Mühacir ədəbiyyatımızın tədqiqi - ELÇİN

Bu yaxınlarda ədəbiyyatşünas Nikpur Cabbarlı filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "XX  əsr Azərbaycan mühacirət ədəbiyyatı (türkdilli örnəklər əsasında)" mövzusunda  dissertasiyasını uğurla müdafiə etdi və mən onun opponenti idim.

Emiqrantologiya, misal üçün, rus ədəbiyyatşünaslığından fərqli olaraq, bizim ədəbiyyatşünaslığın son iyirmi-iyirmi beş ildə yaranmış, inkişaf edərək formalaşmağa başlamış bir sahəsidir və onun elmi-nəzəri təsnifatı yalnız bizim ədəbiyyatşünaslığımızda deyil, ümumiyyətlə, ictimai fikrimizdəki layiqli yerini tutmaq üzrədir. Bu işdə bizim Ş.Qurbanov, V. Quliyev, V.Sultanov, A. Bayramoğlu, B.Əhmədli, A.Tahirli və b. kimi ədəbiyyatşünaslarımızın xidmətini xüsusi qeyd etmək istəyirəm - onlar zəhmət, səriştə və yaradıcı enerji ilə bu yeni sahənin elmi-nəzəri təməl daşlarını qoyurlar və Nikpur Cabbarlı da artıq 20 ildən çoxdur ki, Azərbaycan mühacirət ədəbiyyatını ardıcıl və sistemli şəkildə araşdırır. Yadıma gəlir, hələ neçə il bundan əvvəl unudulmaz Bəkir Nəbiyev onu "mühacirətşünaslıqda mötəbər söz sahibi" kimi təqdim edirdi və Nikpurun yeni və əhatəli tədqiqatı bunu bir daha təsdiq edir.

Bu tədqiqat müəllifın, dediyim kimi, uzun illərdən bəri səy və inadla apardığı araşdırmaların məntiqi yekunu kimi meydana çıxmışdır və bir tərəfdən mövzusunun aktuallığı, elmi yeniliyi, nəzəri-təcrübi əhəmiyyəti ilə konseptual dəyər daşıyır, o biri  tərəfdən isə - bu da indi təəssüf ki, vacib bir cəhətə çevrilmişdir - təhkiyənin təmizliyi və dəqiqliyi ilə razılıq doğurur. Eləcə də bu əsərin strukturu elə qurulub ki, elmi problemlərin həllini şərtləndirə, ümumi ədəbi mənzərəni isə yarada bilir və bütün bunlar bir küll halında konseptuallığını təmin edir. Müəllif Azərbaycan mühacirət ədəbiyyatının elmi-nəzəri statusunu və xronoloji sərhədlərini müəyyənləşdirməyi zəruri sayır və sinkretik elm kimi formalaşmağa başlayan emiqrantologiyanın nəzəri müddəalarını əsas götürərək, diqqəti Azərbaycan siyasi mühacirətinin, o cümlədən də mühacirət ədəbiyyatının təşəkkülünü şərtləndirən amillərin müxtəlifliyinə yönəldir və bununla da "mühacir" və  "mühacirət" sözlərinin, müxtəlif lüğət və ensiklopediyalardakı izahlarından daha geniş məna yükü daşıdıqlarını göstərir.

Mühacirət ədəbiyyatının çağdaş emiqrantologiyada təsbit olunmuş universal xüsusiyyətlərini təqdim edən Nikpur Cabbarlı onları bizim mühacirət ədəbiyyatımıza müəyyən qeyd-şərtlə aid etməkdə də haqlıdır və bu mövqeyini konkret faktlarla əsaslandıra bilir.

Azərbaycan mühacirət ədəbiyyatının XX əsr hadisəsi olması qənaətini də müəllif kifayət qədər ciddi polemika zəminində  müdafiə edir və mühacir  qələm sahiblərinin yazdıqlarından tutmuş, bu mövzu ilə bağlı son araşdırmalara qədər ədəbi və elmi-nəzəri ədəbiyyatı nəzərdən keçirir. Xüsusi qeyd etmək istəyirəm ki, Nikpur Cabbarlı özündən əvvəl və  onunla eyni vaxtda mühacirət ədəbiyyatına dair yazılanlara qədirşünaslıqla yanaşır və mən bunu tədqiqatın yaxşı cəhətlərindən biri hesab edirəm.

