Tanrıya və sevdiyi adamlara sığınan şair... - Əbülfət Mədətoğlu - 60 - Vaqif ASLAN yazır

 

Mənim düşüncəmə görə, necə doğulmaqla yanaşı, haçan və harada doğulmağın da mənası vardır. Mən bu mənada şair və yazıçılara olduqları yerlərin etiketləri kimi baxıram. Onların əsərlərində dünyanın rənglərini, coğrafiyaların özəlliklərini gördükdə nəyisə kəşf etmiş kimi oluram.

60-nı başa vurub yeni-yeni illərə üz tutan şair-publisist Əbülfət Mədətoğlu da mənim üçün məhz belələrindəndir. Əliyev Əbülfət Mədət oğlu 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Tuğ kəndində anadan olmuşdur. Bu o deməkdir ki, o, tarixdə məşhur olan Quruçay mədəniyyətinin araya-ərsəyə gəldiyi qədim yerlərə və Yer kürəsinin ən qədim mağaralarından sayılan Azıx və Tağlar mağaralarına lap yaxın olan bir kənddə dünyaya göz açmışdır.

O, bədii yaradıcılığa Tuğ kənd orta məktəbində təhsil aldığı illərdən başlamışdır və bir çox kitabın müəllifidir, əməkdar jurnalistdir. Hazırda "Ədalət" qəzetinin baş redaktor müavinidir. Onu "Ədalət"ə bu qədər doğmalaşdıran, yəqin ki, təbiətən ədalət axtarışında olmasıdır. Lakin ədalət axtarışında olanların başı daim bəlalar içərisində olduğundan, "hər halda, hadisəyə də, həyatın özünə də yanaşmanın bir baxış bucağı olmalıdır" deyən Əbülfət Mədətoğlu həyatı boyunca "dərdə də, kədərə də, sanki nişangah olmaq üçün doğulduğunu", "havaya atılan güllənin də gəlib özünə dəydiyini" yaradıcılığında etiraf etmək məcburiyyətində qalmaqdadır. Ən çətin hallarda Tanrıya və sevdiyi adama (adamlara) sığınan şair yazır:

Tanrı ətəyinə uzanan əlim

Saralır son bahar yarpağı kimi.

Oxşa gəl ruhumu, ay gözəl ölüm!

Vətənin bir ovuc torpağı kimi.

Bəxtiyar Vahabzadə: "Əbülfət sözün əsl mənasında şairdir, onu oxuyanda tüstüm təpəmdən çıxır" demişdir. İşğal edilən yurdlarımızda əcdadlarımızın başları üzərlərindəki vətən daşlarının doğram-doğrandığı, hər ilin "Axır Cümə" günü "məcburi köçkün" və "məcburi qaçqın" statuslu vətəndaşlarımızın dumanlı baxışlarının düşmən tapdağında qalan ata-baba ocaqlarımıza dikildiyi bir şəraitdə "vətəndəki vətənsizliyi" görməmək mümkün deyildir. Nəinki dünyəvi-coğrafi, hətta ruhi-mənəvi yaşantıları əlindən alınmış Qarabağsız Qarabağlını "evi yanmış düzgün adam" adlandıran Əbülfət Mədətoğlu yazır:

Mən dünyadan küskün adam...

Yollar yormuş üzgün adam...

Evi yanmış düzgün adam...

Tanış olaq, sevinərəm.

"Tanış olaq" ifadəsi ilə şair illərlə yaddaşını toplayıb tanımalı olduğunu tanıya bilməyən ATƏT-in Minsk qrupuna, sanki ironik bir şəkildə müraciət edir. Bu müraciətdəki sarkazm necə də sarsıdıcıdır!

Nizami Cəfərov (akademik) onu "Hər görüş bir ümiddi" kitabına görə "fərdi hisslər... və sosial xarakterlər şairi", "özünü yazan şair" adlandırır". Əbülfət Mədətoğlunun yaradıcılığını çox sərrast bir şəkildə ümumiləşdirən Nizami Cəfərov "Qarabağ ədəbi mühitini, bir az da Natəvan ruhunu, intonasiyasını özündə yaşadan Əbülfət" ifadəsi ilə Azərbaycan ədəbi tənqidinin səmimiyyətini sərgiləmiş olur: " ... onun şeirlərinin hamısında ... dərin ağrı bir ana xətt kimi (bax. Nizami Cəfərov. Tarixiliyin müasirliyi... və müasirliyin tarixiliyi" səh.143) gəlib keçir.

