Külək yorulanda... - Kənan Hacı haqqında - Xuraman Hüseynzadə yazır

Bakılı yazıçılar, şairlər haqda növbəti yazıda Kənan Hacıdan danışacağıq. Kənan Hacının hekayələri də şeirləri qədər gözəldir, maraqlıdır. Bakılı balasının Bakının simvollarından olan küləyin adını daşıyan "Yeraltı külək" adlı uzun hekayəsinin adını görəndə digər bir bakılı Mikayıl Müşfiqin "Küləklər" şeiri yada düşür:

Hər səhər, hər axşam,

hər axşam, hər səhər,

çox zaman sərsəri

küləklər bixəbər

Bir yaxın dost kimi qapımı döyərlər

Küləklər, küləklər,

bəstəkar küləklər

dünyanı dolaşan bəxtiyar küləklər

 

Bəziniz qorxulu, bəziniz qorxusuz,

Bəziniz duyğulu, bəziniz duyğusuz,

Bəziniz uyqulu, bəziniz uyqusuz,

Küləklər, küləklər, ey sərin küləklər,

Sizdə var qorxusu hər yerin, küləklər.

 

Ey çılğın küləklər, nəşəniz daşarkən,

Bağların şehindən mey sorub coşarkən,

Nalqıran dağları atlayıb aşarkən

Məni də alınız, uçayım, dağlara.

Könlümdə nə varsa açayım dağlara.

 

Gurlayın, ilhamım, sənətim gurlasın,

Fırtınam, qasırğam, qüdrətim gutlasın,

Şimşəyim parlasın, zülmətim gurlasın!

Ey məni sərazad bəsləyən küləklər,

Bir dağın başından səsləyən küləklər!

Mikayıl Müşfiqin 1929-cu ildə yazdığı bu şeirə bakılı bəstəkar Elçin İmanov mahnı bəstələyib və digər bakılı - xalq artisti Eyyub Yaqubov oxuyub.

Kənan Hacının "Yeraltı külək" hekayəsi adının ritmi ilə yazılıb - gilavar, xəzri... Bu hekayədə insan taleyinin ağrılarını görmək, hiss etmək mümkündür.

Hekayə İmranın dostu Sərxanın toyunda aldığı bu xəbərlə başlayır: "Bibin öldü. Gəl!".

İmrah, təzə bəylə, əslində, daha dost deyildi. O, avara, sərgərdan dostlarıyla əlaqələrini çoxdan kəsmişdi. İndi bu dostlarla onu bircə tel bağlayırdı: yeyib, içib, kef çəkmək. İmran isə bu səfil həyatla çoxdan vidalaşıb normal həyata qayıtmışdı. Ətrafı sanballı, say-seçmə adamlardan ibarət olan İmran indi səhər işə, axşam evə tələsən xoşbəxtlərdən idi. İtkin taleyinin arxasınca süründüyü zamanlar çox arxada qalmışdı və o, daha həmin günlərə qayıtmaq istəmirdi...

Alber Kamyunun "Yad" romanı da qəhrəmanın anasının ölüm xəbəri ilə başlayır: "Anam ölmüş bu gün. Bəlkə də, dünən, bilmirəm. Qocalar evindən bir teleqram aldım: "Ananız vəfat etdi. Sabah dəfn olunacaq. Sayğılar. Bundan başqa bir şey anladılmır. Bəlkə də, dünən ölüb".

İmranın həyatı "Yad"ın qəhrəmanının həyatına bənzəməsə də, bu xəbər onların həyatına hər bir ana itkisi kimi çox təsir edir. İmranın bibisi Bibixanım ona anası qədər əziz idi...

O, hər gün əyyaş dostlarından qaçmağa bəhanə axtarsa da xeyri olmurdu. Bir də görürdü ki, ayaqları onu hər gün görüşdükləri kafeyə - kəndin kənarındakı xudmani məkana aparır.

Sərxanın göz yaşları

İmran ailə qurandan sonra həyat yoldaşı onu başqa bir adam eləmişdi. Onun indi toyuna gəldiyi dostu Sərxanla bağlı xatirələri çox idi. Anasını erkən itirən Sərxanın sərxoş olduqları gecələrin birində qəfil dolmuş gözlərini İmrana zilləyib "anamçün çox darıxmışam" deməsi onun ürəyinə köz kimi dağ basmışdı. Gecə qəbiristana yollanmış, Sərxanın anasının qəbri üstünə gəlib hönkür-hönkür ağlamışdılar.

İmranın bibisi Bibixanım nənə aforizmləri ilə məşhur idi. O, kənddə yeganə qadın ki, "Avrora"sını tüstülədə-tüsdülədə kəndin çayxanasına girib şəstlə çay sifariş edirdi. Bibixanım nənənin kəndə nə vaxt gəldiyini heç kim bilməsə də o, bu kəndin ayrılmaz bir hissəsinə çevrilmişdi. Kənan Hacının bənzətmələri, təşbehləri çox maraqlıdır. O, Bibixanım nənənin yaşının bilinməməsini gövdəsi düyünlü tut ağacının, divarları oyulmaqda olan qədim türbəyə bənzədir.

