Azər TURAN
Bu karikatura 1952-ci ildə çəkilib. "Kirpi" jurnalı nəşrə başlar-başlamaz "Xoruzunu qoltuğuna verib", tanınmaz hala saldıqları adam - Mikayıl Rəfilidir.
1929-cu ildə Azərbaycan sərbəst şeirinin manifestini yazmışdı.
Azərbaycanda Nizami barədə ilk kitabın müəllifiydi.
1936-cı ildə Moskvada Tarkovskinin tərcüməsində "Pesni o qorodax" adlı şeirlər kitabı nəşr olunmuşdu.
Mirzə Fətəli Axundovla bağlı ilk fundamental tədqiqata imza atmışdı.
"Səbuhi" filminin ssenarisi onun idi.
1941-ci ildə rus dilində "Qədim dövrdən XIX əsrin əvvəlinədək Azərbaycan ədəbiyyatı" tarixini qələmə almışdı.
Azərbaycan ədəbiyyatı tarixi üzrə ilk elmlər doktoru idi.
Höte, Qoqol, Puşkin, Çexov, Natəvan, Mirzə Şəfi, Şevçenko, Seyid Əzim, Qorki, Mayakovski haqqında əsərləri vardı.
Hüqonun "Səfillər", "Paris-Notrdam kilsəsi", "Gülən adam", Balzakın "Qorio ata", "Qobsek", Tolstoyun "Dirilmə" romanlarının tərcüməçisiydi.
1934-cü ildə SSRİ Yazıçılarının birinci qurultayında Buxarinin məruzəsi ətrafında polemik çıxış etmişdi.
Pedaqoji İnstitutda və Dövlət Universitetində Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor idi.
...Adamı öldürəndə belə öldürürlər!..
Bu karikatura çəkiləndə və tirajlananda Rəfilinin 47 yaşı vardı. Yaradıcılıq bioqrafiyası yuxarıda xatırlatdığım qədər, hətta ondan artıq dərəcədə zəngin idi. Sonra altı il yaşadı. Azərbaycanın ilk "Ədəbiyyat nəzəriyyəsi" dərsliyini də yazıb 53 yaşında dünyasını dəyişdi...
1934-cü ildə Əli Nazimə görə, Mikayıl Rəfilinin rəngarəng olan poetik dili 1958-ci ildə Məmməd Cəfərin fikrincə, artıq "tamamilə Azərbaycan dilinin qrammatik quruluşunun əleyhinə olan bir şeir dili"nə "çevrilmişdi".
Nə baş vermişdi ki, Mərkəzi Komitənin orqanı olan "Kirpi" jurnalı Rəfilini belə acımasız bir şəkildə hədəfə alırdı. Karikaturaya redaksiya qeydi belədir: "Azərbaycan alimləri və yazıçıları professor Mikayıl Rəfilinin "İnqilab və mədəniyyət" jurnalındakı Azərbaycan klassiklərinə böhtan atan məqaləsini müzakirə edərək pisləmişlər. Rəfili Nizami adına Dil və Ədəbiyyat İnstitutundan çıxarılmışdır".
Söhbət, təbii ki, Rəfilinin 1952-ci ildə "İnqilab və mədəniyyət" jurnalının 8-ci sayında dərc olunmuş "İ.V.Stalinin dilçiliyə dair dahiyanə əsərləri və sovet ədəbiyyatşünaslığının məsələləri" məqaləsindən gedirdi və Rəfilinin rüsvay edilməsinə səbəb də "marksist ədəbiyyatşünaslıq prinsiplərini kobudcasına təhrif edən" (M.Hüseyn) bu məqalə olmuşdu. Rəfili həmin yazısında, əslində, "Kirpi"nin dediklərinə rəğmən, heç kəsə böhtan atmırdı, sadəcə, Axundovun "bir sıra məhdud, liberal... fikirlər"indən, "çarizmə qarşı yumşaqlığından" yazır, Mirzə Cəlil barədə "Ömər Faiq kimi açıq millətçi və pantürkist jurnalistlər "Molla Nəsrəddin" jurnalının nəşrində və ideya istiqamətinin təyinində az rol oynamamışdır. Unutmamalıdır ki, "Molla Nəsrəddin" jurnalında qabaqcıl, vətənpərvər, demokratik ideyalarla bərabər, bəzən panislamist ideyaların da təbliğinə təsadüf olunur" deyir, yaxud Əziz Şərifin Mirzə Cəlili Stalinin silahdaşları cərgəsinə aid etməsinə etiraz edirdi və s.
