Rənglər silsiləsi
Mən sənin əlindən alınmış bətnindən gəldim, ey Kişi, buna görə bu qədər sənəm...
***
Dünyanın yaranma əfsanələrinin hamısı Qadının (Qaranın) Kişidən (Ağdan) yarandığını deyirlər...
Desinlər...
***
Hər şeyin bir mərkəz - Ox ətrafında dövr etdiyi sehrli aləmlər, kiçikdən böyüyə kimi... Hər şeyin bütünləşib bir tük qalınlığında oxdan keçdiyi yerdə az qala bütünlüklə enerjidən - hisslərdən, sevgidən, nifrətdən, poeziyadan, fəlsəfədən, sonra get-gedə özümüzü aldada-aldada apardığımız haqq-hesabda adını "dəqiq" qoyduğumuz yalandan ibarət bir Bətn. Ordan ya Kişi doğulacaq, ya Qadın. Kişilik-Qadınlıq bilinənə kimisə orda ancaq Bütövlük var... Ondan daha əvvəl... boşluq vardı... ordan daha əvvəl... Lap Asparux Qriqoryeviç kimi- asta-asta addımlayaraq, bəlkə də, hər şeyin başlandığı nöqtəyə yetişə bilərik..
"O nöqtədə ki, Tanrı hələ də düşünməkdədir - yaratmaq, ya yaratmamaq?"...
***
Mən "Min yol mənə söylər"-i min dəfə oxumağa fürsət tapmamışam. Neçə dəfə oxumuşam? Neçə dəfə oxumuşamsa oxumuşam... Bilmirəm, Etimad Başkeçid (Yan) onu neçə dəfə yazıb. Yazıb qurtarıbmı... Yazıb bitiribmi - bitirib. Buna bir yəqinlik var məndə, bitirib, mütləq bitirib. Bəs görəsən rahatlıq tapıbmı...
***
İnsan niyə həmişə nəyin necə yarandığını öyrənməyə can atır, kimə məlum? Qısa ömür içində bir-birini var edib öz oxu ətrafında dövr edən Ağla Qaranın həmişə eyni yerlərdən keçdiyi Həyat adlı illüziyanın içində baş verənlərə baxanda... gözümü qaranlıq alır... Hər Qaranlığın içində bir Ağ nöqtə... Hər Ağın içində bir Qara xal...
Qəlbimə xal düşmür... düşmür... düşmür...
***
Nədir həyatın mənası? O harda gizlənir? O harda tam özəyilə öz oxu ətrafında hərlənə-hərlənə, hər şeyi nizamını saxlaya-saxlaya yoluna davam edir və heç yerə getmir... O, bəlkə də, bir gün əriyib otuz oxundan yavaş-yavaş axıb mərkəzinə irəliləyəcək, öz Qara boşluğunda yox olub gedəcək? Bəs niyə Qara? Bəs niyə Qadın?
Çünki sən, ey Kişi, zaman-zaman dəli kimi bağırıb özünü içinin ağlığından çölə buraxmaq istəyəndə - boşluq yaratmaq istəyəndə ona üz tutursan...
Həyat mərkəzdəki Qara boşluğa yönəldikcə onun Ağıyla Qarası əriyib-əriyib bir-birinə qarışacaq, hər şey bircə boşluqdan keçib gedəcək. Bəs hara? Hara? Hara?... Kimin bətninə - Qadınınmı, Kişininmi?..
Ey Tanrı!
Ey nizamın Sahibi, ey yerin-göyün boşluğu-doluluğu, ey Səbr, gülümsəyirsənmi?
Bütün sualların qarşısında kainatda toz dənəciyi boyda da var olmayan Yer kürəsinin bir rus payız bağçasında oturub üstünə səpələnən xəzəllərdən xəbərsiz yuxuya getmisən...
"…Onda mənim dörd, ya beş yaşım olardı. Onda elə dünyanın özü də təxminən həmin yaşlardaydı. Dünyada nə oğru vardı, nə quldur, nə əzən vardı, nə əzilən, nə acından ölən vardı, nə də artıq çəkidən əziyyət çəkən. İnsanlar da ağac, ot, daş, rüzgar və ya bax, bu payız yağmuru kimi təbiət hadisəsiydilər...".