Nikpur  Azərbaycan mühacirət ədəbiyyatının statusunu və tarixi sərhədlərini müəyyənləşdirərək tədqiqatı janrlar üzrə aparır və bəhs etdiyi bədii təsərrüfatın təşəkkül və inkişafının özəlliklərini araşdırır, bu prosesin spesifik məqamlarına diqqət yetirir, misal üçün, belə bir qənaətə gəlir ki, "mühacirət poeziyamızın simasını daha çox beş şairin - Məhəmməd Sadıq Aranan (Sənan), Müseyib Zəyəmin, Almas İldırımın, Alazan Baycanın və Teymur Atəşlinin yaradıcılığı müəyyənləşdirir". Bu şairlərin poetik irsindən təhlilə cəlb edilən örnəklərin timsalında mühacirət  şeirimizin ideya-estetik dəyəri barədə ətraflı və obyektiv təsəvvür yaranır və biz burada  mühacirət poeziyasının aşıq şeiri ilə (M.Zəyəmin timsalında), S.Vurğun poeziyası ilə (A.Baycan və T.Atəşlinin timsalında), M.Hadi, Ə.Cavad, Gültəkin yaradıcılığı ilə (M.S.Aran, A.İldırım və T.Atəşlinin timsalında) irs-varis əlaqələrini də görə bilirik.

Müəllif mühacirət ədəbiyyatının bu qolunu beş müxtəlif problem ("Milli istiqlal hərəkatının inikası", "Azərbaycanlıların soyqırımı ümumbəşəri faciə kimi", "Totalitar sovet rejiminin ifşası", "Vətəndaş cəmiyyəti probleminin bədii-fəlsəfi dərki", "Atatürkün bədii-sənədli obrazı") ətrafında qruplaşdıraraq təhlil edir və vətəndə yaranan nəsrlə müqayisədə sənətkarlıq baxımından zəif görünsə, qeyri-professionallıq təsiri bağışlasa da, bu nəsrinin milli ədəbiyyatımıza bir sıra yeni mövzular gətirdiyini görürük: azərbaycanlıların soyqırımı (M.Altunbayın "Hürriyyətə uçan türk" əsəri əsasında), "düşərgə mövzusu" (A.Dağlının "Onlar türklərdi" və B.E.Ağaoğlunun "Solovkidə gördüklərim" əsərləri əsasında), vətəndaş cəmiyyəti quruculuğu problemləri (Ə.Ağaoğlunun "Sərbəst insanlar ölkəsində" bədii-fəlsəfi essesi və "Sərbəst firqə xatirələri" əsasında) və s. ilə bağlı mövzular bu qəbildəndir. Təbii ki, bütövlükdə mühacirət ədəbiyyatının ana mövzusu  olan milli istiqlalın inikası da tədqiqatın əsas mövzularından biri, hətta birincisidir və M.B.Məhəmmədzadənin, F.Əmircanın hekayələri, M.Ə.Rəsulzadənin, N.Şeyxzamanlının, T.Atəşlinin bədii-sənədli nəsri kontekstində araşdırılır.

Nikpur Cabbarlının mühacirət ədəbiyyatında dramaturgiyanın zəif inkişaf etməsini teatr problemi, yazılacaq pyeslərin səhnə taleyinin sual altında olması, digər tərəfdən isə, irihəcmli dram əsərlərinin çapı üçün maddi-texniki imkanların məhdudluğu ilə əlaqələndirməsində hansısa bir həqiqət ola bilər, ancaq söhbət ilk növbədə, aydın məsələdir, istedaddan və bu istedadın yönündən, təmayülündən gedir və güman edirəm ki, Azərbaycan ədəbiyyatında yalnız elə M.F.Axundzadə hadisəsini xatırlamaq kifayətdir.