Doğrudur, zamanına görə, bu fikirlər "zərərliydi". "Molla Nəsrəddin"in xeyrinə deyildi və Mikayıl Rəfili də Mirzə Cəlilin, Sabirin, yaxud Ömər Faiqin təəssübünü çəkərək belə demirdi. Amma indi, siyasi-ideoloji dəyərlər sistemi dəyişiləndən sonra Mirzə Cəlilin buna ehtiyacı olmasa da, "Molla Nəsrəddin" barədə deyilmiş bu fikirlərin ətrafında düşünməyə dəyər. Çünki milliyyətçilik baxımından Mirzə Cəlilin yanında "açıq millətçi və pantürkist" bir Ömər Faiq amili çox ciddi amildir. Və Rəfilinin dediyini elə Mİrzə Cəlilin özü də etiraf etmişdi. Mirzə Cəlildən sonra "Ömər Faiq hər barədə, xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində "Molla Nəsrəddin"ə məsul idi" (C.Məmmədquluzadə).
Amma Rəfili nə yazıbsa, nə danışıbsa, qıcıq yaradıb, istər nəzəri, istərsə də ədəbi mətnləri, çıxışları dərhal antimarksist yarlığı ilə damğalanıb. Hələ bu məqalədən əvvəl - 1948-ci ildə Rəfilinin elmi nüfuzunun göz qamaşdırdığı çağlarda Mehdi Hüseyn "Azərbaycan sovet ədəbiyyatının yaradıcılıq problemləri" məqaləsində ona bütün istiqamətlərdən hücum etmişdi. Bəyan etmişdi ki, Rəfili şeirlərində də, nəzəri mülahizələrində də ziyanlıdır, Qərbi yamsılayır. Qərbçilik isə "müasir ədəbiyyatımızı mücərrədliyə, kosmopolitizmə doğru aparır... Yazıçılarda sovet milli qürurunu zəiflədir". Mehdi Hüseyn Rəfilini "həyatdan ayrılmaqda, sovet zəminindən uzaqlaşmaqda, ruhən bizə yad olan fikirləri kontrabanda yolu ilə şeirə gətirməkdə" suçlamışdı. Guya Rəfili Mirzə Fətəli Axundovu "öz ziyanlı nəzəriyyə və "yaradıcılığı"nı doğrultmaq vasitəsinə" çeviribmiş. Hətta "Nizami" monoqrafiyası "öz zəhmətinin məhsulu deyil, başqalarından, daha vicdanlı alimlərin əsərlərindən adi bir iqtibasdır..." və s...
Axundovu "öz ziyanlı nəzəriyyə və "yaradıcılığı"nı doğrultmaq vasitəsinə" "çevirən" Rəfili Moskvada Mirzə Fətəli barədə nəşr edilmiş ilk kitabın müəllifi oldu. 1959-cu ildə "Jiznğ zameçatelğnıx lödey" (JZL) seriyasından çap olunmuş bu kitab barədə isə Anar 1982-ci ildə yazdığı "Xoşbəxt adam" məqaləsində bildirəcəkdi ki, "Bu son dərəcə nüfuzlu və fəxri seriyanın mövcud olduğu yarım əsr ərzində Azərbaycanın görkəmli övladları haqda yazılmış kitabın yeganə azərbaycanlı müəllifi Mikayıl Rəfilidir".
Yaxud, söhbət Nizami barədə o monoqrafiyadan gedirdi ki, "Azərbaycan intibahı" anlayışı ilk dəfə M.Rəfilinin məhz bu kitabında qoyulmuş və elmi bir problem olduğu ciddi şəkildə qaldırılmışdı" (Nazif Ələkbərli).
Daha "vicdanlı alimlərin əsərlərindən iqtibas" məsələsinə gəlincə isə, Mikayıl Rəfili "İntibah məfhumu Metsə və Bartolda göründüyündən daha geniş və daha mürəkkəbdir", - deyirdisə, Şərq, yaxud müsəlman intibahının dünya miqyaslı iki ən böyük tədqiqatçısında renessans anlayışının məhdudluğunu vurğulayırdısa, burada hansı iqtibasdan və ya hansı təsirdən söhbət gedə bilərdi.
