Onlar martda doğulmuşlar: Əli Kərim, İsa İsmayılzadə, Ələkbər Salahzadə... - Vaqif YUSİFLİ yazır - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

XX əsr Azərbaycan poeziyasının üç bənzərsiz şairi: Əli Kərim, İsa İsmayılzadə, Ələkbər Salahzadə. Onların üçü də mart ayında doğulmuşlar. Əli Kərim 1931-ci ildə, İsa və Ələkbər isə on il sonra - 1941-ci ildə. Bu üç şairin indi heç biri dünyada yoxdur, bu, fiziki ölümdür, amma əsl şairin mənəvi ölümü olmur, onların hər biri ölümlərindən sonra da yaşayırlar, onları yaşadan şeirləridir və bu şeirləri yaşadan da nəsilbənəsil dəyişən oxuculardır. Bu gün poeziyamızın müxtəlif üslubları, dəyişən, yeniləşən axınları, realist, romantik, modernist, postmodernist qolları, şaxələri içərisində, şeirə professional baxışla kütləviliyin, qrafomaniyanın mövcud olduğu bir zamanda belə, onların heç biri unudulmur.

Əli Kərim ədəbiyyata əllinci illərdə gəldi, bu, elə bir dövr idi ki, cavan şairlərin tezliklə parlaması, özünü bir şair kimi təsdiq etməsi bir az müşkül məsələ idi. İstedadlı gənc şairlərin ədəbi tənqiddə və yaşlı nəsil arasında etiraf olunması da çətin idi. Amma Əli Kərim əllinci illərdə oxucuların sevimli bir şairinə çevrilmişdi, onun "Qaytar ana borcunu" və "İki sevgi" şeirləri müxtəlif tədbirlərdə, məclislərdə, şənliklərdə səslənirdi. Süleyman Rüstəmin "Ana və poçtalyon" şeirindən sonra "Qaytar ana borcunu" ana haqqında poeziyada elə onun qədər şöhrət qazanan bir şeir idi.

Bir gözəl, bir sevimli oğul böyütdü ana,

O bəd, uğursuz günü - ərinin öldüyünü

Bildirmədi heç ona.

Kədəri dalğa-dalğa doldusa da ürəyə,

Lakin nə saç yolaraq verdi əsən küləyə,

Nə şivən etdi ana,

Ürəyində ağlayıb gülmək öyrətdi ona.

Sonra... oğul böyüyür. "Oğul məktəb bitirdi, oğul instituta qızıl medalla girdi". Amma naxələf oğul şəhərdə "büzmədodaq bir qıza" uyub anasını unudur. Əlbəttə, bu şeirdə ananın iztirabları çox təbii təsvir edilib, bu ana-oğul münasibətləri təkcə şəxsi məna daşımırdı, o dövr üçün tərbiyəvi-əxlaqi bir məsələ idi. Şeirin sonu oğulun ünvanına şair ittihamları ilə bitir:

Sən ki dərd verdin oğul, sənə gülüş verənə,

Oğul demərəm sənə!

Deyirəm ki, o boyu, buxunu qaytar geri!

Deyirəm ki, varını, yoxunu qaytar geri!

Qaytar onun borcunu,

O borc sənin özünsən, özünü qaytar geri!

Bu şeir o zaman dillər əzbəri olsa da, hələ Əli Kərim şeirinə məxsus orijinal bədii təsvir vasitələri, təşbihlər, metaforalar, assosiativ şeir yolu görünmürdü. Amma şeirin son dərəcə emosional təsir gücü göz qabağında idi, şeirdə başdan-ayağa dilimizin saflığı, gözəlliyi, iki obrazın dolğun səciyyəsi öz əksini tapırdı. "İki sevgi" şeirində isə Əli Kərimin sevgi kredosu, bənzərsiz təşbihləri, orijinal deyim tərzi ilə qarşılaşdıq. Təsəvvür edin: xasiyyətcə, xaraktercə bir-birinə bənzəməyən iki gənc bir qızı sevir. Amma kim necə sevir?

Mənsə səni sevirəm

Susuzluğun od vurub köz kimi yandırdığı

dodaq su sevən kimi,

O isə səni sevir

rahatca bardaş qurub,

- Kabab üstdən sərin su pis olmaz,

                                      - deyən kimi.

