Nəcibliyin keşiyində... - İsa HƏBİBBƏYLİ yazır

 

Xalq yazıçısı Hüseyn İbrahimov Azərbaycan yazıçılarının ağsaqqal nəslinə mənsub olan görkəmli sənətkar idi. Yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı ilə o, ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında mühüm xidmətləri ilə seçilən məhsuldar yazıçı kimi xüsusi hörmət və nüfuz qazanmışdı. Maraqlı hekayələri, cəlbedici povestləri və romanları ilə o, Azərbaycan ədəbiyyatına sanballı töhfələr vermişdir.

Naxçıvan mahalının Şərur bölgəsindəki Şahtaxtı kəndində anadan olmuş, ilk təhsilini burada almış Hüseyn İbrahimov (1919-2010) Araz çayının sahilində yerləşən, böyük Mirzə Cəlilin "sahibi-mənsəb və ziyalılar vətəni" adlandırdığı, ədəbiyyat, mətbuat və incəsənətimizə qüdrətli simalar bəxş etmiş bu kəndin özünəməxsus coğrafi mövqeyi və maarifçilik ənənələri zəminində formalaşmışdır. Qədim Şahtaxtı kəndində keçirdiyi acılı-şirinli günlər, uşaqlıq yaddaşına həkk olunmuş zəngin həyat hadisələri yazıçının əsas həyat məktəbi olmuşdur.

Hüseyn İbrahimov 1940-cı ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir. Onun ilk qələm təcrübələri, gənclik şeirləri texnikum illəri mərhələsində meydana çıxmışdır. Şərur rayonunun Sədərək kənd orta məktəbinə təyinat alması (1940), burada keçən qısamüddətli pedaqoji fəaliyyət dövrü isə Şahtaxtı məktəbinin şagirdi ikən başlanan, texnikumda genişlənən müşahidələrinin dərinləşməsinə və zənginləşməsinə şərait yaratmışdır. Əvvəlcə Noraşen (indi Şərur) rayonunda (1941-1943), sonra Naxçıvan Muxtar Respublikasında (1943-1947) Gənclər Təşkilatına rəhbərlik etməsi də Hüseyn İbrahimovun sadə insanların, maarif işçilərinin, müəllimlərin, ziyalıların və gənclərin həyatına daha yaxından bələd olmasını şərtləndirmişdir. Buna görədir ki, xalq yazıçısının çoxillik yaradıcılığının bütün dövrlərində adi adamların, maarifçi ziyalıların və gənclərin taleyi ilə bağlı mövzular, süjetlər və obrazlar üstünlük təşkil etmişdir.

Tərcümeyi-halının mətbuatla, kütləvi informasiya vasitələri ilə bağlı səhifələri Hüseyn İbrahimovun həyata baxışlarını daha da zənginləşdirmiş və dərinləşdirmişdir. "Şərq qapısı" vilayət qəzetinin redaktor müavini (1947-1949) və Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri (1949-1954), "Şərq qapısı"nın baş redaktoru (1961-1965) vəzifələrindəki gərgin və fədakar iş təkcə mətbuatın inkişafı ilə bağlı olaraq qalmayıb, həm də onun cavan yazıçı kimi  həyatın dərin qatlarını, xarakterlərin daxili mürəkkəbliyini və  incəliklərini öyrənməsinə şərait yaratmışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində keçən təhsil illəri gənc jurnalist və yazıçı üçün ideya-mənəvi təkamül və yaradıcılıq səriştəsi baxımından xüsusi məktəb kimi çox  əhəmiyyətli olmuşdur.

Xalq yazıçısı Hüseyn İbrahimovun həyatında, tərcümeyi-halında, taleyində dövlət idarəçiliyi sahəsində fəaliyyət xüsusi yer tutur. O, XX əsr Azərbaycan ədəbi-ictimai fikri tarixində dövlətçilik fəaliyyəti ilə yazıçılıq işini məharətlə uzlaşdırmağı bacaran sənətkarlardan biri kimi tanınır. Hüseyn İbrahimovun Naxçıvan Vilayət Partiya Komitəsində mühazirəçilər qrupunun rəhbəri (1960-1961), Təbliğat və Təşviqat şöbəsinin müdiri (1965-1970), Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri (1970-1975) vəzifələrindəki fəaliyyəti, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri (1963-1970) kimi məsul dövlət işində təmsil olunması həm də onu özünəməxsus ictimai baxışlara malik olan cəmiyyətşünas yazıçı səviyyəsinə çatdırmışdır. Azərbaycan dövlətçilik tarixinin müxtəlif mərhələlərindən - Atabəylər dövründən, sovet hökumətinin qurulmasından, qaçaqçılıq hərəkatından, repressiya illərindən, müstəqillik uğrunda mübarizədən yazdığı əsərlərin, habelə əsərlərindəki raykom katibi, ispolkom sədri, istehsalat rəhbəri, komsomol katibi, məktəb direktoru, sadə kənd müəllimi və s. kimi obrazların uğurlu alınmasında dövlətçilik sahəsindəki təcrübəsi öz sözünü demişdir.