Şeirdə qərbçilik məsələsinə gəlincə... Əslində, şeiri sovet zəminindən uzaqlaşdırmaqla, yad deyil, modern fikirləri və üslubları "kontrabanda yolu ilə şeirə gətirməklə" Rəfili Azərbaycan poeziyasının hüdudlarını Avropaya qədər genişləndirməyə hələ 1920-ci illərin sonlarından etibarən başlamışdı. Verxarnın "Üfüq" şeirinə göndərmə edərək yazdığı "Axşam" şeiri Azərbaycan modernizminin ilk kamil örnəklərindən biridir. 1928-ci ildə sərbəst şeirin yenicə pərvəriş tapdığı Azərbaycanda yeni ölçüdə və yeni poetik dildə belə bir dünyəvi və dekadent ruhlu şeirin yaranması sıradan bir hadisə deyildi. 30 il sonra Mikayıl Rəfiliyə dünyanın ən hüznlü ağısını həsr edəcək Nazim Hikmət gəncliyində məhz bu şeirinə görə onu ustad adlandırır, şəkilcə də, məzmunca da ondan dərs almağın vacibliyini etiraf edirdi. 1920-ci illərin sonlarında, qəribədir ki, Rəfilinin ilham pərisi sosrealizmə doğru deyil, modernizmə doğru pərvazlanır. Qərbçiliyi də onun bu nəcib istəyindən qidalanır...
Bəlkə də, inqilabın doğurduğu ifratçılıq, maksimalist ovqat (ki, bu, onda da, indi də, dünyanın hər yerində olduğu kimi, bizdə də hər dəfə ədəbiyyatda öz milli köklərini baltalamaqla, "bütləri devirməklə", mədəni mirasın inkarı ilə, əski ədəbi məktəblərin aşağılanması ilə - futurizmlə başlayır) Rəfilini belə danışmağa vadar edirdi: "Azəri ədəbiyyatının son 75 illik inkişaf dövrü böyük və dərin bir fikrə və böyük ictimai bir qiymətə malik deyildir... Bu böyük 75 illik ədəbi dövr içində böyük bir sənətkarlıqla ifadə edilmiş qiymətli bir fikrə, bir fəlsəfəyə təsadüf edilməz".
1929-cu ildə, bəlkə də, belə bir qənaəti 24 yaşlı Rəfilinin gənclik coşqusuna bağlamaq da olardı. Amma qənaətin özü orijinal idi. Şeirin yolunu epiqonçuluqdan xilas etmək istəyən Rəfilinin nihilizmi, əslində, vaxtilə Füzulinin şairliyini şübhə altına alan Axundovun öz ənənəsinə istinad edirdi. Rəfili yeni ədəbi nəslin, Əli Nazimin təbirincə, "Şərq mistik ədəbiyyat meşəsinin meymunları"na çevrilməsini istəmirdi. Bunu isə Əli Nazimdən bir az əvvəl Rəsul Rza Mayakovskiyə yazdığı şeirdə bəyan etmişdi: "Ədəbiyyat Braziliya meşəsi deyil, / Doğru, - / Meymundan törədi insan oğlu, - / amma / nə gərək var yenidən / meymun olmağa?!".
Onu yalnız formalizm çərçivəsində deyil, həm də və ən başlıcası, Azərbaycan şeirinə "kontrabanda yolu ilə" gətirdiyi yeni mövzulara, yeni estetikalara və yeni paradiqmalara görə dəyərləndirməliyik. Düşünürəm ki, Rəfilinin ideoloji tərəflərindən sərf-nəzər edərək, lazım gələndə bəzi misralarını şeirlərinin ümumi kontekstindən çıxararaq oxumaqda fayda vardır. Belə olanda, Azərbaycan şeirinə gətirdiyi yeni obrazlar sisteminə görə onu Azərbaycanın ilk Avropa şairi adlandırmaq da mümkündür. Cənab Şəhabəddin də Türk poeziyasının ənənəvi qəliblərini qırmamışdımı? Obrazlar sistemini yeniləməmişdimi? Türk şeirində Orta əsrlər dövrünü sona çatdırmamışdımı?.. Rəfiliyə də eyni rakursdan baxmaq olmazmı?