Mənsə səni sevirəm

iynənin ucu boyda,

İşığa həsrət qalan göz işıq sevən kimi.

Əli Kərimin sevgi şeirləri ayrıca bir söhbətin mövzusu ola bilər. "İki sevgi" və "O qıza" şeirlərindən axan, yayılan ürəyin sevgi həyəcanları neçə-neçə şeirinin varlığına hopdu. "Gecə də, gündüz də fikrimdə sənsən, Mən kimin fikrində yaşayım, söylə? De, hansı bir ürək qəbul eləyər, Məni sən ünvanlı dərdlə, gileylə?"- sevən insanın ayrılıq həsrətini bundan da gözəl ifadə etmək mümkünmü? Hələ xoşbəxtliyin və ayrılığın təzadları üzərində qurulan bu misralar: "Nə xoşbəxt imişəm bir zaman Allah, Xəbərim olmayıb bu səadətdən. Niyə yazmamışam o zaman Allah, Əlimə qələm də gəlməyir indi. De, niyə aradan küləklər əsir? Aramız de niyə belə sərindir?" Amma bütün sevgi şeirləri içərisində birisi -"Qayıt"- onun və ümumən Azərbaycan poeziyasının ən kamil, ən obrazlı şedevr nümunəsidir:

Qayıt, mənim gülüm, yerbəyer elə

Dərdli səhərləri, gecələri sən.

Çaşıb başqa yolla keçirəm elə,

Düz öz qaydasınca küçələri sən.

 

Qayıt, yerinə qoy Ayı, Günəşi, -

Yenə olduğutək görüm həyatı.

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, sahmana sal bu kainatı!

Fikrimcə, Azərbaycan poeziyasında o illərdə ayrılığı, həsrəti Əli Kərim kimi füzuliyanə təsvir edən şairlərin sayı o qədər də çox deyildi.

1957-ci ildə Əli Kərim Moskvada keçirilən gənclərin və tələbələrin VI Ümumdünya festivalında "İlk simfoniya" poemasına görə mükafata layiq görüldü. Bu poema Əli Kərimin ilk, həm də süjet və kompozisiya baxımından seçilən mükəmməl əsəriydi. Bu əsərdə də sevgi xətti ön planda idi, amma bu sevgi süjetinə insan taleləri ilə yanaşı, sənət və sənətkar problemi də qoşulmuşdu. Çox keçmədən Əli Kərim Lermontovun Qafqaz və Azərbaycan səfərini əks etdirən "Üçüncü atlı" poemasını yazdı. Lermontovun Qafqaz sevgisini bu qədər poetik ehtirasla heç kim təsvir etməyib.

Altmışıncı illər gəldi. Ədəbiyyatımızda "altmışıncılar"ın böyük mübahisə doğuran əsərləri yarandı. Əli Kərimi yaşına görə "altmışıncılar"a aid etmək mümkün olmasa da, o, "altmışıncılar"la eyni poeziya havasında, eyni yenilikçi-novator sırasındaydı. O da "qocamanların" haqsız tənqidlərinə məruz qalırdı. İndi üstündən altmış il keçib, həmin omübahisələri, "tənqidləri" xatırlayırıq.

Yaşamışam

Sevgi toranında,

Mühazirə salonunda

Sevgilimlə bir-birimizə deyəcəyimiz

İki söz arasında.

Xəstə olarkən

Həkimin mənə etdiyi çarəsində.

Bəzən baş tutmayan şeirimin

Dağılmış divarlarının xarabasında.

Bəzən söz yarışında,

Bəzən ölüm sözünün polyar qışında.

