O, işığı çox sevirdi, hələ uşaqlıq çağlarından qəlbində şiddət edən bu sevgiyə, istəyə qovuşmaqdan, onun nuruna bələnməkdən ötrü xəyalında yaratdığı qövsi-quzeh paklığında nurlu bir aləmə sarı yol başlamaq arzusu ilə çırpınırdı. Gözünə-könlünə saçılan o işığın yaratdığı aydınlıqda özünü elə azad və rahat hiss edirdi ki! Onun axıb gəldiyi çeşmənin gözündən bol-bol içmək, nurlanmaq, özü boyda işıq olub, ətrafına saçmaq, qaranlıqları aydınlatmaq, insanlara bol-bol sevinc bəxş etmək xəyalı ilə yaşayırdı. Balaca oğlan böyüdükcə, hər kəsin ruhunda, düşüncəsində bir ziya ocağının közərməsini arzulayırdı. Bu arzunu, istəyi həyatı boyu adında, əməllərində yaşadan Allah adamı, bir ilıq aprel səhərində qos-qocaman türk yurdu Ərdəbilin Əndəlib kəndində dünyaya gələn Mir Cəlal Əli oğlu Paşayev idi. Onun közündə-könlündə bir mayak təki daşıdığı sevginin adı isə maarif işığı idi...
Azərbaycanın xalq şairi Mirvarid Dilbazi Mir Cəlal haqqında bir məqaləsində yazırdı: "Mən Mir Cəlal Paşayevi üç zirvənin fatehi kimi xatırlayıram: alim, pedaqoq, yazıçı. Mir Cəlal müəllim fəth etdiyi çox çətin elm zirvəsində müzəffər fateh kimi dayandı, mütəfəkkir alim kimi tanındı". Bu, gəlişigözəl, həm də təsadüfdən yaranan fikir deyildi. Mir Cəlal Paşayevin adı XX əsr Azərbaycan ictimai-ədəbi fikir tarixinə görkəmli yazıçı, ədəbiyyatşünas alim, pedaqoq kimi yazılmışdır. Onun doğulduğu, təhsil aldığı, əmək fəaliyyətinə qədəm qoyduğu ilk vaxtlardan elmi-ədəbi yaradıcılığın bir neçə qanadında özünü təsdiq etməsi, bu müqtədir şəxsiyyətin hələ işıq axtardığı uşaqlıq çağlarından qəlbində rişə atmışdı. Arzularının ilk beşiyi Əndəlibin yaddaşında yaşatdığı gözəl, füsunkar mənzərəsi, qədim Gəncənin maarif ocağının istisi, paytaxt Bakının qaynar, elmi, ictimai, ədəbi mühiti Mir Cəlalın sözün həqiqi mənasında həyatına, tərcümeyi-halına, ömür salnaməsinə özünün bənzərsiz nəqşlərini saldı...
Filologiya elmləri doktoru, professor, yazıçı-publisist, ədəbiyyatşünas alim, tənqidçi, pedaqoq, ictimai xadim Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatına genişəhatəli yaradıcılığı ilə xidmət göstərmiş ədəbi şəxsiyyətlərdəndir. Onun həyatı başdan-başa özünü, eləcə də gənc nəsli yetişdirmək, ədəbi prosesləri izləmək, tədqiq etməsi ilə səciyyəvi xarakterə malik olmuşdur. Zəhmət dolu illərin çətinliklərinə sinə gərən və zamanın nəhrində, həyatın keşməkeşlərində bərkiyən vətəndaş alimin, ziyalının həyat yolu, irsi Azərbaycan ədəbiyyatşünaslıq elminin, ədəbi tənqidin və bədii ədəbiyyatın inkişafına özünün mükəmməl təsirini göstərmişdir. Eləcə də ötən əsrin 30-70-ci illərində maarifçilik işığının xalqın həyatına gün təki saçması, böyük bir müəllim ordusunun yetişməsi həm də onun adı ilə bağlıdır, desək, yanılmarıq. Bu mənada görkəmli yazıçının, elm və ədəbiyyat xadiminin, pedaqoqun sənət taleyi, daim ədəbi axtarışda, yazıb-yaratmaqda keçən ömür yolu yeni nəsil üçün bir örnək olmuşdur.
