Moskva Şərq Dilləri İnstitutunun azərbaycanlı alimləri (1876-1930) - Nadir MƏMMƏDLİ yazır

MİRZƏ CƏFƏR RZAYEV VƏ MİRZƏ ABDULLA QAFAROVUN İCTİMAİ TƏŞKİLATLARDAKI FƏALİYYƏTLƏRİ

 

Moskva şərqşünaslıq elmində elə bir mütərəqqi ictimai təşkilat olmamışdır ki, Mirzə Cəfər və Mirzə Abdulla Qafarov orada iştirak etməmiş olsunlar.

Moskva universitetinin tarix-filologiya və LŞDİ Xüsusi Siniflərinin professor-müəllim heyətinin birgə əməkdaşlığı ilə mədəni-tarixi müqayisədə qədim və müasir Şərqin öyrənilməsi üçün Cəmiyyət təşkil edilməsi fikri çoxdan yaranmışdı. Bu fikri təkcə mütəxəssislər deyil, Şərqlə maraqlananlar da müdafiə edirdilər. Cəmiyyətin nizamnaməsinin hazırlanmasına səbəb eyni məqsədlə Peterburqda belə bir cəmiyyətin yaranması xəbəri oldu. Moskva şəhəri Mərkəzi Dövlət Tarix Arxivinin sənədlərinə əsasən, 1883-cü ildən paytaxt oriyentalistlərinin tərtib etdikləri "Peterburq dərnəyi layihəsi" moskvalı həmkarlarına göndərilir. Moskva alimlərini təmin etməyən bu layihəni yenidən hazırlamaq üçün imperator Moskva Arxeologiya Cəmiyyətinin 31 mart 1883-cü ildə keçirilmiş iclasında komissiya təşkil edilir və yeni "Rus Şərq Cəmiyyəti Nizamnaməsi"nin layihəsi tərtib edilir. A.P.Baziyansın araşdırmalarına əsasən, layihənin müəllifləri - Moskva alimləri universitetin Şərq fakültəsinin dekanı Vasili Pavloviç Vasilyevin adına aşağıdakı məzmunda məktub göndərirlər: "Peterburqun Şərq dilləri fakültəsinin Şərqi öyrənən çoxsaylı mütəxəssislərə malik olduğunu yaxşı bildiyimizdən, Moskva dərnəyi belə bir yekdil qənaətə gəlib ki, sizin simanızda, Şərq dilləri fakültəsinin professorları təqdim etdiyimiz layihəni diqqətlə oxusunlar və bu barədə fikirlərini bildirsinlər. Əgər Rusiya Şərq Cəmiyyətinin iki - universitetin Şərq dilləri fakültəsi nəzdində Peterburq və Lazarev Şərq Dilləri İnstitutu nəzdində Moskva - şöbəsinin mövcud olması Şərq fakültəsi professorları arasında razılıqla qarşılansa, bu halda Moskva dərnəyi Rus Şərq Cəmiyyətinin yaradılması icazəsi haqda dövlət qarşısında vəsatət qaldırılması təşəbbüsünü öz üzərinizə götürməyinizi xahiş edir. Əgər bu və ya digər səbəblərə görə (məsələn, Peterburqda İmperator Arxeologiya Cəmiyyəti nəzdində Peterburq Şərq şöbəsinin mövcud olması nəzərə alınsa) cənab professorlar təqdim edilən layihənin həyata keçirilməsini lazım bilməsələr, bu halda Moskva dərnəyi hökumət qarşısında Moskva Şərqsevər Həvəskarlar Cəmiyyətinin yaradılması haqqında vəsatət qaldıracaq".