Əli Kərimin "Fraqmentlər" şeirindən gətirdiyimiz bu misalda "sevgi toranı", "ölüm sözünün polyar qışı" o zaman mücərrəd və anlaşılmaz ifadələr adlandırılırdı. "Boynuna qol salıram saatımın Otururam ömrümün bir parçasının kölgəsində: Düzürük qızıl yanaqlı dəqiqələri On dörd günlük Ay-boşqaba, yeyirik şirin-şirin"-nə yaxşı ki. O zaman bu cavanların və Əli Kərimin Rəsul Rza kimi ustad bir müdafiəçiləri vardı. Əslində, onun çıxışları təkcə müdafiə xarakteri daşımırdı, Rəsul Rza o "dumanlı", "mücərrəd" ifadələri, sadəcə, izah edirdi və yazırdı ki: "belə bir poetik obraz, təşbihlər üçün şairi tənqid deyil, təqdir etmək daha doğru olardı". Amma illər keçəcək, böyük tənqidçimiz Yaşar Qarayev Əli Kərimin şeirlərini professionallıqla təhlil edib yazacaqdı ki: "Əli Kərim bizim şeirimizə, bu şeirin müəyyən mərhələsinə məxsus xüsusiyyətləri qabarıq ifadə edən bir şair kimi daxil olur. İndi yaxın on ilin poeziya mənzərəsini Əlisiz təsəvvür etmək qeyri-mümkündür. Əli şeirimizdə "fərdi intellektual üslub" deyilən bir istiqamətin nümayəndəsidir. Məhz obrazlı, emosional, poetik bir intellekt bu əsərlərin Əliyə məxsus fərdi bədii ədasını şərtləndirir. Bunlarda romantik və rasional bir ruh, bədii-fəlsəfi ümumiləşdirməyə meyil qüvvətlidir".

Əli Kərimin poeziyası haqqında onun ölümündən sonra çox yazılar yazıldı, hətta onun şeirlərini sağlığında tənqid edənlər də etirafa məcbur oldular.

Hansı şeirindən bir daha söz açım? Mərhum deməyə dilim gəlmədiyi müəllimim Tofiq Hacıyev kimi, mən də bu fikirdəyəm ki, Əli Kərimin heç bir zəif şeiri yoxdur, hər şeirdə o, nəsə icad edirdi, sözün dirilməsi, ehya olunması, poeziyaya çevrilməsi kimi böyük bir missiyanı yerinə yetirirdi. "Kür, sənə bənzəyən nəğməm olaydı", "Atamın xatirəsi", "Babəkin qolları", "Gəl, Azərim", "Van-Qoqun günəşi", "Bəzən haqq qazanır insan öləndə", "Analar ağlar", "Habil", "Şəhidliyin zirvəsi", "Füzuli", "Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada" - bu şeirlərin hər biri haqqında ayrıca söhbət açmaq olar, amma mən gərək Əli Kərimin onlarla şeirini də beləcə yan-yana düzəydim. Əli Kərim haqqında sözümü Bəxtiyar Vahabzadənin dediyi bir fikirlə bitirirəm: "Əli Kərimin ömrü onun ölümündən sonra başlanır, o, həm də gələcəyin şairidir".

Əli Kərim dünyasını dəyişəndə İsa İsmayılzadə və Ələkbər Salahzadə ədəbiyyatda cavan şairlər sırasındaydılar. Bu iki şairin dostluğu, isti münasibətləri, tale oxşarlığı, hətta şeirlərində fərqli üslub xüsusiyyətləri olmasına baxmayaraq, bir poetik istiqaməti təmsil etdikləri barədə söz açmaq olar. Hər ikisi eyni ildə (1941), eyni ayda (mart), eyni gündə (15 mart) doğulublar. İsa İsmayılzadə Qarayazı elindəndi, Ələkbər Salahzadə Qubanın Cimi kəndindən. Orta məktəbi eyni ildə bitiriblər (1958). Həmin ildə hər ikisi ADU-nun filologiya fakültəsinə daxil olublar. Hətta bir-birlərindən xəbərsiz eyni qrupda qəbul imtahanı veriblər. Bütün beş ili eyni partalarda, bir yerdə oturublar. Və təbii ki, ilk gündən dostlaşıblar. Eyni qəzetdə ("Azərbaycan gəncləri"), eyni ildə (1961), eyni gündə (19 iyul) hər ikisinin ilk şeirləri çap olunub. Eyni ildə (1968), eyni nəşriyyatda ("Gənclik"), eyni həcmdə (2,5 ç.v.) şeir kitabları işıq üzü görüb. Tənqidçilər də onları bir-birindən ayırmayıblar, tərifləyəndə də İsayla Ələkbəri bir tərifləyiblər, tənqid eləyəndə də bir yerdə. Amma bu tale oxşarlığına baxmayaraq, onların hər biri özünəməxsus şair idi. Deyərdim ki, İsanın şeirlərində həsrətin də, ağrının da, sevincin də, ayrılığın da öz poetik rəngi vardı. Onun indi də yaddaşdan silinməyən elə şeirləri var ki, bunlar illər keçdikcə, sanki bu gün yazılıbmış kimi səni tərpədir.

