Elmin romantikası - Məmməd Cəfər Cəfərov - Elnarə AKİMOVA yazır - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

XX əsr ədəbiyyatşünaslığının təməl imzalarındandır Məmməd Cəfər. Bu gün milli nəzəri-estetik düşüncə arsenalımızda dəyərli nə varsa, ordan Məmməd Cəfər imzası, Məmməd Cəfər xətti keçir. Ardınca başqa statuslar, başqa təyinatlar da gətirir: şair, nasir, dramaturq, tərcüməçi və s. Hələ Hüseyn Cavid şeirlərinin özünəməxsus həzinliklə səsləndirməyi, pianonun şirmayı dillərində gözəl mahnılar ifa etməyi varmış. Daha başqa özəllikləri var. Onun tale romanı olan "Xatirələr"dən obrazı, xarakteri, yalnız qələm adamı olaraq deyil, həm də insan kimi səciyyəsi boylanır. Buradakı Məmməd Cəfər obrazı, tərcümeyi-halının faktları onunla bağlı bədii-estetik təhlillərin tamlığına kömək edəcək gücdədir. Vaxtilə özü də ədəbiyyatda bu amilin rolunu xüsusi vurğulamışdı, şəxsiyyətlə elmi həyatın, bədii yaradıcılıqla mənəvi aləmin birgəliyinə əsaslanmaq məsələsinin vacibliyini irəli sürmüşdü: "Sənətkarın daxili aləminə nüfuz etmək birinci növbədə onun qəhrəmanlarının psixologiyasına daha yaxşı nüfuz eləmək üçün lazımdır. Ədəbi qəhrəmanların, obrazların "tərcümeyi-halı" ilə hər hansı əlaqədən kənarda, təcriddə yazıçı tərcümeyi-halı, onun mənəvi-əxlaqi məzmunu naqis və natamam deyilmi?"

Amma bəzən meydanda olan əsərlərin varlığı belə, bəs edir ki, öz müəllifinin kimliyi, siması və xarakteri, zövq və marağı haqda məlumat ötürsün, fikir formalaşdırsın. Məmməd Cəfər Cəfərov da  elmdə imza atdığı "ilk"lərlə ədəbi görüş və əxlaq necəliyini meydana qoymuş, sözün birbaşa məna qatına adlamış ədəbiyyatşünasdır. Bu mətnlər yarandığı vaxtda da ustadın yaradıcı məzmununu bəlirtməyə gücü yetirdi, indi də. Belə gücü yetən "ilk"lərdən biri alimin "Azərbaycan ədəbiyyatında romantizm" (1963) kitabı idi. Romantizmin qanunauyğun bir hal kimi qəbul edildiyi və haqqında hər gün artan şövqlə danışıldığı indiki zamanımızda nə varsa, zəmin olaraq Məmməd Cəfərdən qaynaqlanır, ordan başlayır, üzünü yaddaşlaşan Məmməd Cəfər irsinə tutur.

***

XX əsr romantizminin mövcudluğundan bəhs etmək 1920-30-cu illər ədəbiyyatşünaslığında nəzərə çarpmır. Bu ədəbi cərəyanın elmi-nəzəri dərki 1960-1980-ci illər ədəbiyyatşünaslığının adı ilə bağlıdır. Bu mərhələdə romantizm və realizm ədəbiyyatının geniş və sistemli tədqiqi 1920-1930-cu illər ədəbiyyatının problemlərinin öyrənilməsinə imkan yaratmışdır. Onların arasında Məmməd Cəfər Cəfərovun "Azərbaycan ədəbiyyatında romantizm" (1960) monoqrafiyasının  müstəsna yeri və rolu vardır.

Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatşünaslığında romantizm məsələlərini sistemli araşdıran ilk alimlərdən oldu. Ədəbiyyatşünas alim Yaşar Qarayev "Ədəbi üfüqlər" kitabında yazır: "XX əsr Azərbaycan romantizmi və estetik bir anlayış kimi daha geniş mənada işlədilən romantika məsələsi bizim ədəbiyyatşünaslıqda lap son vaxtlara qədər işlənilməmiş qalırdı. Bu sahədə ilk böyük işi Məmməd Cəfər görür".