Mən heç kimlə görüşüb

dərd danışa bilmədim.

Boğdum dərdi içimdə

 bərk danışa bilmədim.

 

Arsız, gorsuz dolanım,

qəlbi gücə salmayım?

Yığışıb, köçüb gedim

artıq adam olmayım.

Əbülfət Mədətoğlunun anasına "çadır taleli anam", dağlara "a dağlar, qəriblik əyibdi məni", - deyə müraciət etməsi də köçkünlüyündən və didərginliyindən irəli gəlir. Nə olsun ki, o, Azərbaycan adlı ananın qoynundadır - həmvətənlərinin arasındadır, nə olsun ki, dil və din fərqini yaşamır, axı, ata ocağı ilə təmasda olmaq bambaşqa bir xoşbəxtlikdir.

Görkəmli şairimiz Ramiz Rövşənin "...Əbülfət son dərəcə səmimi və son dərəcə özünə bənzəyən şairdir" (bax. Nizami Cəfərov. Tarixiliyin müasirliyi... və müasirliyin tarixiliyi" səh.138.) deməsi də təbiidir. Bu səmimiyyət onun etiraf şeirlərində daha qabarıq görünür:

Nə kəndim var, nə evim...

Hansı qapını döyüm.

Neçə günlük qonağam...

Nə bilim, necə deyim?

Hələ də həllini tapmayan məlum hadisələrin üstündən 30 ilə yaxın bir vaxt keçsə də, şair vətənindəki vətənsizlikdə özünü qonaq qismində görür. Qapıları üzünə bağlı dünyanın Azərbaycana ögey münasibəti Əbülfət Mədətoğlunu üsyankarlığa sövq edir:

Mənim bu dünyayla söhbətim tutmur.

Gah alnımdan vurur, gah kürəyimdən.

Adi sözümü də çeynəmir, udmur...

Asılıb qalıram mən ürəyimdən.

Digər bir şeirində isə məcburi köçkünlüyü və qaçqınlığı ilə barışmaq istəməyən şair ata ocağına "nə qədər uzaqdan baxa-baxa" duracağını bilmək ümidi ilə elə Qarabağın özünə sual verir:

Əlim daşını öpmür,

Zirvənisə gözlərim...

Mən nə qədər uzaqdan

Baxa-baxa közərim?

Qarabağım, Qarabağ...

Əbülfət Mədətoğluna çətin, bəlkə də, ən çətin görünən yazılardan biri və birincisi işğala məruz qalıb, kərpic-kərpic sökülən vətən haqqında şeir yazmaqdır. Bəlkə də, ağı deməkdir. Axı, bu şair ağlamaq istəmir. O, vətəni azad edəndən sonra ağrıyan sinəsini yaralı Qarabağ torpağına sürtüb dərd ovutmaq istəyir. Yadların fitvası, yağıların əlləri ilə sərvəti talanan, olanı-olmazı hərraca qoyulan, yolları bağlı, körpüləri sınıq vətənin dərdinə çarə qılmadan üzdəniraq vəsfə və yalançı tərifə qələm çalmaq şairlərin deyil, məddahların işidir. Əbülfət Mədətoğlunun günahkar oğul tövrü ilə qələmə aldığı "Vətən" şeiri bu mənada çox orijinaldır:

Sənə şeir yazmıram...

Sənə şeir yazmaq çətindən-çətin...

Çünki sən

şeirlik deyilsən, Vətən!

Bağışla!

Keç günahından.

Sənə

seir yaza bilməyən

Əbülfətin!..

Əbülfət Mədətoğlunun bədii yaradıcılığındakı orijinallığı görən Rüstəm Kamal yazır: "Məni öz havası, səs tembri olan şair daha çox maraqlandırır. ... Əbülfət Mədətoğlu belə şairlərimizdən biridir". Ünlü şairimiz Musa Yaqubun "Əbülfət Mədətoğlunu ... həvəslə oxudum, bəyəndim, könlümə yatdı" etirafını da bunun üzərinə gəlsək, onda "görünən dağ və bələdçi" məsəli ortaya çıxmış olar.