Gəlin gedək ulduzların ad gününə -

gecələr soyuqdan titrəyib sönən

tənha, yazıq ulduzların,

gözdən uzaq ulduzların.

Belə həssas, belə duyğulu şair dənizi, meşəni, Araz çayını, ilin fəsillərini elə təsvir edirdi ki, sanki meşə də, dəniz də, bulud da, adi bir yarpaq da elə əzəldən onun içindəymiş və o, içindəki təbiəti dilləndirirmiş:

Payızda ağaclar fikirli olur...

fikirli-fikirli susur yarpaqlar,

fikirli-fikirli göyə sovrular,

Başımın üstündə buludlar ağlar-

mənə ağlamağı kim öyrədəcək?

 

Payızın fikrini bilmək istəsən,

gərək ağac olasan,

gərək yarpaq olasan,

gərək budaq olasan...

İsa İsmayılzadənin poeziyasındakı özünəməxsusluğu Anar belə açıqlamışdı: "İsa İsmayılzadə şeiri rəsm edir, çəkir, O, tapdığı müəyyən bir obrazı, lövhəni kağız üzərində müxtəlif variasiyalarla, dönümlərlə işləyir, çözələyir, eyni bir mənzərəni müxtəlif nöqtələrdən, müxtəlif ölçülərdən göstərir, bir sözlə, eskizlər yaradır". Yuxarıdakı şeir parçasında bunu aydın sezə bildik.

Yuyur çıraqları noyabr ayı,

Ehmalca-ehmalca yerə döşəyir.

Ehtiyatlı olun, ayaqlamayın,

Lampalar qırılar,

Qaralar meşə.

İsa İsmayılzadə də Əli Kərim kimi o zaman "qocamanların" hücumuna məruz qalmışdı, əlbəttə, ədəbi mübahisə zəminində...Xatırlayıram "Yağış gölməçəsi" şeirini.

Damcılar göylərdən əlini üzdü,

Buludlar özünə boylanmaq üçün

bulanıq güzgütək gölməçələri

torpağa düzdü.

yağdı, tala-tala gölməçə yağdı,

göylərin dəlisov ilhamı yağdı,

sərçələrin soyuq "hamamı" yağdı.

Doğrudan da, İsa İsmayılzadə yağışın yağmasını gözəl bir poetik tabloya çevirmişdi. Yağış yağır, yerdə tala-tala gölməçələr yaranır, bu gölməçələrdə buludun, günəşin, payızın mənzərələri əks olunur. Sərçələr də bu soyuq "hamamda" çimirlər. Yerdə əmələ gələn bu gölməçələrdə göy əks olunduğu üçün uşaqlar çubuq atlarını bu "əks olunmuş göylərdə" çapırlar. Uşaqların bu çubuq köhlənləri keçdikcə gölməçənin sükutu pozulur. Yenə bu "müəmmanı" Rəsul Rza aydınlaşdırır və üzünü "qocamanlara" tutub deyirdi ki, əgər bu, poeziya deyilsə, bəs poeziya nədir? İsa İsmayılzadənin o zaman, bəlkə də, çoxlarını qıcıqlandıran şeirləri olub, indi baxıb görürsən ki, bu şeirlər Azərbaycan poeziyasının yeni bir istiqamətini, ənənəvi, ömrünü keçirmiş şablonlardan uzaqlaşmanın nəticəsiydi - "daha belə yazmaq olmaz" qənaətinin məntiqiydi, şeirdə bədii təsvir arsenalının hələ tükənmədiyini isbat etmənin cəhdi idi.

İsa İsmayılzadə "müharibə uşağı" idi. Çoxlu şeirləri, "Böyüdülmüş şəkillər" adlı poeması vardı bu mövzuda. Amma "Güllələr demədi" şeiri təkcə onun deyil, Azərbaycan şeirinin qələbəsiydi, müharibəni uşaq gözüylə seyr edirdi İsa, amma necə?

Getdilər. Getdilər fit çala-çala,

Getdilər atları çimizdirməyə.

Bizi aparmadılar.

