Vilayət Hacıyevlə bədii tərcümə haqqında söhbət - "Avanqard müstəvi"də...

ART müsahibə

Müsahibimiz filoloq, tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyevdir

- Salam, Vilayət müəllim. Tərcümə sahəsinin müzakirələrində adınız həmişə nümunəvi xatırlanır. Bədii əsərin tərcümə işinin professional formada ərsəyə gəlməsi üçün tərcüməçidən əlavə bu prosesdə daha kimlər iştirak etməlidir?

- Salam, Sərdar. Bu xoş sözlərə görə təşəkkür edirəm, ancaq gəl ikimiz də etiraf edək ki, bir az şişirtdin. Məncə, "nümunəvi"  yox, "çox da tənqid olunmayan", necə deyərlər, "yıxıb-sürüdülməyən"- desən, daha doğru olardı. Şübhəsiz ki, hər bir tərcümə işinin sən dediyin səviyyədə ərsəyə gətirilməsində əsas rolu tərcüməçi oynayır. Lakin unutmaq olmaz ki, bu fəaliyyətin özü bir proses kimi çox çətindir. Tərcüməçi ilk növbədə mətni əvvəlcə tam şəkildə, sonra da hissə-hissə, necə deyərlər, cümlə-cümlə başa düşməlidir, daha doğrusu, dərk etməlidir, çünki çox vaxt, necə deyərlər, "adicə" başa düşmək fikrin adekvat ifadəsi üçün kifayət etmir. Daha doğrusu, əksər hallarda mətnin və ya cümlənin eksplist, yəni üzdə olan, görünən mənasından əlavə implist şəkildə, yəni üzdə görünməyən, yalnız duyğu ilə qavranılan  mənası da olur. Üstəlik də bu mənaların ifadəsinə xidmət edən linqvistik və ekstralinqvistik faktorların müəyyənləşdirilməsi. Və nəhayət, bütün bunların tərcümədə reallaşması. Yəqin özün də hiss edirsən ki, nə qədər çətin və məsuliyyət tələb edən bir prosesdir və ən mahir tərcüməçi də bunların hamısının öhdəsindən tam şəkildə gələ bilməz. Daha dəqiq desək, tərəzinin gözünü həmişə taraz saxlamaq olmur, yəni söz seçimində, cümlə quruluşunda, üslubi ekvivalentlik məsələlərində gah rasionallıq, mühafizəkarlıq, gah da hissi-emosional duyum onu əyir. Belə olan halda, başqa birinin, yəni bütün bunlardan başı çıxan, ən əsası da söz duyumu olan, "nəyin azərbaycanca olmadığını" tuta bilən bir nəfərin köməyinə ehtiyac yaranır ki, onun da adı redaktordur. Bəzən tərcümə prosesində  özünəqapanma olur, elə bilirsən ki, beş-altı dəfə oxuyandan sonra, nəhayət, sınıq-salxaq şəkildə  sənə" doğmalaşan" fikir hamı üçün anlaşıqlı olacaq və ya söz seçimində qeyri-ixtiyari təkrarçılığa, bayağılığa yol verirsən və bütün bunların hamısını çox vaxt "bilməməzlik"dən deyil, mətnə bağlılıqdan, ola da bilsin, bu bağlılıqdan yaratdığın illüziyalardan edirsən. Belə olan halda, "bu işin içində olmayan", neytral, ancaq bədii mətnin sehrindən baş çıxaran, ana dilinin incəliklərini duyan  həmin adam, yəni redaktor sənə başa salır ki, bu söz yerində deyil, bu cümlə anlaşıqlı deyil, burda təkrarçılığa yol veribsən, mətnin ritmi pozulub və sair və ilaxır... Ancaq  söhbət burda sözün əsl mənasında peşəkar redaktordan gedir. Və nəhayət, burada, sənə qəribə də gəlsə, prosesin özündən tamamilə uzaq olan bir tərəf də var ki, o da oxucudur. Bəli, oxucu tərcüməni qəbul edirsə, deməli bunun özündə olmasa da, növbəti prosesdə "iştirak edir".

- Bədii tərcüməni digər tərcümə formalarından - şifahi, elmi və s. necə fərqləndirərdiniz?