Nikpurun mühacir dramaturq Abay Dağlı haqqında yazdıqlarını oxuduqda bir xatirə mənim yadıma düşdü.Yaş fərqinə baxmayaraq, rəhmətlik Abbas Zamanovla aramızda çox isti, hətta mən deyərdim ki, doğma bir dostluq münasibəti var idi və təsadüf elə gətirdi ki, mən 1979-cu ildə Əziz Nesinin dəvəti ilə SSRİ Yazıçılar İttifaqı xətti ilə ilk dəfə Türkiyəyə getmək üçün Moskvaya yollananda, qatarda Abbas müəllimlə yol yoldaşı olduq. İki gecə uzanan yol boyu vaqon çayını çay hesab etməyən Asya xalanın (Abbas müəllimin həyat yoldaşı) termosda dəmlədiyi çaydan içə-içə Abbas müəllimlə ilk Respublikamız haqqında, o Respublikanın mühacirət etmiş işıqlı və başları qalmaqallı rəhbərləri haqqında, eləcə də adını eşidib üzünü görmədiyimiz müəmmalı (və o zaman üçün sirrli-sehrli!) "Əli və Nino" romanı haqqında xeyli söhbət etdik və Abbas müəllim ərkyana bir sifariş də verdi ki, gərək romanın türk dilində nəşrini tapıb gətirəsən. Uzun sözün qısası, mən bu romanın iki nüsxəsini əldə edə bildim və Abbas müəllim də borclu qalmaq istəmədi, o da hardansa əldə etdiyi mühacir dramaturq Abay Dağlının İstanbulda nəşr olunmuş "Füzuli" pyesini mənə hədiyyə verdi.

İndi, əlbəttə, bu xatirədə heç bir fövqəladə cəhət yoxdur, ancaq o zaman belə bir kitab mübadiləsi (və ümumiyyətlə, belə bir söhbət!) qarşılıqlı etibara söykənən tamam məxvi bir şey idi və o məxvilikdə fəxarət və təəssüf, kədər və romantika, ruh düşgünlüyü ilə ruh yüksəkliyi, məhkumluq və inam - bütün bu hisslərin hamısı bir-birinə qarışmışdı. Onda mən ilk dəfə Abay Dağlının imzasını tanıdım, pyesini oxudum və dediyim həmin hisslər toplusu "Füzuli" pyesinin zəifliyini, bədii-estetik sadəlövhlüyünü üstələyirdi…

Ancaq mən, deyəsən, çox uzaqlara getdim.

Abay Dağlını Azərbaycan mühacirət dramaturgiyasının hələlik yeganə təmsilçisi kimi təqdim edən Nikpur Cabbarlı yazarın həyat və yaradıcılıq yolunu müxtəsər nəzərdən keçirdikdən sonra onun dramaturji irsini 5 problem baxımından (sənətkar və zaman, Anadolu istiqlal savaşının inikası, türk ellərinin istiqlalı, stalinizmin ifşası kontekstində, milli-mənəvi dəyərlər, Şimali Kipr hadisələrinin dramatik dərki) təhlilə cəlb edir və bu mühacir dramaturqun irili-xırdalı 11 pyesini təhlil edərək, onların hər birinin məziyyəti (güzəştli məziyyəti!), bəzilərinin isə qabarıq nəzərə çarpan qüsuru barədə fikir yürüdür ki, bunu da mən elmi obyektivlik baxımından tədqiqatın özünün məziyyəti (güzəştsiz məziyyəti!) hesab edirəm.

Nikpur folklor, klassik ədəbi irs, həm sovet dövrü ədəbiyyatımız, həm Cənubi Azərbaycan ədəbiyyatı (M.Şəhriyarın yaradıcılığı əsasında) problemləri ilə bağlı mühacirət  elmi fikrini, nəzəri baxışlarını təhlil edir və görünür, mühacirət ədəbiyyatşünaslığında klassik irs problemini vaxtilə nəşr olunmuş, mənim də yazılarımdan birində bəhs etdiyim "Mühacirət və klassik ədəbi irs" monoqrafiyasında əhatəli araşdırdığı üçün, burada həmin problemin üzərində dayanmamışdır. Şəhriyar, aydın məsələdir ki, öz doğma yurdunda anadan olmuş, yazıb-yaratmışdır, ancaq bizim mühacir qələm sahiblərimizin onun yaradıcılığı haqqında yazdıqları - mühacirət ədəbiyyatşünaslığının mühüm tərkib hissəsidir və Nikpur da tədqiqatını məhz bu istiqamətdə aparır. O, mühacirət ədəbiyyatşünaslığının Sovet dövrü Azərbaycan ədəbiyyatı ilə bağlı, yaxud da M.Şəhriyar yaradıcılığı ilə bağlı elmi-nəzəri baxışlarını M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, Ə.Yurdsevər, Ə.Cəfəroğlu kimi nüfuzlu müəlliflərin araşdırmaları əsasında tədqiq edir və onları Şimali Azərbaycan ədəbiyyatşünaslığındakı müvafiq tədqiqatlarla müqayisəli şəkildə dəyərləndirir.

