Bütün dövrlərdə ədəbiyyatşünaslığın, ədəbi tənqidin inkişafı müəyyən mənada ədəbiyyat nəzəriyyəsinin mövcud durumundan asılı olur. Nə zaman ki, nəzəri fikir ədəbiyyatın arxasınca sürünmür, bütün ədəbi qanunauyğunluqları ilə onu özündə ehtiva edir, o zaman ədəbiyyatşünaslıq əsərlərinin sanbalı, keyfiyyəti də artır. Çağdaş ədəbiyyatşünaslığımızın metodoloji əskliklərindən biri də odur ki, nəzəri məsələlərə az fikir verilir, ədəbi dəyərləndirmədə nəzəri kontekstin səviyyəsi aşağı düşür və ədəbi material nəzəri cəhətdən deyil, daha çox ideoloji meyillərdən qiymətləndirilir. Hər hansı bir faktın dəyərləndirilməsində nəzəri-estetik yanaşma düzgün olmayanda, nə qədər maraqlı fikir səsləndirilsə belə, istər-istəməz səhv nəticələrə gəlinir. Ədəbiyyat tarixi faktlarının, tərcümeyi-hal materiallarının, hər hansı bir "izm"in təzahür problemlərinin araşdırılmasında da nəzəri yanaşma onun konseptuallığını və obyektivliyini təmin etmiş olur. Yəni nəzəri düşüncə ədəbiyyatşünaslığın, ədəbi tənqidin və ədəbiyyat tarixçiliyinin vacib komponentlərindən biri kimi aktuallığını həmişə özündə saxlayır. İstər klassik ədəbiyyatın, istərsə də çağdaş ədəbi şəxsiyyət və hadisələrin təhlilində nəzəri yanaşma olmadan elmi mühakimə yürütmək və müəyyən qənaətlərə gəlmək çətindir. Bəzən də bu proses əks istiqamətdə gedir, hər hansı bir nəzəri fikir və ya ədəbi cərəyan və istiqamətlər, yeri oldu-olmadı, milli ədəbiyyata şamil edilir. Klassik ədəbiyyatın araşdırılmasında isə çox zaman nəzəri-estetik yanaşma yaddan çıxır, ədəbi materiala hansı kontekstdən yanaşmanın meyarları müəyyənləşdirilmədən təhlillər aparılır. X.Şirvani, N.Gəncəvi, Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, S.Vurğun yaradıcılığına nəzəri kontekstdən yanaşılmayanda (və ya ideoloji cəhətdən yanaşılanda!) mütləq şəkildə səhvlərə yol verilir, yanlış nəticələrə gəlinir. Çağdaş ədəbiyyatın araşdırılmasında da nəzəri düşüncə həmişə aparıcı mövqeyə malik olur. Hər hansı bir realist əsərə postmodernist mövqedən yanaşsan, gəldiyin nəticə elmi olmayacaq, nəzəri fikri ifadə etməyəcək. Başqa sözlə, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixçiliyi və ədəbi tənqid ədəbi elmi fikirdə daim nəzəri düşüncə ilə qoşa addımlayır. Nəzəri düşüncə həm də ədəbiyyatşünasın elmi üslubunu müəyyənləşdirir, fakta, hadisəyə elmi, tarixi və dünya ədəbiyyatı təcrübəsinə yanaşmanı şərtləndirir, tədqiqatlara bir sistemlilik, qanunauyğunluq gətirir.
Azərbaycan nəzəri fikrini inkişaf etdirən, məqalə və araşdırmalarında daim bu mövqedən çıxış edən filologiya elmləri doktoru, professor Qorxmaz Quliyevin tədqiqatlarında bu faktor həmişə gözlənilib. Onun "Azərbaycan ədəbiyyatının poetikası", "Dəlidən doğru xəbər" kitablarında Azərbaycan ədəbiyyatı nəzəri və dünya ədəbiyyatı kontekstində qiymətləndirilir və doğru elmi nəticələrə gəlinir. C.Məmmədquluzadə yaradıcılığı, "Poçt qutusu", "Ölülər", "Dəli yığıncağı" kimi əsərlərlə bağlı gəldiyi elmi qənaətlər müəyyən konsepsiyaya əsaslanmaqla yeni bir istiqamətin əsasını qoyur. Bu araşdırmalarda C.Məmmədquluzadənin dünya ədəbiyyatındakı yeri və mövqeyi də aydın olur. C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərinin Ö.İoneskonun "Kərgədanlar" əsəri ilə müqayisəli şəkildə absurd teatr kontekstində araşdırılması bu cür uğurlu, eyni zamanda, milli ədəbiyyatşünaslığı yeni mərhələyə qaldıran faktlardandır. Şəxsiyyətin formalaşmasının şərti kimi persona arxetipi Hamlet-İskəndər müqayisəsi də eyni dərəcədə uğurludur. Eyni yanaşmanı Qorxmaz müəllimin "Xüsusidən ümumiyə" kitabında da görürük. Tədqiqatçının ədəbi-nəzəri fikrimizdə çox az hallarda araşdırılmış kod və kontekst, ədəbiyyat və inkar, postmodernizm və bədii ədəbiyyat, poetik formaların təkamülündə fərdi üslub, ədəbi mətnlərdə məhəbbət konsepsiyası və s. problemlər haqqında elmi-nəzəri tədqiqatları ümumən ədəbiyyatşünaslığımızın müasir mənzərəsini təmsil edir.
