Rüstəm KAMAL
Səyahət əslində bir meditasiyadır…
5-6 il bundan öncə, nəhayət, mənim də Təbrizə yolum düşdü. Ruhumuzun şəhərinə səfər etdim. Səfər ərəfəsi xalq yazıçısı Mirzə İbrahimovun "Təbriz mətni"ni ("Cənub hekayələri", "Güləbətin", "Gələcək gün", "Fırtına quşu" və s.) oxuyub Təbrizi zikr etdim. Bu yazı həmin meditasiyanın - zikr etmənin nəticəsidir.
Hələ də təəccüblənirəm: erkən yaşlarından Cənubi Azərbaycanın Evə kəndindən Şimali Azərbaycana gələsən, yetim qalasan, bütün həyatını Bakıda keçirəsən, amma yaddaşında Təbriz bu qədər canlı və parlaq qalsın?
Yazıçı taleyini və şöhrətini Bakıda tapsa da, dünyagörüşü, ədəbi zövqü və üslubu Sovet Azərbaycanında formalaşsa da, yaddaşında yenə də daha çox Təbrizi yaşatdı…
Mirzə İbrahimovun "Təbriz mətni" yazıçının zəngin həyat təcrübəsinin və öncəgörənliyinin örnəkləridir. Bu əsərlər ulu bir millətin tale mətnidir, etnik varlığının bədii layihəsidir. Azərbaycan türklərinin tarixi gücünün və gücsüzlüyünün, qəhrəmanlığının və ümidsizliyinin, nifrətinin və məhəbbətinin ifadəsidir, yaşam və savaş tariximiz, milli ləyaqət-şərəf, qürur salnaməsidir. "Təbriz mətni" Mirzə İbrahimovu Azərbaycan tarixinin əsas və etibarlı müəlliflərindən birinə çevirir… Bu əsərlərin bədii-estetik dəyəri ilə tarixi dəyəri iç-içədir.
Yazıçı Təbriz mifi yaradıbdır.
Bu Təbriz mifi Azərbaycan insanının etnik (və etik!) gözləntilərini ifadə edir və xalqımızın bütövlük - birlik obrazını milli düşüncəmizdə qoruyub saxlayır. Təbriz mifi bu millətin özü haqqındadır, hər bir azərbaycanlı haqqındadır. "Gələcək gün" romanı da, "Cənub hekayələri" də artıq mifoloji, qutsal tariximizdir.
Məni Təbriz yaman çəkir. Mən Təbrizin vüsalına qovuşmaq istəyirəm, çünki bu şəhər təhtəlşüurda kosmoenergetik mərkəzin adıdır, mifik məkanın obrazıdır: "Qədim zamanlarda Təbrizdə bir padşah vardı" ("Çobanın məsləhəti"). "Şair Üzgü dərəsində yaşayırdı, padşah Təbrizdə" ("Şairin yadigarı").
Təbrizlə ilk tanışlığım şəhərin havasından başladı. "Min üç yüz metr hündürlüyündə olan bu gözəl şəhərdə dağ havası ilə aran günəşi birləşmişdi" ("Güləbətin").
Əsərlərində Təbrizin təsvirini hava durumu ilə başlamaq onun sevdiyi ədəbi üsullardan biridir. Hava durumu Mirzə İbrahimov üçün bəlkə Bakıda Təbrizi xatırlama, Təbrizlə assosiativ ruhi-xəyali əlaqə yaratma imkanı idi? Şəhərin hər mövsümə uyğun havasını ancaq güclü "iqlim yaddaşı"na və bədii "meteohəssaslığa" malik olan yazıçı görüb yaza bilərdi: "İki gün sonra ağaclar və divarların kölgəsi uzanıb axşam sərinliyi düşəndə Qəmərbanunun qapısı döyüldü" ("Gələcək gün"). Yaxud: "Biz Təbrizə daxil olanda günəş çoxdan çıxmış, buludları dağıdaraq ilıq və xoş ziyasını dağlara, küçələrə və evlərə yaymışdı…" ("On iki dekabr").
