Ümid Nəccari - yaralarından qaranlığa danışan adam - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Çağın ədəbiyyatında ən son addımı ifadə edən imzalardandır Ümid Nəccari. Daim oxuduğum, izlədiyim müəlliflərdəndir. Həm də inandığım. Bu günlərdə şeir kitabı çapdan çıxdı: "Qaranlığın fotosu". Kitab müəllif haqqında söz deməyə daha yaxşı imkanlar açır, adətən. Onun poetik kredosunu, estetik müəyyənliyini bütöv duyub anlamağa şərait yaradır.

Əvvəlcə bunu deyim. Ümidin şeirləri həzin bir səssizlik içindədir. Səssizlik yeganə ünsiyyət vasitəsidir bu şeirlərdə. Burada sözdən çox təsvirlər danışır. Əbəs yerə qaranlığın fotosu adlandırmayıb ki, mətnlərini. Kədər, hüzn, nisgil, sıxıntı, tənhalıq, darıxmaq adına nə varsa, daim müəllif obyektivinin fokusundadır. Amma onların səssizliyini şərtləndirən amil yalnız bununla bağlı deyil. Bu şeirlərin poetik duyumunu hiss etmək üçün zamanı bir anlıq saxlamalısan özün üçün. Saxlamadınsa, hansısa misra quş kimi uçub gedəcək, estetik bütövlük itəcək, şüuraltındakı poetik sistemin nizamı dağılacaq:

birisi var yer üzündə, səssiz ağlayır.

...O, bir daş kimi darıxmır yollarda,

keçmir bulud kimi heç bir yer üzündən...

O danışır yaralarından qaranlığa,

Allahlıq edir ürəyindəki məktublara...

Ümidin şeirlərində göy üzü kimi ənginlik sınırsızlığı da var, quş, qanad, lələk kimi fəza elementləri də, Tanrı və ruh kimi sakrallığı bəlirtən anlayışlar da. Amma nə üçünsə, Ümidi ağrıların əlindən almağa onların heç birinin gücü yetmir. Ümid bədbinliyin, qaranlığın şairi olaraq qalır. Onun şeirləri dekadans ruhludur və bu dekadans havası artıq dünyagörüş məqamındadır, bədii duyumun cövhərini təşkil edir. Misralar arasında kabus kimi, sərgərdan bir ruh dolaşır, sanki. Lirik "mən" kölgə kimi gah görünür, gah itir.

...Mənim yerimə bir az darıx,

darıx ayağı bağlı ağaclar üçün,

darıx mənim kimi qanadsız quşlar üçün,

darıx yalnızlıq üçün,

darıx...!

Ümidin şeirlərində qəribə kontrastlarla rastlaşırıq. Bəzən bir uğurlu misra bəs edir ki, özlüyündə o qədər də bütöv olmayan şeirə estetik yaşam həzzi bəxş etsin. Məsələn, bəzi şeirlərdə poetik mexanizm baxırıq ki, yetərincə deyil, amma "əgər aynada özümüzə qanad rəsmi çəkməsək, / silinəcəyik yağış damlalarıyla", "bir ovuc göy üzü gizlənib quşların qanadında", "Bir məktub gözləyirik göy üzündən ki, / bir səhər yuxudan duranda bizə tərəf bir əl uzansın", - kimi misralar şeirə zəngin səciyyə qazandırmağa nail olur. Bəzən də əksinə olur. Yaxşı poetik təəssürat yaradan şeir bir misranın güdazına gedir. Məsələn, "hisslərimin ağıl dişi ağrıyır sən uzaqlaşdıqca", "unutdum ürək çantamı gözlərinin taksisində", "həminki ac adamam, ey gözləri çörək". Ümid onsuz da fəlsəfi yozuma aludə şairdir. Amma bu aludəlik zorla, süni formada yarananda qəbuledilməz olur, "xaric səs" effekti doğurur. Ümid bu məqamlarda şeiri kosmik səviyyədən endirib kosmetik detalçılığa müncər edir. Gərəkdir ki, fikir axarı öz təbiiliyində təzahür etsin, poetik düşüncənin dərinlərindən rəvac tapsın. Yalnız bu zaman dünya mədəniyyəti faktından, ona qarışmaq hadisəsindən danışmaq mümkün olar. 

Dünya poeziya mədəniyyətindən söz düşmüşkən, Ümid Nəccarinin şeirdə yolu, poetik yön ardıcıllığı hardadır, kimlərdən keçir, keçib də durulur, ön söz müəllifi Azər Turan bunun dəqiq koordinatlarını cızır: Adonisin sürrealizmlə qovuşmuş sufizmi, Robert Desnosun sevgi önündə faniyə, xəyala çevrilən qəhrəmanı, habelə "XX yüzil İran və ərəb şeirinin  - Sipehrinin, Füruğ Fərruxzadın, Əhməd Şamlunun, Nəzar Qəbbaninin təsiri"... Poetik fiqur, obraz, ideya bəhrələnməsi  baxımından Ümid hara qədər özüdür, ya özgədir, özünə çatır, çatıb da durulur, özünü ötürmü kimi məsələlər ətrafında uzun-uzadı danışmaq olar, amma əsas olan budur ki, Ümidin seçdiyi obraz üzərində düşüncələri onu dünya fəlsəfəsinə aparır, fəlsəfənin insan qatına müncər edir, bu yükü çəkən imzaların sırasına uğurla qoşula bilir. Niyə? Çünki büsbütün İnsanı görk edir. Bir əli göylərə açılı, nəzərləri quş qanadına dikili olan bu poeziya toxunduğu bütün mövzuları mənəviləşdirir, ali hisslərin cəzbində sınaqdan çıxarır, ona əbədiyyət intəhasızlığından nəzər yetirir. O qədər ki, məsələn, sevgidən, onun doğurduğu ağrılardan bəhs etdiyi məqamda "an"ı dondurur və buradan dünyanın sosial ədalətsizliyinə rəvan keçidlər başlayır:

Salam, qarnı ac qaralar!