Mir Cəlal həqiqət işığına, haqqa, ədalətə tapınan əməlisaleh insan olduğundan Azərbaycanın elmi, ictimai-ədəbi mühitinə səpdiyi toxumlar belə bir münbit şəraitdə günəş işığından güc alaraq yetişmişdir. Onun yetirmələri, tələbələri, Mir Cəlal məktəbinin müdavimləri qəlblərində və əməllərində daşıdıqları o işığın aydınlığında fəaliyyət göstərmişlər. Xalqın inkişafı yolunda ömür əritmək, çoxçeşidli yaradıcılığını ədəbiyyat tariximizin yaddaşına ötürməkdə Mir Cəlalın xidmətləri böyükdür.
Mir Cəlal Paşayevin həyat yolunda atdığı ilk addımlar Gəncədən başlamışdır. Atası və qardaşı ilə bu şəhərə köçdüyündən uşaqlıq, yeniyetməlik dövrü də bu qədim diyarda keçmişdir. İbtidai sinfi burada oxumuş, 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində təhsil almışdır. Müəllimlik fəaliyyətinə isə Gədəbəy yeddiillik məktəbindən başlamışdır. Bir qədər burada işlədikdən sonra yenidən Gəncəyə qayıtmış, 1 nömrəli şəhər məktəbində direktor vəzifəsində işləmişdir. Lakin o, təhsilini davam etdirmək istəyir, bu məqsədlə də 1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil alır. Onun ədəbiyyata ciddi marağı bu illərdə daha da artır. 1934-cü ildə isə "Sağlam yollarda" adlı ilk kitabı ilə ədəbiyyata pasport alır. Onu da xatırladaq ki, Mir Cəlalın ədəbi yaradıcılığının formalaşmasına Gəncə ədəbi mühitinin böyük təsiri olmuşdur. Onun ilk qələm məhsulları "Qırmızı Gəncə", "Yeni fikir", "Hücum" "Gənc işçi", "Kommunist", "İnqilab və mədəniyyət" və sonralar da digər mətbu orqanlarda göründü. Ciddi, yeni və öz mövzuları ilə ədəbiyyata gələn Mir Cəlal müəllimin yazıçılığa olan meyli, məhəbbəti qəlbini ahənrüba kimi özünə çəkmişdi. Çünki hələ erkən yaşlarından həyatın hər üzünə bələd olması, müxtəlif xarakterli adamların həyat tərzini izləməsi və bu həyatın insanların təbiətində, vərdişində yaratdığı təbəddülatlar ədəbi yaddaşında bir tablo yaratmışdır. Mir Cəlal bu tabloda görüb-duyduqlarını təsvir etməyə, sadə insanların obrazını yaratmağa, yalanı, saxtakarlığı qılıncdan kəsərli qələmi ilə ifşa etməyə bir ehtiyac duyur, yaradıcılıq eşqilə çırpınırdı. İllər ötdükcə formalaşan, zənginləşən ədəbi yaddaşının işığında altı roman ("Dirilən adam", "Yaşıdlarım", "Yolumuz hayanadır", "Bir gəncin manifesti", "Açıq kitab", "Təzə şəhər"), 300-ə yaxın hekayə və povestləri, xeyli oçerkləri ilə böyük şöhrət qazanan Mir Cəlal mükəmməl yazıçı olduğunu ədəbi məhsulları ilə sübut etdi. Burda bir məqalədə onun yaradıcılığından əhatəli şəkildə bəhs etmək imkanı olmadığından yalnız "Bir gəncin manifesti"indən bir məqamı yada salmaq istəyirəm. Onun yazıldığı tarixdən 80 ilə yaxın vaxt ötməsinə baxmayaraq, əsər öz təravətini, oxucu marağını bu gün də saxlamaqdadır. "Bir gəncin manifesti"nin gənclərin sağlam ruhda yetişməsinə, vətənpərvərlik, insansevərlik ruhunda tərbiyə olunmasına təsiri olduqca böyükdür. İnana bilmərəm ki, qardaşının ölümündən sarsılan, haray qoparan Mərdanın: "Bahar, mənim mələr quzum, körpə qardaşım, indi sən hardasan? Qalx qardaşım, buzlu torpağın altında olsan da, ailəmizə bax..." - deyə, ürəkləri parçalayan monoloqu oxuyanların gözü yaşarmasın.