Məmməd Cəfər Cəfərov 1963-cü ildə çap olunan "Azərbaycan ədəbiyyatında romantizm" kitabında böyük çətinliklərlə qarşılaşdığını etiraf edir. Çünki ona qədər mövzunu geniş araşdıran elmi-nəzəri mənbə yox dərəcəsində idi, üstəlik, bu fikir cərəyanı ilə bağlı elmi-ədəbi düşüncənin özündə qarışıqlıq vardı, nəzəri fikirlər durulmamışdı, ideya şəklində meydanda istinad olunası materiala rast gəlinmirdi. Müəllif özü də qeyd edir ki, "romantizmin estetik prinsipləri, tələbləri haqqında ümumi şəkildə bəhs edən tək-tək məqalələr yazılmışsa da, bu məqalələrdə biz konkret olaraq Azərbaycan romantizmi haqqında aydın bir fikrə rast gəlmirik".

Məmməd Cəfər Cəfərov bu xüsusda istisna olan bir neçə müəllifin yazısını qabardırdı: Onlardan biri 1919-cu ildə, o zamanlar daha çox ədəbi tənqidlə məşğul olan Kazımoğlunun (yazıçı Seyid Hüseyn - E.A.) "Açıq tənqid" sərlövhəli bir məqaləsi idi ki, müəllif burada gənc Cəfər Cabbarlının üslub xüsusiyyətlərini, yaradıcılıq metodunu, onun realist, yoxsa romantik olduğunu izah etmək istəmiş, lakin əsaslı bir nəticəyə gələ bilməmişdi. Məmməd Cəfər bu məqaləni birtərəfli yanaşma adlandırmış, onun zahirən romantizm prinsiplərinə əsaslandığını qeyd etmişdir: "Azərbaycan romantikləri heç də Kazımoğlunun ümumi tərifində təsvir edildiyi kimi "hər şeydə yalnız gözəlliyi görən, həyatı bir takım əlbisələrlə süsləyən" yazıçılar deyildi. Onlar eybəcərliyi də görür və kəskin tənqid edirdilər. "Sonsuz, şiddətli hissiyyat" da onlar üçün səciyyəvi deyildi". Məmməd Cəfərə görə, yeni dövrün Azərbaycan romantikləri heç bir doqmatik estetik norma tanımaq istəmirdilər, öz fikirlərində, mühakimələrində, yaradıcılıq əməllərində, varlığa münasibətində mövzu və poetik formalar intixabında sərbəst idilər. Bununla belə, o, Seyid Hüseynin fikirləri ilə razılaşmır, Cəfər Cabbarlını romantik adlandırsa da, qeyd edirdi ki, realizmin ona böyük təsiri vardı. Və yalnız Cabbarlı deyil, dövrün bütün romantikləri realizmin qüvvətli təsiri altında idilər. Bu xüsusi şəraiti nəzərə almadığına görədir ki, Kazımoğlu gənc Cəfər Cabbarlının romantikmi, yaxud realistmi olduğunu müəyyənləşdirə bilmirdi. Bunun da səbəbini görkəmli alim 1905-1917-ci illərin tənqid və ədəbiyyatşünaslığında problemin həllini tapmamasında görürdü. Məmməd Cəfər fikirlərində haqlı idi. Həqiqətən də, Cabbarlını yaradıcılığının xüsusilə ilk illərində bəşəri və milli haqsızlığa qarşı bədbin ovqatda, romantik xəyallar qoynunda görürük. Diqqət eləsək, Hüseyn Cavid poeziyasında da eyni bədii ovqatı həmin tragik məqamlar təşkil edirdi. Bəşər oyunlarının mürəkkəbliyi içində çaşıb qalan, dəhşətə gələn Cavidin də içində baş verən təlatümlərin, mənəvi qovğaların səbəbini öyrənmək üçün üzünü Tanrıya tutub, "Bu qəsvətlər niçin bilməm? Niçin, Ya Rəbb, niçin?" - deyə sual edərək metafizik düşüncə kontekstindən çıxış etməyi, ümumən, üsyankar ruhu ilə seçilən Cavid idrakının  bəzi məqamlarda uçuruma yuvarlanması, sövq-təbii onun ideal gözəlliklə bağlı təsəvvürlərinin "xəyali-inkisarə" uğraması ilə əlaqədar idi. Bütün XX əsr aydınlarını ruh düşkünlüyünə sürükləyən səbəblərdən birini Şərq-Qərb kontekstində aramaq lazımdır. Bu pessimizm ziyalıları düşündürən "qamışlıqdan çıxmaq" (M.F.Axundzadə) amacından, "əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz" (Sabir) təəssüfündən hasilə gələn ovqatın nəticəsi kimi doğurdu.  Məmməd Cəfər Cəfərovun da adıçəkilən ədiblərin yaradıcılığındakı bu ikili, zidd başlanğıcı görməsi və onların hər birini ayrı estetik dalğanın təzahürü olaraq dəyərləndirməsi gərəkli elmi-nəzəri nəticə idi.  