Axşam, yenə axşam...
Qarlı orman,
Qarlı zəmi,
Qarlı, uzaq bir axşam...
Dərin, dalğın,
Sərin - yalqız,
Qırmızıraq bir axşam...
Yollar geniş,
Üfüqlər uzaq,
Rüzgar sərxoş,
Mən sərsəri,
Axşam - dəli...
...Axşam, yenə axşam...
Ey yasəmən türküsü axşam!
Dərdim Bayronun dərdidir, bəlkə...
Türk simvolisti və dekadansı Cənab Şəhabəddinin:
artık uyan ey mah
ey mah-i dil-aram,
zira geciyor ah!
saat-i semen-fam!
- deyə axan yasəmən rəngli saatı (saatı-semenfam), yaxud yenə türk simvolisti Əhməd Haşimin "Akşam, yine akşam, yine akşam / Göllerde bu dem bir kamış olsam!"ı eyni dövrdə qarışıb-birləşib Rəfilidə "Axşam, yenə axşam... Ey yasəmən türküsü axşam!" obrazında doğulurdu. Və qəribədir, eyni vaxtda Haşim sərbəst şeirin türk poeziyasına gəlişinə üfüq xəttini cızan və aydınladan sərbəst müstəzadlarını Verxarnın təsiri altında yazırdı. Rəfili də ilk sərbəst şeirlərini yazanda üzünü Verxarna sarı çevirmişdi.
Hətta 19-cu yüz il Avropa şeirində açmış "Şər çiçəkləri"nin ətri sovet dövrü Azərbaycan şeirinə ilk dəfə Rəfilinin poeziyasından saçılmağa başlayır. Rəfilinin "Axşam" şeiri Bodler "Leş"inin estetikasını yansıdırdı.
Yaxud:
O qızla mən, ikimiz də biriz,
Qəlbim dəniz,
O qız gəmidən qalan bir iz:
Baxıram gözlərinə
kimsənin görmədiyi bir göz yaşı var,
Dodaqlarım o gözlərlə pıçıldaşar:
Ah, ey qızlıqdan dul qalan qadın,
Bilirəm adın fahişədir, amma
O göz yaşları tanış mənə,
Gəl dərdini,
başqasına danışmasan, danış mənə!
Rəfilinin "Fahişə" şeirindəndir. "Qızlıqdan dul qalan qadın" obrazı ilə Orxan Vəlinin Süleyman əfəndisi arasında oxşar cizgilər, paralellər çoxdur. Hər iki şair adi, yazıq və talesiz adamlara - Orxan Vəli İstanbulda Süleyman əfəndiyə, Mikayıl Rəfili burada fahişəyə yönəldi. Nazim Hikmətin "Sahi, Mikail, şair olabilirdin, /profesör oldun/ Ama mesele bunda değil" söyləməsinə rəğmən, bu kimi şeirlərinin örnəyində Rəfili böyük alimliyi qədər də bəzi parametrləri ilə XX yüzildə Azərbaycan ədəbiyyatının yetişdirdiyi böyük şairlərdən biridir.
Onun və onun timsalında sərbəst şeirçilərin üzlərini nə üçün "Füzulilərə, Nəsimilərə, Vaqiflərə, Mirzə Fətəlilərə, Hüseyn Cavidlərə... deyil, Verxarnlara, Uitmenlərə, Jül Romenlərə, Mayakovskilərə və bütün dünya klassiklərinə doğru" çevirəcəklərinin səbəbi qismən aydın idi. Bir tərəfdən, yeni düşüncə yeni ədəbi forma tələb edir, digər tərəfdənsə, yeni ideoloji-siyasi sistemin ədəbi estetikasını yaratmaq gərək idi. Buna görə də Rəfili "yeni, böyük, mədəni, yüksək bir ədəbiyyat yaratmaq uğrunda mücadiləyə" başlamışdı. 1929-cu ildə yazdığı manifestasiyası - "Sərbəst şeir haqqında ilk söz" məqaləsi, göründüyü kimi, Stalinin kollektivləşmə ideologiyasından ədəbiyyat naminə Jül Romenin unanimizminə sıçrayış idi: "Bu cərəyanın yapdığı və yapacağı ilk reformalardan biri də əsərlərinin müəyyən bir şəxsə təəllüqündən əl çəkmək, şeirləri imzasız dərc etmək, müştərək şeir yaratmaq olacaqdır. Çünki onların (sərbəst şeirçilərin - A.T.) nəzəriyyələrinə görə, şəxsiyyətlər tarixi deyil, əsərlər, üslublar tarixidir: və gələcək sosialist ədəbiyyatı müştərək yaradıcılıq şəklini almalı olacaqdır".