Layihənin iki paraqrafı Cəmiyyətin məqsədini aydınlaşdırır:

"1. Qədim və müasir Şərqin mədəni-tarixi münasibətlərini öyrənmək məqsədilə S.Peterburqda və Moskvada "Rus Şərq Cəmiyyəti" təsis olunur;

2. Cəmiyyət aşağıdakı hüquqlara malikdir:

a) açıq və gizli iclaslar keçirmək;

b) Şərq xalqlarının ədəbi yaradıcılıqlarını tərcümə və nəşr etdirmək;

c) Şərq xalqlarının həyatı və tarixini əks etdirən maddi abidələrin kolleksiyasını toplamaq;

d) elmi məqsədlə ekspedisiyalar təşkil etmək;

e) toplanmış materialları rus, eləcə də xarici dillərdə çap olunan toplularda və dövri jurnallarda nəşr etdirmək".

"Rus Şərq Cəmiyyəti Nizamnaməsi"nin bu layihəsini tərtib edən və onun həyata keçməsinə razılıq verən məşhur alimlər, Moskva universiteti və LŞDİ Xüsusi Siniflərinin nüfuzlu professor və müəllimləri N.Emin, Q.Kananov, F.Y.Korş, M.O.Attaya, M.V.Nikolski, V.F.Miller, S.A.Sakov, İ.Okromçedelov, A.Veselovski, N.Xolmoqorov, F.Fortunatovun adı sırasında dosent Mirzə Cəfərin də imzası vardır.

 Lakin müəyyən səbəblərə görə "Rus Şərq Cəmiyyəti"ni təsis etmək mümkün olmur.

Beləliklə, Şərq Cəmiyyəti yaradılması ideyası Moskva şərqşünaslarının narahat problemi olaraq qalır. Çox keçmir ki, İmperator Moskva Arxeologiya Cəmiyyətinin üzvləri iclaslarının birində məsələni daha qəti şəkildə qaldırırlar. Bu məsuliyyəti M.V.Nikolski öz üzərinə götürür. İmperator Moskva Arxeologiya Cəmiyyətinin 1887-ci il 24 aprel tarixli iclasında o, "Şərq komissiyasının yaradılması haqqında əsaslandırılmış təkliflər" adlı məruzə ilə çıxış edir. Məruzənin qısa məzmunu belədir: "Hazırda elə vəziyyət yaranıb ki, bu fikir (komissiyanın yaradılması - N.M.) Moskva Arxeologiya Cəmiyyəti üzvləri arasında daha ciddi şəkildə ortaya çıxıb və  üzvlər onun taleyi haqqında daha ciddi düşünməyə başlamışlar. Əsas məsələ Cəmiyyətin tərkibində Şərq şöbəsinin yaradılmasıdır.

Ötən illər ərzində Arxeologiya Cəmiyyətinə saysız-hesabsız Şərq abidələri, müxtəlif Şərq dillərində yazılmış xeyli sayda yazıların surətləri göndərilib. Ərəb, yəhudi, türk, fars və s. bizə məlum olmayan dillərdə yazılmış nümunələr öyrənilməmiş arxivlərə təhvil verilib.

Əgər işlər belə davam etsə, Cəmiyyətin fəaliyyəti məqbul hesab oluna bilməz. Cəmiyyət bu işlərlə məşğul ola biləcək mütəxəssisləri öz daxilində, sıralarında yox, xarici ölkələrdə axtarır. Ona görə ki, Moskvada şərqşünaslıq elmi ilə məşğul olan vahid mərkəz yoxdur. Bütün bu çətinliklərin öhdəsindən isə bu işdə marağı olanlar gələ bilərlər.

Avropa Şərq arxeologiyası ilə müqayisədə rus elmi qarşısında vəzifələrimizi dərk etməyimizin vaxtı çoxdan çatıb. Bizim görmək istədiyimiz iş xeyirxah məqsəd daşıyır.

Bu yerlərdə (konkret olaraq Orta Asiyanın Semireçensk quberniyası nəzərdə tutulur - N.M.) xarici ölkə alimlərinin görünməsini, onların arxeoloji və tarixi materialları toplamasını gözləmək bizim elmimizə layiq deyil, özümüz sistematik plan tərtib etməli və öz gücümüzlə əldə etdiyimiz bütün materialları araşdırmalıyıq. Arxeologiya Cəmiyyətinin nizamnaməsinə əsasən, qarşıya qoyulan əsas məsələ arxeoloji materialların geniş və hərtərəfli tədqiq edilməsidir.