Nikpur Cabbarlı tədqiqatında Azərbaycan, türk və rus dillərində xeyli adda ədəbiyyatdan istifadə etmişdir və bunların da böyük bir qismi Azərbaycan, Türkiyə və Almaniyanın müxtəlif kitabxana və arxivlərindən (o cümlədən şəxsi arxivlərdən) əldə edilmişdir. Azərbaycan ədəbi-elmi ictimaiyyəti bəzi mühacir yazarların adı və əsərləri ilə, bəlkə də, ilk dəfə məhz bu tədqiqatda tanış olur. Doğrusu, mənim xoşuma gələn cəhətlərdən biri də budur ki, elmi səliqə-sahmanı, istifadə olunmuş ədəbiyyata istinadlarındakı dəqiqlik və polemika mədəniyyəti sonuna kimi gözlənilir.

Mən bu tədqiqatın elmi-nəzəri dəyərini qeyd etməklə yanaşı, onun ictimai-siyasi əhəmiyyətinə də toxunmaq istərdim, çünki əslində elmi monoqrafiya olan bu əsər Azərbaycan siyasi mühacirətinin M.Ə.Rəsulzadənin öndərliyi ilə milli istiqlal uğrunda qürbət ellərdə apardığı ədəbi mücadilənin elmi-nəzəri tədqiqi kimi azərbaycançılıq məfkurəsinin, milli dövlətçilik düşüncəsinin təbliğinə yaxşı bir töhfədir. Bu əsər dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı və bu gün də vətən naminə birliyə, mücadiləyə səsləyir, çünki hələ 1980-ci illərin sonlarında  yazdığım kimi, "Vətən elə məhz ona görə Vətəndir ki, o öz övladlarını unutmur, əksinə, harda yaşamasından, necə güzəran keçirməsindən asılı olmayaraq, onlardan sədaqət, etiqad umur və bu sədaqətin, bu etiqadın ən yüksək insani mərtəbədə dayanması üçün övladlarından əyani iş, fəaliyyət tələb edir. Və Vətən məhz ona görə Vətəndir ki, qürbət ellərdə həyat sürən, üzünü görmədiyi, əməyindən bəhrələnmədiyi övladlarını da unutmur, onları da özünün bir zərrəsi, hissəsi hesab edir. Belə bir Vətən vəfadarlığı, əlbəttə, böyük məsuliyyət hissi, borc duyğusu yaradır: həmvətənlər Vətənin vəfadarlığına eyni vəfadarlıqla da cavab verməli, Vətənə yaxınlaşmaq, Vətənin sevincini bölüşmək, kədərinə şərik çıxmaq naminə vətəndaşlıq qeyrəti göstərməlidirlər".

Nikpur Cabbarlının bu tədqiqatı da hay-küylü və bəsit patriotluqdan uzaq, elmi dəyərlərə və nəticələrə söykənən belə bir vətəndaşlıq təəssübkeşliyin yaxşı nümunəsidir.

Bütün bunlarla bərabər, Nikpurun tədqiqatının bir sıra çatışmazlıqları və qeyri-dəqiqlikləri də var ki, əsəri kitab kimi işləyərkən - belə bir kitaba isə ehtiyac var - onları nəzərə almaq, elə bilirəm ki, xeyirli olar.

Tədqiqatda "Əli və Nino" romanından tamamilə sərf-nəzər edilməsi, doğrusu, mənə qəribə gəldi. Olsun ki, "türkdilli örnəklər əsasında" yazıldığı üçün bu roman mövzuya bir o qədər də uyğun gəlmir, ancaq "Əli və Nino" və onun müəllifi, eləcə də Azərbaycan dilinə ilk tərcüməçisi haqqındakı elmi (bəzən isə qeyri-elmi!) mübahisələr əsas verirdi ki, Nikpur  bu məsələyə öz münasibətini bildirsin və güman edirəm ki, o zaman əsərin elmi ehtiva dairəsi daha geniş olardı. Mən 1991-ci ildə yazdığım silsilə məqalələrin birində ("Ədəbi proses: Olum, ya ölüm?", Üçüncü məqalə, "Ədəbiyyat qəzeti", 18 oktyabr 1991) bu romanın müəllifinin kimliyi barəsindəki versiyalar haqqında ətraflı yazmışdım, ancaq baxın, aradan düz iyirmi altı il keçib, tam şəkildə əsaslandırılan və ictimai fikirdə, əfkari-ümumidə yekdilliklə qəbul edilmiş dəqiq elmi nəticə hələ də yoxdur.

