Cəlil Məmmədquluzadənin triadası: Vətən, millət, dil... - Elnarə AKİMOVA yazır - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

1918-ci ildə müstəqil Azərbaycan Respublikasının bayrağı ucalacaqdı. Amma ona qədər mürəkkəb və xaotik, ziddiyyətli və kataklik, siyasi aşamalar və burulğanlarla zəngin dövr yaşanır, gərgin proseslər gedir. Xalqın milli məfkurə istiqaməti müəyyənləşdirilir. Bu dalğaya Əli bəy Hüseynzadə "türkləşmək, islamlaşmaq, avropalaşmaq", Cəlil Məmmədquluzadə "vətən, millət, dil" triadası ilə qoşulur. Davamlı olaraq, milli dil, birlik, istiqlal, azadlıq, milli ideya və amal məsələlərini qoyur, onun üçün savaşır, mücadilə edirlər.

Vətən, millət, dil! Cəlil Məmmədquluzadə bütün ömrünü bu üç məqama hədəfləyərək yaşadı. Yaradıcılığının bütün aspektlərində azərbaycançılıq amilinə istinad edərək vətənin, millətin və dilin varlığının qorunması yönündə aparıcı fəaliyyəti ilə seçildi. Bu yaxınlarda böyük ədibin külliyyatını bir daha nəzərdən keçirdim. Heyrət ediləsi ömürdür, Cəlil ömrü.  Bu qədər dövr çətinliyinin, mühit gərginliyinin, şəxsi acılarının içində müvazinətini necə qoruyub saxlayıb, necə  zamanın sınaqlarından çıxara bilib, tutduğu yoldan bir an belə sapmadan vətən, millət və dilin saflığı, sabahı uğrunda yaşayıb və ölməz sənət abidələri yaradıb.

***

Cəlil Məmmədquluzadə yaradıcılığı bizdə estetik özünüdərkin faktıdır. Milli ədəbiyyatımızın təkamül tarixini adətən, üç mərhələdə xarakterizə edirlər: islama qədər olan, islamla başlayan və Avropa ilə başlayan üç ədəbi dövr. Cəlil Məmmədquluzadə yaradıcılığı bu üç qütbü birləşdirən yaradıcılıq faktı kimi doğuldu. Və ehtiva etdiyi tarixi təcrübəsinə görə yeni dövrün milli mədəniyyəti sırasına daxil oldu. Onun vətən və xalq naminə gördükləri işləri qabarıq edən daha çox dil məsələsinə həssaslığıdır. Bəzən elmi ədəbiyyatda XX əsrin əvvəllərində yaşayıb-yaradan sənətkarların ədəbiyyata münasibətdə qeyri-milli ölçülərdən yanaşması kimi fikirlərlə qarşılaşırıq. Səbəb həmin ədəbiyyatda Qərb ölçülərinin artması ilə bağlı ola bilər, əlbəttə. Amma aydın məsələdir ki, XX yüzilliyin əvvəllərində milli mədəniyyətin dünyaya "qapı açması" ona məhz yeni mərhələyə keçid üçün lazım idi. Qərbə, Avropaya nüfuz etmək və o dərinlikdən Şərqə baxmaq. Vətənin, xalqın cəhalətdən qurtuluşunun, şüur oyanıqlığının Qərb modelini tapmaq, onun mütərəqqi təcrübələrindən faydalanmaq. Bu təmasa mədəniyyətin özünün qeyri-milli ölçülərdən yanaşmaq cəhdləri yox idi. Əksinə, o dövrdə ədəbiyyatın özünün pafosu ifrat, aludəçi, milli düşüncəyə xələl gətirə bilən hər hansı neqativ meyillərə qarşı  yönəlmişdir. Məsələn, Mirzə Cəlilin "Anamın kitabı" pyesi və bu xüsusda yazdığı publisistik məqalələri, felyetonları, M.Ə.Sabirin eyni məramı aşılayan şeirləri, yaxud dünya ədəbiyyatını böyük əzm və inadla təbliğ edən Əli bəy Hüseynzadənin bu mövzuda manifest xarakterli fikri ki: "… türklük və islam dairəsində tərəqqi etmək istəriz. Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, … türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar denilsin. Yoxsa "türklər, müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar" denilməsin!", - eyni amal və məfkurə dalğasının gətirdiyi fikirlər, əməllər idi.