Səhərdən axşamacan Təbriz küçələrini, dalanlarını gəzib-dolaşıram. Qarşıma çıxan təbrizlinin ovqatı, jest-mimikası ilə Təbrizin havası arasında əlaqə axtarıram və tapıram: "Günəş batandan sonra göy üzündəki qızartıları görmüşsünüzmü? Bax, eləcə onun da üzündə, dodaqlarında bir təbəssüm, bir həyat xatirəsi qalmışdı" ("Tonqal başında").
Hər yerə yazıçının "gözü" ilə baxıram və onunla birgə küçə-küçə, ev-ev xatırlamaq istəyirəm. Marsel Prust haqlıdır: bizim gözlərimiz xatirə adlı keçmişin tədqiqində gerçək rol oynayır.
Onun vizual yaddaşının gücü Təbriz evlərinin görünüşünü, Təbriz hasarlarının rəngini unuda bilməməsində idi. O yazır ki, "qırmızı kərpicdən tikilmiş ikimərtəbə evləri vardı. Hündür hasarları da qırmızı kərpicdən idi" ("Şairin yadigarı") - baxıb heyrət edirəm.
Hardasa oxumuşam, ya da görmüşəm. Yadıma düşdü - Mirzə İbrahimov oxumuşam: "Küçənin hər iki əli birmərtəbəli evlər idi. Ara-sıra ikimərtəbəlilərə rast gəlmək olurdu. Evlərin çoxu çiy kərpicdən və ya saman qarışıq boz palçıqdan tikilmişdi. Əksəriyyətinin dal tərəfi küçəyə çıxırdı və bir dənə də pəncərəsi yox idi. Buna görə də küçə uzunu baxanda adama elə gəlirdi ki, hər iki əl boz palçıq divardan ibarətdir" ("Gülətəbin").
Deyərdim ki, Təbrizin yolu ayrı bir enerji başlanğıcıdır. Bunu Astaradan sərhədi keçəndə daha aydın hiss etməyə başlayırsan. Milli taleyimizin obrazı, milli varlığımızın bütövlüyü Təbriz yolundan başlayır. Məhz bu yol millətin tale obrazının bütövlüyünü yarada bilər.
Bütün yolların qutsal sonu, axır nöqtəsi Təbrizdir. Təbrizdən çıxdınsa, sanki sonsuzluğa, məchulluğa gedirsən. Təbrizdən ancaq üfüqlər görünür. Yazıçının qəhrəmanları yenidən "dirilmək" üçün ya ölürlər, ya da şəhərdən çıxırlar - üfüqlərə doğru!
Azadı Təbrizin elə yerində torpağa tapşırırlar ki, ordan üfüqlər, bütöv Azərbaycanın obrazı görünür: "Bu yer Təbrizlə Zəncanı birləşdirən böyük yolu qoynuna almış Təbriz gədiyidir… Onun ən uca təpəsindəki tənha qəbrin üstündə duran adamın nəzərlərində geniş üfüqlər açılır, oradan Azərbaycana həm cənub, həm də şimal sahələri açılır" ("Azad").
Təbrizdən çıxanda da həmişə fərqli görkəmdə və ya statusda Təbrizə qayıtmağı arzulayırlar. Firidun və Südabə "Təbrizdən çıxanda inanırlar ki, qaranlıq və kədərli bir aləm" arxada qalır, "qabaqda isə işıqlı və nəhayətsiz bir yol açılır. Bu yol parlaq sabaha, xoşbəxt gələcəyə gedirdi" ("Gələcək gün"). Güləbətin də evdən çıxanda inanır ki, qabaqda "Bilmədiyi görmədiyi yollar onu gözləyir" ("Güləbətin").
Bir həftə sonra Təbrizdən çıxırıq. Yol - Bakıya doğrudur. Üfüqlərə boylanıram. İçimiz qəribə duyğularla doludur və "Birdən-birə bizə" elə gəldi ki, üfüqlər al rəngə boyanmışdır. Oradan gözəl bir səhər, pak və təmiz bir gələcək doğmaqdadır".
