Əvvəli burada: http://edebiyyatqazeti.az/news/edebi-tenqid/3635-ehmed-bedi-receb-oglu-trinic
Sentyabr 1927-ci ildə S.M.Kirov Leninqrada getdikdən sonra Azərbaycana təyin olunmuş daşnak erməni Levon Mirzoyan Əhməd Triniçin qəsdinə durub.
"Ermənilər tərəfindən təqib edilən Triniçə əngəllər yaradılmağa başlayıb; 19 sentyabr 1927-ci ildə "Kommunist" qəzetinin redaktoru olan Əhməd Triniçin məzuniyyət müddəti heç bir səbəb olmadan 15 noyabra qədər uzadılıb. Qəzetin redaktorluğu Əliheydər Qarayevə həvalə edilib. 1928-ci ildə yenidən öz vəzifəsinə başlayan Triniç Almaniyaya, Köln şəhərində keçiriləcək mətbuat sərgisinə rəsmi dəvət alsa da, Levon Mirzoyan Mərkəzi Komitənin Rəyasət Heyətinin 10 may 1928-ci il tarixli qərarı ilə Ə.Triniçin Almaniyaya səfər etməsini uyğun görmür".
Bir tərəfdən ermənilər ona əngəl olmağa çalışır, digər tərəfdən isə dostu, ölkə rəhbəri tərəfindən əməyi mükafatlandırılır. "Kommunist" və "Bakinski raboçiy" qəzetlərinin 27 aprel 1933-cü il tarixli sayında "Türk teatrının 60 illiyi" başlığı altında gedən rəsmi materialdan teatrın 60 illiyinin təntənəli yığıncaqda qeyd olunması, yığıncağı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultan Məcid Əfəndiyevin açması, Azərbaycan SSR maarif komissarı Məmməd Cuvarlinskinin məruzəylə çıxış etməsi ilə yanaşı, təntənəli yığıncaqda Mir Cəfər Bağırovun imzaladığı rəsmi qərarın elan edilməsi də məlum olur. Qərarda deyilir: "SSRİ Mərkəzi İcraiyyə Komitəsindən xahiş edilsin ki, Şahbazov, Məmməd Cuvarlinski və Əhməd Triniç Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunsunlar". Triniçin "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunması haqqında məlumat Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin elmi-məlumat kitabxanasında saxlanılan "Azərbaycan arxivi" jurnalında dərc olunmuş Milli Dram Teatrının tarixinə aid sənədlər də öz əksin tapıb. Sənədlərdən birində deyilir ki, 1933-cü il aprelin 27-də Azərbaycan teatrının 60 illiyinin bayram edilməsi mərasimində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultan Məcid Əfəndiyev elan etmişdir ki, Azərbaycan Türk Dram Teatrının direktoru Əhməd Triniçin "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunması SSRİ Mərkəzi İcraiyyə Komitəsindən xahiş edilmişdir".
Dövrün xronikasını izlədikcə görürük ki, bu illərdə yüksək məqamlarda yad millətdən olanlar, xüsusilə ermənilər daha çox yer tutmuşdur. Məsələn, Çkalovdan və Polonskidən sonra, 1933-cü ildə daşnak Ruben Azərbaycana göndərilmişdir. Ruben də sələfləri kimi, 1918-ci ildə Quba qəzasında daşnakları "əsir almış", öldürmüş Əhməd Triniçdən qisas almaqda qərarlı olmuşdur. Həmin dövrdə Əhməd Triniç Azərbaycan Türk Dram Teatrının direktoru vəzifəsində çalışmasına baxmayaraq, Mərkəzi Komitənin qərarı ilə onun işini araşdırmaq üçün komissiya yaradılmış və təftiş olunmuşdur. Triniçin 1918-ci ildə Mart qırğınlarında bir xeyli ermənini öldürməsini həzm edə bilməyən ermənilər onu məhv etmək üçün hər anı dəyərləndirir, fürsət gözləyirdilər. Onlar üçün belə bir fürsət 1936-cı ildə yaranır. 1936-cı ilin aprel ayında Daxili işlər orqanları Moskvadan ittifaq komissarı Yejovdan gizli əmr alır. Əmrə görə, antisovet partiyaların üzvləri (eserlər, gürcü menşevikləri, müsavatçılar, ittihadçılar, daşnaklar və b.) həbs edilməli, "Üçlük" tərəfindən (3 nəfərdən ibarət məhkəmə) işlərinə son verilən kimi güllələnməlidir. Bu qərardan faydalanan erməni Tevosyan dərhal qərar qəbul edir (19 aprel 1936). Hazırlanan qərarda göstərilir ki, Vətəndaş müharibəsi zamanı əksinqilabi fəaliyyətinə, türk ordusunun zabiti olduğuna və s. əməllərinə görə Triniç Əhməd Bədi DTK (KQB) tərəfindən saxlanılsın."