Professor Təyyar Salamoğlu bu yaxınlarda çap olunan ""Azərbaycan tənqidi realizminin estetikası" məqaləsində yazır: "C.Məmmədquluzadənin öz yaradıcılığında büsbütün qaranlıq bir dünyanı, cəhalət, dini fanatizm içində boğulan bir aləmi, başqa sözlə, başdan-ayağa "zülmət səltənəti"ni təsvir etdiyini yazarkən ədəbiyyatşünaslar bədii mətn həqiqətlərindən çox, onun "Xatiratım" memuarında içində yaşadığı zamana və mühitə verdiyi xarakteristikaya istinad etmişlər". Bədii mətnlər, publisistik yazıları, "Xatiratım"... Hamısı eyni estetik, həmçinin ideoloji-siyasi dalğanın içindədir Mirzə Cəlil yaradıcılığında. Ədibin bütün yaradıcılığı, sanki ümumi bir xətt üzrə gəlişir. Məsələn, götürək dilə münasibətini, dili millətin varlığının zəmini kimi alaraq onu prioritet istiqamətə çevirmək əzmini. Eyni mövzu nəsrindən dramaturgiyasına, felyetonlarından hekayələrinə adlayır. Yazıçının "İranda hürriyyət" hekayəsi ilə eyni ildə yazdığı "Axund ilə keşişin vəzi" adlı məqaləsi var. Həmin məqalədə müəllif dil məsələsini qabardıb maraqlı nümunə çəkir, keşişin dili ilə erməni millətçiliyinin nədə ehtiva olunmasını ustalıqla ifadə edir: "Erməni millətinin dünyada üç sevgili bəlası var: "vətən", "millət" və "dil".

Cəlil Məmmədquluzadənin bütün yaradıcılığının əsasında, birbaşa deyim və alt qatında  bu motiv dayanırdı. Xalqı cəhalətdə saxlayan mövhumatçılar, onu maarifləndirmək, birləşdirmək, bir amala səsləmək əvəzinə, başqa yol tutan ziyalılar... "Anamın kitabı" bu tip ziyalılara yönəlmiş ironiya idi. Eləcə də "Nigarançılıq" adlı hekayəsindən belə bir epizod: Azərbaycanın müxtəlif bölgələrindən ziyalıların bir yerə yığıldığını görən  çar məmuru onların söhbətlərinin siyası çalarda, hökumət üçün təhlükəli olmalarından şübhələnib onları izləməyə başlayır, ancaq bu "millətpərəstlər"in danışığından bir şey başa düşmür, nigaranlığı birə-beş artır. Burdan başqa bir tezis meydana çıxır. Cəlil Məmmədquluzadə hədəflədiyi bu neqativlərin tənqidi ilə həm də doğru olanın, xalqa xeyirli olanın düsturunu verirdi. Ziyalı xalqın yanında olarsa, xalq birləşər, birləşərsə, onun istibdaddan qurtuluşu asanlaşar, maariflənər, əqidə, məslək çalışmaları ilə daha çox şeyə nail olar.

Cəlil Məmmədquluzadənin "Qeyrət" məqaləsində də  "ana dili" məsələsi ilə bağlı belə bir məqam var:  "Məlumdur ki, keçən ay Tiflisdə şəhər duması vəkilləri bir səs ilə qərar qoyublar ki, hökumətin orta məktəblərində ana dilinin qeyri dərslər dərəcəsində oxunmasını tələb etsinlər, həmin məclisdə bu qərarda da ermənilər də və gürcülər də qol qoydular". Bəs bizim ziyalılar necə? Məlum olur ki, məhz milli birliyin olmaması, eləcə də öz ana dilini lazımi səviyyədə bilməmələri səbəbindən belə bir ittifaqdan kənar dayanır. Bu, elə "Anamın kitabı"nda, "Dəli yığıncağı"nda ifadə olunan nigaranlıq, həyəcan və ağrı idi ki, görkəmli ədib vəziyyətin dramaturji gərginliyini yetərincə usta şəkildə inikas etmiş, qabartmış və ironiya predmetinə çevirmişdi.

1917-ci ildə yazılan "Rus məxrəci" məqaləsində müəllif satiranın dili ilə Azərbaycanı müstəmləkəyə çevirənlərə etirazını bildirirdi. Burada da qoyulan məsələ xalqı idarə edənlərin öz doğma dilində danışmaması məsələsi idi: "Bunu hamı görür ki, bu saat Qafqaz müsəlmanlarını idarə edən şəxslərin heç biri müsəlmanca [türk dilində] yazıb-oxumağı bacarmır; nəinki bacarmır, bəlkə, belə fəxr eləyir ki, bacarmır".

Cəlil Məmmədquluzadə  xalqın xarakterik xüsusiyyətlərinin dərkində o qədər dərinliyə varan və gerçəkləri dərinliyi ilə qələmə alan biri idi ki, dil məsələsinə də münasibətdə dərinlik anlayışından çıxış etməyi təəccüblü deyil. Mirzə Cəlil üçün dil - Dinmək felində ehtiva olunan hərəkətverici qüvvənin simvolik ifadəsi idi. Millət dindiyi yerdə var yəni. Dilə çevrildiyi məqamda var! Onun 1906-cı ildə qələmə aldığı "Nəsihət camaat vəkillərinə" adlı felyetonunda məzhəb və təriqətlərə bölünən müsəlmanlara kinayə ilə yazılmış belə bir fikir var: "Aman günüdür, biz müsəlman millətini yetmiş iki millətin vəkillərinin içində biabır etməyiniz. Elə rəftar eləməyiniz ki, desinlər: Bu müsəlman biədəb, bihəya və sırtıq millətdir. Amanın günüdür, mənim bu nəsihətimi nəzərdə saxlayınız. Bunun da çarəsi heç dinməməkdir".

Sabir də necə deyirdi? "Görmə! - Baş üstə, yumaram gözlərim./

Dinmə! - Mütiəm, kəsərəm sözlərim".