Əli Nazim rekonstruksiya dövrünün şairi Rəfilinin birinci beşilliyin ortalarına qədərki dövrünü "öz sinfindən qopan, proletariatla qovuşa bilməyən, deklasse etmiş xırda burjua şairi, bir sıra mürtəce məfkurə və əhval-ruhiyyələrin tərcümanı" - deyə səciyyələndirir. Birinci beşilliyin ortalarından etibarən isə Rəfilinin "realizmə doğru böyük bir addım atdığını qeyd edən Əli Nazimə görə, bundan sonra "Rəfili şeirinin əsas xüsusiyyəti sərbəst şeirçilik, məcaz və təşbihlərin mürəkkəbliyi, sentimental lirika (son zamanlarda isə realizmə yaxınlaşan bir epika), dilin rəngliliyi, lakin çətinliyi, qeyri-kütləviliyi və sairədən ibarət olur".
1940-cı illərdə sərbəst şeirlə bağlı dərc olunan yazılarda "Rəfilinin sərbəst şeir məktəbi" deyə bir istilah keçir. Hətta Mikayıl Rzaquluzadə "Sovet Azərbaycanının şeiri" məqaləsində "Mayakovski yolunu tutmuş Rəsul Rzanı vaxtilə M.Rəfilinin "sərbəst şeir məktəbinə" mənsub sayanlar vardı... Əslində, bunlar tamamən, hətta bir-birinə zidd iki şeir yoludur" deyə qeyd edirdi. Əlbəttə, Rəsul Rza nə Mayakovski yolunu tutmuş, nə də "Rəfilinin sərbəst şeir məktəbinə" mənsub olmuşdu. Çünki otuzuncu illərin qarışıq və qanlı siyasi iqlimi belə bir məktəbin yaranmasına imkan vermədi. Doğrudur, 1920-ci illərdə Azərbaycan sərbəst şeirinin ilk eksperimentləri Mikayıl Rəfili ilə başladı. "Azərbaycan sərbəst şeirinin ilk nümunələri Rəfilinindir" (Şamil Salmanov). "Sərbəst şeirin ilk qaranquşları, ilk əyani-estetik təcrübələri M.Rəfiliyə məxsus idi" (Nazif Ələkbərli). "Azərbaycanda 20-ci illərdə sərbəst şeirin həm bədii nümunələrini, həm də nəzəriyyəsini M.Rəfili yaradırdı" (Nizaməddin Şəmsizadə). Amma onun yola, təmayülə, məktəbə çevrilməsi 1950-ci illərin sonlarında gerçəkləşdi və məktəbin qurucusu da Rəsul Rza oldu.
Mayakovski məsələsinə gəlincə, bu məsələdə Rəsul Rza da Nazim Hikmətlə eyni durumdadır. Nazim Hikmət Mayakovskini oxumadan ilk sərbəst şeirlərini yazmağa başladığı kimi, Rəsul Rza da ilk sərbəst şeirlərini yazanda hələ Mayakovskini oxumamışdı. Onun 1960-cı ildə atama yazdığı bir məktubda belə fikirlər var: "Bolşevik yazı", "Çapey" və neçə-neçə yeni səpkili şeirlər məhz Mayakovski yaradıcılığı ilə tanışlıqdan qabaq yaranmışdır!.. Mayakovski məsələsində poetik ifadə ilə həyat həqiqətini qarışdırmaq olmaz. Sərbəst şeir meylini ona bağlamaq düzgün deyil. Heç olmasa ona görə ki, Mayakovski sərbəst şeir yazmamışdır".
