Türk dünyasının böyük şairi Yavuz Bülənd Bakilərlə mənim tanışlığım 1982-ci ilin iyul ayında Üzeyir Hacıbəylinin ev-muzeyində olmuşdur. Mən o zaman dahi bəstəkarımızın ev-muzeyində çalışırdım. İsti yay günü idi. Otaqda tək oturub kitab oxuyurdum. Birdən qapı açıldı (o vaxtlar muzeyin qapıları bağlı saxlanılmırdı) və iki nəfər otağa daxil oldu. Qonaqları muzeylə tanış etmək üçün qalxıb çubuğu götürdüm və qarşılarına keçərək "xoş gəlmisiniz " - dedim. Məni çubuqla görən qonaq gülümsəyərək zarafatla "bizi döyməkmi istəyirsiniz?" - dedi. Çox şirin Türkiyə türkcəsində danışan müsafirin qardaş, həmişə həsrətində olduğumuz Türkiyədən gəldiyini anladım.
- Yox, yox, əstəğfürullah, nə danışırsınız, sizi dahi sənətkarımızın ev-muzeyi ilə tanış etmək istəyirəm " - deyə cavab verdim.
Qonaqlardan ikincisi, cavan oğlan bu ucaboy, görkəmli, nurlu insanı təqdim etdi: - Yavuz Bülənd Bakilər Türkiyənin tanınmış şairi, Türkiyə Cümhuriyyəti Mədəniyyət nazirinin müşaviridir. Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin dəvəti ilə Bakıda qonaqdır. Mən isə Cəmiyyətin əməkdaşı Elçin Şıxlıyam.
Məmnun olduğumu bildirərək, ekskursiyaya başladım. Böyük Turan şairi Yavuz Bülənd Bakilərlə tanışlığımız beləcə yarandı. Mən böyük həvəslə muzeylə, Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı qonaqlara məlumat verdim. Hörmətli müsafir isə məni çox diqqətlə dinləyir, bloknotunda qeydlər aparırdı. Sonuncu otağın divarındakı Ağdam şəhərində Üzeyir bəy Hacıbəyli parkını və oradakı bəstəkarın abidəsinin şəklini onlara göstərəndə Yavuz bəy "mən də Ağdamdanam" - dedi. Mənim çaşqınlığımı görən müsafir ulu babalarının XIX əsrin əvvəllərində Qarabağdan Türkiyəyə köçdüklərini söylədi. Elə o andan da Yavuz bəy mənim üçün doğma adama çevrildi. Sonra qohumluq əlaqələrimizin də olduğunu öyrəndik.
Artıq otuz üç ildir ki, bu nəcib, xeyirxah, millətini, vətənini canından çox sevən, hər zaman türklüyü ilə qürur duyan insanla, onun ailəsi ilə mehriban münasibətlərimiz davam edir. Mütəmadi görüşlərimiz olur, Yavuz bəy və qardaşı Naci bəyin sayəsində İstanbulu, Boğaziçini, Böyük Adanı qarış-qarış gəzmişik, görməli yerlərinə, muzeylərinə valeh olmuşuq. Yadımdadır, 1994-cü ildə Yavuz Bülənd Bakilərin dəvəti ilə anamla bərabər İstanbulda olarkən məni İstanbul Texniki Universitetinin nəzdində olan Türk Musiqisi Konservatoriyasına konfransa dəvət etmişdilər. Orada iki saata yaxın Türk dünyasının dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdim. Professor və tələbə heyəti tərəfindən çox böyük ehtiramla qarşılandım. Naci Bakilər də orada iştirak edirdi. Konfransdan sonra mənim çıxışımı təşkil edən konservatoriyanın professoru Süleyman Şənel bizə qonaqlıq verdi. Maraqlı görüşdən sonra Naci bəy mənimlə qürur duyduğunu, çıxışımı çox bəyəndiyini söylədi. Yəni onlarla hər görüşümüz tarixə dönür, yaddaşımıza həkk olunur, məqalələrə çevrilir. Böyük şairimiz, rəhmətlik Şahmar Əkbərzadənin baş redaktoru olduğu "Mədəniyyət" qəzetində mənim 1996-cı ildə Yavuz Bülənd Bakilər haqqında "Azərbaycan ürəyimdə bir şahdamardır" adlı məqaləm dərc olunmuşdu. Həmin məqalə Selçuk Karakılıçın hazırladığı və 2006-cı ildə İstanbulda nəşr etdirdiyi Yavuz Bülent Bakilere Armağan" kitabına daxil edilmişdir.
Yavuz Bülənd Bakilər həqiqətən sevilən insan, ulu Turanın tanınmış simalarındandır. Onun adı həm Türkiyədə, həm Azərbaycanda, həm də bütün türk aləmində çox məşhurdur.