Qərara bolşeviklərin Azərbaycan KQB-də vəzifəyə gətirdikləri üç erməni - Tevosyan, May, Avanesyan imza atır. Beləliklə, ermənilərin qəbul etdiyi qərarla Azərbaycanda milli kadrların hazırlanmasında böyük işlər görən, müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışan A.Triniç 1936-cı ilin yanvar ayında KQB tərəfindən Türkiyə casusu kimi həbs edilir. Sovet İttifaqını dağıdaraq Vahid Türk-Tatar Dövləti qurmağı planlaşdırmaqda günahlandırılır. Triniçin həbs olunmasını eşidən zaman Abdulla Şaiq deyir: "Bədbəxti "Türkiyəyə casusluqda" ittiham eləyiblər, əslində, alban türkü olan Triniç o vaxt Qubada baş verənlərin güdazına gedib, Levon Mirzoyan çoxdan onu gözaltılayıbmiş, üç il əvvəl yaradılmış komissiya bu məsələni araşdırırmış, "troyka" üzvlərinin ikisi erməni, biri yəhudiymiş. İndi, yəqin, o bədbəxti tanıyanları bir-bir çağırıb danışdıracaqlar: Əhməd Rəcəb Triniçi nə vaxtdan, necə tanıyırsan, onunla hansı əlaqələrin olub; "xalq düşməni"nin əməllərindən xəbərin vardımı və s. Triniç qəsdinə duran, istintaqı aparan və ona işgəncələr verən ermənilərə boyun əymir, bəzi mənbələrdə düymə udaraq, bəzi mənbələrdə özünü asaraq intihar edir (8 iyul 1937).
Oğlu Fridrix Triniçin keçmiş Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə yazdığı məktuba cavabda atasının ölümü haqqında yazılır: "1937-ci il iyul ayının 8-də vətəndaş Triniç Ə.B. kamerada asılmış vəziyyətdə tapılmışdır. Onun ölümü barədə başqa digər məlumatlar yoxdur". Son illər tədqiqatçı alim Adıgözəl Məmmədovun araşdırmalarında geniş şəkildə bəhs edilən Triniçin oğlu Fridrixin xatirələri atasını tanımaqda oxucuya kömək edir. O, atası haqqında xatirələrində yazır: "Həmin illərdə atam Azərbaycanda kifayət qədər tanınmış bir şəxs olmuşdur. Atam üç dəfə də evlənmişdi. Mənim anamla (üçüncü arvadı) Moskvada tanış olmuş, 1931-ci ildə hələ 20 yaşı olmayan anamı Bakıya aparmışdır; baxmayaraq ki, aralarındakı yaş fərqi 18 il olmuşdur. Maraqlıdır ki, atam elə az sayda adamlardan idi ki, beynəlxalq münasibətlərlə məşğul olur, qəzetlərdə İran və Türkiyədəki vəziyyətdən yazırdı, sanki mənim peşəmi qabaqcadan duymuşdu. Atam 1918-1920-ci illərdə türk əks-kəşfiyyatına işlədiyinə görə təqsirli bilinərək 1936-cı ilin aprelində, daha doğrusu, əvvəllər raykomun təlimatçısı kimi bizim evdə tez-tez qonaq olmuş Bağırovun hakimiyyətə gəlişindən az sonra həbs edilmişdir (20-30-cu illərdə o, özünün "İttihad" partiyasının üzvlüyündə olmasını gizlətməyərək bir neçə dəfə partiya "təmizlənməsindən" keçmişdi).