Hüseyn İbrahimovun həyatı həmişə Yazıçılar Birliyi ilə üzvi surətdə bağlı olmuşdur. O, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi (1980-1997) vəzifəsində o, regionda milli ədəbiyyatın inkişaf etdirilməsi, yeni yazıçılar nəslinin formalaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir. Hüseyn İbrahimovun Naxçıvan Yazıçılar Birliyinin sədri kimi (1997-2010) fəaliyyəti də müstəqillik dövründə Naxçıvanda yeni ədəbi mühitin canlandırılmasına xidmət edir. Azərbaycan Yazıçılarının əllinci illərdən sonra keçirilmiş bütün qurultay və plenumlarının iştirakçısı olan Hüseyn İbrahimov həmişə ədəbiyyatın milliliyi, xəlqiliyi, həyatiliyi, təbiiliyi uğrunda mübarizə hərəkatında, sadə kənd adamları və ziyalılarının obrazlarının ön mövqeyə çıxarılmasında fəal görünmüşdür. Naxçıvanda ədəbi mühitin və yeni yaradıcı nəslin qayğıları Hüseyn İbrahimovun məqsədyönlü fəaliyyəti sayəsində daim özünün müsbət həllini tapmışdır.

Naxçıvanda yaşayıb-yaradan yaradıcı qüvvələrin ilk ədəbi almanaxı olan "Səadət mahnıları" (1955) Hüseyn İbrahimovun təşəbbüsü ilə nəşr olunmuşdur. Səksəninci illərdə "Araz" almanaxının üç sayının və "Qoy tanısın dünya səni" adlı şeir toplusunun nəşri də onun səmərəli təşkilatçılıq işinin nəticəsidir. O, 1958-ci ildə özünün "Baharın hekayəsi" povesti ilə yanaşı, qələm dostlarından Müzəffər Nəsirinin "Mənim muxtar respublikam", Hüseyn Razinin "Kəndimizin səhəri" adlı ilk şeir kitablarını, habelə Hüseyn Cavidin anadan olmasının yüz illiyi ilə əlaqədar kiçik şeir toplusunu da (1982) nəşr etdirmişdir. Hüseyn müəllim uzun müddət qədim diyarın ədəbi mühitinə ağsaqqallıq etmiş, yaradıcı gəncliyin müdrik müəllimi və etibarlı bələdçisi olmuşdur. Bu diyarda yazıb-yaradan yeni yaradıcı nəslin bir çox nümayəndələri məhz Hüseyn İbrahimovun zəmanəti ilə Yazıçılar Birliyinin üzvlüyünə daxil olmuşdur. Onun işlədiyi dövrdə Naxçıvanda Yazıçılar Birliyinin üzvləri 16 nəfərdən 48 nəfərə çatdırılmışdır. Hüseyn müəllim Naxçıvan ədəbi mühitində təmsil olunan istedadlı yaradıcı gənclərin bir çoxu haqqında mətbuatda "uğurlu yol" xarakterli məqalələr yazmış, onlara xeyir-dua vermişdir. Onlarla kitabın ön sözü xalq yazıçısı Hüseyn İbrahimova məxsusdur. Nəhayət, 1999-cu ildə İran İslam Respublikasında iki dildə nəşr olunmuş irihəcmli "Səhər nəğmələri" ədəbi almanaxı ədəbi əlaqələrimizin daha da genişlənməsinə, Naxçıvan ədəbi mühitinin inkişafına xalq yazıçısı Hüseyn İbrahimovun töhfəsidir.

Görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev yazıçı Hüseyn İbrahimovun yaradıcılığına yüksək qiymət vermişdir. O, müstəqil Azərbaycanın "Şöhrət" ordeninə (1994) və xalq yazıçısı (1998) fəxri adına layiq görülmüşdür.

Müxtəlif illərdə Hüseyn İbrahimov xalqımızı və yazıçılarımızı Finlandiya və Danimarkada (1967), İtaliya və Əlcəzairdə (1975), İran İslam Respublikasında (1992, 1998) və Türkiyədə (2001) ləyaqətlə təmsil etmişdir. Bir neçə çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı olmuş Hüseyn İbrahimov ölkəmizin ədəbi və ictimai həyatında yaxından iştirak etməklə yazıçı mövqeyinin uca tutulmasına səy göstərmişdir.

Hüseyn İbrahimov təbiəti etibarilə təmkinli, ağır təbiətli, bütöv xarakterə, sabit mövqeyə malik olan yüksək nəzakətli insan idi. Yaradıcı şəxsiyyətin xarakterinin bu cəhətləri şeirdən çox, epik növün, ədəbiyyatın nəsr qolunun xüsusiyyətləri ilə üst-üstə düşür. Yalnız XX əsr Azərbaycan bədii nəsrinin əsas yaradıcılarından biri olan xalq yazıçısı Süleyman Rəhimovla müqayisə edilə bilən şax, vüqarlı qamətə, ciddi təmkinə və ağır çəkili xasiyyətə malik Hüseyn İbrahimov taleyini həmişəlik olaraq epik ədəbiyyata bağlamışdır. O, cəmiyyətimizdə yaşanmış bir çox ideoloji mərhələlərdə yazıb-yaratsa da, hətta Vilayət Partiya Komitəsinin ideologiya şöbəsinə rəhbərlik etsə də, yaradıcılığının təbiəti etibarilə əsasən ideologiyalara uymayan, həmişə mənəvi və maarifçi mühitin problemlərini ön mövqeyə çəkən yazıçıdır. "Günəş doğan yerdə" romanını nəzərə almasaq, yaradıcılığının 40 ildən artıq dövrünü əhatə edən sovet hakimiyyətinin heç bir əlamətdar hadisəsi, tarixi günü və ya siyasi prosesi haqqında onun bədii əsəri yoxdur. Hətta sovet hakimiyyətinin qurulması uğrunda mübarizəyə həsr olunmuş "Günəş doğan yerdə" romanında da müqayisədə həyat materialı ideologiyanın payından çoxdur. Əsərdəki keşməkeşli taleyə malik olan igid, məğrur, keçid dövrünün çətinliklərini yaşayan, "bir igid bir eli saxlar" əqidəsinə sadiq olan Qüdrət obrazı və süjetdə geniş yer tutan qaçaqçılıq hərəkatının təsviri romana geniş və təbii həyat nəfəsi gətirir. Beləliklə, sərt sovet rejimi çərçivəsində bədii nəsrimizin ideoloji tələblərinin məngənəsindən çıxıb həyata, insanlara, mənəviyyata doğru yönəldilməsi və yaxınlaşmasında Hüseyn İbrahimovun özünəməxsus xidməti və zəhməti olmuşdur.

