"Kim aparacaq məni ora?" - Xuraman Hüseynzadə yazır

Mübariz Örənin hekayələri haqqında

 

"Burda pul qar kimidir, nənə, adamın əlində qalmır" epiqrafı ilə başlayan "Kim aparacaq məni ora" hekayəsində neftin ucuzlaşmasının Radujnı şəhərinə təsiri Alber Kamünün "Taun" romanında Əlcəzairin Oran şəhərində taun xəstəliyinin həyatı iflic etməsinə bənzəyir. Bir tərəfdən "nənə" dediyi anasının, digər tərəfdən, Lyudanın çağırması onu iki yol ayrıcında qoyur.

Ana duası

Bu hekayədə "Axırıncı alkaş kimi meyitimi tullayacaqlar Aqanın qırağına" deyən Qurban Eldarın yadına tez-tez düşürdü. O, ətək-ətək pulu aparıb Fyodor kişiyə xərcləmişdi. Öz kəndlərinə isə bir sınıq kərpic qıymamışdı. Heç özünə də bir daxma qaralamamışdı. Oğlu Ruslan da sonda anasının arxasıyca düşüb getmişdi. Bir vaxtlar nənəsi Eldarın Rusiyaya getməsinə razı deyildi... Onu xalası qızı ilə nişanlamışdılar. Səhərisi gün o, kənddən çıxıb getmişdi. Gedərkən vaqonda gördüyü erməni də içinə dolan qeyri-müəyyənlik kimi onu şimala çağırırdı. Nənəsinin istəyinin əksi olaraq gedib Qurbanla görüşmüşdü. Şimalda dolanmağın çətinliyindən danışırdı Qurban. Özü yaxşı təqaüd alırdı, amma...

Nəhayət, anası Gülənin duaları hasil olmuşdu. Uzun müddət ağzı qıfıllı qalan pinəçi budkasını ərzaq köşkü etməsindən sonra pul, pul dalıyca gəlir Eldara. Sovetin dağılan vaxtı... Nə satsan gedən bir vaxta təsadüf edən bu qəfil varlanmaq Eldarın Eldar Rustamıç adlandırılmasına səbəb olur. Bir vaxtlar dediyi sözləri indi bu cür dəyişmişdi: "Burda pul qar kimidir, nənə, hara baxırsan puldu". Amma... Sən saydığını say,- deyir fələk. Yəqin ki, xalası qızı Südabənin ah-naləsi, qarğışı hər şeyi alt-üst eləyir. Pulla davrana bilmir Eldar. Lyudanın hamilə olması Südabənin də taleyinə təsir edir... Eldar nişanlısını qoyub gedir. Südabə isə onun yolunu gözləyir...

Və bir gün atasının ağ, nurlu sifətini günəş zənn edir, sonra Qurban onu cənnət qoxulu yerə - öz yanına aparmaq istəsə də, yaxınlaşmır ona...

Eldarın yaşadıqlarını oxuyarkən Heminqueyin "Qoca və Dəniz"ində qocanın qayığa qonan quşa demək istədikləri yada düşür. O istəyir desin ki, qırğılar uçub sənin dalınca gəlir. Sonra fikirləşir ki, quş onsuz da onu başa düşməyəcək. Qırğının nə olduğunu isə həyat özü ona öyrədəcək... Eldara da pulun nə demək olduğunu həyat özü öyrədir: o, əriyən qar kimidir, ya yox?..

Yuxu ilə gerçəklik...

