Cavanşir YUSİFLİ
Mətnlərin çoxalması. Əslində, çox ciddi filoloji məsələdir, baxmayaraq ki, bu, tənqiddə hiss edilmir. Tənqid daha çox şairin, yazıçının obrazıyla uğraşır, bunu yaratmağa can atır, hesab edir ki, hiss və duyğuların hopduğu qəlbin içində bu mətnin köklərini tapa bilsə, hər şey yüzdəyüz alınacaq. Və bir qayda olaraq, mətnlər zəif və ordakı obrazlar tutacaqsız olduqda, haqqında danışılan şey, məhz müəllifdir. Bəzən çox istedadlı adamlarda da bu hala rastlanır, söz sərhədyanı vəziyyətdən sürüşür, mənanın itməsi anlamında işıqlar yanıb-sönür. Bədii obraz gerçəklikdəki mənzərələri göstərmək gücünü itirir, "neqativ" aşkarlanmır, mətn bir-birilə əlaqəsi olmayan söz, mənzərə... yığınına çevrilir, oxuduqca xəyalına gələn şey obrazın o mövqeyindəki qaranlığa bələnir, yox olub gedir. Tənqidçi belədə müəllifdən yapışır, uzaqda olan (baş tutmayan) şeylə oxunmayan mətn arasında əlaqə qurmağa can atır. Bu iş qeyri-real olduğundan nə müəllifə, nə də mətnə aid olmayan yazılar cərgəsi çoxalıb artır....
Ancaq unudur ki, axtardığın şey mətnin özündədir və o, yazardan fərqlənməyə, onu arxada buraxıb bütün gerçəkliyi ötmək işinə başlayıb. Demək, tənqid və xüsusən ədəbiyyatşünaslıqda metodologiya tamamilə səhvdir. Mətnləri diqqətlə və həm də dəfələrlə oxusanız orda zaman keçdikcə müəlliflə başlayan "nifaqın" izlərini də görə bilərsiniz. Zamanla hər şey dəyişir, yeyilir, aşınır, əlavə informasiya toplanır, mətn başqalaşır, gerçəkliyə qarşı durduğu kimi müəllifi də arxada buraxır, "müəllif" sözü şərtiləşir, sıradan çıxır, tarixə çevrilir, bədii mətn, belə deyək, müəllifdən aldığını o qədər və dəfə-dəfə dəyişdirir, elə şəkildə və şiddətlə emal edir ki, təhlillərdə müəllifin obrazını yaratmağa bircə detal da qalmır. Bizim təhlillərdə yaratdığımız müəllif, əslində, mətndən qaçmaq, onu nəzərə almamaq anlamına gəlir.
Bədii mətnlər çoxalır, təkcə bir kitabın, bir müəllifin imzası çəmbərində deyil, həm də digər, tamam başqa kitabların vərəqlərində. Ancaq susaraq. Bu susma, bu sükut ontoloji statusa malikdir. Deyək ki, ədəbiyyatımızın klassik dövrünə aid bir mətn illəri, əsrləri ötürdükcə, onları susaraq adlayıb keçdikcə qocalmır (irəli gedir-!), təcrübə yığdıqca yaddaşında keçmiş mədəni dövrlərə aid verilənlərlə bu təcrübə arasında sədd yaradır, bədii mətnin sınırları içində onların bir-birilə müqayisəsi gerçəkliyin, varlığın əsaslarının qavranılmasına gətirib çıxarır, bu səbəbdən qədim mətn oxucunun hiss və duyğuları vasitəsilə dünyanı hər iki modusda - həm qədim, həm də müasir kontekstlərdə araşdırır, eyni vahid, eyni sıra, deyək ki, müasir mədəni dövrün hansısa hadisəsi çox uzaq zamanlarda baş vermiş kimi qavranıla bilər, yaxud əksinə. Bütün bu proseslər mətnin yaradıcısı olan müəlliflə əlaqəsiz şəkildə baş verir. Bədii mətnin yaddaşının iki "yarusunda" bədii mətn oxucu və ətraf mühitlə sükut vasitəsilə əlaqə qurur. Müəllif bu sükutun içindədir. Çox kritik dövrlərdə bu proses janr strukturuna da güclü təsir göstərir, janr qəlibi ilə diskurs arasındakı ziddiyyət (deyək ki, M.Ə.Sabirdə modern şeir düşüncəsinin, estetikasının taziyanə və sair bu kimi dini janrların qəlibində verilməsi...) mətnin daxilindəki enerji və informasiyanın həndəsi silsilə ilə çoxalmasına şərait yaradır. Demək, bu mətnin içindəki digər mətnlərin müəllifləri, onların təcrübəsi susularaq paylanır. Çoxalır və "yeni" müəllif təcrübəsi ilə ən müxtəlif kombinasiyalarda kəsişir və dilləşir. Mətnin içindəki sükut səsdən, küy və küy tezliklərindən daha önəmlidir; hər hansı şeir mətnini oxuyanda onu o zaman sözün həqiqi mənasında anlayır və bütünlüklə qavrayırıq ki, mətnin alt qatındakı sükut özünü göstərir, bütün enerji o sükut laylarından alınır və sair.