Professor Q.Quliyevin yaradıcılığının böyük bir hissəsi ümumən nəzəri fikrin araşdırılmasına yönəlib. "XX əsrin görkəmli ədəbiyyatşünas alimləri" (filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Rəhimovayla birgə) kitabı dünya nəzəri fikrini öyrənmək üçün ən yaxşı mənbələrdən biridir. Professor bu istiqamətdə araşdırmalarını davam etdirərək "Ədəbi cərəyanlar və istiqamətlər" (Bakı, "Ol" NKPT, 2019, 250 s.) monoqrafiyasını nəşr etdirmişdir. Nəzərə alsaq ki, Azərbaycan ədəbiyyatında klassisizm, maarifçilik, realizm, maarifçi realizm, tənqidi realizm, romantizm, sosialist realizm və s. kimi "izm"lər hələ də özünün fundamental nəzəri araşdırılmasını gözləyir, o zaman bu tədqiqatın əhəmiyyəti bir qədər də artmış olar. Monoqrafiyada (elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Rəhimova, rəyçilər filologiya elmləri doktoru, professor Asif Hacıyev, filologiya elmləri doktoru Cavanşir Yusifli) İntibah, barokko, naturalizm, simvolizm, dadaizm, futurizm, sürrealizm, ekzistensializm, modernizm, postmodernizm kimi ədəbi cərəyan və istiqamətlərin yaranması səbəbləri, inkişaf xüsusiyyətləri, bir-birini əvəzləməsi kimi məsələlər araşdırılır. Məlumdur ki, ədəbi cərəyan və istiqamətlər milli ədəbiyyatların ədəbi prosesində və ədəbiyyat tarixlərində heç də hər vaxt eyni zaman kəsiyində baş verməmişdir. Baş versə belə, bu ədəbi cərəyan və istiqamətlər arasında müəyyən fərqlər olmuş, eyni estetik prinsiplərdən çıxış etməmişlər. Bu cəhətdən mövcud milli ədəbiyyatdakı "izm"lərlə dünya ədəbiyyatındakı ədəbi cərəyan və istiqamətləri müqayisə etmək və müəyyən qənaətlərə gəlmək imkanı yaranır.
Professor Q.Quliyevin nəzəri təfsirində ədəbi cərəyan və istiqamət anlayışlarının mahiyyəti də açılır; belə ki, bu anlayışlar gah paralel çıxış edir, gah da bir-birindən müəyyən dərəcədə şəkildə ifadə olunur. Bir sıra hallarda cərəyan və istiqamət sinonim kimi işlədilir, bəzən bu iki anlayış arasında "və" birləşdirici bağlayıcısı qoyulur, bu zaman onlar bərabərhüquqlu komponent kimi çıxış edirlər, bəzən isə defis işarəsi ilə onları bir-birindən ayırmır. Burada tədqiqatçı ədəbi cərəyan və istiqamətlərin dünya nəzəri fikrindəki statusundan çıxış edir: "Bir sıra hallarda "cərəyan" və "istiqamət" anlayışlarını sinonim kimi işlədirlər. Bəzən də "cərəyan" "məktəb" anlayışı ilə, "istiqamət" isə "bədii metod", yaxud "üslub" anlayışları ilə eyniləşdirilir. Keçən əsrin 60-cı illərindən başlayaraq "cərəyan" və "istiqamət" anlayışlarının spesifikası onların bədii məzmunla bağlı münasibətləri kontekstində vurğulanır. Tədqiqatçıların fikrincə, istiqamət ideya-bədii bütövlüyü və bədii metodu və üslubu özünün tərkib hissələri qismində ehtiva edir". Ədəbi cərəyan dedikdə isə daha çox ideoloji baxımdan bir-birinə yaxın yaradıcılıq platformasına malik sənətkarlar nəzərdə tutulur. "Bədii məktəb" (buna nəzəri ədəbiyyatşünaslığımızda ədəbi məktəb də deyirlər - B.