50-ci illərin ortalarında 1900-1920-ci illərin ədəbiyyatını tədqiq edən müəlliflərdən professor Mir Cəlal Paşayev və professor Cəfər Xəndanın füyuzatçılarla bağlı araşdırmaları, yenə həmin illərdə Məmməd Arif Dadaşzadə və Kamal Talıbzadənin Abbas Səhhət haqqında tədqiqatı, Əziz Mirəhmədovun Məhəmməd Hadi ilə bağlı əsərləri Məmməd Cəfərin düşüncələrində romantizmlə bağlı müəyyən mənzərə yaratmışdı. Bəs Məmməd Cəfərin romantizmlə bağlı görüşlərində üstün cəhət nə idi? Zənnimcə, onun məsələyə qlobal, geniş kontekstdən yanaşması, hər bir sənətkarı özünəməxsus yaradıcılıq idealı və fərqli üslub, sənətkarlıq xüsusiyyətləri ilə dəyərləndirməsi. Bayron, Şelli, Puşkin, Lermontov, Pıleyev, Hodye, Müsse, Hüqo, Jorj Sand və başqa imzalar Məmməd Cəfərin romantizmlə bağlı müqayisələrinin arasından tez-tez keçirdi. O, bu ədiblərin  bir-birinə bənzəmədiklərini vurğulayırdı. Alimin milli romantizmə baxışı da belə idi. Fərdi üslubları, sənətləri, zövqləri, mövzuları, hətta fəlsəfi-estetik görüşləri etibarilə hər bir şairin özünəməxsusluğunu meydana qoymağa çalışırdı. Bu zaman sənətkarların yalnız romantizmə deyil, realist usluba meyil etmələrini də nəzərdən qaçırmayan alim doğru olaraq, Abdulla Şaiq və Cəfər Cabbarlını zaman keçdikcə romantizmdən uzaqlaşıb realizm yolunu tutan, Məhəmməd Hadi və Hüseyn Cavidi isə sonadək romantik olaraq qalan sənətkar kimi dəyərləndirmişdir.

Məmməd Cəfər 1905-1917-ci illərin romantizmini xüsusi ideya məzmunu olan yaradıcılıq metodu adlandırırdı. Alimə görə, "cəmiyyət problemlərinin həllində ancaq ağlın hökmranlığını qəbul etmək bu yaradıcılıq metodunun əsas məfkurəvi, fəlsəfi, prinsipləri olmuşdur". Amma təəssüf ki, Məmməd Cəfər sadalanan bu keyfiyyətləri daha çox mütərəqqi romantiklər adlandırdığı sənətkarların yaradıcılığına şamil edirdi. O, "yaşasın ağlın hökmranlığı! İnsan ancaq ağlı ilə qüdrətlidir və bu ağıl vasitəsilə azad, xoşbəxt cəmiyyət yarana biləcəkdir, o, uzaqda deyildir, gələcək parlaqdır! - mütərəqqi romantiklər belə düşünürdü", - kimi fikirlərlə Hadi, Cavid, Səhhət poeziyasındakı fəal ruhu qabardır, əvəzində mürtəce adlandırdığı ədiblərin yaradıcılığına birtərəfli baxış meydana qoyurdu. Məgər Əli bəy Hüseynzadənin bütün yaradıcılığı ağlın, elmin təntənəsi, zəkanın qüdrətinin tərənnümü üzərində qurulmamışdırmı? Sadəcə, Məmməd Cəfər dövrün ideoloji tələbindən irəli gələn prinsiplə bu cür təhlillərə məcbur idi. Əks halda deməzdi ki, "bu cərəyana mənsub olanların tək-tək büdrəmələrini nəzərə almasaq, demək olar ki, romantiklər "sənət sənət üçündür" nəzəriyyəsinə yabançı idilər. Onların (mütərəqqi romantiklərin - E.A.) fikrincə, sənət insanlığa, xalqa, vətənə, həqiqətə, işıqlı fikirlərin təbliğinə xidmət etməli idi".