- Ümumiyyətlə götürəndə, tərcümənin iki növü var: yazılı və şifahi. Bunların özü də iki yerə bölünür - şifahidə sinxron ( buna konfrans tərcüməçiliyi də deyirlər) və ardıcıl tərcümə, yazılıda isə bədii və praqmatik (informativ) tərcümə. Şübhəsiz ki, şifahi tərcümə, xüsusilə də sinxron tərcümə  yazılı tərcüməyə nisbətən daha çətin hesab olunur, çünki burada zaman və məkan məhdudiyyəti olur, nə lüğətdən istifadə edə bilirsən, nə də gedib kimdənsə soruşmaq, öyrənmək imkanın olur. Burada əsas rolu tərcüməçinin erudisiyası, dünyagörüşü, diqqətini mərkəzləşdirmə bacarığı, çeviklik oynayır. Praqmatik, yəni elmi-texniki və digər sahələr üzrə yazılı tərcümə nisbətən asan hesab olunur, çünki burada sahəni yaxşı bilmək kifayətdir, bir cümlədə iki-üç sözü başa düşəndən sonra fikir qismən də olsa, aydınlaşır, lüğətlər də yanında olur. Bədii tərcümə isə bunların hamısından fərqlənir, çünki söhbət burda təkcə dili bilməkdən deyil, onu duymaqdan gedir. Mən deyərdim ki, dil duyumu bədii tərcümə prosesində  ən vacib şərtdir və özü də hər iki dilə aid olmalıdır.  Əgər bədii əsərin qüdrəti sözlə ifadə olunursa, deməli onu həm anlama, həm də ifadə prosesində duymaq lazımdır, yəni burada əsas məsələ yalnız "nə demək istəyir" deyil, həm də "necə deyir"dir.

- Bəzən tərcüməçiləri tərcümə etdikləri əsərin ikinci müəllifi kimi qiymətləndirirlər. Məsələyə bu müstəvidə yanaşsaq, deyə bilərikmi ki, tərcüməçilik də bədii istedad tələb edir? Yoxsa, bu istedadı olmayan bacarıqlı şəxslər də bu sahə ilə yetərincə maraqlansa, bilgilərini inkişaf etdirsə, bədii tərcümə işini görə bilər?

- Ona ikinci müəllif deməklə sanki tərcüməçini "mükafatlandırırıq ", ancaq o, əslində, "əzabkeş müəllif"dir. Əsl müəllif mövzu seçimində, ifadə tərzində sərbəstdir, necə deyərlər, təxəyyül köhlənini istədiyi kimi, istədiyi səmtə çapa bilir.Tərcüməçidə isə bu sərbəstlik, azadlıq yoxdur, o həmin köhlənin izini tutub getməlidir. Ancaq iz də tez-tez dəyişir, gah aydın bilinir, gah da görünməz olur, itib gedir, xeyli yol qət eləyəndən sonra görürsən ki, azmısan, təzədən qayıdıb axtarırsan. Elə də olur ki, oxşar izlərə düşürsən və axıracan da elə bilirsən ki, düz gedirsən. Şübhəsiz ki, tərcüməçiyə bu izi tapmaqda əsas yardımçı bədii istedad ola bilər, ancaq səriştənin rolunu da danmaq olmaz. Yəni yazıçı olmayan da uğurlu tərcümə eləyə bilər. Ancaq o da var ki, şairlik istedadın olmasa şeir tərcümə eləyə bilməzsən. Burada paradoks yaranır və ona görə də qəti hökm vermək olmur. Məsələn, rus dilinə olan tərcümələrin çoxunu yazıçı olmayanlar eləyiblər - özü də yüksək səviyyədə. Deməyim odur ki, yaxşı yazıçı, yaxşı şair olmaq hələ yaxşı tərcüməçi olmaq demək deyil. Məsələn, sən Müttəlif Səfərov adlı yaxşı bir şair tanıyırsan? Xeyr, tanımırsan. Heç mən də tanımıram. Eləcə də Yusif Savalan? Düzdür, ikincinin yaxşı şeirləri var, ancaq məşhur şair deyil. Bununla belə, ikisinin də dünya ədəbiyyatı korifeylərindən biri kimi tanınan Haynrix Haynedən cox gözəl tərcümələri var. Konkret desək, uğurlu tərcümə bədii istedadla səriştə birləşəndə yaranır.

- Tərcüməçinin məhsulu olan mətn üzərində hökmünün sərhədləri hara qədərdir? Tərcüməçi Vilayət Hacıyevin "olar"lar və "olmaz"larını bilək. Məsələn, tərcüməçi mənzərənin formasına uyğun olan doğma dilindəki frazeoloji birləşmələrdən,  "Atalar sözləri", "Zərb məsəllər"dən istifadə edə bilərmi?