Aydındır ki, cəmiyyət həyatında qazanılan uğurlarların ən ümdəsi, onun milli-mənəvi dəyərlərə söykənməsidir. Bu dəyərlərin yeniləşən həyatımıza təsirində ədəbiyyatın, zaman-zaman yetişən ziyalıların rolu böyükdür. Ustad yazıçılarımız da öz əsərlərində Azərbaycan həyatını, onun mentallığını, milli-mənəvi xüsusiyyətlərinin daşıyıcısı olan insanların xarakterik obrazlarını yaratmışlar. Mir Cəlalın bədii yaradıcılığında yeni insanın obrazı, onun istək və arzuları, cəmiyyətə aşıladığı əxlaqi dəyərlər böyük səriştə və ustalıqla təsvir olunmuşdur. Bunlar mütəfəkkir yazıçının, milli xarakterli hekayələr, romanlar müəllifinin bədii yaradıcılığında, ədəbi fəaliyyətində ayrıca bir səhifədir. Zənnimizcə, Mir Cəlalın yaradıcılıq yolunu böyük ömrün monoqrafiyası, salnaməsi, epopeyası adlandırmaq doğru olar.
Keçdiyi ömür yolu ilə gələcək nəslə, örnək olan Mir Cəlal həyatın burulğanlarında bərkdən-boşdan çıxmış, ətrafında baş verən hadisələrə ayıq yazıçı müşahidələrilə yanaşmış, müxtəlif mövzularda yaratdığı əsərlərilə ədəbiyyat tariximizi zənginləşdirmişdir. O, çoxsaylı bədii əsərlərində xalq ruhunun, həyatının ictimai-mənəvi problemlərini açmağa çalışmışdır. Bunlar yazıçının bədii yaradıcılığı ilə fəth etdiyi birinci zirvədir...
Sonra Mir Cəlalın həyatının Bakı dövrü başladı. Bədii yaradıcılıqla yanaşı, elmə olan marağı onu Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasına gətirdi. Mir Cəlal müəllim yaradıcılığının ikinci qanadı olan elmi axtarışlarında da eyni həvəslə və böyük səylə çalışdı. "Füzulinin poetikası" adlı namizədlik işi (1940), "Azərbaycanda ədəbi məktəblər" (1947) doktorluq dissertasiyası məhz Mir Cəlalın idrakı, elmi-ədəbi-nəzəri təfəkkürünün işığında ərsəyə gətirdiyi sanballı tədqiqatlar Azərbaycan ədəbiyyatının tarixinə yazıçının, alimin töhfəsi idi. Hər iki monoqrafiya humanitar sahələrdə təhsil alan tələbələrdən ötrü tutiya mənbə, elmi məxəzlərdir. Mir Cəlalın bədii yaradıcılığında olduğu kimi, elmi tədqiqat əsərləri də bu gün bir çox istiqamətdən tədqiqat obyekti olaraq işlənilir. Onların hər biri ayrılıqda və ümumilikdə tədqiqat predmetidir. Bu mənada bir çox tədqiqatçı alimlər öz məqalələrində onun orijinal mövzuları ilə elmdə ilk cığır açdığını, həm də böyük vətəndaşlıq məsuliyyəti ilə ədəbiyyat tariximizə xidmət etdiyini vurğulamışlar. Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, yazıçının nəvəsi Nərgiz Paşayeva qeyd edir ki, Firidun bəy Köçərlidən sonra Azərbaycan ədəbiyyatı tarixini yazan - Nizami Gəncəvidən başlamış özünəqədərki dövrə kimi ədəbi şəxsiyyətləri monumental əsərlərində təqdim edən Mir Cəlal Paşayev olmuşdur. Bu və ya digər elmi-ədəbi faktlar bir çox görkəmli ədəbiyyatşünaslar, diçilər, filosoflar tərəfindən də ictimai fikir tariximizdə öz əksini tapmışdır. Alimin elmi əsərləri sırasında bir neçəsinin adını xatırlatmağı vacib sanırıq: "C.Məmmədquluzadə realizmi haqqında", "Ədəbiyyatşünaslığın əsasları", "XX əsr Azərbaycan ədəbiyyatı: Ali məktəblər üçün dərslik", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", dörd cilddə "Seçilmiş əsərləri" və sair. Bu, fatehin fəth etdiyi ikinci zirvədir...