Bəs niyə boynumuza kündə, ayağımıza zəncir keçirləndi bir gün, niyə çölün düzündə bitməyən yolçuluğa yollandıq? Haçan qoşulduq bu zavallı məna axtaranlar karvanına. Hara yollandıq?
...Həyat otuz mildən süzülüb boşluğa axmaqdadır...
***
Qadının qəlbinin dərinliyində bir Kişi, Kişinin qəlbinin dərinliyində bir Qadın...
İlahi, bu gedişatı kim poza bilər? Özünmü pozacaqsan? Görəsən, on beş qəpikliyin bir kənarında açılmış Boşluğa düyünlənib əbədiişləklik qazandırdığı ip kimin əlindən sürüşüb Dünyanın xaosu, qarma-qarışıqlığı içində itib-batıb?
***
...Günlərin bir günü Yer yarandı. Sonra üstümüzə Göyü qapadılar. Sonra onu azacıq aralayıb qabağımıza yem atdılar... Səmanın aydınlığı - Boşluq o üzdə qaldı... İki çillə arasında aclıq çəkən qurdlar kimi üzümüzü göyə tutub ulamaq istəyəndə üstümüzdəki Göyü cırmaqladıq...
İlahi, bizim qəzəbimiz sənin nəyinə lazımdı? İlahi, niyə bizi bir dəfə Oğru, gələn dəfə Keşikçi yaratdın? İlahi, bir damcı suyla həyat verdiyin ruhumuzun bədənləşməsi oyunu nə vaxtdan bəridir başını qatır? Sonra bir gün əlinə üstündə "Siz hamınız uçuruma yuvarlanırsınız" yazılmış bir lövhə tutub yolumuzda dayanırsan, əsas Qapını bağlayıb Gizli bir gözlük açırsan, eyni yerə gedib-gəlirik, amma əziyyət çəkirik axı, görmürsənmi?
İnsan oğlu yaranandan bir-birinə daş atır. O daşları sən yaratmadınmı? Əlimə daş verib sonra niyə peyda olursan, ey Xıdır İlyas?
***
...Sonra da hər şeyin bir nizam içində dəyişilməz halda dövr etdiyini (su kimi axıb getdiyini) bilə-bilə gülümsəyirsən...
Bəlkə, əlimizdəki daşları başımızın üstünü qapayıb bizi işıqdan məhrum edən qübbəyə tolazlamalıydıq - orda boşluq yaransın deyə...
Sonra? Bəs sonra nə olacaqdı? Sonra, yəqin, bütün Kitablarımızı yığıb hüzuruna gətirəcəkdik. "Budur, mən ac qalmışam, götür, dəyər-dəyməzinə, bizə verdiyinin yarı qiymətinə - biz yaşamaq istəyirik" - deyəcəyik... Sağınamı boylanacaqsan, solunamı boylanacaqsan, Kölgənəmi? Öz Ağlığından qürrələnə-qürrələnə onları geri götürəcəksən - axı sən bizi darda qoymazsan... və əyilib qulağımıza pıçıldayacaqsan: "Qaradan uzaq dur"... "Uzaq dur"- dediyin şeyin Bütünün ikinci tərəfi (bəlkə, elə birinci?) olduğunu bilə-bilə...
Bizi - bizəmi qısqanırsan?
***
"... - Usta, ac-susuz və evsiz-eşiksiz olmaq, bəlkə də, göylərin hansı qatındasa mərifətli iş sayılır, amma burada, Yer üzündə bundan əskik iş yoxdur. İki gündür dilimə çörək dəyməyib, məgər bu, insafdandır?
İsa qan sağılmış gözlərini başımın üstündən uzaqlara zilləmişdi, üzündə kənar bir ifadə vardı, yəni - mən nə haydayam, sən nə hayda...".
Lakin sən demə, İsa (Tanrı) elə həmişə son manatımızı özümüzə qaytarıb: "Nə zaman qışqırmaq istəyirsən, gəl qışqır"- deməyə hazırdır... Fərqi nədir, üzümüzü suyamı tutub qışqıracağıq, göyəmi tutub qışqıracağıq, ya hansısa Tabuyabu xalqına... Kürəyimiz uzun yolçuluğun ardından hardan gəlib bitdiyi bilinməyən fıstıq ağacının gövdəsinə söykəyib susacaq və Həyat barədə Əbədi Dinclik - Duman içində susacaq, sonra onun qol-qanadının, bur-budağının qırılmasına baxacaq... sonra unutmağa başlayacağıq...