Avropa xalqlarının öz mədəniyyətinə görə elm, incəsənət və dövlətin ilkin yaradıcısı yunanlara və romalılara borclu olduğunu dərk etməsindən çox vaxt ötməyib. Dünya tarixi Şərqin mədəni mərkəz olmasını, Qərbin isə onun büsbütün nəcib formasını yaratmasını anlatmaqla, Şərqlə Qərb arasında tarazlığı bərpa edib. Bütün Avropa xalqları ilə müqayisədə bu ölkələrin mədəniyyətinə, tarixinə və coğrafi ərazisinə daha çox yaxın olsaq da, onların abidələrini ən az biz öyrənmişik.

Bizim muzeylər və rəsmi elmimiz Qərbin bu sahədəki elmi biliklərinə, demək olar ki, məhəl qoymur; bunun üçün qeyri-rəsmi, ictimai səbəb olmadan elmimizdə qədimliyə gedən yolu təmizləmək üçün xüsusi elmi korporasiyaların enerjili fəaliyyəti lazımdır. Halbuki, bu materialları əldə etmək və öyrənmək üçün biz tam hüquqa malikik, bu bizim borcumuzdur.

Mövcud elmimiz bizdən onu tələb edir ki, başqa mədəni xalqlarla yanaşı, qədim dövrün ümumbəşəri mədəni-tarixi abidələrini toplayaq və tədqiq edək. Moskva Arxeologiya Cəmiyyətindən rus elminin çoxdan bəri gözlədiyi, ümid etdiyi keçmişi ruhunda tam təşəbbüskarlığı, xeyirxahlığı öhdəsinə götürməyi xahiş edirik. Cəmiyyətin üzvləri arasında filologiya və linqvistika üzrə işin məsuliyyətini üzərinə götürə biləcək universitetin çox gözəl elmi potensialı vardır. Eləcə də Şərq dilləri üzrə xüsusi təhsil ocağı sayılan Moskva Lazarev Şərq Dilləri İnstitutunun ən yaxşı elmi qüvvələri sıralarımızdadır. İnanırıq ki, fəaliyyətə başlayandan sonra indiyədək adları məlum olmayan və ixtisasları ilə Cəmiyyətə lazımi xidmət göstərə bilməyən yeni qüvvələr də bizə qoşulacaqlar.

Arxeologiya Cəmiyyətini tam inandırmaq istərdik ki, irəli sürdüyümüz təklif, Cəmiyyətin işində var qüvvəmizlə işləmək, onun fəaliyyətini daha da genişləndirmək və üzvləri arasında birliyi, həmrəyliyi qüvvətləndirmək məqsədi səmimi istəyimizdən irəli gəlir" (46.3-11).

F.Y.Korş, V.F.Miller və F.K.Trutovskinin də müdafiə etdikləri "Təkliflər"ə əsasən, Moskva Arxeologiya Cəmiyyətinin 1887-ci il 8 may tarixli iclasında qrafinya P.S.Uvarovananın sədrliyi ilə təşkil olunmuş heyət aşağıdakı məzmunda İmperator Moskva Arxeologiya Cəmiyyəti Şərq komissiyasının qaydalarını işləyib hazırlamışdır...

Əsası 1864-cü ildə qoyulmuş İmperator Moskva Arxeologiya Cəmiyyəti nəzdində Şərq komissiyası 1887-ci il 29 sentyabr tarixindən fəaliyyətə başlayır. Həmin tarixdə LŞDİ Xüsusi Siniflərinin və Moskva Universitetinin ən nüfuzlu şərqşünas alimlərinin toplaşdığı komissiyanın ilk təşkilati iclasında F.Y.Korş sədr, M.F.Miller onun köməkçisi, bu xeyirxah işin təşəbbüskarı M.V.Nikolski  katib seçilir. M.V.Nikolskinin fikrincə, Rusiyada şərqşünaslıq elmi mərkəzlərindən ən nüfuzlusu Şərq Komissiyası olmalı idi (38,169).