Ə.) anlayışını da buraya əlavə etsək, ədəbi prosesin mahiyyətinə bir qədər də aydınlıq gətirilmiş olar. Bu anlayışları izah etmək üçün milli ədəbiyyatşünaslıq faktlarına da müraciət edilir. Məsələn, nəzəri cəhətdən özünü dərk etmiş bədii istiqamət hesab etdiyi ədəbi məktəbin nəzəri platformaya, yaxud proqrama malik olduğu qənaətinə gəlir. Bir qayda olaraq, ədəbi məktəbin dövrün görkəmli şəxsiyyətlərinin ətrafında formalaşdığına diqqət çəkən nəzəriyyəçi alim Sabir məktəbi, Molla Nəsrəddin məktəbi istilahlarından istifadə edir. Bəzən dövrü, sərhədləri aşan məktəb anlayışına isə Füzuli ədəbi məktəbini nümunə göstərir. Bu cür dəyərləndirmələr milli ədəbiyyatşünaslığımızda bəzi məsələlərə aydınlıq gətirir.
Professor Q.Quliyevin bu monoqrafiyası çağdaş elmi-nəzəri fikrimizdə ədəbi cərəyanlar və istiqamətlər probleminə yenidən baxmanı zəruri edir. Nədən ki, ədəbiyyatşünaslığımızda bu istiqamətdə bəzi məsələlər hələ də mübahisəli qalmaqdadır. Elə nəzəri məsələlər vardır ki, ona münasibətdən yarım əsrə yaxın bir zaman keçmişdir. Əsərin girişində müəllif bu məsələlərdən biri - realizmin mərhələləri məsələsinə münasibətini aşağıdakı kimi ifadə edir: "Tədqiqatçılarımız realizmin mərhələləri ilə bağlı rus estetik fikrində mövcud olan fikri nəyin bahasına olursa-olsun, XIX əsrin ortaları - XX əsrin Azərbaycan ədəbiyyatına tətbiq etməyə cəhd etməklə bəzi məqamları nəzərə almırlar. Onların təklif etdikləri sxemə görə, M.F.Axundov maarifçi realizmin, C.Məmmədquluzadə və Sabir isə tənqidi realizmin nümayəndələri elan olunurlar. Halbuki diqqətlə fikir verdikdə məlum olur ki, maarifçilik M.F.Axundov yaradıcılığının pafosunu təşkil etsə də, onun əsərlərində sırf tənqidi realizmə xas olan bir sıra cəhətləri özünü büruzə verir".
Monoqrafiyada İntibah, borokko, klassisizm, maarifçi realizm, tənqidi realizm, dadaizm, sürrealizm, absurd teatr, sosialist realizmi, modernizm və s. kimi məsələləri nəzəri kontekstdə araşdırmaqla kifayətlənmir və onların formalaşmasındakı ümumi tipoloji faktorlara da nəzər yetirir. Bu ədəbi cərəyan və istiqamətlərdən bəzilərinin Azərbaycan ədəbiyyatında mövcudluğu müqayisəli tədqiqatların aparılmasına imkan yaradır. Bunlardan biri də İntibah məsələsidir. Bu problem həm dünya, həm də Azərbaycan ədəbiyyatşünaslığında ayrı-ayrı vaxtlarda müxtəlif rakurslardan təhlilə cəlb edilib. Lakin Azərbaycan ədəbiyyatşünaslığında son yarım əsrdə problemlə bağlı fundamental tədqiqatlar aparılmayıb. Halbuki Azərbaycan İntibah dövrünün ədəbiyyatını bütün yönlərilə araşdırmaq çağdaş ədəbiyyatşünaslığımızın qarşısında duran vəzifələrdən biridir. Tədqiqatçının İntibah ədəbi-bədii fikrinin təkamülünü humanist konsepsiyanın inkişafı ilə əlaqələndirməsi elmi məntiqə söykənir. İntibahın milli ədəbiyyatlarda təzahür məsələlərinə də nəzər salan tədqiqatçı İtaliya, Almaniya, Fransa, İngiltərə, İspaniya, Portuqaliya kimi ölkələrin İntibah hərəkatının mərhələ, problem və xüsusiyyətlərini də açmağa nail olur. Nəzəriyyəçi alim belə bir fikrində haqlı görünür ki: "İntibah dövrünün ədəbiyyatını humanizm ideyalarından kənarda təsəvvür etmək qeyri-mümkündür. İntibahın nümayəndələri mədəniyyəti və incəsənəti xristian dininin təsirindən xilas etməyə, azad düşüncə tərzinə meydan açmağa, silk çərçivəsini söküb ləğv etməyə, insanın düşüncəsinə məhdudiyyətlər qoyan bütün bağları qırıb kənara atmağa çağırırdılar".