Müxtəlif nəsr janrlarında yazıb-yaratsa da, hekayə  janrına Hüseyn müəllim bütün yaradıcılığı boyu müraciət etmişdir. "Ədəbiyyatımızın mirvarisi" adlandırdığı hekayə janrında onun da öz mirvariləri vardır. "Qumralın məktubları", "Təmiz adam", "Kənd adamı", "Kənd həsrəti", "Arxayın Məmməd", "Vicdan səsi", "Qadın nəfəsi", "Köhnə onluq" hekayələri Azərbaycan ədəbiyyatında hekayələrdən düzəldilmiş nəhəng boyunbağıya Hüseyn İbrahimovun bəxş etdiyi mirvarilərdir. Hekayələri müxtəlif dillərə tərcümə edilmiş Hüseyn İbrahimov öz oxucuları ilə 9 dəfə hekayə kitabları ilə görüşmüşdür. "Azərbaycan hekayəsi antologiyası" kimi seçmə hekayələr toplusunda da Hüseyn müəllimin hekayələri özünəməxsus yer tutur.

Çoxillik yaradıcılıq təcrübəsinə malik olan Hüseyn İbrahimovun bəzi hekayə və novellalarının formasını təyin  edərkən həmin janrların əvvəlinə "kiçik" ifadəsini artırmaq lazım gəlir. Hüseyn İbrahimov Azərbaycanda keçən əsrin əvvəllərindən başlanan kiçik hekayə janrı ənənəsinin müasir mərhələdəki uğurlu davamçılarından biri idi. Onun kiçik formalarda yazılmış hekayələrində həyatın böyük və ciddi məsələləri  özünün bənzərsiz bədii əksini tapmışdır. Yazıçının qələmə aldığı çoxcəhətli əhvalat və obrazların mərkəzində, əsasən, bir meyar dayanır: Ləyaqət! Müəllif təsvir etdiyi hadisə və personajları qiymətləndirmə barometrinə çevirdiyi  bu yüksək mənəvi keyfiyyəti aşkarlamaq niyyəti ilə hər dəfə yeni hadisələrə müraciət etmiş, aralarında müəyyən bənzəyiş olsa da, hekayələrində bir-birini təkrar etməyən orijinal xarakterlər yaratmışdır. O, "özü balaca, işi böyük" olan hərbi xəstəxananın ibrətamiz qaydalarını ("İnam"), bütün yuxularını doğma kəndi Kosalarda görən qocaman alimin xəyal dünyasını ("Kənd həsrəti"), ezamiyyətdən qayıdan köhnə  tanışların kupedə təsadüfən rastlaşdıqları "təmiz adamın natəmiz əməllərini" ("Təmiz adam"), əlçatmaz bir eşqin  hekayətindən söz açan  köhnə onluqla bağlı təsirli xatirələri ("Köhnə onluq") qələmə almaqla hekayə üçün zəruri olan detalların konkretlik və emosionallığına müvəffəq olmuşdur. Bunlar isə yazıçının maraq dairəsini, onun nüfuz  etdiyi  səciyyəvi hadisələri ümumiləşdirməsini  şərtləndirmişdir. Bunun nəticəsidir ki, məktəbli uşaqların quş yuvalarını uçurtmaları ("Kərim əmi"), atası cəbhəyə gedəndən sonra doğulan övlada ad qoyulmaması ("Səfər müəllimin qızı"), qoca nənənin illərdən bəri toplayıb balıncın içində saxladığı pulla alınan "Jiquli" maşınının "Nazbalış" adlandırılması ("Nazbalış"), nişanlısının arxasınca könüllü cəbhəyə yola düşən və həlak olan Yazgüldən yadigar qalmış şəklin mənalandırılması  ("Şirin xatirə") kimi ilk baxışda adi görünən detallar da hekayələrdə insan ləyaqətinin incəliklərinin məharətlə üzə çıxarılmasına, bunun əksinə olan naqis meyillərə kəskin münasibət bəslənməsinə səbəb olmuşdur.