Yaxud başqa bir qənaətində müəllif "sənət sənət üçündür" nəzəriyyəsini "saxta yaradıcılıq azadlığı" adlandırır və bildirirdi ki, "Səhhətlərin, Hadilərin müdafiə etdiyi sənətdə yaradıcılıq azadlığı ideyası mühafizəkar zümrələrə və onların fərdiyyətçi saxta "ədəbi zövqünə" qarşı idi. Bu ideya "sənət sənət üçündür" nəzəriyyəsindən deyil, sənət xalq üçündür, vətən, millət  üçündür - qənaətindən doğurdu".

Əslində, "sənət sənət üçündür" nəzəriyyəsinin də ali prinsipi gözəl və azad cəmiyyət, millət və dövlətçilik amalı, suveren şüur, güzəran firavanlığı kimi müqtədir dəyərlərin həyata keçməsi işinə yönəlmişdi və ədəbiyyata, cəmiyyət gerçəklərinə münasibətdə fərqli düşüncə çevrəsi cızırdı. Bəzən pessimist, dekadent əhvalın təmsilçiləri kimi görünmələri də içlərindəki amalın böyüklüyündən, arzu və reallıq arasındakı ziddiyyətdən doğurdu. Halbuki, bu sərt, ziddiyyətli baxışın alt qatındakı dünya milli düşüncə, milli məfkurə amalı ilə süslənmiş dünya idi. Əli bəy Hüseynzadə ilə Hüseyn Cavidin sənət baxışı, məfkurə ayrılığı harda başlayıb, harda bitirdi, görəsən? Axı eyni estetik dalğanın gəlişdirdiyi təmayül idi. O zaman biri necə mürtəce, digəri mütərəqqi ola bilərdi?!

Məmməd Cəfər Cəfərov mütərəqqi romantiklərlə bağlı təhlillərində belə bir ayrıntı aparırdı: "Romantiklər onları əhatə edən həyatda, mühitdə və ümumiyyətlə, müasir cəmiyyətdə heç bir işıqlı, gözəl cəhət görmürdülərmi? Görürdülər: zamanın inqilabçıları, 1905-ci il qəhrəmanları, Təbriz inqilabçıları, səttarxanlar, zamanın ideyalı qələm sahibləri, sabirlər, zərdabilər, məktəblər, məktəbli uşaqlar, çadrasını atmış, oxumuş qızlar, köhnə adət-ənənələr, mövhumata, xurafata, mövcud cəmiyyət quruluşuna nifrət bəsləyən, başqa bir həyat arzusu ilə yaşayan yeniyetmə romantik gənclər... bunlar hamısı onların nəzərində gözəl həyat həqiqətləri, hadisələri idi, lakin "Xurafat içində həqiqətlər" idi". Zənnimcə, sadalanan bu faktlar romantizmin bütün yaradıcılarının əsərlərinin ideya əsasında dayanırdı. Sadəcə, sovet ideoloji baxış sistemi bir qisim sənətkarları xalqa yaxın, dərdlərinə həmdərd, millətinə aşina kimi tanıdır, digər qismini isə "mürtəce" adı altında tənqidə, təhrifə məruz qoyurdu. Akademik İsa Həbibbəyli "Ədəbi şəxsiyyət və zaman" kitabında yazır ki, "Əli bəy Hüseynzadə də Çar Rusiyasının müstəmləkəçilik siyasətinin acı nəticələrini görüb-göstərməkdən, mahiyyətini açmaqdan çəkinmirdi, demokratik dövlət quruculuğunun tərəfdarı idi,.. Mirzə Cəlil kimi o zaman İrandakı feodal quruluşunu ürəkağrısı ilə qarşılayır, Məşrutə inqilabına rəğbət bəsləyir, kömək etməyə çalışırdı. Onun "Siyasəti-fürusət"i buna ən parlaq sübutdur".