Mir Cəlal Paşayev Azərbaycan elmi-pedaqoji mühitində "Müəllimlər müəllimi" kimi işıqlı, nurlu bir ad almışdır. Bu adı o, 40 ildən çox pedaqoji fəaliyyətlə məşğul olduğuna, ən başlıcası, bu peşəyə özünün həyat təcrübəsindən topladığı çeşid-çeşid detalları, ştrixləri gətirdiyinə, onun müqəddəsliyini qoruduğuna görə qazanmışdı. Mir Cəlal Paşayev Bakı Dövlət Universitetinin filologiya və jurnalistika fakültələrində mənim də nəslim daxil olmaqla bir neçə nəslin müəllimi olmuşdur. Biz həm də onun tələbələrindən dərs almışıq. O zaman müşahidə etmişdim ki, onlarıın hər birinin hazırlıqlı olmasında, tələbə ilə davranışında, qayğıkeşliyində Mir Cəlal məktəbinin ənənələri yaşayır.
Mir Cəlal haqqında məqaləni işləyərkən müəllimim haqqında oxuduğum əsərləri xatırlamağa çalışdım. Onların sırasında özünün yetişdirdiyi, gələcəyinə ümid bəslədiyi tələbələrindən professor Xalid Əlimirzəyevin (o, ümidləri hələ müəlliminin sağlığıda doğrultmuşdu) ustadı haqqında böyük fəxarət, qürur hissilə yazdığı "Mənəvi borc" kitabını yada salmaya bilmirəm. "Mənəvi borc" böyük ehtiramın, qədirdanlığın ifadəsi olaraq, eləcə də elmdə və ədəbi mühitdə bir şəxsiyyət kimi yetişməsində böyük rolu olan müəllimi professor Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr olunmuşdur. Bu əsərdə Xalid müəllim müqtədir şəxsiyyətin elmi, ədəbi yaradıcılığını, əsərlərinin siqlətini, ideya və məzmununu nəzəriyyəçi alim kimi xarakterizə etmişdir. O, ustadı, müəllimi Mir Cəlal Paşayevin xarakterini bir neçə istiqamətdən açmaqla onun parlaq obrazını yaratmışdır. "Mənəvi borc"da Mir Cəlal müəllimin elmi, ədəbi yaradıcılığı, pedaqoji fəaliyyəti ilə yanaşı, insani keyfiyyətləri - xeyirxahlığı, saflığı, səmimiyyəti, qətiyyəti, istedadlı insanlara dayaq durması, eləcə də yazıçının obrazı gerçəkliyin işığında elə gözəl, unikal ştrixlərlə təsvir edilib ki, buna həqiqi mənada heyrətlənməmək olmur. Xalid müəllim yazır: "Mir Cəlal müəllim məni dəfələrlə həyatın bataqlıqlarından çıxarıb. Çox işdə arxam, dayağım olub. Həmişə kürəyimdə onun isti nəfəsini hiss etmişəm, amma bütün bunların əvəzində bir dəfə də olsun ona təşəkkür etməyə, minnətdarlığımı çatdırmağa imkan verməyib. Etdiyi yaxşılıqları, göstərdiyi hamilik yardımını da özünün müəllimlik və böyüklük borcu hesab edib". Ən başlıcası da həmin dövr, Mir Cəlal epoxasının əzəməti gözümüzün qarşısında canlanır. Bu isə pedaqoq Mir Cəlalın fəth etdiyi üçüncü zirvədir...