Komissiyanın ilk iclası 1887-ci il 31 oktyabrda keçirilir. Cəmiyyətin 1888-ci il 29 mart tarixli iclasında qrafinya P.S.Uvarova Şərq Komissiyasının üzvlərinə müstəqil "Drevnosti vostoçnıə" toplusu nəşr etdirmək təklifi irəli sürür (10,174). 1889-1915-ci illlər arasında A.E.Krımski, M.V.Nikolski və P.S.Uvarovanın redaktorluğu ilə toplunun beş nömrəsi çap olunur. Həmin protokollar komissiyanın, eləcə də Moskva şərqşünaslığının salnaməsidir. Protokollarda iclasların gedişi, diskussiyalar, bir sıra məruzələrin mətni, onlara əlavələr və elmi mübahisələr, bəzi əlamətdar tarixi hadisələr öz əksini tapır. Qeyd edək ki, Mirzə Cəfərin adı ilk dəfə Şərq komissiyasının 1892-ci il 25 yanvar tarixli iclasının 28 nömrəli protokolunda çəkilir.

İclasın sədri V.F.Miller Mirzə Cəfərin Komissiyaya üzv seçilməsi təklifini irəli sürür və onu komissiyanın işinə layiqli, "fars arxeologiyasına yaxından bələd olan, səriştəli mütəxəssis" kimi təqdim edir. İclasın qərarından aydın olur ki, Mirzə Cəfər 1892-ci il 25 yanvar tarixindən Şərq komissiyasına üzv seçilir (47,90).

Qeyd etmişdik ki, M.A.Qafarov LŞDİ-nin Xüsusi Siniflərində 1901-ci il sentyabrın 1-dən pedaqoji fəaliyyətə başlamışdır. Lakin komissiyanın protokollarında və "Biobiblioqrafiçeskiy slovarğ oteçestvennıx törkoloqov" kitabında verilmiş məlumatlardan aydın olur ki, o, həmin tarixdən Moskvaya gəlməmişdir.

İmperator Moskva Arxeologiya Cəmiyyəti Şərq komissiyasının 1896-cı il 23 dekabr tarixli iclasının 51 nömrəli protokolunda verilən xülasədə qeyd edilir ki, M.A.Qafarov həmin iclasda "Türkiyə hakimiyyəti dövründə Qafqazdakı türk çinovniklərinə verilmiş Sultan fərmanları haqqında" məruzəsi ilə çıxış etmişdir (bax: 48,137). Adı çəkilən məruzə 1901-ci ildə "Drevnosti vostoçnıə" toplusunda çap olunub. Əsərdə müəllif 1726-1821-ci illərə aid olan 26 fərmanla bağlı araşdırmalar aparmış, Rusiya-Türkiyə münasibətlərini, Türkiyənin Qafqazda və Qara dəniz ətrafı ərazilərdə apardığı siyasəti aydınlaşdırmağa çalışmışdır.

A.N.Kononovun məlumatına əsasən, M.A.Qafarov LŞDİ-də Azərbaycan dilindən, 1901-ci ildən isə özbək dilindən dərs demişdir (bax: 18,74). Güman ki, M.A.Qafarov 1893-1896-cı illər arasında LŞDİ-yə dəvət almış və həmin ərəfələrdə Şərq komissiyasına üzv seçilmişdir. Üçillik dövrü əhatə edən protokolların 1896-cı ildən sonrakı məlumatlarında onun adı komissiyanın üzvü kimi çəkilir. Qeyd edək ki, komissiyanın iclaslarında dinləyici kimi iştirak edən həvəskarların adı protokollarda "qonaqlar"ın siyahısında verilir.

