Ruhi Bağdadi sorağında... - Vaqif YUSİFLİ yazır

 

Ədəbiyyat tariximizdə elə şəxsiyyətlər var ki, onların yaradıcılığı haqqında demək olar ki, heç bir bilgiyə rast gəlmirik, yaxud tədqiqatçılar bir neçə kəlmə ilə həmin sənətkardan söz açırlar. Halbuki onların da unudulmamağa haqları çatır. Təbii ki, burada söhbət ədəbi mühitdə "kölgə" rolunu oynayan yazarlardan getmir, həmin mühitdə sayılan, seçilən və yaradıcılığı ilə ədəbi prosesə təsir göstərən söz adamlarından gedir. Belə şəxsiyyətlərdən biri də XVI əsr Azərbaycan şairi, Bağdadda yaşasa da, öz doğma dilində - azərbaycanca şeirlər yazan "Divan" bağlayan Ruhi Bağdadidir. Təəssüf ki, orta əsr təzkirələrində adı tez-tez çəkilən, xüsusilə, Türkiyədə və İraqda çap olunan ədəbiyyatşünaslıq mənbələrində xatırlanan, hətta Avropa müəlliflərindən Hammer və Cibbin əsərlərində də haqqında söz açılan Ruhi Bağdadi bizim ədəbiyyatşünasların diqqətini az cəlb etmişdir. 2001-ci ildə filologiya elmləri doktoru Azadə Musayevanın əlyazma qaynaqları əsasında hazırladığı Ruhi Bağdadi "Divan"ı (I cild) "Örnək" nəşriyyatında çap edilmişdir. Həmin kitabda "Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi..." geniş müqəddiməsi ilə də tanış oluruq. Amma buna qədər nə Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" tədqiqatında, nə üçcildlik və sonra yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitablarında, nə də Əlyar Səfərlinin və Xəlil Yusiflinin "Azərbaycan ədəbiyyatı tarixi" (XIX əsrə qədər) dərsliklərində Ruhi Bağdadi haqqında məlumata rast gəlmədik. Ancaq sevinməyə dəyər ki, ədəbiyyatşünas Şöhrət Səlimbəylinin "XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti. Ruhi Bağdadinin həyat və yaradıcılığı" kitabı (elmi redaktoru Paşa Kərimov) işıq üzü gördü və həmin boşluq aradan qaldırıldı. Bu kitabın ənənəvi qayda üzrə ayrı-ayrı fəsillərinin məzmununu nəql etmək fikrində deyilik, ancaq kitabda XVI əsr Bağdad ədəbi mühiti və Ruhi Bağdadinin həyat və yaradıcılığı ilə bəzi məsələlərin necə işıqlandırılmasına diqqət yetirəcəyik. Birincisi ondan başlayaq ki, XVI əsr Bağdad mühitində nələr baş verirdi və Azərbaycandan çox-çox kənarda türk-Azərbaycan ədəbi mühiti necə formalaşmışdı? Şöhrət Səlimbəyli o dövrün ictimai-siyasi vəziyyətinə xüsusi diqqət yetirir, yazır ki: "Siyasi mübarizələrə, müharibələrə baxmayaraq İstanbul, Herat, Bağdad, Təbriz başda olmaqla İran və Orta Asiyadakı mərkəzlərlə mədəni əlaqələr davam etmişdir. Təbriz, Bağdad və Osmanlı mədəniyyət mərkəzlərində XVI əsr boyunca ustad şairlər yetişmişdir. Şairlərin sayının sürətli artımına baxmayaraq, əsrə damğasını vuran şeir ustadları Füzuli, Əhdi, Ruhi, Baki, Üsuli və Xəyalidir". Doğrudan da, XVI əsr müsəlman və türk aləmində şeirin-sənətin yüksəlişi baxımından bir yüksəliş dövrü olub. Elə dörd şairin adını çəkmək kifayətdir ki, bunun həqiqət olduğuna qətiyyən şəkk etməyək - Xətai, Füzuli, Nəvai və Cami. Bu şairlərin türk şeir aləmində təsir dairələri hüdudsuz idi. Ruhi Bağdadi də məhz bu ədəbi-mədəni təsir dairəsindən çıxa bilməzdi. Və burada qeyd etməyə dəyər ki, Azərbaycan dili də öz yüksəliş mərhələsinə daxil olurdu. Füzuli "düşvari asan eləmək"lə türk dilində də şeirlər yazmağın məharətini sübut edirdi. Şöhrət Səlimbəyli bu məsələyə geniş aspektdə yanaşır. O, Türkiyədə nəşr olunan 6800 səhifəlik irihəcmli "Böyük Türk klassikləri" kitabına müraciət edir. O, kitabda Ruhi haqqında yazılanları nəzərimizə çatdırır: Ruhi öz qəzəllərini sadə bir dillə və xalqın danışdığı kəlmə və deyimlərə çox yer verərək söyləmişdir". Bu dil isə Azərbaycan dili idi. Onu da qeyd edir ki, ərəb-fars dillərində inkişaf edən ümumtürk poeziyası XVI əsrdən başlayaraq öz yerini türk dillərinə verməyə məcbur oldu, buna görə də Azərbaycan ədəbi məktəbinin nümayəndələri Bağdaddakı ədəbi məclislərdə Azərbaycan türkcəsində yazıb-yaratmağa başladılar. Eyni zamanda Osmanlı və Azərbaycan dillərinin yaxınlaşması prosesi baş verdi.