Bir folklorşünas və publisist kimi Ceyhun bəy Hacıbəylinin yaradıcılığı və fəaliyyəti də Nikpurun tədqiqatdan kənarda qalmışdır. Ceyhun bəy Qarabağ folklorunu toplamış, sistemləşdirmiş, şərhlərini yazmış və fransız dilinə tərcümə edərək çap etdirmişdir. Onun gündəlikləri, məktubları, publisistikası da tədqiqini və təhlilini tapsaydı, məncə, elmi baxımdan maraqlı və faydalı olardı. Düzdür, Nikpurun tədqiqatı "türkdilli örnəklər əsasında" yazılmışdır, Ceyhun bəyin mühacirət dövrü irsi isə əsasən fransız, qismən də rus dilindədir (Azərbaycan dilli emiqrasiya mətbuatında da bəzi məqalələri var), ancaq buna baxmayaraq, mühacirət ədəbiyyatının monoqrafik tədqiqində ictimai fikrimizin, ədəbi-mədəni tariximizin Ceyhun bəy miqyaslı ədəbi fiqurunun üzərindən sükutla keçmək düz olmaz.

Banin (Ümmülbanu) tədqiqatda haqlı olaraq fransız yazıçısı kimi təqdim edilir - dil bədii ədəbiyyatın əsas faktorlarından biri, bəlkə də birincisidir, eyni zamanda Banin yaradıcılığının bədii-estetik ab-havası da fransız ab-havası, ədəbi fakturası da fransız fakturasıdır - ancaq bununla bərabər, Banin yaradıcılığına münasibətdə bir-iki kəskin cümlə ilə kifayətlənmək, elə bilirəm ki, tədqiqatda kiçik də olsa, hansısa bir boşluq təəssüratı yaradır. Mən 1988-ci ildə Parisdə Banin ilə görüşmüş, iki gün geniş söhbət etmiş, evində onun qonağı olmuş, sonralar onunla məktublaşmış və bu barədə, eləcə də onun yaradıcılığı barədə yazmışam ( "Baninin min bir gecəsi", "525-ci qəzet", 1 aprel 2006; rusca: "Literaturnaya qazeta", 26 iyul 1989) və o zaman dediklərimi təkrar etmirəm, yalnız onu demək istərdim ki, hər halda XX əsr Azərbaycan ədəbiyyatından yazanda Banin faktorundan sərf-nəzər etmək ümumi bədii mənzərənin tamlığına xələl toxundurar.

Nəhayət, bir  faktiki yanlışlığa da toxunmaq istəyirəm: tədqiqatda  göstərilir ki, M.Ə.Rəsulzadənin Stalin haqqındakı xatirələri  Azərbaycanda ilk dəfə Nəsib Nəsibzadə tərəfindən hazırlanaraq, 1991-ci ildə nəşr olunub. Bu nəşrin əhəmiyyətini azaltmadan deməliyəm ki, mən 1989-cu ildə Ankarada olarkən, Azərbaycan Kultur Dərnəyinin mətbu orqanı "Azərbaycan" jurnalının redaktoru, Azərbaycan Milli Mərkəzinin nüfuzlu nümayəndələrindən biri və məşhur anti-sovetçi ideoloqu, rəhmətlik Əhməd Qaracanın köməkliyi ilə əldə etdiyim həmin xatirələri "Vətən" Cəmiyyətinin "Odlar yurdu" qəzetinə təqdim etdim və xatirələr Ramiz Əsgərlə Əfqan Fərəcbəyli tərəfindən çapa hazırlanaraq, 1990-cı ilin sentyabr ayından 1991-ci ilin mart ayına qədər hissə-hissə dərc olundu.

Qeyd etdiyim, eləcə də bu tipli başqa çatışmazlıqların bir qismi istək, məsləhət, tövsiyə xarakterlidir, o biri qismi isə düzəlsə, işin xeyrinə olar, ümumilikdə isə Nikpur Cabbarlının "XX  əsr Azərbaycan mühacirət ədəbiyyatı (türkdilli örnəklər əsasında)" monoqrafik tədqiqatı ədəbi mühacirətşünaslığımız sahəsində vaxtında meydana çıxmış aktual və əhəmiyyətli elmi əsərdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!