Freyd nəzəriyyəsinin daha çox hiss olunduğu deyilən "Qazanılmış günün siestası, yaxud balıq gülüşü" hekayəsində balaca oğlanın böyüməsi, cinsi yetişkənliyi əks olunur. Hekayə haqqında tənqidçi Elnarə Akimovanın dediklərini xatırlayaq: "...Qazanılmış günün siestası, yaxud balıq gülüşü" hekayəsi bütün psixoloji-fizioloji aksiomatikliyi ilə özündə insanın şüuraltı dərinlərini, yuxu ilə gerçək, realla irreal dünyaların vahid məkanda çulğaşma anını ehtiva edir. Şüuraltı məqamlara diqqət çəkən psixoloji meyillərin yaranması, erkən uşaqlıq illərinin yaşantıları bədii dərkin predmetinə çevrilir. Bu hekayə qəhrəmanın öz uşaqlığından qopmasının bir anını görüntüləyir. Böyümək anı... Mübariz Örən mövzunu yuxunun irreal qatında təşbihinə çalışmaqla onu bir növ "yabanı" hiss və yanaşmaların ağuşundan xilas edir".

Göyərçinlərin ahı

"Oğru" hekayəsində göyərçinlərin ovu, başlarının üzülüb satılması və sonra oğrunun özünün motosikletin kanala aşması səbəbindən boynunun betonla motosikletin arasında qalıb qırılması oxucuda belə bir hiss yaradır: Göyərçinlərin boğazını üzdüyü üçün "Quşbaş Əli" adı verilən Əlini göyərçinlərin ahı tutur. Yazıçı özü oxucunu qabaqlayıb bunu desə də, oxucuda bu hiss Əli göyərçinlərin boğazını üzüb satanda yaranır: Onların ahı səni tutacaq, Əli! Əlinin nəslində ölüm halları artdıqca oxucunun yadına yenə boğazı üzülmüş göyərçinlər düşür. Yazıçının "Qazanılmış günün siestası, yaxud balıq gülüşü" hekayəsində sığırçınlardan, "Oğru" hekayəsində göyərçinlərdən bəhs etməsi Həmid Piriyevin hekayələrinə bənzəyir. Həmid Piriyev də sərçələrdən, şanapipiklərdən, qaratoyuqlardan eyni entuziazmla söz açır.

Dövrün tələbləri

"Skayp" hekayəsi müasir dövrün tələblərinin bədii inikasıdır. Hekayə "gülüm səsi"ilə "gün hissəsi" sözlərini həmqafiyə etmək cəhdi ilə başlayır və kənd həyatının özünəməxsusluğunun təsviri ilə davam edir. Bu giriş müəllifin kənddə postmodernizm axtarması üçün yaxşı başlanğıc olur. Müəllif Eyvaz kişinin postmodernist baxışlarından danışarkən oxucu qeyri-ixtiyari hekayənin adına baxır və onu müasir dövr ilə baş-başa qoyacaq hekayə oxuduğunu anlayır... Eyvaz kişinin öləndə köhnə qəbiristanlıqda basdırılmasını, yas mağarının da nasosxananın həyətində qurulmasını vəsiyyət etməsinin onun arvadının işləkləri olduğu deyilir. Kənd camaatının yelli-yelkənli yüksəkliyi qoyub havasız dərədə ev-eşik sahibi olması suya görə idi. Gölün suyu yuxarı çıxmadığı üçün sonradan həmin nasosxananı tikməli olurlar. Vaxtında su olmadığı üçün camaat dərədə yurd-yuva qurmalı olur... Hekayənin bu yerində yada Herman Hessenin "Siddhartha"sı düşür. Siddhartha suyun səsinə diqqətlə qulaq asır həmişə. O, bir dəfə həmin çayda boğulmaq istəsə də, indi suya başqa cür - sevgi ilə baxır, səsinə diqqətlə qulaq asırdı. Sanki suyun ona söyləmək istədiyi önəmli nəsə vardı. Bir zamanlar boğulmaq istəyən Siddhartha ölmüşdü, sanki yeni Siddhartha isə bu sulara qarşı dərin bir sevgi duyurdu. O, qərara gəlir ki, bu sulardan bir daha ayrılmayacaq...