Bağdadda isə Azərbaycan poeziyası aparıcı rola malik oldu və burada, təbii ki, Füzulinin də böyük rolu olmuşdur. Şöhrət Səlimbəyli Bağdadda Füzulidən sonra tanınan azərbaycanlı sənətkarların adlarını çəkir: Əhdi Bağdadi, Şəmsi Bağdadi, Hüsni Bağdadi, Rindi Bağdadi, Zöhdi, Muradi Bağdadi. Nəinki adlarını çəkir, "Bağdad ədəbi mühitində azərbaycanlı sənətkarlar" yarımfəslində hər birinin yaradıcılığı haqqında məlumat təqdim edir.

İkincisi; Ruhi və onun yaradıcılığı haqqında nə demişlər? Ş.Səlimbəyli R.Bağdadi haqqında məlumat verən qaynaqların xronologiyasını təqdim edir və doğrudan da, heyrətə gəlirik. İlk məlumat isə Əhdi Bağdadinin "Gülşəni-şüəra" təzkirəsindən gəlir. Əhdi Bağdadi yazır ki, "Bağdadidir, amma asli pak-nihadi və nesebi ferruh-nijadi Rumidir". Əhdi Bağdadi "Gülşəni-şüəra"da Ruhinin beş beytlik bir qəzəlini də nümunə kimi göstərir, onu bənzərsiz, qəmli-qüssəli bir şair adlandırır. Ruhi Bağdadidən çox mənbələr məlumat verir - Şehi Bəyin "Həşt Behişt" əsəri, Kınalızadə Hasan Çələbinin "Təzkirətüş-şüəra" əsəri və onlarla belə təzkirələrdə Ruhi bir qüdrətli şair kimi anılır. Avropa müəlliflərindən Hammer və Cibb də məlum qaynaqlara əsaslanaraq öz əsərlərində Ruhi Bağdadini Ruhini zamanın ən yaxşı şairlərindən biri hesab etmişlər. Ruhi Bağdadi haqqında keçmiş Sovetlər birliyində gürcü alimi E.D.Cavelidze "Ruhi Bağdadi" adlı monoqrafiya yazmışdı. Bəs Azərbaycanda? Doğrudur, onun haqqında ədəbiyyat tarixi kitablarında sükut hökm sürsə də, professor, ədəbi dil tariximizin görkəmli mütəxəssisi Samət Əlizadə "XVI əsr Azərbaycan ədəbi dili" mövzusunda yazdığı doktorluq dissertasiyasında Ruhi Bağdadi divanını faktiki dil materialları sırasında tədqiq etmişdi. Pənahi Makulu da "Ədəbi məlumat cədvəli"ndə Ruhi ilə bağlılıqsa bir məlumatla kifayətlənmişdi.

Və nəhayət, Ruhi Bağdadi kimdir? Sualına Ş.Səlimbəyli tam aydınlıq gətirir: "Ruhi Bağdadi 1544-cü ildə Bağdadda, hərbçi ailəsində doğulmuşdu. Onun əsl adı Osmandır. Ruhi Bağdadda doğulub-böyüdüyü üçün Bağdadlı Ruhi kimi tanınmışdır. Ruhi III Muradın (1574-1595) zamanında aparılan İran səfərində vəzifə almışdı. Onun digər bir vəzifəsi, əsas işi isə o zamanlar Bağdad valisi olan Cığalazadə Sinan Paşanın yanında olmasıdır. Şair 1588-1595-ci illər arasında, 3 il boyunca davam etmiş müharibələrdə, 1588-ci ildə isə Nahavənd döyüşünə qatılmışdır. Ruhi Bağdadi 1606-cı ildə Şamda vəfat etmişdir".

Bizi bu monoqrafiyada ən çox maraqlandıran III fəsildir: "Ruhi Bağdadi yaradıcılığının sənətkarlıq xüsusiyyətləri və mövzu dairəsi". Ş.Səlimbəyli Ruminin türkcə (azərbaycanca) yazdığını, şeirlərində həm Füzulinin, həm də xalq yaradıcılığının təsiri olduğunu israr edir və bu da konkret misallarla sübuta yetirilir. Onun yaradıcılığında qəsidə və qəzəllər üstünlük təşkil edir. "Füzuli qəsidələrindəki məna dolğunluğu və bitkinlik Ruhinin qəsidələrində də öz əksini tapmışdı", - amma bizi onun qəzəlləri daha çox maraqlandırır. "Ruhinin qəzəllərinin xeyli hissəsi sırf dünyəvi məsələlərə, yəni insanın insana, sevgilisinə, təbiətə münasibətinə həsr olunubdu". - Ş.Səlimbəylinin Ruhi qəzəllərindən gətirdiyi misallar da bunu sübut edir:

Səbrə taqət yoqdürür, hicranı bilməm neyləyim?