Hüseyn İbrahimovun hekayələrindəki sadə adamlarda həqiqi insan ləyaqəti axtarışları onun fərdi ləyaqəti ilə səciyyələnən obrazlar yaratması ilə nəticələnmişdir. "Döyüşdə aldığı ağır yaradan ölən oğlunu dəfn edən kimi dərhal hərbi xəstəxanaya qayıdaraq yenicə gətirilmiş əsgəri çətin cərrahiyyə əməliyyatı sayəsində həyata qaytaran tibb elmləri doktoru Şalva İrakliyeviç, inamı özünə deviz seçən Yelmar Zərgərli, uşaq ikən ata-anasını itirsə də, mənliyini uca tutan məsum Sabirə, Vətən elminin dünya şöhrəti qazanması yollarında can-başla xidmət göstərən professor Qoşqar Çinarlı, "işi də ürəyi kimi təmiz" olan taksi sürücüsü Sabir, ömrü boyu şərəfli əməyə bel bağlayan neftçi  Fərrux kişi, iradə və sədaqəti ilə xəstə həyat yoldaşı üçün əvəzedilməz məlhəmə çevrilən Şadiyyə kimi hekayə qəhrəmanları ləyaqətin ucalığını, əvəzedilməzliyini bütün təbiiliyi ilə mənalandırırlar. Yazıçı, öz növbəsində, pisniyyətli, köhnəfikirli, cəmiyyətə fayda verməyən adamları oxucunun mühakiməsinə  verməklə də estetik idealın bütöv, inandırıcı təqdiminə səy göstərir. Bu  isə onun epik üslubuna satirik notlar daxil edir. Azərbaycan satirik nəsrinin ənənələrindən yaradıcılıqla faydalanan Hüseyn İbrahimov müasir həyatda klassik novella qəhrəmanları ilə qarşılaşarkən "Sənə min rəhmət, Mirzə Cəlil", yaxud "Heyif, Mirzə Cəlil sağ deyil" kimi yerinə düşən, cəlbedici epiqrafların gur işığı altında ənənəvi gülüş obyektinin müasir vəziyyətini bacarıqla açıb göstərmişdir. Müəllifin təqdimatında Cəlil Məmmədquluzadənin məşhur Usta Zeynalına bənzəyən Arxayın Məmməd, Mirzə Qurbanqulunun əziz xələfi olan Əvəz Məmişoviç obrazları özlərini inkişafla ayaqlaşmayan adət və əməlləri ilə bir daha gülüş hədəfinə çevirmişlər. "Arxayın Məmməd", "Day lazım olmadı", "Yeddinci meyit", "Zırrama", "Müdirin naziri", "Barıt", "Nərd", "Eyvazovun salamı", "Yersiz vahimə", "Çaybaz Nəcəf", "Menzurka" - satirik novella janrının tələblərinə tam cavab verən uğurlu  bədii nümunələrdir. 

Hüseyn İbrahimovun təhkiyəsində nəzərə çarpan sakit, təmkinli, epik təsvir və həyat materialının zənginliyi hekayədən povestə keçidi bədii baxımdan əsaslandırır. Bu maraqlı sənətkarlıq körpüsü həm də yazıçının povestlərinin yaranmasında hekayəçilik məqsədinin rolunu da aydınlaşdırır. Beləliklə, povest sahəsində də Hüseyn İbrahimovun özünəməxsusluğu, orijinal dəst-xətti aşkar nəzərə çarpır. Mənəviyyat və ailə-məişət məsələlərinin ön mövqeyə çəkilməsi, yalnız sevinc və fərəhi, xoşbəxtliyi deyil, təbii insan kədəri və ağrılarının da bədii ədəbiyyatın materiallarına çevrilməsi, hekayələrində olduğu kimi, xalq yazıçısının povestlərində də əsas aparıcı xətti təşkil edir. "Göyərçinin məhəbbəti", "Səhv edəndə", "Baharın hekayəsi", "Qu quşları öləndə oxuyurlar" və sair povestlərində həyatı bütün təbiiliyi ilə yaşayan, düşünən, səhv edən, büdrəyən, aldanan, lakin çətin məqamda ayağa qalxmağı bacaran sıravi adamların mərdanə həyatı, zəngin mənəviyyatı öz əksini tapmışdır. Bütün bunlar müəllifin, hətta çətin dönəmlərdə də ideoloji sxemlərdən və tələblərdən uzaqda dayanmasına, uzunömürlü əsərlər yazmasına şərait yaratmışdır.