Afrikanı gecə yarısı yaratdı Tanrı.

və bir əl boyda çörək oldu dünya...

Ayaqqabıların altındakı dəliyi unut

və dəsmalını çıxart,

sil utanan günəşin alın tərini.

Onun poetik yaşam təcrübəsində romantik nəfəs genişliyini duymamaq olmur. Ümid bu mövzuda da fərqliliyə meyil edir, şeirin iç mənzərəsini dəyişməyə çalışır. Əsl "sürrealizmlə qovuşmuş sufizm" bu məqamda görünür, məncə. Ümid sevgini romantik haləsində qəbul edir, onu ilahi və ekstaz həddə qaldırıb layiq bildiyi ünvana çatdırır, sevdiyi qadın obrazı hər cür ultramodern ölçülərdən arındırıb mənəvi yaşam tonallığında poetik müstəviyə gətirir.

Səndən uzaq

gözlərinin orucunu tutmaq;

Səndən uzaq

əllərini daşdan yonub üstünə alın qoymaq,

şəklinin Kəbəsinə yeddi dəfə dolanmaq

və sən gedən yola üz tutub

                              sevgi rükəti qılmaq,

adını bir-bir təsbeh dənələrində çevirmək,

göz yaşlarımla dəstəmaz almaqdır peşəm,

ey sevgi peyğəmbərim!

Ümid hisslərin metafizik qatına adlayır, kadrların dinamik növbələnməsi baş verir, şeirdəki montaj yoluyla alınan bu rəngarənglik vizual görüntü yaradır.

Ümidin predmet seçdiyi bütün mövzular mütləq fəlsəfi yozuma açılır. Lirik qəhrəman konkretliyi ilə bahəm ilahi həqiqət və fəlsəfi məzmun daşıyan məna ümumiləşdirmələri ilə şeirə gətirilir.  

Şeirlərinin poetik strukturu daha çox sərbəstə meyillidir. Bəzən rast gəldiyimiz misra sınmaları, obrazlılıq tərzində qəlibdən qaçınmaya meyillər də olsun ki, Ümidin iç fəlsəfəsinin özündən doğur və şair ruhunu bu formada ifadə edir.

Ümidi, ümumiyyətlə, cavan şairləri, bəzən elə içi özüm qarışıq çox zaman qınayırıq: niyə bu qədər pessimist, bədbindirlər deyə. Halbuki bu təbiidir. Poeziya yaşanılan hisslərin, ruh halının təzahürüdür. Biz ağrıyırıqsa, o da ağrımalıdır. Ümid də bu mənada, özündə XXI əsrin kataklizmlərinin  hər günü daha çox qanla açılan, savaş, müharibə xəbərləri ilə alov saçan dünyanın  adamı olmaq missiyasını daşıyır.

Gecə yürüş edir şəhərə,

zülmət eyvanlardan boylanır zülmlərə.

Qulaqlarımızla görürdük çocuqları...

Çocuqların velosipedləri - alov güllələri,

Oyuncaqları-məhbus!

Çəkdiyi rəsmlərində günəş bumbuz...

Divarlar əsgər kimi ayaqüstə,

Divarlar - müharibə.

 

...Sevgililərin dodaqlarında quraqlıq,

öpüşlər- məscidlərin minbərində meyit.

Minarələrdə mina partlayışı,

kilsələrdə əlil arabaları,

xalçalarda xəzan...

Küçənin qaranlığında bir it də itir...

Qapılar bir-birindən boşanır.

Evlər yiyəsiz, evlər yetim...

Özün ya özgə,

fərq etməz!

Biz - gecə,

biz - əsgər,

biz - divar...

Heç olmasa bir qarış pəncərə,

heç olmasa bir udum su ol.

Günəş həbsdədir, məmləkət...!

Bu şeirdə Ümid müharibənin, onun dağıtdığı nə varsa hamısının tablosunu yaradıb şeirin yaddaşına köçürür. Psixoloji təsiri ictimai-sosial fonla əlaqələndirməyə cəhd edir, detal planlardan, ekspressivliyi gücləndirən rakurslardan istifadə ilə iç böhranının inikasını verməyə nail olur.

Ümid şeirlərində iki hissin arasında var-gəl edir, deyir ki:

Hələ

ölümlə ümidin arasındasan...

Dünyanın hər küncündə

bir ovuc torpaq olsan da

birinə məzarsan,

birisinə Vətən!

İki tayın arasında körpü olan, Şimallı, Cənublu Azərbaycanımızı simvolizə edən Ümid Nəccari! Şeirlərindəki nisgilin zəmin aldığı səbəbin biri də budur: ayrılmaq, parçalanmaq, ikiyə bölünmək acısı... Amma poeziya ayıran yox, birləşdirəndir axı, dünyanın harasında olursan-ol, içində daşıdığın Vətəndir. Ümidin şeirləri bu mənada vahid Vətən himninin yeni dalğasıdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!