Bu, XX əsr aydınlarının dilə münasibətdə irəli sürdükləri ideoloji konsepsiya və uğrunda apardıqları mücadilə idi.

***

Cəlil Məmmədquluzadənin ermənilərə münasibətdə ironiya ilə söylədiyi "sevgili bəla" məsələsi onun özünün bütün yaradıcılıq yolunu qapsayır, həmin triadanı ömrünün və yaradıcı fəaliyyətinin uca vurğusu elan edir: Vətən, millət, dil!

Vətənin azadlığı məsələsi Cəlil Məmədquluzadə üçün xalqın birliyindən keçirdi. Bir araya gəlməyin yolu idi vətən sevgisi. Böyük ədib bədii mətn və publisist məqalələrində birlik məqamına həssaslıqla yanışır, xüsusilə publisist yazılarında fikirlərini daha açıq müstəvidə ifadə edirdi.  Məşhur "Azərbaycan" məqaləsində Cəlil Məmmədquluzadə artıq üsyankardır,  çağırışçıdır, öyüd-nəsihət verməklə deyil,  xalqı oyanışa səsləməklə istiqlalçı obrazındadır: "Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!".

"Molla Nəsrəddin"çi alim Əziz Şərif yazır: "Öz bədii nəsri, dramaturgiyası, inqilabi fəaliyyəti ilə Cəlil Məmmədquluzadə yalnız doğma xalqına deyil, Yaxın Şərqin, islam aləminin istismar və zülm altında əzilən, cəhalət və nadanlıq zülmətində boğulan, azadlıq və səadət uğrunda bütün varlığı ilə vuruşan millətlərinə də tarixi xidmət etmişdir". Doğru fikirdir. Cəlil Məmmədquluzadə üçün vətən anlayışı bütün Şərq kontekstində götürülən anlayış idi və ən lokal səciyyədə bu, otaylı-butaylı Azərbaycanın azadlığı, milli birliyi səviyyəsində dərk olunurdu. Məsələn, "Azərbaycan" məqaləsində yazıçı şimallı-cənublu bütöv Azərbaycanın birlik məsələsini meydana gətirəcək qədər ideoloq idi: "Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçipapaq xoylu, meşginli, sərablı, görüşlü və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb!".     

Cəlil Məmmədquluzadənin bütün yaradıcılığından keçən bir ziyalı obrazı var. Bu obraz hər zaman işləkdir, Mirzə Cəlil ideallarının çarçısıdır. Yazıçı bu obraza çox güvənir. Ona görə millətin və vətənin nicatı bu obrazın sayəsində mümkün ola bilərdi. Xalqın düzgün istiqamətlənməsi, maariflənməsi, öz istiqlalı yolunda çarpışmasının yolu ziyalının milli məfkurəyə hansı səviyyədə tapınmasından keçirdi. 1917-ci ildə yazdığı "Cümhuriyyət" məqaləsində ziyalıları xalqı vətənpərvərlik, azaqlıq mövzusunda maarifləndirməyə ruhlandırırdı. Bəli, məhz belə məqamlarda Qərbi Şərqə nümunə göstərirdi: "Belə olan surətdə biz tək Avropa aləmindən və mətbuatından az-çox xəbərdar olanların borcudur ki, qardaşlarını yoxlamaq babətdən hərdənbir onları bir yerə cəm edib, belə-belə məsələlərdən söhbət açsın, ta ki, bilməyənlər bilib, eşitməyənlər eşidib, dünyanın övzasından və əhvalından bəqədri-imkan xəbərdar olsunlar".

"Cümhuriyyət" məqaləsini ədəbiyyatşünas  alimlər müstəqilliyə aparan yolun ilk carçılarından hesab edirlər. Akademik İsa Həbibbəyli "Cəlil Məmmədquluzadə - milli istiqlal ədəbiyyatının sərkərdəsi" adlı məqaləsində "Cümhuriyyət"dəki ideoloji məramın milli-azadlıq hərəkatını yetirən dalğa qismində şərhini verir: "...Cəlil Məmmədquluzadənin 1917-ci ildə meydana çıxmış "Cümhuriyyət" məqaləsi milli-demokratik dövlət quruculuğunun nizamnaməsidir". Tədqiqatçı Əli Məmmədov da yazır ki, "C.Məmmədquluzadə 1917-ci ildə yazdığı "Cümhuriyyət" əsərində xalq hakimiyyətinin - demokratik respublikanın tələblərini irəli sürmüş, "Anamın kitabı" (1919) pyesində isə öz həmvətənlərində milli qürur hissini tərbiyə etməyə çalışmışdır".

Cəlil Məmmədquluzadə əmin idi ki, bu yuxuya verilmiş, susdurulmuş xalq "tüstü içində boğula-boğula nicata müntəzir"dir. Buna görə ümidsizliyə qapılmadan işıq gələn bütün yollara doğru irəlilədi. Və 1918-ci ildə qazanılan müstəqillik - milli-demokratik Azərbaycan faktı böyük yazıçının mücadiləsinin məntiqi yekunu olaraq öz sözünü dedi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!