"...Söz olmaq istərdim, Təkcə və tənha, Tərki-dünya söz"
Janr nədir? Mətn bu və ya digər janrın hüdudlarına necə dolur, necə daxil olur? Hər bir janrın necə yarandığını təsvir etmək, hansı komponent və havalardan düzəldiyini demək də olar, bəlkə. Ehtimal kimi bunu da irəli sürmək olar: hər hansı janr, deyək ki, gəraylı insanın daim içində oxuduğu, zümzümə etdiyi, özünə sonadək açılmayan, bəlli olmayan (insan ona tam aydın olan bir şeyi niyə oxusun?) havadan, melodik ünsürdən boy ataraq formalaşıb, bu halda belə deyək, hər bir janrda, Yaradan çox sevdiyi, ancaq hansı əsas məqamdasa mübhəm qalan bir şeyi şeir şəklində təqlid edir, onun cazibəsindən qurtulmaq üçün. Bunun üçün yeni cazibə sahəsi yaranmalıdır, sən içindəki mübhəm sahəni mətnə köçürməlisən. Elə mübhəm, sirli olduğuna görə təsəvvürdə nələrsə kənarda qalır, sonradan mətnə dolduqda, bədii mətnin sərhədləri virtual şəkildə açıq qalır, oxucunu ora, o cazibə sahəsinə salmaq üçün. Qəzəldə, yuxarıdakı fikri əsas götürsək, təqlid havası ən müxtəlif rəmzlər altında gizlənir (yəni bu rəmz və simvollara ifrat diqqət ayırmağın bir mənası varmı, əsas olan tutulan anın, o mistik havanın duyulmasıdır, başqa heç nə...), həmin hava poetik sistemi məcazlar reyestrinə salır, rəmzlərin semantikası bölünür, sənin təsəvvüründə yaşayan qalaktika və kosmik fəzanın ayrı-ayrı hissələrinə paylanır, bir layın daxilində yarım strukturlar, yaruslar meydana gəlir, xəyalın gerçəkləşdiyi müstəvi səthində sözlərin bir-birini doğuraraq zəncirlənməsi həmin yarım struktur və yarusların tam müstəqilləşməsinin qarşısını alır, nəticədə bütün diqqət səthdə həmin rəmzlərin görünüb yox olması prosesinə verilir, Füzuli deyəndə ki, "aldanma ki, şair sözü əlbəttə yalandır" həmin bu janrdaxili prosesi nəzərdə tuturdu. Qəzəldə insan öz içində dolaşan, mənasını tam dərk etmədiyi bir ilahi havanın təqlidini yapır, içində dolaşan, yeri, göyü ölçmək həvəsiylə alovlanan havacat sona qədər anlaqlı, fikir kimi aydın olmadığına görə şərhindən vaz keçilir, şeirdə bu anlaşılmayan kosmik təəssüratlar rəmzlər və simvollarla əvəzlənir, yəni məhz buna görə qəzəl, eyni zamanda həm yeri, həm də kosmosu ifadə edir, bu janrda gerçək insan hissləri şərhedilməz məna vahidlərilə bir sıradadır, bütün bu strukturların cəmi eşq məvhumu ilə işarələnir. Sırf dini, yaxud təriqət, ideoloji məzmunlu şeirlərdə bu düzüm və sistem pozulur, hər iki hala eyni şairin yaradıcılığında da rastlanır.