Əslində, Azərbaycan Cümhuriyyəti dövründə milli ədəbiyyatın daha çox romantik vüsət alması, toplumdan millətə gedilən yolun aydınlanması, xalq, vətən, anlayışlarının ədəbiyyatda konkretlik qazanması tənqidi realizmlə yanaşı, romantizmin də xidmətlərinin tarixi və real nəticələri idi. Hətta müqayisəyə qalanda demək lazımdır ki, milli romantizmin bir hərəkat kimi ideya əsası, məqsəd və vəzifələri, nəzəri prinsipləri böyük mütəfəkkirlər Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu tərəfindən formalaşdırılmışdır. Onların "Həyat" qəzetində (1905-1906) və "Füyuzat" jurnalında (1906-1907) dərc olunan məqalələri milli şüurun dirçəlişinə böyük təkan vermiş, dövrün şairləri - Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq və digərlərinin yaradıcılığında qüvvətli bir əməl cizgisi kəsb etmişdir. Şamil Vəliyevin "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri (1895-1917)" kitabında oxuyuruq: "Bu dövrdə Ə.Hüseynzadə redaktoru olduğu "Həyat" və "Füyuzat"da dünya romantiklərinin ədəbi-nəzəri görüşlərinin də əks olunmasına şərait yaradırdı. Romantik dünyagörüşün milli ədəbi fikirdə möhkəmlənməsinə çalışan Ə.Hüseynzadənin "Faust"dan tərcümələri, xüsusilə "Füyuzat"ın 2-ci nömrəsində dərc etdirdiyi "proloq" teatrda" parçası bu baxımdan maraq doğurur. Göründüyü kimi, Turan idealı, Vətən, İstiqlal, Millət mövzularının, Hürr duyğularının tərənnümü, eləcə də Əli bəy Hüseynzadənin əsasını qoyduğu "Türkləşmək, islamlaşmaq, müasirləşmək" üçlü triadasının meydana çıxması romantizm hərəkatının və romantizm yaradıcılarının xidmətlərinin nəticəsi idi".

Məmməd Cəfər romantik şeirin nəzəri-estetik prinsiplərinin təbliği məsələlərinə toxunaraq, başlanğıc mərhələ kimi daha çox 1905-ci ili qeyd edirdi. Romantizm cərəyanına mənsub şairlərin ənənəvi şeirdən, ənənəvi mövzulardan uzaqlaşıb xalqın ehtiyac və mübarizələrinə enməyi məqsəd seçmələrində, onların yenilikçi, çağırış əzmində Məmməd Cəfər doğru olaraq, Türkiyə poeziyasının təsiri olduğunu bildirirdi. M.Hadinin Namıq Kamal və Tevfiq Fikrət kimi inqilabçı şairlərə münasibətini öz dövrünə görə səciyyəvi sayırdı. Məmməd Cəfər H.Cavidin "İblis" və "Hərb və fəlakət" əsərlərində müəyyən türkçülük təsiri görür, "islamçılıq, türkçülük təsirləri M.Hadi və A.Səhhətin də ilk yazılarında özünü göstərirdi. Lakin qətiyyətlə demək olar ki, bu, romantiklərdə sistemli bir baxış, bir ideya deyil, türkçülük fikirlərinin müəyyən illərdə mənfi təsiri idi", - fikri ilə bu təsirlə barışmadığını sərgiləyirdi. Onu da deyək ki, Məmməd Cəfərin 1960-cı ildə yazdığı "Hüseyn Cavid" monoqrafiyasının da bu mövzuda məhdud cəhətləri vardı. Məsələn, o, "İblis" əsərinin ideyasını qiymətləndirərkən onu romantik üslubda yazılmış faciə kimi şərh etməklə bərabər, fəlsəfi ideyasını köhnə Şərq fəlsəfəsi kimi təhlilə cəlb edirdi: "İstər Elxanın və Arifin, istərsə də qoca Şərqin zehniyyəti yenə də köhnə Şərq zehniyyətidir", - yazırdı.