Mayakovski və Rəfili mövzusunda Rəsul Rzanın bir qeydini də xatırlatmağa ehtiyac duyuram. Formalizmdən, zahiri effektdən, təqlidçilikdən danışan və bu məqamda Rəfilinin "həyatın qışlarıdır əsli əsəbi" - misralı şeirini misal göstərən gənc tədqiqatçısına - atama yazırdı ki, "Yox! Yox! Yox! Belə parçalar Mayakovskidə istədiyin qədər var. Rəfilinin gözəl şeirləri də az deyil!".
Rəsul Rza 1960-cı ildə Müşfiqə həsr etdiyi "Qızılgül olmayaydı" poemasında "Şöləsi öz dibinə işıq salmayan şam"ın - yəni Rəfilinin "Yüz adama zor olan tənələrin yükünü tək boynuna götürdü"yünü yazır... "Ayağına balta vurmasa, dincəlməyən" bu "bədbəxt adam"ın gələcək tədqiqatçılarına Rəfili irsinə və taleyinə hansı istiqamətlərdən yanaşmağın yollarını, şair taleyini, xarakterini, üzləşdiyi təhdidlərin və məhrumiyyətlərin miqyasını anladır.
Rzaquluzadənin yazısında "Rəfilinin sərbəst şeir məktəbi" ifadəsi diqqəti o mənada cəlb edir ki, 1940-cı illərin sonuna qədər Azərbaycanda Mikayıl Rəfili poeziyasının nümunəsində "sərbəst şeir" ciddi ədəbiyyat təmayülü kimi qəbul edilmir və "sərbəst şeir" nədir?" sualına belə bir cavab verilirdi: "Bu "teoriya" son dərəcə ultra "revolyusion" gurultulu sözlərlə ortaya atılmış, mahiyyətcə isə antisosial, antimarksist vulqar bir hərəkətdi". İlk baxışda belə görünür ki, söhbət birbaşa sərbəst şeirdən getmir. Sanki o dönəmdə müzakirə predmetinə çevrilən yalnız Rəfiliyə məxsus "antisosial, antimarksist, vulqarizatior ruhlu sərbəst şeir məktəbi"dir. Amma belə deyil. Rəsul Rzanın o illərdə yazdığı sərbəst şeirlərin yolu ilə Rəfilinin yazdığı sərbəst şeirlərin yolu niyə, hansı səbəbdən "tamamən, hətta bir-birinə zidd iki şeir yolu" kimi xarakterizə olunmalıydı? Niyə bu şeirlər "yalnız zahirdən, yəni uzaqdan baxanda bir-birinə bənzəyir"di? Bəs yaxından, daxildən baxanda onları ayıran nə idi? Digər tərəfdən, Mikayıl Rzaquluzadə adı keçən məqaləsinin davamında Rəsul Rzanın da yaradıcılığını təhlil edir və burda sərbəst şeir bir kəlmə ilə də olsa xatırlanmır, yalnız Mayakovski ənənəsinin doğurduğu "təsiredici aktiv şeirdən" söhbət gedir. Belə çıxır ki, 1937-ci ildən sonra və 1940-cı illərdə sərbəst şeir məktəbinə aqressiv münasibət sıradan bir hadisə olmayıb. 1937-ci ilin mayında Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin iclasında "Rəfili ictimai mənsubiyyəti və ictimai vəziyyəti etibarilə tamamilə yabançı" elan edilmiş, Rəfili atası məşhur mülkədar Hacı Həsənin Gəncə üsyanında sovet hökuməti əleyhinə çıxması, revolyusioner işçiləri qətl etməsi, bütün yaradıcılığında kontrrevolyusion millətçilik və pantürkizmi propaqanda etməsi, Azərbaycan sovet poeziyasına formalizm kibi qorxulu və yabançı bir cərəyan gətirməsi, Azərbaycan xalq şeirinə qarşı çıxması və xuliqanlığı" səbəbilə Yazıçılar İttifaqının sıralarından xaric edilmişdi. 1946-cı ilin avqust və sentyabr aylarında Leninqrad partiya fəallarının və yazıçıların yığıncağında Jdanovun "Zvezda" və "Leninqrad" məcmuələrinə qarşı çıxışından dərhal sonra - oktyabrın 8-də təftiş və hiddət kampaniyası Azərbaycana çatan kimi hədəfə yenə Rəfili və onun sərbəst şeiri gətirildi. Azərbaycan Yazıçılar İttifaqının Plenumunda rəyasət heyəti "Yazıçı Mikayıl Rəfili haqqında qərar" qəbul etdi: "Rəfili..."Mingəçevir" adlı bədbin, simvolik "şeirində" Azərbaycan ədəbiyyatına vaxtilə bir çox zərərlər vermiş və ictimai fikrimiz tərəfindən ifşa edilmiş "öz sərbəst şeirçiliyini" yenidən diriltmək istəmişdir".