Ağlasan üşşaq içində etibar olmaz bana.

Mürgi-canın pərrü balın yoldu dəsti-gəm, - dedim 

Gül kibi güldi, dedi: - Böylə şikar olmaz bana.

 

Məst olub, ey gül, qoya zərrin külahın bir yana,

Eylə dəvasın bu gün xurşidi mahın bir yana.

Halini aşiqlərin görməkdə, eşitməkdədir,

Guşi-huşun bir yana, çeşmi-siyahın bir yana.

 

Ölür gedər, gözəlin, ağzı dadını bilməz,

Leyk ğəmin qoyub ol xəstə kim, nəbat istər.

Yolundan ğeyr ilə bir görmə, Ruhi şairdir,

Fəri-cövri, şahim, o səndə çoq iltifat istər.

 

Səadətlə şərəfsiz olduğundan şadman olma,

Gəl insaf et kiminlə başə çatmışdır fəna dünya.

Qəti asan idi olmaq səadət mülkinə malik,

İki gün bir qərar üzrə qalaydı bivəfa dünya.

Misallardan da aydın görünür ki, Ruhi Bağdadinin dili orta əsrlər klassik poeziya dili ilə həmahəngdir. Qəzəllərində obraz və fikir ustalığına xüsusi diqqət yetirir. Təbii ki, onun yaradıcılığında məhəbbət lirikası üstünlük təşkil edir və məsələnin bu yönünə diqqət yetirən Ş.Səlimbəyli yazır ki: "Ruhi eşqin şairi kimi də tanınmışdır. Ruhiyə görə, şeir gözəlləri vəsf etmək üçün yazılır. Şeir yazmaq üçün başlanğıc şərt eşqdirsə, şeirin binövrə mövzusu da, təbii olaraq, eşq və sevgilidir. Varlı-kasıb, yaşlı-gənc, kişi-qadın hər bir insanın yaşaya biləcəyi bir hiss var, o da eşqdir. Füzuli demişkən: "Eşq imiş hər nə var aləmdə Elm bir qeylü-qal imiş ancaq".

Ruhi Bağdadinin bir şair kimi qüdrəti onun şeirlərindəki bədii təsvir vasitələrinin əlvanlığında və özünəməxsusluğundadır. Ş.Səlimbəyli də buna daha çox diqqət yetirir. Deyək ki, Ruhi öz qəzəllərində təşbehlər silsiləsi yaradır, bu təşbehlər üz, yanaq, xətt obrazları ilə bağlıdır, məsələn, Ruhinin 1115 qəzəlindən 270-də yanaq, 132-də xətt, 39-da isə xala bağlı beytlər diqqəti cəlb edir. Bunlar gözəllik simvollarıdır. Ruhinin qəzəllərində gül, gül yarpağı, bənövşə, yasəmən kimi təbiət obrazları da xüsusi yer tutur. Bəs şairin yaradıcılığında ictimai motivlər necə əks olunub? "Ruhi daha çox, ictimai tənqid və təfəkkür şairidir" - onun məşhur "Tərkibbənd"i Füzulinin "Şikayətnamə"sindən sonra dövrün, zəmanənin haqsızlıqlarına etiraz kimi səslənir və təsadüfi deyil ki, "Tərkibbənd"ə onlarla nəzirələr yazılmışdır. Bu "Tərkibbənd"də Ruhi Bağdadi yaşadığı dövrdəki hakimiyyəti, onun apardığı müharibələri də təsvir etmiş, lakin heç birinə haqq qazandırmamışdır.

Nəticə etibarilə deyə bilərik ki, Şöhrət Səlimbəyli Ruhi Bağdadinin həyat və yaradıcılığını ciddi tədqiq etmiş, onun bədii sənətkarlıq baxımından orta əsrlər klassik Türk-Azərbaycan dilinin örnək nümunələrini yaratmasını, dilinin qüsursuz olduğunu və məhəbbət lirikası ilə yanaşı, ictimai məzmunlu şeirlərinin bədii məziyyətlərini nəzərə çarpdırmışdır. Və monoqrafiya bu sözlərlə bitir ki, Ruhinin bədii irsi, xüsusilə, "Divan"ı təkcə Azərbaycan ədəbiyyatı tarixində deyil, həm də orta əsr türk poeziyasında özünəlayiq yer tutur. Ona görə də Ruhinin adı böyük Füzuli ilə yanaşı çəkilir".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!