İtkin düşmüş səs

Bibixanım nənənin kimliyini bilən bir nəfər olmalıydı. O da ancaq Lal Əhməd ola bilərdi. Lal Əhməd kənddəki asfalt yolun qurtaracağındakı türbədə qalırdı. Zibilliklə dolu olan bu yerdə bir qoca əncir ağacı da vardı ki, qocalıq onun da gövdəsini çat-çat eləmişdi. Bibixanım nənəni hələ nənə olmadığı vaxtlardan tanıyan Lal Əhməd inadla susurdu. Lal Əhmədin çox gözəl səsi olduğu deyilirdi. Bu itkin düşmüş səsin şahidləri də əncir ağacı kimi qocalmışdılar. Hekayədə qoca əncir ağacı və külək daha çox diqqət çəkir. Əncir ağacı haqda sonda bir daha oxuyacağıq. Hələlik, küləkdən danışaq. İmran bibisini səsləyir. Havasızlıqdan boğulduğunu görüb pəncərəni açır. Şüşəni cırmaqlayan külək tabutun üstünə örtülmüş yaşıl ipək örtüyü kənara atır...

Səsin qəbri

Ehtirasın əlində girinc olan Bibixanım Sabirə təslim olan günün gecəsi Əhmədin səsi batır. Sabir Bibixanımı əncir ağacının dalda yerində gözləyəcəkdi. Sərxoş gecələrin birində İmran onunla qarşılaşır. Batan səs gözlərin arxasında çırpınırdı. İmran gözlərini səsin qəbri olan bu müdhiş baxışlardan çəkə bilmirdi...

Əhmədin yaxşı səsi vardı. Artıq o səs tərk etmişdi Əhmədi. Özündən sonra da bir ad qoymuşdu ona: Lal Əhməd.

Sükut dili

Lal Əhməd qış gecələrini sınıq-salxaq çarpayıda tək yaşamır, sükutla qol-boyun olurdu. Elə indi də daxmanın altındakı yorğun külək Lal Əhmədlə İmran arasındakı sükuta kobudcasına müdaxilə edirdi.

İki bacısı vardı İmranın. Bacıları qoşulub qaçdığı üçün onlarla danışmırdı. Bibilərinin rəhmətə getməsini eşidib gələn bacıları ilə yenə danışmadı. Uşaq olanda itirmişdilər atalarını. Çörək dükanında işləyən Sabir kişini maşın vurmuşdu. Həmin vaxt İmranın on bir, əkiz bacılarının isə yeddi yaşı vardı. Anası dünyasını dəyişəndə də İmran onlarla barışmadı. Bibisi onun bacılarını bağışlamasını istəyirdi. Deyirdi ki, onlar sənin bacılarındı, pis yola getməyiblər, ailə qurublar. Sən onları bağışlamamaqda düz eləmirsən.

Hekayədə baş verən hadisələr yada düşdükcə cənazə dəfnə hazırlanır. Evdəki hüzn arasından xatirələr boy göstərir, İmranın həyatı vərəqlənir. Onun bir ailəli qadınla münasibət qurması və Gülşad bibinin buna etiraz etməsi; bibisi qızı Gülnazın niyə son nəfəsində bibisini tək qoymasını deməsi; bibisinin İmranı arzulaması, bəlkə də, ona deyiləcək sözünün olması; İmranın övlad sahibi olmaması və bir gün əncir ağacının dibinə atılmış uşaq, arvadı Güllünün bundan əndişələnməsi; bibisinin ölməmişdən öncə sirri ona ötürməsi... Yaxında İmran ata olacağı... Bəs görəsən arvadı onun xəyanətini bağışlaya biləcəkdimi? 

Hekayədə epizodik obrazlar da var. Rəhmətliyin son nəfəsində başı üstündə olan Natavan, ağızdan pərtov Ququş, şəkildə üzündən dəhşətli ifadə yağan Şakir dayı... 

Əncir və külək

Hekayənin sonunda yenə Bakının simvolları olan əncir ağacı və küləyə rast gəlirik... Əncir ağacı qocalmış, külək isə yorulmuşdu. Cənazə qəbrə sallananda İmranı, sanki ildırım vurur: Qəbrin baş tərəfindəki qozbel əncir ağacı eynən Bibixanım nənəyə bənzəyirdi. Boş qəbrin içində yorğun külək vurnuxurdu.

Həyatın özü...

Kənan Hacı Həyatın özünü yazır. Onun qəhrəmanlarının həyat hekayəsi bir-biri ilə identikdir. Təbii, yazıçı özü bunu hiss etmir. O, həyatda bəxti gətirməyənlərin, biçarələrin taleyini ustalıqla qələmə alan yazıçıdır. Onun "Boz ilan" hekayəsinin rəssam qəhrəmanının tənhalığı ilə Lal Əhmədin tənhalığı, həyat tərzi oxşardır. Rəssam yaşadığı tənha, rütubət qoxulu daxma zülmətin ağuşunda əriyib görünməz olardı. Çöllüyün sonsuz qaranlığı ona quyunu xatırladırdı. Lal Əhmədin sığındığı daxma da tənhalıq məbədgahı idi, sanki. Bu, sadəcə, insan talelərinin bir-birinə bənzəməsidir. "Fironun dəftəri" romanında da gücsüz, kədərli obrazları görürük. Taleyi gətirməyən daha bir cütlük "Kölgələr şahiddir" hekayəsinin qəhrəmanlarıdır. Qızın qaçırıldığını düşünən ana yanışmışdı: Onlar çayda boğulmuşdular. Kölgələrdən başqa heç kim bilmir ki, onlar çaya necə düşüblər? Kənan Hacı dərin müşahidə qabiliyyətinə, geniş mütaliəyə malik yazıçılardandır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!