Bəlkə, balıqlar yaşamları boyunca hər üç saniyədən bir ölürlər elə, biz anlamırıq. Insan yaddaşından qurtula bilmir deyə, ölür bəlkə. Biz anlamırıq, amma hər dəfə qayıdırıq. Ya Ağ kimi, ya Qara kimi... Amma Əbədi Bütövlük içində bir boşluq tapıb özümüzü, sevgimizi, taleyimizi, evimizi, yolumuzu, ağacımızı yerbəyer edirik...
Əbədi?
Axı hər şey otuz mil boyunca süzülüb Qara (Qadın) boşluğunda əriyəcək...
Kim qalacaq?
Nə qalacaq?
Ancaq "O" - Əbədi Nizam...
***
Görəsən İn (Qadın) yarı yolda (həmişə hər şeyin yarı yolda bitdiyini deyirik) öləndə, Tanrının qonşuluğunda olduğunu düşünürdümü? Hardansa ağlına gəlirdimi?
Nə ağlına gələcək...
Millərdən biri boyuyca axıb gedən zərrəcik...
Bəlkə, Yol deyilən şey başqa birinin -Yanın (Ağın) yuxularında ucuna bir tikə çörək bağlanmış yuxusunun ardınca düşüb getməkdi İn (Qaranlıq) üçün...
"Dünyanın o üzündən baxanda bura iki min beş yüz metr aşağıdadır, Usta".
***
Mən sənə suallar vermək istəyirdim, ey Müəllif... Sual vermək, cavab almaq. Deyəsən, sonra fikrimi dəyişdim, ya da özün mənə cavab vermək istəmirdin...
Haqlıydın...
Fikrimi dəyişdim, onu özüm axtarmağa başladım... "İnsan nə axtarırsa onu tapır" demiş müdriklərdən biri. Daş axtarırsa daş, su axtarırsa su, bir şüşə qırığı axtarırsa bir şüşə qırığı. İnsan həmişə axtardığına yetişincə əlinə keçən hər şeyi qazıdığı çuxurdan çıxarıb kənara atır... Bəlkə, başqalarının axtardığı şeyləri də... Hərə öz axtardığı üçün bir çala qazır... Nə edirik, çalamızla Dünyanın bu üzündən vurub o biri üzündənmi çıxmaq istəyirik? Qara boşluqdan keçib bilinməzlikdə ayaq saxlayanda bizi nə qarşılayacaq?
...Evimizin qızılı-qırmızı kirəmitli taxtapuşu görünəcəkmi?
Evimiz birdən-birə yerindən qopub bizə sarı götürüləcəkmi?..
***
"...- Elədir! - Yura yorğun səslə dedi. - Oturursan özünçün küləfirəngidə, aşağıda isə insanlar bir-birini didib-tökür, qan su yerinə axır. Çox əyləncəlidir… Xeyirlə Şərin çarpışması sadəcə tamaşadır, qladiator döyüşüdür. Ququ quşusan da, səndən nə gözləyəsən…".
İndi gəl tap görüm bunu Tanrı bəndəsinəmi dedi, bəndə Tanrısınamı...
***
Haqlıydın, Usta, qoy hərə öz suallarının cavabını özündən soruşsun...
Dünyanın bütün işləri birini yıxıb, o birini qurmaq üstündə qurulub...
Qoy hərə öz axtardığı üçün öz çalasını açsın, Öz Boşluğuna dalsın... Hərə öz milindən süzülüb axsın...
Bizi heç kim Şırnoyun sularına itələmir, bu bir əfsanədir...
"...Ola bilsin, doğrudan da, böyük işlər məntiqlə görülmür, ancaq axı biz böyük işlər görməyə hazırlaşmırıq. Biz, sadəcə, A məntəqəsindən B məntəqəsinə getməliyik və bunun üçün ən rahat yol hansıdırsa, onu seçməliyik, vəssalam!..".
Gəl ki, uçmaq başqadır axı, Usta? Yol adamın gözünə durmur, elə bilirsən evinə (Qara Boşluğuna) əlini uzatsan çatar...
Cavab olmayacaq...
Ədalətli sükutdur...
Ağla Qara sakitcə Öz dövrəsini tamamlamaqdadır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!