Məmməd Cəfərə görə, Azərbaycan romantizminin əsl mahiyyəti onun ideyasında idi. Bu cərəyanın yaradıcılıq ideallarından danışarkən, onların hamısına şamil etdiyi xüsusiyyətlər bunlar idi: ümumi narazı, narahat, əsəbi, üsyankar bir ruh, əhvali-ruhiyyə... Məmməd Cəfər romantizm yaradıcılarının əsərlərində ehtiva olunan millətlərin maariflənməsi, mədəniyyətcə irəli getməsi məsələsinin qoyuluşuna,  onların "öz millətlərinin zənginlərini mədəniyyət və "milli şüurca" Qərb millətlərinin zənginləri səviyyəsinə çatdırmaq" məramına tənqidi yanaşırdı.  Halbuki, özü etiraf edirdi ki, "romantiklər Şərq despotizmi dedikdə, iki mürtəce qüvvəni nəzərdə tuturdular: cismani və ruhani despotizm. Vətənin mədəni inkişafca geridə qalması və millətin məhkum bir millət halına düşməsi romantiklərin ən ağır dərdi idi. Romantiklər Şərqdən, Şərq xalqlarının ictimai-siyasi inkişaf və mədəni səviyyəcə geridə qaldığından çox yazır, bu xalqlara acıyır, onları intibaha, tərəqqiyə çağırırdılar". Lakin, nədənsə, Məmməd Cəfər bu məsələdə eyni prinsipdən çıxış edən tənqidi realistlərin məramını uca tutur, onların millət və xalq üçün can yanğısını daha səmimiyyətlə qəbul edir, romantiklərin hisslərinə inamsız yanaşırdı. Məsələn, alim yazırdı: "Ü.Hacıbəyov kimi realistlər Qərbə, Avropaya tənqidi yanaşmaqla, Avropa burjuaziyasının təcavüzkar hərəkətlərini və cinayətkar niyyətlərini görüb "xəbərdarlıq etməklə", romantiklərə nisbətən həyat həqiqətinə az-çox açıq gözlə baxa bilirdilər, ... romantiklər kimi həyatı idealizə etmirdilər".

Bu kimi fikirlərlə Məmməd Cəfər XX əsrin əvvəllərində milli mədəniyyətin Avropa mədəniyyətinə kompromisə getməsi barəsində romantiklərin mülahizələrinə münasibətdə, sanki bir qədər qeyri-səhihlik göstərirdi. Çünki səsləndirdiyi müddəalarla həmin dövrdə milli mədəniyyətin özümlüyü faktını, romantiklərin bu mədəniyyətə inamını bir qədər şübhə altına alırdı. "Romantiklərin bir çox yazılarında, məqalə və şeirlərində Qərbi Avropa həyatı haqqında birtərəfli və yanlış fikirlər var idi. Onların nəzərində çox zaman Qərb artıq azadlığa, yüksək demokratik mədəniyyətə, həqiqi demokratiyaya, rifah həyata, ağlauyğun dövlət quruluşuna malik olan cazibədar bir ölkə kimi görünürdü. Məsələn, M.Hadi Qərbdə feodal əlaqələrinin ləğv edilməsini, ruhanilərin kilsənin nüfuzunun azaldılmasını, elm, texnika, sənayenin inkişafını əsas götürüb elə güman edirdi ki, bu ölkələrdə xalqlar artıq azadlığa, demokratiyaya nail olmaq üzrədirlər. A.Şaiq müsbət qəhrəmanlarının dililə: "Bizim xalqımızın içinə Qərb mədəniyyəti girərsə, gələcəkdə böyük adamlar yetişəcəyinə inamım var" deyirdi. Bu, XX əsrin Qərb həyatına çox birtərəfli baxış idi".