Mikayıl Müşfiqin bu mətnlərində olduğu kimi:
Sən onun eşqilə, məhəbbətilə,
Vurmadın ömrünü başa ürəyim,
Sevgi hədəfini nişan alanda
Dəydimi oxların daşa ürəyim!?
Yaxud:
Bir od düşdü buluduna,
Yandı könül eşq oduna,
Qaldın hicran umuduna,
Ey qırılan şişə könül!
Tərlansan, göydən enməzsən,
Bu torpaqda sevinməzsən,
Mən dönərəm, sən dönməzsən,
Yaşa, könül, yaşa, könül!
Bu şeirlərdə qəribədir, səs ucalardan gəlsə də, həm də yerin təkindən, yəni, sükutun qəlbindən axıb gəlir və belə olduğu üçün həmin sükut səsdən çox "davam edir", çünki bu tipli mərhəm şeylər, əhd-peyman bildirən nəsnələr haqqında danışmaq yox, susmaq çox önəmlidir, yəni, bir anlığa hamı, hər şey susur, işıqlar sönür, bu zil qaranlığın içində hamı təkcə özünü görür, məhz bu, yəni, özünü görmə bucağı məhz sükut səltənətində yarana bilir.
Bu məqamda adı keçən nifaqı yaradan müəlliflə forma arasındakı münasibətlərə istinad etmək zəruridir.
Burada maraqlı cəhətlərdən biri müəlliflə həyat hadisəsi arasındakı münasibətlərin forma vasitəsilə əşyalaşması, forma ilə müəllif arasında əbədi, dönməyən, dayanmayan bəhsləşmənin və qovğanın getməsidir. Adətən bu "qansız müharibə" kadrdan kənarda qalır. Kadrın içində olanlar başımızı o qədər qatır ki, məlum formanın müəllifə necə müqavimət göstərməsinin fərqində olmuruq. Bu qovğanın forması və reallaşma modusu hər bir böyük sənətkarda özünəməxsus rəng və çalar qazanır, onların bədii təfəkkürlərinin ən fərqləndirici və özümlü xüsusiyyətləri də məhz bu məqamda meydana çıxır. Məhəmməd Füzulinin qəzəllərində "zorakılığın növ müxtəlifliyi" bir əldə cəmləşib, Füzulidə sevdiyi forma ilə (...qəzəl de ki, məşhuri-cahan ola, oxumaq da, yazmaq da asan ola...) "düşmənçiliyin" mayasındakı sevgi məlumdur, məhz bu sevgiqarışıq düşmənçilik mətndə azadlığın, eyni zamanda həm maksimum masştabda ifadəsinə, həm də bu azadlığın son nöqtəsinə qədər boğulmasına şərait yaradırdı və məhz buna görə də şeir mətni bir-birinin içindən çıxan və sonu görünməyən min bir gecə nağıllarına çevrilirdi. Qırxıncı qapı açılmırdı, hər bir yeni qəzəldə təzə qapı, bundan sonra yenə təzə qapılar gəlirdi...
Füzuli köhnə formanın, bu mürəkkəb kanonlar sisteminin daxilində o qədər mürəkkəb oyunlar oynayır ki, nəfəs dərməyə yer qalmır, onun formanın daxilindəki azadlıq həsrəti məhbəs nisgilinə, cəhənnəm həyatına dönür. Füzulinin qeyri-adi, kosmik obrazları, çoxmərtəbəli metaforaları, sözdən ucaltdığı qüllələr, tikililər vəsl ümidini bir az da qəlizləşdirir və nəticə etibarilə mümkünsüz edir. Yeganə çıxış yolu ölümdür (...azadlığın ən mötəbər təzahürü kimi. - Kojev).