Yavuz Bülənd Bakilər dedikdə tanınmış şair, yazar, publisist, jurnalist, tədqiqatçı alim, mədəniyyət xadimi və sözün həqiqi mənasında böyük insan göz önündə canlanır. Onun şəxsiyyəti və sənətkarlığı bir-birini tamamlayır. Vətəninə, xalqına, dilinə, dininə, mədəniyyətinə, tarixinə, keçmişinə, gələcəyinə bağlı böyük bir şəxsiyyət göz önünə gəlir. Görkəmli sənətkar olan Y.B.Bakilər insani keyfiyyətləri, həssaslığı, duyğusallığı, kübarlığı ilə də onu tanıyanların qəlbində özünə abidə ucaltmışdır. Onun insanlığı, sənətkarlığı da şəxsiyyəti ilə həmahəngdir.
Bu yaxınlarda bizim tanınmış xanımlarımızdan biri, vaxtilə Lider TV-də böyük şair haqqında maraqlı veriliş hazırlayan Zöhrə Əliyeva mənə dedi ki, Yavuz Bülənd Bakilərin şeirlər kitabını məndən kimsə oxumağa götürüb geri qaytarmayıb. Əgər mümkünsə, Yavuz bəy mənə kitabından yenə də hədiyyə etsin. Onun bütün yaradıcılığı, xüsusilə, "Şaşırdım kaldım işde" şeiri mənim çox xoşuma gəlir. Mən də bunu Yavuz bəyə çatdırdım. Sağ olsun, Zöhrə xanıma avtoqrafla özünün "Harman" şeirlər kitabını göndərdi. Yəni Yavuz Bülənd Bakilər bu qəlbin sahibidir. Çox sadə, təvazökar, nəcib bir insandır.
Türkçülük aşiqi olan Yavuz bəyin həyat və yaradıcılığına nəzər salanda söhbətlərini dinləyəndə onun nə qədər kökünə, əslinə, nəslinə, türklüyünə bağlılığının şahidi oluruq. Yavuz Bülənd Bakilərin babaları Qarabağdan Türkiyəyə köçmüşlər. Sivasın Gürün qəsəbəsində Çarçıbaşı məhəlləsində vəfat edən və orada bir təpə üstündə dəfn edilən atasının babası 110 il yaşamış, "Hacı Mahmud əl Qarabaği" imzasını daşımışdır. İndi o, ulu babasının tutduğu şəcərəyə görə Yavuz bəy on bir ulu babasının adlarını bilir. Ellərində olan qeydlərə görə ilk ulu babası Hacı Əli Murad və onun oğlu Hacı Əli Fərəhşad Qarabağda dünyaya gəlmiş, yaşamış və orada da vəfat etmişlər. İmperialist çar ordusu Azərbaycanı işğal edəndən sonra onların ailəsi Osmanlı dövlətinə sığınmaq məcburiyyətində qalmışlar. Yavuz bəyin Qarabağdan Türkiyəyə gedən ulu babasının adı Məhəmməd Sabirdir. O, yaxınlarıyla birlikdə Maraş şəhərinə yerləşmişdir. Məhəmməd Sabir şair imiş. Hacı Əli Fərəhşadın oğlu olan Məhəmməd Sabir Maraş şəhərində yaşamış və orada da dünyasını dəyişmişdir. Məhəmməd Sabirin vəfatından sonra övladları yenidən Azərbaycana geri dönmək istəsələr də, dövrün Osmanlı idarəsi onları buraxmamışdır. O zaman ailənin bir qismi Ağrıya, bir qismi Karsa, bir qismi də Sivas şəhərlərində yerləşmişdilər. İndi onların qohumlarının bir hissəsi Ankarada, bir hissəsi İzmirdə, bir hissəsi də İstanbulda yaşayır. Yavuz bəyin atası Cezmi Bakilər Türkiyənin müxtəlif şəhərlərində nüfus müdiri vəzifələrində çalışmışdır. Ədəbiyyatla, tarixlə çox maraqlanmışdır. Anası Hayriyə Bakilərin isə təhsili olmamış, lakin gözəl səsi və nitq qabiliyyəti varmış. Xalq yaradıcılığını, nağılları, bayatıları, xalq mahnılarını gözəl söyləyirmiş. Yavuz bəy anasının nağılları, bayatıları, laylaları ilə böyümüşdür. Hayriyə xanım 1978-ci ildə, Cezmi bəy isə 1980-ci ildə vəfat etmiş, Sivas torpaqlarında uyumaqdadırlar.
Nəslinin layiqli davamçısı, sənətkarlığı ilə qürur duyduğumuz, ulu Türk dünyasının böyük şairi Yavuz Bülənd Bakilər 23 aprel 1936-cı ildə Türkiyənin Sivas şəhərində dünyaya gəlmişdir. İlk və orta təhsilini atası Cezmi Bakilərin işi ilə əlaqədar olaraq Sivas, Gaziantep və Malatyada almışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!