Qulançar yığmağa, moruq dərməyə

Bizi aparmadılar.

Getdilər, getdilər Berlinə sarı,

getdilər, getdilər ölümə sarı.

Güllələr demədi geri qayıdın.

Lülələr demədi geri qayıdın.

qəlpələr demədi geri qayıdın,

hələ uşaqsınız, nə yaşınız var.

Və İsa ölümünə az qalmış "Haran ağrıyır, Vətən" poemasını yazdı. Torpaqlarımızın əldən getməsi, o zaman fərariliyin qorxulu bəlaya çevrilməsi, Şuşadakı heykəllərin güllələnməsi onu yaman incidirdi və İsayla uzun müddət bir redaksiyada işlədiyimdən bunun şahidi olmuşdum.

Ələkbər Salahzadə. O da tamam fərqli bir şair idi. Fərqliliyi onda idi ki, Ələkbər həmişə axtarışda idi, yeni poetik ifadə vasitələrinin, obrazlı deyimlərin, şeirə gəlməli ən uyarlı təşbihlərin, metaforaların axtarışında. Şeirlərində assosiasiyalara meyil güclü idi, bu şeirlərdə səslərin və sözlərin alliterasiyası ritm yaradır ("Xocalı xəcilləri" poemasını xatırlayıram), musiqi sədalarını andırır, bilirdin ki, Ələkbər şeirdə sözlə nadir tablolar çəkir. Ələkbər modern şair idi və bəzilərinin düşündüyü kimi, ənənəyə üz çevirmirdi, ənənə onun şeirlərində sanki bir ruh kimi yaşayırdı. Baxın:

Ağ bir zanbaq kimi açıldı səhər!

Şəfəqlə suladı

susəpən kimi

günəş zanbağı.

Qızlar xəbər tutmadılar

zanbaq səhərdən

Ələkbərin şeirlərində təbiət obrazının çeşidli mənzərələrini görürsən. Yaşar Qarayev bunu xüsusilə qeyd etmişdi. Amma təbiətdən yazdığı bir çox şeirlərini heç cür "təbiət şeirləri" adlandırmaq olmur. Çünki bu şeirlərdə ənənəvi şeirlərdə olduğu kimi, peyzaj tapa bilməzsən, çünki Ələkbər təbiətin ahəngini, ritmini, melodiyasını şeirə gətirirdi.

Ələkbəri bir şair kimi unudulmaza çevirən şeirlərinin adını çəkmək istəyirəm: "Boy", "Yananlar", "Niyazi", "Kibrit çöpləri", "Beş yarpaq", "Qobustan fəryadı", "Otçalanlar", "Baldırğan etüdləri", "Kürdəmir", "İçərişəhər", "Qan", "Rəsul Rza", "Səttar Bəhlulzadə" və s.

İndi sərbəst şeirlər çox yazılır və bunların da çoxu o tipli şeirlərin poetikasına heç uyğun gəlmir. Sərbəst şeirdə də hecadakı və əruzdakı kimi ritm olmalıdır (qafiyə olmaya da bilər, olsa, daha yaxşı) və əlbəttə, obrazlı ifadə tərzi ilk sırada olmaqla. Ələkbər Salahzadənin maestro Niyaziyə həsr etdiyi bir şeirini (1966-cı ildə yazılıb) misal gətirmək istəyirəm: əsl sərbəst şeir budur! deyirəm:

Şimşək kimi

sıyrılır

bir alqışdan

Koroğlunun qılıncı!

Bir ürəyin qanından,

bir əlin torpağından

qalxır

titrək bir çubuq -

dirijor çubuğu.

Bir insan rişə-rişə,

bir insan əsəb-əsəb,

bir insan dalğa-dalğa

axır çubuğa;

yaşamağa başlayır çubuq!

...Bu yazıda mən mart ayında dünyaya gələn üç şairdən söz açdım. Əli Kərim, İsa İsmayılzadə, Ələkbər Salahzadə - XX əsr Azərbaycan poeziyasının üç novator şairindən. Ruhları şad olsun! (Əli Kərimin və İsa İsmayılzadənin ölümləri qəfil oldu, həyatdan cavan getdilər). Amma nə qədər ki, Azərbaycan şeiri, milli dəyərlərimiz yaşayır, onlar yaşayır və yaşayacaqlar!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!