"Göyərçinin məhəbbəti" povestinin əsas konflikti ömür yoldaşının təmiz sevgisini qiymətləndirməyi bacarmayan Yusifin səhvlərinin təsvirindən ibarətdir. Yazıçı qəhrəmanın taleyinə ictimai məna verərək onu ləyaqət meyarı ətrafında süzgəcdən keçirir. "Səhv edəndə" povestinin mərkəzi obrazı olan qızların səhvi də böyükdür. O, rayonda dövlətin on minlərlə pulunu mənimsəyən, cavan arvadını bir uşaqla atıb qaçan, Bakıda Həcər arvad kimi fırıldaqçı ilə əlbir olub kassanı yaran, hətta öz əsl adını və peşəsini belə, gizlədən Cabirin girdabına düşmüşdür. "Kamalın ad günü"ndə isə meşşan, harın bir ailənin yaşanan həyatının başdan-başa səhvlər üzərində kökləndiyi göstərilmişdir. Anbardar Hacıağa, onun meşşan arvadı Mələk xanım, ərköyün qızı Toma, mənəviyyatsız əlaltısı Əsəd əxlaq normalarına zidd olan cinayət xarakterli səhvlərə yol vermişlər. Ailənin yeganə zəhmətkeş nümayəndəsi olan Kamalın  "haman səhvləri islah etməsi" mümkün deyildir. Buna görə də müəllif birinci iki povestdə konflikti hekayə və novellalardan tanıdığımız təcrübəli və ləyaqətli Vahid müəllim obrazının köməyi ilə həll etdiyi halda, "Kamalın ad günü"ndə vəziyyətin yalnız istintaq orqanlarının qüvvəsi ilə aradan qaldırılmasının zəruriliyi qənaətinə gəlmişdir. Beləliklə, nəinki konkret bir povest, bütünlükdə böyük bir kitab tamamlanmışdır. Müxtəlif səpkili səhvlər əliçi kimi aydınlaşdırılmış, onların təzahür formaları göz önünə gətirilmiş, oxucuya həqiqi, doğru çıxış yolu göstərilmişdir. Bu mənada bir povestin ünvanı kimi meydana çıxan "Səhv edəndə" sərlövhəsi bütünlükdə Hüseyn İbrahimovun povestlərinin başlıca leytmotivini, təsvir etdiyi vəziyyət və imkanları müvəffəqiyyətlə əks etdirir.

Hüseyn İbrahimovun hələ 1958-ci ildə kitab halında nəşr etdirdiyi "Baharın hekayəsi" povesti oxucuların bir neçə nəslinin yaddaşında dərin iz salmış dəyərli sənət nümunəsidir. Əslində, bədii yaradıcılığa hekayə ilə başlayan, 1952-ci ildə  hekayələrinə görə  Yazıçılar Birliyinə qəbul edilən Hüseyn İbrahimov ədəbi aləmdə bir yazıçı kimi özünü məhz "Baharın hekayəsi" povesti ilə təsdiqləmişdir. Ailə-məişət məsələlərindən bəhs edən, zəngin həyat materiallarına və ciddi sənətkarlıq xüsusiyyətlərinə malik olan bu əsər povest janrının Azərbaycan ədəbiyyatındakı klassik nümunələrindən biridir. "Baharın hekayəsi" həm də Hüseyn İbrahimovun hekayə yaradıcılığının yekunu, nəsrin iri formalarına keçidinin başlanğıcıdır. Yazıçının romançılığa meyli də ilk dəfə "Baharın hekayəsi"ndə müşahidə olunmuşdur. Fikrimizcə, bütövlükdə Hüseyn İbrahimov bir yazıçı kimi, "Baharın hekayəsi"ndən doğulmuşdur. Bu povest təcrübəsizlik ucbatından ötəri meyillərə uymuş və yanılmış, peşman olmuş zavallı Baharın hekayəti, əsərin müəllifi Hüseyn İbrahimovun isə yazıçı kimi ədəbi ictimaiyyətə layiqli təqdimatıdır. Təsadüfi deyildir ki, vaxtilə xalq şairi Rəsul Rza bu povestdən bəhs edərək yazmışdır: "Hüseyn İbrahimovun "Baharın hekayəsi" povesti ciddi yaradıcılıq işinin məhsuludur. Buradakı hadisələrin həyatiliyi, ayrı-ayrı obrazların inandırıcılığı, məqsəd aydınlığı və əsərin ümumi ruhundan çıxan tərbiyəvi mənası bizə bu əsəri... nəsr əsərlərimizin yaxşı nümunələri sırasına qoymağa haqq qazandırır".

Xalq yazıçısı Hüseyn İbrahimov ədəbiyyatın çoxfiqurlu şahmat taxtasında uğurlu roman gedişi edən sənətkardır. Hələ XX əsrin əllinci illərində yazdığı "Sabahın sorağında" romanı ilə o, özünün həm də mahir romançılıq imkanlarını büruzə vermişdi. "Sabahın sorağında" məişət, sözün böyük mənasında həyat və mənəviyyat romanıdır. Əsər istehsalat romanlarının dəbdə olduğu bir dövrdə yazılmışdır. Bu, kəndi yalnız təsərrüfat, əmək yarışı, yaxud sinfi çəkişmələr meydanı kimi təqdim edən özündən əvvəlki romanların uzun illər ərzində yaratdığı, formalaşdırdığı qəliblənmiş ideoloji təsəvvürləri yıxıb uçuran və yeni insanı böyük ədəbiyyatda geniş planda təqdim edən yeni tipli formadır. Bu, sadə kənd ziyalılarının keşməkeşli taleyini geniş miqyasda ədəbiyyatımıza gətirən əsərlərin birinci dəstəsinə mənsubdur. Aradan illər keçməsinə baxmayaraq, "Sabahın sorağında" bu gün də yaxşı bir romanın sorağında olan oxucu və tənqidçilərin maraqla oxuduğu əsərlərdəndir.

