi məna kəsb edir.
Müvafiq məxəzlərlə tanış olan kitab müəllifi Krılovun senzura ilə münasibətləri məsələsinə toxunur, yazıçının ən kəskin ciddi yasaq altında olan məsul mövzuların qüdrətli realist-yazıçı kimi ədəbiyyata gətirməsini vurğulamaqla yazıçının böyük milli-tarixi rolunu aydınlaşdırmağa nail olur.
İ.A.Krılovun bir çox təmsillərini dəyərləndirən müəllif müşahidələri əsasında bir neçə bənddən ibarət nəticələri ümumiləşdirməyə özünə rəva bilir. Bütövlükdə bu nəticələrlə razılaşmamaq olmur.
Maraqlıdır ki, sözügedən kitabda İ.A.Krılovun öz təmsillərində həm də böyük pedaqoq kimi çıxış etməsi məsələsi qoyulur. Yəni söhbət tərbiyədən gedir. ("Ququ və Qumru", "Çömçəbalığı") və s.
Kitabda İ.A.Krılovun musiqi ilə əlaqəsi məsələsi çox maraqlı faktlar əsasında işıqlandırılıb (anasından keçən musiqiyə olan həvəs, Tver şəhərinin musiqi mühiti ilə əlaqəsi, yazıçının təmsillərinə musiqi yazılması, məs., D.Şostakoviçlə bağlı bəzi ehtimalın təqdim edilməsi və s.).
Kitab müəllifinin bir maraqlı məsələyə də toxunmasından yan keçə bilmərik. Bir sıra hallarda tanınmış rus və xarici ədiblərin Krılov haqqında fikirlərinə müraciət edən tədqiqatçı bəzi mülahizələrdə yazıçının təmsillərində digər janrlara xas olan xüsusiyyətlərin qeyd olunmasını seçir.
Böyük rus ədibi ilə bağlı Azərbaycanda ədəbiyyatşünaslıq, tərcümə sahəsində kifayət qədər zəngin təcrübə toplanmışdır. Sözsüz ki, bu təcrübə R.Mirzəzadənin kitabında imkan daxilində işıqlandırılmışdır. Yaxşı olardı ki, bu problemlər kitabda ayrıca bölmə kimi fərqləndiriləydi (ümumiyyətlə, kitab bölgüsüz ümumi mətn şəklində yazılmışdır).
Tərcümə problemini kitabın müəllifi haqlı olaraq iki istiqamətdə müvazi izləyir: Azərbaycan dilinə çevrilmə və tərcüməçi-şairin öz tərcümələrinin təsiri ilə orijinal təmsillər yazması və ümumiyyətlə, Krılovun Azərbaycanda təmsil janrının inkişafına təsiri məsələsi. Krılovdan edilən tərcümələrin müqayisəli təhlili əsasında (orijinal - tərcümə) qiymətləndirilməsini müəllif qarşısında məqsəd qoymamışdır: kitabın informativ-maarifləndirici spesifikasına görə, bir də o səbəbdən ki, bu problem özündən əvvəlki tədqiqatlarda kifayət qədər çözülmüşdür. Əsas məqsəd - tərcümələrin tarixini və əhəmiyyətini vurğulamaq idi. Bu sahədə A.Bakıxanov, H.Qaradaği, F.Köçərli, Ə.Haqverdiyev, A.Səhhət, A.Şaiq, M.Ə.Sabir, Növrəs və b. xidmətləri kitabda ayrıca qeyd olunur.
Krılovdan ilk tərcümə edən A.Bakıxanova gəlincə, qeyd etmək olardı ki, onun "Eşşək və bülbül" təmsilinin tərcüməsi (1830-cu illər) Azərbaycanda rus dilindən bədii tərcümənin əsasını qoymuşdur. Rus ədibindən ən çox tərcümə edən A.Şaiq gəstərilir (40-dan çox təmsil) ki, o, öz dərsliyinə bunların bir çoxunu salmışdır və özü bunların təsiri ilə orijinal təmsillərini yazmışdır (məşhur "Tık-tık xanım", "Tülkü həccə gedir" və b.). Əlbəttə, A.Səhhətin tərcümələri və onların təsirilə yaradılmış orijinal təmsillərinə xüsusi diqqətin əsası var ("Fil və alabaş", "Sazəndələr", "Qu quşu, Durnabalığı və Xərçəng" və b.). Müəllifin eyni müşahidələri M.Sabirə, S.Ə.Şirvaniyə, Q.Zakirə və b. aiddir. O, əsas diqqəti süjetin oxşarlığından savayı, təmsillərə xas olan xalq həyatının sadə, yığcam, danışıq dilində, atalar sözlərinin işlədilməsilə təsvirinə yönəldir. Və yenə də sosial ünvanlar, naqis insani keyfiyyətlərin tənqidi əsas götürülür.
Sözügedən kitabın maraqlı səhifələrindən bir neçəsi görkəmli ədib və dövlət xadimi Nəriman Nərimanovun və dahi bəstəkar, yazıçı-publisist Üzeyir Hacıbəyovun öz yazılarında vaxtilə Krılov yaradıcılığına müraciəti ilə bağlıdır. Məs., qeyd olunur ki, N.Nərimanov "Həyat" qəzetində dərc olunmuş məqalələrinin birində Krılovun "Yolçular və itlər" təmsilinin ideya-məzmununu öz dövrünün siyasi hadisələri ilə bağlayır. Digər məqaləsində Krılovun "Qu quşu, Durnabalığı və Xərçəng" təmsilinin bir parçasının epiqraf kimi işlədilməsi göstərilir. Üzeyir bəyin də bu təmsilə müraciət etməsi millətin birləşmək zərurəti ideyası ilə bağlılığından gəlir. Üzeyir bəyin "Təəssüf etdik", "Ordan-burdan" satirik felyetonlarında Krılovun təmsillərinə müraciət etməsinin də məqsədəuyğunluğu kitabın müəllifi tərəfindən çox yerində əsaslandırılır.
Nəhayət, sözügedən kitabın sonunda oxucuların təsəvvürlərində ədibin portretini dolğunlaşdırmaq məqsədilə müəllif onun haqqında oxuduğu maraqlı kitablardan seçmələr verməyi lazımlı sayır.
Kitabla tanış olduqca, onun müəllifinin böyük rus ədibinə ehtiramını hiss edirsən. İnanırıq ki, bu əsər İ.A.Krılovun 250 illik yubileyinə səmimi-qəlbdən hazırlanmış layiqli hədiyyə olacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!