Formanın müəllifi öz içində əritmək, həll etmək ehtirası heç bir şeirdə bitmir, bütün yaradıcılığı boyu davam edir, hər bir yeni şeir bu qovğanın daha ağır formasına çevrilir. Qarşısıalınmaz həyat axını içindən hadisənin seçilərək götürülməsi dünyanın milyon-milyon təsadüflərindən biridir. Bu hadisənin, ürəkdə qəfil doğulan duyğunun, necə deyərlər, "obrazının çıxarılması", sırf əşyalaşması Füzulinin bədii təfəkküründə bir qəlibin içində doğulur, bu qəlibin içindəki "hakimiyyət ehtirası" dünyanın üstünə yeriyir, var gücü ilə dünyanı öz rənginə boyamaq istəyir. Füzulinin bədii təfəkkürü dünyanı mürəkkəb, qırışlar altında gizlənən sirlər kimi qavrayır və onunla qovğada çox mürəkkəb, bəzən baş açılmaz metaforalar işlədir. Füzulinin hadisəni olub-bitmiş (hazır) bir nəsnə kimi götürüb təhlil etməsi (daha doğrusu, sorğu-suala tutması), hər bir şeirində getdikcə daha çox qəlibləşir, bir məhbəsin qapısı o biri məhbəsə açılır və beləcə sona qədər formanın müəllifin iradəsini özünə tabeetmə istəyi beləcə "yerində sayır", irəliləmir.
"Bütün mövcud və tarixən olmuş bədii formalar bu zorakılığın vasitə və üsulları ilə bir-birlərindən fərqlənmişlər, madam ki, onların özləri formanın içinə tökülmüş hakimiyyət prinsipindən imtina edə bilməzlər və istəməzlər. Məhz buna görə də həyatın boynundakı boyunduruğu tullamağa cəhd göstərən istənilən "özünüifadə" ustanovkası forma ilə qaçılmaz konfliktə, daha sonra isə ona qarşı romantik və postromantik paradiqma daxilində ən azı iki istiqamətdə cərəyan edən üsyana gətirib çıxarır. Əvvəla, bu, formanı bütün birbaşalığı və qədimliyi ilə, heç bir toposdan ehtiyatlanmadan subyektiv emosionallığın güclü təzyiqi ilə sındırmaq cəhdidir. Bu, "ilkin yaddaşa" (M.M.Baxtin), ilkin, Adəmin dilinə (R.Bart) qayıtmaq arzusudur, hər dəfə öz təmizliyində fərdin subyektivliyini şeylərin özlərinin günahsız və ilkin mənaları ilə birləşdirən mütləq audentik, vahid və təkrarsız yaradıcılıq aktını arzulamaqdır, hələ russoizmin ağuşunda doğulmuş, əvvəlcə romantikləri bəsləyən, daha sonra isə Verleni, Rembonu, bir çox simvolistləri və sürrealistləri ilhamlandıran arzudur. Ancaq belə arzunun gerçəkləşməməsi elə bir sadə faktla şərtlənir ki, istənilən, söz içində ifadə edilmiş (yəni formaya daxil olmuş) qoy lap ən unikal həyəcan getdikcə bərkiyən və onu yaradan üzərində hakimiyyəti ələ almaqla öz toposuna çevrilir". (Kosikov).
Bir şeir, bir mətn... hardan gəlir, bunu bilmirik, daha doğrusu, bunu bilmək bizim maraq dairəmizə heç cürə daxil olmur.., bu mətn hara gedir, bunu da bilmirik, çünki son nəticədə o bizimlə məşğul olur. Sadəcə, küləyi dəyir bizə, nəyisə xatırladır, olduğumuz dünyadan nəyisə bizim üçün kəşf edir, vəssalam. Əsl mahiyyət bu olmamalıdır, Orta əsrlərdə yaranmış, hardansa sızıb gəlmiş mətnlərin külü hələ də istidir, nələrsə bu közün, bu külün içində xatırlanıb yada düşür, nələrsə yenidən tutaşıb yanır, bu yer üzündə əbədi köçəri şeylərin külü qalır ancaq... Nəsə nəyisə xatırladır, hər bir mətn yalnız köçüb gedəndən sonra işarəyə dönür, bu işarə həmin mətni, yaxud mətnlər sırasını əvəz edir. Bu dünyada ən güclü şey elə o işarənin özüdü, həmin mətnlər dövr edib geri qayıdanda işarələr də başqalaşır, mətnlər haqda təsəvvürümüz dəyişir, bir mətn artıb çoxalır, budaqlanır, ta ölümə qədər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!