- Əgər biz tərcüməni yaradıcılıq prosesi hesab edir və tərçüməçidən də bu işə yaradıcı yanaşmağı tələb ediriksə, sən dediyin "olar" və "olmaz"lar qaçılmaz olur. Yəni tərcüməyə yaradıcı yanaşmaq "müəllifin qulu" tezisini inkar edir, "qul"u "rəqib"ə çevirir və belə olan halda, "olar"la "olmaz"ın sərhədlərini mütləq müəyyənləşdirmək lazım gəlir. Burada da qəti hökm vermək mümkün deyil və bu məsələ tərcümə nəzəriyyəsinin özündə də mübahisəlidir. Məsələn, bu sahədə az-çox təcrübəsi olan bir adam kimi deyə bilərəm: "olar" o vaxt "olmaz"a dirənir ki, mətnin ritminə, üslubuna, linqvistik və ekstralinqvisitik faktorlarla ifadə olunmuş fikrə xələl gətirir. Yəni tərcüməyə, daha doğrusu, mətnə yaradıcı yanaşmaq "özündən toxumaq" deyil, deyilən fikri ana dilinin qayda-qanunları nəzərə alınmaqla orijinalın deyim tərzinə maksimum uyğunluğla - burada söhbət tam eynilikdən gedə bilməz - yenidən ifadə etmək deməkdir. Ana dilindəki bədii ifadə vasitələrindən, o cümlədən frazeoloji birləşmələrdən istifadənin sərhədləri də məhz bu zaman müəyyənləşir. Əgər birləşmə real deyilsə, yəni o xalqın həyat, təfəkkür, deyim tərzi ilə bilavasitə bağlı deyilsə, onda onun qarşılığını tapıb vermək nəinki olar, hətta uğur da sayıla bilər. Ancaq, tutaq ki, bir alman yazıçısı öz əsərində kiminsə vecsizliyini, hər şeyə biganə olmasını obrazlı şəkildə təsvir edibsə, onu "Araz aşığından, Kür topuğundan" la çevirmək gülünc olardı. Ancaq alman dilindəki "Weder zum Leben noch zum Sterben langen" ifadəsini - hərfi tərcüməsi: nə yaşamağa nə də ölməyə bəs eləmək/çatmaq"dır - "nə ölüyə vay, nə də diriyə hay/pay olmaq" kimi tərcümə etmək nəinki olar, hətta mən deyərdim ki, uğurlu tərcümədir.

- Avropa dillərindən bədii tərcümə zamanı Azərbaycan dili nə dərəcədə əverişlidir? Hansısa bir məqamda Azərbaycan dilinin sərhədləri sizi bir tərcüməçi kimi sıxıbmı?

- Bu məsələ sırf sahələrlə, dildə oturuşmuş üslub laylarla, terminologiya ilə bağlıdır. Elə sahələr, elə üslublar olur ki, onları ifadə etmək heç bir çətinlik yaratmır, ancaq elələri də var ki, zəif  inkişaf etdiyinə və ya heç olmadığına görə tərcüməçini, sən dediyin kimi sıxır, daha döğrusu, boğur. Məsələn, yetmiş ildən də çox sənin hərbi sahən olmayıbsa, terminologiya formalaşmayıbsa, yaxud fəlsəfi düşüncə tərzi "erməni budaq çümlələri ilə" tərcümə olunmuş əsərlər əsasında yaranıbsa, burda hansı "asanlıq"dan söhbət gedə bilər?! Şəxsən mən "Yalquzaq" və "Məhkəmə" nin tərcüməsi zamanı "boğulmasam" da, çox sıxılmışam. Ancaq yenə də bu fikirdəyəm ki, dilimiz heç də bəzilərinin fikirləşdiyi kimi zəif deyil, istənilən fikri, deyim tərzini ifadə etməyə qadirdir, sadəcə olaraq, səbirlə, inadla axtarmaq lazımdır.

- İkinci, üçüncü dillərdən tərcümə işini necə qiymətləndirirsiz? Bu məqam keyfiyyətə təsir edən amillər sırasında hansını neçənci yerdə görürsüz? 