Sevgi sevgiyə bənzər də, bənzəməz də. Sadəcə olaraq eyni olmaz. Amma ki, sevən qəribə olar: bir gün təsdiq etdiyini, bir gün inkar edər. Lap elə Əbülfət Mədətoğlu kimi:

Gözünü sıxma ovcuma...

Qarası, ağı əriyər.

Və ya

Kədər göy qurşağıtək

Kəsib keçir içimdən.

Sıx gözünü ovcuma -

Susamışam, içim mən.

Əbülfət Mədətoğlu həm də dilinin lakonikliyi ilə seçilən şairlərimizdəndir. Onun şeirlərində xəlqi bir səmimiyyət vardır. O, titrəyən səs sahibindən sevdalı kəs sahibi olub-olmadığını soruşanda da şirin-şirin, "həm sənə qurban olum, həm də sənin yoldaşına" şəklində soruşur.

Səsin niyə titrəyir?

Səsinə quzu kəsim.

Varmı sənin bir kəsin?

Kəsinə qurban olum.

Sonra da ürəyindən çıxara bilmədiyi o əziz və doğma adamdan uzaqlaşmaq, onun gözlərindən ilim-ilim itmək, hətta içindəki sevdalı Əbülfəti sevdiyi gözlərdən uzaq, qeyri-müəyyən bir yerdə basdırmaq istəyir:

Bağışla, mən gedirəm

Özümdən uzaq yerə...

Özümü dəfn edirəm

Gözündən uzaq yerə...

Şəksiz ki, özündən asılı olmayaraq, o qeyri-müəyyən yerdə basdırılan şair yenidən göyərir. Sevdalısı olduğunun saçlarının sağa-sola əsən "küləklərin əlində" oxşandığını görəndə yerindən oynayıb qalxar. Sevdiyini ittiham etməyə ürək eləməsə də, gördüyü səhnədən "qubarlandığını" zarafata salıb söyləyir:

Saçın külək əlində

Nazlanır, xumarlanır.

Gözlərinin önündə

Gör, necə qubarlanır

Ürəyindən bu oğlan.

Hər şirində bir acılıq olduğundan insan acının da dadını bilmədən yaşaya bilmir. Axı, bu taledir. Bütün sevgilərdə olduğu kimi, "zülfü siyah"ların da sevgisində şirinliklə acılıq bir yerdə olur. Sevənin isə qaçmağa yeri olmur. Şirin dərdlə acı dərdin arasında qalan insanın bircə çıxış yolu vardır ki, o da dərdə qol açmaqdır:

Qollarımı açmışam...

Dolan, boynuma, dərdim.

Cani-dildən deyirəm:

- Bəlan boynuma, dərdim.

Sevda məqamları ilahi məqamlardır. Bəzən orada səslər deyil, nəfəslər danışır. Əbülfət Mədətoğlu eyni bir ahənglə vuran ürəklərin döyüntülərinin eşidildiyi məqamda susmaq istəyir. Ona görə ki, "danışsa, səni sevirəm" söyləyəcəyindən, ürəklərin dediklərini təkrar etmək xətasından - təkrarçılıqdan qorxur. Çünki təkrarçılıq şeir və şair üçün nöqsandır.

Əbülfət Mədətoğlu qələmini nəsrdə və publisistikada sınamış, ictimai və siyasi həyatımızda baş verən hadisələrə yazıçı-jurnalist münasibətini bildirmişdir. O, bir çox dəyərli publisistik məqalələrin müəllifidir. Bu yazılar gündəlik həyatımızı əks etdirən obyektiv və orijinal yazılardır. Onun üstün cəhəti ondadır ki, o, irili-xırdalı hər hansı bir yazısında özüdür, heç vaxt və heç kimi təkrarlamır. Bu onun şəxsiyyətinin böyüklüyünün və oxucularına sonsuz hörmətinin və sevgisinin təzahürüdür. Axı, Əbülfət Mədətoğlunun güvəndiyi adamlar, elə onun özünün təbirincə desək, "sevməyi bacaran oxuculardır." Ona daim "sevməyi bacaran oxucular" arasında olmağı, onların əlindən yerə düşməməyi, onlarla birlikdə bundan sonra üzümüzə gələcək yaz gecə-gündüz bərabərliyi anlarını doğma Qarabağda qarşılamağı arzu edirəm.

Dərin hörmət və ehtiram hissi ilə...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!