M.A.Qafarovun Şərq Komissiyasının orqanı olan "Drevnosti vostoçnıə" toplusunda həm də tərcümələri - Səlman Savəcinin "Cəmşid və Xurşid" poeması, M.O.Attaya ilə birgə "Əndicandan göndərilmiş ərəbcə yazılan vərəqələr", həmçinin toplunun Şərq Komissiyasının 25, akademik F.Y.Korşun 70 illiyinə həsr olunmuş yubiley nömrəsində məşhur "Monqol dövrü fars tarixşünaslığında" əsəri, Vl.A.Qordlevskinin kommentariyası ilə "Fars atalar sözü" toplusu çap olunmuşdur.

Şərq komissiyasının daimi üzvü olmasa da, iclaslarda M.A.Qafarovun qardaşı Məhəmməd Kazım Qafarov da iştirak etmiş, çıxışları, müzakirələri böyük həvəslə dinlənilmişdir (protokol N 116,52,53).

Şərq komissiyasının iclaslarında Mirzə Cəfər və M.A.Qafarov fəal iştirak etmişlər. Onların gördükləri işlərlə bağlı adları çəkilən protokollardan bir neçə nümunəyə diqqət edək:

15 fevral 1901-ci il. Protokol № 76. İclasın sədri V.F.Miller Əndican yaxınlığındakı Semireçensk ərazisindən tapılmış və hərbi qubernator tərəfindən Şərq komissiyasına göndərilmiş abidələrin litoqrafik surətlərini  nümayiş etdirir. Bu sənədlərin öyrənilməsi, onların farsca yazılmış hissələrinin dəqiq tərcüməsi M.A.Qafarova, ərəbcə olan hissələrinin tərcüməsi isə M.O.Attayaya  həvalə olunur (49,217).

15 yanvar 1902-ci il. Protoko № 78. M.A.Qafarov bildirir ki, araşdırılması ona həvalə olunan Semireçensk vərəqələrinin mətni, demək olar ki, hamısı ərəbcədir. Buna görə də o, tək tərcümə etməməyi qərara alır və vərəqələri M.O.Attayaya təqdim edir . M.O.Attaya vərəqələrdəki ərəbcə mətnlərin dəqiq tərcüməsini şərh edir. Məlum olur ki, vərəqələrdəki mətnlərin məzmunu "ziyanlı" deyildir. Belə ki, orada Allaha, Məhəmmədə və Əliyə xitabən dualar yazılıb və əlində Zülfüqar qılıncını tutmuş Əlinin rəsmi həkk olunub.

Mirzə Cəfər məlumat verir ki, dualar yazılmış belə vərəqələr taun və ya başqa ümumi xəstəliklər yayılan zaman müsəlmanların qapılarına yapışdırılır, minlərlə nüsxəsi bütün fars şəhərlərində satılır. A.E.Krımski qeyd edir ki, Barbinskinin söylədiyinə görə, general-qubernatorun göndərdiyi vərəqələrin məkanı olan Orta Asiyada dualar və qılınc tutmuş əl şəkli zəhərə qarşı fincanların dibinə həkk olunur. Mirzə Cəfər İranda da belə edildiyini təsdiqləyir.

21 fevral 1906-cı il. Protokol № 94. A.E.Krımski müvafiq tarixi arayışla Şimali İrandan - Təbrizdən (Azərbaycan) dinləyicilərindən birinin göndərdiyi Makedoniyalı İskəndər yunan gümüş pullarını nümayiş etdirir. İclasda iştirak edən azərbaycanlı Mirzə Abdulla Qafarov bildirir ki, ümumiyyətlə İskəndər pulları Təbrizdə çoxlu miqdarda, olduqca tez-tez tapılır . (50-60)

10 fevral 1910-cu il. Protokol № 121-M.A.Qafarov Arxeologiya Cəmiyyətinə göndərilmiş papye-maşeyə  oxşar "mokkava" tipli fincan üzərində yazılar haqqındakı tədqiqatının nəticələri barədə məlumat verir.