Rəfilinin dışlanmasının, Yazıçılar İttifaqından xaric edilməsinin, şeir yaradıcılığını inzivaya çəkməsinin, ümumiyyətlə, bir daha şair kimi görünməməsinin, sərbəst şeirin bir ara "antisosial, antimarksist, vulqarizatior ruhlu bir sənət məktəbi" adlandırılmasının ciddi siyasi səbəbləri var idi. "Çağdaş poeziya və ədəbi təmayüllər" kitabında Elnarə Akimovanın qeyd etdiyi kimi, axı sərbəst şeirdə "ritmdə və normativ qafiyədə sərbəstlik hakim olur, azad və sərbəst forma axtarışlarına önəm verilirdi. Bu həm də yeni şeirə, düşüncəyə dönüşün, düşünən İnsana doğru meyillənən poeziyanın ilk işartıları idi. Önümdəki böyük şəhər / Bir pəncərə... yazan Rəfili bu pəncərədən baxarkən... cəmiyyətin əzib xırpaladığı insanları da görməzdən gəlmir, özünü onların dərdinə aşina, həmdərd sayırdı". Və bu səbəblər, Rəfili ilə birgə Rəfilinin Azərbaycan şeirinə gətirdiyi "özünəməxsus Bayronizm"i (N.Ələkbərli), "yeni təşbehlər, metafora, metonimiyalar sırası"nı (E.Akimova) çıxdaş etdi. 1930-cu ildə "Yeni obrazlar, yeni sözlər və nəhayət, Azərbaycan ədəbiyyatına tanış olmayan yeni mövzular ilə ortaya çıxan Rəfili ruhilə və talantının növilə də yeni" (Cabbar Əfəndizadə) olduğu üçün çıxdaş edildi. Sanki 40-cı illərdən 50-ci illərin sonlarına qədər sərbəst şeirin sərbəst ruhu uyuşduruldu... Türkiyə nazimşünaslarından Aslan Kavlak Rəfilinin şeirdən uzaqlaşması ilə bağlı ağlabatmayan belə bir ehtimal irəli sürür ki, Mikayıl Rəfili Nazimin şeirini konu edən yazılar yazır; ancaq gözlənilməz şəkildə təzyiqlə qarşılaşır. Şeiri bu üzdən tərk edir. Bu dönəmdən sonra ağır bir senzura uyğulaması illərcə davam edir... Senzura məsələsində, məncə, Kavlak haqlı deyil. Yəni səbəb bu deyil. Səbəb sosrealizmin modernizmə münasibətidir. Lenin kubizmə və ekspressionizmə qarşıdır. Stalin dekadentizmə, simvolizmə, akmeizmə, futurizmə qarşıdır. Xruşşov abstraksionizmə, formalizmə - hamısı birlikdə modernizmə qarşıdır. Mikayıl Rəfili 1934-cü ildə SSRİ Yazıçılarının Birinci Qurultayındakı çıxışında sosrealizm nəzəriyyəsinin yaradıcılarının hüzurunda 24 yaşlı Rəsul Rzanın sosrealizmlə bağlı qəribə, o dövr üçün isə təbii ki, gözlənilməz olan fikirlərini xatırladırdı: "Один из наших хорошых поэтов, Расул Рза, утверждал и пропогандировал такую идею… чтопоэзию нельзя писать методом соцреализма".