- Mən həmişə demişəm və yenə də deyirəm ki, hansısa bir naşının orijinaldan zəif tərcüməsindənsə, peşəkarın ikinci dildən, necə deyərlər, "adam dilində" çevirməsi daha yaxşıdır. "Suyunun suyu" tezisinin özü də bir az şübhəlidir, əvvəlcə onu sübut eləmk lazımdır ki, bu doğrudan da "su"durmu və nə dərəcədə "su"dur. İkincisi də orijinalın bulanıq "su"yunda balıq axtarmaqdansa, duru "su"da onu tutmaq daha asandır. Bizdə tərcümələr ikinci dil kimi rus dilindən olunur. Rusların böyük tərcümə məktəbləri, ənənələri var və üstəlik də dillərinin kifayət qədər zənginliyi hesabına dünya ədəbiyyatını, mən deyərdim ki, az qala orijinalın səviyyəsində çevirirlər. Özü də onlar bir əsəri müxtəlif dövrlərdə müxtəlif tərcümələrdə çap edirlər. Sadəcə olaraq, burada daha uyğun variantı tapmaq lazımdır. Bir də onda ehtiyatlı olmaq lazımdır ki, Sovet dövrünün tərcümələrində ideologiyaya uyğun olaraq bəzi cümlələr, abzaslar, hətta səhifələr də buraxılırdı.  Bütün bunlarla bərabər, şübhəsiz ki, əsər orijinaldan tərcümə olunsa yaxşıdır, ancaq bir şərtlə ki, bunu hər iki dili bilən, sözü duyan adam eləsin.

- Hər hansı əcnəbi dildə yazılmış əsər nə qədər dərin qatlara, rəngarəngliyə malik olsa da, həmin əsərin tərcüməçisi onu hansı dərəcədə qavraya bilibsə, oxucu üçün də o əsər o dərəcədə olur . Bu reallıq fonunda düşündükdə, sizcə, hazırda bu böyük əmanəti əlinə alan "tərcüməçi" obrazı yetərincə ciddiyə alınırmı, araşdırılırmı?

- Bu fikirlə tamamilə razıyam ki, hər bir tərcümə əsərinin keyfiyyəti tərcüməçinin onu qavrama səviyyəsindən asılıdır. Burada əsas məsələ həm mikro, həm də makro səviyyələrdə fikri bütün görünən və görünməyən tərəfləri ilə   tutmaqdır. Yalnız bundan sonra onun ifadə tərzi haqqında düşünürsən. Proses də məhz bu anda reallaşır. Yəni aldığın fikri orijinala uyğun şəkildə ifadə etməyə çalışırsan. Əgər sən fikri yuxarıda deyilən şəkildə anlayıbsansa, formanı tapa biləcəksən. Ola bilsin, dillərin  leksikasının, qrammatik quruluşunun, sintaksisinin, eləcə mədəniyyətlərin, təfəkkür tərzinin müxtəlifliyi çoxlu çətinliklər yaratsın - elə yaradır da! - ancaq bununla belə, müxtəlif kompensasiyalar hesabına onun ifadə tərzini tapacaqsan. Vay o günə ki,  fikir tərcüməçinin özü üçün aydın olmur, onda yalnız sözləri tərcümə eləyir və tərcümədə ən qorxulu şey də elə budur, çünki ruhsuz cism heç nəyə yaramır. Qaldı hazır "məhsul"un araşdırılması - yadındadırsa, elə bu qəzetdə tərcümə məsələlərinə həsr olunmuş müzakirədə də xüsusi vurğulandı ki, tərcümə təsərrüfatımızın ən zəif nöqtəsi tərcümə tənqidimizin olmamasıdır. Əlbəttə, tənqid vasitəsilə yazıçı, şair yetişdirmək mümükün olmadığı kimi, onun köməyilə tərcüməçi də yetişdirmək olmaz, ancaq bununla belə, indiyəcən olunanların cümlə səviyyəsində deyil, geniş aspektdə araşdırılması, saf-çürük edilməsi, ümumiləşdirilməsi müəyyən bir istiqamətin yaranmasına gətirib çıxarardı.

- Bugünkü tərcümənin ən ciddi problemi kimi nəyi görürsünüz?

- Əslində, elə bir ciddi problem görmürəm. Ənənələr yeni yaranır və şübhəsiz ki, burda çatışmazlıqlar olacaq. Son vaxtlar, necə deyərlər, "tərcümə bumu"nun yaranması da elə qorxulu deyil, tədricən, ələnə-ələnə hər şey öz yerini tutacaq. Xüsusilə, gənc nəslin bu məsələyə xüsusi maraq göstərməsi, yanaşma tərzi sevindiricidir və nəsə vəd edir.

Söhbətləşdi: Sərdar Amin


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!