Fincanın görkəmi kiçik parçı xatırladır, ancaq o, içki üçün nəzərdə tutulmayıb, belə ki, materialı maye üçün yararlı deyildir. Şübhəsiz ki, parçda bərk maddələr saxlanılıb. Fincanın ətrafında ərəbcə çox qarışıq yazılar cızılıb. Onları çox çətinliklə oxumaq mümkündür. Epiqrafik yazının mətni belədir: Əddəhrü ül-musahdü lilizz əd-daimun və iqbalü-ləcəddü və əd-dövlətü, ül-baqiyyətün və-l-kəramətü əl-aliyyətü ül-omrün və əl-cəddü ül-sa'idü və-l-omrü ül-xalidü və-əl-a'dilü al-qasidü .

Şərq komissiyasının əsas maraq və müzakirə obyekti müsəlman-xristian Qafqazı və qədim Şərq idi. A.P.Baziyansın fikrincə, Moskvada LŞDİ, Moskva Universiteti və Şərq komissiyasının yeni istiqamətdə birgə iş aparması ilə osetinşünaslıq, tat dilinin öyrənilməsi, udinlər haqqında materiallar çap edilməsi və s. ilə dünya şərqşünaslığı xəzinəsinə zəngin irs bəxş edilmişdir.

İnstitut müəllimlərinin Azərbaycan dilini, ədəbiyyatını, tarix və mədəniyyətini öyrənməsi, tədqiq etməsi ilə XIX əsrin II yarısında azərbaycanşünaslıq (hərçənd arxiv sənədlərində bu termin işlədilmir - N.M.) təşəkkül tapmışdır (10,208).

XX əsrin əvvəllərindən Şərq komissiyasının fəaliyyəti zəifləyir. Buna səbəb M.V.Nikolskinin müvəqqəti Petroqrada köçməsi idi. Çox keçmir ki, M.V.Nikolski  yenidən Moskvaya qayıdır və LŞDİ-də pedaqoji fəaliyyətini davam etdirir. 1901-ci ildə A.E.Krımski komissiyaya sədr seçiləndən sonra təşkilatın işində yenidən canlanma yaranır.

Üç il ərzində elmi istiqamət daha çox müsəlman dünyasının, xüsusilə islam dini tarixinin öyrənilməsinə yönəldilir; iclaslarda bu barədə Rusiyada və xaricdə çapdan çıxan kitabların annotasiyası dinlənilir, müzakirə olunur.

Şərq komissiyasının işində LŞDİ-nin tələbələri də yaxından iştirak etmişlər (98,16).

1911-ci ildən sonra müəyyən səbəblərə görə komissiyanın işi yenidən zəifləyir. Tanınmış qafqazşünaslardan bəzisi vəfat edir. Vs.F.Miller akademik seçiləndən sonra Moskvanı həmişəlik tərk edir. F.Y.Korş Petroqrada köçür, səhhəti imkan vermədiyi üçün Komissiyanın iclaslarında iştirak edə bilmir.

V.K.Trutovskinin sədrliyi və A.E.Krımskinin katibliyi ilə komissiyanın yeni heyəti seçilir, Mirzə Cəfər və M.A.Qafarov yeni heyətə daxil edilirlər.

1917-ci il inqilablarından sonra siyasi vəziyyət qarışıq olduğu üçün Şərq komissiyasının işində yenidən durğunluq yaranır (38, 169-170). Komissiyanın işində yaranmış böhran vəziyyətinin başqa səbəbləri də var idi. Akademik F.Y.Korş və ilk rus assuroloqu M.V.Nikolski vəfat edir, məşhur gürcüşünas A.S.Xaxanov vərəm xəstəliyinə tutulur, elmi işdən uzaqlaşır.

İmperator Moskva Arxeologiya Cəmiyyəti Şərq komissiyasının fəaliyyəti 1922-ci ilə qədər davam etmiş, 35 il ərzində 150 iclası  keçirilmişdir. Bu müddətdə Şərq komissiyası bir sıra dəyərli, möhtəşəm işlər görməyə müvəffəq olmuşdur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!