...Keçən dəfə Səməd Mənsur barədə yazımda bir şəkil təqdim etmişdim. 1926-cı ildə Ədəbiyyat Cəmiyyətində Əli bəy Hüseynzadə ilə görüşdə çəkilmiş həmin şəkildə hamı - dövrün əksər dəyərli qələm sahibləri bir yerdəydi. O şəkildə 21 yaşlı Mikayıl Rəfili də var. Rəfili barədə yazını bitirərkən o şəklə bir daha diqqətlə baxıram. Və impulsiv olaraq, Mikayıl Rəfili ilə Əli bəy Hüseynzadə arasında paralellər axtarıram. Azərbaycanda bəyaz şeir (ağ şeir) barədə ilk fikir Əli bəy Hüseynzadəyə, sərbəst şeir haqqında ilk mülahizələr isə Rəfiliyə aiddir. Hüseynzadə də, Rəfili də "Faust"un İthaf qismini tərcümə ediblər. Avropada modernizmin gəlişməsində mühüm olan cərəyanlar - simvolizm, dekadentizm barədə ilk mətbu fikri Əli bəy Hüseynzadə, impressionizm və ekspressionizm barədə ilk məqaləni isə Rəfili yazıb və s...
Həmin şəkildə Mehmet Fuad Köprülü də var. 28 ildən sonra - 1954-cü ildə Yazıçıların Qurultayında Rəfilini həm də 1941-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasında "bizə müharibə hazırlayan Köprülüzadənin" əsərlərinə istinad etdiyi üçün tənqid edirdilər (O zaman Köprülü Türkiyənin Xarici İşlər nazirydi). Hətta bu münasibətlə Rəfilinin 10 il əvvəl Moskvada müdafiə edib aldığı elmlər doktoru dərəcəsini əllinci illərdə Bakıda ləğv etmək istədilər.
O şəkildə Cavid də var... Sərbəst şeirin Rəfili tərəfindən Azərbaycan poeziya məkanına gəldiyi ilk illərdə Hüseyn Cavid "Azər" poemasında belə misralar yazmışdı: "Nerdə beş kölgə görür ördəklər / Başlayıb nitqə həmən saz köklər... / Zövqə biganə səfillər bol-bol / Şerü sənətdə arar bir yeni yol...". Bəlkə də, yanılıram. Amma, məncə, bu misralarda həm də Rəfili obrazının əsintisi var. Demişdi axı, "biz yeni, böyük, beynəlmiləl bir ədəbiyyat yolunda mücadiləyə başlamışıq. Biz üzümüzü Füzulilərə, Nəsimilərə Vaqiflərə, Mirzə Fətəlilərə, Hüseyn Cavidlərə doğru deyil, Verxarnlara, Uitmenlərə, Jül Romenlərə, Mayakovskilərə... doğru çeviririk".
Bir az sonra - 1937-ci ildə Cavid həbs edildi. Rəfili yuxarıda xatırlatdığım kimi, bəlli səbəblər üzündən Yazıçılar İttifaqının sıralarından kənarlaşdırıldı...
1939-cu ildə isə Cavidin oğlu və Pedaqoji İnstitutda Rəfilinin tələbəsi Ərtoğrol Cavid Rəfilinin tərcümə etdiyi "Gülən adam" mövzusunda kurs işi yazdı. Kurs işində gətirilmiş sitatlar Rəfilinin tərcüməsindəndir: "Homo! Nə olursan-ol, dönüb insan olma"..."Sən yenə ayaq üstəsən və göz yaşı vadisində istədiyin qədər gəzə bilərsən". Ərtoğrol ən məhrəm duyğularını heç kəsin oxumayacağı şeirlərə köçürdü və sərbəst vəzndə yazdığı həmin şeirləri "qafiyəsiz, sərbəst şeirlər" adlandırdı... Sonra bəraət rüzgarları əsəndə Moskvada "Azərbaycan şairləri"nin şeir antologiyasını nəşrə hazırlayan Rəfili həmin kitaba ön söz, müəlliflər barədə məlumatlar yazdı və bu kitabda Hüseyn Cavidin bioqrafiyası ilə yanaşı, şeirlərindən seçmələr (bəziləri Lev Nikolayeviç Qumilyovun tərcüməsində) ilk dəfə rus oxucusuna təqdim edilirdi.
***
“Bu gün sevməsələr də yarın sevərlər məni” - demişdi.
Rəfiliyə sevgilərlə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!