Uzun-uzadı sorğu-sual zamanı o, təqsirli olduğunu boynuna almamış, özünə qarşı olan ittihamları iftira adlandırmışdır. 1936-cı ilin oktyabrında istintaq başa çatsa da, atamın tələblərinə və müstəntiqlərin vədinə baxmayaraq, məhkəmədə onun işinə 9 ay ərzində baxılmamışdır. 1937-ci il iyulun 8-də atam kamerada asılmış vəziyyətdə tapılmış və istintaq bunu özünəqəsd kimi qiymətləndirmişdir. Buna inanmaq çətin idi, çünki mühafizə olunmuş həbsxana gündəliyi onun əhval-ruhiyyəsinin yüksək olduğunu və özünün müqəssir olmadığını sübut etməyə cəhd etdiyini göstərir: "Neyləyə bilərsən, qələm düşmən əlindədir, mən isə müdafiə hüququndan məhrum olunmuşam. Eybi yox, belə nömrələrlə mənim iradəmi qıra bilməzlər".
"Atamın müəmmalı ölümündən sonra anam Bakıdakı mənzilimizi tərk edərək, 1938-ci ildə mənimlə birlikdə Moskvaya valideynlərinin yanına getdi. Görünür, bu da onu həbsdən qurtarmışdı. Uzun illər atam barədə əsl həqiqətləri məndən gizlətmişlər". Fridrixin də vurğuladığı kimi, Əhməd Bədi Triniç haqqında həqiqətlər gizlədilmişdir, lakin yalnız ondan deyil.
Əhməd Bədi Triniç Rəcəb oğlunu daha yaxından tanımaq üçün KQB arxivində saxlanan istintaq sənədlərinə və bu sənədlər əsasında aparılan araşdırmalara nəzər salmaq kifayətdir. Məsələn, Sovetlərə qənim kəsilən Əli bəy Zizikskinin və dostu Əhməd Triniçin ismi Sovet çekisti K.Əfəndiyevin N.S.Xruşşova Mir Cəfər Bağırovu tanıtmaq, "maskasını düşürmək" və faktlarla sübut etmək məqsədi ilə yazdığı 7 oktyabr 1953-cü il tarixli məktubunda xüsusi olaraq qeyd edilir. Məktub sahibinin yazdığından öyrənirik ki, "M.C.Bağırov Əli bəyə və Əhməd Triniçə himayədarlıq edirmiş. Sovetlərə qarşı gələn, silaha sarılaraq döyüşən Əli bəy Zizikskinin zərərsizləşdirilməsinin Bağırova tapşırılmasına baxmayaraq, o, Zizikskini nəinki zərərsizləşdirməmiş, əksinə, himayəsinə almış, Beriyaya "Mən onu (Zizikskini) tanıyıram. Ondan təhlükə gözlənilmir!" - demişdi. Əslində isə "qorxulu və həyəcanlı xəbərlər gəlirdi ki, Kaleybugurt şeyxlərilə, qolçomaqlarla "Türkiyə könüllüləri ilə" birgə - onların fikir babaları Triniç Əhməd adlı birisi olub - müsavatçılar Qaraqoyunlu üsyanı hazırlayırlar. Bütün çalışmalar pantürkizm şüarı ilə aparılırdı". Hər dəfəsində fikrini möhkəmləndirmək üçün "Bu, təsadüf ola bilərmi?" - şəklində suallar vermiş Sovet çekisti yazır: "Məlumdur ki, 1918-ci ildə Türk əsgərləri Azərbaycanı işğal etdilər, gənc Sovet hökumətini boğdular. Belə bir zamanda Bağırov özünün dediyinə görə, Qubadan Həştərxana getmişdi. Həmin vaxt Qubaya Şükrü Paşa gəlmişdi. Türklərin qərargah rəisi Əhməd Bedin idi. Bir çox antisovet elementləri Türklərin və Müsavatçıların tərəfinə keçmişdi. Mən və bacım (məktubu yazan şəxs) o vaxt Qubada idik. Quba "Uyezdrevkom"unun müavini Məhəmməd Mehdini bizim gözümüz önündə ipə asdılar. Bunu Əhməd Bedin, Əli Zizikski, Hacı Ağa Şahverdiyev (indi Sov.İKP-nin üzvü və Bağırovun dostu) etdi.." Quba "Uyezdrevkom"unun müavini bolşevik Məhəmməd Mehdinin ipə asılmasını faciə kimi dəyərləndirən" sovet çekisti unudur, ya da bilərəkdən üzərinə gəlmir, bu illərdə Qubada, Şamaxıda, Bakıda, Naxçıvanda kütləvi şəkildə öldürülən müsəlmanları).