Azərbaycan ədəbiyyatşünaslığında yenidən araşdırılmasına ehtiyac duyulan problemlərdən biri də romantizm məsələsidir. Nədən ki, bu ədəbi cərəyan fikrimcə, milli ədəbiyyatşünaslığımızda hələ tam olaraq yerinə oturdulmayıb. Hələ də Azərbaycan romantizminin sərhədləri, yaxud təşəkkül problemləri mübahisə mövzusu olaraq qalır. Professor Q.Quliyev romantizmin dünya ədəbiyyatındakı mövcudluğu ilə Azərbaycandakı təzahür problemlərinə çox doğru olaraq fərqli yanaşır və onların fərqli, spesifik cəhətlərinin olduğunu ifadə edir. Bunu onunla əlaqələndirir ki, Azərbaycan romantizmi Avropa ədəbiyyatı ilə birbaşa ünsiyyət nəticəsində deyil, türk və rus ədəbi-bədii fikri vasitəsilə tanış olmuşdur. Həm İntibah, həm də romantizm problemi ilə bağlı milli ədəbiyyatşünaslığımızın nəzəri çərçivələrinin müəyyənləşdirilməsi zamanı artıq gəlmişdir. Fikrimcə, monoqrafiya müəllifindən bu istiqamətlərdə fundamental araşdırmalar gözləməyə ədəbi-elmi mühitin haqqı vardır.
Nəzəri fikrimizdə yerinə oturdulması lazım gələn məsələlərdən biri də sosialist realizmidir. Belə ki, sosialist realizminin mövcudluğu dönəmdə bu ədəbi istiqamətə ideoloji yöndən yanaşılırdısa, indi daha çox siyasi prizmadan dəyərləndirilir. Əslində isə məsələyə sırf nəzəri aspektdə yanaşmaq onu bütün yönlərilə obyektiv şəkildə araşdırmağa imkan verə bilər. Professor Q.Quliyev də məsələyə məhz bu cür yanaşır; sosialist realizminin fəlsəfi-estetik, ideoloji, ədəbi ayaqlarını təhlil etməklə onun mahiyyətini açmağa çalışır. Məlumdur ki, sosialist realizminin partiyalılıq, xəlqilik, beynəlmiləlçilik kimi ayaqları "izm"in bütün mərhələlərində eyni dərəcədə qüvvədə olmayıb. Yaxud müsbət qəhrəman, köhnəliklə mübarizə kimi məsələlər bütün mərhələlərdə eyni keçərlilikdə olmamışdır. Xüsusilə, müasir estetik fikir dövriyyəsinə onun yaradıcılıq metodu kimi təqdim edilməsinin sosialist realizmi nəzəriyyəçiləri tərəfindən gətirilməsi fikrində həqiqət payı çoxdur. Gələcək tədqiqatlarda bu məsələ üzərində daha geniş dayanmaq lazım gəlir.
Professor Q.Quliyevin "Ədəbi cərəyanlar və istiqamətlər" monoqrafiyasında Avropadakı ənənəvi klassik cərəyanlarla yanaşı, çağdaş istiqamətlərə də nəzər yetirilir. Monoqrafiyada mövcud ədəbi cərəyanlar və istiqamətlərin həm nəzəri kontekstdə, həm də ədəbi-bədii praktikada paralel olaraq araşdırılması bu istiqamətdə yazılan tədqiqatlar üçün nəzəri baza rolunu oynayır. Müəllifin dünya ədəbiyyatı və nəzəri fikrini dərindən bilməsi və bu təcrübədən çıxış edərək milli ədəbiyyatın problemlərini araşdırmaq istiqamətindəki səyləri çağdaş elmi-nəzəri fikrimizi zənginləşdirmək istiqamətində atılan uğurlu addımdır. Kitab ali məktəb tələbələri, magistrlər, doktorant və dissertantlar üçün də ən yaxşı elmi nəzəri mənbə kimi maraq doğurur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!