Eyvaz kişinin oğlu Vəkilə xəbəri Nuridə Skaypla verir və o da bircə günün içində Krasnodardan özünü yetirir. Xeyirlə şər qardaşdır, deyirlər. Hekayənin qəhrəmanı toy dəvətnaməsini bibisi oğlu Məhiyə şəxsən özü verdiyini deyir. Məhi isə toyda gözə dəymir. Eyvaz kişinin ölüm xəbəri çıxana kimi evdə Məhinin söhbəti gedir.

Hekayənin digər qəhrəmanlarından biri də Fəxrəddindir. Ən yaxşısını o edir: nə əkir, nə becərir, özü üçün yaşayır. Fəxrəddinin qardaşı İsmayıl Samarada qubernatorla çox mehriban olur. Hekayənin qəhrəmanı yolda bibisini də özü ilə götürür. Bibisi deyir, bala, Skayp olmasaydı Vəkil hardan biləcəkdi Eyvazın öldüyünü? O, bibisinə Skaypın çox vacib olmadığını bildirir: telefon var, gedib-gələn var, - deyir. Bibi Skaypın vacibliyindən danışır. Bibinin bina evinə gəlişi sevinclə qarşılanır həmişə. Qonşu Lyuda ilə söhbətləri də maraqlı olur. Lyuda rusca danışır, bibi azərbaycanca. Amma bir-birlərini başa düşürlər. Evdə Skaypdan istifadə etməyə başlamaları başqa ab-hava yaradır. İki dəqiqənin içində Tambovda yaşayan Münasib dayısının arvadı Qaraqızı tapır Skaypda. Qadınlar onlar özləri üçün maraqlı olanlardan danışmağa başlayırlar. Söhbətin şirin yerində bibinin "fikir kimi yüyrək" Skaypı Samaradakı kiçik oğlugilə calanır. İsmayılın istəyi ilə süfrəyə çolpa çığırtması gəlir. Məhinin toya gəlməməsindən danışanda Səkinə yenə Məhiyə qahmar çıxır. Sonra söz yenə İsti babayla - İsmayılla Səkinədən düşür. Yenə həmin söhbət: "Gülüm səsi", yoxsa "gün hissəsi" deyildiyindən gedir. İsti babanın adını yaşadan İsmayıl deyir ki, "gülüm səsi"ni Səkinə nənə deyib. Bibi deyir ki, yox, Səkinə nənə "gün hissəsi" yerini deyib. O deyir, bu deyir, İsmayıl şüşə külqabını götürür və... Monitorda hər şey yoxa çıxır. Bibi telefonu istəyir ki, İski babadan xəbər tutsun. Bu zaman nəvəsi əlində telefon gəlir. Telefonda nəvə İsmayılın eybəcər hala salınmış şəkli görünür. Nənə bunun nə olduğunu soruşanda hekayənin qəhrəmanı bunun Vats app olduğunu deyir və başa düşür ki, nənənin bəşəriyyətin bu yeni icadından hələ xəbəri yoxdu... Bir anlıq bibini Səkinə nənəyə oxşadan qəhrəman insanın insana nə qədər oxşadığına mat qalır. Elə nəvə İsmayıl baba İsmayıla, Vatsapp da Skaypa bu cür oxşayırdı... Bir-birinə bənzəməyən hekayələri birləşdirən identik cəhətlər var: insan taleyi, sadəlik, zəhmətkeşlik, çətinlik, şanssızlıq, tənhalıq, və s. İnsan taleyi Mübariz Örənin də hekayələrinin əsas xüsusiyyətidir...

Con Fovles deyir ki, yazıçılar bir növ Tanrıdır. Çünki yazdıqları əsərlərdə obrazları istədikləri kimi yaradırlar. Biz də yaradılan obrazları oxuduqca yazıçıya qarşı bir müddət sonra doğmalıq hiss etməyə başlayırıq. Həm yazıçını, həm də yaratdığı obrazları özümüzünküləşdiririk...

Mübariz Örən Con Fovlesin dediyi yazıçılardandır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!