Burda mövzu ilə səsləşdiyindən, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun müqtədir yazıçı, ədəbiyyatşünas alim, pedaqoqun həyat və yaradıcılıq yolunu işıqlandıran, özünün məziyyətləri, məna dəyəri ilə ictimai-ədəbi cəmiyyətdə böyük maraqla qarşılanan 2 cilddə "Mir Cəlal" kitab-albomuna da diqqət yönəltməyi məqsədəuyğun sayırıq. Əsərdə M.Cəlalın həyat və fəaliyyəti ayrıca fəsillərdə maraqlı mövzular üzrə qruplaşdırılıb. "Ədəbi-nəzəri düşüncələr", "Əbədiyaşar ümumxalq sevgisi", "Fotosənədlər, əlyazmalar, epistolyar irs", "Gəncədən keçən yollar", "Həyatımda yaratdığım ən böyük əsərim - ailəmdir" və bu kimi digər mövzular Mir Cəlalın sənət dünyasını, mənəvi aləmini güzgü kimi əks etdirir.
"Həyatımda yaratdığım ən böyük əsərim - ailəmdir", Mir Cəlal həmişə bu fikirdə olmuş, ömür-gün yoldaşı, övladları ilə birgə olmaqdan böyük zövq aldığını demişdir. Taleyin xoş bir məqamında qoşalaşan ömrün içində bu kök barlı-bəhərli ağac kimi qol-budaq atdı, böyüdü. Bu qol-budağın hər biri kökün nəcibliyini, əxlaqını, mənəvi varidatını hifz edərək ailənin şərəfini uca tutmağı bacardı.
Mir Cəlalın uzaq Novosibirskdən ömür-gün yoldaşı Püstə xanıma yazdığı bir məktubdan sətirlər: "... Gözüm balalarımızı axtarır. Qulağıma Arifin, Elmiranın səsi gəlir. Elə bilirəm bu saat Əliş səslənəcək, məni çağıracaqdır. Yəqin, Hafiz yeriyir. Rəna onu tutub gəzdirir. Ailəmizin xoşbəxt saatları - axşamüstü hamımızın bir yerdə deyib-güldüyümüz yadıma düşür. Deyirəm əsl həyat, əsl səadət odur. Mən bir də o saatlara qovuşmaq, bir də balaları başıma yığıb şən uşaq səsləri şəraitində nahar eləmək, demək-gülmək həsrətilə yaşayıram". Bu, yazıçının "Həyatımda yaratdığım ən böyük əsərim - ailəmdir", fikrinin həqiqi ifadəsidir.
M.Cəlalı hər zaman böyük sevgi, minnətdarlıq hissilə xatırlayan, mənəvi-əxlaqi dəyərlərini üzə çıxaran Nəriman Həsənzadənin onun haqqında yazdığı xatirəsində belə bir cümlə var: "Mir Cəlal işığı çox sevirdi. Evə gələn kimi bütün çil-çırağı yandırardı". Bu, zahirən bir insanın həyatda vərdiş etdiyi sadə hərəkətini xatırladır. Başqa bir tərəfdən, bu vərdişi, əslində, Mir Cəlalın daxilən işıqlı insan olması, ictimai əhəmiyyətli hadisələrə qəlbinin işığı ilə nəzər salması kimi anlamaq, yazıçının yaşam düsturu da adlandırmaq olar. Bəli, cəmi 70 ilə sığan bir ömrün, Mir Cəlal məktəbinin işığı o qədər gurdu ki, onun nurundan hələ neçə-neçə nəslin övladlarının faydalanacağı mütləqdir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!