"Sabahın sorağında" romanındakı qocaman, nümunəvi kənd ziyalısı, əsl xalq müəllimi Mirzə Mahmud, pak əqidəyə mənsub olan Zeynal Günəşli, Firəngül müəllimə kimi insanlar kənddə sinfi mübarizə qəhrəmanlarını, yaxud sosializm yarışı qaliblərini təqdim etməyə köklənmiş həmin dövr nəsrimiz üçün yeni insanlar idilər. Yazıçı yeni insanın simasını müəyyən edərkən onun mənəvi saflığını, xalqa bağlılığını, bir sözlə, ictimai münasibətləri deyil, şəxsiyyət və mənəviyyat amilini ön mövqeyə çəkmiş və öz qəhrəmanlarının daxilindəki böyük sabahları yaratmaq imkanlarını məharətlə açıb göstərə bilmişdir. Buna görədir ki, ədəbi tənqid "Sabahın sorağında" romanına yüksək qiymət vermişdir. Akademik Məmməd Arif hələ 1967-ci ildə "Sabahın sorağında" romanını nəzərdə tutaraq yazırdı: "Müəllifin müsbət qəhrəman uğrundakı axtarışları, mənəvi-intellektual keyfiyyətlərə malik surətlər yaratmaq təcrübəsi qiymətlidir. Yazıçı cəmiyyətdə təsvir etdiyi təmiz insanları - qəhrəmanları oxucusuna sevdirə bilir".

Hüseyn İbrahimovun "Bahar yağışı" adlı romanının mövzusunu "yandım", - deyib haray çəkən çöllərimizə su gətirmək, əbədi bahar bəxş etməklə əlaqədar maraqlı hadisələr təşkil edir. Əsərdə epik konfliktin xarakteri tikinti rəisi Osman Məlikzadə kimi mühafizəkar, iş görməkdən çox, gözə kül üfürməyə çalışan adamlarla öz işini sevən, ürəyi qurub-yaratmaq eşqi ilə döyünən Yalçın İbrahimbəyli arasındakı təzadla deyil, həm də müxtəlif rəngli təbiət təsvirləri ilə müəyyənləşir. Biz Yalçını, Seyfəddin müəllimi, Maral xala və Əbdülkərim kimi adamları həmişə baharın əlvan rənglərinin əhatəsində görürük. Mənfi xislətli Osman Məlikzadələri isə bahar ətrini qaynar həyatdan, ana təbiətin özündən yox, yalnız "bir yerə qonaq dəvət ediləndə, ezamiyyətə gedəndə oğruncasına istifadə etdikləri "İnci çiçəyi" odekolonundan aldığının şahidi oluruq. Konfliktin mənfi qütbü hər addımda özünün fəlsəfi, ixtiyarı, imkanları, "ad-san" gücü ilə öyünür. Əks tərəf, müsbət qüvvələr isə, ilk növbədə, mənəvi paklığa, düzlüyə, halal zəhmətə, alın tərinə, xeyirxahlığa söykənirlər. Raykom katibi Bəbir Ağayeviç, tikinti rəisi Osman Məlikzadə və onların orbitində fırlanan mestkom Məşədi Yolçuyev, planovik Alagöz, prorab İsmayıl, xörəkpaylayan Rübabə, ticarət işçisi Dobrı Rəhim kimilər hadisələr irəliyə doğru inkişaf etdikcə acizləşir, miskin görkəm alırlar.

Qəhrəmanların xarakterinin  açılışında yazıçı əsərin adından, ruhundan gələn arqumentlərdən - yaz fəslinin rəng çalarlarından bacarıqla bəhrələnmişdir. Ədib əsərin qəhrəmanı - cavan mühəndis Yalçın İbrahimbəylinin Arançay dəryaçasına işləməyə gəlməsini hələ təbiətdə baharın əlamətlərinin tamamilə çəkilib getmədiyi bir vaxta tabe etdirmişdir. O, hünər meydanı olan Arançay dəryaçasının tikintisinə ilk dəfə yaşıllığa qərq olmuş Güllücə zirvəsindən baxır. Roman boyu onun və digər müsbət obrazların ayrı-ayrılıqda bahar çalarlarını ifadə edən "Ərikli kəndi", "Nanəli  kəhriz", "Yarpızlı", "Ballı", "Çiçəkli" bulaqları əhatə edir. Hadisələrin sonrakı gedişindən öyrənirik ki, Yalçın hətta vəfalı ömür yoldaşı Nəsimə ilə də ilk dəfə onun əynindəki yaşıl paltara görə tanış olmuşdur. Baharın əlamətlərindən biri olan suya, selə, yağışa heyrətamiz maraq isə təkcə Yalçın İbrahimbəylinin peşəsindən - su mühəndisliyindən irəli gəlmir. Vaxtilə Kür çayının qoynunda həyat sürmüş müdrik atasının su haqqında söylədiyi hikmətlər onun da ömür yolunun, dünyabaxışının, romantikasının əsas meyarına çevrilmişdir. Onun həyatın mənasını halal  zəhmətdə axtaran adamlara - dəryaçanın partiya komitəsi katibi Seyfəddin Əlizadəyə, əmək veteranı Əbdülkərim kişiyə, ekskavatorçu Nadirə məhəbbətinin mühüm səbəblərindən biri də onların su kimi aydın, duru və müqəddəs niyyətə, pak əmələ malik olmalarıdır. Bütün bunlara görə  də su - əsər qəhrəmanının nəzərlərində aydınlıq və xoşbəxtlik, həya və ismət mənasını daşıyır. Dirilik  suyu haqqındakı düşüncələri, dörd ünsürdən biri barəsindəki mühakimələri suyun sosial-fəlsəfi mənada cavan mühəndisin varlığında həyatın özü qədər yer tutduğunu göstərir.