"Üfüqlərdə günəşin batması və doğulması" Mirzə İbrahimov üçün o dövrün ideoloji simvolikası ola bilər. Üfüq obrazı gələcəyin məkan substansiyasını bildirir. "Gələcək gün" romanı üfüqlərdə günəşin batması səhnəsi ilə başlayır: "Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı. Onun şüarlarını əks edən üfüqlərdə yatmış ala-tala buludlar pul kimi qızarmış ocaq daşlarını xatırladırdı".
Təbrizdə sanki hamı Göylə bağlıdır. "Güləbətin göylərə baxmağı sevərdi. Uşaqlıqdan sakit gecələrdə həyətdə yatdıqları zaman onun fikrini, xəyalını göylərə çəkən anası olub…"; "Güləbətin hovuzun yanında durub açıq mavi göylərə baxarkən sinəsində mürəkkəb duyğular baş qaldırırdı".
Nədənsə həmişə inanmışam ki, bir şəhərin üstündə Göylərin ənginliyi əzəmətli görünür, onun boyük tarixi olur. Təbrizdən ulu padşahların, qüdrətli şairlərin və rəssamların, qəhrəman inqilabçıların çıxması Göy qübbəsinin cazibə nurundandır və lütfündəndir. Mən Təbrizdəki kimi dumduru göylər heç bir şəhərin üstündə görməmişəm.
Ona görə də Mirzə İbrahimovun qəhrəmanları Təbrizin göylərinə, göylərdəki ulduzlara baxaraq Vətənin, insanların taleyini düşünürlər. "Kimin ki, bəxti var, ulduzu işıqlıdır, kimin ki, bəxti yoxdur, ulduzu nöyüt lampası kimi sönükdür" ("Güləbətin").
Məhz yazıçının Göy ehtirası əsərlərində "quş metaforasının fəallığını bu qədər artırıbdı. "Fəlakət Təbrizin üstünü birdən almışdı. Üfüqlərdən aşıb gələn qara buludlar, bütün göy üzünü örtən kimi, Təbrizin də üstünə ölüm öz qanadlarını gərmişdi" ("İztirabın sonu").
Güləbətin göyərçinlərə baxır, könlündən quş olmaq arzusu keçir. Fridun sevincindən quş kimi uçmaq istəyir və s.
Ümumiyyətlə, Mirzə İbrahimovun "Təbriz mətni"ndə "gözündə canlandırmaq" ifadəsi çox təkrarlanan psixoloji ovqatın adıdır. Təbrizi yalnız xəyallarda, gözlərdə canlandırmaq olar. Firidunun uzaqdan eşitdiyi bir bayatı səsi "şirin bir ana laylası" kimi, "bir xəyal kimi" Təbrizi gözündə canlandırır: "Təbriz üstu Marağa…"
Şəhər peyzajı ilə bağlı yaşantılarım Mirzə İbrahimovun qəhrəmanlarının oxuduğu mahnılar üstə köklənir. Necə ki, tonqal başında Kərim dayının səsləndirdiyi bir bayatısı xəyalən Mirzə İbrahimovu Təbrizə aparır:
Təbrizin küçələri,
Banlamaz beçələri.
Girəydim yar qoynuna
Payızın gecələri
"Tonqal başında"
Mifoloji düşüncədə xatirə və dirilmə aktları eyniləşir. Görünür, Mirzə İbrahimov "dirilmək" üçün Təbrizi xatırlayırmış. Ona görə də qəhrəmanlarının dilində "Təbriz" adını ovsun-dua kimi təkrarlayırmış: "İki gündən sonra Təbriz! Təbriz!.. Təbriz bilirsənmi nədir? Xəyal, ümid və gələcəkdir" ("Gələcək gün").
Bu səyahətimdə Mirzə İbrahimov məni bu gələcəyə inandırmaq istəyir.
Təbriz getdikcə ilğıma, xəyala dönsə də...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!