Məmməd Cəfərin "Qərb ədəbiyyatına birtərəfli baxış", "Qərbə ideal həyat kimi yanaşmaq" kimi fikirləri romantiklərin yaradıcılıq xüsusiyyətinə, spesifikasına o qədər də uyğun deyil. Bunu görkəmli alimin özü də az keçmir ki, etiraf edirdi: "Lakin romantiklərdə maarifçiliyin və qərbçiliyin naqisliyini göstərib tənqid edirkən, biz heç də onların öz vətənlərinin maariflənməsi, mədəniləşməsi, sənayeləşməsi haqqında bəslədikləri təmiz, səmimi arzuları, gözəl niyyətləri inkar etmək fikrində deyilik. Onlar bu arzularında həqiqi, səmimi bir vətənpərvər idilər".

Zənnimcə, XX əsrin əvvəllərində yaşayan romantiklərin yaradıcılığı poetik siqlət, düşüncə hüdudsuzluğu və milli məfkurə aydınlığı baxımından fərqli hadisədir, ədəbi-tarixi gedişatın öz inkişaf məntiqindən doğan gerçəklikdir. 1985-ci ildə yazdığı "Azərbaycan romantiklərinin ədəbi nəzəri görüşləri" kitabında ədəbiyyatşünas Kamran Əliyev bunun düşüncə sınırlarını  müəyyənləşdirməyə cəhd etmiş və sovet ideologiyasının hökmfərma olduğu illərdə nisbətən doğru qənaətlər səsləndirmişdir: "XX əsr Azərbaycan romantiklərinin ədəbi-estetik görüşlərinin formalaşması klassik Azərbaycan və Şərq fəlsəfəsi və ədəbi-bədii fikri, həmçinin Avropa, rus romantizmi ilə bağlı olmuşdur". Buradakı fikirlərin daha cəsarətli və uca vurğulu səslənişi isə müstəqillik dövrü ədəbiyyatşünaslığında - Yaşar Qarayev, İsa Həbibbəyli, Azər Turan, Şirindil Alışanlı, Timuçin Əfəndiyev, Vəli Osmanlı, həmçinin yuxarıda adıkeçən Kamran Əliyevin və başqalarının romantizmlə bağlı tədqiqatlarında baş tutmuşdur. Buna baxmayaraq, Məmməd Cəfərin "Azərbaycan ədəbiyyatında romantizm" kitabı sovet dövrü ədəbiyyatşünaslığında müəyyən izlər qoymuş, özündən sonrakı tədqiqatların meydana çıxmasında, romantizmlə bağlı elmi-nəzəri düşüncənin formalaşması və inkişafında əsaslı zəmin olmuş əsərdir.

Bir qədər əvvəl, yaradıcılıqla daxili aləmin, fərdi duyumun birgəliyi məsələsinə toxunmuşduq. Belə bir müqayisə Məmməd Cəfər təbiətindəki romantik vüsəti üzə çıxarmağa imkan yaradır. Vaxtilə ədəbiyyatşünas alim İmamverdi Əbilov "Ömrün və elmin romantikası"nda yazırdı ki, "təfəkkür və düşüncə tərzi, büllur xisləti, pak əxlaqı, elm naminə fədakarlığı, həyat eşqi ilə XX əsrə zinət olan bu nadir şəxsiyyətin, azman mütəfəkkirin şəxsi həyatı da, zəngin irsi də insanın yaşayıb-yaratmaq eşqini qanadlandıran romantik dünyadır"... Bəli, elmin romantikasını yaradırdı Məmməd Cəfər! Məqalələrinin birində bu məqama vurğu salan fikirləri yer alır: "Tənqiddə romantika nədir? Lazımdırmı? Yəqin ki, lazımdır. Nə üçün? Sevərək yazmaq üçün, gözəlliyi duymaq üçün, arzu edilən gözəlliyi təbliğ üçün".

Doğumunun 110 illiyi qeyd olunan Məmməd Cəfər Cəfərov irsi bütünlükdə bu estetik məhvərdədir,  elmin və ömrün romantik cazibəsinə sığınaraq sabaha doğru yol almaqdadır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!