"Bahar yağışı" romanı istehsalat mövzusunda yazılsa da, müəllif öz qəhrəmanlarını yalnız işdə-gücdə, tikinti meydançalarında, sükan arxasında göstərmək kimi birtərəfli yolla getməmişdir. Burada Yalçın İbrahimbəyli - Nəsimə - Səidə xətti mərkəzi obrazın ailə, övlad münasibətlərini, əxlaq və mənəviyyatını aydınlaşdıran hadisələri özündə cəmləşdirir. Hətta müəllif əsərdə Məşədi Yolçuyevin ailəsinə məxsus sürüşkənlik, tamahkarlıq, yaltaqlıq, ikiüzlülük kimi qeyri-insani keyfiyyətləri də bütün reallığı ilə göz qabağına gətirmiş, özünü "evli ikən subay" adlandıran Alagözün mənəvi faciəsi qabarıq şəkildə əks etdirilmişdir. Bütün bunlar isə ailələr arasındakı fərqin timsalında mənəviyyatların, dünyagörüşlərin fərqini açmağa səbəb olur. Roman qəhrəmanlarının şeir, musiqi, kino, mahnı ilə ülfəti, gənclərin sevgi macəraları, dostluğu, hətta yeri gəldikcə dünya hadisələri ilə maraqlanmaları əsərdəki istehsalat motivlərinə canlı, həyati keyfiyyətlər əlavə etmişdir.

"Bahar yağışı" romanı Hüseyn İbrahimovun "Baharın hekayəsi" povestindən başlayıb, təxminən iyirmi beş il davam edən yaradıcılıq axtarışlarına həm müvəffəqiyyətlə yekun vurur, həm də öz müəllifinin yeni, orijinal sənətkarlıq imkanlarını nümayiş etdirir. Əsərdə xalq yazıçısının şəxsi tərcümeyi-halı ilə bağlı məqamlar, xüsusən onunla vilayət partiya komitəsinin rəhbərliyi arasında yaranmış gərginliklə əlaqədar motivlər vardır.

Böyük memar Əcəmi  Əbubəkr oğlu Naxçıvaniyə həsr olunmuş "Əsrin onda biri" romanında sənətkar taleyi, zaman və şəxsiyyət problemləri bacarıqla əks etdirilmişdir. Əsərin yazılmasına yetmişinci illərin əvvəllərində başlanılmışdır. Hətta romandan bir parça hələ 1972-ci ildə  mətbuatda dərc olunmuşdur. On il ərzində yazılmış "Əsrin onda biri" romanı tam halda 1987-ci ildə çapdan çıxmışdır. Bu əsər yeni dövr Azərbaycan tarixi romanının dəyərli nümunəsidir. Məhz bu əsərdə ədəbiyyat tariximizdə ilk dəfə olaraq Şərq memarlıq məktəbinin banisi, məşhur memar Əcəmi Naxçıvaninin mükəmməl bədii obrazı yaradılmışdır. Yazıçının təqdimatında Əcəmi Əbubəkr oğlu Naxçıvani görkəmli sənətkar, böyük mütəfəkkir olmaqla yanaşı, həm də zəngin mənəviyyata malik, xalqa bağlı şəxsiyyət kimi canlandırılmışdır. Bununla belə, romanda həm də Cahan Pəhləvanın hakimiyyəti dövrünün siyasi-tarixi hadisələri bədii sözün  gücü ilə dəyərləndirilmişdir.

Müəllif o dövrün tarixi şəxsiyyətlərini, Atabəylər sarayını təmsil edən insanları həm qədim mənbələrin məlumatları, həm də bədii təxəyyülün imkanları əsasında dolğun və tutumlu şəkildə təqdim etmişdir. Əsərdə Əcəmi dövrünün insanları təkcə sosial fəaliyyətləri ilə deyil, bənzərsiz xarakterləri, hətta geyimləri ilə də fərqləndirilmişdir. Nəticədə Azərbaycan tarixinin XI əsr dövrü haqqında tarixi əsərlərdə verilmiş məlumatlar bədii  təxəyyülün əks-sədası kimi meydana çıxan əhvalatlar və təsvirlərlə daha da zənginləşdirilmişdir. Müəllif əsərdəki Əli Şimşək obrazı ilə sənətkar və xalq, həmçinin hakimiyyət və xalq münasibətlərini mənalandırmağa müvəffəq olmuşdur. Yazıçı təxəyyülünün məhsulu olan Əli Şimşək obrazı o qədər sənətkarlıqla təsvir edilmişdir ki, oxucu onu, sanki tarixi şəxsiyyət kimi qəbul edir. Bu obraz Əcəmi Əbubəkr oğlu ilə bağlı mətləblərin açılmasına və aydınlaşdırılmasına şərait yaradır. Bununla belə, Əli Şimşək obrazının "Əsrin onda biri" romanında müəllif fikrinin daşıyıcısı olan rezonyor surət olduğu da aşkar nəzərə çarpır.

"Əsrin onda biri" tarixi romanı Əcəmi Naxçıvaninin dövrü, mühiti və müasirləri haqqında əyani təsəvvür yarada bilir. Əsərdə tarixiliklə müasirlik vəhdətdədir. Hüseyn İbrahimov Əcəmi dövründən alınmış mövzu və ideyalar, habelə obrazlar vasitəsilə yeni dövrün insanlarına ibrət və sənət dərsləri aşılayır. Müstəqillik dövründə "Əsrin onda biri" tarixi romanı daha çox aktual və müasir səslənir.