Orta əsrlər poeziyasında kitab-divan, hətta onun səhifələnmə prinsipi belə, fərqli məna daşıyırdı. Qədim əlyazmalarda səhifə ayağındakı son söz, son rəqəm yeni səhifənin başında təkrar edilirdi, qəzəldə sözlərin bu şəkildə bir-birini aparması axın, harasa çatma, qovuşma şövqünü ifadə edir, bu axında fanilik hissi - hər şeyin axıb beləcə toz zərrələrinə dönməsi mahiyyətcə keçmiş, indi və gələcəyi yatağından qoparıb zamansız bir nəhrin içinə salır. Ancaq bu, təkcə fanilik hissini ifadə etmir, şeirdə onun əksi, onunla daban-dabana zidd olan bir struktur, yaxud duyğu qəlibi də olmalıdır: gerçək həyat, onun bədii mətnlə münasibətdə hərəkətə gəlmək istəyən halı, çünki bu ikinci fon olmadan faniliyi də "yaşamaq" olmaz. İnsan bu proses vasitəsilə özünün dünyaya, gerçəkliyə münasibətini bildirir, burada, bu göy qübbəsinin altında niyə "yad adam" olduğunu ifadə edir. Yəni "...Dəniz sahilində durub, dəniz həsrətilə ölmək" (V.Səmədoğlu). Şeirin, bədii mətnin mayasında məhz mübhəmlik olduğu üçün bu hal ən müxtəlif fərziyyələrə meydan açır, fərziyyələr, mübhəmliyin yaratdığı fantasmaqoriya karusel kimi fırlanıb əvvəlki vəziyyətinə qayıdır. Belə bir qənaət hasil olur ki, insan nədən yaranıbsa, daim onun həsrətilə yaşayır, bu isə həmişə təzələnmək, səhifəni çevirmək, dünyanı başqa donda, libasda görmək təşnəliyi yaradır. Duman gəl, get bu dağlardan // Dağlar təzə bar eyləsin// Nə gözlərim səni görsün// Nə könlüm qubar eyləsin... Həmin təşnəlik, həm də "köhnədən" bezib təzələnmə eşqilə alışıb-yanma şeirin olsun ki, əvvəlcədən düşünülmüş, yaxud təhtəlşüurda qurulmuş bütün eskizlərini pozur, onun üstüylə gedib bir-birinə keçən və bir-birini kəsən çevrələr cızır. Qəzəl insanın (aşiqin...) ruhi halındakı keçid məqamını mükəmməl ifadə edir, belə olduğuna görə mətndə söz də sərhəd situasiyasında qərar tutur. Eyni zamanda dinamikanı və süstlüyü, hərəkəti və sükunəti, real və irreal olanı bir güzgünün çöhrəsində göstərir. Baxın:
Eşq camından içən kimsənə huşyar olmaz,
Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
Qorxu bilməz, eləməz şahü gədadən pərva,
Məst-məstanə gəzər, kağəzü tumar olmaz.
Buteyi-hicrdə bülbül kimi əfğanə gəlir,
Qeysi-biçarə kimi vəslə xəridar olmaz.
Tərk edər ləzzəti-dünyanı, keçər canından,
Sikkəni dağ qılar, talibi-dinar olmaz.
Göstərər mehrü vəfa yarinə, gördükcə cəfa,
Zilləti fəxr bilər, zərrəcə bizar olmaz.
Alışı şəm kimi, odlaşı pərvanə kimi,
Can verər yarə, Nəbati kimi biar olmaz.
Şeirin doğulmasına səbəb olan xəyal nə olur-olsun, özünün bənzərini yarada bilmir. Demək, doğulan şeir mətni xəyalda dolaşan təəssüratların yalnız bir qismidir, həm də ürəyin, ruhun diktəsilə tutulan parçası. Zaman şeirə sığmır, hər şeyi o, bircə an, tutulan məqamın üstünə yükləyir, ona tapşırır, bu məntiqlə zamanın özü özü ilə üst-üstə düşmür, şeirdə zamana sığmazlıq belə meydana gəlir, həm də onu təqlidən, bu isə öz növbəsində sözə sığmazlıq, sözün dairəsindən "daşmaq", qurtulmaq ehtirasına təkan verir, demək, belədə, mətnin özü də özünə bərabər olmur, məhz bu ölçü bədii mətnin gerçəkliyi içinə sığdırıb onu inkar etmək ovqatı yaradır, Musa Yaqubun şeirlərindən parçalara, yaxud onun özünün də istinad etdiyi örnəklərə baxmaq olar.
Adi bir şeir, çox adi bir yaşantı:
Ovcuma da baxdım,
bir xəzələ də,
Damarlar, cizgilər nə qədər oxşar.
Bizdən ayrı deyil bircə gilə də,
Ovcumun içində bir payız yaşar.