Qubada Əhməd Bedin kimi tanınan şəxsın Triniç olduğunu təsdiq etməyi qarşısına məqsəd qoymuş sovet çekisti K.Əfəndiyev davam edir: "Nəhayət ki, Azərbaycanda Sovet hökuməti quruldu. Bağırov Azərbaycan FK-nın (fövqəladə hal komitəsi) rəhbəri oldu. Mən və bir sıra kommunistlər Əhməd Bedini tanıyırdıq, o, ÜİK(b)P-nin üzvü və vəzifə sahibi Əhməd Triniçə çevrilmişdi". Xruşşova yazdıqlarını konkret faktlarla sübut etməyə çalışan Sovet çekisti bunun üçün gördüyü işləri sadalayır: "Partiyanın (bolşevik partiyası) kəşfiyyat xətti ilə birbaşa özüm Bağırova xəbər verdim ki, Qubaya daxil olmuş Türk əsgərlərinin qərargah komandiri olan Əhməd Triniç həmin Əhməd Bedindir. Bu o şəxsdir ki, bolşevik Məhəmməd Mehdini ipə asmışdı. Rəsmi informasiyalarla sübut edilmişdir ki, bu Əhməd Triniç məşhur türk kəşfiyyatçısı, antisovet qruplaşmaların təşkilatçısı, pantürkizmin ideoloqudur, O, müsavatçılarla əlbirdir və s. Ancaq Bağırov (FK komissarı) bunu qulaqardına vuraraq gözə kül üfürür və deyir: "Azərbaycan MK-ya məlumdur ki, Əhməd Triniç partiya tərəfindən düşmən düşərgəsinə iş üçün göndərilmişdir, bu hamımıza məlumdur. Mənim xəttimlə (kəşfiyyat) sərəncam daxil olmuşdu ki, "Triniçin işini bitirin. Bu qədər təsadüf ola bilərmi?". Sovet kəşfiyyatçısı bununla da kifayətlənməyib Trinçin fəaliyyətini ortaya qoyur: "Əhməd Triniç öz əksinqlabi fəaliyyətini belə davam etdirdi: "Yüksək pedaqoji təhsil təşkil etmək adı altında Azərbaycan Pedaqoji İnstitutuna (APİ) Türkiyədən müəllimlər dəvət olundu. Həmin müəllimlər elmin və Azərbaycan dilinin bilicisi" kimi tanıdıldı. Triniçin xeyir-duası, Bağırovun başçılığı ilə Azərbaycana "mütəxəssis müəllimlər"in gəldiyini vurğulayan sovet kəşfiyyatçısı davam edir: "Tez bir zamanda mən ("Ayaz" ləqəbi ilə) yenə xəbər ötürdüm (təbii ki, Moskvaya) ki, APİ müəllim-mütəxəssis yox, türk kəşfiyyatçıları hazırlayır. Onların hamısı Əhməd Triniçlə bağlı idi. O isə nüfuzunu artırır və hökumətdə yer tutmuş burjua millətçiləri ilə sıx əlaqə saxlayırdı". Ancaq həmişə mənim ağzımdan vururlar, yəni ki, bu sənin obyektlərin deyil, "əngəl olma".
Davamı gələn sayımızda
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!