Əsərdə müraciət olunan Atabəylər dövləti, sanki müstəqil Azərbaycanın ümumiləşmiş obrazıdır. Eyni mövqe Hüseyn İbrahimovun "Böhtan" romanında da nəzəri cəlb edir. "Böhtan" romanında yaxın dövr tariximizin qaranlıq səhifələri işıqlandırılmışdır. Hüseyn İbrahimov nəsrimizə ilk dəfə olaraq Azərbaycan romantizminin banisi Hüseyn Cavidin bədii obrazını gətirmişdir. Yazıçının hələ 1988-ci ildə bitirdiyi bu əsər on ildən sonra, 1998-ci ildə, Bakıda kitab halında nəşr olunmuşdur. Romanda keşməkeşli taleyə malik olan Hüseyn Cavidin həyatının müxtəlif məqamları öz əksini tapmışdır. Hüseyn İbrahimov Cavid əfəndinin bütöv tərcümeyi-halını yox, tərcümeyi-hallardan seçilmiş təsirli məqamları ön mövqeyə çəkmişdir. Hüseyn Cavidin həyatının Naxçıvan, Təbriz, İstanbul, Tiflis, Bakı və Sibir dövrləri geniş mənada şəxsiyyətin təkamülü fonunda epoxanın bədii təqdimi təəssüratı yaradır. Müəllif bu mərhələləri bədii cəhətdən əks etdirərkən təxəyyüllə yanaşı, cavidşünaslığın son nailiyyətlərindən, sənədlərdən də yaradıcı şəkildə  faydalanmışdır. Bundan başqa, Hüseyn Cavidin dövrünü dolğun və gerçək təqdim etmək məqsədilə müəllif onun müəllimi Məhəmməd Tağı Sidqi, müasirlərindən Məhəmmədağa Şahtaxtlı, Əliqulu Qəmküsar, Rza Təhmasib kimi şəxsiyyətlərlə münasibətlərini, habelə qanlı "troykanı" təmsil edən "qarayaxalı şəxslərin" faciəsini də diqqət mərkəzinə çəkmişdir. Həmçinin "Böhtan" romanında yazıçının digər əsərlərindən fərqli olaraq, romantik üslubun cizgiləri və notları da müşahidə edilir. Bu da heç şübhəsiz, romanın əsasını təşkil edən Hüseyn Cavid yaradıcılığının xarakteri ilə münasib uyğunluq yaratmaq niyyətindən irəli gəlir.

Nəticə etibarilə Hüseyn İbrahimov "çeşməkli məhbusun"- görkəmli şair Hüseyn Cavidin timsalında böhtanın, şərin, şantajın ağır, acı nəticələrini, törətdiyi məşəqqətləri düşünülmüş gerçək vasitələrlə göz önünə gətirmişdir. Daha qiymətlisi bundan ibarətdir ki, müəllif böhtanın mahiyyətini açıqlamaqla yanaşı, böhtançılıq fəlsəfəsinə ümumiləşmiş yazıçı qiyməti vermişdir. Romanın bir yerində Cavid məhbus yoldaşına deyir: "Sən heç bilirsən böhtan nədir?.. Böhtan - Mefistofeldir, Demondur... Böhtan - İblisdir".

"Böhtan" əsəri Azərbaycan tarixi romanının dəyərli nümunəsidir. Bu, böyük sənətkar Cavid əfəndi haqqında ilk uğurlu roman kimi də qiymətlidir.

Hüseyn İbrahimovun yaradıcılığında dramaturgiya da müəyyən yer tutur. O, görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının "Aslan və Fərhad" hekayəsi əsasında "Qardaş ürəyi"  faciəsini, bundan başqa, "İtirilən sağlıq" və "Torpağın övladları" pyeslərini qələmə almışdır. "İtirilən sağlıq"  pyesi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında uğurla tamaşaya qoyulmuşdur. Bununla belə, Hüseyn İbrahimov xalis nasirdir. Hətta onun dramlarında da epik əlamətlər dramaturji vasitələrdən daha qabarıqdır.

Hüseyn İbrahimovun maraqlı bir hekayəsi "Nəciblik" adlanır. Sonralar o, hekayə kitablarının da birini "Nəciblik" adlandırmışdır. Bizcə, nəciblik Hüseyn müəllimin şəxsiyyəti, xasiyyəti, əməl və rəftarı üçün də qabarıq görünən cəhətlərdən biridir. Bundan başqa, yazıçının yaradıcılığının estetik idealını, ideya-mənəvi qayəsini də ləyaqət və nəciblik təşkil edir. O, şəxsi nümunəsi, qələmi və əsərləri ilə bütövlükdə nəcibliyin keşiyində dayanmışdır.

Ümumi şəkildə Hüseyn İbrahimovun yaradıcılığı həm də sadə insanların sorağında olan müasir ruha müdrik bir yazıçının zəngin ədəbi irsindən ibarətdir. Sərt sovet ideologiyası dövründə gerçək həyat hadisələrini və sadə insanların həyatını realist şəkildə təqdim etmək vəzifəsini uğurla həyata keçirmiş Hüseyn İbrahimovun əsərləri bu gün də yeni insanın sorağında olan nəcibliyin keşiyində dayanan, böyük ədəbiyyatın mükəmməl nümunəsi kimi oxucunu həyata, müasirliyə, mənəviyyata çağırır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!