Həm də: "... Bədii mətn bütün dünyanı, kürreyi-ərzi dolaşıb onu izah etdikdən sonra özü-özünü qapayan tapmacaya çevrilir" (Haydegger).
Gələn birdir, gedən birdir, qalan bir,
Gedən gəlməz, gələn qalmaz, əcəb sirr.
Bir əvvəl var, bir axır var deyiblər,
Yalan sözdü, nə əvvəl var, nə axır...
Şeirdə zamanın tutularaq dəf edilməsi... Məhz hər şey o anın içindədir, mətndə bütün prosesin mənası o tutulan anı deşifrə etməkdədir. Bu məna, yaxud məna layları misralar arasından görünüb yoxa çıxır, ifadəyə, sözə, şərhə gəlmir. Məhz bu səbəbdən orada hərəkət bilinməzlikdən bilinməzliyə doğrudur. Şairi anlamaq istəyirsənsə, onun şeirinin ömrü qədər susa bilməlisən, sən danışanda o sehr qopub düşür... Musa Yaqub qədim tariximizdə, şübhəsiz ki, ədəbiyyat tarixində bizim gələcəyimiz olan nəsnələrdən çıxış edir, - istər sevgi, istər digər mövzulu mətnlərində bu var, həmin tarixdən bir detal onun şərhində elə çalarlar qazanır ki, bir anlıq kainat - bütün fəza və yer üzü dəyişir, daha doğrusu, o detalla tamamlanır. Orta əsrlər poeziyasında, deyək ki, Nəbati poeziyasında, yaxud Saibdə təsvir ötəri məqamdır, rəsm çəkərkən fırçanın kənarıyla edilən çox incə bir hərəkət kimidir, əsas olan həyatın faciəsini, bunun doğurduğu ağrını ifadə etməkdir, buna görə həmin ifadə tərzində çoxplanlılıq, çoxmərtəbəlilik mətnin əsas xassəsinə çevrilir, mərtəbədən mərtəbəyə keçdikcə mənzərə - hiss etdiyin gözəllik bir az da tamamlanır, yüksəklərə qalxdıqca özünü "itirirsən", çəkisizliyə düşürsən, həmin o aləm, tam ruh aləmiylə dolmuş dünya sənə yiyələnir və bu "göydələndə" əsas olan mərtəbələr deyil, zirzəmidir, yaddaş zirzəmisi - hər şey ora yığılır, orda baş verir, sənsə qalxdıqca qalxırsan, sənə elə gəlir, hər şey sənin özünə, gücünə bağlıdı, yaddaşsa qanı kəsməyən, bitişməyən yara kimi qövr edir, öldüyündən belə xəbərin olmur.
Şeirsə davam edir. Ömrə də sığmır. Leo Butnarunun dilimizə çevirdiyimiz mətnində olduğu kimi.
Ürəyimi çıxarıb gözlərim önündə tuturam
Və oxuyuram
Oxuyuram ki, vətənlə ayrılığı görməyim
Yenidən dodaqda söz puçurlayır
Və oxuyuram
Yalanın səsini batırmaq üçün.
Bu ortamda sözə, bədii sözə bəsit münasibətə yer qalmır, məsələn, bizdə deyəndə ki, "sözün köynəyindən keçmək...", indi, yuxarıda yaradılan təsəvvür dağılır, hər şey aurasını, ətrini, rahiyəsini itirir. Məsələn:
Söz olmaq istərdim
Yaşam uğrunda çarpışmalardan kənar.
Qriqore Vieru demişkən
Sözlərin məftunedici bərabərliyi də olmamış deyil:
Gözləri var - görür,
Hüşyardır - anlayır;
Məsələn, "yoxsul, dilənçi" sözü,
"bankir" sözündən heç də kasıb deyil,
"filosof" sözü "cahil" sözündən
müdrik deyil heç də,
"Serjant" sözü
"general" sözünün əmrlərinə tabe deyil
"qara" sözü
"ağ"ın qulu deyil ki
Və sair və ilaxır.
Sözlər
Öz mənalarını anlamadan da xoşbəxtdirlər,
Yaşayırlar...
Vasili Romançuk
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!